
Super User
SİZƏ MƏKTUB VAR: Görməzdən gəlib düşünmədiyiniz birindən…
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Salam!
Bilirəm indi sənə çox maraqlıdır ki, görəsən mən kiməm və bu məktubu sənə haradan və niyə yazıram.
Kim olduğumu məktubu yazdıqca anladacağam.
Haradan yazdığıma gəlincə isə bu məktubu sənə bir ünvandan yazmıram. Çünki mən eyni anda dünyanın bir çox yerindəyəm. Və mən dünyanın hər yerində eyniyəm. Mən dünyanın hər bucağında günahsız, hər qarışında məsumam.
Mən hər bir insanın ruhunda bir az varam əslində. Doğrudur, ola bilər, hər insan içindəki məni hələ kəşf etməyib. Elə insanlar var ki, onlar içindəki mənin varlığından xəbərsizdirlər. Elə insanlar var ki, onlar içindəki məni daima ruhlarında yaşadırlar. Və elə insanlar da var ki, onlar içindəki məni çoxdan öldürüblər və yaxud da kimsə onların içindəki mənin ölümünə səbəb olub.
Amma ümid edirəm ki, sən içindəki məni tapmısan və onu daim yaşadırsan, yox əgər tapmamısansa da inanıram ki, bu məktub vasitəsi ilə tapacaq və hər zaman yaşadacaqsan.
Onu deyim ki, dünyanın heç bir yerində mənim nə milliyyətim nə də cinsiyyətim olmaz. Mən hər yerdə eyni olaram.
Müdafiəsiz və silahsız. Kinsiz və plansız.
Fəqət mən bir tarla torpağı kimiyəm ki, mənə nifrət əksələr kin biçəcəklər, çiçək əksələr gülşən olaram.
Halbuki mən kin bitirmək istəmirəm, mənə nifrət əkməyin. Mən çiçək bağçası olmaq istəyirəm, mənə qanqal toxumu səpməyin.
Elə çox istəyim də yoxdur əslində.
Mən dünyanın bir bucağında kimsəsizəm və bir ailəm olsun istəyirəm.
Dünaynın başqa bir bucağında isə mən var olan ailəmin həmişə mənim yanımda qalmasını istəyirəm.
Afrikada, Yəməndə mən sadəcə bir parça çörək və su istəyirəm.
Suriyada, Fələstində, Ukraynada,Türkiyədə, Azərbaycanda, İranda, İraqda mən müharibələrin bitməsini istəyirəm.
Bir çox yerlərdə isə mən sadəcə oxumaq və təhsil almaq istəyirəm.
Deyirlər ki, bir gün müharibələr uşaqlara uduzacaqmış, elə eşitmişəm.
Mən o günü görməyi elə çox istəyirəm ki.
Amma təssüf ki, mənim vaxtım azdır.
O günü görmək üçün mənim zamanım yetməyə bilər.
Axı mən bir çox yerdə ac, bir çox yerdə isə xəstəyəm.
Bir çox yerdə mənə soyuqdur, mən üşüyürəm.
Mənə qida və dərman lazımdır.
Mən bir çox yerdə yalın ayaq gəzirəm, çünki mənim ayaqqabılarım yoxdur.
Bir çox yerlərdə isə mən istismar olunur, şiddət görürəm.
Mən dünyanın bir çox yerində atılmış, bir çox yerində isə heç doğulmamış məhv edilmişəm və bir çox yerdə yaşam mücadələsi verirəm.
Kirli olsa da gəl tut bu balaca əllərimdən. Bu kir bir çox insanın qəlb evindəki kirdən ki daha iyrənc deyil.
Mənə hərf öyrət, mənə rəngləri, mənə azadlığı, mənə toxluğu öyrət.
Əgər bəşər daha gözəl bir gələcək istəyirsə öncə mənim qayğıma qalmalıdır.
Bəşəriyyət isə məni görməzdən gəlir, məni düşünmür. Məni unudub ehmal edir.
