Super User

Super User

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                            

 

Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2023-cü il.

Sevindirici xəbərimiz var. Azərbaycan bəstəkarının əsəri ilk dəfə Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilib. Almaniya dünya musiqisində görkəmli yeri olan dahi bəstəkarların vətənidir. Bax, Bethoven, Brams və bu kimi dünya səviyyəli alman bəstəkarlarının yaradıcılığı yüksək professionallığın parlaq nümunəsidir. Və bu adlarla yanaşı, Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” əsərinin daxil edilməsi böyük əlamətdar hadisədir. 

 

Qeyd edək ki, Azərbaycan bəstəkarının əsərinin seçilməsi təsadüfi deyildir.

Hələ 1989-cu ildə “Musik und Gesellschaft” (Almaniya) jurnalında qeyd olunurdu ki, Firəngiz Əlizadənin musiqisi Çingiz Aytmatovun kitabları kimi Şərq mədəniyyətini və incəsənətini Qərb üçün açır.

 

Firəngiz Əlizadə bir bəstəkar kimi, stereotipləri sevmir və onları yüksək peşəkarlıqla öz üslubu ilə əvəz edir. Müasir musiqinin əfsanəsi Arnold Şönberq klassik Qərb musiqi ənənəsinin Şərqlə birləşdirilməsinin mümkünlüyünə inanmırdı və “... onlar yağ və su kimi qarışmırlar”,- deyə bildirirdi. Lakin Firəngiz Əlizadə bunun əksini sübut etdi – o, Şərq və Qərb musiqi elementlərini özünəməxsus bəstəkarlıq üslubunda uğurla əlaqələndirərək birləşdirdi.

 

Firəngiz Əlizadənin fərdi musiqi dili avanqardizmlə tonallıq arasındadır və burada iki dünyanın özünəməxsus sintezi üstünlük təşkil edir. Firəngiz Əlizadə Şərq modal təfəkkürünün Qərb konstruktivizmi ilə qovuşduğu əsərlər yaradır. Bəstəkarın musiqisi Amerikadan Avstraliyaya kimi bütün qitələrdə məşhur orkestrlər, ansambllar, görkəmli musiqiçilər – Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo Ma, Evelin Qlenni, Hilari Han və bir çox başqaları tərəfindən ifa olunur.

 

Planetimizdə çəkişmələrin və münaqişələrin olduğu bir vaxtda dünyanın bir çox ölkələrində Firəngiz Əlizadənin musiqisi böyük maraqla qarşılanır. Xarici mətbuatda qeyd olunduğu kimi: “O, Şərqlə Qərbin müxtəlif xüsusiyyətlərini birləşdirmək və sintez etmək kimi heyrətamiz istedada malikdir”.

 

Firəngiz Əlizadə yaradıcılığının Almaniyanın ali musiqi məktəblərinin tədris planına daxil edilməsi təkcə bəstəkarın özü üçün deyil, bütün respublikamız üçün sevindirici haldır. Çoxsaylı tələbələr nəinki Firəngiz Əlizadənin yaradıcılığını təhlil edib öyrənəcək, həm də onun vətəni – Azərbaycan haqqında daha çox məlumat əldə edəcəklər. Bu da ölkəmizin dünyada təbliği istiqamətində mühüm əhəmiyyətə malikdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

 

Azərbaycan Dövlət YUĞ Teatrı Qazaxıstanda keçiriləcək “BİKEN” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

 

Teatrdan verilən məlumata görə, sözügedən festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar 29 sentyabr – 4 oktyabr tarixlərində Rimovoy adına Taldıkorqan Dram Teatrında keçiriləcək. Festival çərçivəsində YUĞ Teatrı oktyabrın 3-də C.Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanmış “Toy dəstgahı” tamaşası ilə çıxış edəcək.

Səhnə əsərində xan ilə xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.

Tamaşada rolları aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova canlandırırlar.

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

 

BU GÜN YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİNİN DOĞUM GÜNÜDÜR

 

Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür, anadan olmasının 136-cı ildönümüdür. Çəmənzəminlinin “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.

1905-ci ildə Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alıb.

Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.

O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə "Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.

Yusif Vəzir həmin dövrdə "Azərbaycanın Muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi–coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb.

Yusif Vəzir "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

1937-ci ildə ölkəni bürüyən repressiya dalğası ondan da yan ötməyib. O, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb. Özbəkistana göndərilib. 

1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. Amma realda orada Yusif Vəzir sürgün həyatı yaşayıb. 

1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

 

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası işə başlayıb.

AzərTAC xəbər verir ki, UNESCO-nun Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi sessiya sentyabrın 25-dək davam edəcək. Sessiyada ötən dövr ərzində İrs Komitəsinin fəaliyyətinə nəzər salınacaq. Sessiya gedişində artıq Ümumdünya İrs Siyahısına daxil olan ərazilərin konservasiya vəziyyətinin qiymətləndirilməsi müzakirə olunacaq, təklif olunan yeni nominasiyalar qiymətləndiriləcək.

 

Sessiya gedişatında görüşlər, seminarlar və sərgilər təşkil olunacaq, Komitənin növbəti iclasının yeri və tarixləri haqqında qərar qəbul ediləcək.

 

Xatırladaq ki, UNESCO İrs Komitəsinin 43-cü sessiyasına Bakı ev sahibliyi edib. Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Çərşənbə axşamı, 12 Sentyabr 2023 14:30

GÜNÜN SİTATI Fuad Nağıyevdəndir

 

“Bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox səfər olub. Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir.

İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir".

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sitat Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda söylədiyi məruzədən götürülüb. 

