Super User

Super User

Çərşənbə axşamı, 03 Oktyabr 2023 14:00

“Görüldü” - Uraqanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Nəsr saatında sizlərə gənc yazar Uraqan Abdullayevin “Görüldü” hekayəsini təqdim edir. 

 

İki nəfər - oğlan və qız kafedə oturmuşdular. Oğlan qızı bu kafedə ilk dəfə idi ki, görürdü. Qızdan xoşu gəlməyə başlamışdı. Stolun üstündəki çaydan bir qurtum içib qıza baxırdı. Hər dəfə baxdıqca qızın üstündəki paltarlar tez-tez dəyişir, hər dəyişdiyi paltarla oğlanın üz cizgiləri, əhval ruhiyyəsi daha da canlanırdı.

Oğlan bütün cəsarətini toplayıb sözə başladı:

— Salam, tanış ola bilərik?

Qız da oğlana baxdı. Qız bu dəfə oğlana baxdıqca oğlanın üzərindəki geyimlər daha dəyişməyə başladı. Nə qədər çox baxırdısa, üzərindəki geyimlər o qədər tez dəyişirdi. Sanki oğlanın başqa geyimi qalmamışdı. Beləcə oğlanın təkrar eyni geyimlərə düşdüyünü görən qızın başı üzərində iri hərflərlə yazıldı:

"Görüldü"

Artıq 3 dəqiqə keçmişdi, amma qızdan hələ də cavab yox idi.

Oğlan yenidən soruşdu:

—Niyə cavab vermirsiniz?

Təkrar qızın başının üzərində yazıldı. "Görüldü"

Amma 2 dəqiqə sonra qız cavab verdi. "Salam”

Bu dəfə isə oğlanın başının üzərində iri hərflərlə “görüldü" yazılmışdı.

Amma qızdan fərqli olaraq 1 dəqiqə keçməmiş oğlan cavab verdi:

—Geyimlərinizə baxdım. Çox bəyəndim. 

Amma niyəsə oğlanın dediyi söz qıza çatmadı. Oğlan eyni sözü təkrar etdi. Nə üçünsə oğlanın dediyi söz qıza çatmırdı. Oğlan bir neçə dəfə təkrar etsə də qız eyni geyim və üz cizgiləri dəyişməz olaraq qalırdı. Oğlan pəncərəyə doğru yaxınlaşdı.

Hava pis olduğundan pəncərənin qırağında 10 dəqiqə gözlədi. 10 dəqiqə sonra qız əsəbi halda cavab verdi.

-Nə olub e, eyni şeyi təkrar eləyib durursan?

Oğlanın başının üzərində "görüldü" yazılan kimi 1 dəqiqə keçməmiş oğlan cavab verdi:—Bağışlayın, xanım. Hava pis olduğuna görə dediyim sözlər sizə gəlib çatmırdı.

– Nə istəyirsiniz?

– Sizinlə tanış olmaq.

– Mən tanımadığım adamlarla tanış olmuram! 

Oğlanın başının üzərində “görüldü” yazılan kimi cavab yazmaq istəsə də qarşısındakı qız bir anın içində gözəgörünməz oldu. Oğlan nə qədər çalışdısa da qızı nə görə bildi, nə də ki, əlavə nəsə deyə bildi.

Elə bu zaman qapı döyüldü. Oğlan artıq qapının arxasında kimin olduğunu bilirdi. Kor peşman yaxınlaşıb qapını açdı. Oğlanın qabağında balaca bir uşaq əlindəki zərflə dayanıb ona baxırdı. Zərfi uzadaraq uşaq dedi:

– Bu bildiriş sizə çatacaq. 

Oğlan bildirişi götürən kimi açıb oxumağa başladı.

Bildirişdə yazılmışdı:

"Əziz istifadəçi. Gələn çox saylı şikayətlərə görə siz bir aylıq heç kəslə danışa bilməyəcəksiniz. Diqqətinizə görə çox sağolun.

Hörmətlə, sosial şəbəkə rəhbərliyi”

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən məlumat verir. 

 

Görüşdə Fondun çoxşaxəli fəaliyyətlərindən, eləcə də təşkilatın qurucu üzv ölkələrindən olan Qırğız Respublikasının 2023-cü il üçün təklif etdiyi layihələrə dəstək verməsindən söz açılıb.

Bu ilin mayında Oşda təşkil olunan VII Beynəlxalq Dünya Xalqlarının Dastanları Festivalının uğurla keçirilməsi qeyd edilib. Fond tərəfindən böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə “Ana tarla” əsəri əsasında tamaşanın Azərbaycan dilində hazırlanması və yubileyin qeyd olunması çərçivəsində nümayişi vurğulanıb. Azərbaycanın görkəmli alimi və manasşünası Adil Cəmilin müəllifi olduğu “Manas dastanı və türk dastançılıq ənənələri” adlı kitabın Azərbaycan və qırğız dillərində nəşr olunduğu diqqətə çatdırılıb. Fond və Türk Akademiyasının birgə əməkdaşlığı ilə tanınmış qırğız manasçı Rısbay İsakovun redaktorluğu ilə “Sağımbaydin Manası” kitabının yayımlanması, eləcə də Qırğızıstanın iştirakı ilə təşkilatın digər layihələrinin uğurla həyata keçirildiyi bildirilib.

