Super User

Super User

Çərşənbə axşamı, 01 Avqust 2023 11:00

Bu gündən Xalça Muzeyi qapılarını ziyarətçilərə açacaq

Bu gündən etibarən Azərbaycan Milli Xalça Muzeyi öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə yenidən açacaq. 

 

Muzeyin yaydığı məlumata görə, ziyarətçilər sabahdan etibarən bu möhtəşəm məkanda heç vaxt görmədikləri bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala biləcəklər. 

Xatırladaq ki, Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 10:45

Bir missiyadan digərinə transfer olunmaq

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

 

                  

Uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmış, yaxud başa çatdırmaqda olan bir missiyadan tam  vaxtında yenisinə transfer olunmaq da vacib bir yer tutur. Biz bunu ayrı-ayrı şəxslərin də, hətta ölkələrin də timsalında nəzərdən keçirə bilərik. Gəlin, daha geniş anlam daşıdığına görə bu şərti ölkə timsalında, konkret olaraq isə mənim vətəndaşı olduğum Azərbaycan Respublikasının timsalında nəzərdən keçirək.

Keçmiş SSRİ dövründə mənim respublikam aqrar-sənaye  respublikası idi. Paytaxt Bakının neft və maşınqayırma müəssisələri, həm Bakının, həm də Gəncənin, Sumqayıtın qara və əlvan metallurgiya müəssisələri, Sumqayıtın kimya kompleksi respublikanın sənaye potensialının sütununu, rayonlardakı pambıq və uzüm plantasiyaları isə aqrar potensialının əsasını təşkil edirdi.

SSRİ-nin dağılması ilə həm də qapalı, daxili sosializm iqtisadi mübadiləsi dağıldı, nəticədə müstəqil Azərbaycan da digər 14 sosialist respublikası kimi birdən-birə böyük iqtisadi tənəzzül dövrünə sürükləndi.

Ötən əsrin 90-cı illərində Azərbaycanın xilası onun nefti oldu. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» adlı müqavilə ilə ölkə neftinin ixracına başlanıldı. Qısa müddətdə Azərbaycan iqtisadi sıçrayış edərək regionun liderinə çevrildi, ölkə çiçəkləndi, həyat şəraiti durmadan yüksəldi. Dünyanı bürüyən neft bumuna XXI əsrin əvvəllərində son qoyulanda, neftin qiyməti dünya bazarında sürətlə ucuzlaşanda, təbii ki, bizim ölkəmizdə də qeyri-neft sektorunun inkişafı, ölkənin neft valyutasından asılılığına son qoyulması məsələsi gündəmə gəldi.

Bir iqtisad elmləri doktoru, bir biznes adamı kimi bu dövrdə mən də öz araşdırmalarımı aparır, hansı qeyri-neft sektorunun daha perspektivli olmasını müəyyənləşdirməyə çalışırdım. Seçimim turizm sektoru oldu. Azərbaycanda turizm sektorunun böyük inkişaf perspektivləri ilə bağlı mətbuatda silsilə məqalələrlə çıxış etməyim də bu səbəbdən idi. Və olduqca maraqlıdır ki, ölkə üzrə də ən sürətlə inkişaf edən qeyri-neft sektoru məhz turizm oldu.

Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması və olanların da yenilənməsi xarici turistlərin ölkəyə marağını artırmaqla yanaşı, həm də ölkədə yeni iş yerlərinin açılması deməkdir. İş ondadır ki, Azərbaycan turizm baxımından çox pesrpektivli və unikal bir diyardır. Ölkədə turizmin əksər növlərinin, o cümlədən, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. İnkişaf edən turizm növləri içərisində birinci yeri isə çimərlik turizmi tutur. Xəzər sahilinin 825 km-i Azərbaycanın payına düşür. Bu, böyük potensialdır. Burada Nabran-Yalama, Giləzi-Zabrat, Abşeron, Lənkəran-Astara kimi sahil zonaları mövcuddur. Abşeron-Nabran sahillərində günəşli havalar Qara dənizin məşhur Soçi-Batumi rayonlarından 1,5 dəfə çoxdur. Təsadüfi deyil ki, son illər bu zonalarda bir çox turizm-istirahət mərkəzləri yaradılıb.

Respublikada turizmin inkişaf edən növlərindən biri də mədəni turizmdir. Təsəvvür edin ki, ölkə ərazisində 6 mindən çox tarix-mədəniyyət abidəsi qorunub-saxlanılır. Bu baxımdan zəngin incəsənət irsi, muğamlar, qədim abidələr bu turizm istiqamətinin inkişafı üçün böyük potensialdır. Bakının İçərişəhəri, şəhərətrafı qalaları, Qobustanın qayaüstü rəsmləri, Şəkinin Xan sarayı, Naxçıvan və  Gəncə məqbərələri, Abşeron Atəşgahı – razılaşın ki, bu unikal mədəni turizm obyektlərinə heç bir əcnəbi biganə qala bilməz.

İnkişaf etməkdə olan başqa bir turizm növü də idman turizmidir. Bakıda 2016-cı ildən etibarən ənənəvi olaraq «Azərbaycan Qran Prisi» adlanan çox populyar Formula-1 idman yarışlarının keçirilməsi dünyada Azərbaycanın populyarlığını daha da artırmağa xidmət edir.

Luis Hemilton, Sebastyan Fettel, Daniel Rikkardo, Valtteri Bottas, Lens Stroll kimi ən güclü pilotları izləməyə dünyanın hər yerindən minlərlə izləyicinin, aparıcı medianın axışıb Bakıya gəlməsi, üstəlik televiziya vasitəsi ilə çoxmilyonlu dünya auditoriyasının canlı yayım və reportajları izləməsi, razılaşın ki, xırda iş deyil. Və ən qürurverici də budur ki, Azərbaycan çox qısa müddətdə Formula-1 yarışlarını keçirmək üzrə qabaqcıl təcrübə əldə edib. 2017-ci ildə Bakıda baş tutmuş yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndiriblər. Daily Mall və Sky Sports media qurumları 2017-ci il Formula-1  Azərbaycan Qran Prisini «İlin yarışı», The Times «Ən yaxşı yarış», The Guardian isə «Ən möhtəşəm an» adlandırıb. 

Qeyd edək ki, Formula-1 ölkənin idman turizmi üzrə yeganə nailiyyəti deyil. 2015-ci ildə ölkə, hətta yüksək səviyyədə mini olimpiya oyunları da keçirib, 49 ölkədən gəlmiş 6 min idmançı 1-ci Avropa oyunlarında iştirak edib. 2017-ci ildə bu dəfə ölkədə İslam Həmrəylik Oyunları keçirilib. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi isə ölkəyə turizm axınının növbəti zəncir halqası hesab oluna bilər.

Məni ən çox cəlb edən turizm sahəsi isə sağlamlıq turizmi sahəsidir. Belə ki, ölkədə bu sahənin inkişafı üçün çox böyük potensial var. Naftalanın dünyaca məşhur ağ nefti, Naxçıvanın duz mağaraları, Abşeronun müalicəvi palçıq vulkanları, Lənkəranın, Gədəbəyin mineral suları... Ümumiyyətlə, bu sahə çox cəlbedici sahədir. Bir rəqəmlərə nəzər yetirin. 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2012-ci ildə bu rəqəm 100 milyard dollara çatıb. Bu sahənin populyarlığının səbəbi hazırkı tibb sahəsində profilaktik istiqamətin qalibiyyəti, eləcə də sağlam bədən və sağlam ruha olan dəbdir.

