Super User

Super User

 

Məşhur gürcü müğənnisi, unudulmaz “Mimino” filmi ilə məşhirlaşmış Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də başlatdığı Ukrayna ilə müharibəni sərt şəkildə pisləyib.

 

Qərb mətbuatı xəbər verir ki, sənətçi bu haqda "Freedom" kanalında qonaq olarkən deyib.

"Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır" deyə, Vaxtanq Kikabidze açıqlamasında söyləyib.

Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra Rusiyadakı bütün konsertlərini ləğv edib və o vaxtdan bəri bir daha həmin ölkəyə getməyib. 

Gözəl təşəbbüsdür. Şərə bəraət vermək olmaz!

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Şəmsi Bədəlbəyliyə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib.

Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli həmin teatra rejissor təyin edilir.

O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı TÜRKSOY-un Baş katib Sultan Raev təqdim edib. TÜRKSOY-un yüksək təltifi Komitə sədrinin bu ortaq türk qurumu ilə sıx əməkdaşlığına, ümumən Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə təqdim olunub.

Təqdimatda çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb.

O, TÜRKSOY-un Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə diqqətini, habelə Qarabağ kökənli klassik sənətkarların yubileyinə həssas diqqətini yüksək qiymətləndirib.    

Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumən Türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il umun “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi anlam daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb.

TÜRKSOY-un yüksək təltifinə görə TÜRKSOY rəhbərliyinə minnətdarlıq edən Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə edib.

Günün fotosu: İldırım Kubanın iqtisadiyyatını vurdu

 

Kubada inanılmaz olay baş verib. Adi təbiət hadisəsi - ildırımvurma neft anbarında şiddətli yanğın törədib, ölənlər və itkin düşənlər çoxdur, 120 nəfər yaralanıb. Yanğını iki gündür ki, söndürmək mümkün olmur. 

Ölkə iqtisadiyyatına güclü ziyan dəyib. 

 

Foto: Euronews

Hollandiyada - Helderland əyalətində, şəxsi təsərrüfatda sensasiya baş verib, ikibaşlı tısbağa dünyaya gəlib. Əlbəttə, gərgin xəbərlərdən təlatümdə olan Azərbaycan oxucusu üçün bu sayaq xəbər gündəm ola bilməz. Ancaq hər halda. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, tısbağanın quyruğu da ikidir. Amma daxili orqanları isə bir canlıya məxsus saydadırlar. 

Mütəxəssislər tısbağanın sağlam olduğunu və uzun illər yaşayacağını qeyd edirlər. Adətən bu növdən olan tısbağalar 150 il yaşayırlar. 

Media bu ən çox oxunan xəbərdə onu da qeyd edir ki, tısbağa barədə telereportajların, sosial media statuslarının sayları yüzlərlədir. Hətta film çəkən, roman yazanlar da var. 

İkibaşlı tısbağaya şeir yazan barədə, düzdür, hələ məlumat paylaşılmayıb, ancaq eləsinin olmasına inanırıq. Ən azı bu dərc etdiyimiz şeirə bənzər bir şeirin yazılmamasına kim zəmanət verər? 

 

Helderlandda çıxdım bağa

Qarşıma çıxdı tısbağa

Çox az yaşı vardı onun.

İki başı vardı onun.

Başlar bir-birindən gözəl.

Di qoş ona şeir, qəzəl. 

Şair qəlbim gəldi cuşa. 

Düşdüm dərhal soyuq duşa. 

Sonra yüz-yüz gillətdim mən.

Bu şeiri guppuldatdım mən.

 

Avqustun 13-dən 20-dək keçiriləcək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb. Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq olan festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival proqramının önəmli bir hissəsi olan “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya premyerasını 2019-cu ilə “Sundance” film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” ekran əsəri bu bölmənin ən parlaq filmlərindən biridir. Xatırladaq ki, “Bal ölkəsi” ekran əsəri “Sundance” film festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” və “Ən yaxşı sənədli film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametrajlı sənədli filmlər də artıq məlumdur. Belə ki, seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məsələləri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəssisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.

Qeyd edək ki, festival Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Festivalın proqramı ilə tanış olmaq istəyənlər https://aki.az/iii-sevil-beyn%c9%99lxalq-qadin-film-festivali-proqramini-elan-edir/ linkindən istifadə edə bilərlər.

Onu da xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Bazar ertəsi, 08 Avqust 2022 13:00

Bu dəfə Xalq artisti Nurəddin Mehdixanlı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Q.Abbasov adına Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Milli Akademik Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

 

Baş İdarədən mediaya verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, müharibə veteranları, qazilər və digər qonaqlar iştirak ediblər.

