
Super User
Heydər Əliyev ilinə Özbəkistandan töhfə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar eyniadlı nominasiya müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“12-ci aldadılmış şəxs”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Rafael Dadaşovdur.
RAFAEL DADAŞOV
(1946-2020)
***
1990-cı ilin əvvəlləri idi. Atam, xalq artisti Məlik Dadaşov incəsənət institutunda aktyor sənətindən dərs deyirdi. Bir gün elə oldu ki, institutda onunla görüşməliydim. Pillələri qalxırdım, üz-üzə bir tələbə oğlan əlində eyni kitabçadan haradasa bir 20 dənə tutub, aşağı enə-enə:
– Sensasiya, dəhşət, 11 nəfər aldadılıb, – deyirdi.
Maraq mənə güc gəldi.
– O kitabdan birini də mənə ver, – dedim, – neçəyədir?
– İki manata.
Pulunu verib kitabı aldım və Məlik Dadaşovun dərs dediyi otağa qalxdım. Dərsə mane olmamaq üçün bir kənara çəkilib oturdum, kitabı vərəqləməyə başladım. Maraqsız bir kitab idi və ümumiyyətlə aldadılmaq barədə heç nə yazılmamışdı. Elə bu vaxt qapı açıldı və bir qədər əvvəl mənə kitab satan tələbə, üzr istəyib içəri keçdi, tələbələrlə bir yerdə diplom tamaşasının məşqinə başladı. Dərsdən sonra Məlik Dadaşovla söhbət edərkən, oğlan əlində 2 manat bizə yaxınlaşdı.
– Rafael müəllim, əslində siz, aldadılmış 12-ci adam oldunuz, amma sizi bu siyahıdan çıxardıram.
Xeyli güldüm. Pulu almadım və:
– Aldada bildin, ona görə də məni o siyahıdan çıxartma, – dedim.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tədqiqatçı Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq ədibin həm muğam irsimizinin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərimdən bəhs edərək sözü tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangirə verib.
Gecədə xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, məşhur xanəndə Zahid Quliyev, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, Gülnarə Cəmaləddin, nasir Hümbət Quliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış ediblər. Ədib
“Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu ilə də təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Hikmət Mirzəyev barədə roman
Seymur Atillanın bu günlərdə işıq üzü görən “Mənim döyüş yolum” adlı avtobioqrafik romanı Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev barədədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seymur Atilla yeni romanı barədə öz sosial media hesabında yazır:
“Ömrünün 10 ilini Xüsusi Təyinatlı Qüvvələrə həsr etmiş bir zabit deyir ki; "Mən Xidmət etdiyim Qüvvənin Komandanının doğulduğu günü bilmədiyim halda, sən necə oldu ki, onun haqqında kitab yaza bildin?" Çünki, Hikmət Mirzəyev qapalı insandır. Onun haqqında informasiya çox azdır.
Əslində, bu mənim yazdığım kitaba verilən ən böyük dəyərdir. Heç yoxdan var etmək. Heç də asan olmadı bu kitabı yazmaq. Bilsəniz necə əziyətlər çəkdim. Həm də, ən çətin şəraitdə, gecələri yazdım. Şam işığında, şam bitəndə telefon işığında.”
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Muğam bu dəfə də könül oxşadı
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti təşkil olunub və gecədə “Bayatı Qacar” və “Şüştər” muğamlarını BMM-in solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov təqdim ediblər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Al-əlvan rənglərə boyanmış nağıllarımız
Xəbər verdiyimiz kimi Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Azərbaycan nağılı” adlı sərgi açılıb. Sərgi Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55-ci ili münasibətilə Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Sərgidə görkəmli qrafika ustası Arif Hüseynovun geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – onun Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik lövhə nümayiş olunur.
“Azərbaycan nağılı” sərgisinin ekspozisiyasına daxil olan, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi rəsm əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı bu əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.
Sərgi fevralın 24-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“Başımıza dəyən daşlar... başdaşına çevrilir...” – Əlizadə Nuri ilə “Biri ikisində”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, sevilən şair Əlizadə Nurinin şeirləridir.
ŞEİR VAXTI
Əlizadə Nuri
SEVİNC AXŞAM GƏLƏCƏKDİ
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə oğul dedi,
Heç biri anam olmadı.
Düzdən ötrü dağ çıxardım,
Dağı lap axsaq çıxardım.
Bu gecədən sağ çıxardım,
Yanımda bir şam olmadı.
Bu, əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi.
