
Super User
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Yeni adlar” layihəsi davam edir
Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi üzrə növbəti musiqi axşamı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) və Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olunub.
Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiət edib.
Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri olub.
Proqramda Tofiq Bakıxanovun tar və orkestr üçün 1 nömrəli konserti və Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti ifa olunub. Çıxışlar alqışlarla qarşılanıb.
*
“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.
Tahir Əmrahov 1993-cü ildə Sabirabad rayonunda anadan olub. 2009-cu ildə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbini tar sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub.
T. Əmrahov 2005-ci ildə H.Xanməmmədov adına Vll Bakı uşaq musiqi müsabiqəsində ll yer, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş l Respublika müsabiqəsində ll yer, həmin ildə Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində l yer, 2010-cu ildə N. Əliverdibəyov adına Gənc ifaçılarının V ümumşəhər müsabiqəsində lll yerə layiq görülüb. 2011-ci ildə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Milli musiqi alətləri ifaçılarının Respublika festivalında l yerin qalibi, 2012-ci ildə görkəmli tarzən, Xalq artisti Ə. Bakıxanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Musiqi Kolleci tələbələri arasında Tar ifaçılarının muğam müsabiqəsinin qalibi, 2012-ci ildə görkəmli bəstəkar, SSRİ Xalq artisti F.Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçılarının Respublika müsabiqəsində l yerin qalibi olub, milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində lll yerə layiq görülüb.
O, S.Ələsgərov Mədəniyyət Fondu tərəfindən mükafat və təqaüdə layiq görülüb, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ali təhsil müəssisələri tələbləri arasında musiqi ifaçılarının müsabiqəsində l yer, 2019-cu ildə Qazaxıstanda keçirilən “Fiestalonia-Almaty” Beynəlxalq müsabiqəsində l yerin qalibi olub, həmin ildə dünya şöhrətli müğənni Sami Yusufla uğurlu konsert çıxışına görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Cahandar Xanlarov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə L.və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbini kamança sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyasına daxili olub, 2016-cı ildən bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. 2018-ci ildə həmin universitetdə magistr təhsili almağa başlayıb, 2020-ci ildə təhsilini başa vurub.
C.Xanlarov 2010-cu ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən ll Respublika müsabiqəsində l dərəcəli diploma layiq görülüb, 2010-cu ildə Mərakeşin Rabat şəhərində keçirilən Mədəniyyət və incəsənət festivalının qalibi olub. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci il dönümünə həsr olunmuş festivalda l dərəcəli diplom, 2013-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində l dərəcəli diplomla təltif edilib, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan səninlədir – Sənsiz deyil” lll yaradıcılıq müsabiqəsinin qalibi olub.
2013-cü ildə C.Xanlarovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2015-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Qolosa Zolotoy stepi” adlı Beynəlxalq müsabiqəsində ll dərəcəli diplom, 2016-cı ildə İspaniyanın Lloret de Mar şəhərində keçirilən “Qran Flesta” Beynəlxalq incəsənət festivalı və müsabiqəsində ll dərəcəli diplomla təltif edilib, 2017-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olub.
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında 5 məsələ müzakirə olunub
Bildiyiniz kimi, mayın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Maraqlıdır, parlament mədəniyyətlə bağlı hansı məsələləri müzakirə edib?
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, iclası açan komitə sədri Qənirə Paşayeva gündəliyə 5 məsələnin daxil edildiyini bildirib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Milli arxiv fondu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi və bu layihədən irəli gələn digər 3 qanun layihəsi birinci oxunuşda Milli Məclisin müvafiq komitələrinə müzakirə üçün təqdim olunub.
Bildirilib ki, əsas dəyişiklik paketini nəzərdə tutan sənəd bir sıra dəyişiklikləri ehtiva edir. O xatırladıb ki, adıçəkilən qanun 1999-cu ildə qəbul edilib. Ötən dövr ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlət idarəetmə sistemində, iqtisadi, siyasi, sosial-mədəni sahələrdə dərin islahatlar aparılıb. Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, ölkə Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qeyd edilib ki, “Milli arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanıb.
Bildirilib ki, qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur.
Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, “Milli arxiv fondu haqqında” Qanuna ediləcək dəyişikliklər adıçəkilən qanunvericilik aktlarında da öz əksini tapacaq. Qeyd edilib ki, Mülki Məcəlləyə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər texniki xarakter daşıyır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik isə substansional xarakter daşıyır. Sənədin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. Maddənin adı “Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması” kimi göstərilir. dispozisiyasında isə milli arxiv fondu sahəsində qanunvericiliyin pozulmasının nədən ibarət olması əks olunur.
İclasda Mədəniyyət komitəsinin üzvləri Aqil Abbas, Razi Nurullayev, Novruzəli Aslanov, Əziz Ələkbərov və Nizami Cəfərov Milli arxiv fondunun maliyyələşməsi, maariflənməsi, sosial təminat, ixtisaslaşma ilə bağlı fikirlərini bildiriblər, təkliflərini veriblər.