Mən dünyanı gözəlləşdirə bilərəm əslində. Çünki dünyanın daha gözəl, daha yaşanıla biləcək bir yer olması ümidi məndə gizlidir.
İnsanlıq öz nəfsinin, hərisliyinin diqtəsinə elə kölə olub ki, bu nəfs və hərisliyin apardığı mübarizənin ortasında müdafiəsiz qalıb əzilən, məhv olan məni görmür.
Gəl başıma sığal çək, bəlkə sən də bu yolla ərp bağlamış, buz tutmuş ruhundan arınasan..
Gəl nəfsinin səsini bir neçə dəqiqəlik susdurub mənim xitabımı dinlə..
Tez-tələsik, təlaşlı, sanki harasa gecikirmişcəsinə, sanki kimdənsə geridə qalmışcasına, sanki daha çox dünya neməti taplamalıymışcasına addımladığın bu yolda bir anlıq durub nəfəsini dər.
Bax ətrafına hardasan, nə edirsən? Düşün bir az mövqeyin, etdiklərin doğrudurmu, dəyərmi?
Tez tələsik addımlayıb keçmə, addımlayarkən ayaqlarının altına bax, sən bu addımlarınla kimləri, nələri tapdalayırsan?
Mən qışqırıram, həm də var gücümlə bərkdən qışqırıram, mən kömək istəyirəm, mən çox şey anlatmaq istəyirəm. Mən pisi yaxşıdan ayıra bilmirəm sanma.
Amma heç kim mənim səsimi eşitmir, ya eşitmək, dinləmək istəmir. Bəlkə də bu mərmilər boğur səsimi? Sən də onların səsini eşidirsənmi?
Mən burdayam, mən ordayam. Mən hər yerdəyəm əslində, amma heç kim məni görmür. Bilmirəm, bəlkə də görmək istəmir.
Bəlkə də boyum balacadır, ona görə görünmürəm, kim bilir..
Bəli.. bəli, mən uşağam.. Balaca körpə bir uşaq..
Beşikdə və ya müharibənin, ya da aclığın, kimsəsizliyin, səfalətin tam ortasında.
O uşaq ki, onun nə milliyyəti, nə də cinsiyyəti olmaz.
O uşaq ki, o hər yerdə eynidir. O dünyanın hər bucağında günahsız, hər qarışında məsumdur.
O uşaq ki, o müdafiəsiz və silahsız, o riyasız və plansızdır.
O uşaq ki, o bir tarla kimidir, ona nifrət əksən kin biçəcəksən, gül toxumu səpsən gülşən olacaq.
O uşaq ki, o, kin yox sevgi bəsləyir.
O uşaq ki, o, qanqal yox çiçək istəyir.
O uşaq ki, o, Afrikada ac və susuzdur.
O uşaq ki, o, müharibənin ortasında silahsız, müdafiəsiz, o, əsir və yaralıdır.
O uşaq ki, o, istismar olunur, şiddətə, zorakılığa, təcavüzə məruz qalır
O uşaq ki, o, xəstədir. Bəlkə də sən bu məktubu oxuyanda o, artıq donur..
O uşaq ki, o, şokolad, oyuncaq, ya da yelləncək istəmir..
O, sadəcə ailə istəyir. O, sadəcə qarın toxluğu, o, sadəcə dərman istəyir.
O, insanların gərəksiz savaşlarının ortasında qalıb əzilmək, məhv olmaq istəmir.
O, daha gözəl bir gələcəyə bəslənilən ümididir...
O silahlar tanklar ya avtomatlar yox, qələm və təhsil olsun istəyir.
O, mərmi səsi duymaq yox, o, şən nəğmələr oxumaq istəyir.
O, müharibələrin uşaqlara uduzacağı o günü görmək istəyir.
Amma onun vaxtı azdır, lap az..
Uşaq gələcəkdir.
O isə sağlam deyil, o xəstə və acdı, o əsirdi.
Onun vaxtı isə azdı, lap az..
