Super User

Super User

Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzdülər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını dedi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən də Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı sərəncam bu diqqətin parlaq təzahürüdür. 

Nazir diqqətə çatdırdı ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm də onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan “Məhəbbət əfsanəsi” baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dedi ki, Arif Məlikov görkəmli bəstəkar olmaqla yanaşı, həmçinin rəssam, pedaqoq və ictimai xadim idi: “Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə də böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri var. Məni çox sevindirən odur ki, bu gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri tədris edilir. Arif Məlikov gözəl tələbələr yetişdirib, özündən sonra böyük irs qoyub”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli vurğuladı ki, Arif Məlikov böyük bəstəkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi: “O, xasiyyətcə sərt adam idi, çox insan ona görə ondan inciyirdi. Amma o, həqiqətləri insanların üzünə deyirdi. Ümidvaram ki, onun yetirmələri balet janrını da davam etdirəcəklər”.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. 

Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. 

Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət” 

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın

Elə gəlsin, elə getsin,

Aralıqda söz olmasın. 

 

Sevərək dinlədiyimiz elə mahnılar var ki, bir çoxumuz onların tarixçəsindən və ya ilk versiyalarından xəbərsizik.

Bu qəbildən olan mahnılardan biri də elə Rəşid  Behbudovun ifasında məşhurluq qazanmış xalq mahnısı olan "Küçələrə su səpmişəm" mahnısıdır.

Hər dəfə bu mahnını haradasa eşidəndə Heydər Əliyevin ifası və ifa edərkən kövrələrək gözlərinin dolduğu epizodlar gəlir gözlərimin önünə. Və bir də Zərifə Əliyevanın büstü qarşısındakı o mənalı baxışları..

Amma kənardan hər nə qədər sevgi mahnısı kimi görünsə də əslində mahnının fərqli və çox maraqlı bir tarixçəsi var.

Mahnı əslində xalq tərəfindən Azərbaycana köməyə gəlmiş Qafqaz İslam ordusuna ithaf olunub.

Yazıçı Manaf Süleymanov yazır ki, xalq mahnısının sözləri Sovet dövründə redaktə olunub.

Deyilənə görə o illərdə Bakıda belə bir adət var imiş ki, su maşınları küçələri gəzir və həm tozu yatırmaq, həm də az da olsa sərinlik yaratmaq məqsədi ilə su səpirmiş.

Və o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin yolunu gözləyən insanlar onları qarşılayarkən bu mahnını belə oxuyurlarmış. 

 

Küçələrə su səpmişəm

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın. 

 

Təhminə:

- "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Gör necə sevirlərmiş bir vaxtlar... Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?

Zaur:

- Bakıda mümkün deyil bu, küçənin bir başına su səpənəcən xəzri o biri başını toza qərq eləyəcək.

Təhminə:

- Eh, ruhun yoxdur sənin.

“Təhminə və Zaur” filmindən.

 

Xoş dinləmələr

https://youtu.be/jLzrdogPDqg?si=APVwNr080KYguoGa

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Cümə axşamı, 14 Sentyabr 2023 09:00

Milli Məclisin Mədəniyyət Komitəsində görüş olub

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətlə və onun xanımı – Bakı şəhərindəki 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Əməkdar jurnalisti 55, Əməkdar müəllimi 50 illik yubileyləri münasibəti təbrik edən Komitə sədri onların öz fəaliyyət sahələrində əldə etdikləri uğurları vurğulayıb, yeni uğurlar arzulayıb.

Azər Həsrət və Almaz Həsrət yaradıcılıqdakı yeni uğurlarını və planlarını Qənirə Paşayeva ilə bölüşüblər, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə peşəkarcasına çatdırılması, gənc nəslin mədəni irsə dərindən vaqif olması və İKT-nin az qala bütün əməli fəaliyyət sahələrinə tətbiqinin yaratdığı yeni gerçəkliklərlə bağlı önəmli məqamlara vurğu ediblər.

2023-cü ilin Respublikamızda Heydər Əliyev İli olduğu, eləcə də Şuşa şəhərinin bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığını deyən Komitə sədri, bu önəmli hadisələrin hər bir Azərbaycan aydınının üzərinə özünəxas mənəvi məsuliyyət gətirdiyini söyləyib.

Yüksək fəxri ad daşıyan Azər və Almaz Həsrətləri əlamətdar yubileyləri münasibəti ilə bir daha təbrik edən Komitə sədri, onlara Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubları təqdim edib.