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

 

Filarmoniya yeni mövsümün anonsunu etdi

 

Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcılıq mövsümünün açılışına hazırdır. Filarmoniyanın mediaya təqdim etdiyi məlumatdan “Ədəbiyyat və incəsənət” portalı əsas məqamları diqqətinizə çatdırır:

 

Sentyabrın 19-da filarmoniyanın yay zalında Azərbaycan kinematoqrafiyasının 125 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqisi zalında müxtəlif konsertlərin və yaradıcılıq axşamlarının keçirilməsi nəzərdə tutulur.

Filarmoniyanın səhnəsində tanınmış bəstəkarların bir sıra tədbirləri və yaradıcılıq gecələri təşkil ediləcək. Onların arasında Azərbaycanın Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illiyi, Azərbaycan Xalq artistləri Tofiq Bakıxanovun və Nəriman Məmmədovun yaradıcılıq gecələri, görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş fortepiano axşamı, Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi, violonçelçi Sabir Əliyevin 95 illiyi ilə bağlı tədbir, İlyas Mirzəyevin 60 illiyinə və Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş yaradıcılıq axşamları var. 

Həmçinin xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək.

Filarmoniya innovasiyalara həmişə açıqdır, gənc ifaçıları da yaddan çıxarmır. Təcrübə və müasirliyin sintezinə əsaslanan layihələrin həyata keçirilməsi zamanı səhnə həmişə yaradıcı gənclərin ixtiyarına verilir.

Gənc və istedadlı ifaçılara və bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə nümayiş etdirmək imkanı verən layihələrdən biri “Gənclərə dəstək” adlanır. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadədir, koordinatoru isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Layihənin əsas məqsədi ölkədə gənc istedadların aşkar edilməsi və dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafı, musiqi maarifləndirməsi vəzifələrinin həllinə yönəlmiş proqramların həyata keçirilməsi və musiqiçilərimiz arasında hüquqi biliklərin formalaşmasıdır. Bu layihə çərçivəsində konsertlər ölkəmizin müxtəlif səhnələrində təşkil edilir.

2017-ci ildən bu layihənin iştirakçıları hər il ölkəmizin ən mənzərəli guşəsində keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək imkanı əldə edirlər. Xüsusən, bu ilin iyulunda keçirilmiş XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında sözügedən layihə çərçivəsində tamaşaçılara gənc istedadların iki konserti təqdim edilib.

Daha bir maraqlı və mühüm yenilik Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yeni adlar” layihəsidir. Bu layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanıdılmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və böyük sevgi ilə ifa edən gənclərin üzə çıxarılmasına xidmət edir. Gənc ifaçılar filarmoniyanın səhnəsində tanınmış dirijorlar və bədii rəhbərlər – Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, Mustafa Mehmandarovun, Orxan Həşimovun, Xalq artisti Ağaverdi Paşayevin və Əməkdar artist İlahə Hüseynovanın idarə etdikləri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Yeni mövsümdə tamaşaçılar üçün çox maraqlı proqram hazırlanıb.

Bakılılar və paytaxtın qonaqları üçün daha bir sürpriz abonement konsertlərinin bərpasıdır.

Uzun fasilədən, 2022-ci ilin noyabrından sonra filarmoniyanın Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi abonement konsertləri yenidən başlayır. Konsertlər hər şənbə günü saat 15:00-da kamera və orqan musiqisi zalında keçiriləcək. Bu konsertlərdə müxtəlif kollektivlər rəngarəng proqramlarla çıxış edəcək.

Bir sözlə, Azərbaycan Dövlət Akademik Filarmoniyası yolunuzu gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Çərşənbə axşamı, 12 Sentyabr 2023 13:30

Rəsm qalereyası: CP: “Göz yaşları”

Rəsm qalereyası: CP: “Göz yaşları”

Çərşənbə axşamı, 12 Sentyabr 2023 12:45

Antarktida buzlaqları daha sürətlə əriməkdədir

Potsdam iqlim dəyişikliklərinin öyrənilməsi İnstitutu Antarktida buz təbəqəsinin sabitliyi ilə bağlı tədqiqat məlumatlarını dərc edib. Antropogen təsir buzlaqların tamamilə itirilməsinə səbəb ola bilər.

Nəzərə alın ki, dünyanın əksər hissəsində rekord isti temperatur şəraitində, mütəxəssislərin ilin eyni vaxtı üçün gözlədikləri ilə müqayisədə Antarktitada buz örtüyünün sahəsi 2,7 milyon kv km azalıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən material dərc etmişdi. Bu, ən çox oxunan xəbərdir. İndi isə təfsilat.

Antarktidanın buz təbəqəsinin əriməsi geri çevrilə bilər, lakin bu bərpa ehtimalı tədricən yox olur. Potsdam iqlim dəyişikliklərinin öyrənilməsi İnstitutu tərəfindən aparılan bir araşdırmanın müəllifləri bu nəticəyə gəldilər. 

Avropa tədqiqat institutlarından bir qrup mütəxəssis ilk dəfə buz təbəqəsinin sabitliyini sistematik şəkildə sınaqdan keçirdi. Qərbi Antarktidada buz təbəqəsinin əriməsinin, öz-özünə güclənən geriçəkilmə əlamətlərinin labarator səbəbini tapmasalar da belə qərara gəldilər ki, qlobal istiləşmə bu günə qədər yaxın yüzlərlə və minlərlə il ərzində yavaş-yavaş artıb, lakin müəyyən buz itkisinə səbəb olmaq üçün bu, kifayət edib. 

