
Super User
Günün fotosu: Avropa İttifaqı Rusiya vətəndaşlarına bağlı qapı elan edəcək
Günün fotosu: Avropa İttifaqı Rusiya vətəndaşlarına bağlı qapı elan edəcək
Estoniya və Finlandiyanın baş nazirləri Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinin qapılarının bağlanması çağırışını dəstəkləmişlər. Bu çağırışın digər ölkəlırdə də dəstəklənəcəyi gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Peskovun bu aksiyanı nasist Almaniyasının siyasətinin bənzəri adlandırması isə gülüncdür. Bu vəziyyətdə kimin nasist olması sual doğurmur.
Foto: Euronews
Bu gün bütün Azərbaycan məni tanıyır - “Bizim Cəbiş müəllim” filmindəki Makedonun etirafı
“Bəziləri deyir ki, Həsən Seyidbəyli məni yolda görüb, filmə çəkilməyə dəvət edib. Amma bu belə olmayıb. Mən Pirşağıda yaşayırdım, orada mədəniyyət evinin qabağında oturub, dostlarımla zarafatlaşırdım. Hamımız o vaxt onu tanıyırdıq. Onu görən kimi ayağa qalxdıq. Bağı Pirşağıda idi, tez-tez gəlib gedirdi. Gördü ki, stolun üstündə bilyard da var, nərd də. Dedi ki, "gəl nərd oynayaq, əgər uduzsam səni bir gözəl kinoya çəkəcəm, səni bütün Azərbaycanda tanıyacaqlar". Fikri nərddə deyildi, özü bilərəkdən mənə uduzdu ki, filmə çəksin. Bu gün həqiqətən də bütün Azərbaycan məni tanıyır. Allah o kişiyə rəhmət etsin".
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin Makedonu Aqil Ağacanov deyib. O, daha sonra əlavə edib.
"Mən filmdə çəkilə-çəkilə hərbi xidmətə çağırdılar. Çağırış vərəqəsini gətirib rejissor Həsən Seyidbəyliyə göstərdim. Rəhmətlik Muxtar Maniyevin qardaşı da Hərbi Komissarlıqda rəhbər işləyirdi. O kömək etdi, məni əsgərlikdən saxladılar, hərbi xidmətdən möhlət verdilər. Film il yarım çəkildi, daha sonra getdim əsgərliyə" deyə Aqil Ağacanov deyib. O, daha sonra həmkarı, Tanya obrazının ifaçısından danışıb. "Tanya ilə məni illər sonra Telman Adıgözəlov "Kinoklub" verilişində görüşdürdü. Məni o vaxt verilişə dəvət edəndə dedilər ki, sənə sürprizimiz var. Fikirləşdim ki, yəqin Tanya olar da. Gəmiqayırma zavodunda çalışırdı, indi təqaüdə çıxıb. İki qız övladı, nəvələri var. Allah canını sağ etsin" deyə sənətçi bildirib.
Mədəniyyət Baş İdarəsi Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, muğam ustadı Zabit Nəbizadə və tələbələri ilə görüş keçirilib.
Baş İdarədən verilən məlumata görə, görüşdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, rəngarəng konsert proqramı ilə çıxış edən Xalq artisti Zabit Nəbizadə və tələbələrinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Monqolustanda qədim türklərə aid yeni tapıntılar aşkarlanıb
Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi elmi-arxeoloji ekspedisiya yeni maraqlı nəticələr əldə edib. Pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.
“Ədəbiyyat və incəsənət” Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilge xaqan və Kültegin abidə komplekslərinə bənzəyir.
Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur. Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” möhürü müəyyən edilib.
Ötükən çölündə aşkarlanan bu külliyə Kültegin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir. Kompleks Hanqay dağının Köyne, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək.
Pulitzer mükafatçısı Makkalo dünyasını dəyişib
İki dəfə Pulitzer mükafatı laureatı, yazıçı və tarixçi Devid Makkalo 89 yaşında vəfat edib.
Bu barədə yazıçının kitablarının nəşr olunduğu “Simon & Schuster” nəşriyyatının tviter hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Makkalo Massaçusets ştatının Hingham şəhərində dünyasını dəyişib.
