
Super User
Milli Dram Teatrında “Zəfər yolu” nümayiş etdiriləcək
Yanvarın 20-21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.
Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Osmanlı tarixindən bəhs edən iki roman çap edilib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün çoxsaylı kitablar müəllifi Çinarə Köçərlinin təsis etdiyi “Ting” nəşriyyatı Osmanlı tarixindən bəhs edən iki romanı çap edib.
Söhbət türkiyəli yazıçı Ufuk Tufanın qələmə aldığı “Ərtoğrul bəy və Qayılar” kitabından gedir ki, kitab uşaqlarla bərabər böyüklər üçün də maraq kəsb edəcək hekayətlərdən ibarətdir. Oxucular Qayıların köç xəritəsi, Qaya Alpdan Orxan Qaziyə qədər şəcərə barədə zəngin bilgilərə sahib olacaqlar.
Müəllifin digər kitabı - “Quruluş Osman” adlı tarixi romanı isə Osman Qazinin 1258-ci ildə başlayıb 1326-cı ildə sona çatan dastana bənzər həyatını təfərrüatı ilə təsvir edir. Yazıçının tarixi bilgilərə istinad edərək emosional təsvirlərlə qələmə aldığı roman vasitəsilə oxucular monqolların qarşısında tab gətirə bilməyən Səlcuqların axşam günəşi kimi batdığı bir vaxtda Qayı elinin Osman dövləti olaraq doğuluşuna “şahid” olacaqlar.
Qeyd edək ki, son bir il ərzində U.Tufanla əməkdaşlıq edən nəşriyyat onun “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazdığı “Bamsı Beyrək divlər ölkəsində”, “Banıçiçək pərilər diyarında” nağıl kitablarını, eləcə də 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət zəngin illüstrativ nəşrləri də ərsəyə gətirib.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Şuşaya səfər edəcək
Azərbaycanda səfərdə olan Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşaya səfər edəcək, şəhərin tarixi yerləri və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanış olacaq.
Bu barədə Tomas Quqler yanvarın 17-də Dövlət Turizm Agentliyinin keçirdiyi "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda konfransda deyib.
Konfransda iştirak etmək üçün Bakıya gələn qonaq rəhbərlik etdiyi qurum və Agentlik arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - Kapakabana çimərliyində çempionluq rüzgarı
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
Argentina yığmasının azarkeşləri Braziliyanın Kapakabana çimərliyində yığmalarının dünya çempionu olmasını qutlayırlar. 18 dekabr, 2022-ci il.
Foto: Bruna Prado/AP Photo
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq.
Beynəlxalq Muğam Mərkəzinin məlumatına görə, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər.
Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Rus Dram Teatrında Şarovski rüzgarı əsəcək
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafı teatrın baş rejissoru Aleksandr Şarovskinin adı ilə bağlıdır. Və üzümüzə gələn ay onun 75 illiyidir.
Fevralın 10-11-də teatrda İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında hazırlanmış “Benya “Kral” və başqaları” tamaşasının premyerası olacaq.
Tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskidir.
Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.
Premyera məhz Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.
Biletləri teatrın kassalarından, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
“Külümü yellərə necə verərsən?” - Sürgün həyatı yaşayan Hadi Qaraçayın şeirləri
Güneydən gələn səslər rubrikasında “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri Hadi Qaraçayın şeirləri ilə tanış edir.
Hadi Qaraçay öz tərcümeyi-halını belə nəql edir: 1966-cı ilin yayında, Güneyin quzeyindən, Quzeyin güneyindən gəldim... Araz qırağının bap-balaca Suyarı adlı bir kəndində doğuldum.
Araz Çayı, biz Azərbaycanlıların beyninə acını və ağrını çatdıran əsəbin adıdır. Mən bu əsəbin yanında böyüdüm. Şeir, dil, yazın və ədəbiyyatla gənc yaşlarımdan maraqlandım.
“Beçələr Banlayanda”, “Badamlıqlar”, “Tamudan Gələn Səslər”, “Tanrıya Dirəniş” və “Barışa İnanma Fərihcəm” adları ilə beş şeir toplusu mənim adımdan yayılıbdır.
1992-ci ildən bu yana sürgündəyəm, indilik Norveçdə yaşayıram.
MƏNƏ DÖN
Yollar, mənə dön deməz
Dağlar söyləməz,
Bunu yalnız qalan bir yalnız söyləyər.
Dağlarca, yollarca üzgünəm mənə dön!
Mənə dön,
Göydəki ulduzlarca üzgünəm
Ormandakı yarpaqlarca
Dənizdə dalğalarca,
Dalğalar mənə dön deməz.
Sahildəki qumlarca üzgünəm
Mənə dön!
YALNIZLIĞIN AYRISI
Hər şeyi qalan yerindən başladıq
Yoldaşlığı da!
Dəniz,
Qoyub getdiyimiz sahildə uzanmışdı.
Ağ papaqlı dağ, yekə bir yumaqdır
Düşdüyü yerdə qalıb.
Hər şeyi qaldığı yerdən başlamaq
Yoldaşlığı da.
