Super User

Super User

Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət”

 

 

General, akademik, nazir, icra başçısı, deputat və s.

Fəhlə, çoban, süpürgəçi, xadimə, ofisiant və s.

Bu insanlar arasında fərq nədir?

Bioloji baxımdan heç nə. Nənəmin biədəb məsəlini mədəni formada desək, hər birinin iki gözü, iki qulağı vardır.

Ancaq, əksər insanlar dildə "mən heç kimə fərq qoymuram, insan insandır" desələr də, reallıqda, qarşılaşanda baş mənzərə müşahidə edilir.

İkinci qurupdan olanlar masaya və ya məclisə yaxınlaşında, heç kim vecinə almır, elə bil milçək gəlir. Birinci qurupdan olanlarla təmasda isə çaxnaşma, ürəkgetmə, gözparıldama, meymun gülümsəmələr yaranır.

Niyə belədir insan? Nə var titullu insanlarda ki, cazibə qüvvəsi yaradır?

Onların çoxu heç bilmir ki, akademik nə deməkdir, nə edib. Hə də ki, həmin titullu, vəzifəli insanlar onlara bu “xoş davranışlarının” müqabilində nə pul, nə də iş verəcək axı. Əslində heç adam yerinə qoymaycaq. Bə niyə onların başına yığışır, qapıdan boylananda əldən- ayaqdan gedir, yanlarında oturanda xoşbəxtlik hormonları aşıb, daşır? Kasıb yumor danışır, özünü ələ salırlarlar, birinci qrup isə gülümsəyəndə ona qoşulub, uğunurlar. 

Fb- da da belə hallar çoxdur, bir deputat milçək şəkili qoyur, tökülüşüb yazırlar bu PUADIR.

Ya bir tanınmışı nəsə yuxsunu qızdırmalı adam kim danışır, deyirlər bu poemadır...

Şəklini qoyur, yazırlar ki, " ALLAH qorusun", uğur olsun, hansı ki, adamın üstünə əzraylın kölgəsi gəlib çatıb, hələ bir faydası, uğuru yoxdu..

Təkcə vəzifə, titula yox, geyimə də fərq qoyurlar. Bir tədbirdəyim, qalstuk filanda. Qapının ağzında dayanmışdım, siqaret çəkirdim. Başqa şəxslər də vardı. Hamı gəlib birinci mənlə görüşürdü. Digərlər də qalstuk, pencəkdə idi, amma mən nədəsə elə bil tutuzdurmuşdum, tədbirə gələn mənə tərəf qaçırdı. Özüm- özümdən şübhələndim. Şabanı necə Tosun Paşa etmişdilər, əsgərlər ona salam verəndə qorxurdu, eynən elə. 

Bir az da özümü guya " bir işin yiyəsiyəm" kimi matah aparmağa başladım. Bu mənə bir yazıçı kimi bəzi məsələləri anlamaq, müşahidə  üçün lazım idi. Başçı, komitə sədri gəldilər, onlar da birinci mənlə görüşdülər...

Ya başqa bir misal. Bir yazar dostum vardı, fb-dən yazı və şəkillərdən zaddan elə bilirdi ünlü, " bir işin yiyəsi", ya elə filosof, dahi filanam. Mənlə elə danışırdı, "buyurun", "Siz", "müəllim", " üzr istəyirəm, sözünüzü kəsdim" və.s.

Bir dəfə onunla görüşəsi oldum, Elmlərin parkında. Gecikirdi, 10 dəfə üzr istədi ki, "probkada, tıxacdayam".

Gəldi, qalustukda, pencəkdə. Mən onu görürdüm, təngənəfəs, ora- bura vurnuxurdu. Mənə bir neçə dəfə baxdı da, amma yenə də məni axtarırdı.

Üzüm tüklü, üst başım toz- torpaq, köhnə paltar "yetimçə ya avara" günündəyim. 

Yaxınlaşdım, elə o andaca gözündəki təəssüf cinlərini gördüm. Könülsüz görüşdü. Bir az danışdıq. Çox loru, bəzən küçə jarqonu ilə, bəzənsə mənasız, məntiqsiz danışdım onunla.

"İşim var"  deyib, üzr zad istəməyib getdi. Ta üzr payını məni ünlü sayan vaxtlar, üzümü görməyəndə istəyib qurtarmışdı... Arxasınca baxdım, təəssüf yerişiydi, mən də rahat nəfəs aldım, elə bil onun boynundakı qalustuk məndə idi, getməyilə dartıb, çıxardılar.