Mədəniyyət Nazirliyində Alim Qasımovla görüş keçirilib
Azərbaycan muğam sənətinin parlaq nümayəndəsi, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun 65 yaşı tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə sənətkarla görüş keçirib. A.Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını çatdıran E.Əliyev onu doğum günü münasibəti ilə təbrik edərək sənətkara möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.
Görüş zamanı həmçinin A.Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.
X saatını hazırlıqlı qarşılamaq mümkündürmü?
Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov hamını ciddi şəkildə düşünməyə vadar edən bir açıqlama verdi. O bildirdi ki, yüksək qiymətlərdən sonra böhranların baş verməsi qaçılmazdır. Nə vaxt baş verəcəyini bilməsək də, böhrana hazır olmalı və planlarımızı buna görə tutmalıyıq.
Əslində böhranın labüdlüyü haqqında xeyli vaxtdır danışılır, amma ilk dəfə rəsmi səviyyədə belə bəyanatın verilməsi hökumətin də məsələni gündəmdə saxladığını təsdiqlədi. Bəzi ekspertlər böhranın payızdan özünü göstərəcəyini, ilin sonuna doğru isə ağırlaşacağını proqnozlaşdırılar. Məhz həmin dövrdə Avropa Birliyi ölkələrinin iqtisadiyyatının ciddi tənəzzül və rekord səviyyədə inflyasiya ilə üzləşəcəkləri gözlənilir. Avropa Mərkəzi Bankının (AMB) hansı siyasəti seçəcəyindən çox şey asılı olacaq. Əgər inflyasiya ilə mübarizə aparımaq üçün faiz dərəcələri qaldırılsa, onda qitədə işgüzar aktivlik azala və staqflyasiya başlaya bilər. Hələ ki AMB buna getmir və inflyasiyaya dözməyi üstün tutaraq, çox yumşaq pul-kredit siyasəti aparır. Amma hara qədər dözəcəkləri də böyük sualdır. Amerika Birləşmiş Ştatları belə etmir. Federal Ehtiyatlar Sistemi (FES) getdikcə artan inflyasiyanı cilovlamaq üçün artıq pul-kredit siyasətini sərtləşdirməyə başlayıb və bununla da iqtisadi tənəzzül riskini artırıb. Dünyanın üçüncü böyük iqtisadi mərkəzi olan Çində isə kifayət qədər yumşaq pul-kredit siyasəti yürüdülsə də, pandemiya yenidən iqtisadiyyat üçün başağrısına çevrilməkdədir və payıza doğru bu problem kəskinləşə bilər. Üstəlik, Çində iqtisadiyyatın ayrı-ayrı sahələrinin borc yükü də artmaqdadır.
Belə bir vəziyyətdə dünya üçün əsas problemlərdən biri odur ki, tələb və təklifi iqtisadiyyatdan kənar (ekzogen) amillər müəyyən edir. Dünya iqtisadiyyatı özü-özünü tənzimləmək və “sağaltmaq” qabiliyyətini itirir. Nəticədə ilin sonuna doğru sənaye istehsalının azalması, işsizliyin artması, əhalinin real gəlirlərinin aşağı düşməsi kimi problemlər bütün ölkələri cənginə alacaq. Bahalaşma gec-tez elə bir həddə çatacaq ki, tələb alıcılıq qabiliyyətindən məhrum olacaq. Yəni insanların çoxunun bir sıra mal və xidmətlərə ehtiyacı olsa da, onları əldə edə bilməyəcək və ən zəruri tələbatlarını ödəməklə kifayətlənəcəklər. Bu isə iqtisadiyyatın bir sıra sahələrini böhran və ixtisarla üzləşdirəcək. Daha sonra zəncirvari proses başlayacaq. Həmin “X saatı”nın nə zaman yetişəcəyi bahalaşmanın tempindən asılıdır, amma güman ki, payızın sonuna doğru dünyada zəncirvari tənəzzülün əlamətləri özünü göstərməyə başlayacaq.