Antarktidada, dünyanın əksər hissəsində rekord temperatur şəraitində, mütəxəssislərin ilin eyni vaxtı üçün gözlədikləri ilə müqayisədə buz örtüyünün sahəsi 2,7 milyon kv km azaldı.

"Bu, Böyük Britaniyanın ərazisinin on misli qədərdir. Beləliklə, bu, son 45 ildə müşahidə etdiyimiz dövrdə hələ belə miqyasda müşahidə etmədiyimiz dəniz buzunun böyük bir mənfi anomaliyasıdır" deyə British Antarktika sorğusu mütəxəssisi Norman Ratcliffe izah edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

“Ədəbiyyat və incəsənət” portalı Züleyxa Nadirin şair Əkbər Qoşalı ilə müsahibəsini diqqətinizə çatdırır.

 

50 yaş ömür  payızının başlanğıcıdır. İlk orta yaş addımının atıldığı, yorğunluğun, usanmağın, tərləmə və istibasmaların, oturduğun yerdə mürgüləmələrin, amma yatağa girərkən yuxuların qaçdığının başlanğıc nöqtəsidir 50. 50 çox önəmli və sərt bir küncdü, döngədi, təyyarənin üfiqi istiqamətdə hərəkətidi. 50 yaş kədərdi, sevincdi, hissiyyatdı, duyğudu, möcüzədi, lirikadı, hikmətdi, mistikadı. 50 ömrün  naxışı, keçmişin xatirəsi,  bu günün nuru,  sabahın  işığıdı...

Əgər ömrü bir kölgəyə bənzətsək, 50 onun cizgiləri, kölgənin xəttidir. 50 kölgə xəttini keçməyin təbii yolunu tapmaq uğrunda savaşaraq məğlub olmaqdır. O xəttdən çıxmaq kölgəni tutmağa bərabərdir. Nə xəttdən çıxa bilərsən, nə də kölgəni tuta bilərsən. Mümkün deyil. 50 yaş nəyisə  hiss etmək, qavramaq, duymaqdır...

Hər yaş önəmlidi, amma 50 çox mühümdü,  öz fərqliliyi var. 50  bəziləri üçün qaçmaq, nəfəs-nəfəsə gəlməkdir, bəziləri üçünsə yerində saymaqdır . 50  nəyinsə ovuclarının  içindən düşüb itməsinə anlayaraq  əsəbləşmək, qəzəblənmək, üzülmək, bir  az da qorxmaqdır. 50 həyəcandır, ayaqlarını yerdən kəsib uçmaqdır,  kölgənin xəttini aşmaqdır bəzən. İşinə, çevrənə, keçmişinə, özünə qəzəblənməkdir  50...

50 yaşlanmamağa, və ya yaşlanmaqdan qorxmağa deyil, formada qalmağa üstünlük verən, onu əldə etməyə çalışan,  rahatlığa, keyfə köklənən bir yaşdır. 50 xoşbəxt bir yaşlı olmağa cəhd etməkdir. 50 ömrün yarısı sayılan bir zaman kəsiyinin döyünən ürəyidir...

Bütün bu parametrlərin daşıyıcısı nasir, publisist, şair  Əkbər Qoşalının 50 illik yubileyində  iştirak edə bilməmişdim və bundan dolayı özümü suçlu sayırdım. Mən də  bir az düşünüb-daşındım, belə qərara gəldim ki,  "günahımı yumaq" üçün eloğlumla söhbət edib müsahibə hazırlayım.  O da sağ olsun  razılaşdı və standartdan kənar, ordan-burdan, pərakəndə, ütüsüz, sığalsız verdiyim  50 suala çox gözəl, çox rahat, çox düzümlü cavablar verdi...

"Mən Allahın adaşıyam" deyən Əkbər bəyin 50 suala verdiyi 50  cavabdan ibarət müsahibəni onu sevənlərə, onu bəyənib qəbul edənlərə təqim edirəm...

 

- Əkbər Qoşalı kimdi?

 

- Yazdıqları ilə yalnız özünü deyil, yaddaş qatlarını formalaşdıran etno hadisələri də ifadə edən (ən azı buna çalışan) yazar. Əgər yalnız bir cümləlik ifadə uyğun görülsə və o ifadədə yazarlıq varsa, deməli, cavab verənin kimliyi ilk növbədə bu əməli çalışma sahəsində təcalla edir. Zatən yazar kimliyi insanın digər özəlliklərini, xarakterini "ələ verir", tanıdır...

 

-"Əkbər"  sözü adətən Allahla qoşa çəkilir: Allahu Əkbər. Yəni ki, Allah vəsfə gələcək hər şeydən böyükdür, ucadır, uludur. Adınızda daşıdığınız  bu böyüklük  taleyinizə də hopubmu?

 

- Bu sualın cavabı ciddi məsuliyyət tələb edir. Mən dindar deyiləm, amma Tanrısız da deyiləm, təbii. Olsun ki, mənsub sayıldığım dinin rituallarını gərəyincə yerinə yetirmirəm, bununla belə, mənsub olduğum ulusun İslamöncəsindən bəri daşıdığı dəyərlərə biganə deyiləm. Həm də işin içinə aramaq, axtarmaq, öyrənmək və öyrətmək sevdası daxildir...

İllər öncə yazmışdım:

Nə kafirəm, nə də pirəm,

Nə ikiyəm, nə də birəm;

Mən Allahın adaşıyam,

Mən Ona yoldaş deyiləm...

 

-Hər kəsin bir missiyası var. Özünüzü hansı missiyanın sahibi sayırsınız və o missiyanı yerinə yetirmisinizmi?

