Super User

Super User

“Ədəbiyyat və incəsənət” portal şair, publicist Təranə Dəmirin sevilən şair Qulu Ağsəs poeziyası barədə yazdığı “Qulu Ağsəs,Tanrı və söz” yazısını təqdim edir.

 

Özümüzü dərk edəndən dünyanın varlığını düşünməyə başlayırıq. Mənimizlə dialoqa giririk. Dünya necə yaranıb, biz necə yaranmışıq, O məchul Yaradan hardadı? Bu suallarla böyüyürük, formalaşırıq. Bəzən alililəşirik, bəzən suallarımız cavabsız qalır, bəzən bir ipucu da olsa tapırıq. Lap iynənin ucu boyda. 

Bəzən Tanrıya ilahi sevgini qorxuyla dəyişik salırıq, bəzən də qorxuyla sevgi qarışıq düşür. Bu qarmaqarışıq duyğular içərisində daxilimzdə gizlənən minlərlə sual cavabsız qalır. Yoruluruq, bəzən qırılırıq, sınırıq. Bəzən od püskürmək istədiyimiz məqamda susuruq, bəzən də əksinə, susmaq lazım olanda üsyana keçirik.

Əsas da ruhu göylərdə olan duyğuların sahibləri - şairlər özlərinə bu boyda dünyada yer tapmayanda, Yerlə Göyün arasında girinc qalanda, fikir dənizində boğulanda tutmağa bir saman çöpü gəzirlər və o vaxt  yenə də  Tanrı yetişir dadlarına. İkisi də yaradıcıdı. Tanrı dünyanın yaradıcısıdı, şairlərsə sözün. Hər ikisi yoxdan var edəndi. Bu yaxınlıqdı bəlkə onları Tanrıyla daha çox birləşdirən. Özü də qorxusuz, ürküsüz sevgiylə. Bəzən umduqları yerdən qopurlar, bəzən bir ovuc duada təzədən bitişirlər. Bəzən üsyan edirlər, bəzən ərklə, bəzən sərt, bəzən yumşaq, bəzən özləri kimi, bəzən şair kimi danışırlar Tanrılarıyla. Qaçdıqları məqam da olur, gizləndikləri dönəm də. Arxa çevirb getdikləri zaman da, təzədən dönüb qayıtdıqları vaxt da olur. Amma bütün anlamda səmimidirlər:

 

Qələt eləyərəm desəm

Hamı qələt eləyir...

Allah bizi xəlq eləyib,

Yoxsa lənət eləyib?

 

Bu, sual deyil əslində. Ən mükəmməl cavabdı anlayana.

Bu misraların yiyəsi Qulu Ağsəsin diliylə danışmaq istədim bu dəfə Tanrıyla. Niyə bu sətirlərdən başladım söhbətə? Çünki Vətən sevdası, vətəndaş narahatlığı, həm də sufi şair nigarançılığı, bir az da üsyanı var bu sətirlərdə. Ağrıların, acıların dincəldiyi bir ürəkdə həm də Ona arxalanmaq əminliyi var. Demək, dünya sahibsiz deyil. Kimsə idarə edir bu dünyanı. Bəs bu boyda bərabərsizlik hardandı? Buna cavab axtaran şairin tapındığı və sığındığı yer Tanrıdı.

Həmçinin  dönüb-dönüb qayıtdığı yuva da...

...Şükür o göydəki   ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb.

 

Şair hər şəraitdə çıxış yolunu Tanrıda tapır və onuncun Tanrı bir işıqdı. Ona görə də ölümü də, olumu da böyük ürəklə, sevgiylə qəbul etməyi bacarır. Heç vaxt  ruhdan düşmür, ümidsizliyə qapılmır. Onunçün hər şey Tanrıda başlayır və  Tanrıda da bitir. Adama elə gəlir ki, Qulu Ağsəs qədər Allahla danışan ikinci şair yoxdu. Halbuki Tanrıya, özünə can atan o qədər şair var ki. Bəlkə Qulu Ağsəsin dünyaya fərqli baxışıdı adamı bu qənaətə gətirən? Təkrarçılığı sevməyən və kimsəyə bənzəməmək istəyidi bizdə bu fikri formalaşdıran bəlkə də .

...Qulu Ağsəs elə şairdi  ki, onun yaradıcılığında hansı mövzu istəsən tapmaq olar. Hər hansı bir təbiət hadisəsi, hiss, duyğu şeirləşə bilir Ağsəs qələmində. Sözdən kasadlıq çəkməyən şairin bircə ürəyinin sarı siminə toxunmaq kifayətdi ki, şeirləşsin. Ona bənzəməyə çalışan, anlamadıqları üçün bir qədər gen dayanmaq istəyən, yaxın gəldikcə sözünün odunda yanmaqdan qorxub qaçan o qədər insan  var ki. Sözünün ətəyindən tutub dağ aşanlar da az deyil. Sufi fikirlərini təhlil edib  son nəticəyə gələnlər də çoxdu. Əlbəttə hərə öz pəncərəsindən baxmağa çalışır şairin söz dünyasına. Bəzən onda gördüklərini, bəzən görmək istədiklərini qələmə alırlar. Mənsə tamam ayrı qapıdan girmək istədim Qulu Ağsəsin söz yuvasına. Tanrının qapısından.

Mənim  aləmimdə onun bütün yazılarında İlahi Eşq var. Hansı mövzuda yazırsa yazsın, sonu gedib Tanrıya çıxır. Oxuduqca söz-söz paklanmaq, durulmaq  istəyir adam. Nə qədər  bacarırıq, bunu da Allah bilir.

Mənə görə şairin  bu tərtəmiz eşqinin içindəki üsyan da, küskünlük də, qəzəb də , sevinc də mələk donundadı:

 

      Radiodan çağırsam, Allah, eşidərmisən,

      Çıxırsanmı gəzməyə efir sahillərində?

      Çoxdandı küləklərin nəfəsini dərmisən,

      Almısan gözlərinin odunu sellərin də..

      Xeyirdimi, bəs mənə hər ixtiyar vermisən,

      Bəlkə ta oturdasan bəndəni öz yerində..

 

Şair hər yerdə Tanrıyladı. Ən yaxın dostu da Odu, ən uzaq doğması da, ərk yeri, güvən yeri də Tanrısıdı. Bu misralarda da dopdolu şükranlıq var. Şair Allahın adamlıq lütfüyçün də borcludu ulu Yaradanına.

Həm də bu boyda səlahiyyətin altında qalma, günah qazanma qorxusu var Qulu Ağsəsin narahatlığında. Bu qarışıq duyğuların fövqündəsə Ulu Yaradanına suficisinə bağlılıq hissi dayanır. Ən böyük arzusu Onunla üz-üzə gəlməkdi, gözlərinin içinə baxıb "Kimsən, nəçisən, ay Allah?"deməkdi. Bəzən diksinirsən bu ifadədən. Axı Ona bu qədər yaxınlıq və əminlik hissi hardandı şairdə? Axı adam ən yaxın bildiyinə də çox vaxt ərk edib bu sualı verə bilmir. Şairsə dost kimi əlini sıxmağa hazırdı Tanrının. Bəlkə özünə, hisslərinə bu qədər əminliyindən irəli gəlir şairin Tanrıyla bu qədər yaxınlığının səbəbi? Tələsən, axtaran, düşünən, yorğun -yorğun Tanrını dördgözlə axtaran şairin Tanrıya ünvanlanacaq nə qədər sözü var bəlkə də. Tanrı bilir.

 

Günün necə keçir barı,

Can verib, can almağnan?

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmaqnan?

 

Yenə ərk, yenə üsyan və yenə Ona qovuşmaq həsrəti, yenə də o sufi sevgisi:

 

Neynəsən, sevirəm səni,

Qulunam, gəl, min boynuma.

Bu şeiri də Sən yazmısan,

Babalı mənim boynuma.

 

Bundan böyük, ali etiraf ola bilərmi?

Şair çoxlarından fərqli olaraq Tanrısından qorxmur. Azaddı, üsyankardı, bəzən dəlidi, bəzən aşiqanə, amma qorxaq deyil. Şair qorxmadan, çəkinmədən Onunla danışa bilir .Küfr də edir hətta. Amma bütün bunların başında bəşəri sevgi dayanır. Şair Tanrıya qorxmadan yanaşır. Onun ürəyində Allah xofu yoxdu, böyük Allah sevdası var. Arxaca danışmır, düşündüyünü Onun üzünə deyir:

 

Yastıq qoyub başımıza

Əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

 

Dünyadakı bütün eybəcərliklərə, ədalətsizliklərə, haqsızlıqlara, qana, qadaya üsyan edən şair o müqəddəs bildiyini köməyə çağırır həmişə. Amma yenə də üsyankarcasına, özünə çəkilmədən, gizlənmədən, xoflanmadan. Uman yerdən küsə-küsə həm də. Dünyana sahib çıx deyə-deyə, varlığını isbat et, göstər hayqıra-hayqıra.

Şairin bütün yaradıcılığı sevgiylə yoğrulub. Bu sevginin varlığına görə də özünü daim Tanrısına borclu bilir:

 

    Gedib  tövbə eləməyə mənə yer ver, İlahi,

    Elə yer ki, baxım görüm Sənsən hər yer ,İlahi-

 

deyən şair Tanrı qarşısındakı bütün günahlarını yumaqçun tərtəmiz yer axtarır. Paklanıb durulmaqçun, özünə dönməkçün, günahlarından arınmaqçun o müqəddəsin varlığına sığınmağa tələsir.

Bütün yükünü üstündən töküb tərtəmiz getmək istəyir axtardığı o işığa sarı:

 

         Günahımı nəylə desən, razıyam, yuyum orda,

Əgər gücün çatsa ,məni özündən doyur orda.

 

Bundan böyük Eşq ?

Ömür boyu dünyanın naz nemətlərinə gözucu da olsa baxmayan, çətinliyə boyun əyməyən şair özünü həmişə günahkar hiss edir Tanrı qarşısında. Şairçün hər günahıyla birgə bircə günahsız olan varsa da, o da Tanrıdı. Onun adı Allah da, İlahi də, Yaradan da, ola bilər. Şairçün təkcə O var. Bütün bakir hisslərinin səbəbkarı, sahibi Odu. Hamıdan məhrəm, hamıdan yaxın, hamıdan doğma. Üsyanı da, küfrü də, duası da, küsü də, barışı da bircə Ona -Yaradanınadı.Çünki O hifz edəndi, O bağışlayandı, O sevgi bəxş edəndi. O həyatdı. Şair həm də bu boyda çətinliklərin arasında Onun Tanrılıq yükünün ağırlığından narahatdı:

 

      Düşündüm görən O neynir,

      Hardan tapır dincliyi?

      Gecə Ona, gündüz Ona,

     Saat Ona işləyir...

 

Əslində Yer də, Göy də, bütün kainat da Onun dizinin üstədi. Üstəlik mən, sən, o, biz və hər kəs. Hamımızın özümüzdən böyük günah şələmiz var və bu boyda günahı daşımağasa bircə Onun gücü çatır. Demək hamıdan güclü Tanrıdı. Bu kimi onlarla nümunə gətirmək olar Qulu Ağsəs yaradıcılığından. Onsuz da hamısı gedib Allaha söykənir. Sözün yaxasından tutub silkələyən şairçün söz də Onun diktəsidi. O göndərən, şair yaradandı. Hər iki yaradan işığa can atır. İşıqsa həmişə var. Təki görə biləsən.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

 

Məşhur braziliyalı musiqiçi Mario Bakuna gəlir

 

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq. 

 

Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. 

Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. 

 

Biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bir müddətlik fasilədən sonra yenidən şair Əlizadə Nuri qonağınızdır. 

 

Bir az sirr kimiyəm, xanım

Bir az aşikar kimiyəm.

Ovla məni, oxla məni

Mən də bir şikar kimiyəm.