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
"Kölgəli Adlar" - kitabından bir parça
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Güzgü Simurqun ruhunu doğradığı üçün qaçaraq uzaqlaşdı. Özünü bir az daha qorudu hər kəsdən. Qoruduqca kimsəsizləşdi, bir az da səssizləşdi. Onun səssizliyini duyan kəslər ilk başda sevindi, o qədər sevindilər ki, zəfər çaldıqlarından əmin oldular. Lakin zaman ötdükcə onların sevincləri çox çəkmədi. Onlar təkrar Simurqu öz aralarında görmək istədilər. Amma daha Simurq yox idi.
İnsanlar Simurqu səsləyir, ondan cavab gəlməyəndə ona olan inamları bir az daha qırılırdı. Onun varlığına belə şübhə duymağa başlayan insanlar onu çox axtardı. Lakin onlar nə qədər Simurqu səsləsələr də, Simurq çıxmaq bilmirdi insanların qarşısına.
Sanki özünü öldürmüş, öz küllərindən yenidən doğulmuşdu. Bu dəfə daha ali bir mərtəbədən insanları izləyir, lakin onların işlərinə qarışmırdı. Onları müşahidə edir, lakin daha onlara canı yanmırdı. Sevir, lakin sevdiyini bəlli etmirdi. Sanki bir maska taxmışdı və indi o maskanın altında öz kimliyini unudurdu.
Bəlkə də, öz kimliyi ilə üzləşib təkliyi seçirdi. Təklik insanı öz ruhuna yaxınlaşdıracaq ən böyük məbəd, eyni zamanda ən böyük zindan idi. Zindan idi, çünki sən tək qalanda öz səhvlərinlə üzləşir, ya onlardan qaçıb insanların arasına soxulur, ya da ağrıları bir məlhəm tək sinənə çəkib dərmanın özündə olduğunu anlayırdın.
Məbəddir, ona görə ki, sən o dərmanla həkim ola bilərdin. Ruhlar aləmində cismə ehtiyac yox idi, onlar fikirlərdən ibarət idi. Ruhları görə bilməzsən, lakin içində bir yerlərdə hər kəsin ruhu olduğunu anlaya bilərsən diqqətlə baxa bilsəydin.
Simurq gözlərini açıb ətrafına baxır, sonra təkrar gözlərini qapadırdı. Gözlərini yumduqca ağrılar onu yalnız buraxmırdı. Alovun içində ya külə çevrilməli, ya da alovun özünə dönüşməliydi. O isə hər ikisini seçirdi. Külə döndükcə alovun öz ruhunda olduğunu anlayırdı. Alov ruhunu yandıranda çöldə bahar olurdu fəsil. Payızın xoş sorağı onun nəfəsinə o qədər doğmaydı ki, o, qışın varlığında belə üşüməmişdi. Buz bağlamışdı hisləri, öz küllərindən ayıra bilmirdi digər hissləri.
Yay fəslində günəş hər tərəfi yandırdıqda o istiliyi belə hiss edə bilmirdi. Sanki artıq Günəşin özünə çevrilmişdi. Sanki artıq o qaranlıqları aydınladacaq gücə gəlib çatmışdı. Və indi onu bura yollayan Günəşin özünü çox gözəl başa düşürdü, niyə məhz onu yollamışdı insanların yaşadığı dünyanın çirkabına...
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Azərbaycanın zəngin mədəniyyəti Tbilisidə keçirilən tədbirdə nümayiş etdirilib
Ötən gün Gürcüstanda "Tolerantlıq Günü"nə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, Tbilisi Şəhər Şurasının binasında təşkil olunan tədbirdə Azərbaycan Guşəsi də yaradılıb.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi guşədə Azərbaycanın Qarabağ, Quba, Gürcüstanın Borçalı və digər bölgələrinə aid xalçalar, milli geyimlər, məişət əşyaları və digər mədəniyyət nümunələri nümayiş etdirilib.
Tbilisi Şəhər Bələdiyyəsinin qərarı ilə ölkədə tolerantlığın inkişafına verdikləri töhfələrə görə milli azlıqların nümayəndələri mükafatlandırılıblar.
Soydaşımız, Tbilisidəki 73 saylı tam orta məktəbin müəllimi Leyla Babayeva da mükafat alanlar sırasında olub.