Qlobal iqtisadiyyat kənar amillərdən asılı vəziyyətə düşdüyündən, ən böyük təhlükənin məhz haradan gələcəyini və ən zəif bəndin hara olduğunu proqnozlaşdırmaq çətindir. Ola bilər ki, bu dəfə böhran fond bazarlarından yox, tamam ayrı sahələrdən başlasın. Çünki ərzaq, enerji bazarları da çətin proqnoza gəlirlər. Bu isə riskləri daha da artırır, çünki iqtisadiyyat proqnozlaşdırmanı sevir.
Güman ki, payızın sonlarına doğru başlayacağı gözlənilən böhran dövlətlərarası münasibətlərə də təsir edəcək. Əksər alimlər deqlobalizasiya və fraqmentasiya haqqında danışırlar, amma bunun tam əksi ola, yeni növ inteqrasiya prosesləri də meydana çıxa bilər.
Ən çox narahatlıq doğuran sosial sahədir. İnkişaf etməkdə olan bir sıra dövlətlərin ehtiyatları payızın sonlarına doğru tükənəcək, bu zaman isə etirazlar qaçılmaz olacaq. Şri-Lankanın ardınca Cənubi Afrika Respublikasında baş verənlər təhlükənin real olduğunu göstərdi. İndi isə təsəvvür edək ki, onlarla ölkəni o cür etirazların bürüməyi nə demək olacaq.
Ukrayna taxılının dünya bazarına çıxarılması üçün dəhlizin açılması problemi bir qədər səngitsə də, təəssüf ki, həll etmədi, çünki problemin həlli üçün öncə mütləq müharibənin dayanması lazımdır. Bunun isə nə zaman baş verəcəyini heç kim bilmir.
Ən pisi odur ki, mümkün ssenarilərin heç biri yaxşı sonluq vəd eləmir. Dünyanın böhrandan yan keçə bilməsi üçün heç bir müsbət variant görünmür. Belə bir şəraitdə hər bir ölkə özünün daxilində gözlənilən böhranın mümkün qədər az fəsadlar doğurmasına çalışmalıdır. Azərbaycan hökumətinin problemin fərqində olması bu mənada müəyyən qədər ümid işığı yandırır.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru,professor.
Ukrayna Ticarət Evinin direktoru.
Azərbaycanlı violin ifaçısı İsveçrədə opera festivalında orkestrin konsertmeysteri seçilib
İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərində yerləşən qədim amfiteatrda təşkil edilən 5 konsert proqramından ibarət opera festivalının "L'Opera Du Rhöne" adlı layihəsinin orkestr konsertmeysteri seçilib.
AzərTAC xəbər verir ki, keçirilən opera festivalının konsertlərindən biri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Avqustun 10, 13, 17 və 20-də isə növbəti konsert proqramları təqdim olunacaq.
Layihədə dünyaşöhrətli vokal ifaçıları və opera teatrlarının aparıcı solistləri Brigitte Torney, Delphine Gillot, Marc Mazuir, Jeremie Schütz və dirijor Sebastian Bagnoud iştirak edirlər.
Qeyd edək ki, bütün konsertlərə biletlər artıq satılıb.
“Qonağımız var” layihəsinin növbəti qonağı Xalq yazıçısı Anar olacaq
Mədəniyyət Nazirliyi strukturlarının ən maraqlı layihələrindən biri də “Qonağımız var” layihəsidir ki, layihə çərçivəsində növbəti görüşün olduqca çəkici olacağı gözlənilir.
Suraxanı rayonunun Heydər Əliyev Mərkəzində reallaşacaq tədbirin budəfəki qonağı Xalq yazıçısı Anar olacaq.
Avqustun 10-da təşkil ediləcək görüş zamanı görkəmli yazıçı yaradıcılığı ilə bağlı suallara cavab verəcək, təcrübəsini bölüşəcək.
Aveyin qədim insan məskəni olmasını sübut etmək üçün qazıntı işlərinə başlanılıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.
Dövlət Xidmətindən bildirilib ki, 2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.
Hazırda ərazidə yerli və yaponiyalı arxeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.