
Super User
Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib
Azərbaycanda ilk dəfə Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib.
AzərTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi və Peşə Təhsilinin İnkişafına və Məsulluğa Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova ətraf mühitin qorunması istiqamətində görülən işlər və layihələr haqqında geniş məlumat verib.
Sonra xidmətin Xüsusi Mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov ekoloji maarifləndirmənin gənclər arasında təbliğinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Xidmətin əməkdaşı Turqut Əhmədov bu istiqamətdə müxtəlif səpkili layihələrin gənclərin iştirakı ilə davam etdiriləcəyini bildirib.
Layihədə iştirak edən 60 iştirakçı komandalara bölünərək bir saat ərzində yarışaraq milli park ərazisinin ətrafında tullantılardan təmizləyiblər. Yarışın sonunda 500 kiloqram müxtəlif ətraf mühit tullantısı toplanaraq müvafiq quruma təhvil verilib.
Sonda “Şuşalılar” komandası birinci, “Qoçaqlar” komandası ikinci, “Xarıbülbül” komandası üçüncü yeri tutaraq diplomlar və müxtəlif hədiyyələrlə, digər komandaların üzvləri isə aktivlik sertifikatları ilə təltif olunublar.
Qeyd olunub ki, layihə ölkə ərazisinin müxtəlif bölgələrində davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Arxeoloqlar, Afaq Bəşirqızı və Napoleon Bonopart
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün - avqustun 15-dir. Bu günün əlamətdar hadisə və bayramlarını nəzərinizə çatdırırıq.
Arxeoloq Günüdür.
MDB məkanında, o cümlədən Azərbaycanımızda qeyd olunan bir bayramdır.
Tuva Günüdür.
Rusiya Federasiyasının şimalında yaşayan tuvalılar azsaylı aborogen xalqlardandır.
Bolqarıstanda dini bayramdır - Müqəddəs Məryəm Həzrətləri və onun şəninə dua oxuma günüdür. Eləcə də Yunanıstanda.
Kosta Rikada Ana Günüdür.
Hindistanda dövlət bayramıdır - Hindistanın Müstəqillik Günüdür. Bu günü hindlilər ingilis müstəmləkəçiliyindən çıxmaqla haqq ediblər.
Polşada və Zimbabvedə silahlı qüvvələr günü qeyd ediləcək.
Bir də bu gün zaoastrizmə aid Amertat və Odlar şahı günü qeyd ediləcək. Amertat - ölümsüzlük günüdür.
Biz azərbaycanlılar bütün digər xalqların bayramlarını təbrik etməyəkmi, edək!
Bu gün sevimli aktrisamız Afaq Bəşirqızının, məşhur aparıcımız Dilarə Səlimin doğum günləridir.
Bu gün həm də dahi sərkərdə Napoleon Bonopart, dahi yazıçı Valter Skott və çağdaşımız, populyar müğənni Timati dünyaya gəlmişlər.
O ki qaldı bu gün vəfat edənlərə, məşhur sovet müğənnisi Viktor Soyun ömrünü killer məhz bu gün qırıb.
Klassik italyan yazıçısı Rafaello Covanyolli, rus yazıçı Pyotr Katayev, alman əfsanə- futbolçu Herd Müller və ən əsas, görkəmli aktrisamız Məhluqə Sadıqova da gözlərini əbədiyyətə məhz bu gün yumublar.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Azərbaycanlı üç şagird TÜRKSOY-un inşa müsabiqəsinin qalibi olub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif edilib.
AzərTAC xəbər verir ki, azərbaycanlı üç məktəbli qız da müsabiqənin mükafatçıları arasında yer alıb.
Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Dövlət ümumtəhsil məktəblərində təhsil alan 13-15 yaşlı şagirdlərin qatıldıqları müsabiqədə Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək mükafatlara layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş olub
Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli gənc kino işçilərini salamlayıb, bu il 125 yaşı qeyd olunan Azərbaycan kinosunun zəngin ənənələrindən, bu sahənin inkişafına öz töhfəsini vermiş görkəmli sənətkarlardan bəhs edib.