Dəqiq elmləri az- çox bilirəm, amma insanlar niyə belədir, sualına cavab tapa bilmirəm.

Riyazi düsturlar, həndəsi ölçülər, kimyəvi formullar, fiziki qanunlar bu məsələni aça bilmir.

Görəsən yadplanetlilər varsa, onlarda da kasıb, vəzifəsiz, titulsuz, zəhirmara qalmış qalustuksuz, qırışmış üzünü gün qaraltmış, əli qabarlı insanlar yaddılar?

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində üç gün Şeir vaxtıdır, Yusif Mürsəlin şeirləri ilə tanışlıqdır. Bu gün ikinci gündür.

 

 

 

GÖRDÜM

 

Bircə yol çıxmadım sözündən sənin,

Yüz dəfə soruşdum özündən sənin.

Allah, niyə düşdüm gözündən sənin,

Səni sevməyimdə xətamı gördün?

 

Arazı qarğıdım Kür əvəzinə,

Göydə xəyal qurdum Yer əvəzinə,

Ocaq əvəzinə, pir əvəzinə

Elə hey anamla atamı gördüm.

 

Ahım axşam-sabah çıxsa da göyə,

"Xoşbəxtsən"dedilər, bilmirəm niyə,

Hər gün gecə-gündüz baxıb güzgüyə

Dünyada ən bədbəxt adamı gördüm.

 

 

KÖNLÜMÜ

 

Məni incitməkdən niyə doymursan?

Elə hey qırırsan şüşə könlümü.

Nə özün sevirsən, nə də qoyursan

Başqa bir sevdaya düşə könlümü.

 

Düşsə yüz borana, qara, ayaza,

Eşqimi qoymaram yolundan aza.

Mənim çiçək könlüm can atır yaza,

Sən elə çəkirsən qışa könlümü.

 

Bircə yol baxmadın gen pəncərədən,

Ələdin saçıma dən pəncərədən.

O qədər daş atdın sən pəncərədən,

Axırda döndərdin daşa könlümü.

 

 

QAPILAR

 

Niyə belə gec açılır

Bizə açılan qapılar?

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

 

Gözləyirik yana-yana

Səbrimiz yetdikcə sona.

Qırxa, əlliyə, doxsana,

Yüzə açılan qapılar.

 

Heç bilmirsən nədir dərdi,

Qovub namərd edir mərdi.

Barmağın sayı qədərdi

Düzə açılan qapılar.

 

Kim öyrədib bu sənəti,

Guya açılmağı çətin.

Hər gün açılır xəlvəti

Naza açılan qapılar.

 

Əriyirik ilmə-ilmə,

Oğulsansa, gəl bükülmə.

"Yuxarıdan"bircə kəlmə

Sözə açılan qapılar.

 

Səbir eyləyək deyə-deyə

Ah-naləmiz çıxdı göyə.

Qalmayıb halal çörəyə,

Duza açılan qapılar.

 

Niyə belə gec açılır

Bizə açılan qapılar?

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

 

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

 

Çərşənbə axşamı, 12 Sentyabr 2023 12:30

Ramiz Qusarçaylıdan Cığalı təcnis

 

Ustad şair Ramiz Qusarçaylı gələn ay Saxa-Yakutiyanın paytaxtı Yakutsk şəhərində keçiriləcək Beynəlxalq Poeziya Festivalına dəvət alıb. Qədim Turan ellərinə səfər ərəfəsində yazdığı “Cığalı təcnis”i şair “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşür. 

Onu da qeyd edək ki, müasir poeziyamızda “Cığalı təcnis” nümunələrinə nadir hallarda rast gəlinir.

 

 

Cığalı təcnis

 

Mənə gəl-gəl deyir Turan elləri,

Səsləyir Saxalar, Yakutlar məni.

Şair deyər tur anı,

Səfər anı, tur anı,

Yer Turandı, göy Turan

Ötür Turan Turanı.

Bir az gecikmişəm, bir az üzgünəm,

Gəlincə ya qınar, ya kutlar məni.

 

Hər yan qar dənizi, şam, ayı üzür,

Ağ göldə ağ balıq,şamayı üzür,

Şair deyər,şam,ayı,

Cəngəl meşə, şam,ayı,

Ağ işıqdı, bəyaz qar

Seçə bilmir şam ayı.