 

Dil öyrətdi mənə quşum,

 O quşun qəmi qurğuşun.

Ərimədim… bir koğuşun

İçindəki qar kimiyəm.

 

Göydə tanrı gəzən quşam,

Yer üzündən qovulmuşam.

…Mən də bir az qurumuşam-

Qışa qalan nar kimiyəm.

 

Neçə dərdin adaşıyam,

Dağıdılmış dam daşıyam…

Qürbətə adam daşıyan

Üşüyən qatar kimiyəm.

 

Tək bir ahla dünya yanmış…

O gecə bir ağ yalanmış.

… Taxtı-tacı yağmalanmış

Zavallı xotkar kimiyəm…

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Rusiya Kinosu Günü ilə əlaqədar avqustun 27-də saat 20.30-da “Zagulba fm”də Bakıdakı Rus Evinin dəstəyi ilə rusiyalı və azərbaycanlı rejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində Kino məktəbinin direktoru Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi nümayiş olunacaq. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, filmdə gənc cütlük olan Kuznetsovların ailə həyatında baş verən böhrandan söhbət açılır. Ailədə kiçik qız böyüyür və onlar bu səbəbdən münasibətlərini qoruyub saxlamağa cəhd edirlər. Cütlük günü birgə, bütöv ailə kimi keçirmək qərarına gəlir və attraksionlar parkına yollanırlar. “Qorxu mağarası” adlanan attraksionun birində onların qızları müəmmalı şəkildə yoxa çıxır. Kuznetsovlar qızlarını axtarmaq məqsədilə yerli polis bölməsinə müraciət edirlər. Daha sonra cəfəng kabus başlayır: parkda belə attraksion aşkar edilmir. 

Təqdim olunacaq ekran əsərində rollarda Viktoriya Tolstoqanova, Sergey Qorobçenko, Nina Ruslanova, Viktor Kosıx və digərləri çəkiliblər. 

 

Şəkildə: Oleq Səfərəliyev

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Dostoyevskinin də dediyi kimi: "Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır."

 

Eləcə də təbii fəlakətlər, pandemiya, su və ya taxıl qıtlığı dönəmləri. Çətin vəziyyətlər insanları bir-birlərinə daha da yaxınlaşdırır. Qəhrəmanlar sülh zamanı və ya əmin-amanlıq dönəmində inkişaf etmir. Ən çətin anlarda, qaranlıq gecələrdə ən parlaq ulduzlar kimi üzə çıxır. 

Çətin dönəmlər insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir.

Onları bir-birinə hörmət etməyə məcbur edir.  Xeyriyyəçilik ən çox elə bu dönəmlərdə inkişaf edir. 

Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb üçün birləşdirir. 

Düşünürəm ki, insanlığı növbəti mərhələyə daşımaq üçün bu vacibdir:

Çətin zamanlar güclü insanları yaradır.

Güclü insanlar asan zamanları yaradır.

Asan zamanlar zəif insanları yaradır.

Zəif insanlar çətin zamanları yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-10-da Nizami Kino Mərkəzində keçiriləcək. 

 

Artıq festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 15:30

Günün fotosu: Moldova rus diplomatlarını ölkədən qovur

Günün fotosu: Moldova rus diplomatlarını ölkədən qovur

 

Foto: Reuters

 

Moldova hakimiyyəti Rusiya səfirliyinin Ştatlarını ciddi şəkildə azaltmağı əmr edib. Diplomatlar və onların ailə üzvləri xüsusi təyyarələrlə geri qaytarılırlar. 

Onlarla diplomat, habelə Rusiya Federasiyasının səfirliyinin texniki işçiləri və onların ailə üzvləri - cəmi 70 nəfər Moldova Respublikasını tərk etdilər. 

Bildirək ki, Moldovadakı diplomatik idarənin üçdə ikisini azaltmaq qərarı Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinin damında quraşdırılmış antenalarla bağlı son qalmaqaldan sonra qəbul edildi. 

