Super User

Super User

 

Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 7-də jurnalist, publisist Ramilə Qurbanlının "39-cu pərdə" adlı kitabının təqdimatı və imza saatı keçirilib.

 

Belə mötəbər kitab sərgisində kitabının təqdim olunmasından məmnunluğunu ifadə edən Ramilə Qurbanlı deyib: “Bu gün burada təqdim edilən kitabımda demək istədiklərimi qələmə almışam. Müəllifə o zaman xoş olur ki, oxucu kitabı oxuduqdan sonra öz təəssüratlarını bildirsin. "39-cu pərdə" yeni çap olduğu üçün kitabım haqqında özüm danışmaq məcburiyyətindəyəm. Bu mənim sayca səkkizinci kitabımdır və kitablarımın hamısı mədəniyyət adamlarına, həmçinin tarixçilərə həsr olunub. Bu sonuncu kitabım isə bir az publisistikadır. İllər ərzində mətbuatda çap olunmuş publisistik yazılarım bu kitabda yer alır. Müsahibələrə isə burada çox az yer vermişəm. Ancaq maraqlı insanlardan aldığım müsahibələrə kitabımda yer ayırmışam. Yeni kitabın necə alındığına isə artıq oxucular qiymət verəcək".

Tədbirin davamında müəllifin həmkarları onun kitabları və özü haqqında xoş təəssüratlarını bölüşüblər.

 

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Muzeyin mediaya açıqlamasına istinadən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, milli dramaturgiyamızın inkişafında, peşəkar teatrımızın təşəkkülündə və tərəqqisində müstəsna rolu olan yazıçı-dramaturq, maarifçi Nəcəf bəy Vəzirova həsr olunub.