Nazir Altınbek Maksutov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatla gələcək birgə layihələrə dəstəyini ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 13:00

Günah ondadır!!!

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Fikir vermisinizmi, nəsə bir xoşagəlməz hadisə baş verərkən mütləq şəkildə günahlandırma işləri aparılır? Günahın kimdə olduğu araşdırılır. Amma bir iş var ki, hadisə iki şəxs arasında olur və mütləq şəkildə bunlardan biri günahkardı.

 

Hadisənin potensial səbəbkarlarından hadisənin necə baş verdiyini, günahın həqiqətən kimdə olduğunu soruşarkən, həmin şəxslər hər dəfəsində fərqli ssenarilə bizə izah verir və hər ssenari də elə tərzdə qurulur ki, hər dəfəsində qarşı tərəf günahkar sayılır.

Yaxşı, bəs bu necə olur ?! O deyir: "günah məndə deyil ondadı".  Hadisəyə izah verir və  qarşı tərəfi özlüyümündə günahkar sayır. Bu isə deyir: "günah məndə deyil", hadisəni təsvir edir və  yenə eyni vəziyyətdə qarşı tərəfin günahkar olduğunu izhar edir. 

 

Beyin artıq tormozlanır, sadə bir mübahisənin araşdırmasında "Dedektiv" olmaq məcburiyyətində qalırsan sanki. Şerlok Holms və Dr. Vatsonu dəvət edək?! Yaxşı, bəs nə edək, kimə inanaq ?! 

 

‌İnsanlar var ki, kənardan müşahidə edirsən, hərəkətlərinə, davranışına, danışıq tərzinə, görünüşünə və düşünürsən ki, bu insan digərlərindən yaxşı anlamda fərqlənir. Bir növ digərlərinə nisbətən idealdır. Qeyd eləyim, ideal insan yoxdur, ideal ətir parfümləri şəbəkəsi var sadəcə!!! 

 

Mövzudan yayınmayaq. Bəzən bir insanın danışığı o qədər ecazkar görünür ki, bəlkə də saatlarca oturub dinləmək istəyərsən. Yaxşı, bəs bu insan danışdığı qədər də varmı, sözü ilə əməli üst-üstə gəlirmi ?! 

Bu tip insanları mən sadəcə "söz pəhləvanları" adlandırıram, yağmasalar da guruldamağı əla bacarırlar...

Bəhanələr hər zaman həyatımızda varlığı ilə diqqət çəkiblər. Yuxarıda qeyd etdiyim həmin günahlandırma məsələsi də bir növ həmin bəhanələrə əsaslanır. Yəni, münaqişə baş verir və  sən doğruları aşkara çıxarıb, reallıq nümayişi əvəzinə bəhanələr gətirməyə başlayırsan. Günahı özümüzdə yox, qarşı tərəfdə axtarırıq. Özü də fərqi yoxdu, bu qarşı tərəf canlıdır, ya cansız. Yetər ki, günahkar olsun. 

 

Qarşı tərəfi günahkar saymaq əvəzinə öz səhvlərini düşün, tap, nəticə çıxar.

Günahı, səhvi başqası üzərində axtarmaqdansa, öz üzərində axtar. Sual ver özünə, niyə belə oldu? Nə etdim ki? Nə edə bilərdim? Müasir dövrdə mikrobeyinlər ədalət mühakiməsi aparır...

Doğrular qalıb kənarda, bu başqa nəsə axtarır... Bəzənsə bunun adını qanun qoyurlar... Qanun adı altında da nə qədər qanunsuzluq olur, orası saysan bəlkə də, saya gəlməz. Biri durub bu barədə söz deyəndə deyiləcək bir sözləri var, "sən bilməzsən". Bəs kim bilir ?! 

Qədim yunan filosofu Aristotelin bu barədə bir ifadəsi var: " Ədalətsizliklərin ən dözülməzi qanun adı altında edilən ədalətsizlikdir..." 

Bu məsələlərin maraqlı tərəfi isə bu tip insanların dünyanı dəyişdirmək fikirlərinin olmasıdı. Həqiqətən alqışlayıram bu fikri, ən azından, normal fikir, düşüncə siyasətidir. Yaxşı, dəyişdir bu dünyanı, amma yaxşıya doğru dəyişdir. Elə yöndə et ki, bu dəyişimin faydasına 10 insandan minimum 7-si müsbət fikir söyləsin, həqiqətən effektiv dəyişim olsun. 

Bunun üçün ilk öncə öz düşüncə tərzini, baxış bucağını dəyişməyə başla, səhvin varkən üzr istəməyi bacar, doğrularla, etiraflarla yaşamağa başla, daha sadə mübahisədə günahı qarşı tərəfdə yox, özündə axtar, özündə araşdır. Ən əsası, çalış ki, sözünlə əməlin eyni ağırlıqda olsun.   

Lev Tolstoyun dediyi kimi "Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəlcə özünü dəyişdirməyi düşünmür...".  

                            

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.

 

Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 12:30

“Sözün gücü” – HEKAYƏ

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

 

-Deməli,gedirsən...