Təbrik məktublarında müvafiq olaraq, Azər Həsrətin jurnalistikada, ictimai fəaliyyətdə, o cümlədən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində, Almaz Həsrətin gənc nəslin təlim-tərbiyəsində, pedaqoji, elmi və jurnalist fəaliyyətində xidmətləri xatırlanıb.

Azər Həsrət və Almaz Həsrət görüş, təbrik və yüksək diqqət üçün Komitə sədrinə təşəkkür ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Çuvaş adı ilk dəfə 16-cı əsrdə rus salnamələrində çəkilib. Knyaz Andrey Mixayloviç Kurbskiy 1551-ci ildə Kazana etdiyi səfəri ilə bağlı qeydlərində Çuvaş xalqının adını çəkib. Bu səbəblə Çuvaş adının kökünün hardan gəldiyi mövzusunda araşdırmaçılar ortaq məxrəcə gələ bilməyib. 18-ci əsrə kimi çuvaşların özlərinin yazılı ədəbiyyatı olmayıb. 

 

Çuvaşların dini rәsmi olaraq Xristianlıqdır, ancaq İslam dinini qəbul edənlər də vardır. Bu iki dini qəbul edənlər olsa da qədim Tanrıçılıq inamı hələ də onların içində yaşayır. Bu inamda olanlar özlərini Xristian və Müsəlman çuvaşlardan ayrı tuturlar. Çuvaş şifahi xalq ədəbiyyatı Yumax (nağıl), Yuri (mahnı), Vak Janr (Kiçik növ), Aça-Piça Simaxisem (Oğul-Uşaq Sözü “Laylalar, oyun mahnıları, tapmacalar, yanıltmaclar, qısa heyvan nağılları”), Mifsempe Halapse (Miflərlə hekayələr) şəklində təsnif edilib. 

Çuvaş dastanları ümumiyyətlə Ulip (alp) motivi ətrafında inkişaf edən və digər Türk dastanlarında rastlanan motivlərlə eynilik göstərən yarı dastan, yarı əfsanə özəlliklərini özündə nümayiş etdirir. Bu dastanlarda Oğuz Xaqan və Dədə Qorqud dastanları ilə digər Türk dastanlarının epizodlarına rastlanır. 

Çuvaşların nağılları da digər türk xalqlarının nağılları ilə oxşardır. Anadoluda çox sevilən “Kəl Oğlan” (Keçəl) nağılı Çuvaş nağılları arasındadır. Bu nağılın Çuvaşca adı “Kukşa İvan”dır. Oğlan sözü Çuvaşcada olmadığına görə “oğlan” əvəzinə “İvan” adını işlədiblər. Çuvaş əfsanələri qədim Türk inamının özülündə yüksəlib. Lətifələri də Molla Nəsrəddin lətifələrinə oxşayır.  

Çuvaşların duaları bu cür qruplaşdırılır:

1-Ovsunçuluqda işlәdilәn vә xәstәlәri sağaltmaq mәqsәdi ilә söylәnәn dualar;  

2-Gözәgörünmәyәn güclәrdәn yardım üçün söylәnәn dualar;  

3-Nәsihәt verәn dualar.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Çərşənbə, 13 Sentyabr 2023 15:15

13 sentyabr - ən yağıntılı gün

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sentyabrın 13-ü gecədən səhərədək bütün ölkə boyu yağıntı müşahidə edilib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda 2 min 750 metr hündürlüyə qar da yağıb. 

Qəbələdə yağıntının miqdarı 57 millimetrə çatıb ki, bu da aylıq normanın tam 73 faizi deməkdir. Göygöldə isə hətta aylıq normanın 108! faizi qədər yağıntı olub. 

 

İndisə gəlin yağıntının miqdarı cədvəlinə nəzər yetirək:

 

Qəbələdə 57;

Göyçayda 41;

İsmayıllıda 40;

Qaxda 39;

Şəkidə 37, 

Şahdağda 31, 

Oğuzda 27, 

Qobustanda 25;

Xaltanda 24;

Kürdəmirdə 23;

İmişlidə 23;

Qrızda 21;

Zərdabda 20;

Sabirabadda 19;

Biləsuvarda 17;

Ağsuda 16;

Ağdamda 16;

Lənkəranda 14;

Şamaxıda 13;

Bakıda 12;

Altıağac, 

Balakən, 

Naxçıvan, 

Yevlax, 

Quba, 

Ordubad, 

Tərtər, 

Şabran, 

Sədərək, 

Şərur, 

Mingəçevir, 

Gədəbəy, 

Şəmkir, 

Beyləqan,

Neftçala,

Yardımlı, 

Qusar, 

Şahbuz, 

Tovuz, 

Lerik, 

Ağstafa, 

Gəncə, 

Naftalan, 

Daşkəsən, 

Bərdədə - hər birində 10, 

Sumqayıtda 3.

İntensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.

Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görmə 50-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Üç il bundan əvvəl Almaniyanın Amsterdam şəhərində yerləşən Singer Laren muzeyindən bir rəsm əsəri oğurlandı. Özü də adi rəsm yox, əsl antikvariat. 

İncəsənət tarixinin ən görkəmli simalarından olan niderland rəssam Vinsent Van Qoqa məxsus olan oğurlanmış həmin rəsm əsəri öz doğma vətənində - Niderlandda tapılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadla xəbər verir. 

 

Van Qoqun “The Parsonage Garden at Nuenen” əsəri məşhur dedektiv Artur Brand və Niderland polisinin birgə səyi nəticəsində aşkarlanıb.

Rəsm əsərinin dəyəri 3-6 milyon avro aralığında qiymətləndirilir.

Bu xəbər günün ən çox oxunan mədıniyyət xəbəridir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Çərşənbə, 13 Sentyabr 2023 14:15

“Anam kəlağayılı bir muğamıydı...”

 

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi qədim milli-mənəvi dəyərlərimizdən olan- Azərbaycan kəlağayısının təbliği ilə bağlı bu günlərdə nənələrimizin, qız-gəlinlərimizin ismət, gözəllik, yaraşıq rəmzi kəlağayını vəsf edən şeir, hekayə, elmi və publisistik yazılar toplanmış “Anam kəlağayılı bir muğamıydı...” adlı yeni kitab nəşr etdirib. 

 

İctimai Birlikdən aldığımız məlumata görə, “Elm və təhsil” nəşriyyatında nəfis formada nəşr olunan bu kitabın redaktoru Güllü Eldar Tomarlı, tərtibçi Vüsal Sehranoğludur. Üz qabığındakı “Kəlağayılı Azərbaycan qadını” rəsm əsərinin müəllifi isə rəssam Gülnarə Məmmədlidir.

Kitabdakı bədii nümunələrdə, məqalələrdə kəlağayının tarixi, istehsal prosesi, mərkəzləri, kəlağayının ayrı-ayrı formaları, naxış və ornamentlərin dili və ötürdüyü zəngin informasiya haqqında bilgilər verilib, kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib.

Kitabın adı Xalq şairi Nəriman Həsənzadənin şeirindən götürülüb.

“Anam kəlağayılı bir muğamıydı...” kitabı 26 noyabr “Azərbaycan Kəlağayısı Günü”nə “Mirvarid Dilbazi Poeziya Məclisi”nin töhfəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. 

 

Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.

 

Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.

 

Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.

 

Milli Musiqi Günü münasibətilə təşkil olunacaq konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə baş tutacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

 

Təbii ki, 2023-cü ilin 13 sentyabr gününün  adı Arif Məlikovdur. Bu gün müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun anadan olmasından 90 il ötür.

 

Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Onun  hər yeni əsəri həm ölkəmizdə, həm də onun hüdudlarından uzaqlarda əks-səda tapıb. Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən Arif Məlikov fərdi yaradıcılıq üslubunu yaradıb. 

Gəlin dahi bəstəkarın tərcümeyi-halına nəzər yetirək. Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhətində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövləy Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb. 

Arif Məlikov öz simfoniyaları ilə XX əsrin sonu–XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən edən, bu sahədə aparıcı rol oynayan bəstəkardır. 

Unudulmaz sənətkar “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə  əbədiyaşarlıq qazanıb.

A.Məlikov, eyni zamanda, ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.

Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünyanın bir çox ölkəsində təmsil olunaraq rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.

Məşhur bəstəkar Dmitri Şostakoviç “Məhəbbət əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək deyib: “Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”.

Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində – romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.

XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Qara Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz əsərlərində bu milli musiqi incilərinə yeni həyat vermişdir.

Onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə, milli-mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir.

A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibi idi. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bəlkə bundan daha vacib olan keyfiyyətləri – Vətənə, xalqa məhəbbət hissini, milli-mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edib, onun himayəsi altında böyük həyat məktəbi keçib.

Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb.

Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Onun yumoru Azərbaycanda çox sevilir. 

“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.

 

“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.

 

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.