
Super User
Günün lətifəsi
“Ədəbiyyat və incəsənət” portalında günün lətifəsini Sərtyel təqdim edir.
Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:
-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq!
Nənə razı olur:
-Əlbəttə oynayaq. Öyrət nənəni, necə oynayırlar?
Uşaq deyir:
— Nənə, bax, bu kubiklərdən birini götürüb qaçırsan...
— Nə vaxtacan qaçıram, bala?
— Bax, orasını bilmirəm!..
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Sərxan Kərəmoğlu Aygün və Röyanın nəyindən narazıdır?
TOY QİYMƏTLƏRİNDƏN
"Bizim müğənnilərimiz xarici ifaçılardan 10 dəfə daha dəyərli və qiymətlidir. 10 dəfə onlardan artıq çalışsaq da, 50 qat az qonorar alırıq".
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildriir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, Xalq artistləri Aygün Kazımova və Röya Ayxan kimi xarici ulduzlar toya 250 min dollara gedirlər:
"Bu gün toya 10 minə gedən kimdir ki? Röya Ayxan və Aygün Kazımovanın adını eşitmişəm. Heç onlar toya 10 minə yox, 8 min manata gedirlər. Röya və Aygün kimi eyni ulduzları Türkiyədə və Rusiyada götürün, görüm, 250 min dollardan aşağı toya gətirə bilərsiniz? 10 min pul nədir? Bir ulduzu ki, ölkədə 10 milyon insan var və o 10 milyonun hamısı sevir. Niyə o ulduz 10 minə getməsin ki? Məni, misal üçün ölkədə 50 faiz insan sevir, 50 faiz isə yox. Amma Röya ilə Aygünü 10 milyon insanın hamısı sevir".
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Raci Şaşmaz bu azərbaycanlı kriminal avtoritetə aid film çəkir
Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan "Kurtlar vadisi" serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib.
“Ədəbiyyat və incəsənət” metbuat.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib. O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər.
Məlumata görə, müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib.
Türkiyəli jurnalistin sözlərinə görə, İstanbulda öldürülən serb mafiya lideri Vukotiç, azərbaycanlı mafiya lideri Elnur Qasımov və digər mafiya liderləri ilə bağlı hadisələr çəkilməsi nəzərdə tutulan serialın sujet xətti olacaq.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
İkinci rübdə maliyyə axınlarının həcmi 6,5 faiz artıb
Növbəti Açıq Portfel xəbəri:
Bu ilin ikinci rübündə maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz və ya 1,8 milyard manat artaraq 29,2 milyard manat təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə olduğu kimi, 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 faiz) və tikinti (10,2 faiz) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat artım) sahələri təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Diqqət! İsrail və Polşadan heyvandarlıq, İsveç və Toqodan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən yayılan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən İsrail Dövlətinin Mərkəz dairəsində nodulyar dermatit, Polşa Respublikasının Malopolsk inzibati ərazisində, İsveç Krallığının Qotland əyalətində və Toqo Respublikasının Maritaym vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən heyvandarlıq və quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Nigeriyalı Ejiofor və Emere Bakıda azərbaycanlılara necə dağ çəkdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Təbii ki, biz intellekt səviyyəsinə, elmi, mədəni səviyyəyə görə Afrika qitəsindən qabaqdayıq, amma işə bax ki, afrikalılar da bizə kəf gəliblər.
Məsələ necə olub? Biz ərz edək, siz qulaq asın.
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalıların saxlanılması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Demək, Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olub, vətəndaşlar sosial şəbəkələrdə xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadılmaları və külli miqdarda pul vəsaitlərindən məhrum olmalarını ərz ediblər. Bu məlumatlar dərhal nəzarətə götürülüb.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.
Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
Söhbət çox böyük pullardan gedir. Bəziləri maymaqlıq edərək öz plastik kartının bütün məlumatlarını nigeriyalı qoçaqlara veriblər, onlar da uf demədən orda nə ki pul var, hamısını çəkib götürüblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.
Bu arada DİN vətəndaşlarımıza müraciət də edib. “Bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.
Elə bu xəbəri hazırlayırdım ki, qonşum Əlövsəti həyat yoldaşı ilə çiçəyi çartlayan gördüm. “Nə olub” sualına birtəhər ondan cavab qopardım. Sən demə bunlara bir email gəlib ki, sizə 1000000 dollar pul köçürmək istəyirik, köçürmə həyata keçsin deyə göstərilən hesaba 5 dollar ödəyib poçt xərclərini qarşılamalısınız.
Ər-arvad poçta gedirlərmiş ki, 5 dolları ödəsinlər.
Mən Əlövsəti başa salmaq istədim ki, hansı axmaq durduğu yerdə kiməsə 1 milyon pul verər? Və 1 milyonu verən 5 dolları niyə əsirgəsin ki?
Əlövsət məni paxıllıqda qınayıb yolundan qalmadı.
Bax belə!
Şəkildə: Həmin o nigeriyalılar
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
YARAT-da “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir
YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
Layihənin növbəti ustad dərsi iyulun 19-da Müşfiq Heydərovun iştirakı ilə “Heykəltaraşlıq şəkli” mövzusuna həsr olunacaq.
Ustad dərsi heykəltaraşlıq sənəti üzrə ilk dəfə özünüzü sınamaq təcrübəsi və bu sahədə bacarıqlarınızı dərinləşdirmək imkanı verir. İştirakçılar plastilindən özünəməxsus insan obrazları yaradacaqlar.
Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Yenə də “O olmasın, bu olsun”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrın məlumatına görə, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, iyulun 16-da təqdim olunacaq tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Soltan Soltanlı İndoneziya beynəlxalq sərgisində
İndoneziyada keçirilmiş beynəlxalq rəsm sərgisində həmyerlimiz, istedadlı rəssam Soltan Soltanlı da var idi. “Ədəbiyyat və incəsənət” portalı onun kataloqda yer alan əsərini təqdim edir.
İndonesia. Metamorfosart. The İnternational Exhibition of art and Architecture. 7-30 june 2023.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
“Bu hacı kişilər, varlı kişilər…” - Qəşəm Nəcəfzadənin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Qəşəm Nəcəfzadənin şeirini təqdim edirik.
Vətən içində
Bu hacı kişilər, varlı kişilər,
Kasib oğlanların sevdiklərini
Aldilar əlindən vətən içində.
Daşa çevrildilər kasib oğlanlar,
Bilmədilər nəyi nə eləsinlər,
Kimə nə desinlər nə söyləsinlər,
Gəzdilər vətəndə qan-tər içində.
Varlı kişilərə dinmədi vətən,
Ağa büküldülər kasib oğlanlar,
Bir də gördülər ki, Ulkər doğanda,
Özünü ulduzdan asıb oğlanlar.
Adamlar da gəzir yuxu içində.
Getdilər cəbhəyə yaz səhərində,
Bir yaz axşamında şəhid oldular.
Sonra adlarına küçə verildi,
Bakıda, Şəkidə, Qaxda, Gəncədə.
Kasıb oğlanları atan gözəllər,
Heç kəsdən utanıb eləmədilər.
Varlı kişilərin qoluna girib,
Yenə də gəzdilər həmin küçədə.
Ədəbiyyat və incəsənət”
(11.07.2023)