Dövlət tərəfindən mədəniyyətin digər sahələri kimi, kinematoqrafiya sahəsində də diqqət və qayğı göstərildiyini deyən nazir ölkə başçısının bununla bağlı müvafiq fərman və sərəncamlar imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.
Adil Kərimli bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ilk Kino Forumundan keçən dövr ərzində görülən işlər barədə də məlumat verib, yaradıcı sənayenin inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə gənc kinematoqrafçıların fikir və təklifləri, məsələlərə münasibəti dinlənilib, maraqlı diskussiya keçirilib, kino sahəsinin inkişaf məsələlərinə dair geniş müzakirə aparılıb. Qeyd olunub ki, gələcəkdə belə platformaların, görüşlərin sistemli, mütəmadi keçirilməsi, kinematoqrafiyanın müxtəlif sahələrində yaradıcı əməklə məşğul olan bütün gənclərin əhatə olunması önəmlidir. Sonda görüş iştirakçıları xatirə fotosu çəkdiriblər.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
DİQQƏT! Yaxın iki gün ərzində paytaxt havasında toz hissəciklərinin konsentrasiyası normadan çox olacaq
Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Havada müşahidə olunan toz axını cənubdan hərəkət edən hava kütlələri vasitəsilə ölkə ərazisinə daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub istiqamətli küləyin yaxın iki gün ərzində, avqustun 15-16-da da davam edəcəyi, bununla əlaqədar toz hissəciklərinin konsentrasiyasının yol verilən qatılıq həddindən bir qədər çox olacağı gözlənilir.
Avqustun 16-sı axşam saatlarından etibarən cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunacağı proqnozlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
Sabah Bakıda 40 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40° isti olacaq.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti olacağı bildirilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-40° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 35-39° isti, dağlarda gecə 20-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı monotamaşa ilə beynəlxalq festivala yollanıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı avqustun 14-dən 20-dək Rusiyanın Vladimir şəhərində keçiriləcək III “Teatr. Birlik Məkanı” beynəlxalq teatr festıvalında “Kontrabas” adlı monotamaşa ilə çıxış edəcək.
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin yaydığı məlumata görə, alman yazıçısı Patrik Zuskindin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Əməkdar artist Şövqü Hüseynov ifa edəcək.
Ensiklopedik biliklərə malik qəhrəman həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
Ramil Əhməd yaradıcı yazarlıq təlimi keçdi
Avqustun 13-də “Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimdə yaradıcı yazarlıq (creative writing) təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları, yazarlığın öyrənilməsinin mümkün olub olmaması kimi məsələlərdən söhbət açıldı. Bildirildi ki, bu təhsil modeli XX əsrin əvvəllərində Amerikada yaranıb və dünyada geniş yayılmağa başlayıb. Harvard, Yale, Ayova, Stanford, Kornel, Oxford və digər nüfuzlu universitetlərdə Yaradıcı Yazarlıq fakültələri fəaliyyət göstərir.
Qeyd edək ki, Ramil Əhməd Yaradıcı Yazarlıq təhsili ilə bağlı Türkiyə və Azərbaycan doktorluq dissertasiyası yazan yeganə müəllifdir. Həmçinin o, ədəbiyyat sahəsindəki uğurlarına görə 2021-ci ildə Prezident Mükafatına layiq görülüb, 2023-cü ildə TÜRKSOY və Macarıstanın təşkilatçılığı keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin Azərbaycan üzrə birincisi olub. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavinidir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
Azərbaycanlı şairin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzinin məlumatına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
“Bu illər ərzində ədəbiyyata, sözə onun qədər sadiq bir redaktor görmədim” - İntiqam Qasımzadənin 80 illiyinə
“Ədəbiyyat və incəsənət” portalı avqustun 12-də 80 yaşını qeyd etmiş tanınmış ədib, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə barədə İradə Musayevanın yubiley yazısını təqdim edir. Amma bu yazı 80 yox, 75 illiyə yazılıb, yəni 5 ilin yazısıdır. Di gəl, elə bu 80-i və növbəti 85-i də özündə ehtiva edir.