Jurnalistlər nəzarət üçün istifadə edildiyi iddia edilən antenaların sayının artmasına diqqət çəkdilər. Rusiya Federasiyasının Moldovadakı səfiri Oleq Vasnetsov antenaların kəşfiyyat üçün deyil, rabitə üçün lazım olduğunu söylədi.

Bununla belə, moldovların sözü keçdi. İndi Rusiya əvvəlki Rusiya deyil axı. 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Gəncədən Lalə Həsəncanın bir xəbəri yer alıb. İdman və gənclik mövzulu bu xəbəri diqqətinizə çatdırırıq.

Gəncə Gənclər Evi və 2 saylı Gəncə Regional Asan Xidmət Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə könüllülərimiz arasında mini-futbol idman növü üzrə yoldaşlıq oyunu baş tutub.

Çətin mübarizə şəraitində keçirilən görüşdə Gəncə Gənclər Evinin könüllüləri qalib olublar.

Qalib könüllülərimizi təbrik edir, digər iştirakçılara isə təşəkkür edirik!

 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

 

 

Çərşənbə axşamı, 15 Avqust 2023 18:00

Ən çox oxunan: Marqot Robbinin 50 milyon dolları

 

Təbii ki, insanların əsas şakəri başqasının var-dövlətinin hesabını aparmaqdır. Ona görə də günün ən çox oxunan xəbəri yeniyetmələrin ağlını başından alan, yaşlıların isə beynini dəng edən “Barbi” filminin baş rol ifaçısı Marqot Robbinin qazancı barədə yayılan xəbər oldu. 

Əksər saytların paylaşdığı xəbərdə qeyd edilirdi ki, ekran əsərinin baş rol ifaçısı və prodüseri Marqot Robbi filmdən təxminən 50 milyon dollar qonorar qazanacaq.

Qeyd edək ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan film ABŞ və Kanadada 526, dünya nümayişindən isə 657 milyon dollar gəlir əldə edib.

Bütün rekordları bir pəmbə gəlincik qırmırmı, qırır.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

Dağ yəhudilərinin sıx məskunlaşdığı Qırmızı qəsəbə mənə güclü təsir bağışladı.

AzərTAC xəbər verir ki, bunu amerikalı jurnalist Kelvin Dark STMEGİ saytına müsahibəsində deyib.

 

O, bu yaxınlarda jurnalistlər qrupunun tərkibində Azərbaycanda olduğunu xatırladaraq deyib: “Bakı gözəl memarlığı ilə yaddaşımda qaldı. Qarabağda olmaq mənim üçün çox maraqlı idi. Biz işğaldan azad olunmuş bir neçə rayonda – Şuşa, Füzuli və Qubadlıda olduq. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, bu, məni heyran etdi.

Bundan başqa, müharibə vaxtı güclü raket zərbələrinə məruz qalmış Gəncəni ziyarət etdik. Dağıntıları gördüm, günahsız dinc sakinlərin, xüsusən də uşaqların ölümü barədə məlumat məni çox hiddətləndirdi”. 

Qubaya səfəri barədə danışan amerikalı jurnalist qeyd edib ki, Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə görüş onun üçün çox gözəl təcrübə olub: “Qırmızı qəsəbədə diqqətimi ən çox Dağ yəhudilərinin Tarix Muzeyi cəlb etdi. Mən Dağ yəhudiləri icmasının yaradılması, onların zəngin mədəniyyəti və ənənələrinin nəsildən-nəslə keçdiyi barədə çoxlu məlumat əldə etdim. Muzeydən çox təsirləndim, çünki o köhnə adət-ənənələri və tarixi yeni interaktiv eksponatlarla birləşdirir.

Gördüm ki, Azərbaycan ilə İsrail arasında əlaqələr genişlənib və daha da möhkəmlənib. Hesab edirəm ki, bu münasibətlər müsəlmanlarla yəhudilər arasında əməkdaşlığın gözəl nümunəsidir və bütün dünya buna diqqət yetirməlidir. Fəxrlə deyə bilərəm ki, müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi Azərbaycandadır", - deyə K.Dark vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.