Üzür, öləziyən şam Ayı üzür, 

Üzməz işığında yakutlar məni.

 

Sibir iki məkan, iki Sibirdi,

Edamdı, sürgündü, iki sibirdi,

Şair deyər al taya,

Göy talada al taya,

Düzsəm, sığmaz dağlarım

Alp dağından Altaya

Nargindi, Sibirdi, ikisi birdi,

Tanıyır Saxalar-Yakutlar məni.

 

Qusarçaylı ağ çay, yol qara çaydı,

Dirənib yol qışa, yol qara, çaydı,

Şair deyər qara çay,

Qara məcra, qara çay,

Qovrulur dərd içində 

Uyğur, Çuvaş, Qaraçay.

Yol Tuva, yol Hakas, yol Qaraçaydı

Hifz edər Şamanlar, ya Kutlar məni.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “İrsimizi tanıyaq və qoruyaq” layihəsinin növbəti təqdimatı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi abidələrə həsr olunub. Qoruq haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.

 

Dövlət Xidməti xəbər verir ki, məlumatda bildirilir: dünya əhəmiyyətli Çıraqqala abidəsi (ümumi uzunluğu 120 km) divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa olunub. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər. Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.

Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerdən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamına əsasən, “Çıraqqala, 27 sentyabr 2003-cü il tarixli sərəncamla isə “Şabran” qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.

Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (1120-1190) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən uca bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir.

Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

“Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.

Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Hər vaxtınız xeyir olsun, istəkli oxucularımız. “Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında xoş gördük sizləri. Bu günün müsahibəsi Kubra Quliyevanın təqdimatında müasir Azərbaycan yazıçıları arasında qələmini məharətlə danışdıra bilib gənclərin sevimlisinə çevrilən, "Aciz qalan ulduzlar”, “XÇƏQ”, “Oğlan”, “Ən" və daha bir neçə əsərin müəllifi olan Məsudə Cabbarladır. Blits-müsahibəni nəzərinizə çatdırırıq. 

 

-Öncəliklə sizdən özünüzü qısaca tanıtmağınızı və bizə gələcəklə bağlı planlarınızdan bəhs etməyinizi istəyəcəkdim.

 

-Hər kəsə salam. Mən Məsudə Cabbar. 30 yaşım var, 9 ildir yazıçılıqla məşğulam. Ümumilikdə 7 kitab müəllifiyəm. Gələcəklə bağlı əsas hədəfim özümü və sənətimi mümkün olduğu qədər irəli aparmaq və daima yeniləməkdir.

 

-Sizcə, sizin əsərlərinizin qısa zamanda bu qədər sevilməsi və oxucu kütləsinə çatmasında əsas səbəb nə oldu?

 

-Zənnimcə, 9 il qısa zaman sayılmır, ilk kitabımdan etibarən kitablarım daima oxucuların maraq dairəsində olub. Ancaq çalışmışam heç zaman bu marağın sehrinə qapılmayım. Konkret səbəb göstərmək çətindir, ancaq düşünürəm ki, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var.

 

-Çox gözəl vurğuladınız. Elə isə özünüz mütaliə edərkən hansı yerli və xarici yazıçıların əsərlərinə üz tutursunuz?

 

-Bacardığım qədər yerli, gənc yazarların kitablarını oxuyuram. Əcnəbi yazarlar arasında qələmini sevdiyim bir çox yazar var. Ancaq daha çox elmi kitablar oxumağı sevirəm.

 

-Bu aralar geniş oxucu kütləsinə çatmış "Xoşbəxtliyə çatanda əldə qalanlar"kitabı xeyli maraq doğurmuşdu. Bəs siz özünüzü xoşbəxtliyə çatmış hesab edirsinizmi? Elə isə əlinizdə qalan nə oldu?

 

-Əslində bu mövzuda saatlarla danışmaq olar. Ancaq “X.Ç.Ə.Q” kitabında da qeyd etdiyim kimi, həyatda heç bir mövzuda yüzdə yüz sabit qalmaq mümkün deyil. Düşünürəm ki, hazırda həyatımda "məna axtarışı" illuziyasını dayandırdığım dönəmdəyəm. Bu səbəblə heç nəyi  itirmədiyim kimi, heç nəyi də tapmıram.