“Mən bütöv yaşamaq istəyirəm ömrümü - bir anı belə boş qoymadan...”
Yubiley yazılarını sevmirəm. Nə yazmağı, nə də oxumağı... Yubilyar kreslosunda oturub tərif dinləyənlər də həmişə məni təəccübləndirib. Doğrudanmı, insanların, yaradıcı, fədakar, ciddi adamların bu cür səhnələşdirilmiş “yubiley oyunları”na hansısa mənəvi ehtiyacı var? Məncə, 60, 70, 80, 90 yaş hesabatı o salondakı adamlardan bir az hündürdəki səhnəyə qoyulmuş kresloda mahiyyətini dəyişə bilməz. Yəni insanların həmin adam haqqında bildikləri və səmimi qiymətləndirməsi yetər...
İntiqam Qasımzadənin 75 yaşı tamam oldu. Bu yaşın nə qədəri bizim ədəbiyyata, sənətə, sözə, elmə xidmət etdi? - deyə düşündüm. Hamı kimi mənim də ilk növbədə ağlıma “Azərbaycan” jurnalı gəldi. 90 ildən çox bir müddət ərzində təkcə zamanın ədəbi mənzərəsini deyil, həm də müxtəlif ictimai-siyasi proseslərin ziddiyyətli məqamlarını öz səhifələrində əks etdirən, ciddi ədəbi meyarlarla nəşr edilən mətbu orqan kimi yaddaşımızda kök salan bu jurnalın ərsəyə gəlməsində 20 ildən çox müddət ərzində xidməti olan İntiqam Qasımzadənin mənim, eləcə də ədəbi camiə üzvlərinin təsəvvüründə maraqlı bir portreti, obrazı formalaşıb. İndi müxtəlif sosial təbəqələr, müxtəlif ədəbi nəsillər, gənclər və qocalar - deyə bölgülər aparılır. Xəyalımda bu çoxsaylı qruplar içərisində “sonuncular” adlandırdığım bir xüsusi və seçilmiş insanlardan ibarət özəl qrupum da var ki, İ.Qasımzadə də orada mötəbər bir mövqe sahibi kimi dayanmaqdadır.
Amma həm “Azərbaycan” jurnalı, həm də İntiqam Qasımzadənin bizə, xalqa, ədəbiyyata və elmi mühitə xidmətinin müqabili haqqında hesab-kitab ortaya gətirsək, nisgilli bir durum yaranacaq. Dəyərlərin, ciddi elmi-ədəbi, mədəni-intellektual meyarların dağıdılıb, deqradasiyaya məruz qaldığı bir zamanda balaca bir otağa sığınıb böyük ləyəqat nümunəsi göstərərək, əzmlə, zəhmətkeşliklə ədəbiyyata xidmət etmək hər adamın işi deyil. Bu gün ədəbiyyat aləmində ən təmənnasız, kanyukturadan və miyanəlikdən, buqələmunluqdan uzaq redaktor kimi adını çəkəcəyimiz ilk insanlardan biri, bəlkə də birincisi elə İntiqam Qasımzadədir.
Onun ədəbiyyatı və ədəbiyyatşünaslıq elmini mükəmməl bilməsi “Azərbaycan” jurnalını dövrümüzün sanballı ədəbi orqanı kimi gündəmdə saxlaya bildi. Mən bu fikri mövcud situasiyanı, heç vaxt razılaşa bilməyəcəyim ədəbi mühiti nəzərə alaraq yazıram. Və “nisbət” nəzəriyyəsini əsas götürərək bu qənaətə gəlmişəm. Sözsüz ki, nə mən, nə İ.Qasımzadə, nə AYB sədri, nə də digər elmli oxucular bu gün Azərbaycanda nəşr olunan ədəbi orqanların ümumi vəziyyəti ilə tam qane ola bilməz. Amma müqayisələr və nisbət ölçüsü haqq verir ki, “Azərbaycan” jurnalını və real vəziyyətdə onun baş redaktorunun cəsarətini, elmini və ədəbi meyarlarını bu cür qiymətləndirək.
