Super User

Super User

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

 

Nazirlikdən bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Cümə axşamı, 21 Sentyabr 2023 14:00

Yerdəki zibillər

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Hərbi xidmətdə ikən onların başlarına bir hadisə gəldi. Komandir zabitlərin yerə atdığı bütün siqaret kötüklərini əsgərlərə təmizlətdirdi.

 

Bu hadisədən sonra:

1. Heç vaxt yerə zibil atmayan əsgər düşündü ki, "onsuz da yerə zibil atsam, mənim əvəzimdən kimsə onu yığışdıracaq."

2. Həmişə yerə zibil atan əsgər düşündü ki, "bu mənim üçün bir dərs olsun. Mənim yerə atdığım zibili niyə başqası təmizləsin?!"

3. Heç vaxt yerə zibil atmayan başqa bir əsgər heç nə düşünmədi və heç vaxt yerə zibil atmadı.

4. Həmişə yerə zibil atan başqa bir əsgər də heç nə düşünmədi və bu vaxtdan sonra da yerə zibil atmağa davam etdi.

5. Kənardan baxaraq zibilləri yığan bir əsgər hadisələri müşahidə edərək analiz etməyə başladı və yazıçı oldu. Yazıçı oldu ki, müşahidələrini bütün insanlara çatdıra bilsin. Pisi də göstərdi, yaxşını da. Zalımlardan da danışdı, xeyirxahlardan da.

Bizim necə bir insana çevrilməyimiz başımıza gələn hadisələrə görə deyil, o hadisələrə nə cür reaksiya verməyimizdən asılıdır. 

Həyatınızı dəyişə bilmək üçün baxış bucağınızı dəyişin.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Futbol ictimaiyyəti onu Azərbaycan Premyer Liqasının ən iddialı oyunlarını idarə etməsi ilə tanıyır. Lakin futbol hakimlərinin futboldan kənarda hansı peşənin sahibləri olduqlarını, hansı maraqları və zövqləri olduqları çox zaman geniş auditoriyaya qapalı qalır. İctimaiyyət üçün qapalı olan futbol hakimlərimizin ədəbiyyatla arasının nə dərəcədə yaxın olmasından çox az adamın məlumatı olduğu üçün hər kəsə aysberq kimi görünən bu idman növünün hakimlərinin həyat və məşğuliyyətləri bir çoxumuza maraqlıdır. Məhz bu diqqət və maraq onları bizim üçün daha da sirli və dəyərli edir. Elə isə gəlin Milli Dərəcəli Hakim Kamal Umudlunu futboldan kənardakı zövq və məşğuliyyətlərini daha yaxından tanıyaq.

 

- Futbola və idmana olan sevginiz sonsuzdur. Bəs ədəbiyyatla aranız necədir? Hansı janrda olan kitabları sevirsiniz?

 

- Futbolla paralel olaraq ədəbiyyata olan marağım da az deyil. Ən çox bioqrafiya və şəxsi inkisaf, motivasiya ilə bağlı olan kitabları oxumağı sevirəm.

 

- Ən sonuncu oxuduğunuz kitab hansıdır?

 

- Ən son James Clear-in "Atomic habbits" kitabını oxumuşam. Tərcümə prosesi bütün kitabları olduğu kimi çatdırmadığı üçün kitabı öz yazı dilindən oxumağı daha çox uyğun hesab edirəm.

 

- Yerli, yoxsa xarici yazarların kitablarını oxumağa üstünlük verirsiniz?

 

- Düzünü demək olarsa, oxuduğum janrlara uyğun olaraq Azərbaycanlı yazıçıların çox kitabları olmadığına görə daha çox xarici yazarlara üstünlük verirəm.

 

- Sonuncu izlədiyiniz film hansı olub?

 

- "Last Kingdom Seven Kings Must Die". Vikinglər haqqında olan film idi.

 

- Bəs ən çox sevdiyiniz və sizə nəsə qatdığını düşündüyünüz film hansıdır?