Orman yorğun ağaclarıyla
Yaşıl gözləriylə
Balıqlı çaylara laylay oxuyar.
Mən,
Sizin qapınıza gəlləm
Döyəcini tapanmaram,
Sən bizim qapıya gələrsən, Qaraçay yoxdur!
Vikinqlərin də gözəl qızları olurmuş deyə içindən keçməsin
Mən Kamtalın qayalıqlarında qurumuş palıdam qızım.
Hər şeyi olduğu yerdən başlamaq
Qurumuş palıdları deyil ancaq,
Qurumaq,
Ağac dilində qarşı qoymaqdır
Yalnızlığa
Sahildə uzanmış dəniz olsa belə.
Ayrılığa
Dağ boyda yumaq olsa belə.
Sənsizliyə
Yaşıl gözlü bir ormanın qucağında
ağac olsa belə...
BİZİM ÖYKÜMÜZ YENİCƏ BAŞLAYIR
Sayın Səid Mətinpura sunulmuşdur.
Adını sibl edib gülüş açarlar
Gülərlər
Gülərlər
Gülərlər
Adını sibl edib güllə açarlar
Vurarlar
Vurarlar
Vurarlar
Uşaqlarını
Uşaqlarını
Uşaqlarını
Günün gün orta çağında
Tutsaq tutarlar
Üzüm bağlarına çaqqal,
Şəhərlərinə beş on əli yaraqlı kaftar buraxarlar anam.
Göylərinin aynasında leyləklərin falı var
Göllərinin gözündə sona baş ördəklərin sevgi nağılı,
Gözlərini yumma
əllərini qoltuğunun soyuğuna
dizlərini qarnının sancısına qısma
bu gecənin də qarnına bir gündüz əkən var!
Yaxın gəl
Yanıma gəl
Bir azdan günəş pıtıraq gül açacaq
Bir azdan bir xoruz adını səsləyəcək
Bir azdan
qırmızı tərliklərini tərsinə geymiş
hardasa hansıysa quzu gözləri bütün oyanmamış bir qız çocuğu
oturub qaranlığın qibləsinə şirin şirin işiyəcəkdir...
Bir azdan
Ağrın canıma gəlsin
Bir azdan
Çox şeylər dəyişəcəkdir...
YAŞAMAQ, YUMŞAQ BİR MELODİYADIR
Yaşamaq,
Yumuşaq bir melodiyadır dedi
Kürün Yevlaxdakı sahillərinə yenmişkən.
Mən onu tanımadım,
Saçları nərgiz çiçəklərinin bacısı olmalıydı
Dodaqları kəklik gözlərindən su içmişdi
Mən
Arazın Nənəm Vayındakı coşqusunun ortancıl oğluyam,
Yaşamaq Mərəkən Çayıdır güz axşamları,
Ildırım şaxdı dilimdən
O məni tanımadı!
Ona, yuxularımızın dişlərini çəkirlər dedim
İnanmadı
Köpəkləri var dedim
Bütün sözcüklərin qoxusunu çəkən
Özəlliklə də “öz” hecası içərirsə
İnanmadı!
Nənəm Vaydan yendim
Mərəkənin güz axşamında yatan havanı dərdim əllərinə
Ona röyaları acından ölmüş insanlarımı göstərdim
Və özgürlük həsrətində qalan torpağımı.
XALI ÜSTÜNDƏ YAZI
Günəşin ayıma
Suyun suyuma
Gecəm ulduzuna qarışıq ikən
Gözlərin qanıma
Odun canıma
Əllərin oduma alışıq ikən
Külümü yellərə necə verərsən?
İtburnu kolları bənək bənəkkən
Baramam odlanıb çal kəpənəkkən
Ürəyim ürəyim ələk-vələkkən
Sən məni ellərə necə verərsən?
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
YARAT-dan növbəti ustad dərsi: bu dəfə böyüklər üçün
Bu gün YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq. Ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək.
Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.
Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
İsraildə də Azərbaycanın turizm nümayəndəliyi açıldı
2022-ci ilin mart ayından İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı oldu.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2022-ci ildən etibarən aktiv bərpa fazasında olan Azərbaycan turizminin təbliğatı əsas hədəf bazarlarında - ənənəvi Türkiyə, Rusiya, İran, BƏƏ və Pakistan istiqamətləri ilə yanaşı, Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya kimi Avropa ölkələrində, həmçinin Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq kimi regionlarda davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Sübut olundu: İnsanlığın kökü bu ölkədən başlayıb
Tədqiqatçılar indiyə qədər ən böyük nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.
Publika.az xəbər verir ki, Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar və səkkiz müxtəlif məlumat bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək, nəhəng bir ailə ağacı yarada bildilər.
Tədqiqatın aparıcı müəllifi Dr Enthony Vilder Vons deyib: "Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik".
Dr Vons "Reuters"-ə araşdırma haqqında bildirərək vurğulayıb ki, müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir: "Bu əcdadlar, hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alınıb".
Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə, demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.
"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər", - deyə Vons əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)