
Super User
“Bərk-bərk yapış, Allahın yaxasından...”
“REDAKSİYANIN POÇTUNDAN” RUBRİKASINDA XATİRƏ SƏFƏROVANIN ŞEİRLƏRİ
Xatirə Səfərova 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıdakı 316 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(“Günəşin nuru”, “Zəfər qoxusu”, “Zərif kölgələr”), saytlarda (oxumeni.az, ziyalılar.az) qəzetlərdə (“525-ci qəzet” və s.) və jurnallarda (“Azad qələm” və s.) çap olunmuşdur.
Yenidən doğulmaq
Qəlbimdəki dumanı dağıtdın ki Allahım
Yenidən düz yolumu aydın görümmü deyə
Yıxdın, yerlə bir yeksan etdin bütün dünyamı
Divar divar özümü yenə hörümmü deyə
Gəldi döndü başıma qaçıb getmiş idrakım
Üsyanlar qırdı mənim belimin qabırğasın
Dedilər ki, ay insan olma belə naşükür
Qayıt, yoluna qayıt, düşmə tanrıya ası
Allahın tək dərgahı dönəcəyin ocaqdır
Nə dilərsən dilə sən "cahanın ağası"ndan
Sən ki, əzəldən bəri saxtalığı sevmədin
Odur ki bərk-bərk yapış Allahın yaxasından
Qayıt....
Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm, haçan yenə dolaram
Unutdum əlifbada adından basqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını
Mən niyə Tanrı bildim, niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heç vaxt
Qüdrətinin, gücünün həddi yoxdu gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt
Baş qoyaram önündə ömrün son gününədək
Dodağından, dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, yalvarım
Sən insafa gələsən, qayıt ömrümə yenə
Ümidsiz sevgi
Bəzən sevdiyin dəniz
boğar səni suyunda
O sevişir zənn edər
qoynunda çırpınınca...
Kəsər bütün dalğalar
nəfəsini bir anda
Hiss etmərsən ölürsən
kipriyin qırpınınca
Tərk edər ruhun səni ,
ayaq açar yeriyər
Ən dərinə batırar
sevdiyini bu dəniz
Demə unudar səni,
demə heç xatırlamaz
Coşar fırtınalarda
qalar səndən boş bir iz
Dil açmayan dənizin
dibində ölümlər var
Bitmiş romanları var ,
yarımçıq hekayəsi
Hər gecə batmış ruhlar
dalğalarla güləşər
Batırar qulaqları
ümidsiz sevgi səsi.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
“O olmasın, bu olsun” tamaşası yenidən səhnədə
İllər ötür, nəsillər dəyişir, amma elə mədəniyyət artefaktları var ki, onlar yenə də başda dayanır. O cümlədən də, Azərbaycanın “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşaları kimi.
Akademik Musiqili Teatrının repertuarına bu mövsüm də dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası salınıb.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, sentyabrın 17-də təqdim olunacaq tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Martin Lüter əfsanəsi, yaxud, beynimizi qaydasınca işlədə bilirikmi?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Sizə olduqca maraqlı və ibrətamiz bir əhvalat danışmaq istəyirəm.
15-16-cı əsrlərdə Almaniyada katolik kilsəsinin papası 3cü İnnokendi indulgensiyalar sataraq insanlara "cənnət qəbzləri" təqdim edirdi. Belə ki, hər bir alman vətəndaşı bu qəbzi alaraq öz günahlarını bağışlada və cənnətə giriş icazəsi ala bilərdi. Bu zaman Lüteranlar hərəkatının idealist lideri Martin Lüter indulgensiyaların saxtakarlıq olduğunu və insanların aldadıldığını bəyan etdiyi üçün kilsə tərəfindən məhkəməyə verilir. Məhkəmə zamanı Lüter cənnət qəbzlərinin satıldığının mümkün olduğu halda cəhənnəm qəbzlərinin də satıla biləcəyəni təklif edir və onun fikri ilə razılaşan papalardan cənnət qəbzlərindən daha ucuz qiymətə cəhənnəm qəbzlərini alıb məhkəmədən çıxır. Çıxışda onu gözləyən insanlara müraciət edərək: “artıq indulgensiya almağınıza ehtiyyac yoxdur, bütün cəhənnəmi mən aldım və heç kimi ora buraxmayacağam" deyir.
Beləliklə o həm öz məntiqi ilə xalqın rəğbətini qazanır, həm də katoliklərə gözlənilməz taktika ilə zərbə yetirmiş olur.
İnsanın ən güclü silahı düzgün işlədə biləcəyi beynidir.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
“Ər və arvad” operettası yenidən səhnədə
Sentyabrın 16-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı, Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva və tamaşanın xormeysteri isə Vaqif Məstanovdur.
Tamaşanın yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Səhnə əsərinin quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Buket əvəzinə yumruq
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, burda gülməli bir şey də yoxdur. Tragikomedik bir yazıdır bu.
Niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız? Müasir dövrdə yaşayırıq və yaşayışımızın böyük hissəsini maddiyyat təşkil edir. Sevgi ilə qarın doymaz. Sevgi qəlbdə nifrəti əngəlləyə bilər, sənə insani keyfiyyətlər qazandıra bilər, mərhəmət hissi aşılaya bilər, amma əsla qarın doyuzdura bilməz.
İlk başda sevgi hisslərlə idarə edilsə də, lakin illər keçdikdən sonra isə artıq ağıl və məntiq ilə iş həyata keçirmək lazımdır, bu olmadığı halda mütləq ki, ailədə söz-söhbət dava-dalaş başlayır. Ta ki qadın zorakılığına qədər.
Sevgili dönəmində əgər oğlan qızla daha çox maraqlanıb, daha çox nazını çəkirdisə, artıq evlilik dönəmindən sonra nazını deyil, şilləni, yumruğu çəkməyə başlayır ...
Stolun üstündə, gül buketi əvəzinə, yumruq olur. Ətrafda olanlara, müdirə, küçədəki hər hansı bir yoldaşa əsəbləşib bir söz deyə bilməyən "ər" gəlib evdə əvəzini qadından çıxarır.
O ki qaldı ailədə qızların sevmədiyi birisi ilə ailə qurmasına...
Valideyn düşünür ki, qarşı tərəf imkanlı, müəyyən vəzifədə çalışan bir şəxsdir və bu şəxslə bağlanan, yaranan qohumluq bizə fayda verə bilər. Nikah diplomatiyası elə bil bu dövrə qədər sürünüb gəlib çıxıb.
Kasetlerdən, şəkillərdən, "padruqalardan", nömrələrdən, aradüzəltmələrdən, düzqoşlardan və bərbad mentalitetdən qaynaqlanma nəticəsində nə qədər bədbəxt ailə formalaşır və saya gəlmir az qala.
Və bu da gələcəkdə intihara, şiddətə, zorakılığa qədər gedib çıxması amilini tətikləyir...
Eyni zamanda həmin ailələrdə formalaşan uşaq təfəkkürü də elə həmin istiqamətdə də yetişərək inkişaf etməyə başlayır...
Həqiqətən də, niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız?
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Ferhat Göçerin Bakı konsertinə sayılı günlər qaldı
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
POETİK QİRAƏTdə gənc şair Həsən Kürdür
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında gənc şair, Nigar Həsənzadənin “Söz” layihəsinin üzvü Həsən Kürün “Qırx gün yas saxladılar” şeirini təqdim edir.
Əlindən yapışdığım insanlar böyüdülər
qollarımdan vurdular.
Ayağımı çəkdilər,
ürəyimi qırdılar.
Adamlar ilan kimi zəhər sancdılar mənə.
Dedim : -Allaha gedim,
o çarə qılar mənə -
Allah öldürsün məni
nə olar, olar mənə...
Allah öldürdü məni
Ayağımı qazanlar, qəbrimə kimi qazdı.
Başıma daş salanlar baş daşımı ucaltdı,
üstünə söz də yazdı...
Bu "adamlar" gör necə
abırsız, həyasızdı...
Dizlərinə vurdular,
uşaq tək ağladılar,
Beş gün gün verməyənlər
Qırx gün yas saxladılar...
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Kişi, qadın, pəncərə... məşuq” tamaşası yenidən səhnədə
Sentyabrın 23-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
Və tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur. Səhnə əsərinin musiqi tərtibatı Vladimir Neverova məxsusdur.
Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
On müəllifin bir yazısı - ƏDƏBİ EKSPERİMENT LAYİHƏSİNDƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
İstəkli oxucularımız. Bu yazının birdən-birə on müəllifi var. Bu sayaq yazılar hazırda çağdaş Qərb ədəbiyyatında geniş yayılıb. Şərikli müəlliflikdən kollektiv müəllifliyə keçid şübhəsiz ki, daha tələbkar oxucu auditoriyası üçündür.
Biz də sizinçün belə bir yazı təqdim edirik. Əminik ki bəyənəcəksiniz.
Tozlu, kirli havasıyla necə də doğma qoxur şəhər. Bəlkə də xatirələrdir o qoxuya doğmalıq qatan. Bura küləklər şəhəri deyil, xatirələr şəhəridir. Əsən ruzigar deyil, ayrılığın nəfəsidir. Küləyindən üşüdüyümüz şəhərdə ayrılığın nəfəsi isidir xatirələri...
Bu şəhərin hər yerində xatirələr gizlidir. Yaşanmışlar, yaşanıla bilməmişlərlə dolu şirin, acı xatirələr. (Cəfər Atayev)
Bir də bu dəniz var. İndi yenə dənizlə üz-üzə oturub, dərdləşirik. Tək bir kəlmə demədən anlayırıq bir-birimizi. Dənizin sözləri elə onun dalğalarıdır. Görəsən öz dalğaları ilə nə demək İstəyir mənə? Anlamağa çalışıram. Öz böyük sevgisindən danışır bəlkə də. Mən... Mənsə susqun-susqun dayanmışam, sözə necə başlayım, bilmirəm. Sanki heç danışa bilmirəmmiş kimi unutmuşam danışmağı. Bilmirəm nədir bu susqunluğuma səbəb. (Mələkxanım Səlimli)
Bəlkə də ruhumu xatirələrimdə gizlətmişəm, səbəbi budur. Səssizliyim mənim səsim olmuş artıq. Göz yaşlarımla gəzirəm şəhərin küçələrini. Yağışdan yaranan torpaq qoxusunu belə hiss edə bilmirəm. Çünki bürüyür xatirələrin bədbin qoxusu bütün cismimi. Cavab axtarıram. Axı niyə mən ruhumu xatirələrimdən azad edə bilmirəm? Ünvansız, tərifsiz bir yer və tərifsiz duyğular içindəyəm yenə. Xatirə deyilən bir gerçək var, amma xatırlandığı zaman hiss etdiklərimizin nə bir adı nədə bir tərifi yoxdur. (Günay Əliyeva & Heyran Zöhrabova)
Ehh şəhər... neçə ayrılıqların şahidi olmusan? Neçə "səni sevirəm" sözünün saxta olmasını görmüsən? Har tinində sevənlərin acı-şirin xatirəsi dayanır... Küçələrin divarlarında qırıqlanan qəlblərin mənzərəsi, neçə yarım qalmış arzu görünür. Hər kəsin bir arzusu var; böyük şəhərdə kiçik xoşbəxtlik... Xoşbəxtlik isə xatirələrdə idi deyəsən. Ayrılıqdan uzaq, sevgiyə yaxın xatirələrdə. Ey şəhər, xoşbəxtlik sənin küçələrində əllərini tutub gəzdiyim əllərdə idi, bəlkə də (Əli Əlizada)
Səninləyəm ən şirin xatirələrimi qəm dəryasında islatan şəhər!
Səninləyəm əsil sevgini yer üzündən silmək istəyən küləklər yurdu! Niyə susursan? Bir cavab ver mənə! Onun istisini ver mənə... Onun əllərini, onun gülüşünü, onun səsini... Eşidirsən, bizi ayıran boğucu şəhər? Ahh, yenə yağışın yağır. Yağmuray səpələyir damlalarını və yenə altında mən və yenə aldığım bənövşəyi qulaqcıqda bizim musiqimiz... (Xatirə Əsgərova)
Səni günahlandırdım mən ayrılığın hər günündə. Əsən yellər şəhərində sevgimiz külǝyǝ qurban getmişdi deyə küsmüşdüm bu şəhərdən... Qırğınam bu şəhərə, küskünəm xatirələrə. Amma bir o qədər də bağlıyam bu şəhərin xatirələrinə... Bu şəhər bizi ağuşuna alan ǝn doğma məkan, acılarımızı hiss edən doğma ana qucağı idi. Bu şəhər bizim idi, amma, "biz" çoxdan silinmişdik bu şəhərin tozlu yollarında (Kübra Quliyeva)
Sən, körpəlikdən bəri məni sarıb sarmalayan şəhər... İnan ki, sən nə qədər gözəl olsan da, insanların əksərən çirkindir və bu çirkinlik sənə yansıyır. Sıxır, çox sıxır bu şəhər məni. Sanki bu şəhərin küləkləri səhvlərimi, günahlarımı üzümə çırpır... Sənlə o qədər xatirələrim var ki, ey xatirələr şəhəri. Lakin bu xatirələr belə çirklənir zamanla, eynən Xəzərim kimi... (Kübra Əliyeva)
Yenə də mən səni çox sevəcəm... Bu cümləni sevmirəm əslində, çünki mənə yalandan verilmiş vədləri xatırladır. Onsuz həyat da elə bu deyildimi? Bəzən bir gülüşə, bəzən bir baxışa, ya da bir neçə xoş sözə cümlələrə aldanırsan. Sən bunu məndən daha yaxşı bilərsən, əziz şəhər. O qədər qoynunda böyüyən, ilk addımlarını atan, sənin bütün gözəlliklərini bəxş etdiklərinin səni qoyub başqa yerlərə getməsi kimi.. (Fidan Məmmədli)
Bu səfər mən də gedirəm. Heç gəlməmiş kimi, heç var olmamış kimi. Havasına, suyuna hopduğum şəhərimi, xatirələr şəhərimi geridə qoyub gedirəm.
Sənə bir etiraf edim? Mənim şəhərim də, xatirələrim də sən idin. Mən səni geridə qoyub gedirəm. Evimi, ailəmi, duyğularımı, mən ən çox məni geridə qoyub gedirəm. Mən qəlbimi- səni geridə qoyub gedirəm. "Gedənlər unudulmur.." deyən şairin sözünə arxalanıram bəlkə də. Unutmayacağına ümidim var. Ey xatirələr şəhərim, unutma məni, unuda bilmə. Çünki mən, nə bu şəhəri, nə bu şəhərin xatirəsini unutmayacağam. Heç vaxt... (Leyla Səfərova)
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Ustad xanəndə Tələt Qasımovun xatirəsi yad olunacaq
MOktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə, Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Tədbir çərçivəsində milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən xanəndənin repertuarında yer alan muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.
Konsertdə Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zabit Nəbizadə , Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov , Beynəlxalq Muğam Mərkəzinin solistləri və muğam sənətimizin sevilən xanəndələri çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(13.08.2023)