Dəfələrlə həmin jurnala təqdim etdiyim böyük həcmli məqalələrin mövzusunu redaksiyada müzakirə edərkən mən bunun şahidi olmuşam. O həm klassik, həm də müasir dövrün ədəbiyyatını, eləcə də ədəbiyyatşünaslığını incəliklə çözə bilir. Dünya ədəbiyyatı nümunələrinin ən mühüm seçmələrini həmin jurnaldan oxumuşuq uzun illər.
“İntiqam professor da olmadı, halbuki ola bilərdi və çox-çox professorlardan daha artıq buna istedadı da, savadı da, ağlı da çatardı.
Uzun illər kinostudiyada redaktor işlədi və əminəm ki, redaktə etdiyi ssenarilərin çoxundan daha mükəmməl bədii film ssenariləri yarada bilərdi...
Ola bilərdi, edə bilərdi... bütün bu gümanları ifadə edən cümlələrin mənası nədir? Mənası odur ki, İntiqam həyatda bütün bu peşələrdən heç də aşağı olmayan başqa mühüm bir missiyanın daşıyıcısı oldu - ədəbiyyatımızın, kinomuzun şərəfli fədaisi kimi. Onun haçansa kino sahəsində, son onilliklərdə isə ədəbiyyat sahəsində fədakar xidməti neçə-neçə müəllifin yazdığı yaxşı-pis əsərdən daha mühüm, daha qiymətli, daha dəyərlidir. Jurnallarımız, qəzetimiz dövlət büdcəsinə daxil olunmadığı və bu barədə təkliflərimizə qəribə bir etinasızlıqla yanaşıldığı illərdə mən bir çıxışımda demişdim ki, müstəqilliyin əsas göstəricilərindən biri, bəlkə də birincisi - Ana dilidir. Dilin yaşaması üçün isə ədəbiyyat yaşamalıdır, necə ki, sovet dövründə Azərbaycan dilini əsasən ədəbiyyat yaşatdı (indi bəzi nankorlar bunu inkar etsə də)... Ədəbiyyatın yaşaması üçünsə ilk növbədə bizim ədəbi orqanlar və onların sırasında birinci olaraq “Azərbaycan” jurnalı yaşamalıdır” (Anar).
İntiqam müəllim həm şair, həm də ssenarist, film redaktoru kimi də fəaliyyət göstərib və göstərir. Lakin onun bütün diqqət və zəhməti, məncə də, daha çox bu jurnala yönəlib. Bir dəfə uzun-uzadı ədəbi müzakirə zamanı həmin jurnalda çap olunan siyasi motivli dünya ədəbiyyatı nümunələrindən, xüsusən də C.Oruelin romanlarından danışdıq. “1984” əsərinin üzərində çox dayandıq və mən əsərin ən xırda detallarını izah edə-edə fikrimi çatdırmağa çalışırdım. İntiqam müəllim diqqətlə qulaq asırdı və sonda maraqlı bir münasibət bildirdi. Dedi ki, İradə xanım, siz o əsərdən bu qədər yanğı ilə danışdıqca mən ürəyimdə bir şeyə sevinirdim, deməli, o cür əsərlərin tərcümə olunması və bizim onları çap etməyimiz boşuna getmir.