 

- Özümü ideyalı ədəbiyyatın nümayəndəsi sayıram, bunu yalnız özüm deyil, bir çox dəyərli aydınımız da belə yaraşdırır, belə görür. Deməli, bu sayğınlığın, yaraşdırmanın haqqını vermə əzmindən, iradəsindən farağat etməməliyəm...

 

-Nə zamansa "axxx... ürəyimi boşaltdım" demisinizmi?

 

- Olub, əlbəttə, olub.  Kinli insan deyiləm, lakin sayğısızlara  da həmişəlik dözüm lüksüm yoxdur. Sualın ikinci yozumu ürəyini, ürək dərdini açmağa kiminsə olması ilə bağlıdır. Rəhmətlik  Qabil deyirdi ki,  "Gedən yerim olaydı"... Ürək daşıdıqlarından deşilmə həddinə çatıbsa, həmdərdin, anlayanın, dərdləşib yüngülləşəcəyin və uğurlaşa biləcəyin olmadısa, batdın...

 

-Şairin ilhamı ruh aləmindən qidalanır, yoxsa  SÖZ dünyasından?

 

-Bunlar təzadlı və ya diametral ayrı kateqoriyalar deyil. Məncə, SÖZ Dünyası məhz Ruh aləminə bağlıdır. Yoxsa sözün nə dadı-duzu, nə dərinlik və üfüqü olardı?..

 

- Şairlik qəhrəmanlıqdı, yoxsa ruhun harayıdı?

 

- Nə həmişə qəhrəmanlıq, nə həmişə haray deyil... Bəs (iraq olsun) yenilginin kədərini, sevdalı pıçıltıları kim yazar, kim poetikləşdirərdi?..

 

- Ürəyinizə ağırlıq gətirən nə olur ki, onu yalnız özünüzə etibar edirsiniz?

 

-Onsuz olarmı?.. Hər insanın könlündə saxladıqları vardır... Könül ağıl deyil, o birbaşqa yaddaşdır, bir ayrı hadisədir. Bəlkə son nəfəsdə, bəlkə, daha öncələr rəmzlərlə, ya bir başqa deyilişlə, şəkillənmə ilə qismən ifadə olunar. Bəlkə elə bir an yetişər könlündəki səni yola çıxarar, bir çoxunun səndən gözləmədiyi addımlara sövq edər... O nəsnə ki ağırlıqdı, qoy o, başqasına yük olmasın - mənim ağırlığım elə bir ürəklikdir... Ovqatın belə diqtə etdiyi hallar olur...

 

-SÖZün müqəddəsliyini qəbul edirsinizmi?

 

-Hər nəsnədən öncə SÖZ vardı deyiblər. Bəlkə, hər nəsnədən sonraya qalmağı bacaranları da SÖZ yaşadacaq. SÖZün kamil qəzəlini yüzillər öncə Füzuli yazıb, SÖZün hallarını yenə yüz illər öncələrdə Şah babamız Xətai vəsf edib... Onlardan öncə, onlardan sonra SÖZü ÖZ bilib yazanlar olub, daha da olacaq, yəqin. SÖZ necə deyərlər, xarakter misalidir, tale kimidir... SÖZ haqqında bütün bu deyilənlərdən sonra, "SÖZ müqəddəsdir" deməliyiksə, dərin məhəbbətlə deyək. Əgər müqəddəs olduğunu qəbul ediriksə, onda məsuliyyət ən yüksək həddə çatar. Belə olunca da, bəlkə SÖZdən qorxmaq, SÖZdən çəkinmək, yaxud az danışıb, çox iş görmək  kimi formullar, yanaşmalar öncüllük qazanar. Elə deyilmi? Bax, bu məqam yetişincə, SÖZümüz çağdaş anlamda ədəbiyyat olmaz, ruhaniyyat olar, bəlkə...

 

-Deyirlər ki, sizin kənddə qızıl çıxarılır. Yəqin siz də bu səbəbdən qızıl kimi oğlansınız (bir təbəssüm işarəsi)...

- Etiraz etməyim, istərsinizz (təbəssüm işarəsi)...

-Şəxsi sirriniz olmamış olmaz. Olubmu ki, onu sirr olmaqdan çıxarıb kiminləsə paylaşasınız?

 

- Hər sirrin öz zamanı, hər zamanın öz sirri var. Əgər bir insanın saxladığı, vaqif olduğu sirr İlahi, yaxud elmi, dövləti sirr kateqoriyasında deyilsə, onu çox da qloballaşdırmamağı daha yaraşıqlı buluram. Yəni mənim sirrim mənim üçündür. Bəlkə yüzminlər üçün onun heç bir önəmi yoxdu. Bununla belə, insanın sirri olmasa, insanlıq kəm qalmış olardı...

 

-Bu dünyanın açılmayan sirrləri var.  O sirlərdən hansınısa açmaq gücünü özünüzdə hiss edən vaxtınız olubmu?

 

- İddialı çıxar. Bəlkə, belə ovqat, belə hallar olur bəzən. Məncə, bu yalnız elm adamlarına deyil, bir çox yaradıcı insana da agah ola bilir. Anadoluda bir yaxşı söz var: "Aklın yolu birdir". Sirrə vaqif olmaq yalnız duyğu hadisəsi deyil, burada duyğu ilə ağıl, könüllə beyin, necə deyərlər, "vəhdəti-vücud" halında olmalıdır. Bu, yəqin ruh dərəcələndirməsi, ruhi əyardır.