-Bəli, gedirəm.

-Yuxumu qarışdırmışam, bəlkə bu gün çölə çıxmayasan...

-Yaxşı da...Sənin bu yuxuların necə də həyatımızın bir parçasına çevrilib.

-Yaxşı, incimə. Burnunu sallama...Balaca qızcığaza bənzəyirsən...Elə bil gəlinciyinin donunu çirkləndirmişəm. Sən də qaçıb anana şikayət edəcəksən...Ağlama, qızcığaz...

-Guya ki, hirsimi soyutdun?Qəlbim Antraktika buzları kimi donub. Bundan sonra Günəş olsan belə, qəlbimdəki buzları əritməyə gücün çatmaz.

-Yaxşı da, yenə başlama yazarlığa. Bilirsən axı, mən riyaziyyat müəllimiyəm, dəqiqliyi sevirəm.

-Gözüm aydın, Riyaziyyat müəllimi...

-Yazar xanım...

-Buyur riyaziyyat müəllimi...

-Dəyərli filoloq, səninlə mübahisə etməyəcəm, gecikirəm. Bir də, kim deyir ki, riyaziyyatçılar romantik olmur...Hipotenuz termini eşitmisən? Bax bu termin Pifaqorun həyat yoldaşının

adından götürülüb.Elə bilirsən, yenə zarafat edirəm? Hipotenuz Pifaqorun yeganə və əziz həyat yoldaşı Hipratranuzun adından götrülüb. Bax, sənə yaxşı mövzu verdim. Yaz öz təxəyyülünə uyğun...

-Kamil!

-Nədir?

-Xahiş edirəm, getmə.

-Yazar xanım, indi də  yuxular bizi idarə etsin..

-Bilirsən ki, yuxularım düz çıxır.

-Başlama da...

-Ümumiyyətlə...

-Dayan, sən Allah, dayan. Sən ki "ümumiyyətlə" sözü ilə başladınsa, yazar xanım, deməli, məsələ uzundur. Gecikirəm axı...

-Sözümü kəsirsən, Kamil?Artıq sənin üçün Günəşdən bir nöqtəyə qədər kiçildim. Bəs sənin üçün sonsuz  məhəbbət idim, sevgin də tükənməzdi...

-Ay Allah, mənim qıçım qırılardı kaş...Həmin gün niyə axı Filologiya fakültəsi olan mərtəbəyə qalxdım ki...

-Hə...Kamil...Əminsən...

-Yazar xanım...O gün...

-Bəli, riyaziyyat müəllimi, o gün nə...?

-O gün elə gözəl görünürdün ki...

-Necə idim, Kamil?

-Riyaziyyat müəllimi kimi deyimmi? Amma,söz ver, axıra kimi susacaqsan.

-Söz verirəm Kamil.

-Bax söz verdin ha...Başlayıram:O gün elə gözəl, elə məftunedici görünürdün ki, lap gözlərin Ser İsaak Nyutonun cazibə qüvvəsini izah edən almasına bənzəyirdi... Söz vermisən sus.. .Gözünü bərəltmə, ortahəcmli alma, yaxşıdımı? Sus davam edirəm... Alma gözlərindən ildırımlı baxışlar süzülürdü. Bilirsən də, planetimizdə hər dəqiqə beş yüzdən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, computer və mobil telefonlardan istifadə etmək olmaz.Şimşəyin bir dəfə çaxması zamanı Amerika Birləşmiş Ştatlarındakı elektrik stansiyalarından daha çox elektrik hasil edilir.

-Kamil, elə bil mənim xarici portretimi çəkirdin axı..

-Üzrlü say, yazar xanım, özümü bir anlıq sinif otağında hiss etdim.

-Dəhşətsən e, Kamil, gözünün qabağında ola-ola

məni unudursan.

-Yazar xanım, unudulmaqdan qorxursan ha.... Birdən başıma qəza gəlsə, səni unutsam... Nə edərsən?

-Sevinərəm.

-Niyə?

-Çünki...çünki...

-Söz tapmırsan? Niyə susdun, yazar xanım? Sən ki sözə aşiqsən. Nə əcəb dilin tutuldu... Sən ki sözün təsir gücünə bələdsən. Ədəbiyyat söz sənətidir.Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli!

-Afərin, Kamil! Dahi qəzəl ustadımız Məhəmməd Füzulinin "Söz" qəzəlindən məqtə beyti söylədin. Etdiyin bütün günahlarından keçməyimi istəyirsənmi?

-Əlbəttə, yazar xanım.

-O zaman bu məqtə beytin açılışını təhlil et.

-Yazar xanım, Kosinuslar teoremini izah edə bilərsiniz?

-Kamil, məni duelə çağırma. Beytin təhlilin söyləyəcəksən?

-Əzizim, bu beytin açlışı belədir: Sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az et, çox danışmaq insanı hörmətdən salar.Hə düzdümü, yazar xanım? Nədir, yenə gözün bərəldi, sənin gözün bərələndə alma yadıma düşür... Niyə qeyri-adi bir şey eşitdin kimi donmusan... Sən riyaziyyatı sevməsən də, mən Ədəbiyyatı sevirəm. Səni də ədəbiyyatla bir yerdə sevirəm.