Nəcəf Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprel ayının 2-də Azərbaycanın səfalı guşələrindən biri olan Şuşa şəhərində anadan olub. O, əslən bəy nəslindən olsa da, ailə artıq müflisləmişdi. Bir tərəfdən də atası Fətəli bəy əmək qabiliyyətini erkən yaşlarından itirdiyindən ailənin dolanışığı çətin idi. Bu səbəbdən də Mina xanım ömür-gün yoldaşının yükünü azaltmaq üçün təsərrüfat işlərini görməyi öz öhdəsinə götürmüşdü. Elə bundan sonra da onlar Nəcəfi mədrəsəyə göndərməyi imkanlaşdırırlar. Balaca Nəcəf iti zehni və çalışqanlığı sayəsində tez zamanda Quran oxumağı, ərəbcə sərbəst yazmağı öyrənir. Bir il sonra şəhərin mülkiyyə məktəbinə daxil olmasına baxmayaraq müəlliminin kobud rəftarı onu oradan uzaq salır. Lakin oxumaq və öyrənmək həvəsi onu tərk etmir. Yaxın bir qohumundan rus dilini öyrənir və kənddə mirzəlik edərək artıq kiçik yaşlarından ailəsinə maddi yardım göstərməyə başlayır. Gündən-günə elmə, maarifə marağı artan Nəcəf yarım qalmış təhsilini davam etdirmək məqsədilə 1868-ci ildə doğma Şuşadan ayrılıb Bakıya gəlir. Burada şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan realnı gimnaziyaya daxil olur. Çox keçmir ki, o, öz bacarığı və biliyi ilə bütün müəllimlərin rəğbətini qazanır. Böyük mütəfəkkir Həsən bəy Zərdabi ilə tanışlığı isə onda yeni mütərəqqi ideyaları formalaşdırır. Elə o vaxtlardan N. Vəzirov H. Zərdabinin məsləhəti ilə həm təbiət elmlərinə xüsusi maraq göstərir, həm də rus klassik yazıçılarının əsərlərini mütaliə etməyə başlayır. Artıq 1873-cü ildə Bakı realnı məktəbinin şagirdləri ilə birlikdə ana dilində tamaşa hazırlamaq qərarına gələrək fikrini müəllimi, "Əkinçi" qəzetinin redaktoru və naşiri H.Zərdabiyə bildirir. Həsən bəy ona Mirzə Fətəli Axundzadənin "Təmsilat"ını oxuyub tanış olmağı və oynamağa bir məsxərə seçməyi tapşırır. Gənc Nəcəf dramaturqun “Lənkəran xanının vəziri” komediyasını seçib, əsəri tamaşaya hazırlamağa başlayır. H. Zərdabi hazırlıq prosesinə məsuliyyəti öz öhdəsinə götürərək məşqlərdə iştirak edir. Beləliklə, Novruz bayramı ərəfəsində mart ayının 10-da “Nəciblər klubu” binasında (“Sobraniye” binası da adlanıb) xeyriyyə məqsədilə ilk tamaşa oynanılır. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu tamaşanın Tiflisdə M.F.Axundzadənin şəxsi arxivindən tapılan afişası bu gün nadir eksponat kimi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunur və afişada əsərin adı “Sərgüzəşti-vəziri-xani Sərab” kimi göstərilib. Bayram ərəfəsində oynanılan bu tamaşa ilə həm milli peşəkar teatrımızın əsası qoyulur, həm də bundan sonra teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, kasıb şagirdlərə məsrəf edilməsi bir ənənə şəklini alır. N. Vəzirov elə həmin il aprel ayının 17-də yenidən realnı məktəbin şagirdlərilə M. F. Axundzadənin irsinə müraciət edərək “Hekayəti-sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyasını səhnələşdirir. O, gimnaziyanı gümüş medalla bitirib 1874-cü ildə məşhur Peterburq Universitetinə qəbul olunur. Lakin şəhərin rütubətli havası onun səhhətinə mənfi təsir göstərir. Həkimlərin məsləhəti ilə məkanı dəyişmək məcburiyyətində qalan N. Vəzirov Moskvadakı Petrovski Akademiyasına daxil olur. Ali təhsilini başa vurduqdan sonra 1878-ci ildə vətənə qayıdan N. Vəzirov əvvəlcə müxtəlif bölgələrdə meşəbəyi kimi işləyir. 1895-ci ildə Bakıya köçüb vəkilliklə məşğul olduğu zaman kəsimində mətbuat səhifələrində publisistik yazılarla çıxış edir. Onun məqalələri 1905-1918-ci illərdə “Həyat”, “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “El həyatı”, “Açıq söz”, “Mirat” qəzetlərində çap olunur. 

Moskvanın teatr mühiti ilə, habelə klassik rus və dünya ədəbiyyatı ilə yaxından tanış olan N. Vəzirov dramaturgiyaya da ciddi maraq göstərməyə başlayır. O, hələ gimnaziyada oxuduğu illərdə hazırladığı ilk teatr tamaşasından təsirlənərək birpərdəli “Əti sənin, sümüyü mənim” və “Qaragünlü” məzhəkələrini yazmışdır. Ardınca “Ev tərbiyəsinin bir şəkli”, “Gəmi lövbərsiz olmaz”, sonralar isə “Daldan atılan daş topuğa dəyər”, “Sonraki peşmançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” (və ya “Hacı Qəmbər”) komediyalarını, “Müsibəti-Fəxrəddin” faciəsini və “Pəhlivanani-zəmanə” (“Zəmanə pəhlivanları”) dramını tamamlayıb. O, özünün “Müsibəti-Fəxrəddin” əsərilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. Teatrşünasların fikrincə bu əsər həmçinin romantik dramaturgiyanın, teatrın və romantik aktyor məktəbinin təməli də hesab olunur.