 

- Ən çox sevdiyim film isə "V For Vendetta" filmidir.

 

- “V For Vendetda” filmində sizin diqqətinizi çəkən və sizə bu filmi sevdirən hansı nüanslar olmuşdu?

 

- Filmdə diqqətimi çəkən nüanslar çox idi. Əslində o filmin mövzusu tamam fərqlidir, lakin mənim götürdüyüm dərs bu oldu ki, bu həyatda hər zaman mübarizə aparmaq lazımdır, doğrularla yaşamaq, doğruları demək və ən əsası istədiyimiz hər şeyi asanlıq və ya çətinlik dərəcəsinə baxmadan əldə edə bilmək. İnsanda hər zaman istədiyini əldə etmək arzusu olur. Biz həmişə o arzu ilə yaşamağı bacarmalıyıq. Yəni bir şey bacarmağın yarısı onu istəməkdir. Yəni o işin asanlığının, çətinliyinin heç bir fərqi yoxdur. Bir işi ürəkdən istəyib əzmkarlıq göstərdikdən sonra o uğuru qazana bilərik.

 

-  Musiqi zövqünüz necədir? Hansı janr musiqiləri dinləyirsiniz?

 

- Əslində, janr olaraq daha çox pop musiqisi dinləyirəm, amma bəzən Rap, Rock, Reggy stilində musiqilərini də dinləməyi sevirəm.

 

- Sizcə, musiqi ruhu qidalandırır, yoxsa insanın əsas diqqətini yayındırıb onu tamam fərqli bir dünyaya aparır?

 

- Birinci variant mənim təbiətimə daha çox uyğun gəlir. Musiqi ruhu qidalandıraraq insanı fərqli bir dünyaya aparır.

 

- Və son olaraq incəsənətin hansı sahəsində özünüzü daha yaxın hiss edirsiniz?

 

- İndiyə qədər heç zaman özümü incəsənətin hansısa sahəsində təsəvvür etməmişəm. Kütlə qarşısında olmağı çox da sevən biri deyiləm. Əslində hakimlik də kütlə qarşısında görülən işdir, sadəcə tək fərq özünün fanat kütlənin olmamasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 19 sentyabr 2023-cü ildə başladığı lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirən zaman gizir İlham Şəmsiyev Qəhrəmancasına Şəhid olub. 

“Ədəbiyyat və incəsənət” portalı “Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Səbinə Yusifə istinadən xəbər verir ki, Şəhid İlham Şəmsiyev bu gün - 20 sentyabrda doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində izdihamla torpağa tapşırılıb. 

Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, DİN-nin əməkdaşları, tibb işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının əməkdaşları, AYB-nin Qazax zona filialının və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəsmi nümayəndələri, ziyalılar, media nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. 

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri dəfn mərasimində iştirak edərək Şəhidin ailəsinə, doğmalarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından baş sağlığı çatdırıblar. 

Allah rəhmət eləsin. Bir də xalqımız Şəhid xəbərindən sarsılmasın.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

 

Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başladı və uğurla sona yetirdi. Görünən odur ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddidir. 

Yaranmış vəziyyətlə bağlı “Ədəbiyyat və incəsənət” portalı siyasi şərhçi Yunus Oğuzun şərhini diqqətinizə çatdırır. 


1.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirməsinə səbəb nə oldu?