Dünya qalsın dünyalığında, bizim öz dünyamızdan bir olmuş - doğrulmuş hadisəni deyim: mən 44 günlük müharibə başlamamışdan həftələr öncə "Ermənistanın Təslim Aktı"nın layihəsini hazırlamış, orada, imzalanma ili olaraq 2020-ci ili, məkan olaraq, Şuşanı göstərmişdim. Dövri mətbuatda yayınlanıb o yazı və o vaxt məni az qala sadəlöhvlükdə suçlayan, nə bilim anrı-bəri danışanlar, inanmayanlar həmin ilin oktyabrından ciddi fikir dəyişimlərinə getdi. Niqti, sözü diametral dəyişənlər gördüm və çox qəribə hisslər keçirdim... Bilirsiz, mənim təsbitlərim, bulqularım öncəgörmə deyildi, falçılıq deyildi - öz xalqına, mədəni irsinə, dövlətinə, dövlətçiliyinə inanırsansa, "haqqın incəlsə də, üzülməyəcəyinə" əminsənsə və müvafiq hadisələri diqqətlə izləyib, təhlil edirsənsə, Tanrının lütfü ilə qələm adi qaydada yazmır. Artıq özün özünü aşmış, adiliklərdən, onun-bunun sırıdığı  "gerçəklik"lərdən sıyrılmış olursan. Bilməm, deyə bildimmi?

 

- Necə lazımdır dediniz... Sizcə, bu dünyanın dərk olunmağı insanın elminə bağlıdır, yoxsa hər şey Tanrının əlindədir?

 

- Tanrını unutmaq olmaz. Uğur varsa, Tanrının lütfü  illa təcalla etmişdir. Uğursuzluq isə olsun ki, bəndə hesab-kitabsızlığı, toxtaqsızlığından qaynaqlanır. Bir də hər uğursuzluqda bir uğur, hər uğurda iki uğur olduğuna inanıram. Uğur bir gəldimi, bir də gələcək; uğursuzluğa tab etməyinsə ən yaxşı yolu, orada sənin hələ qiymətləndirməyin bir uğurun olduğunu qəbul etməkdir. Dini təsəvvürlərdə də keçir bu mətləblər.

 

-İnsan olmaq üçün bir ömür  bəs edir, yoxsa bir gün, bir saat, bir an yetərlidir?

 

- "Həmişə insan qalmaq!" - bu haray, bu çağırış, yanılmıramsa, Çingiz Aytmatova məxsusdur.

Necə deyib şair?  "Qorxuram insanlıq ölə, insan yaşaya"... İnsanlığın təntənəsi ilmüdam görünməz, vacib bir an gələr Gün işığı kimi aydınladar çevrəni. İnsanlıq həmişə vardır, amma onun ifadəsi, təcalla və təntənəsi həmişə hər kəs üçün agah olmaya bilər.

 

-SÖZdən toxunmuş naxış şair ruhunun məhsuludur, yoxsa zəhmətin bəhrəsidir?

 

-Ədəbiyyatşünasların qəbul görmüş sözü - belə bir akademik fikir var: istedad zəhmətlə cilalanır, şəkil alır və inkişaf edir. Mən də belə bilirəm.

 

-Dahilərdən kimsə deyib, istedad öz taleyini əldə etmək qabiliyyətidir. Bu, doğrudanmı belədi?

 

- Bu söz orjinalda, bəlkə, bir qədər fərqlidir - istedad bir qabiliyyətdirmi? Bu, fəlsəfi yoruma möhtacdır. "Qabiliyyət"  sözünü daha çox bacarıq, işin öhdəsindən gələbilmə yetənəyi kimi alqıladığımızı düşünürəm. Tale istedadla, yaxud yalnız istedadla əldə edilə bilirmi? - Dartışmaya (mükaliməyə) açıq mövzudur. Sizin sualınızdakı cümlənin iqlimi elədir, sanki xoşbəxt taledən söz açılır. Keşkə də belə olsaydı...

 

-SÖZlə duelə çıxmaq, yoxsa SÖZlə oynamaq?  Hansına üstünlük verirsiniz?

 

- SÖZlə dərdləşmək, SÖZlə uğurlaşmaq. Üstünlük bunlarda olsun...

 

- "Nə mutlu türküm deyənə"! Türk düşmənlərinin ruhuna saplanan bu cümlənin  sevgi yükü nə qədərdi?

 

- Bu söz bildiyiniz kimi, bir tarixi dönəmin qapanıb, yeni dönəmin başladığı il(lər)də deyilib. Qazi Mustafa Kamal Paşa Atatürkün bu sözü, Osmanlının küllərindən doğan Türkiyə Cümhuriyyətinin quruculuğunda iştirak etmiş bütün xalqların birliyini - birgə xoşbəxtliyini və qürurunu ifadə edir. Yəni bitdiyi sanılan yerdən doğulan bir ölkədən, xalqdan söz edilir! Anadolular demiş, yeddi düvələ qarşı savaşmış, adıyaman "Sevr Müqaviləsi"ni yırtıb atmış xalq mutlu xalqdır, əlbəttə! Buradakı sevgi inamı, qəhrəmanlığı, haqqın təntənəsini şəkilləndirir!

 

-Dünya Gənc  Türk Yazarlar Birliyini qurmaq ehtiyacı həmin sevgidən doğdu, yoxsa başqa səbəbdən həvəsləndiniz?

 

- O boyda iş sırf həvəslə olası deyildi, təbii. Sevgi vardı, eşq vardı, amma inamsız o sevgi, eşq neynəyə bilərdi? 25 ildir meydanda olan, Türk dünyasının dörd tərəfində tanınan, güvənilən bir brendə çevrilmiş Birlik demək ki, həm də peşəkarlıq hadisəsidir.