Ədəbi yaradıcılığı ilə yanaşı teatr fəaliyyəti ilə də məşğul olan dramaturq müxtəlif teatr truppalarında bəzən rejissor, bəzən də həvəskar aktyor kimi görünüb. Bununla kifayətlənməyərək teatrların repertuar kasadlığı çəkdiyi bir dövrdə “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm”, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar”, “Pul düşkünü Hacı Fərəc”, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası” kimi pyesləri ilə milli teatrımızın inkişafına böyük töhfələr verib. Onu da qeyd edək ki, 1913-cü il noyabr ayının 15-də “Səfa” mədəni-maarif cəmiyyəti Tağıyev teatrında (şəhər teatrında) dramaturqun ədəbi fəaliyyətinin 40 illiyinin yubiley təntənəsini keçirib. Yubiley mərasiminin bədii hissəsində Cahangir Zeynalovun rejissorluğu ilə ədibin “Hacı Qəmbər” komediyası oynanılıb.

Təəssüf ki, ömrünün sonlarına yaxın yazdığı “Mehdi xan Tabasarani” pyesini tamamlamaq dramaturqa nəsib olmayıb. Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləyən N. Vəzirov 1926-cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxının Çuxuryurd kəndinə gedir və iyul ayının 9-da orada ürək tutmasından vəfat edir. Dramaturqun məzarı Bakıda birinci Fəxri xiyabandadır.

 

2022-ci il 5-7 oktyabr tarixlərində Yunanıstanın Krit adasında yerləşən Xaniya şəhərində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlarının 11-ci illik İllik Məşvərət Forumu keçirilir. 30-dan artıq mədəni marşrutun təmsil olunduğu forumda Avropa Şurasının rəsmiləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri, bir sıra beynəlxalq təşkilatlar iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 5 oktyabr tarixində açılan Forumda Mədəni Marşrutların İdarə Heyəti üzvlərinin qapalı iclası keçirildi. İclasda ölkəmizi təmsil edən Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı 2011-ci ildən Proqrama qoşulan ilk ölkələrdən biri kimi Azərbaycanın platformanın inkişafını yüksək dəyərləndirdiyini və həm ölkələrin, həm də marşrutların sayının getdikcə artığının müsbət göstərici olduğunu vurğuladı. Mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş layihələrin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğuladı. İclasdan sonra Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin İdarə Heyətinin sədri, İsveçrə təmsilçisi Julyen Vüllemier, AŞ Mədəni Marşrutlar üzrə Universitetlər şəbəkəsinin rəhbəri, Nottinqem Trent Universitetinin professoru Mayk Robinson ilə ikitərəfli fikir mübadiləsi aparılmışdır.

Forumun ikinci günü keçirilən “Mədəniyyətlərarası dialoqun təşviqi” adlı paneli giriş nitqi ilə ölkəmizin AŞ yanında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçilər qrupunun sədri səfir Fəxrəddin İsmayılov açmışdır. Çıxışda Avropa Şurasında mədəni proqramların önəmi qeyd edilmiş, “Bakı Prosesi”nin əhəmiyyəti xüsusilə vurğulanmışdır. Daha sonra panelin iştirakçısı olan mədəniyyət nazirləri, müxtəlif ekspertlər, mərkəzlərinin nümayəndələri bu istiqamətdə öz təcrübələri haqda danışmışlar.

Forumda ölkəmizi təmsil edən nümayəndə heyəti ilə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin icraçı katibi, Mədəni Marşrutlar Proqramının direktoru Stefano Dominioni arasında da ikitərəfli görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Araz Bağırlı ilə ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, Bakı Prosesi və bu təşəbbüs çərçivəsində nəzərdə tutulan qlobal tədbirlər haqqında qarşı tərəfi məlumatlandırılmış və birgə əməkdaşlıq imkanları haqqında danışmışdır. Bununla yanaşı, Azərbaycanın ərazisindən keçən mədəni marşrutların perspektivləri, ölkəmizlə ikitərəfli əməkdaşlıq və ölkəmizin qoşula biləcəyi yeni marşrutlar ətrafında fikir mübadiləsi aparılmışdır.