Ermənistanın himayə etdiyi Qarabağdakı terrorçu təşkilatlar Azərbaycan dövlətinə, Azərbaycan ordusuna heç bir şans buraxmadılar. Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri iki dəfə danışıqlara dəvət etsə də bundan imtina etdilər, ermənilərə göndərilən humanitar  yardımı qəbul etmədilər, ən nəhayət terror aktı törətməyi rəva bildirlər. Bu terror aktı nəticəsində 2 mülki vətəndaş və 4 polis əməkdaşı şəhid oldu. Qanunsuz seçki keçirdilər. Bu faktlar bir daha əminlik yaratdı ki, qanunsuz erməni silahlı dəstələrini yalnız antiterror tədbirləri ilə zərərsizləşdirmək olar. Əslində bu lokal xarakterli antiterror tədbirləri 9 noyabrda imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəasının həyata keçirilməsidir. Üç il idi ki, biz buna dözürdük. 30 il BMT, ATƏT-in Minsk qrupu bizi aldadaraq başımızın altına yastıq qoydu, indi də  3 ildir ki, eyni proses davam edir. Erməni tərəfi ən müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan yayınır. Gah müəyyən şərt irəli sürürlər, gah statusdan danışırlar, gah da təhlükəsizlik məsələsini ortaya atırlar. Yəni, müxtəlif bəhanələrlə mövcud status kvonu hələ bir 30 il də uzatmaq istəyirdilər. Təbii ki, BMT-nin qərarlarını həyata keçirən bir ordu, Ali Baş Komandan üçtərəfli Bəyanatın da şərtlərini icra etməyə qadirdir.

2.
Azərbaycanı antiterror tədbirləri keçirməkdə qınayanlar da var.   

Keçən il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Həmin bəyannamənin şərtlərindən biri də antiterror tədbirlərinin keçirilməsilə bağlıdır. Sənədin 18-ci maddəsində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Həmçinin 9 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, bölgədə Rusiya sülhmərmalılarının yerləşdirilməsilə paralel olaraq erməni silahlı birləşməlri ərazini tərk etməlidirlər. Lakin 3 ildir ki, erməni silahlı birləşmələri ərazidən çıxarılmır. Əksinə, getdikcə xarici ölkələrin dəstəyi ilə həmin silahlı birləşmələr və separatçı rejim daha da həyasızlaşır. Bunun da cavabı antiterror tədbiri olmalı idi. Hazırda Azərbaycan 9 noyabr Bəyanatının şərtlərini yerinə yetirir. Burada söhbət mülki vətəndaşlara qarşı tədbirlərdən getmir. Vaxtilə Nardaranda da antiterror tədbiri keçirilib. Deməli, Azərbaycanın istənilən ərazisində dövlətin təhlükəsizliyi üçün təhdid yarandıqda antiterror tədbiri keçirilə bilər. Hardaki, Azərbaycanın dövlət təhlükəsiziliyi üçün təminat yoxdur, haradaki ölkənin ərazi bütövlüyünün parçalanmasına təhdid var, orada belə tədbirlərin keçirilməsi normal haldır. Azərbaycan Prezidentinin ABŞ dövlət katibi Blinkenlə telefon danışığından da belə başa düşdük ki, erməni silahlı birləşmələri ağ bayraq qaldırırlar, silahları təhvil verirlər, bundan sonra antiterror tədbirləri dayanır. Ali Baş Komandan hətta Blinkenə bunu deyibsə, deməli, antiterror tədbiri axıra kimi gedəcək. Azərbaycan icazə  verə bilməz ki, öz ərazisində "boz zona" yaransın. Dünyada belə zonalar çoxdur ki, onu böyük dövlətlər, imperiyalar yaradırlar. Lazım olan vaxt o "boz zona"ları işə salırlar. Biz o "boz zona"nı istəmirik. Odur ki, uğurlu antiterror tədbirləri aparılır.