Sevinc axşam gələcəkdi –
Gözlədim, axşam olmadı...
BU ÖMÜR BİR QAZAN QARDI
Yoxdu bu qəmin yiyəsi,
Götür qoy gözün üstünə.
Sinəmdəki yaraları
Kim səpib duzun üstünə?!
Bu dəryanı kim daşdırdı?
Nə qum qaldı, nə daş durdu.
Yalanlar göz qamaşdırdı –
Getmədik düzün üstünə...
Səs deyil hər haray-həşir.
Canımız bir sevda nəşi.
Tuta bilmədik günəşi,
Yıxıldı tozun üstünə.
Yerdi əsən, yeldi əsən?
Axsaq imiş o tələsən.
Qələm yorulub, deyəsən,
Əyilib sözün üstünə.
Qəfəs deyil, amma dardı,
Yer üzü damar-damardı...
Bu ömür bir qazan qardı –
Qoymuşuq közün üstünə...
BİR QADINA MƏKTUB
Heç vaxt çətirim olmayıb deyirsən,
Bəlkə, bu, yağışı çox sevdiyindəndi, qadın?
Tanrının yanına qayıdacaq deyə,
Hərdən yağışa qoşulub getmək istəyir
adam...
Bilirəm, unutmusan məni –
Adımın son hərfinə kimi.
Bilirəm, adım bir az uzundu deyə,
ağrıyırdı dodaqların...
Atdın yerə adımı,
əzildi hərflər...
***
O evin qırx qapısı var,
sən hansı otaqdasan?
Məni unutmusansa,
lap eyni küçədə yaşasaq belə,
deməli, məndən çox uzaqdasan...
Görürəm də,
indi çoxu eynək taxır,
adamlar bir-birinin
gözünün içinə dik baxa bilmir,
bəlkə, ondandır?
Hamı təkdi dünyada,
kim deyir ki, cəmdənik?
Ancaq bu adam ilə
hələ də həmyerliyik –
eyni cəhənnəmdənik...
Başqa qonaq çağıran yox,
kim Tanrıya qonaq gedir –
kim böyüdür çevrəni?
Başımıza dəyən daşlar
hər gün bir az böyüyüb
başdaşına çevrilir...
Bizi fikir eyləmə,
yandırıb son ümid çöplərini
isinirik beləcə.
Sən əynini qalın eylə,
təqvimdə fevral ayıdı,
təqvimdən də qar yağır...
KÜL
Kağızın bətnində yandı bu ömür –
Mən adam külüyəm, ya kağız külü?
Yanan ürəyimdə o qız da yandı –
Bir az öz külümdü, bir az qız külü...
İndi ayrılıqlar ömürdən uzun,
Ölümlə oyunda ömür uduzur...
Hər axşam yandırır ayı-ulduzu,
Tanrı səhər yığır ay-ulduz kimi.
Dərd çaxmaq daşıdı – daşdan yanmışam,
Ayaqdan od alıb, başdan yanmışam.
...İlahi, nə yaxşı eşqdən yanmışam –
Baha eləmişəm bu ucuz külü.
SÜKUTUN SƏSİ
Bir sükuta uduzur
Min-min adamın səsi.
Ruhumuzu oynadır
Bir qaraçı nəğməsi.
Göydə də zəlzələymiş,
Ay gizləyib özünü.
Quşlar qanadlarıyla
Saxlayıb göy üzünü...
Bir çiçəyin içində
Dost olub neçə ləçək.
Bir azdan bu çiçəklər
Əllərimi dərəcək.
***
Eşidirsən, İlahi –
Sənin səsin tutulub,
Yoxsa hamı kardımı?
Bu dünya bir günahdı,
Yoxsa günahkardımı?
Bəlkə, sular dil açıb –
Bir səs gəlir quyudan.
Daş da intihar edir,
Asılaraq qayadan...
SEVDA SONATASI
Ay işığının əlindən tutub çıxar
qaranlığa batan bu adamlar.
Eyni göy üzünə baxar
başqa-başqa şəhərlərdə sevən adamlar.
Yasaqsan mənə keşiş sevgisitək,
Mənim olmasan da,
yaxşı ki, varsan.
Bir arzu doğular nikahdankənar,
Beşiyi başında layla çalarsan.
Köhnə albomlarda payız fəslidi,
Saralır ağrıyan şəkillər...
Sevda çənlər başımdan
Duman kimi çəkilər...
Qayıt gəl yanıma xatirələrdən,
Toxuna bilmirəm sən gedən izə.
Hələ yaşamağı tam öyrənməmiş
Mollalar ölməyi öyrədir bizə.
Hasardan o üzə atılar işıq,
Əllərim quş olub qonmaz sevincə,
Yolu göndərmişdim, səni gətirsin,
Yol da qayıtmadı sən gəlməyincə.
Heykəl də Tanrıya ibadət edir,
həm də əyilmədən
Bəlkə, dik durmaq da ibadətdi?
Ha uzatsan, əlin çatmaz,
Göy üzü bir imarətdi...
İLK YAĞMURSAN, SON BAHARSAN...
İtən günü harda gəzim, –
Qaldı ömrün harasında?
Arayıram ağ baxtım
Gözlərinin qarasında.
İlk yağmursan, son baharsan,
Kimə dərdsən, kimə yarsan?..
Girsən, özünü taparsan
Ürəyimin yarasında.
Qələm toxunduğu yerdən
Şeir damır hərdən-hərdən.
...Qaçıb gizləndim şeirdən
Misraların arasında...
“Ədəbiyyat və incəsənət”
(20.02. 2023)
Yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq
Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
Müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən 12 yaşdan yuxarı 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edib.
İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülmüş və ən əsası kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib.
“Düşün və yarat!” müsabiqəsinin yekun sərgisi martın 1-də Xətai Sənət Mərkəzində keçiriləcək.
Sərgi iştirakçıları fevralın 27-dək ancaq fotoları paylaşılmış əsərləri Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim etməlidirlər.
Nümayiş olunan əsərlər geri qaytarılır.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Yakutiyanın məşhur şəkili vətəndaşının 65-i
Aida Eyvazlı yazır
“1979-cu ildə Xanqalas ulusunun Moxsoqollox qəsəbəsinin sement zavoduna Azərbaycanda İnşaat Mühəndislər İnstitutunu yenicə bitirimiş Əliş Məmmədov adlı cənublu gənc bir oğlan gəldi. 10 ildən sonra həmin zavoda rəhbərlik edib, onu Yakutiyada ən böyük istehsal müəssisısinə çevirə bildi”.
Soyuq fevral ayında soyuq Yakutiyada ömrünün 65 yaşını tamamlayan Vətən oğlu Əliş Məmmədov haqqında “Yakutiya 24” televiziyasının xəbərlər proqramında gedən veriliş yuxarıdakı cümlələrlə başlayır.
Biz də elə 3-cü çağırış Saxa (Yakutiya) Respublikasının İl Tümen Məclisinə Xanqalas ulusundan deputat seçilən şəkili balası Əliş Zabit oğlu haqqında verilişdə lentə alınan fikirləri müsahiblərin sözləri ilə xalqımızla bölüşməklə yubilyarı təbrik etmək fikrindəyik.
“Yakutsement” İstehsal Birliyinin elektrik təmiri sexinin müdiri Viktor Qreçko azərbaycanlı soydaşımızın “Yakutsement” İstehsalat Birliyinə direktor seçilməsi prosesini belə xatırlayır:
“Heç yadımdan çıxmaz. Direktorluğa 4 namizəd var idi. Birini Moskva dəstəkləyirdi. Lakin çox ləyaqətli şəkildə biz zavodumuza direktor Əliş Məmmədovu seçdik. Lakin sonra yenidənqurma maşınının islahatları ilə istehsal müəssisələri iflasa uğramağa başladı. 1990-cı ilin iqtisadı böhranında zavodu bağlanmaq təhlükəsindən xilas etdi”.
“Yakutsement” İstehsal Birliyinin smeta layihələri şöbəsinin rəhbəri Yelena Omelçenko deyir:
“Bizim zavod kollektivinin əməkhaqqı problemləri yaranmışdı. Direktorumuz Yakutiyanın digər zavodları ilə barter sənədləri imzalayıb, bizi səfalətdən qurtardı. Əməkhaqqı da alırdıq, ərzaq da. Və həmin illərdə o, belə bir əmr verdi: “Əmək haqları əvvəlcə fəhlələrə verilməlidir. Əgər müəssisədə pul qalarsa, baş iqtisadçı, baş mühasib və direktor əmək haqqlarını ən axırıncı alacaqlar.”