6 oktyabr tarixində həmçinin, Mədəniyyət Nazirliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP), 48 ölkədə mövcud olan “İndustrial irs” mədəni marşrutunun rəhbərliyi və müxtəlif ölkələrin mədəniyyət nazirliklərinin təmsilçiləri arasında da görüşlər keçirilmişdir.

Forumun son günü təşkil edilən B2B sessiyalar çərçivəsində ölkəmizin qoşulduğu “Qayaüstü rəsmlər” marşrutunun rəhbəri Ramon Montes, “Itervitis – şərab marşrutu” nun rəhbəru Emanuela Panke, “Zeytun Yolları” mədəni marşrutun rəhbəri Marinella Katsilieri ilə Mədəniyyət Nazirliyinin təmsilçisi Araz Bağırlı, Dövlət Turizm Agentliyinin nümayəndələri Elşən Mustafayev və Sədaqət Davudova arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılmışdır.

Qeyd edək ki, ölkəmiz AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinə 2011-ci ildə qoşulan ilk ölkələrdən biri olmuş, 2014-cü ildə 4-cü İllik Məşvərət Forumuna ev sahibliyi etmişdir. 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu çərçivəsində mədəni marşrutlara həsr edilmiş xüsusi panel sessiyası təşkil olunmuşdur.

Oktyabrın 6-da 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun naşirlərlə görüşü keçirildi. Görüşün əsas mahiyyəti ötən il qaldırılan məsələlərin və edilən təkliflərin nazirlik tərəfindən icrası, yeni təkliflərin alınması, eyni zamanda mövcud problemlərin müzakirəsi ilə bağlı idi.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı nazir bildirdi ki, ötən il naşirlərlə görüş zamanı kitab sənayesi sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilmiş və sözügedən təkliflər “Azərbaycan Nəşriyyatları Assosiasiyası” ictimai birliyi tərəfindən ümumiləşdirərək yazılı şəkildə Nazirliyə təqdim olunmuşdur. Təqdim olunan təkliflərin bir qismi birbaşa bizim səlahiyyətlərimizə aid məsələlər idi. Bəzilərinin həlli ilə bağlı Nazirliyin vasitəçi qismində çıxış etməsi nəzərdə tutulurdu. Bir neçə təklifin reallaşdırılması isə aidiyyəti qurumlarla razılaşdırma tələb edirdi.

Nazir çıxışında qeyd etdi ki, təqdim olunan təkliflər arasında bəzi məsələlər artıq həllini tapmışdır. Bunlardan birincisi kitab nəşri sahəsində qanunvericilikdə dəyişiklik edilməsi, yəni kitabın ƏDV-dən azad olunması idi ki, məlum olduğu kimi bu məsələ artıq öz həllini tapıb. Nəşriyyat işinin predmeti üzrə əsas materiallar və məhsullar, eyni zamanda kitab satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda Azərbaycan kitabın tam şəkildə ƏDV-dən azad olunduğu dünyanın təxminən  50 öllkəsindən biridir.

Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi ilə bağlı edilən təklifə münasibət bildirən Anar Kərimov qeyd etdi ki, artıq 2021-ci ildən Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi qərara alınıb və hazırda birlikdə olduğumuz 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili də bu qərarın icrasının göstəricisidir.

Daha bir təklif stendlərin nəşriyyatların kitab həcminə görə bölüşdürülməsi məsələsi ilə bağlı idi ki, nazir bu təklifin də həlli reallaşan işlər sırasında olduğunu nəzərə çatdırdı və bildirdi ki, bu il Bakı Beynəlxalq Kitab Sərgisinin strukturu və formatı beynəlxalq kitab sərgilərinin təcrübəsinə uyğun yenilənib. Yerləşmə planı seksiyalar üzrə tərtib olunub və hər bir nəşriyyata istədiyi həcmdə sahəni əldə etmək imkanı yaradılıb. Bütün iştirakçılara tam təchiz olunmuş 6m2 sahə ödənişsiz verilib və əlavə sahələrin icarəyə götürülməsi üçün təşkilatı dəstəyi təmin edən şirkətə ödənilən vəsaitin bir qismi nazirlik tərəfindən qarşılanıb.