 

-Dəvətimi geri çevirməyib ünvanladığım suallara ətraflı cavab verdiyiniz üçün minnətdaram. Xeyirli günlər.

 

-Müsahibə mənim üçün də maraqlı oldu. Təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Çərşənbə axşamı, 12 Sentyabr 2023 11:45

POETİK QİRAƏTdə “Adsız”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Adsız” söyləyir.

 

 

Nə müddətdir gül üzünə baxmıram,

Daş inaddır aramıza hördüyün...

Bulaq olub, gözlərindən axmıram,

Həsrətimin gözləridir gördüyün...

 

Qabar oldu bu möhnətin əlləri;

Ta uzandı iliyəcən, qanacan.

Nisgil boğdu o bəxtəvər illəri

aylarından, günlərindən anacan.

 

Qəfil incik -- qollarımın zənciri,

Hər cəhdimdən çidarlanmış köhlənəm...

Bu "səbr"imlə qorxuram diri-diri

O gözəlin nəzərində "köhnə"ləm...

 

Kövrəlirəm şəklimizə baxanda;

Nə aləmmiş -- göz-gözəyik, baş-başa!..

Ayrılıqdır canım oda yaxan da;

Neçin "yad"am o bir olan sirdaşa?!.

 

Amansızmış xatirələr, İlahi!..

Adam duyub, andığından yanırmış!..

Yalan sözdür sönə çəkdiyin ahı,

Ah da ürək yandığından yanırmış...

 

Eşq nüftəsi olmayaydı elə kaş,

Olan qədri olmayanda bilirsən...

Bəbəyində dona sevinc, axa yaş,

Öldüm! -- deyib, ölməyəndə bilirsən...

 

...Darıxmışam sənlə qoşa izimçün,

Bu duyğunun sinonimi sevməkdir.

Bir-birindən gen dolanmaq bizimçün

ruhla bədən ayrılığı deməkdir.

 

Sığınmasa qəlb ülfətə, sınandı,

Həyatın hər sınağına şərik biz...

Qədəri bəxt qədərinin sanandı:

Birkən iki, ikilikdə birik biz!..

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Müasir musiqilərin geniş yayıldığı zamanda təəssüf ki, ürəyə yatmayanları da olur, musiqimizə yaraşmayanları da, lakin bizim gənclər yaratmağa meyillidir və o səbəbdən müasir musiqilərin içindən də yaxşıları vardır. Əksər gənclərin zövqü artıq korlansa da, əsil incəsənət ruhlu gənclərmiz də çoxdur.

Çox zaman, elə düşünülür ki, gənclər sadəcə müasir mahnılara daha çox meyillidir və klassikadan uzaqdır. Amma,  məncə, bu belə deyildir. Bəlkə də bu, insanın olduğu mühitdən asılıdır. Son zamanlar olduğum mühitlərdə gənclərin, hətta azyaşlıların klassik musiqilər dinlədiyinin şahidi olmuşam və düşünürəm ki, bunun bir səbəbi təbliğatdırsa, digər səbəbi də  zamandır... Məsələn, ailədəki böyükləriniz  klassik musiqilər, muğamlar dinləyə bilər, amma bunu həm dərk edəcəyiniz yaşda olmamanız, eyni zamanda həyatın hələ ağ səhifələrini yaşadığınız üçün sizlərə fərqli gələ bilər. Amma zamanla həyat öz mənfi qonaqlıqları ilə, yaxud çox xoşbəxt  hadisələri ilə həyatı dərk elətdirir və vaxtikən ailədə, ətrafda təbliğ edilən o janrlar artıq dərk edilir. 

Mən uşaqlıqdan bəri muğam dinləməyi çox sevmişəm, daha sonrakı illər isə klassikaya meyilim artıb, lakin bu o demək deyil ki, müasir üslubları dinləmirəm və dinlənilməməlidir, xeyr, indiki vaxtda da çox möhtəşəm musiqilər yaranır, sadəcə onları da seçib dinləmək lazımdır. 

İnsan övladı hər şeylə maraqlanmalıdır. Hərbi mövzuda olan musiqilər, məsələn hərbi marşlar da daima gəncləri cəlb edir, çünki 1-ci sinifdən belə silsilə tədbirlərdə onlar bizlərçün səslənilir, bizə vətənpərvərlik hissi ötürülür, əsasən də Vətən Müharibəsindən sonra belədir. 