Tədbirdə aşıq Nargilə Mehdiyeva Azərbaycan mahnısı ifa edib.
Muzeyin elmi işçisi Leyla Əliyeva AzərTAC-a müsahibəsində bildirib ki, tədbirdə belə bir guşəni yaratmaqda əsas məqsəd Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini təbliğ etmək, dünyaya tanıtmaqdır.
Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan səfirliyinin, eləcə də Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Azərbaycanın turizm imkanları Özbəkistanda nümayiş etdirilir
Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) təmsil olunur.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, milli stenddə ölkəmizi ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir, xarici turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Sərgi çərçivəsində keçirilən sessiya zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə İpək Yolunun turizm məhsuluna çevrilməsinin əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
Daşkənd Beynəlxalq Turizm Sərgisi (TIFF) Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur.
Noyabrın 17-dək davam edəcək sərgiyə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 31 416 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz artımdır.
Ümumilikdə cari ilin yanvar-oktyabr dövründə Mərkəzi Asiya regionundan Azərbaycana səfər edən 108 516 nəfər qeydə alınıb və bu, ötən ilin eyni dövrünə nisbətdə 85 faiz artımdır.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Beynəlxalq Tələbələr, Qara pişik və ekskursiya günləri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
17 noyabr. Ümumdünya CİS günü
GİS Day – Coğrafi İnformasiya Sistemləri gününün təşəbbüskarı Amerikanın başda Milli Coğrafiya Cəmiyyəti və Hewlett-Packard kompaniyası olmaqla bir sıra kompaniya və cəmiyyətlərdir. Bir həftə ərzində müxtəlif sərgilər, forumlar, seminarlar keçirilir, tələbələr, məktəblilər, digər arzulayanlar geoinformatika sahəsindəki ən son yeniliklərlə tanış olurlar. Bu il 65 ölkənin 700 təşkilatı CİS gününü qeyd edəcək.
17 noyabr. Beynəlxalq Tələbələr günü
Bütün zamanlarda cəmiyyətin ən tərəqqipərvər zümrələrindən biri tələbələr hesab olunmuşlar. Novatorluğa, kreativliyə və əlbəttə ki azadlığa meyilli olan tələbələr əksər vaxtda cəmiyyətə nümunə göstərilmiş, yetişən nəslə örnək olmuşdur. Elə bu 17 noyabr günündə tələbə həmrəyliyinin qeyd edilməsi də bu cür tələbə cəsarətini simvolizə edir. Belə ki, 1939-cu ilin bu günündə Çexoslovakiyanı işğal etmiş faşistlərin əleyhinə nümayişlərə qalxan çex tələbələrinə qarşı zorakılıq nümayiş edilmiş, 1200 tələbə həbs olunmuşdu, ən fəallar isə məhkəməsiz edam edilmişdilər.
Elə Bakıdakı 1988-ci ilin noyabr mitinqlərinin də əsas qüvvəsi tələbələr olmuşdur. Azərbaycan tələbələri bu gün də fəaldırlar, təhsildə, ictimai həyatda fərqlənir, cəmiyyətdə demokratiyanın bərqərar olması yolunda çabalar göstərirlər. Bayramınız mübarək, əziz tələbələr!
Bizlərə isə tələbəlik illərinin xoş xatırlamaları qalır. (“Sızlar yada düşəndə ürəyimin telləri” – deyə zümzümə də etmək olar).
17 noyabr. Daha nələr
Bu gün ekskursiyalar günüdür, məsələn, bakılılar evdən çıxıb ən azı İçərişəhərə, vaxtı çox olanlar Yanardağa ekskursiya edə bilərlər. Bu gün Beynəlxalq ölü doğulan uşaqlar günü də qeyd edilir, bununla cəmiyyətin diqqəti dünyaya göz açmağa macal tapmayan biçarə varlıqlara cəlb edilir, artmaqda olan bu xoşagəlməz halların qarşısının alınması üçün əhali təşviq edilir; Beynəlxalq Qoze pivəsi sevənlərin günüdür həm də. Qoze - ənənəvi, spirti bir qədər az olan alman pivəsidir; Rusiyada “uçastkovı” (yəni sahə müvəkkili) günüdür, Hindistanda əzaba qatılanlar günüdür, Yaponiyada syoqi günüdür (şahmata bənzər stolüstü oyundur syoqi), Ukraynada tələbə günüdür. Amerikada isə Milli evdə bişən çörək və Milli paxlava günüdür. Və bu sözü elə “paxlava” kimi qeyd ediblər, biləsiniz.