2016-cı ildə isə bu rəqəm inanılmaz səviyyəyə – 500 milyard dollara bərabər olub, müalicə turizmi rəsmən turizmin ən sürətli inkişaf edən və ən böyük gəlir gətirən  bölməsi adlandırılıb. İnsanlar sağlamlığa daha çox diqqət göstərdikləri üçün (xatırlayırsınızsa, demişdik ki, uğur qazanmaq şərtlərindən biri və əslində birincisi, şübhəsiz, sağlam orqanizmə malik olmaqdır) öz məzuniyyətlərini faydalı keçirməkdə israrlıdırlar. Müalicəvi kurortlar, isti və mineral mənbələr, spa-mərkəzlər, yoqa-retritlər, detoks, su turizmi, yürüşlər, veloturizm – müasir səyyahın seçdiyi fərqliliklər məhz bunlardır.

Dünyada Avropanın müalicə-bərpa mərkəzləri, xüsusən, rəsmən xarici turist qəbulu sayına görə dünya üzrə birinciliyi əldən verməyən Çexiyanın Karlovı Varı kurortu, 300-dən artıq kurorta sahib olan Almaniyanın, habelə, Avstriya, Macarıstan və İtaliyanın dağ kurortları və balneologi kurortları, Fransanın Evian, Sen Malo kimi hər hansı bir xəstəlik üzrə xüsusiləşmiş kurortları, reabilitasiya mərkəzləri, İspaniyanın, Yunanıstanın dəniz kurortları çox populyardır. Baham adaları, Kuba və digər Şimali Amerika ölkələri, yaşıl qitə, Misir, Tunis, Mərakeş kimi Afrika ölkələri, Turkiyənin, Dubayın  dəniz-iqlim kurortları, o cümlədən İsrailin Ölü dəniz kurortları özlərinə daim böyük  tələbat hiss edirlər. Bu sıraya MDB dövlətlərinin Truskavets (Ukrayna) və Mineralnıye Vodı (Rusiya) kimi kurortlarını da əlavə etsək, sıramız tamamlanar.

Və ən nəhayət, onu da qeyd edim ki, sağlamlıq turizmindən ən böyük pay alan ölkələrin başında Sinqapur, Hindistan, Tayland, Malayziya kimi Uzaq Şərq ölkələri durur.

Oxucularımın diqqətinə nələri çatdırmaq istəyirəm? Baxın, Azərbaycanın bir çox hidromineral ehtiyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Eyni zamanda, burada rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir. Ərazisinin bəzi hissələrinin yüksək dağ və tundra landşaftına malik olması isə ölkənin kurort-sağlamlıq turizminə əlavə dividendlər gətirir.

Abşeron yarımadasının Suraxanı, Sabunçu və Şıx burnunda çıxan, tərkibi yod, brom, metan, kükürd və digər maddələrlə zəngin mineral sular, balneoloqlar və kurortoloqlar tərəfindən tədqiq olunan palçıq vulkanları, ölkənin cənubunda – Masallıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş, tərkibində hidrogen-sulfid, natrium-xlor və s. maddələr, hər litrində 30 milliqram yod olan, yerin çox dərin qatlarından 60 dərəcə temperaturla çıxan «İsti su» adlı möcüzə, adını bir qədər yuxarıda da çəkdiyimiz digər möcüzə – 19 xəstəliyin dərmanı olan müalicəvi ağ Naftalan nefti, Naxçıvanda - mikroiqlimində kalsium ionları üstünlük təşkil edən duz şaxtalarında, 110 metr dərinlikdə yerləşən, ağciyər və bronx xəstəliklərinin müalicəsində olduqca effektiv (65-70 faiz yaxşılaşma) təsir göstərən Duzdağ adlı başqa bir möcüzə vardır, bütün bu adlarını sadaladıqlarım bu gün əcnəbi turistlərin diqqət mərkəzinə düşməkdədir. Və gözlənilir ki, yaxın illərdə Azərbaycana əsil turist axını müşahidə ediləcək.

Təsəvvür edin ki, 10 il əvvəl boş qalan, rentabelli olmayan ölkə kurortları, hotelləri bu gün mövsümündən asılı olmayaraq  ağzınacan doludur, tam gəlirlə işləməkdədir.