-Kamil, bütün günahlarından keçirəm.

-Yaxşı, yazar xanım,  de görüm, bu dəfə də yuxunda məni ölü görmüşdün? Əgər günahlarımdan keçmisənsə, rahat ölə bilərəm... Sağ ol, gecikdirdin məni, indi rahat ol.

                           

                                 ***

Kamili ötürüb qapını bağladım. Nədənsə, ürəyimdə bir sıxıntı var idi. Kamil hər dəfə şeir deyən deyildi axı...Həm də beytin mənasını tam da açdı. Amma mənə nə dedi, o kosinuslar nəyi..? Heç adın da yadımda saxlaya bilmədim.

Hava küləkli idi. Payızın gücü hiss olunurdu. Ağaclar dəbdə olacaq sarı donunu geyinməyə hazırlaşırdı. Hələ otlar da qonşudan qalma dala prinsipini rəhbər tutaraq sarı donlarını geyinməyə tələsirdilər. Lap Bakının mərkəzi küçələrindəki sarı rəng dəb olduqda geyinilən sarı donlar, ayaqqabılar, aksesuarlar yadıma  düşdü. Elələri də var idi ki, əl dırnaqlarından tutmuş ayaq dırnaqlarına kimi sarı rəngdən istifadə edirdilər. Üstəgəl, saç üçün də sarı aksesuardan istifadə edirdilər. Deyim ki, heç xoş görünmürdü. Mən əsla bürünməzdim başdan ayağa sarı rəngə...

Külək güclənirdi.Yağış da yağmağa başladı. İkinci mərtəbədə yaşayırıq. Eyvana yağışla salamlaşmaq və toxunmaq üçün tələsdim.Yağışı çox sevirəm axı... Məni qınayan olmasaydı, yağışın lap gur yağan vaxtında saatlarla gözümü yumub altında dayanardım. Hiss edərdim ki, yağış bütün neqativ düşüncələrimi yuyub aparıb. Bəzən də yağışı buludların yerə qovuşma - vüsala çatması anı kimi canlandırırdım. Amma suyun kiçik və böyük dövranı yadıma düşəndə bu vüsalın tez bitməsini düşünərdim.

Of! Bu ayrılıqlar olmaya da...

Birdən üçüncü mərtəbədə yaşayan qonşum:-Ay qız keç içəri xəstələnəcəksən, - qışqırdı...

Lap utandım. O qədər öz daxilimdə danışırdım ki, ətrafı görmürdüm. Tez içəri qaçdım. Amma bu inadkar oğlaq bürcü olan yazar xanım yağışdan doymamış içəri keçməzdi ki.. .Qonşu içəri keçən kimi mən təzədən eyvana çıxdım. Külək də öz sözünü deyirdi. Ağacların budaqları yağışdan və küləkdən titrəyirdi. Lap qəzəbindən ağlayan və kükrəyən adamları xatırladırdı.

Birdən külək bir yarpağı düz üzümə çırpdı.Yarpaq üzümdən sürüşüb sol tərəfə, düz ürəyimin üstünə düşdü...Həmin an ürəyim sürətlə çırpınmağa başladı. Nə oldu axı mənə... Dilimdən Kamil kəlməsi qopdu. İçəri keçib əlimi telefona atdım. Kamilə zəng vurmaq istədim ki, telefonun enerjisi bitdi və söndü. Özümü qınadım, bayaq görmüşdüm axı telefon sönmək üzrədir...Niyə enerji ilə doldurmaq üçün cərəyana qoşmadım? Telefonun bir az enerji yığması üçün gözləməli idim. Təzədən eyvana çıxdım. Bayaqkı yarpaq isə ovucumda qalmışdı. Bir üzü yaşıl, bir üzü isə rəngini itirmişdi sanki... Düşünürdüm payızın firçası belə boyayıb. Axı bu rəssam soldurmağı sevir.

Birdən külək ovucumun içindən yarpağı aldı. Uzaqlara uçurtdu... Gözlərim isə onun arxasınca baxa-baxa qaldı. Sanki dəyərli bir şey əlimdən çıxmışdı.

Bu nə hissdir axı... Kamil düz deyirdi. Bu yuxular axrıma çıxacaq.

İçəri keçib telefonu açdım. Tez Kamilin nömrəsinə zəng vurdum. Telefon çağırırdı, amma  Kamil cavab vermirdi. Həyəcanım artırdı... Özümə yer tapa bilmirdim. Ağlıma min fikir gəlirdi. Özümü gücsüz və aciz hiss edirdim. Yıxılan və kiminsə onu qaldırmasını gözləyən uşaq kimi kövrəlmişdim. Kamil, axı dedim getmə... Niyə mənə qulaq asmadın sən... Sonra Kamili qınamağa başladım. Düşündüm ki, bəlkə, mənə acığı tutub telefonuma zəng çatmayıb, o da mənə dərs vermək üçün telefona cavab vermir. Əslində haqqı da var. Mən niyə belə diqqətsizlik etdim ki...

İlahi, beynimə elə bil işgəncələr verirdilər. Ancaq pis hadisələr haqqında düşünməli idi.