3.
Makron Paşinyanın müraciəti əsasında söz verib ki, BMT-də bu məsələni qaldıracaq. Belə halda Azərbaycanı nə gözləyir?

Makronun BMT-də məsələ qaldırması ilə Azərbaycanı heç nə gözləmir. BMT-nin iclası 22 sentyabrda bizim vaxtla gecə yarısı olacaq. Biz isə məqsədimizə çataraq o vaxta qədər antiterror tədbirlərini başa çatdıracağıq. 44 günə İkinci Qarabağ müharibəsini qurtardıq, çox güman ki, 44 saata da bunu bitirəcəyik. Azərbaycanı ona görə heç nə gözləmir ki, faktlar ortalıqdadır. Qarabağda silahlı birləşmələr var, Azərbaycan ərazisinə qanunsuz silahlar daşınır, terror aktları törədlilir və sair. Bunlar Azərbaycan dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qəsddir. Makron ermənilərə yaxşı görünmək üçün bu addımları atır. Əvvəl "humanitar fəlakət" məsələsini ortalığa atmışdı, indi də çox güman ki, "etnik təmizləmə" məsələsini qabardacaq. Əslində isə bunlar hamısı məqsədli şəkildə edilir. Lakin bunun Azərbaycana heç bir təsiri ola bilməz. Ən yaxşı halda bir bəyanat veriləcək ki, atəşkəs təmin olunsun, dialoqa başlansın. Biz isə bu dialoqu dəfələrlə erməni tərəfinə təklif etmişik. Hətta Azərbaycan ərazisindəki silahlı birləşmə üzvləri üçün amnistiya da elan olunub. Sözsüz ki, bu amnistiya separatizmi qızışdıranlara, dövlətə qarşı cinayət törədənlərə şamil edilməyəcək. Elə onları qorxudan da budur. Separatçıların içərisində ən hiyləgəri Arayik çıxdı. Pullarını yığdı, istefa verdi, bəlkə də heç Xankəndində də yoxdur. Rusiya sülhməramlılarının xətti ilə oranı tərk edib. Çünki o bildi ki, artıq antiterror tədbirləri labüddür. Vardanyan isə çıxa bilməyib, ilişib orada qalıb. Ona da cinayət işi açılıb ki, sən Qarabağ, Ermənistan vətəndaşı da deyilsən, Rusiya vətəndaşı olaraq bu ərazidə nə edirsən?

4.
Qarabağın erməni əsilli vətəndaşları ilə reinteqrasiya məsələsində razılığa gəlinməsini mümkün hesab etmək olarmı?

Əslində, ermənilərin qanında bizə qarşı nifrət hissi var. Elə bu səbəbdən də hansı ərazi boşalırsa, orada evləri yandıraraq tərk edirlər. Şuşaya mina atırlar, tarixi abidələri dağıdırlar, flora və faunanı məhv edirlər. Bunlarla razılığa gəlmək  mümkün deyil. Odur ki, Azərbaycan tərəfi bəyan edir ki, kim bizim qanunları qəbul edib yaşamaq istəyirsə buyursun. Yəqin ki, sadə, kasıb ermənilər, əli qana batmayan, azərbaycanlılara qarşı cinayətdə iştirak etməyən şəxslər qalacaq. Əksəriyyət isə çıxıb gedəcək. Artıq bunun üçün müvafiq dəhliz də açılıb. Burada heç bir halda etnik təmizləmədən söhbət gedə bilməz. Çünki etnik təmizləmə insanları öldürmək deməkdir, onların çıxışı üçün dəhliz açmaq yox. Bakıda 30 min erməni ailəsi yaşayır, etnik təmizləmə siyasəti aparsaydıq, elə bunları Bakıdan çıxarardıq da. Onlar bilmirlər  nə desinlər.