Sonra iclasda iştirak edən Milli Arxiv İdarəsinin rəisi Ələsgər Rəsulov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrin sonunda gündəliyə daxil edilən 4 məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Daha sonra komitə sədri Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər də uyğunlaşdırma xarakteri daşıyır. Bu qanunların müvafiq maddələrində “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ifadə öz əksini tapır.
Sonda deputatlar qanun layihəsini birinci oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə ediblər.
İclasda deputatlar Mixail Zabelin, Ülviyyə Ağayeva, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Osloda konsert olub
Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun “Ədəbiyyat evi” mərkəzində caz konserti olub.
Tədbir Azərbaycanın və Norveçın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
AzərTAC xəbər verir ki, mərasimdə bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, iki ölkə arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əməkdaşlıqdan, neft və qaz sahəsində birgə layihələrdən, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan söz açıb. Qeyd olunub ki, digər sahələr ilə yanaşı, mədəniyyət və alternativ enerji istehsalı sahəsində əlaqələr Norveç-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynaya bilər.
Tədbirin bədii hissəsində tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin triosu çıxış edib.
Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın İsveç və eyni zamanda Norveç Krallığındakı səfiri Zaur Əhmədov, Norveçin bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Xalça Muzeyində unikal bir sərgi ilə tanış ola bilərsiniz
Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisi açılıb.
Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş olunur.
Sərgidə yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim edilir.
Burada ziyarətçilər rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Bu sərgi vasitəsilə ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilib. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.
YonTube-da Azərbaycanın ilk teatr kanalı fəaliyyətə başlayıb
Teatrsevərlərə xoş müşdə: Azərbaycanda ilk peşəkar teatr kanalı fəaliyyətə başlayıb.
YouTube sosial platforması üzərindən yayımlanan “Kanal 1873” Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib. Kanalda teatr və ümumilikdə mədəniyyətlə bağlı maarifləndirici, əyləncəli proqramlar yayımlanacaq. Eyni zamanda, kanalda tamaşaların və filmlərin nümayişi də nəzərdə tutulur.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb
Media maraqlı bir məlumat yayıb. Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Əlbəttə ki, mütərəqqi hadisədir.
5 nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə qiymətləndiriləcək.
Rəsm qalereyası: Tahir Salahov, “Fikrət Əmirovun portreti”.
Günün fotosu: Avrokomissiya rəhbəri Rusiya şantajından qorunmağın yolunu göstərib
Günün fotosu: Avrokomissiya rəhbəri Rusiya şantajından qorunmağın yolunu göstərib
“Qlobal əməkdaşlıq Rusiya şantajından qorunmağın başlıca yoldudur” - bunu Davosda Avrokomissiyanın başında duran Ursula fon der Lyayen söyləyib.
Böyük Markesin ədəbi qəhrəmanının adaşı eynən onun kimi barışmaz mövqe sərgiləməyi bacarır.
Foto: Euronews
Ən çox oxunan: Pandemiya dövründə 573 yeni milyarder peyda olub
Pandemiya dünyanın varlılar siyahısını yetərincə zənginləşdirib. 573 yeni milyarder - hər 30 saatda yeni milyarderin peyda olması deməkdir. Təkcə bu il isə dünyada eyni sürətlə 263 milyon insan həddindən artıq yoxsulluğa qərq ola bilər. Bu barədə Oxfam International şirkətinin icraçı direktoru Gabriela Bucher Davosda bildirib. Beynəlxalq Xeyriyyə Təşkilatının rəhbəri hesab edir ki, cəmiyyətin aşağı təbəqələrini dəstəkləmək üçün zənginləri vergiyə cəlb etmək vaxtıdır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki,Gabriela Bucher Davosda söyləyib:
-Biz bütün bu problemləri, müxtəlif səviyyələrdə baş verən bu böhranları görürük, bu, qarşısıalınmaz görünə bilər, amma ümid də var, çünki pul var. Yalnız o, ədalətsiz paylanıbdır. Deməli, bu bərabərsizliyi azalda biləcək tədbirlər var. Məsələn, aşağı faizlə vergitutma, biz 2% - ə çatan milyonerlər üçün vergini 5%-ə qaldıra bilərik. Bunun sayəsində bu dərin sosial problemləri həll etmək üçün kifayət qədər pul toplaya bilərik.
Daha əvvəl, dünyanın müxtəlif yerindən 150 milyonçu zənginlərə vergilərin artırılması yolu ilə həyat dəyərini böhrandan qurtarmaq çağırışı ilə İqtisadi Forum nümayəndələrinə açıq məktub göndərmişdi, onlar kasıbı varlının hesabına xilas etməyi məqsədyönlü saymışdı.
Onların bəziləri Davosa gəliblər və orada sol fəallarla birlikdə etiraz aksiyasında iştirak ediblər.
Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçiriləcək
Bu gün - 25 may 2022-ci il tarixində Dövlət Uşaq Filarmoniyası yubiley konserti ilə çıxış edəcək. Konsertdə “Şəms” uşaq xoru, Vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələrilə çıxış edəcəklər. Bundan başqa “Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.
Proqramda Azərbaycan, Rus və Qərbi-avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcəkdir.