
Super User
“Zaman keçdikcə musiqi ruhun qidasından çox şounun mərkəzinə çevrilmişdir…”
MUSİQİ BƏLƏDÇİSİndə Kubra Quliyevadır
Bəşər övladı cismdən və ruhdan ibarətdir. Bildiyimiz kimi cismimiz sağlam və gümrah olmaq üçün qida tələb edir. Eynilə ruh da arınmaq və "doymaq" üçün qidalanmalıdır. Əfsuslar olsun ki, ətrafımızda cismini doydurub ruhunu ac qoyan saysız-hesabsız insan var. Elə isə nə etməli? Ruhumuzu ət, balıq, toyuq, kartof, çörək ilə doyurmaq mümkündürmü? Əlbəttə deyil. Ruhun qidası irfan, elm, incəsənət və onun bir qolu olan musiqidir.
Musiqi-yunancadan tərcümədə insanın təəssüratlarını, hiss və ideyalarını ritmlə ifadə edən sənət nümunəsidir. Gün boyu insan qarışıq, durğun, yorğun, şən, yeri gələndə qəzəbli duyğularını təcəssüm etdirəcək ünsürə ehtiyac duyur və ruhunun dərinliklərindən gələn hisslər musiqi ilə fərahlıq tapır. Ümumilikdə klassik, lirik, pop, rok, caz və başqa növləri olan musiqi mədəniyyətin çox zəngin nümunəsidir. Müasir dövrdə musiqiyə olan ehtiyac və baxış aspektləri çoxşaxəli forma almışdır. Düşünürəm ki, zaman keçdikcə musiqi zövqü də daha çox səthiləşmiş və musiqi ruhun qidasından çox şounun mərkəzinə çevrilmişdir. Əlbəttə, zəmanə dəyişir və zövqlər müxtəlif olduğundan kiminsə qulaq zövqünə bir irad bildirmək doğru olmaz. Hal-hazırda musiqiyə əsas ehtiyac rep, pop yönündə olsa da, xalqımızın musiqi nümunələri çox zəngindir. Buna misal olaraq aşıq sənətini, muğamı, xüsusən xanəndələrimizin səsində canlanan segahı, çahargahı nümunə gətirə bilərəm. Bizə musiqidə səltənət bəxş edən Üzeyir Hacıbəylinin musiqi sənətindəki yerini unutsam və ya Rəşid Behbudovun-Nazəndə sevgilisini, Akif islamzadənin-Ala gözlüsünü, Sara Qədimovanın-Küsüb gedən yarını, Hamıdan gözəl olub danışmayan-Şövkət xanım Ələkbərovanı yaddan çıxarsam, yəqin ki, mənim də ruhum ac qalar..
Əziz oxucu, əgər bu rəyimi oxuyub bəyəndinsə sənə öz təşəkkürümü bildir və sənə kiçik bir musiqi nümunəsi hədiyyə edirəm:
https://youtu.be/0-8rBg__k4o?si=2ZGvh2sx3cjfqh3B
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
“Özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır…”
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın pedaqoq, şairə, yazıçı, qiraətçi və təlimçi Lalə Həsəncanla söhbətini təqdim edirik…
Öncə vurğulamaq istərdik ki, Lalə Həsəncan Təhsildə İnkisaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqənin qalibi, Azərbaycan Maarifçilər Asosasıyasının üzvü, İlin müəllimi kimi “Global Star Award” mükafatının laureatı və s. kimi bir sıra uğurlara imza atmış ziyalı xanımlarımızdan biridir.
- Hər şeydən öncə bir pedaqoq olaraq bu günün təhsili haqqında fikiləriniz çox önəmlidir.
-Təbii ki, təhsil haqqında düşüncələrim genişdir. Təhsil bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Bir xalqın inkişafı üçün ən əsas yol təhsildən başlayır. Təhsildə olan yüksək keyfiyyət əlbəttə ki, xalqın gələcək gücünü əks etdirir. Azərbaycan təhsilində də ölkəmizin gəncləri üçün müasir bir təhsil modeli yaradılıb. Təhsilin hər bir sahəsində göstərilən müsbət dəyişikliklər gəncləri inkişafa doğru aparır. Ölkəmizin gəncləri öz ölkəsi ilə yanaşı xaricdə təhsil almaq imkanı da qazandıqları üçün daha peşəkar kadr kimi fəaliyətə başlamaq imkanı qazanırlar. Bir müəllim kimi artıq 20 ildir ki, orta məktəbdə fəaliyyət göstərirəm. Peşəmi çox sevirəm. Ümumiyyətlə deyə bilərəm ki, uşaqlarla işləmək mənim üçün ayrıca bir zövqdür. Onların əhatəsində olmaq məni çox xoşbəxt edir. Hər bir şagirdə göstərdiyim sevgi, qayğı və onların mənə yaşatdıqları o əyləncə dolu anlar öz peşəmi daha da çox sevməyimə sövq edir. Bu gün bütün bunlarla yanaşı bu peşənin sahibi olmağımla qürur hissi yaşayıram. Bir müəllım öz peşəsini sevməyi bacarmalıdır ki, xalqının bugününü, gələcəyini düşünə bilsin. Vətənə peşəkar kadr yetəşdirmək hər bir müəllimin borcudur. Biz müəllimlər də öz növbəmizdə işimizi layiqincə yerinə yetirməyi bacarmalıyıq.
-Sizcə təhsilin inkişafı üçün hansı istiqamətdə işlər aparılmalıdır?
-Fikrimcə, təhsil istiqamətində son illərdə yetərli qədər islahatlar aparılır. Təhsilin davamlı inkişafı üçün genşmiqyaslı şərait yaradılır. Müasir dövrlə nəzərə alsaq yeni texnologiyalar və onların idarəetmə üsulları, layihələr, o cümlədən təhsil müəssisələrində maddi- texniki bazanın gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi keyfiyyətli təhsil strategiyalarından xəbər verir.
-Siz həm də yaradıcı insansınız. Şeir və hekayə yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?
-Deyərdim ki, yox. Çünki şeir və hekyə yazarkən daxili hislərimin rahatlığı buna şərait yaradır. Yazmağı sevirəm. O an özümü sanki sehrli dünyada hiss edirəm. Bunu da mənim duyğusal bacarıqlarımın inikası olaraq hesab edirəm. Əslində, məqsədim bir yazıçı kimi yetişmək deyil. Bunun bir istedad olduğunu da bilirəm. Birinin öz istedadının fərqini görmək və bu imkanları üzə çıxartmaq, ruhən azadlıq qazanmaq üçün ərsəyə gətirdiyi əsərlər ona kifayət edir. Bütün bunlarla yanaşı isə qazandığımız böyük oxucu kütləsi bizlər üçün bir hədiyyədir.
-Xəyal dünyanızın genışlənməsinə səbəb olan hadisələr hansılardır?
-Təbii ki, oxucu tərəfindən sevilməyi və əsərlərinin genişmiqyasda tanınmağı bir yazarın daha fəal yazar kimi yetişməsinə səbəb olur. Bir yazar araşdırmalar, mütaliələr etməklə yanaşı öz xəyal gücünü də ortaya qoymaqla yeni əsərlər ərsəyə gətirməlidir.
-Yazmaq sizin üçün nə deməkdir?
-İlk öncə oxucuya ideyalarımı çatdırmaq. Daha sonra isə bir yazıçı kimi yazıb- yaratmaq.
-Ən çox harada və nə zaman yazmağı sevirsiniz?
-Ən çox səssiz bir məkanda yazmağı daha çox sevirəm. Səssizlik beyin gücümün fəaliyyətini artırır və daha çox düşünmə imkanlarımı genişləndirir. Həzin bir musiqi isə bu gücün dərinləşməsinə imkan yaradır.
-Yazıçı üçün zaman nə deməkdir?
-Zaman biz yazıçılar üçün vacib olan amillərdən biridir. Bəzən bir romanı yazmaq üçün saatlar, günlər, aylar və illərin keçməsi gərəkdir. Zaman bir yazıçı üçün keçmiş, indiki və gələcəyin bir baxış formasıdır. Yazılan əsərlərin məhz sujet xətti də mövcud bir vaxtla əlaqələndirilir. Zaman insan düşüncəsi və şüurun ən uyğun göstəricisidir. Bunun üçün də yazarkən keçirdiyim hər an mənim üçün dəyərli bir zaman anı sayılır.
-Qiraət etdiyiniz şeirlərinizi siz özünüz seçirsiniz, ya müəlliflər özləri müraciət edirlər?
-Bəzən olur müəllif özü müraciət edir, bəzənsə mən özüm seçirəm. Daha çox müəllifin müraciət etməsini nəzərə alıram. Ancaq müəllifin şeirinə gəldikdə isə ozüm seçim etməyi üstün tuturam. Çünki şeirlər ilk öncə nitq üslubuma uyğun olmalıdır. Bir şeiri yaşayaraq səsli şəkildə çatdırmaq və onu insan ruhunu oxşayacaq şəkildə canlandırmaq qiraətimin ən yüksək təməlindən biri hesab edirəm.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Daha çox nəsrə: roman və hekayələrə üstünlük verirəm.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Bu baxımdan özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır.
-Pedaqoq və yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
-Bildirmək istərim ki, hər bir insan öz xəyal və uğurunun mərkəzində özü durur. Görülən işlər və əldə etdikləri nailiyyətlər məqsədli bir vəhdət daşımalıdır. Maksimum nailiyyət və uğur üçün potensialından istifadə etməyi bacarmalıdır. Məqsədlərinin qarşısına məhdudiyyətlər qoymamalıdır. Ən əsası isə tutduğu yolda keyfiyyətli, uğurlu, inkişaflı bir istiqamət qazanmağı bacarmalıdır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Akademik Opera və Balet Teatrında mövsümöncəsi iclas keçirilib
Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı 115-ci teatr mövsümünün açılışına hazırlaşır.
Teatrın məlumatına görə, Azərbaycanın Xalq artisti, teatrın direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.
Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib.
Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.
Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirilib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Həmçinin qeyd olunub ki, milli və unudulmuş operalarımızın bərpası teatrın qarşısında dayanan məsələlərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Dünyanın ən böyük kitabxanalarından biri
Mədəniyyət naziri Adil Kərimlinin Çinə səfəri zamanı diqqətimizi çəkən məqamlardan biri də nazirin Çin Milli Kitabxanasına getməsi oldu və kitabxana barədə bilgilər bizi çox maraqlandırdı.
Demək, Çin Milli kitabxanası dünyanın ən böyük və zəngin kitabxanalarından biridir. Əsası 1909-cu ildə qoyulan kitabxana 1916-cı ildən ölkənin bütün kitabxanalarını özündə birləşdirib. 1928-ci ildə “Milli Kitabxana” statusu alıb.
Çoxfunksiyalı elm ocağı olan və üç binada yerləşən Milli Kitabxananın ümumi sahəsi 280 min kvadratmetrdir. Əsas binanın sahəsi 80,5 min kvadratmetrdir və burada eyni vaxtda 8 min oxucuya xidmət göstərmək mümkündür. Ümumilikdə isə Çin Milli Kitabxanasından bir gündə 12 min oxucu istifadə edə bilər. İllik oxucu kontingenti 5,2 milyon nəfərdir.
45 milyon nüsxəyə yaxın kitabın saxlanıldığı kitabxanada həm də dünyanın ən qədim kitab nümunələri yer alır. Burada çap şəklində olan ən qədim kitabın 1600 yaşı var. Ən qədim yazılı nümunə isə tısbağa çanağı və sümük üzərindəki qeydlərdir, onların tarixi 3 min il öncəyə gedib çıxır.
Müasir innovativ vasitələrin geniş tətbiq olunduğu kitabxanada 1300 terabayt həcmində elektron resurs saxlanılır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Nazirin Çin səfərinin son akkordları
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfəri başa çatmışdır.
Səfər çərçivəsində sentyabrın 8-də - sonuncu gün nümayəndə heyətinin ÇXR mədəniyyət və turizm nazirinin müavini və Milli Mədəni İrs Administrasiyasının administratoru, Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti, Çin Milli İncəsənət Fondunun Baş katibi və YUNESKO-nun Preah Vihear Məbədinin Qorunması və İnkişafı üzrə Beynəlxalq Əlaqələndirmə Komitəsinin Çin tərəfindən olan həmsədri Li Çün ilə görüşü keçilib.
“Ədəbiyyat və incəsənət” portalı aktuallığını nəzərə alaraq, nazirliyə istinadən Adil Kərimlinin Çin səfərindəki son görüş barədə daha ətraflı məlumat verir.
Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.
Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.
Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb.
Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur.
Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.
Ermənistan tərəfindən Azərbaycanın tarixi ərazilərinin 30 il ərzində işğal altında saxlanıldığını diqqətə çatdıran Adil Kərimli bu müddət ərzində bütün infrastrukturun, o cümlədən tarixi, mədəni və dini irsin vandalizmə məruz qaldığını, mənimsənildiyini və talan edildiyini vurğulayıb. Bildirilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq ərazilərimizin 30 illik işğalına son qoyub, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa edib. Müharibədən sonra Ermənistanın törətdiyi vandalizmin gerçək vəziyyəti ortaya çıxıb, yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin yer üzündən silindiyi məlum olub.
Müharibədən qısa müddət sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Tarixi torpaqlarımızda mədəni irsin də bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi və dini abidələrin bərpası artıq başa çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Mədəniyyət naziri Adil Kərimli Xalq rəssamı Tofiq Ağababayevlə görüşüb
Sentyabrın 9- da mədəniyyət naziri Adil Kərimli anadan olmasının 95 illiyi ilə əlaqədar Xalq rəssamı Tofiq Ağababayevlə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Səmimi keçən görüşdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak ediblər.
Nazir Adil Kərimli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsini 95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq rəssama mədəniyyət nazirliyinin kollektivinin təbriklərini və ən xoş arzularını çatdırıb. Nazir Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində verdiyi töhfələrə görə nazirliyin Fəxri diplomunu fırça ustasına təqdim edib.
Tofiq Ağababayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Sabah ölkə ərazisində hava yağıntılı olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 23-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 22-27° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Azərbaycanlı yazıçının hekayəsi İsrailin ədəbiyyat jurnalında dərc edilib
Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi İsrailin “Artikl” ədəbiyyat jurnalında dərc olunub. Bu barədə qurum məlumat paylaşıb.
Yazarın yaradıcılığı haqqında məlumatla təqdim edilən hekayənin tərcümə müəllifi, mərkəzin rus dili mütəxəssisi Püstə Axundovadır.
Geniş oxucu auditoriyası tərəfindən izlənən “Artikl” jurnalının səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayrılır.
Qeyd edək ki, 1955-ci ildə Qazax rayonunda anadan olan yazıçı, tərcüməçi Saday Budaqlı 1984-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib; O, “Çat”, “Yolüstü söhbət”, “Döngə”, ”Torpaq” kimi nəsr kitablarının müəllifidir; Moskvada rus dilində nəşr edilən “Uduş” kitabı M.Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Eyni zamanda o, 1982-ci ildə Rusiyanın “Drujba Narodov” jurnalının təsis etdiyi “İlin ən yaxşı hekayəsi” mükafatı, 2009-cu ildə tərcümə nominasiyası üzrə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı ilə təltif olunub; Saday Budaqlı Yasunari Kavabata, Migel Delibes, Qabriel Qarsiya Markes, Kazuo İşiquro, Mario Varqas Lyosa, Xuan Karlos Onetti, Kamilo Xose Sela kimi dünya şöhrətli yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Günün fotosu: Buzlaqlar sürətlə əriyir
Günün fotosu: Buzlaqlar sürətlə əriyir
Potsdam iqlim dəyişikliklərinin öyrənilməsi İnstitutu Antarktida buz təbəqəsinin sabitliyi ilə bağlı tədqiqat məlumatlarını dərc edib. Antropogen təsir buzlaqların tamamilə itirilməsinə səbəb ola bilər.
Nəzərə alın ki, dünyanın əksər hissəsində rekord isti temperatur şəraitində, mütəxəssislərin ilin eyni vaxtı üçün gözlədikləri ilə müqayisədə Antarktitada buz örtüyünün sahəsi 2,7 milyon kv km azalıb.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Sıçrayışlı inkişaf qanunu
CON MAKSVELLİN LİDERLİK QANUNLARINDAN
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 20-ci qanundur:
20.Sıçrayışlı inkişaf qanunu
«Sadəcə inkişafa nail olmaqçün ardıcıllar yaradın, sıçrayışlı, çoxşaxəli inkişafa nail olmaqçünsə liderlər yaradın».
Məşhur «Papa Con» brendi hamıya tanışdır, 1984-cü ildən dünyanın ən tanınmış pitsa müəssisəsi hesab olunur. 1991-ci ildə artıq 46 ticarət nöqtəsi olan şirkətin 1998-ci ildə bu dəfə ticarət nöqtələrinin sayı 1600-ə çatdı. Bu gün Papa Con obyektləri dünyanın hər bir guşəsində qərarlaşıb, sayı on minlərlədir. Şəxsən bizim paytaxt Bakıda bir neçə belə obyekt var ki, mənim övladlarım orada iştahla pitsa yeyirlər.
Con Şatterin biznes fəlsəfəsi belə olub: «Mənim işim ondan ibarətdir ki, gələcəkdə firmamı inkişaf etdirəcək insanları yetişdirim».
Və o, liderlər yetişdirə-yetişdirə onları yeni-yeni «Papa Con» obyektlərində yerləşdirə-yerləşdirə sıçrayışlı inkişafa nail olub. Sısrayışli inkişaf qanununu praktikada tətbiq edən istənilən lider ardıcıllar silsiləsindən liderlər silsiləsinə keçir.
***
Digər 19 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
8.İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
9.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
10.Əlaqə qanunu
«Liderlər öncə ürəkləri tərpədirlər»
Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.
ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.
Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.
11.Yaxın çevrə qanunu
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
12.Səlahiyyətlərin bölünməsi qanunu
«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».
Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.
Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.
Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.
13.Yetişdirmə qanunu
«Lider yetişdirmək üçün lider lazımdır»
Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:
Krizisə görə – 5 faiz.
Anadangəlmə qabiliyyətinə görə – 10 faiz
Başqa liderin təsiri altında – 85 faiz.
Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.
Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.
Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.
«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.
Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.
14.Tam etibar qanunu
«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»
Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.
Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.
İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.
15.Qələbə qanunu
«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».
Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».
İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.
Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.
Qələbə üç tərkib hissəsindən ibarətdir:
- Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;
- Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;
- Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.
Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.
16.Güclü həmlə qanunu
«Həmlə – liderin ən yaxşı dostudur».
Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.
Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.
17.Prioritetlik qanunu.
«Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də həmişə doğru irəliləmək demək deyil»
Get-gedə qrafiki tam sıxlaşan, görüləcək işlərə vaxt tapmaqda çətinlik çəkən lider effektiv olmaq üçün seçim edərkən özünə 3 sual verməlidir:
- Nəyi mütləq etməliyəm?
Prioritetlər siyahısında ən başda edilməsi mütləq olan işlər dayanmalıdır. Bütün o işlər ki, görüləsidir, amma şəxsən sizin tərəfdən görülməsi vacib deyil, başqalarına yönəlmək də olan.
- Nə daha çox fayda verir?
Lider öz vaxtının əsas hissəsini daha çox güclü olduğu sferalara ayırmalıdır. Əgər hansısa əməkdaş liderə baxmış, işi 80 faizli effektivliklə görə bilirsə, lider onu 100 faizlik nəticəyə çatdırmaq üçün onun inkişafının qeydinə qalmalıdır ki, həmin işi ona həvalə edə bilsin.
- Ən böyük mükafat nədir?
Ən böyük şəxsi mükafat o uğurdan gəlir ki, həmin uğur liderin ürəyində alov yandıra bilir. Ehtiras qədər heç bir şey insanı enerji ilə təmin edə bilməz.
Con Maksvell özünün ən prioritet sahələrini və bunlara ayırdığı zamanı da təqdim edib:
- Liderlik; 19 faiz;
- Unsiyyət; 38 faiz;
- Yaradıcı fəaliyyət; 31 faiz
- Xarici, kənar əlaqələr; 12 faiz.
Lider gərək heç zaman fəaliyyət ilə nailiyyəti qarışıq salmasın. Bilsin ki, əsl uğur yalnız öz əməkdaşlarını məhz birinci dərəcəli əhəmiyyətli olan işlərə yönəldəndə gəlir.
18.Qurban qanunu
«Lider sonradan irəli getmək üçün yeri gələndə yolundan çəkilməyi bacarmalıdır».
Qurbanvermə – liderliyin daimi əlamətidir. İstənilən inkişaf, istənilən nəticə bol itkilərin heçabına başa gəlir. Burada həm maddiyyatla, həm karyerayla, həm ailəylə, həm imiclə, sosial vəziyyətlə bağlı qurbanlardan, itkilərlən söhbət gedir. Effektiv liderlər öz işlərini vacib saydıqları şeyə həsr etməkçün çox qurbanlar verirlər. Liderlik işində uğur qazanmaq daim dəyişikliklər, təkmilləşmələr tələb etdiyi kimi qurbanlar da tələb edir.
Lider nə qədər böyükdürsə, o, bir o qədər böyük qurbanlar verməlidir. Hətta bəşər tarixində öz ideyaları yolunda öz həyatlarını belə qurban verən liderlər də az deyil.
19. Vaxtın yetişməsi qanunu
«Ardınca insanları nə zaman aparmaq lazım olduğunu bilmək nə etmək və hansı istiqamətdə hərəkət etməyi bilmək qədər vacibdir».
Böyük liderlər gözəl bilirlər ki, insanları öz ardlarınca hansı vaxt aparsınlar. Liderin hər dəfə yeni addım atmaq istəməsi zamanı real olaraq 4 situasiya yarana bilər:
- Qeyri münasib vaxtda səhv addım atmaq – fəlakət! Təbii ki, belə bir addım fəlakətə aparır.
- Qeyri münasib vaxtda düz addım atmaq – müqavimət! Müsbət nəticə bəslənsə belə əlverişsiz şəraitin müqaviməti nəticəsində bu addım sonda uğursuzluğa gətirir və xəyal qırıqlığı yaradır.
- Münasib vaxtda səhv addım atmaq – səhv! Burada da öncə müsbət nəticə qazanmaq elementləri görünsə belə, tam fiasko ilə nəticələnir.
- Münasib vaxtda düz addım atmaq – uğur! İdeal şərait bax budur, belə vəziyyətdə uğur qazanmaq ehtimalı yüz faizə bərabər olur.
Uğur üçün tək düzgün fəaliyyət göstərmək deyil, bu fəaliyyəti məhz zamanı yetişəndə həyata keçirmək lazımdır ki, bu da vaxtın yetişməsi qanunudur.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)