Hazırda Azərbaycana əsasən Şərq istiqamətindən – Səudiyyə Ərəbistanı, İran, İsrail, Hindistan və Pakistandan, habelə Rusiyadan turistlər gəldiyi halda yaxın 5 ildə bu coğrafiyanın büsbütün genişlənəcəyi, burada Qərb istiqamətinin də başlıca yer alacağı pronozlaşdırılandır.

Mənim də şəxsi biznesimdə bu sahə get-gedə əhəmiyyətli yer tutmaqdadır.  Belə ki, ölkənin şimalında, olduqca füsunkar təbiətə malik olan doğulduğum Quba rayonunda «Şahdağ» adlı  hotellə turistlərə nümunəvi xidmət göstərməkdəyik.

Bu hoteli mən 50 – 60 il öncə tikilmiş və istifadəyə tam yararsız əski hotel binasının yerində inşa etdirəndə qarşımda yalnız bir məqsəd var idi: Doğma yurdumda (yeri gəlmişkən, hotelin yerləşdiyi ərazi Qubanın ən gözəl yeridir, bir tərəfində Quba Xan sarayı, bir tərəfində dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbə yerləşir) münasib qiymətlərə, ancaq ən yüksək servis tətbiqi ilə fəaliyyət göstərən ultramüasir hotel yaratmaq.

İndi «Şahdağ» hoteli iki korpusda uğurla fəaliyyət göstərməkdədir. Bir korpusunda 5 mərtəbəli, bir, iki və üç otaqlı nömrələri, 1000 nəfərlik konfrans zalı, türk hamamı, qapalı hovuzu, sauna və spa mərkəzi, şəhərə və Şahdağa açılan gözəl terrası ilə hotel fəaliyyət göstərir. Digər korpusda isə restoranlar və toy-düyün keçirilməsi üçün şadlıq sarayı fəaliyyət göstərir.

Bizim hotel konsepsiyamız çox sadədir, sadə olduğu qədər də işləkdir: Müştərilərdə bol təəssürat oyatmaq, onların ikinci dəfə buraya dönüşünü təmin etmək. Məsələn, bizim heyyət terrasa çıxan müştərini ekskursiya bələdçisi kimi bütün gözəlliyi ilə qarşıda dayanan Quba şəhəri ilə, Şahdağla tanış edir, onlara maraqlı faktlar danışır. Restoranda müştəriyə fərqli, spesifik təamlar təklif edilir. Tutalım, menyuya müştərinin başqa heç yerdə dadmadığı ildə cəmi 2 ay bitən pəl adlı yaşıl bitkidən hazırlanmış qutab salınır.

Məsələn, spa mərkəzində müştəriyə Ölü dənizi mineralları ilə doldurulmuş müalicəvi ayaq massajorunda ayaq-oynaq ağrılarının çıxardılması, ozon kapsulasında artıq kilodan yaxa qurtarmaq təklif olunur.

Adətən hotel nömrələrində müştəri üçün birdəfəlik parça çəkələk qoyulur. Amma biz rahatlıq üçün hamam otağında əlavə rezin çəkələk də qoyuruq. Hotellərdə müştərilərə ayaqqabı geyinmək üçün standart balaca dabankeşlər qoyulur. Bu, artıq çəkidən əziyyət çəkənlər, bel ağrısı olanlar və əlbəttə ki, əyilib-qalxmağa tənbəllik edənlər üçün çox rahatsızdır. Belələri, məcbur olub ayaqqabılarını dabanını əzərək geyinirlər. Bizsə otaqlara əlli santimetr uzunluqlu dəmir dabankeşlər qoyuruq. İlk baxışda xırda bir şeydir, amma insan üçün böyük məmnunluq gətirir.

Və müştərilər axışırlar. Turistlər, axı, adətən həm rahatlıq, həm də hansısa özəlliklər axtarırlar.