Tanınmış əcnəbi yazarların sərgiyə dəvət olunması məsələsini builki sərgidə prioritet olan mövzulardan hesab edən Anar Kərimov məlumat verdi ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə Türkiyədən 16, Rusiyadan 13, Özbəkistandan 2  müəllif dəvət olunub. Bunlar arasında dünyaşöhrətli İlbəy Ortaylı, Türkiyənin modern poeziyasının nümayəndəsi Adnan Özər, uşaq ədəbiyyatı üzrə tanınmış yazarı Fateh Ərdoğan yer almışdır. Növbəti sərgiyə ədəbiyyat üzrə nobel və buker laureatlarının dəvət olunması planlaşdırılır.

Nazir daha sonra Bakı Beynəlxalq Kitab Sərgisinin piar və reklam aksiyalarının keçirilməsi ilə bağlı səsləndirilən təklifin də həllini tapdığını bildirərək vurğuladı ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilati, piar və reklam işlərinin xüsusi proqramı və sistemi hazırlanıb. Kütləvi informasiya vasitələrində, elektron mediada və sosial şəbəkələrdə geniş təbliğat işləri aparılıb. Sərgiyə çağrı məzmununda 2 ədəd videoçarx və 10 ədəbiyyat və incəsənət xadiminin iştirakı ilə video müracətlər hazırlanıb. Ən çox dinlənilən 3 radio tezliyində gün ərzində sərgi haqqında mütəmadi məlumat səsləndirilib.

Anar Kərimov həyata keçirilən işlər barədə məlumat verəndən sonra həllini gözləyən, hazırda icrası nəzərdə tutulan məsələlərə də diqqət yönəldərək bildirdi ki, bütün bunlar bizə edilən təkliflər arasında reallaşdırılan, həllini tapan məsələlər idi. Bununla belə bəzi həllini gözləyən məsələlər də vardır. Məsələn, Azərbaycanda kitab gününün və ya naşirlər gününün təsis olunması. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasında “Naşirlər və kitabxanaçılar Günü”nün təsis olunması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılmışdır. 

Daha bir məsələ İSBN-nin naşirlərə ödənişsiz verilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə İSBN-nin verilməsi və tənzimlənməsi Nazirliyin səlahiyyətləri çərçivəsində deyil. Biz bu məsələnin həlli ilə intensiv məşğul oluruq. Bu məsələnin həllində Azərbaycan nəşriyyyatları da fəal olmalıdır. Biz Mərkəzə illik ödənişin edilməsini və nəşriyyatlarımıza İSBN-nin ödənişsiz verilməsini məqbul hesab edirik. Eyni zamanda biz bu məsələni Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə də müzakirə edirik.

Nazir gənc yazarların əsərlərinin nəşrinin bir qisminin dövlət tərəfindən qarşılanması və Azərbaycan Ədəbiyyatının Dünyada Tanıdılması məsələsinin həllini gözləyən işlər sırasında olduğunu nəzərə çatdıraraq qeyd etdi ki, gələn il bu iki layihənin icrasına başlanılması nəzərdə tutulur.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirdi ki, bu il kitab alışı ilə bağlı nəşriyyatların təklifləri də nəzərə alınıb. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin əvvəlində elan edilən “Nəşrlərin satınalınması müsabiqəsi”çərçivəsində nazirliyin tabeliyində olan kitabxana fondları üçün 498 174 manat dəyərində 50 465 nüsxə kitab alınıb. Bu ötənilki alışla müqayəsədə 5 dəfə çoxdur. 