Nurəddin Mehdixanlı maraqlı mövzularda danışaraq, Şahin Musayevin "Qarabağ Azərbaycandır" şeirini səsləndirib.

 

“Warner Bros.” kinokompaniyası “Discovery” film layihələrinin bağlanması və əvvəlki rəhbərliyin planlaşdırdığı layihələrin inkişaf etdirilməməsi nəticəsində 825 milyon dollar itirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı qərb mətbuatına istinadən məlumat verir

 

Bu arada şirkət filmlərinin və seriallarının keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü də etiraf edib.

“Warner Bros.” şirkətinin rəhbərliyi artıq xərcləri 3 milyard dollar azaltmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, şirkətin vitse-prezidenti və baş hüquq məsləhətçisi Con Roqovin may ayında istefa vermişdi, bütün neqativ hallar da bu istefadan sonra başlandı.

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Sorğu” rubrikasında Ümid Nəccari yazarlarımıza “Hal-hazırda nə üzərində işləyirsiniz?” sualı ilə müraciət edib. Şükür ki, yaradıcılığa vaxt tapanlar hələ də az deyil.

 

Ramiz Qusarçaylı:

Şuşa səfərim barədə əsər yazıram, şeir də adlandırmaq olar, poema da...

Şuşa zəfərindən sonra Şuşanın və mənim əhvali-ruhiyyəmiz, azadlığın dadı-tamı, üz-üzə, göz-gözə dərdləşməyimiz, yaralı daşlarla, quruyan ağaclarla, yollara sovrulan hıçqırıqlarla könül söhbətləri və zəfərin poeziyası...

 

 

 

 

 

 

 

 

 İbrahim İlyaslı:

İlin əvvəlindən başlayaraq "Hədəf" nəşriyyatınin sifarişi ilə "Azərbaycan ədəbiyyatı rus dilində - "Азербайджанская литература на русском языке" seriyasından kitabları redaktə edirəm. 4 kitab artıq çap olunub. Daha 4 kitab isə çapdadir. Hazırda Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - " Шестой этаж пятиэтажного дома" kitabını nəşrə hazırlayıram. M. S. Ordubadinin "Gizli Bakı", H. Seyidbəyli və İ. Qasımovun "Uzaq sahillərdə", Qurban Səidin "Əli və Nino" kitablarının rusca variantları mənim redaktorluğumla artıq çapdadır.

Bunlardan başqa məzuniyyətə çıxıb istirahət etmək də istəyirəm.

 

 

 


Səlim Babullaoğlu:

Ardıcıl, hər gün işlədiyim poetik mətn yoxdur. Çünki bunun üçün sakit, dinc atmosfer və baş lazımdır. Mən isə indi AYB Qəbul komissiyasının işləri, təqdim olunan əsərlərlə daha çox məşğulam. Amma... xeyli vaxtdır düşündüyüm, ikisini yazdığım bir poetik silsilə var, işçi adı “Mirzə Səfi(l)in nəğmələri”dir. Üstəgəl, xeyli vaxtdır, “Metropoliten esseləri” ilə bağlı materiallar oxuyur, qeydlər edirəm. Tərcümə ilə bağlı məruzələrimin toplusunu hazırlayıram. Mihay Emineskudan tərcümələrim kitab kimi çap olunmalıdır. Brodskidən tərcümələr davam edir. Redaktəlik materiallar var.

Belə... üstəgəl, istidir.

 

 

 

Murad Köhnəqala:

Hazırda Şəlalə Göytürklə birgə yazdığımız "Qafqaz almanları" adlı araşdırma kitabını çapa hazırlayırıq. Kitab bir vaxtlar Rusiyaya axın etmiş almanların bir hissəsinin 1819-cu ildə Çar Rusiyası tərəfindən Qafqaza, Azərbaycanın Qərb bölgələrinə göndərilməsindən və onların Göygöl (Helenendorf) rayonunda yaşayıb yaratmasından bəhs edir. Kitabda mətnlərə uyğun maraqlı şəkillər də yer alacaq.

 

 

 

 

 

 

Azər Qismət:

Hazırda roman yazıram. "Aliyə" adlı romandır. Bunun üçün 42 günlük məzuniyyətə çıxmışam. Əlbəttə ki, bu müddət romanın yazılmasına çox azdır. Lakin neyləmək olar, bu da bir qənimətdir. Roman bir sevginin timsalında cəmiyyətdə baş verən hadisələri göstərilir. Televiziya işində çalışdığıma görə romana bütün gücümü qoya bilmirəm. Inşallah, 2023-cü ilə yazıb başa çatdıraram.