Mən tək bir şeyə üstünlük verməyin tərəfdarı deyiləm və o səbəbdən sevdiyim musiqilər və janrlar müxtəlifdir. Lakin klassik musiqimizdən ən sevdiklərimdən Rəşid Behbudov və Şövkət xanım Ələkbərovadır.

Məncə, ruhunu qidalandırmaq istəyən hər kəs bu cür musiqiləri dinləməlidir. 

Ruhunuzu ac qoymayın, əmin olun ki, ən əsas, onun qidalanmağa ehtiyacı var.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr repertuarını açıqlayıb. Teatr builki 96-cı mövsümünü ayın 23-də səhər və axşam tamaşaları ilə açacaq.

Saat 12.00-də Kiplinqin “Mauqli”, saat 19.00-da isə İlqar Fəhminin “Balaca kişilər” tamaşaları nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında tamaşaya qoyulmuş eyni adlı tamaşanın premyerası 95-ci mövsümdə reallaşıb. 

“Balaca kişilər” teatrın ən çox rəy alan və ən çox bəyənilən tamaşaları sırasında yer tutur.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Keşməkeşli bir həyat yaşayıb. Dəfələrlə ölüm mələyi ilə üz-üzə dayanıb, onun bənzərsiz qoxusunu ciyərlərinə çəkib. Dörd yaşı olanda ağır xəstəliyə düçar olub. Bunu görən valideynləri uşaq sağ qalsın deyə, əhd edib adını dəyişiblər. Ölməyib, yaşayıb və bir gün 43 yaşında olarkən özünü dənizə atıb...

 

Deyir ki,- “Biilirsinizmi, insan intihara nə vaxt qərar verir? Yaşamaq ölümdən daha qorxulu olanda. Deyə bilmərəm, bu necə baş verir, amma onu yaxşı bilirəm ki, uğursuz intiharların hamısı sonradan insanın həyatında dəyişikliklərə səbəb olur.  Mən anları yaşayan adamam. Nə istəsəm, eləmişəm. Şair üçün həyatında ekstrimal anları yaşamaqdan daha gözəl heç nə ola bilməz. Nəsiminin dediyi kimi:- Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm...”

 

Məcara dolu belə anlar onun həyatında çox olub, amma heç vaxt sonradan onlar haqda düşünməyib. Bəlkə də “dostluq” etdiyi şəkər xəstəliyilə əlaqədardır, bilmirəm, axı bu azar adamda yaddaş problemi də yaradır...

 

“Mən bütün həyatımı nigarançılıq içində yaşamışam, elə indi də belədir. Anları yaşamaq cəhdim də bu nigarançılıqdan qurtulmaq üçündür. Nigarançılıq da dünyadakı ən ağır duyğudur. Bütün türk dünyası məni tanıyır, amma bu məşhurluq da məni xoşbəxt edə bilmədi. Hərənin həyatda bir missiyası var. Mənim missiyam yazmaq, türkçülüklə, milliyətçiliklə bağlıdır və bu missiyada xoşbəxt olmaq yoxdur. Belə də ki, xoşbəxtlik nisbi anlayışdır, hər kəs bir cür qələmə verir.”- söyləyir...

 

Haqqında söhbət açdığım Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra, orta təhsilini Cəfər Cabbarlı adına Biləv kənd məktəbində başa vurub. Bir il Behruddakı kolxozda işləyib. Daha sonra Naxçıvan Dövlət Pedaqoji institutunun Tarix-ədəbiyyat fakültəsində ali təhsilə yiyələnib və oranı fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib, rayon muzeyində elmi şuranın üzvü kimi çalışıb. 1984-cü ildən Bakıda yaşayır. 1986-1990-cı illərdə "Yazıçı" nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində işləyib. Həmçinin bir müddət də Sabir Rüstəmxanlının rəhbərliyi altında nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərib. Sovet dönəmində fikir və düşüncələrinə görə təqib olunub və həbsxanada yatıb...

 

Deyir ki,- “Həbsxanada yatmağı heç vecimə də almadım. Düzgün yolda olduğumu yaxşı bilirdim. Mən ölümün gözünə dik baxmağı bacarıram. Doğrudur, hər adamın bir əbədiləşmək istəyi var. Şairlərin də xüsusilə. İstəyirlər bütün zamanlarda onlardan yazsınlar, onlar haqqında düşünsünlər. Ona görə, bəzi şair və yazıçılar yalandan danışırlar ki, mən ölümdən qorxmuram- filan. Ancaq mən bir neçə dəfə ölümü yaxından gördüyüm üçün həqiqətən də buna öyrəşmişəm...”