1989-cu ildə dost Pakistanda Benazir Bhutto baş nazir seçilib. 1971-ci ildə Şimali İrlandiyada hərbi çevriliş olub, Olster hakimiyyətə gəlib. 1966-cı ildə böyük meteor yağışı baş verib, bu yağış SSRİ səmasında da görünübmüş. 1959-cu ildə CAR-da süni brilliant istehsalına başlayıblar. 1944-cü ildə Danni təxəllüslü məşhur komediya aktyoru Denni DeVito doğulub. 1929-cu ildə IBM-in yaradıcısı Hollerit vəfat edib. 1913-cü ildə Panama kanalından ilk gəmi keçib. 1906-cı ildə Honda kompaniyasının qurucusu olan məşhur yapon mühəndisi Soitiro Honda dünyaya gəlib. 1869-cu ildə Suveyş kanalı istismara verilib. 1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub. 1796-cı ildə rus imperatrisası 2-ci Yekaterina dünyadan köçüb. (Bilirsiniz də, bu Yekaterina az aşın duzu olmayıb). 1587-ci ildə Niderland milli dramının banisi, Avropa ədəbiyyatının “Qızıl əsr” pleadasının üzvü Yost Vondel doğulub.
17 noyabr. Və ən nəhayət, Qara pişik günü
Bəzi ölkələr bu gün qara pişik gününü qeyd edirlər. Qara pişik qarşımızdan keçirsə, demək, işlərimiz həmin gün gətirməyəcək. Amma çıxış yolumuz da var, ya qayıdıb başqa yolla getməliyik, ya başımızdakı papağı fırlatmalıyıq. Yetər ki, qara pişik taleyimizdən keçməsin.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Bu gün Milli Dirçəliş Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Təqvimdəki bəzi bayramlar məişətlə, ayinlərlə, adət-ənənələrlə bağlı olur, bəziləri isə tarixlə. Nə xoş ki, bu gün belə tarix bayramlarından biridir. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu.
Erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Məhz həmin ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.
Bakının mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdir. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi. Bunları görən rəsmi Moskva Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələrini Meydanda yerləşdirməklə dekabrın 3-dən 4-ə keçən gecə mitinqi dağıtdı. Lakin o zaman Xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. Noyabrın 17-dən başlayan Meydan hərəkatı Azad Azərbaycanın təməlini qoydu.
Lakin 1988-ci ildə Xalq hərəkatı alovlananda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox, imperiyanın və özlərinin maraqlarını düşünən bu siyasətbazların siyasi savadsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilim 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən o zamankı hakimiyyətin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığından xalq yenə də Ulu Öndər Heydər Əliyevə üz tutdu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.
1991-ci ilin mart ayında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan bu yolda bütün çətinliklərə sinə gərən xalqı daha müstəmləkə əsarətində saxlamaq qeyri-mümkündür.
Fərəhli haldır ki, bu gün xalqımız Milli Dirçəliş Gününü 30 ilə yaxın ərazilərimizin 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələrinə qarşı 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun yağı düşmən üzərində Möhtəşəm Zəfəri ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev iki il öncə Dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu, ən böyük milli məsələsini həll etdi. Yaratdığı Rəşadətli Azərbaycan Ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün müdrik lideri, və yenilməz sərkərdəsi cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya göstərdi ki, xalqımızın iradəsini heç bir qüvvə sındıra bilməz. Bu gücün bəxş edəcəyi daha böyük zəfərlər isə hələ qarşıdadır.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Mədəniyyət naziri IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir
Noyabrın 16-da IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.