Biz bu bölmədə uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmaqda olan bir missiyadan tam vaxtında yenisinə transfer olunmağın  tipik nümunəsi ilə tanış olduq. Və əminəm ki, bu tanışlıq oxucularım üçün çox faydalı alındı. Və mən onların bəzilərinin növbəti məzuniyyətlərini kurort-sağlamlıq turizmi ilə əlaqələndirəcəklərinə də şübhə etmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

 

Türkiyədə şəhid diplomatların həyatından bəhs edən sənədli film çəkilib. 

AzərTAC xəbər verir ki, “1973: Biltmore oteli cinayəti” adlı ekran əsəri ABŞ-da qətlə yetirilən iki türk diplomatın qətl hadisəsindən bəhs edir. Sənədli filmdə keçmişi qaranlıq olan və adı müxtəlif cinayətlərdə hallanan 78 yaşlı erməni Gourgen Yanıkyanın iki türk diplomatı da daxil olmaqla, 58 Türkiyə vətəndaşını qətlə yetirməsi faktlarla sübut olunur. Filmdə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarında yer alan məlumatlardan istifadə olunub. 

 

“1973: Biltmore oteli cinayəti” filminin ssenari müəllifi, “Daily Sabah” qəzetinin baş redaktoru İbrahim Altayın sözlərinə görə, filmdə “ASALA və JCAG başda olmaqla, erməni terror təşkilatlarının qansız cinayətlərindən bəhs olunur. O, 58 Türkiyə vətəndaşını qətlə yetirən Gurgen Yanıkyanın erməni diasporu tərəfindən sevilmədiyinə də diqqət çəkərək deyib: “İki cəmiyyət arasında nifrət toxumu səpən və illər boyu davam edən terror dalğasının başlamasına səbəb olan bu hadisəni yenidən araşdırmağa ehtiyac duyduq”. 

Filmin rejissoru Şevki Es də Türkiyədə ilk dəfə belə bir layihəyə imza atdıqlarını bildirib. 

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə 1973-cü ildə Los-Ancelesdə iki türk diplomat əvvəldən planlaşdırılmış cinayətin qurbanı olur. Yanıkyanın atdığı güllələr təkcə Mehmet Baydar və Bahadır Dəmiri öldürmür, həmçinin illərcə davam edəcək terror dalğasını alovlandırır. Dalbadal qətllər və hücumlar 1973-cü ildən 1985-ci ilə qədər aramsız olaraq davam edir. Erməni terror təşkilatlarının əməlləri nəticəsində 31 diplomat və ailə üzvləri də daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı terror nəticəsində qətlə yetirilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 10:15

Nəcib Fazil Qısakürəkdən qiymətli kəlamlar

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə “Fikir xəzinəsi” rubrikasında Nəcib Fazil Qısakürəkdən qiymətli kəlamları təqdim edir.

 

 

Allahsız adamın fikrinə, Allahsız cəmiyyətin məfkurəsinə inanmıram!

***

Ya Allaha baş əyər, heç kimsəyə əyməzsən,

           ya hər kəsə baş əyər, heç bir şeyə dəyməzsən.

***

Kaş mən Allah kəlməsindən başqa

           ağzından tək bir söz çıxmayan dilsiz olaydım!..

***

Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

***

Ağıl ağıl olsaydı, ismi könül olardı...

***

Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq…

           Yaşarkən təmiz qalsaydıq, öləndə yıxanmazdıq.

***

Əgər dadını bilsəniz, çörəyi bölüşmək çörəkdən daha ləzzətlidir.

***

Həyatımızın yarısını uyuyaraq keçiririk, qalan yarısını da uyudularaq…

           ***

Siz bir sərrafın bağırdığını heç eşitdinizmi? Qiymətli malı olanlar bağırmaz.

***

Tövbə qapısı açıqdır dediksə, təzə günahlarmı işləməlisən?

***

Qurban olduğum Allaha belə gündə beş vaxt yetmək mümkün ikən özünü əlyetməz sananlara salam olsun...

***

Çox sıxıldınsa həyatdan, bir məzarlığa get. Ölülər yaxşı bilir; yaşamaq gözəldir.