 

Verdiyi qərarlar çox ciddi olur. Gördüyü işlər ağıl və məntiqə söykənir. Nizam-intizamı və dürüstlüyü sevir. Otuz ilə yaxındır ki, “sehirli qutuda” verilişlərə getməkdən imtina edib. AzTv-də ümumiyyətlə heç vaxt görünməyib... 

 

“Məni müxalifətçi bilirdilər deyə, dəvət etmirdilər. İndi də elə bilirlər. Keçən dəfə “Mədəniyyət” kanalından çağırmışdılar, orada təqdimatımı yazanda dedim, sadəcə adımı yazın, heç bir mükafat- filan qeyd etməyin, xalq məni tanıyacaqsa, elə adımla tanısın. Mənim üçün adlar, mükafatlar dəyərli deyil. Məsələn, bu gün “xalq şairi” adının mənim aləmimdə heç bir dəyəri yoxdur. Hər gün efirə çıxan xalq şairləri məndən daha məşhurdurlar, ya məndən daha çox sevilirlər? Mənim kitabım daha çox satılır, ya onların? Xeyr, istəmirəm. Versələr də qəbul etmərəm. Mənim öz ölçülərim var. Arxasında yaradıcılıq olmayan ad, mükafat kimə lazımdır? Bir də ki, Azərbaycan ədəbiyyatında nümunələr var da. Məsələn, Əkrəm Əylisli nümunəsi. Deməli, verilən bir şeyi səndən geri də ala bilərlər. Ona görə də belə şeylərə can atmaq axmaqlıqdan başqa bir şey deyil.”- söyləyir...

 

Bəli, bütün ömrünü ədəbiyyata həsr etmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə ötən əsrin yetmişinci illərində başlayıb. Əlli ildən çoxdur ki, bu yoldadır. İlk şeirini orta məktəbdə yazıb. Sonradan şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edib. O, öz yaradıcılığında həmişə türkçülük və dərviş fəlsəfəsinə üstünlük verib. "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi", “Qızıl alma", "Məzarlıqda bitən yovşan" şeir kitablarının və "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Beliçkada, Türkiyədə, İranda, Avstriyada, Almaniyada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazdığı "Salam, dar ağacı" şeiri isə müstəqillik ərəfəsində, Azərbaycanda vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir...

 

Sentyabrın 12-də xalqın sevimli şairi, xalqının - şairi Rüstəm Behrudinin 66 yaşı tamam olur.

Düşündüm ki, bu münasibətlə onu duyduğum, anladığım qədər vəsf edim, ömür yoluna işıq tutum. Nə qədər bacardımsa bilmirəm.

Söhbətimi şairin “Mən qəm yolçusuyam” adlı şeirindən bir parçayla bitirrmək istəyirəm və ona möhkəm cansağlığı, firəvan həyat arzulayıram:

 

“Məni anlayan yox, məni duyan yox,

Başını itirmiş bu yer üzündə.

Bu cür təkliyimdə, tənhalığımda,

Mənəm bu dünyanın sonu, əvvəli.

Nə axır bilinir, nə də ki əzəl,

Oturub bir qərib çölün düzündə.

Elə bu təkliyə, bu tənhalığa

Ürəkdən qurd kimi ulamaq gözəl...”

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Çərşənbə axşamı, 12 Sentyabr 2023 10:45

Otuzuncu İzmir Avropa Caz Festivalının proqramı açıqlanıb

Türkiyənin İzmir şəhərində keçiriləcək 30-cu İzmir Avropa Caz Festivalının ilk konsert proqramının tarixi açıqlanıb.

 

Anadolu agentliyi xəbər verir ki, İzmir Mədəniyyət, İncəsənət və Təhsil Mərkəzi tərəfindən bu il 30-cu dəfə təşkil edilən festival sentyabrın 14-də Ömür Göksəlin ifasında “Frank Sinatra mahnıları” konserti ilə başlayacaq.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək festivalın sonunda mərhum türk caz trubaçısı Maffy Falayın həyatından bəhs edən sənədli film nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.