 

- Publisist SÖZ kəsərlidir, yoxsa şair SÖZü?

 

- Vaxt olar şair sözü, vaxt da olar publisist sözü daha təsirli olar. Kəsərlilik mövzuya, o ifadə anındakı ovqata bağlı ola bilər. Daha universalı şair-publisist sözü olar, yəqin (təbəssüm işarəsi)...

 

-Türkçülüklə turançılıq arasında bir məsafə varmı? Varsa bu məsafəni aşmaq istəyən yolçu hardan başlamalıdır?

 

- Qavramlar önəmlidir, qavramlara yüklədiyimiz anlamlar isə daha önəmlidir. Türkçülük Turana - Türk birliyinə xidmət edir (yaxud etməlidir). Yoxsa, məhəlli türkçülüklə böyük ülkü peşində yürümək olmaz...

 

-Yolçu demiş... tale yolunuz sizi istədiyiniz səmtə apardımi? Yoxsa ömür yolunuzun  girintili-çıxıntılı dolanbaclarında istiqamətini dəyişdi?

 

-Biz nəslin orta məktəb illəri sovetlərdə keçdi. Ucqar dağ kəndindən qaynar şəhər ortamına gəldiyimizin ikinci ilində imperiya dağıldı, işlərin şəkli, fəlsəfəsi başqa səmtə yön aldı..

Gəl gör ki, dövlət müstəqilliyinin zövqü-səfasını dadmamış, kəndlərimizin, şəhərlərimizin işğalları, soydaşlarımızın didərgin düşməsi, keçmiş "müttəfiq respublika"nın - guya bizimtək beynəlmiləl olan, faşizmə birgə qalib gəldiyimiz Ermənistan özü faşizmin yeni təzahürü, təmsilçisi kimi qarşımıza çıxdı. Yeniyetmə vaxtı, gəncliyin ilk illərində belə kardinal dəyişimlər, alışmadığımız, hazırlaşmadığımız hallar az qala hər şeyə təsir etdi. Məsələn, mən Politexnik İnstitutunun babat öyrəncisi, ictimai fəalı kimi, yəqin Baltikyanı ölkələrdən birinə təyinat alacaqdım, mühəndis kimi çalışacaqdım... Bizim fakültənin gələnəyi belə olub, deyirdilər. Lakin bir də baxdıq, mühəndislik yalnız ədəbi, siyasi yazılarımızda özünü göstərir.  Baxmayaraq, ali təhsilimi fərqlənmə diplomu ilə bitirdim, iş elə gətirdi ki, bir gün də olsun mühəndis kimi çalışmadım.  Sonra ikinci ali təhsil aldım: Dövlət və bələdiyyə idarəetməsi istiqaməti üzrə... Gənclər, İdman Nazirliyi, Atatürk Mərkəzi, Milli Məclis... Və ictimai, yaradıcı fəaliyyət...Yazan belə yazıbmış, yəqin... "Mövlam nə yaparsa, doğru yapar".

 

-Sizin üçün zaman nədi?

 

- Ah, zaman, zaman... Zamanı yorumlamaqçün uzun bir zaman lazımdır. Uzun zaman, bizim zaman, bizim eradan öncə, bizdən sonra. Fağır zamanı necə bölüb-bölüşdürmüşük öz aləmimizdə. Biz bu ilə 2023-cü il deyirik, örnəyi, hicri təqvimini əsas alan ölkələr bir başqa təqvimdədi. Yaradıcılıqda zamana, məkana sığmayan, yaxud çərçivəsiz  anlayışlar meydan sulayır. Sulasın, təbii... Ustad ANAR demiş, qoy, ədəbiyyat öz estetik dəyərləri ilə inkişaf etsin. Elə ANARın "Macal"ını yada salsaq, yeri var. Zaman bir anlama şərtidir. Əgər "Zaman maşını", "Zamana yolçuluq", "Zamanı bitmiş" kimi anlayışlar nə zamansa yeni, yaxud praktik məzmun qazana bilsə, "zamanşünaslıq" yeni anlayışlar, qavramlar tələb edəcək. Zaman bir fəlsəfi araşdırma mövzusu olaraq daha "əllə tutulan" ola bilər, nəinki poeziya ilə, ədəbiyyatla... Qoy, ədəbiyyat zamanı ötsün, öz zamanını  yaratsın...

 

- Zamanı tutub saxlamaq istədiyiniz zaman olubmu?

 

- Əslində, Zamanı tutub saxlamaq özü mahiyyətcə fövqəltəbii hadisədir. Çünki zamanı tanımlayan məhz onun "geridönməzliyidir". Bütün zamanlarda fikirlərinə istinad edilən Aristotel deyirdi ki, bizi əhatə edən  təbiətdəki bəlirsiz hadisələr içərisində ən bəlirsiz olanı elə zamanın özüdür. Çünki heç kim bilmir zaman nədir və onu necə idarə etmək olar...