Onu da qeyd edim ki, bu illər ərzində ədəbiyyata, sözə onun qədər sadiq bir redaktor da görmədim. Yaxşı məqalələri, elmi-ədəbi düşüncəmizə işıq sala biləcək yazıları “müəllifə münasibət” cılızlığı ilə deyil, ədəbiyyata sədaqət meyarları ilə təqdim etdi. Fəqət, redaktorun və jurnalda böyük zəhməti olan insanların layiqincə qiymətləndirilməməsi də bir ağrıdır. Müsahibələrinin birində jurnalın 90 illik yubileyi ilə bağlı oxuyuruq: “Vallah, mən qapıları döyən adam deyiləm. Bu işi bacarsaydım, daha doğrusu, nə isə tələb etsəydim, yəqin nəzərə alardılar. Əlbəttə, istəyərdim dövlət təltifi olsun, jurnalın kollektivinə hansısa şəkildə adlar, yaxud pul mükafatları verilsin. “Azərbaycan” jurnalının ədəbiyyat tariximizdə çox böyük xidmətləri var. Kimsə elə başa düşər ki, təltifi, qiymətləndirməni özüm üçün istəyirəm. Qətiyyən belə deyil. Bu, jurnalın əməkdaşlarının halal haqqıdır. Açığı, Anar müəllim Mədəniyyət və Turizm Nazirliyinə təqdimat yazıb. Mənə dedilər ki, Əbülfəs Qarayev məktubla tanış olub və Prezident Administrasiyasına göndərib. Hələ ki bir xəbər yoxdur, amma tələsməyək, il qabaqdadır, düşünürəm jurnal üçün nə isə edəcəklər”...
Növbəti sitatı oxusanız, görəcəksiniz ki, bu cür fədakarlıqları ancaq və ancaq “sonuncular” dediyim həmin o adamlar edə bilər, qarışıq, xaos burulğanında hamının ad, pul, rahatlıq, şöhrət axtardığı vaxtda yalnız və yalnız Sözü, həqiqi ədəbiyyatı xilas etməyə çalışan adamlar, İntiqam Qasımzadələr: “Jurnalın əsas yükü beş-altı nəfərin üstünə düşüb. Hamı bilir ki, maaşımız nə qədərdir. Məsələn, baş redaktor kimi mən 482 manat maaş alıram. Şöbə müdirlərinin maaşı 250 manatdan çox deyil. Digər texniki işlərə baxanlar isə 120-150 manat əmək haqqı alırlar. Onlardan ciddi şəkildə nə isə tələb edə bilmirəm. Hətta təzə gələndə özüm təklif etmişdim ki, başqa işlərlə məşğul olun, dolanışığınız çıxsın. Mənim özümün də dolanışığım burdan çıxmır. Ssenarilər yazıram, yazı redaktə edirəm və s. Təsəvvür edin ki, mən 40 ildir “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmışam, indi baş redaktoram, kiçik qızımın aldığı maaş mənim maaşımdan üç dəfə çoxdur. Bax, belə...”
İntiqam Qasımzadənin simasında ədəbiyyatımıza dəyərli xidmətlər göstərmiş daha bir ədibi - atası (tərcüməçi, şair, redaktor) Böyükağa Qasımzadəni yaxından tanımış kimi oluruq. “Ədəbiyyat qəzeti”ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri (1953-1957), Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuş, A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini tərcümə etmiş Böyükağa Qasımzadənin imzasını orta məktəbdə oxuyarkən M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı farscadan tərcüməsi ilə tanımışdım. Füzulinin “Yeddi cam” əsərinin də tərcüməçisi olmuş B.Qasımzadə, “Sasunlu David” eposunu ermənicədən tərcümə etmişdir. Cəmi 41 il ömür sürmüş (1957-ci ildə vəfat edib) zəhmətkeş ədibin işlərini oğlu İntiqam Qasımzadə ləyaqətlə davam etdirməkdədir. O, sanki həm də öz ədəbi taleyini oğluna vəsiyyət edib, ona bu cür bir varislik missiyası tapşırıb-ədəbiyyata layiqincə xidmət...