Hələ o yarpağı da düşünürdüm. Bu nə yarpağa bağlılıq idi... Nə olmuşdu mənə, bilmirdim... Sinəmə ağırlıq çökmüşdü, boğulurdum. Elə bil, əlimi-qolumu bağlayıb üstümü torpaqlamışdılar. Qışqırtımı isə heç kəs eşitmirdi. Çünki ətrafdakılar hamısı eşitmə əngəli olanlar idi. Mən isə ümidsiz halda var gücümlə qışqırırdım.

Bu an telefonuma zəng gəldi. Tələsik sıçrayıb telefona cavab verdim... Amma zəng vuran Kamil deyildi, bir  qız idi. O: "bu telefonun sahibi nəyinizdir"- soruşdu? Artıq bu sualdan sonra dizlərim taqətdən düşdü, yerə çökdüm. Gözlərim bir qara boya görürdü... Qəlbim isə döyünməkdən imtina etmiş kimiydi...

Özümü toparlayıb: " Kamilə nə olub soruşdum." Qulağım tutulmuşdu elə bil... Anladım ki, Kamil zəncirvari  avtomobil  qəzasında xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə  əməliyyata alınıb. Xəstəxananın ünvanını öyrənib cəld ora qaçdım.

 

***

 

Kamili düz bir həftə reanimasiyada saxladılar. Onu görmək üçün nə desələr, edərdim, amma icazə vermədilər. Ax! Kamil ax... Bu bir həftə mənə o qədər uzun gəldi ki... Sanki işgəncə kameralarında əziyyət çəkirdim.

Nəhayət, Kamili palataya köçürdülər və mən onu görmək üçün ora atıldım.

"Kamil, Kamil"- deyə səsləndim. Kamil isə susqun baxışlarla mənə baxdı. Heç vaxt onun baxışlarında bu soyuqluğu görməmişdim.

Düşündüm ki, yəqin ağrıdandı... Zəncirvari qəzada onun günahı olmasa da, bir az onunla mübahisə etmək istədim. Axı çox darıxmışdım onun üçün...

-Kamil-riyaziyyat müəllimi! Getdiyin yolun sürətini hesablaya bildinmi? Düstur yadından çıxmamışdı ki...Yadına salım? Nə olsun ədəbiyyatçıyam. Sürəti tapmaq üçün gedilən yolu zamana bölürlər.

Kamil isə reaksiya vermədi... Sanki ayrı bir dünyaya düşmüsdü.

-Kamil niyə susursan danış da bir kəlmə- söylədim.

-Sən kimsən? - Kamil dilləndi.

Elə bildim zarafat edir.

-Yazar xanımı tanımırsan, riyaziyyat müəllimi?

Kamil: "Sizi tanımıram"- söylədi.

Yenə inanmadım.

-Kamil, sənə görə nə qədər həyəcan keçirtmişəm bir bilsən- söylədim.

O, həqiqətən, yaddaşını itirmişdi.

Həkim məni çölə çıxarıb sakitləşdirdi.

-Ola bilər ki, yaddaşını tez bərpa etsin- söylədi.

Amma Kamilə həyəcan, gərginlik olmazdı. Bu zaman onun vəziyyəti daha da pisləşə bilərdi...

İnsanın sevdiyi yaddaşını itirəndə necə də dəhşət olurmuş. Mən var idim,  amma onun üçün yox idim.

Yox ikən var, var ikən yox...

Bir müddətdən sonra Kamili evə yazdılar. Ümid edirdim ki, isti yuvamızı görsə, bəlkə də, xatırlayacaq... Amma bu arzu olaraq qaldı...

Beləcə bir həftə keçdi... Sonra həftələr ay oldu...

 

***

Kamilin qəzaya düşməsindən düz bir il ötürdü...O günə nifrət edirdim. Qəzəlin məqtə beytini oxudu və...

Kamil evə qapanmışdı. Təsadüf hava almaq üçün həyətə düşürdü. Mən isə artıq ruhunu itirmiş cism idim. Yaxşı ki, evdə uşaqlara Ədəbiyyatdan dərs verirdim. Olmasa, lap  psixikam pozulacaqdı. Ədəbiyyatla güc tapırdım.

Kamil yanımda idi, amma toxuna biImirdim. İstədiyim qədər söhbət edə bilmirdim. Aramızda şəffaf buzdan divar çəkilmişdi. Hər tərəf buz idi... Çox soyuq idi... Bəlkə də, göydəki ulduzların sayı qədər.

Bir sualı özümə verirdim: Kamil məni bir də xatırlayacaqmı?

...Adəti üzrə Kamil axşam həyətə düşərdi. Mən də dərslərimi qonsu usaqları olduğu üçün axşama salardım.  Bu gün dahi qəzəl ustadı Məhəmməd Füzulinin " Söz " qəzəli haqqında şagirdlərimə danışacaqdım. Bu qəzəli çox sevirdim. Kamil bu qəzəldən son beyti deyən andan elə bil ki, bu qəzələ sevgim daha da artmışdı. Qəzəldə şagirdlərə sözün məna qüdrətindən söz açıldığını söylədim. Şairin ədəbi-ictimai fikirlərindən, hər bir insanın sözə dəyər verməsinin zəruriliyindən söz açdım. Başlıca ideyanın hər danışan adamın nitqinə məsuliyyətli yanaşması və mənalı söz seçməsindən ibarət olduğundan bəhs etdim. Bir-bir beytləri açaraq izah edirdim. Son məqtə beytə gələndə Kamilin bu beyti söylədiyi an yadıma düşdü...