Bu il “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşən forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 18-dək davam edəcək forumun təşkilatçıları Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətidir.
Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Forumun işçi proqramı “Tarixin mədəniyyət vasitəsilə dərki”, “Süni intellekt – mədəniyyət üçün təhlükə, yoxsa rifah”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” üç blokdan ibarətdir.
Forum çərçivəsində “Ümumi səhnə: teatrların əməkdaşlığı dünya mədəniyyətlərinin birləşməsinin simvolu kimi”, “Ənənələr – müasirdir. Müasir kontekstdə mədəni irsin qorunması və aktuallaşması təcrübəsi”, “Əcdadların vəsiyyət etdiyi irs. Etnomədəni sərvət – xalqların qarşılıqlı anlaşmasına yol”, “Dəyərlər – ənənəvi, alətlər – yeni: mədəniyyətin videooyunlarda populyarlaşması”, “Teatrda innovasiyalar və mədəniyyət sahəsində təhsilin gələcəyi” və s. mövzularda panel diskussiyaları, dəyirmi masalar, digər tədbirlər təşkil ediləcək.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın şimal paytaxtında ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.
Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyi nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları olacaq.
Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (Breath) qısametrajlı filmi 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalında yerli müsabiqənin “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib.
Haaqa Beynəlxalq Film Festivalının direktoru Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.
Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Nəfəs” filminin ABŞ-ın Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
“Nəfəs” qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Dünya Gənc Türk Yazarlar Birliyi və Başqırdıstan Yazıçılar Birliyi əməkdaşlıq müqaviləsi imzalayıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 9-cu Beynəlxalq Bakı Kitab sərgisi çərçivəsində Başqırdıstan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müqaviləni Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz Baymuhammedov və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar imzalayıblar.
İmzalanma mərasimində iştirak edən "Başqırdıstan Respublikasının Mədəniyyət Proqramları Direktorluğu" Muxtar Qeyri-Kommersiya Təşkilatının direktoru, Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi Gülnarə Yurina vurğulayıb ki, bu müqavilə 2024-cü ildə Azərbaycan yazıçılarının "Kitap Bayram" kitab sərgisində iştirak edərək öz əsərlərini təqdim edəcəkləri deməkdir.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Azərbaycanın incəsənət ustaları Barokko festivalında iştirak ediblər
Azərbaycanın incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər. AzərTAC xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib.
Həmçinin konsertdə Azərbaycanın Əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova dünya bəstəkarlarının mahnılarını ifa ediblər.
Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.
Musiqişünas, skripka ifaçısı Mariam Xaritonaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, festival çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycanın opera müğənnilərinin iştirakı bizim üçün çox mühüm və sevindirici hadisədir: “Biz qardaş və dost ölkələrik. Tbilisidə təşkil olunan konsert və festivallarda azərbaycanlı incəsənət ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, Tbilisidə azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir və inkişaf etdirir”.
Azərbaycanın Əməkdar artisti İlham Nəzərov AzərTAC-a müsahibəsində deyib: “Tbilisidə Barokko festivalında çıxış etməyin bizim üçün çox böyük əhəmiyyəti var. Biz burada dünyaşöhrətli bəstəkarların musiqilərini ifa etdik”.
Ötən il Azərbaycanda keçirilən Barokko festivalında gürcü ifaçıların çıxış etdiyini xatırladan İlham Nəzərov vurğulayıb: “Bu gün bizim Tbilisidə çıxışımız, qarşılıqlı olaraq bu cür beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə iştirakımız mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır”.
Əməkdar artist Fəridə Məmmədova isə deyib: “Bu gün Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrında çıxış etmək mənim üçün ikiqat sevindiricidir. Gənclik illərim Tbilisidə keçib. Tbilisidə məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri almışam. Ona görə də həm müəllimimin vətənini yenidən ziyarət etmək, həm də ondan aldığım dərsləri burada nümayiş etdirmək mənim üçün ikiqat sevindiricidir”.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)