Super User

Super User

Qışda da bu məkan qonaqlı-qaralıdır. Uşaqlarla yanaşı böyüklər də həvəslə ora baş çəkirlər, heyvanları, quşları müşayiət edirlər. Yəqin duydunuz, söhbət hansı məkandan gedir. 

 

“Bakı Zooloji Parkında məskunlaşan hər bir heyvan üçün mütəxəssislər tərəfindən yem rasionu işlənilib hazırlanır. Qida rasionu hazırlanarkən maksimum dərəcədə yemlərin mövsümə uyğun olaraq seçilməsi və həmin heyvanın hazırkı vəziyyəti nəzərə alınır. Yəni, əgər heyvan arıqdırsa, gücləndirici yemlər qida rasionuna əlavə edilir, kökdürsə, onun növünə uyğun olaraq müəyyən pəhriz tətbiq edilir. Heyvanların yemləndirilməsi nə qədər yaxşı və keyfiyyətli aparılarsa, xəstəliklər və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Bakı Zooloji Parkında birinci və əsas qızıl qayda odur ki, ən keyfiyyətli yemlərdən istifadə edilsin”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a müsahibəsində Bakı Zooloji Parkının baş baytar həkimi Elvin Süleymanov deyib. 

E.Süleymanovun sözlərinə görə, Bakı Zooloji Parkının Afrika və Asiyanın isti ölkələrində olan heyvanlar və ekzotik quşlar məskunlaşdığına görə, qış aylarında onlara xüsusi qulluq və qayğı göstərilir: “Bakı Zooloji Parkında qış fəslinin hazırlıqlarına yayın son aylarından başlanılır. Qışa hazırlıq iki mərhələdə aparılır. Birinci mərhələdə yem rasionunda dəyişikliklər edilir. Belə ki, qış aylarında havaların soyuq keçməsi heyvanlarda enerji ehtiyacını çoxaldır. Bununla əlaqədar olaraq fəsil dəyişiklikləri zamanı zooparkdakı heyvanların qida rasionu yenidən nizamlanır və qışa uyğun olaraq tənzimlənir. Heyvanların rasionuna 10-15 faiz yem əlavə olunur ki, bu da soyuq havalarda bədəni isitmək üçün ehtiyac olunan enerjini bərpa edir. Bundan əlavə, olaraq orqanizmin gücləndirilməsi üçün vitamin kompleksləri və minerallar verilir. Profilaktik olaraq da zooparkdakı heyvanların vaksinasiyası aparılır”.

Mütəxəssis bildirib ki, zooparkda qışa hazırlığın ikinci mərhələsi ətraf şəraitin qışa uyğunlaşdırılmasıdır: “Bakı Zooloji Parkında Afrika və Asiyanın isti ölkələrindən olan heyvanlar məskunlaşdığından qış aylarında onları istilik və günəş şüaları ilə təmin etmək lazım olur. Belə ki, günəş şüaları və istilik ehtiyaclarını ödəmək üçün həmin heyvanlar ziyarətçilərin görə biləcəyi və heyvanın istiliyini təmin edə biləcəyimiz yuvalarda yerləşdirilir. Həmin yuvalar yerdən və kənardan xüsusi isitmə aparatı ilə isidilir. Yuvaların havalandırılması təmin olunur. Günəş şüalarına ehtiyac olan xüsusi heyvanlar var ki, bunu təmin etmək üçün ulturabənövşəyi lampalardan istifadə olunur. Əgər qış fəslində havalar daha mülayim və yaxud isti keçərsə, həmin gün heyvanlar təmiz hava almaq üçün gəzinti ərazilərinə buraxılırlar”.

Baş baytar həkim bildirib ki, qış aylarında heyvanların davranışında da dəyişiklik hiss olunur. Bəzi növ heyvanlar qış aylarında çox sakit olurlar, aktivlikləri azalır və günün çox hissəsini yatırlar. Bunlara nümunə olaraq ayıları göstərmək olar. Bəziləri isə soyuğu çox sevdiklərindən qış aylarında daha çox aktiv olurlar. Bunlara da Amur pələngi və bizonlar aid edilə bilər”.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 milyon manat) çox olmaqla 4 milyard 948 milyon manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

 

Məlumata görə, keçən ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.

Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

 

Sitat: 

“Hazırlaşıram..yazıram...pozuram...

...və dəhşətə gəlirəm.

Sabah Zəlimxan Yaqubun xatirə gecəsini aparacağam. 