Amma biz yazar əhliyik. Hərdən zamanı tutub saxlamaq istəmişik. Hansı zamanı tutmaq istər insan? Xoş günlərini, ədalətin təntənəsinə tanıq olduğu saatları. Dövlət başçımız Şuşanın azad olunduğunu müjdələdiyi dəqiqələrin ötüb-keçməməsini istərdik, yəqin, elə deyilmi?.. Ancaq o böyük sevincin dalğa-dalğa yayılması, hüceyrələrimizədək nüfuz etməsi, bizi bizdən alması üçün o anın,  necə deyərlər, dondurulmaması lazımdı, təbii. Təbii, hər birimiz, "birdən başqaları eşitməz, bu böyük sevincə gec qalar, amandı" deyib, hayqırmaq, bağırmaq istədik. Həmən sosial mediaya cumub, paylaşım eləmədikmi?  Bax, tutub saxlamaq istədiyimiz zamanı məhz özümüz həmən bölüşmə ehtiyacı hiss etdik. Bir də iki könlün pıçıltı məqamı var - bitməlidir bitirəməzsən, getməlisən gedəməzsən. Elə bilərsən, zaman nəfəsini içinə çəkib durur... Bax, o, bir başqa hadisədir və onu özünlə belə bölüşmək istəməzsən. Yəni zaman var, zaman var...

 

-Deyirlər, zaman dəyişdikcə biz də dəyişirik. Bu dəyişim həyatınızda hansı dərəcədə baş verir?

 

- Dəyişim vardır, ancaq o zamanınmı dəyişməsidir, əcaba? Bəli, "zəmanə dəyişib, "zəmanə korlanıb", "bizim zamanlarda belə deyildi" deyilir, yazılır - eşitmişik, oxumuşuq. Lakin bu deyimlər, yazımlar,  sanki,  sözgəlişi, üslub gərəyi deyimlər, yazımlardır. Zaman zamanlığında, kainat kainatlığında və öz genişlənməsindədir... Gəlib gedən bizlərik...

 

-  Bu gəlimli-gedimli dünyada bu gün hansı arzularlarla yaşayırsınız?

 

-  Bugünkü arzularım içində ən möhtəşəmi tarixi Azərbaycan torpaqlarının uhulət və suhulətlə bir bayraq altında birləşməsidir: öncə Zəngəzur-Göyçə, sonra... sonrası çözülə-çözülə gələr inşallah!

 

-  Bu həyatda sizin üçün ilahiləşən və adiləşən nələrsə varmı?

 

-  İlahiləşmənin mexanizmini təsəvvür etməkdə xeyli çətinlik çəkirəm. O yəqin ki, yaradılışdan olan müqəddəslikdir. Adiləşmə isə az qala hər həftə rastlaşdığımız olaydır. Keşkə adiləşmələr bunca sürətli olmasaydı... Bəlkə də yaşın ötməsi, bilgilərimizin, informasiyalarımızın artması qarşılığında, adiləşmələrin olması normal haldır. Lakin adiləşmə o deməkdir ki, bir zamanlar sən onu adi bilməmisən, səninçün, bəlkə, əlçatmaz, ünyetməz, modelləşdirilə bilməyən bir şey olub... Yəni bir növ sadəlöhv düşünmüşük nə zamansa... Bax, yenə zaman...

 

- Deyirlər, "dünyanı gözəllik xilas edəcək". Bəzən də "dünyanı sevgi xilas edəcək" deyə səslənənlər var. Amma son zamanların  qlobal hadisələri diktə edir deyim ki, dünyanı kişilər xilas edəcək. Sizcə, hansı?

 

- Dünyanı anlayış xilas edəcək.

 

-  "Kişi ağlamaz" deyirlər. Nə dərəcədə doğrudur?

 

- Bu mövzuda mötəbər fikirləri haçalanan görmüşəm. Kişili-qadınlı heç bir insan ağlamasaydı keşkə... Ağlamaq heç də həmişə zəiflik əlaməti deyil ki?! Örnəyi: sevincdən ağlamağı hara yazaq? Bir atın, itin müdhiş vəfasını görüncə göz yaşlarını tuta bilməməyə nə deyirsiz bəs?

Möhtəşəm bir filmdən, qeyri-adi ifadan fövqəladə dərəcədə təsirlənmək - bəs bunlar kişiliyi zədələrmi?.. Zədələməz.

 

-Yəqin ki, içinizə axan göz yaşlarınız olub...

 

- "Ağlaya bilməyənlər" içinə ağlar...

 

- Həyatınızda təzadlar çox olub, yoxsa oxşarlıqlar?

 

- Deyə bilərəm ki, hər ikisi olub, ancaq hansının çox olduğunu deyə bilmərəm. Bəlkə də bizə təzad kimi, oxşarlıq kimi gələn olaylar zamanla təzadlıq, oxşarlıq siqlətini itirib. Oxşarlıqlar çox olsa, burada bir qədər monotonluq əsintisi yaranar; təzadlar aşırı dərəcə alsa, gün-güzəran, ovqat çəpdişli çarxlar altında düşmüş kimi olar. Ömrün uyumlu olması bir nemətdir.

 

-Zəif damarınız varmı?

 

-Deyirlər, hər kəsin zəif damarı -"Axilles dabanı" var.  O damar, o daban şəxsin özünə ziyan vurmaqdan ötəyə keçməsin keşkə... Ulusa, ülküyə zərər toxunmasın, doğmalara zaval dəyməsin!

 

- Bəs xarakterinizdə ən "tünd" olan nədi?

 

- Haqsızlıqda israr, "öz doğruları"nda inad edənləri bağışlaya bilmirəm. Güvən oyunu oynayanlarla barışmaq və yenidən şans tanımaq da çox çox çətin olur...

 

-Yalanla həqiqətin sərhədlərini müəyyənləşdirə bilirsinizmi?

 

- Yalanla həqiqətin sınırını demarkasiya və delimitasiya etməyə gücüm yetər...

 

-Mən özümü ən yaxşı siyasətçi hesab edirəm. Düşünürəm ki, siyasətlə məşğul olmamaq özü bir siyasətdir. Bəs, siz?