Görüş zamanı naşirlər kitab alışına göstərilən böyük dəstəyə və kitab sənayesi sektorunun inkişafı istiqamətində reallaşdırılan təkliflərə görə təşəkkürünü bildirdilər. Eyni zamanda naşirlər tərəfindən yeni təkliflər səsləndirildi və mövcud problemlərin həlli istiqamətində Mədəniyyət Nazirliyinin dəstək göstərəcəyinə əmin olduqlarını ifadə etdilər.

 

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elçin Əfəndiyevin “Müasirlik və ədəbiyyatımızın problemləri” mövzusunda tədbir keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonoqları  salamlayan Elçin əvvəlcə ədəbiyyat, onun çağdaş durumu haqqında geniş çıxış etdi. “Şərq-Qərb” nəşriyyatının İlyas Əfəndiyevdən bəhs edən kitab çap etməsindən  danışan Elçin Əfəndiyev bu kitabın yalnız İlyas Əfəndiyevdən deyil, onun mühitindən, Sovet dövrü ədəbi prosesindən bəhs etdiyini də vurğuladı.

Bugünkü dövr ədəbiyyatının problemlərindən danışan müəllif  bildirdi ki, ədəbiyyatın predmetini insan, onun hissləri, düşüncəsi və daxili aləmi təşkil edir. Ədəbiyyat ananın balaya laylasından yaranıb, bu dövrdən etibarən yaranan ədəbiyyatda əsas mövzu insandır. Fikrimizcə, çağdaş dövr ədəbiyyatının əsas problemi ondan ibarətdir ki, onda insanın xislətinin dərinliklərinə enə bilmək imkanı çatışmır.

Sonra dinləyicilərin suallarına cavab verən müəllif müxtəlif yaradıcılıq məsələlərinə toxundu. Çağdaş dramaturgiyanın durumu, onun problemləri haqqında məlumat verərək Rus dram teatrı, Azərbaycan dram teatrına tədqim etdiyi yeni dram əsərlərindən bəhs etdi. “Mirzə Fətəli Axundov öz pyeslərini qələmə alanda dramaturgiya yox idi və ilk dəfə o, dramaturgiyanın əsasını qoydu. Yazan müəlliflərdə istedad olmalıdır. Dramaturgiya teatr ilə qarşılıqlı əlaqədə olur. Teatrın inkişafını təmin etmək üçün gərək keyfiyyətli dram əsərləri ərsəyə gəslin, mütəxəssis rejissorlar bu əsərlərin səhnəyə qoyulmasında iştirak etsin”, - deyən yazıçı təəssüflə bildirdi ki,  müasir  dövrdə dram əsərləri yaransa da onlar səhnəyə qoyulmur. Dramaturgiyanın inkişafı üçün mühit yoxdur, gənc  pyes müəlliflərini  stimullaşdırmaq üçün heç bir tədbir görülmür.

Elçin daha sonra poeziyanın problemlərinə nəzər yetirdi. Qeyd etdi ki, “poeziyamızda inkişaf daha güclüdür. Nəsr və dramaturgiya haqqında eyni sözü deyə bilmirik. İstedadlı gənclər çoxdur, ancaq bu istedadı üzə çıxaramq lazımdır. Dünyagörüşünün artırılması, güclü mütaliə istedadın inkişaf etdirilməsinə kömək etməlidir. Mövzu özü janrı tapmalıdır. Çox vaxt müəlliflər əsərin formasını özləri adlandırır. Posmodernist üslubda əsərin yazıldığını qeyd edirlər. Ancaq bunu müəllif yox, oxucu, tənqidçi təyin etməlidir”.

Ədəbiyyatı “canlı orqanizm” adlandıran Elçin Əfəndiyev qeyd etdi ki, ədəbiyyat fərqli-fərqli dövrlərdə gah inkişaf edir, gah onda müəyyən durğunluq müşahidə edilir. Elçin Əfəndiyev  çağdaş dövrdə roman janrında xüsusi diqqət çəkən, seçilən romanın olmadığını vurğuladı.