***

Bu gedişlə utanmaqdan utanan bir nəsil gələcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

 

Bu gün Bakıda Özbəkistan Mədəniyyəti Günlərinə başlanılır və bu mərasim avqustun 4-dək davam edəcək. 

Avqustun 2-də Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət nazirlərinin “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” (“Otgan kunlar”) əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi barədə razılıq Prezident İlham Əliyevin ötən il Özbəkistanda dövlət səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə görüşündə əldə olunub. 

 

Ümumiyyətlə, Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısı ilə görüşündə bu əlaqələr belə xarakterizə edib: “Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verilir. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. …Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi”.

Xatırladaq ki, Azərbaycan ilə Özbəkistan arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. 

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə, ondan sonra - 1990-cı illərdə isə İslam Abduqəniyeviç Kərimov ilə dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin təzahürüdür. 

1979-cu ildə Azərbaycanda keçirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilib. 

Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışarkən görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də qeyd olunmalıdır. Onun Mirzə Cəlildən, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı ("Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri) və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin “İblis”, “Əmir Teymur”, “Şeyx Sənan” kimi əsərlərinin tərcümələri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb. 

Müstəqillik illərində Azərbaycan-özbək ədəbi əlaqələri müxtəlif aspektlərdə – həm tədqiqat, həm də dissertasiya mövzusu olaraq geniş araşdırılıb, bədii əsərlərin tərcüməsi həyata keçirilib. Bu əlaqələr kontekstində müstəqillikdən əvvəl beş, müstəqillik illərində isə iki doktorluq dissertasiyası müdafiə edilib.

Bu dövrdə Azərbaycan-özbək ədəbi əlaqələrinin poetik təməli Nizami irsinə özbək klassik şairlərinin məhəbbəti üzərində daha da möhkəmlənib. Eyni zamanda, XV əsrdən sonra Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına, o cümlədən Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərin yaradıcılığına təsiri çox olub. 

2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı tərəflər dilimizin, mədəniyyətimizin, Azərbaycan və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyini qeyd ediblər.

Ovaxtı Özbəkistan Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq bildirib: “Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir”. 

Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".

Həmin səfər çərçivəsində Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışı olub. 

Xatırladaq ki, 2017-ci ildə Özbəkistanda fəaliyyət göstərən Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsi yaradılıb. 2020-ci il fevralın 17-də isə bölmənin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb. 

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verməkdə davam edirlər. Təsadüfi deyil ki, 2022-ci il avqustun 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni təltif ediliblər.

Eyni zamanda, ötən il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib.

Sadalanan faktlar və sadalanmayan neçə-neçə məsələlər bir daha göstərir ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf edəcək və zənginləşəcək. 

(Xronika AzərTAC-ın materialları əsasında hazırlanmışdır)

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Böyük Səlcuqlu tarixini oxuyub, dərk edəndən sonra anladım ki, İslam dini türkün eşqinə, ruhuna, batini dünyasına uyğun bir dindir. İslam dininin yaranma hadisələri ərəb torpaqlarında baş versə də bu dinin qorunması, inkişafı və yaşaması türklərə bağlı olmuşdur. 

 

XI yüzilin ortalarında ərəblərin yaşadığı ərazilərdə təriqətlər səbəbindən yaranmış çəkişmələr islam coğrafiyasında mövcud dovcud dövlətləri tamamilə zəiflətmişdi. Şiə Fatimi dövlətinin gücü qarşısında tab gətirə bilməyən, Məkkə və Mədinə xalqı az qala təriqət dəyişikliyinə uğrayacaqdı. Bağdadın işğalı ilə Abbasi xəlifəsi Qaim bin Əmrullahın həbs edilməsi (məncə həbs edilmişdi) ilə əhalinin qılınc gücünə Şiə Fatimi dövlətinin şəriət tələblərinə ram edilməsi başlamışdı. İslamı təriqət fanatizmində boğulmadan xilas edəcək güc ünvanı isə öz dini inancını Cənd şəhərindən başlayaraq islama bağlamış, peyğəmbərin yolunu davam etdirən Səlcuqlu hökmdarı Sultan Toğrul oldu. Şiə Fatimiləri geri oturdaraq Mədinədən Bağdadadək hər yerdə Xəlifənin hökmünü bərpa etdi. Bundan sonra məscidlərdə Xəlifə ilə yanaşı onun da adına xütbələr oxundu. 