Nitqim qurudu... Danışa bilmədim... Göz yaşlarım süzülməyə başladı. O anda isə sanki möcüzə baş verdi. Kamil yenə əvvəlki kimi :

  -Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim  çox olmaqdan qılıbdır çox əzizi xar söz.Məhəmməd Füzuli, - söylədi.

Bəli, qəzəlin  məqtə beyti həyatımdakı xoşbəxtliyə başlanğıc verdi, riyaziyyat müəllimi artıq öz yazar xanımını xatırlamışdı.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

 

 

 

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında iştirak edir.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teatra istinadən məlumat verir. 

 

Məlumata görə, festival çərçivəsində sənət ocağının yaradıcı heyəti C.Məmmədquluzadənin əsəri əsasında hazırlanmış "Toy dəsgahı" tamaşasını bu gün - oktyabrın 3-də Rimovoy adına Taldıkorqan Dram Teatrında nümayiş etdirəcək.

Quruluşçu rejissoru Günay Səttar olan "Toy dəsgahı" tamaşasında aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Nigar Mürsəlova iştirak edirlər.

Qeyd edək ki, festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

UELSİN ƏN YAXŞI YAZIÇISININ PORTALIMIZA MÜSAHİBƏSİ

 

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 Uelsdə İlin Kitabı Mükafatı qalibi, əsərləri 25-dən çox dilə tərcümə edilmiş, kitabları dəfələrlə "The Guardian" və "The Times" tərəfindən ilin ən yaxşı uşaq kitablarından biri adlanmış Sophie Andersondan internet üzərindən aldığım müsahibəni diqqətinizə çatdırıram. 

 

-Özünüz haqda azərbaycanlı oxuculara məlumat verərdiniz. Yazmağa nə vaxt başladınız və bu istedadı necə kəşf etdiniz?

 

-Mən Cənubi Uelsdə anadan olmuşam və ən çox sevdiyim uşaqlıq xatirələrimə Prussiyalı nənəm və onun vətənindən mənə danışdığı hekayələr daxildir. Öz övladlarım olanda onlarla bölüşmək üçün bu nağıllardan bəzilərini yazmağa başladım və hekayəçilik sənətində böyük sevinc hiss etdim. Beləliklə, yazmağa davam etdim, sənətimi inkişaf etdirdim və bir neçə ildən sonra işimə agent və naşir tapdım. O vaxtdan bəri kitablarım çoxlu mükafatlar qazanıb, iyirmi beşdən çox dilə tərcümə olunub və “Toyuq Ayaqlı Ev” “Les Enfants Terribles” tərəfindən səhnəyə uyğunlaşdırılıb.

 

-Hansı mövzuda yazmağa üstünlük verirsiniz?

 

-Xalq və nağıllardan ilhamlanaraq hekayələr yazmağı çox sevirəm, xüsusən də nənəmin uşaq vaxtı mənə danışdığı pruss və slavyan hekayələrini. Mən bu nağılların insan olmağın nə demək olduğuna dair böyük ideyaları təxəyyüllü və sehrli şəkildə necə kəşf etdiyinə sevirəm. Mənə elə gəlir ki, nağıllardan ilhamlanan hekayələr təsəlliverici, tanış hissdir, eyni zamanda təzə və həyəcanlı ola bilər.

 

-Hansı əsərləriniz var?

 

-“Toyuq Ayaqlı Ev” Baba Yaqanın xalq xarakterini yenidən təsəvvür edir və ölüm və həyatdan maksimum yararlanma mövzularını araşdırır. “Ayı Danışan Qız” yarımayı olan bir uşaq haqqında xalq nağılını yenidən təsəvvürdə canlandırır və şəxsiyyət və mənsubiyyət mövzularını araşdırır. “Dolaşıq Sehrli Qala” Aleksandr Puşkinin mənzum nağılı olan “Ruslan və Lyudmila”nı yenidən önə çıxarır və səhv etmək ve səhvləri düzəltmək mövzularını araşdırır. “Fırtınaları oxuyan oğru” rus xalq şeiri “Oğru bülbül”ü yenidən təsəvvürə gətirir və birlik və parçalanma mövzularını şərh edir. Və mənim ən son kitabım “Qar qız” ənənəvi rus nağılı “Qar qız”ı yenidən önə çıxarır, təklik, dostluq və lazım gəldikdə köməyə əl uzatmaq mövzularını araşdırır.

 

 -Uelsdəki bugünkü ədəbiyyat sizi qane edirmi?

 

-Uelsin canlı və müxtəlif ədəbiyyat səhnəsi, çoxlu istedadlı yazıçıları, həm yerli, həm də ingilis dillərində çoxlu maraqlı nəşrləri var. Bu il uelsli yazıçı Manon Steffan Ros “Karnegi” medalını (Böyük Britaniyanın ən nüfuzlu uşaq kitabı mükafatı) qazandı - ilk dəfə tərcümə olunmuş kitab qalib gəldi.