“Sonuncular”ın nisgili, mənəvi yaddaşla bağlı acı, şirin xatirəsi də bir cür kədərləndirir bizi. Məsələn, hamıdan, hətta sevdiyi binanın (AYB binası) dəhlizlərindən, divarlarından, bəzən adamlarından da gizlənməyə, qaçmağa çalışır onlar. “Cırtdan” fiqurlardan, xəbərçi, yalançı, ədəbi mühitə tarakan kimi darışmış “işbaz”, içiboş adamlardan qaçmaq əzabı da varmış: “Mən bu jurnalda həm də atamın xatirəsini yaşadıram. Mənim atam “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri olub və mən onun görə bilmədiyi işləri burda görməyə çalışıram. Yazıçılar Birliyi mənim üçün müqəddəs yerdir və işə gələndə həmişə sevinmişəm. Amma son vaxtlar bu hissləri yaşaya bilmirəm. Kim nə düşünür, düşünsün. Çalışıram, foyedə, koridorlarda heç kimlə rastlaşmayım, kənar söhbətlər eşitməyim. Ürəyim ağrıyır, belə söhbətlərə qulaq yoldaşı olmaq istəmirəm. Mən burda bilirsən necə gözəl kişilərlə bir yerdə işləmişəm?”
İntiqam Qasımzadənin 70 yaşı tamam olanda Anar demişdi: “İntiqam mənim gənclik və qocalıq dostumdur. “Gənclik dostu” söz birləşməsi nə qədər təbii səslənirsə, “qocalıq dostu” ifadəsi bir o qədər qəribə görünür. Axı heç kəs qocalığını etiraf etmək istəmir. Amma nə deyirsiz-deyin, 70 yaş da, 75 yaş da hər halda cavanlıq deyil. Doğrudur, hər yaşda gənclik şövqünü, gənclik həvəsini, gənclik enerjisini saxlamaq mümkündür. Təki “insanın ruhu cavan olsun”. Şablon ifadədir, amma bilirsinizmi nəyə görə bəzi deyimlər şablon sayılır? Həqiqət olduqlarına görə. Həqiqət olduğu üçün belə sözlər sıx-sıx işlənir və şablona çevrilir, fəqət şablon olmaları heç də onların gerçəkliyini azaltmır. İntiqam hərdən xəstəliklərindən şikayətlənib, necə deyərlər, “nazik əyirsə” də, ruhən cavan adamdır və bu, çox vacibdir.
Uzaq gəncliyimizdə İntiqam şeir yazırdı. Bilmirəm sonrakı illərdə də yazdımı. Yazıbsa, hər halda mənim bundan xəbərim yoxdur. Cavanlığında yazdığı şeirlərindən aldığım təəssürat beləydi ki, İntiqamın poeziyası o nəsildən olan ən istedadlı yaşıdı şairlərin yazılarından heç də geri deyil, orijinal ifadələriylə, maraqlı deyim tərziylə”.
Məqaləmə İ.Qasımzadənin bu misralarını epiqraf kimi yazmışdım:
Mən bütöv yaşamaq istəyirəm ömrümü - bir anı belə boş qoymadan...
Biz özümüzə dünya kontekstində baxanda anlayırıq ki, balaca bir cəmiyyətik, balaca şəhərin balaca ədəbi mühitində dünyanı silkələyə biləcək mütəfəkkirlərin ola biləcəyi ehtimalı bəlkə də bir faizdir. Lakin bu balaca mühitin böyük ədəbi sözü anlayan, onu qoruyub saxlayan, nəsildən-nəsilə ötürə bilən aqil insanları olur. Əlindəki şamla hamıya işıq salan, fəqət, əlindəki işığın şöləsindən üzünə düşməyən bu adamların adı FƏDAKARLAR-dır. Belə bir ömrü yaşamaq və həmişə o cür xatırlanmaq isə daha gözəldir. Pis olan isə odur ki, bu adamları vaxtında layiqincə qiymətləndirə bilmirik. Bəlkə də onların görünmək istəməmək aristokratiyası da bir az mane olur...
Bəli, “sonuncular”ın bir də bir “görünməmək” nisgili də qalacaq... Həm mənim, həm də İntiqam Qasımzadənin çox sevdiyi şair V.Səmədoğlu isə yazırdı:
Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə... Görünmədim. Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı, ot basdı üstümü... Görünmədim. Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim... Görünmədim.
Və sonda İntiqam müəllimə üzümü tutub deyirəm: İntiqam müəllim, Siz o balaca otaqda, o balaca maaşın, o balaca masanın arxasında lap aydınca görünürsünüz! Alnıaçıq, üzüağ! Ad gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)