Yazıçı öz çıxışında Azərbaycanda uşaq ədəbiyyatının müasir durumuna da toxundu. Bildirdi ki, “müasir dövrdə bu sahədə də vəziyyət istədiyimiz səviyyədə deyil. Halbuki Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seyidzadə, Teymur Elçin, Mikayıl Rzaquluzadə bu sahədə ən yaxşı yazan sənətkarlar olmuşlar. Bunun əsl səbəbi oxucu səviyyəsinin aşağı olması ilə əlaqədardır. Çağdaş dövrdə texnologiya yüksək sürətlə inkişaf edib. Bu isə uşaqların kitaba olan marağının azalmasının, onların istədiyi kitabları elektron versiyada tapa bilməsi ilə əlaqədardır. Rəqəmsallıq dünyanı dəyişmiş, yeni bir sivilizasiya yaranmışdır. Rəqəmsallıq böyük bir mərhələyə keçid deməkdir. Bu isə kitab çapının 20-30 ildən sonra olmamasına gətirib çıxara bilər”.

Görüş qarşılıqlı fikir mübadilələri, sənət söhbətləri əsnasında davam etdi və sonda Elçin Əfəndiyev bütün iştirakçılara təşəkkürünü bildirdi.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, mədəniyyət könüllülərinin iştirakı ilə 4 Masallı rayonunda XIX əsr memarlıq abidəsi olan Köhnə Hamam ərazisində iməcilik keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İməciliyin məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Azərbaycan ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsi xidmət edir. Belə ki, iməciliyə cəlb olunan insanlarla bərabər Masallı sakinləri də bu tədbirə maraq göstərmişdir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tarixi-mədəni abidələrimizin təbliğ edilməsi, araşdırılması, o cümlədən qorunmasına xidmət edən müxtəlif səpkili tədbirləri təşkil etməyə davam edəcəkdir.

 

 

Şuşada məscidlərin bərpasında Türkiyə və İtaliyadan olan ekspertlər də iştirak edirlər.

 

Bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi Şamil Əzizov məlumat verib.

O bildirib ki, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti ilə bərpa olunur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın kitabının oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitab özbək dilinə özbəkistanlı şairə Şəhla Qasımova tərcümə edib.

Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.

Bildirilib ki, nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan, həm də özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdiyi rəsmlər kitabda öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, akademik Rafael Hüseynovun “Ön söz” yazdığı kitab “Şuşa İli” münasibətilə nəşr edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.

 

Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalının rəsmi tərəfdaşları sırasına daxil edilib

Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı BMM-in məlumatına istinadla xəbər verir.

 

Təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib. 

Qeyd edək ki, musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biridir. 

Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək festivalda BMM-nin solistləri xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva rəngarəng proqramla çıxış edəcəklər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edəcək. BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər. Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.

Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə “Yorğun ağacam” adlı şeirlər kitabı işıq üzü görüb.

“Nəbati və Azərturan" nəşriyyatında nəşr edilən kitabı Təbrizdə yaşayan tanınmış yazar, “Ədəbiyyat və incəsənət” portalının Cənubi Azərbaycan təmsilçisi Əli Çağla çapa hazırlayıb. 

 

Kitabda ilk olaraq müəllifin həyat və yaradıcılığına nəzər salınır. Qısa zamanda geniş oxucu marağına səbəb olan kitabın növbəti mərhələdə yenidən nəşri gözlənilir. Pərakəndə satışla yanaşı, toplunu onlayn yolla da əldə etmək olacaq.

Qeyd edək ki, "Yorğun ağacam" kitabına Qulu Ağsəsin "Görsən üşüyürsən, yandır özünü", "Nöqtələr", "Canım-gözüm, şükür de ki", "Xəbərin varmı - bilmirəm" kimi sevilən ədəbi nümunələri ilə birlikdə yeni şeirləri də daxil edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.