5.
Antiterror tədbirlərinin nəticəsi olaraq sülh müqaviləsinin bağlanması gözlənilirmi?

Antiterror tədbirləri bitsin, Xankəndində Azərbaycan bayrağı dalğalansın, Paşinyan da etiraz aksiyalarından canını qurtara bilsə, dərhal sülh müqaviləsi imzalanacaq. Paşinyan da gözəl başa düşür ki, Ermənistanın inkişafı Qarabağın buxovundan azad olmasından keçir. Amma radikallar, revanşistlər bunu başa düşmək istəmirlər. Çünki mövcud vəziyyətdən pul qazanırlar. Burada Rusiya, Fransa, Avropa, Amerika marağı var. Məlumdur ki, Rusiya Paşinyanı cəzalandırmaq istəyir. Mən elə belə demədim ki, "Paşinyan bu vəziyyətdən salamat çıxsa". Medvedevin sözünü xatırlayaq. Deyirdi ki, Paşinyanın arvadı gedib Ukraynada peçenye paylayır. Bunlar təsadüfi deyilmiş sözlər deyil. Paşinyanın bu kimi addımları, Amerikanın Ermənistanda hərbi təlim keçirməsi Rusiyaya od vurub. Ermənistanın hər şeyi Rusiyanın əlindədirsə, ondan necə imtina etmək olar? Amma mer seçkilərində Paşinyanın partiyasının 32 faiz səs toplaması deməyə əsas verir ki, hələ də ölkədə onun dayaqları var. Ona görə deyirəm ki, Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalayacağıq.
Artıq məğlubiyyətin əsaslarını görən, heç bir yerdən siyasi və hərbi dəstək, o cümlədən silah-sursat ala bilməyən qeyri-qanuni hərbi birləşmələr ağ bayraq qaldırdılar. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə razı oldular. Sabah da Yevlax rayonunda görüş keçiriləcək. Azərbaycanın bütün şərtləri  həyata keçəcək. Sadəcə silahların təhvil verilməsi, qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisini tərk etməsi üçün vaxt tələb olunur. Çox güman ki, bunun üçün də razılaşdırılmış qrafik müəyyən ediləcək.

“Ədəbiyyat və incəsənət”
(20.09.2023)

Günün fotosu: Dünya Azərbaycanlılarının  Beynəlxalq Fondu Forum keçirdi

 

Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.
Forumda tanınmış şair, SÖZ layihəsinin rəhbəri Nigar Həsənzadə də iştirak edib.

“Ədəbiyyat və incəsənət”
(20.09.2023)

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Cığatay ədəbiyyatının formalaşması  

 

Türküstanda XIV əsrdən XIX əsrə kimi davam edən ədəbiyyata Cığatay ədəbiyyatı deyilib. Bu adın vərilməsinin səbəbi Çingizin ölümündən sonra yaratdığı imperiyanın Cığatay, Elxanlı, Qızıl Orda olmaqla üç yerə parçalanması nəticəsində Cığatay Xanın hakim olduğu torpaqlarda istifadə olunan yazı dilinə "Cığatayca" şəklində ad verilməsiylə bağlıdır. Cığatay Türkcəsi və Cığatay ədəbiyyatı terminlərini də ilk dəfə Armin Vambary 1867-ci ildə çap etdirdiyi əsərində işlədib, o vaxtdan bəri də bu ad davam etdirilib. 

 

Özbək ədəbiyyatı Cığatayca olan ilkin məhsullarını XV və XVI əsrlərdə verib. Bu çağdakı ədəbiyyatın ən önəmli nümayəndələri də Uluğ Bayin saray şairi Səkkaki, Heydər Xarəzmi, Lütfi, Əlişir Nəvaidir. Əlişir Nəvai, klassik Özbək ədəbiyyatının ən böyük şairi olmaqla yanaşı Türk ədəbiyyatı və mədəniyyətinin ən görkəmli nümayəndəsidir. 

 

Əlişir Nəvainin həyatı/ Türk dilində ilk “Xəmsə”  

 

Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçib. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazıb. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını şeirlər toplusunu hazırlayıb. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı. 

Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeirsənət adamlarının diqqətini qazanıbmış. Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir. 

Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilindә “Xәmsә” yaradıldı.  

Onun yaradıcılığının zirvəsi, sözsüz ki, “Xәmsә” dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib. “Xәmsә”yә daxil olan “Möminlәrin heyrәti”, “Fәrhad vә Şirin”, “Leyli vә Mәcnun”, “Yeddi sәyyarә”, “Sәddi-İsgәndәr” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib. Şairin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi qiymətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.

Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.