Şairi oxuduqca yenidən bu fikrimi təsdiqləmiş oluram: İnsan nə böyüklükdə söz, fikir adamı olarmış”.

 

Saleh Bağırov, İTV-nin aparıcısı.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

 

Yanvarın 20-si - Ümumxalq Hüzn Günündə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. 

 

QSC-dən AzərTAC-a bildirilib ki, Qanlı Yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək. Bu məqsədlə yanvarın əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək müvafiq işlər görülüb. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. 

Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər. 

Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında “20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək. Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

 

Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “İohann Sebastyan Baxa ithaf” adlı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq.

 

Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Qeyd edək ki, konsert proqramında dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi İohann Sebastyan Baxın əsərlərindən ibarət musiqi nömrələri səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 16:30

Azərbaycan Fransada, beynəlxalq caz festivalında

 

Yanvarın 24-dən 27-dək Fransanın Lil şəhərində “Dünya ətrafında” adlı beynəlxalq festival keçiriləcək.

Sözügedən festivalda Azərbaycanı tanınmış caz ustası, bəstəkar və pianoçu Etibar Əsədli təmsil edəcək.

Qeyd edək ki, festival çərçivəsində filmlərin nümayişi, həmçinin görüş və debatların təşkili nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

 

Onun filmlərini hər birimiz sevə-sevə izləmişik. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmlər Eldar Quliyevin adı ilə bağlıdır. 

Bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin anadan olmasının 82-ci ildönümü tamam olur. 80 il ömür sürmüş Eldar müəllim filmləri ilə yaşayır və yaşayacaq. 

 

Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək… ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib. Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.

Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini, həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 16:00

Yol gedir İrəvana…

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni yalnız ictimai-siyasi fəaliyyətlə məşğul olmur. O, həm də yeri gələndə qələmə sarılıb poeziya örnəkləri yaradır.

R.Zeyninin bir neçə bayatısını “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik. 

Əzizinəm Zəngəzur,
Şuşa, Laçın, Zəngəzur.
Gedirik İrəvana,
Yolu açır Zəngəzur.

Mən aşiq İrəvana,
İrmisdən İrəvana.
Ellər salam aparsın,
Təbrizdən İrəvana.

Əzizinəm Rəvana,
Yol gedir İrəvana.
Üçrəngli bayraq ilə,
Gedərik İrəvana.

Əzizinəm İrəvan,
Bakı, Təbriz, İrəvan.
Qarabağ azad oldu,
Qaldı Təbriz, İrəvan.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 08:30

Orta maaş nə qədərdir?

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz və ya 105 manat artaraq 827,9 manat olmuşdur.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdu.

2022-ci ilin yanvar-sentyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat olmuşdu. Beləliklə, oktyabrda orta aylıq nominal əməkhaqqı 50 qəpik artıb.

2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1729,3 min nəfər olmuş, onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 15:30

Miqren tutmaları və onun xüsusiyyətləri

Baş ağrıları əksər hallarda miqren xəstəliyi ilə əlaqədar olur. Dünyada miqren ən çox yayılan üçüncü xəstəlikdir və hər 7 nəfərdən birində rast gəlinir.

Bəzən xəstələr adi başağrısı ilə miqreni ayırd edə bilmirlər. Bu barədə məlumat verən həkim-nevropatoloq Məlahət Məmmədova deyib: "Miqren əsasən başın bir tərəfinə əhatə edən şiddətli ağrılarla xarakterizə olunur. Miqren zamanı ağrı əsasən boyun nahiyəsindən başlayır və onun gicgah, ənsə nahiyəsindən gözə qədər yayılması müşahidə edilir. Ay ərzində xəstədə 8 dəfədən az olmayaraq ağrılar olarsa, üç ay müddətində təkrarlanarsa və ağrıların davametmə müddəti 4 saatdan artıq olarsa, xroniki miqren diaqnozu qoyulur".

Miqrendən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin ağrıları azaltmağın yolları var: "Miqrenin tam müalicəsi yoxdur, tutmalar zamanı ən çox ağrıkəsicilər və antidepressantlardan istifadə olunur. Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə əzələ və sinir bağında gərginlikləri, vegetativ sinir sisteminə təsir edərək miqren tutmalarının intensivliyini azaltmaq mümkündür. Həmin üsulla miqren ağrısı və digər əlamətləri - işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma və qusmanı aradan qaldırmaq olur", - deyə həkim-nevropatoloq bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.