 

 

 

 

 

 

Ayxan Ayvaz:

Açığı, hazırda heç nə üzərində işləmirəm. Hətta yazmağın daşını atıb, daha lazımlı işlərdə işləmək haqqında düşünürəm. Düzü, bilmirəm, yazmaqdan başqa nə işə yaraya bilərəm. Ancaq yazmaq bizə heç nə vermir. Nə maddi, nə də mənəvi. Stimul yoxdur. Fərəhli mühit yoxdur. Paxıllıq, qısqanclıq isə daha çoxdur. Ona görə də ən yaxşısı, sadə bir insan olmaqdır.

 

 

 

 

 

 

Ceylan Mumoğlu:

Hal-hazırda bu il bitirdiyim və tərcümə etdirdiyim yeni kitabımı Türkiyə nəşriyyatlarına göndərməklə məşğulam. Ümid edirəm, bir neçə aylıq incələmədən sonra müsbət cavab alacağam. Kitabın orijinal adı "Müdrik qadının vəsfləri" adlanır. Türkiyə türkcəsində "Bilge kadının el kitabı" etdik. Düzü, Hayykitap-dan cavab gəlib artıq, amma məni qane etmədi.

Ümid edirəm, qane edən cavab da alacağam.

 

 

 

 

Anar Adil:

Yayda istidən, qışda soyuqdan gileylənib, həyatımızın axışını müşahidə edə-edə üzü harasa gedirik. Bircə, xatirələrimizi istidən, soyuqdan qorumağa gücümüz çatır. Yarımçıq hekayə, səsimdən narazı şeirlər beynimdən azad olmaq istəmir. Rahatca oturmuşam yerimdə və düşünürəm ki, ümumiyyətlə ədəbiyyat insan üçün nədir. Cavabını asanlıqla tapıram - Günəş dünyanı işıqlandıra bilir. Sadəcə dünyanı. Ədəbiyyat isə insan içindəki qaranlığı işıqlandırır.

 

 

 

 

 

Nicat Həşimzadə:

Hal-hazırda beynimə istirahət vermişəm, kəndimizdə dincəlirəm. Hərdən kitab oxuyuram, daha çox gəzirəm. Təbiətdən zövq alıram. Yayda kitab oxumaq və ya yazmaq çox çətindir. İstidə beyin yaxşı işləmir. Yəqin ki, Sentyabr ayından yeni kitablar üzərində çalışmağa başlayacam. İndi inzivaya çəkilmişəm. Bacardıqca ədəbi mühitdən də, adamlardan da qaçıram. Nədənsə çox şey mənə artıq yük kimi görünür.

 

 

 

 

 

 

Aysel Xanlarqızı:

Yayın qızmar günləri olmasına baxmayaraq, yaradıcılıq eşqi, sözə olan sevgi məni də rahat buraxmır.
Boş zamanlarımda təbiətin gözəlliklərini seyr edirəm, vətənimizin hər qarışının əsrarəngizliyini yaşamaqla yanaşı, mütaliə edirəm, yaradıcılıqla məşğul oluram. Hal-hazırda bir məktublar silsiləsi üzərində işləyirəm.

 

 

 

 

Təşkilatçıların dünyanın ən iri incəsənət festivalı adlandırdıqları Edinburq İncəsənət festivalı özünün 75 illiyini qeyd edir. Şotlandiyanın paytaxtı 58 ölkədən təxminən 3 min tamaşa və şou görəcək. Təşkilatçılar festivalın "daha inklüziv və əlçatan" olduğunu bildirir, lakin iştirakçılar Şotlandiyaya səyahətin asan olmadığını gizlətmirlər. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Şotlandiyaya gələnlər arasında gileylənənlər heç də az deyil.

 

Məsələn, aktrisa Triniti Silk söyləyir: "Biz kifayət qədər böyük komandamızı buraya gətirmək üçün çoxlu pul yığmalı olduq. Mən deyərdim ki, bu, kifayət qədər çətin idi. Hesab edirəm ki, şəhərin festivalda daha fəal iştirak etmək və artistləri daha çox dəstəkləmək imkanı var, bunu etsələr yaxşı olardı. Axı incəsənət adamının pulu olmur".

Aktyor Uill Lambert isə söyləyir: "Burada hər şey çox bahadır. Auditoriyanı tanımaq lazımdır. Çünki bunu bacarmayacaqsınızsa, satılmayan bir şou gətirdiyiniz təqdirdə çoxlu pul itirə bilərsiniz ".

Bununla belə, iştirakçılar və xüsusilə tamaşaçılar Edinburq Festivalının pandemiyadan sonra tammiqyaslı formata qayıtmasından məmnundurlar.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.