 

-Dünya ədəbiyyatının hansı yazıçılarını və əsərlərini daha çox bəyənirsiniz?

   

-Mən dünya ədəbiyyatını oxumağı sevirəm və bunu mümkün edən tərcüməçilərə çox minnətdaram. Uşaq vaxtı ən çox sevdiyim kitablar Fin rəssamı və yazıçısı Tove Janssonun “The Moomins” kitabı idi. Bu yaxınlarda mən polyak yazıçısı Olqa Tokarcukun kitablarından həzz aldım və hazırda yapon yazıçısı Natsu Miyaşitanın gözəl kitabını oxuyuram.

 

-Yazıçı üçün zaman nə deməkdir?

 

-İngilis yazıçısı Mett Heyqin gözəl bir sitatı var:

“Zamanı necə dayandırmaq olar: öpmək.

Zamanla necə səyahət etmək olar: oxumaq.

Zamandan necə qaçmaq olar: musiqi.

Zamanı necə hiss etmək olar: yazmaq.

Vaxtı necə azad etmək olar: nəfəs almaq.”

Mənim üçün yazmaq – sərbəst axdığı zaman – musiqi kimi hiss edilir və zaman kimi yox olur. Bununla belə, mən də Mettlə razıyam, yazı tez-tez mənə vaxtı kəskin hiss etdirir. Mənim yalnız çox vaxtım var; bir gündə, bir həftədə, bir ömür boyu yazmaq və ondan istifadə edərək, bu məhdudiyyətlər daxilində mümkün olan ən yaxşı əsərləri yaratmaq istəyirəm. Bir layihə ilə irəliləməyə davam etmək və onun durğunluğuna imkan verməmək çətin və hərəkətverici qüvvədir.

 

-Azərbaycan ədəbiyyatı ilə bağlı nəsə bilirsinizmi?

 

-Şübhəsiz ki, bu çox zəngin bir sahədir və kəşf ediləcək çox şey var. Bir neçə il əvvəl Qurban Səidin “Əli və Nino”, bu yaxınlarda isə Baninin “Qafqazda günlər” əsərini oxudum. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini oxumaq, Azərbaycan xalq ədəbiyyatından, xalq poeziyasından daha çox tərcümə tapmaq istərdim.

 

-Gənc yazarlara nə məsləhət görərdiniz?

 

-Birincisi, mümkün qədər geniş oxumaq. Oxumaq – mənim fikrimcə, hekayə yaratmağı öyrənməyin ən xoş yoludur. Oxumaqla biz şüuraltı olaraq nəyin yaxşı bir hekayə yaratdığını və ən təsirli hekayə anlatma üsullarının nə olduğunu öyrənirik. Bununla yanaşı, mənim məsləhətim sadəcə olaraq, mümkün qədər müxtəlif üslublarda – bədii, qeyri-bədii ədəbiyyat və poeziya ilə yazı yazmağı məşq etməkdir; qısa və uzun parçalar – heç bir yazı boşa getmir, hər söz gənc yazarlara öz unikal səsini tapmağa kömək edəcək.

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram.

 

-Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 11:45

Azərbaycan prokurorları haqqında film çəkildi

Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə film çəkilib.

Bu barədə Baş Prokurorluq sosial şəbəkədə paylaşım edib.

 

“İstintaq” adlı bədii-sənədli qısametrajlı filmin təqdimatı Baş Prokurorluqda təntənəli şəkildə keçirilib.

Filmdə cinayət işlərinin prokurorlar tərəfindən açılması ilə bağlı maraqlı məqamlar yer alıb.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, ssenarist və redaktor Vüsal Əhmədzadə, aktyor Əlixan Rəcəbov və başqaları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 11:30

BİRİ İKİSİNDƏ - Xuraman Hüseynin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində davamlı gələn Nəsrdən Nəzmə addımlayırıq, sizlərə Xuraman Hüseynin şeirlərini təqdim edirik.

 

 

ƏLLƏRİN

 

Hər dəfə
əllərin toxunduqca yanaqlarıma,
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.

təbəssümün düşməni kədər imiş –
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...

Gülə bilsən,
silahın qəhqəhələr olsa,
əliyalın düşmən kimi geri çəkilər
kədər...

gülüşüm gözlərimə qayıtdı,
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı,
sərçələr qürbət elləri unudan kimi...


AĞ SAP

 

İlk dəfə

qara köynəyinin düyməsinin

ağ sapla tikilməyindən bildim

evinin

qadın əllərindən ötrü darıxdığını...

Sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu

anlatdı həyatını...

 

Ürəyim sənindi,

bilirəm,

saçlarım

gözlərim

ruhum...

Amma daha çox əllərim sənin olsun, istəyirəm...

 

Saçını tumarlayar,

süfrə bəzəyər sənə

əllərim...

Bir də

qara köynəyinə

qara,

ağ köynəyinə ağ sapla tikər düymələri...