Əliş Məmmədov harada işlədiyini yaxşı bilirdi. Xanqalas ulusu türklərin xan nəslindən, toyon nəslindən olan şəxsiyyətlərinin yurdudur. O bu müqəddəs torpaqlarda xanların, ululaın adına layiq işləməyin vacibliyini bütün məsuliyyəti ilə hiss edirdi. Bu məsuliyyət nəticəsində rəhbərlik etdiyi müəssisənin də gəliri artırdı. Bir ildə 500 min ton sement istehsal etməyə başlanmışdı. Ağır 1990-lardan başlayaraq, rəhbərlik etdiyi əmək müəssisəsi üçün sosial obyektlərin (idman zalı, uşaq bağçası, məktəb, poliklinika) tikintisinə başladı. Çünki istehsal etdikləri məhsulla respublikanı kənardan gətirilmə sement asılılığından qurtarmışdılar.
Əliş Məmmədov Xanqalas ulusunun xalq deputatı titulunu da çox şərəflə daşıyır. Onun adını Saxa (Yakutiya) Respublikasının şərəf kitabına yazıblar. Onun seçicilərlə hər görüşü problemlərin həlli, seçicinin sevinci, yeni quruculuqla nəticələnir. Əliş Məmmədovu deputat seçən Xanqalas ulusunun Pokrovka qəsəbəsindən olan seçici Marqarita Reşetnikova deyir ki, evimdə qaz və istilik problemi var idi. Mən deputatımız Əliş Məmmədova müraciət etdim. O məni dinlədikdən sonra, problemi araşdıracağını dedi. Problem həllini tapana kimi isə evimə odun göndərdi ki, soyuq qışda istiliyimiz olsun.
Əliş Məmmədov haqqında Xanqalas ulusunun başçısı Oleq İrinyev deyir:
- Bizim elin əhalisi onu əsil deputat kimi qəbul edir. O, seçicilərinin bütün problemlərini həll edir. Xanqalaslılar üçün o çox qiymətlidir. Ona olan hörmətimizin bariz nümunəsidir ki, Xanqalas ulusunun 17 nasleqinin fəxri vətəndaşıdır. Bu şərəfli titula və etimada isə ölkəmizdə ondan başqa yalnız Respublikamızın birinci Prezidenti Mixail Nikolayev malikdir.
“Azərbaycanlı” adına - gözümüzdən uzaq, könlümüzə yaxın türk torpaqlarında şərəf gətirən soydaşımız Əliş Məmmədov həm də Saxada yaşayan azərbaycanlıların ağsaqqalıdır. Türkiyədə baş verən fəlakət bölgəsinə yardım üçün azərbaycanlı soydaşlarımızla birlikdə o, 5 min dollar ilkin yardım edib. Var olsun! Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib
Özbəkistanla Azərbaycan arasındakı mıdəni əlaqələrin inkişafına töhfə verən qurumlardan biri də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir. Ötən günlərsə mərkəzin direktoru Samir Abbasovla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanov arasında görüş keçirilib.
Mərkəzdən verilən məlumata görə, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda baş tutan görüşdə qonaqları salamlayan rektor Eldar Şermanov əvvəlcə Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində uğurlu fəaliyyətlərinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Rektor Eldar Şermanov Özbəkistan-Azərbaycan arasında mövcud əlaqələrin dövlətlərarası münasibətlərin genişlənməsi fonunda daha da möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini və konkret tapşırıqlar verdiyini vurğulayıb. Bu sahələrdən biri də təhsil və mədəniyyət sahəsidir ki, rəhbərlik etdiyi ali təhsil müəssisənin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş Özbəkistanla bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin daha da genişlənidirlməsi və inkişafının prioritet olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana ardıcıl üç səfərini xatırladaraq ölkəmizin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin də ölkə başçısının, dövlət qurumlarımızın tapşırıqlarına uyğun olaraq Özbəkistanda bir çox layihələr, tədbirlər, konfranslar, sərgi və müsabiqələr, konsertlər keçirəcəyini vurğulayıb.
Diplomat 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun da yaxından iştirakını arzu etdiyini bildirib.
Daha sonra Samir Abbasov sözügedən universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.
Samir Abbasovun təkliflərini yüksək qiymətləndirən rektor Eldar Şermanov Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. O, öz rəhbərliyi ilə yaxın günlərdə İnstitutu təmsil edən geniş bir heyətin Azərbaycana səfər edəcəyini və bu səfər çərçivəsində Azərbaycanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayacaqlarını vurğulayaraq, sözügedən səfər və görüşlərin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını ifadə edib.
Görüşün sonunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində tərcümə və nəşr edilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanova hədiyyə edilib.
Sonda, qonaqlar Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun fakültələri ilə tanış olub, institutun tələbələrindən ibarət “Folklor və xalq çalğı alətləri ansamblının” çıxışlarını izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)