 

Amma bütün bu olanlar dinin daxilində baş verən təriqət çəkişmələrindən baş verirdi: şiə və sünni məzhəbin çəkişməsindən yaranan zəiflik xaçlıların damağına şirə çəkmişdi. Ona görə də Şərqi Roma (Bizans) imperatoru Roman Diogen imperiya büdcəsinin 80%-dən çoxunu dövrün ən müdhiş ideologiyası və ən müasir silahları ilə təchiz edilmiş 220 min nəfərlik ordu yaradaraq yer üzündən Səlcuqlu dövlətini və islamı silmək üçün yola çıxdı.

 

Dünyanı lərzəyə gətirəcək ordunun irəliləyişi islam coğrafiyasında qeyd-şərtsiz təslimin qaçılmazlığını ortaya qoyurdu. Lakin uca Yaradan sonuncu dinini kafirlərə yendirmək istəmədi, görünür. Şiə Fatimilərlə aparılan döyüşlərdə gücü zəifləmiş, orduda kifayət qədər maddi təchizatın olmadığı bir dönəmdə Bizans imperiatorunun qarşısına yeganə şəxs türk oğlu, Səlcuqlu imperatoru Sultan Alp Arslanın çıxması ilə bəlanın sovuşulacağına inanırdılar. 

 

Elə də oldu...

Tarix 26 avqust 1071-ci ili göstərirkən, məkan Malazgird idi. Səlcuqlu dövlətinin müqəddəratı ilə yanaşı, Allahın qüdrətli dini hesab edilən İslam dininin yaşam, yaxud parçalanma taleyi həll olunurdu. 

Həmin gün 50 min atlı ilə günorta namazından sonra düşmənlə misli bərabəri olmayan savaşa girildi. Babamız Sultan Alp Arslanın o vaxta kimi hərb elminə məlum olmayan döyüş taktiki sərgiləməsi ilə Bizans imperiyasının 220 minlik ordusunu döyüş meydanında mühasirəyə salaraq impertaor Diogenlə birlikdə ordunun böyük qismini əsir götürməsi türkün şanlı tarixinin ən parlaq səhifəsidir.

Beləliklə, Səlcuqlu Sultanı Abbasi xəlifəsini, təriqətlərə bölünmüş İslam dinini Allahın qüdrətinilə qorudu və o vaxtdan İslam dinini türkün qüdrəti ilə Allah eşqinə bağladıq. 

 

Bu qalibiyyətin səbəblərindən biri də lap öncələrdən Qurani-Kərimin ərəbcədən qıpcaq dilinə, daha sonralar isə Səlcuqlunun dövlət dili olan türk dilinə çevrilməsi olmuşdur. Çünki hər kəs Allahın sözünü öz ana dilində daha düzgün anlaya bilir və nəticədə mənsub olduğu din uğrunda, Allah uğrunda cihada girirdi.

 

P. S. Mən də Qazağa səfərim zamanı kutsal hesab olunan məkanlara gedərkən xalqım, dövlətim, qüdrətli Ali Baş Komandanım, ordumuz, doğmalarım, özüm və boynumda haqqı olan insanlar üçün uca Tanrıya öz dilimdə, türkcə xidab edib, şəhidlərimizə və Sultan Alp Arslana, böyük sərkərdə babalarıma rəhmətlər dilədim.

Şəkildə Qazax rayonunun Aslanbəyli kəndində yerləşən, tanınmış din adamı Hacı Mahmud Əfəndinin türbəsidir. Bura el arasında pir, ziyarətgahdır. Mən də oğlum Atabəyə mənsub olduğumuz mənəvi ənənələri öyrətmək, anlatmaq üçün bura gətirdim. Dualarımızı edib mənən rahatlıq tapdıq.