Məlumdur ki, keçən dövr ərzində acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövləti mənfur məqsədlərinə nail olmaq üçün bütün insanlığa zidd addımlarla, mülki şəxsləri qəsdən hədəfə almaqla minalama siyasətini həyata keçirir. Azərbaycanın dövlət sərhədləri çərçivəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bunun bariz nümunəsidir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis işləri ilə təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

19 sentyabr 2023-cü il tarixində Azərbaycanın müzəffər Ordusu üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Həyata keçirilən antiterror tədbirlərinin böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisna edilmir. Belə ki, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar həyata keçirən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi bir daha son dərəcədə ehtiyatlı olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə, yaşadığınız ölkənin hüquq-mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki müvafiq qurumlarına və Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edir”.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Çərşənbə, 20 Sentyabr 2023 15:00

Qələmimizdən od püskürəcək - ESSE

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Suyunu içib çörəyini yediyimiz torpaqlar bizlərə Allahın əmanətidir. Əmanəti qoruya bilmiriksə, deməli, ona xəyanət etmiş sayılmırıqmı?

Bizlər bu torpağın insanlarıyıq, əyrisiylə,  düzüylə bizlər yaşayırıq bu torpaqlarda. Ona görə də müharibə insanları bir-birinə bağlayır. Çətin anlar bizi birləşdirir və bizlərin necə güclü olduğunu bizə göstərmuş olur. İtkilər olub, olacaq. Qanadı qırılanlara, evi dağılanlara bizlər sahib çıxmalıyıq. Yoxsa bizim bizdən başqa kimimiz var ki? 

 

Müharibəyə qarşıyıq, buna görə də hər zaman döyüşə hazır olmalıyıq.   

Bəlkə də bunlar da yetmir, dəstək olmalıyıq. Ən zəiflərimizə belə silah tutmağı öyrətməliyik. Bizlər o vətənin oğullarıyıq ki, Nigarları Koroğlunun yanında at belində döyüşüblər. Təbii ki, bu o demək deyil ki, qadınları qabağa verib onların döyüşməyinə göz yummalıyıq. Dişi qurdun dişlərindən də qorxmaq lazımdır. Bizim qadınlar dişi qurddur. Bəlkə də bir aslan. Hansı ki, aslanın erkəyi dişisi olmaz deyiblər. 

Bizlər son qanına kimi döyüşən millətin övladlarıyıq. Bu yolda əsgərlərimiz cəbhədə döyüşərkən, qələm adamlarımızın da qələmindən od püskürəcək. Qələmimiz beyinləri deşəcək. Bizim silahlardan bəlkə də qəlpələr saçmayacaq. Lakin qərənfillər açacaq. Hər şəhid ailəsinə yazdığımız bir qərənfil, bəlkə onların acılarını dindirmədi, ancaq gələcək nəsillər bu yazdıqlarımızı oxuduqca başa düşəcək ki, cəbhədəki əsgərlərimiz qarda, çovğunda hansı əziyyətlərdən keçib, hansı zülümləri yaşayaraq ayaqda dim-dik durmağı bacarıb. Bizim yazdıqlarımız sadəcə bir qərənfil olub şəhid təsəllisi olmayacaq. Həm də bir toxum olacaq, yeni beyinlər üçün bir fidan olacaq. Hansı ki, o fidan böyüdükcə bizim fikirlərimizi formalaşdıracaq. Ədəbiyyat müəllimim olan Habil Yaşarın bir sözü var idi, "Sağlam bədəndə sağlam ruh olar deyiblər. Mən isə deyirəm ki, sağlam ruhda sağlam bədən olar"! Həqiqətən də belədir, əgər sənin ruhun sağlamdırsa, sonadək ayaqda dim-dik durmaq gücünü özündə tapacaqsan. Və son olaraq yazdıqlarımız bir güc olacaq. Hansı ki, ən çətin anlarda onu oxuyan əsgərlərimiz belə bu misraları xatırlayıb son nəfəsinədək bu torpaqları qoruyacaq!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.