 

- Bizim ədəbi nəsil siyasətdən qıraqda qala bilmədi - bu, bir gerçəklikdir. 90-cı illər nəsli ədəbi yaradıcılıqla ictimai-siyasi fəaliyyəti az qala birgə sürdürdü.  Bu gedişat sanki, inersiya ilə davam edir. Təsəllimiz: "millət yoludur, haqq yoludur, tutduğumuz yol"...

 

- İnsanların yaxşı-pis olduğunu necə ayırd edirsiniz?

 

- İnsan yüzdə yüz yaxşı, yaxud pis olmaz, yəqin. Könül istər pis kateqoriyasında bilinənlərin də yaxşılarını oyadaq, yaxşılığa inandıra bilək onları. Rəhmətlik Söhrab Tahir deyirdi:

Qızıl toxum dənəsidir yaxşılıq,

Hara düşsə, bitəsidir yaxşılıq...

Yaxşılığı ayırd etməyə nə var?  O, insanın fitrətindən gəlir, sanıram.

 

-Həyatda heç nə ilə dəyişə bilməyəcəyiniz xatirəniz varmı?

 

- Belə xatirələr inşallah gələcəkdə də yaranar. İndiyədək yaddaşımızın altun səhifəsinə yazdıqlarımız var, əlbəttə. Xatirəsiz ömür nə ömürdü?..

 

- Səni varlığıma ac qoyacağam,

Daha xatirəmi yavanlıq eylə, - bu misradakı poetik deyim sevginin hansı məqamından xəbər verir?

 

- Ah, elqızı... Bu dəfə ora toxunmasaq olmazmı heç?

 

- Olar. O zaman deyin: ədəbli olmaqla əbədi olmağın bir qohumluğu varmı?

 

- Əbədi olmaq ədəbi, ədəbli olmaqla yalnız qafiyələnə bilər...

 

- Sevincinizi ən çox kimlərlə bölüşürsünüz?

 

- Ailəmlə, doğmalarla.

 

- Kədər sizi üstələyəndə kimin yanına gedirsiniz?

 

- Ya dostumun, ya özümün.  Dostumu daha asan tapıram...

 

-Sizcə, bu həyat ittihamçı prokuror, müdafiəçi vəkil, yoxsa ədalətli hakimdir?

 

- Həyat səhnəsində bunların hamısı iştirak edir...

 

- Taleyə inanırsınızmı? Onun Tanrı tərəfindən yazıldığına şübhəniz  yoxdur ki?!

 

- Tanrı yazıb, ömrümüz bir cümlədir,

Hər cümlənin sonunda bir nöqtə var.

Şah işarə nə sual, nə nidadır,

Hərəsinin yanında bir nöqtə var...

 

- Ənənəvi sual: inanırsınızmı ki, yenidən doğulsaydınız Tanrı yenə də sizə indiki taleyi bəxş edərdi?

 

- Bilmirəm... Tanrım yəqin ki, yaşanmış ömrə baxıb ona uyğun qiymət verər, bəxşiş verər...

 

- Musiqinin hansı janrından zövq alırsınız: saz, caz, yoxsa xalq musiqisi?

 

- Saz öndə olmaqla xalq musiqisi.

 

- Əkbər Qoşalının bioqrafiyasındakı titullar, təltiflər, kitablar, mükafatlar, ictimai-siyasi vəzifələr və sadalamadığım daha nə qədər ödülü ömrün qazancı adlandırmaq olar, yoxsa taleyin şansı?

 

- Vallah, məndən daha çox ödülləndirilən çoxsaylı çağdaşlarımız var (təbəssüm işarəsi).

 

-Viktor Hüqo yazır ki, 40 yaş gəncliyin qocalığı, 50 yaş qocalığın gəncliyidir. Hüqoya haqq verirsinizmi?  83 il  ömür yaşayan Hüqo nədən bu qənaətə gəlmiş olar?

 

-Qismət olsun, Hüqo yaşına yetişək, görək necə olur (təbəssüm işarəsi).

 

- Qocalıq və ölüm  ədəbiyyatın əzəli və əbədi mövzusudur. Bu, sizin yaradıcılığınızda necə əks olunub?

 

-Olum varkən, ölüm varkən, qocalıq nə olan şeydir?..

 

-Müsahibələrinizin birində "Ürək daşı" haqqında demisiniz: "Mən bu kitabı ürəyimlə yazmışam, ürəyimi zədələmədən yazdığım şeirlərin toplusudur". Açması?

 

- Ürəksiz yazılan nəyə yarayar, kimə təsir edər, nə duyğu-düşüncə yaradar ki?

 

-Şeirlərinizdə təbiət  motivləri çoxluq təşkil edir.  Bu, doğulduğunuz yerlə əlaqədardı, yoxsa İlahi vəhy kimi bir duyğudu?

 

-Məncə, yazdıqlarımda coğrafiyadan, təbiətdəki relyef, landşaft və suxurlardan, rəngarənglikdən daha çox insanın, insanlığın, toplumun, ulusun mədəniyyət iqlimi, etnoyaddaşın suxurları, dilin relyefi təcalla edir.

 

-Gəldik sonuncu  suala. 49 suala cavab verdiniz. İstərdim ki, 50-ci sualı özünüz verəsiniz...

 

- Bəlkə, suallar elə 49-da da qalsın (təbəssüm işarəsi). Mən burada sizə əsənliklər diləmiş olum. Gününüz ağ olsun! Nəcib diqqətiniz çox xoşdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.