P.S.S. Dəyərli tarixçilərimiz səhflərimi düzəldər, yanlışlarım olarsa.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ölkəmizdə səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” Fonda istinadən xəbər verir ki, görüşdə müasir dövrdə ortaq köklərə, mədəniyyətə mənsub türk xalqlarının bir-biri ilə daha geniş əlaqələndirilməsi üzrə birgə əməkdaşlığın vacibliyindən söz açılıb. 

Türk dünyasının çoxtərəfli inteqrasiya prosesində ümumtürk mədəni birliyi önəmli məsələlərdən biri kimi qiymətləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və bu il 30 illiyini qeyd edən TÜRKSOY-un qarşılıqlı fəaliyyətlərindən, türk xalqlarının görkəmli şəxsiyyətlərinin yaradıcı irsinin tanıdılması istiqamətində həyata keçirilən layihələrindən bəhs olunub. 

TÜRKSOY tərəfindən Şuşa şəhərinin “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması vurğulanıb. Şuşanın tarixi və mədəni irsinin təbliği yönündə Fond tərəfindən müxtəlif ölkələrdə “Şuşa günləri”nin keçirilməsi yüksək dəyərləndirilib. 

Görüş Fond ilə TÜRKSOY arasında tərəfdaşlığın daha da gücləndirilməsinə və gələcək birgə layihələrə dair müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

 

 

Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

 

Avropa yəhudilərinin Bakı dini icması diabetdən əziyyət çəkən azərbaycanlı uşaqların bir qrupunun İsrailə səfərini təşkil edib. 

 

İcmadan verilən məlumata görə, bu münasibətlə Bakı sinaqoqunda bu yeniyetmələrin diabetdən əziyyət çəkən israilli həmyaşıdları ilə görüşü olub. 

Sözügedən layihə Azərbaycan Səhiyyə Nazirliyi və “Stolero” qrupunun dəstəyi ilə Avropa yəhudilərinin Bakı dini icması tərəfindən İsrail və Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçirilir. Unikal olan bu layihə diabetin birinci tipi ilə mübarizədə, habelə onun uşaqlar və yeniyetmələr arasında müalicəsində mühüm mərhələdir. İsraildəki Yeniyetmə Diabeti Assosiasiyası (JDRF) hər il diabetdən əziyyət çəkən uşaqlar üçün unikal yay düşərgəsi təşkil edir. Bu təşəbbüsün həyata keçirilməsi azərbaycanlı yeniyetmələrdən olan qrupun səfərinin maliyyələşdirilməsini öz üzərinə götürən Avixay Stoleronun rəhbərlik etdiyi “AS Holdings” kompaniyasının köməyi sayəsində mümkün olub. 

Görüşdə Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal, icmanın sədri Aleksandr Şarovski, həmçinin “AS Holdings” kompaniyasının sahibi Avixay Stolero və kompaniyanın biznesin və sosial layihələrin inkişafı üzrə vitse-prezidenti Ruti Rubin-Qross iştirak ediblər. Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova da tədbirə qatılıb. Azərbaycan Ali Məhkəməsinin hakimi Elşad Şamayev görüşdə xüsusi qonaq qismində iştirak edib. 

İsraildən olan yeniyetmələr qrupunun təmsilçisi İdan Stolero çıxış edərək diabetlə mübarizədə öz təcrübəsindən bəhs edib, habelə yeniyetmələrin hər birinin diqqətinə onların güclü cəhətlərinin cəmləşdirilməsinin zəruriliyini çatdırıb. 

Görüş iştirakçıları Avropa yəhudilərinin Bakı dini icmasının unikal tarixinin bir hissəsi kimi, həmçinin Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin inkişafında bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. 

Natiqlər, həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dikə və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədova yeniyetməlilərin İsrailə səfərinin təşkilində göstərdikləri səylərə, habelə iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı  məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.