  

 

YAĞIŞ GECİKƏN KİMİ

 

Bir-birimizə gecikdik,

yarpaqları saralan

budaqları quruyan ağaca

yağış gecikən kimi…

Göy üzü bir az tez tutulaydı,

buludlar gecikməyəydi

mehriban olmağa…

Birimiz tez çıxaydıq evdən,

birimiz gecikəydik,

təsadüfən rastlaşaydıq,

qağayıya dönəydik...

görüşəydik dəniz yurdumuzda,

zaman bu zaman olmazdı,

illər də bu illər...

nə sən ruhuna xəyanət edəydin,

nə də mən.

sevəydik bir-birimizi

qağayılar dənizi,

dəniz qağayıları sevən kimi…

 

 

 O YOL

 

Bu yolun başlanğıcı

o yolun bitdiyi yerdi.

o yol mənim gəldiyim,

sənin getdiyin yerdi.

 

biz o yolda qarşılaşmalıydıq,

mən gəldim,

sən getmədin...

orda bir yol yoruldu

səni gözləməkdən,

məni gözlətməkdən...

 

 

SAMAN ÇÖPÜ

 

Bulud aldı göy üzünü, batdı yenə günəşim,

Ruhumdakı son ümidi əsən yellər qopardı.

Mənim işim səninlədi, başqasıyla nə işim?

Saman çöpü, səni sular məndən əvvəl apardı.

        

Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?

İlk evimiz beşik olur, son evimiz də məzar.

Dayağım yox bu dünyada, kimə ümid eyləyim?

Dost da bəzən düşmən olub adama quyu qazar.

 

Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,

Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.

Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,

Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.

 

 

SON VAQON  

 

O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...

Yazdığın şeirin
son misrası mənəm,
nöqtə qoya bilmirsən.
birdən ardını yazarsan deyə,

Bir zərrə ümidin qalıb –
bəlkə, işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə...

        

 

SİZİF YÜKÜ

 

Necə ki Sizifin əziyyəti hədər gedirdi,

dağ başına daşıdığı böyük qaya parçası

yerə düşürdü, ürək də ayrılığı o cür daşıyır.

Tanrıların ittihamı Sizifə zülm verirdi,

hədər gedirdi əziyyəti,

sevənlərin də ittihamı bir-birlərinə

elə zülm edir.

Niyə?

Axı niyə bu gözəl həyatda

sevgi varkən,

ayrılıq da olsun?

Ayrılmasaq, əzab çəkməsək,

olmazmı?

 

Ayrılıqla, əzabla qol-boyun keçir

həyatımız,

bir də baxırıq ki,

fəsillər dəyişir,

dəyişir illər,

ömür də, gün də gedir...

saç ağarır, üz qırışır, dişlər tökülür,

ürəklərdə də ayrılığın ən dəhşətlisi:

Nə qaldı ki ömrümün sonuna?..

 

Ömrümüzün sonuna

nə qaldığını düşünməmək,

sevənlərin ittihamından

qorxmamaq üçün

ayrılmayaq,

sevək,

sevilək və

həyatın nə demək olduğunu

bilək...

 

 

TAXT-RƏVAN

 

Qara buludlar

mürəkkəb kimi yayılıb

göy üzünü gizləmişdi

zülmətin bətnində.

Nə qədər baxsam da,

nənəmin sönən ulduzunu

görə bilməmişdim...

Tez-tez cilddən cildə girib

şəkildən şəklə düşən buludları

nağıllarda təsvir olunan

taxt-rəvana bənzətmişdim

həmin gecə.

Elə bilmişdim ki,

bu “taxt-rəvan”da

başqa buludlara qonaq gedib

nənəmin ruhu...

Həmin gün –

nənəm günəşdən qaçıb

qara torpaqda gizlənən gün...

 

 

ÖMÜR

 

Sənə yaxşı yol arzulamıram, ömür!

“Getmə” də demirəm,

bilirəm ki, yol üstəsən,

gedəni saxlamaq olar,

amma səni olmaz,

heç olmaz!

Yol üstəsən,

gedirsən saniyə-saniyə...

Qorxuram ki, sözüm düşəcək yerə,

peşman olacam.

Hələ ki hiss etmirəm

getməyini,

nə vaxtsa

onu da hiss edəcəm...

Naxələf ömür,

arzularımızı

ürəyimizdə qoyan namərd!

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

  

 

 

Çərşənbə axşamı, 03 Oktyabr 2023 11:15

Milli Dram Teatrının oktyabr repertuarını təqdim edirik

Azərbaycan Akademik Milli Dram Teatrı həmişəki kimi bu ay da maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın oktyabr repertuarını təqdim edirik:

 

1 oktyabr - “Ölülər”

5 oktyabr – “Küknarlara məktub”

6 oktyabr – “Ah, bu uzun sevda yolu”

7 oktyabr – “Şah Qacar”

8 oktyabr – “Xanuma”

12 oktyabr – “Manqurt”

13 oktyabr – “Şükriyyə”

14 oktyabr – “Cəhənnəm sakinləri”

18 oktyabr – “Qarabağnamə”

20, 21, 27 oktyabr – “Dantenin yubileyi”

28 oktyabr – “Göyçək Fatma”, “Dəli yığıncağı”

29 oktyabr – “Məlikməmməd”, “Filumena Marturano”

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.