Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Əli Bağışın “Sözlərim” adlı essesini təqdim edirik.

 

 

Əli BAĞIŞ

SÖZLƏRİM

ESSE

 

 

1. Böyük-böyük adamların kiçik-kiçik işlər görməsinin yalmız bir səbəbi var: Böyük işlərin kiçik,çox kiçik adamlar tərəfindən oğurlanması!

2. Kimin "nə", "necə" dediyinə yox, "niyə?" dediyinə baxın.

3. Oğluma; Atam atandan böyük kişi olub, özüm özündən!

4. Zəif olanda hamı ədalətli olur, Kişi odur ki, güclü olanda ədalətli olsun.

5. Haqliyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə...

6. Söz, Əməl, Adam arasındakı tərs mütənasiblik  belədir; Sözlə Əməl arasındakı məasfə kiçildikcə  Adam böyüyür, Sözlə Əməl arasındakı məasfə böyüdükcə Adam kiçilir!!!

7. Çox şərəfsizin kişi olduğu, ayaqyolunda "Kişi"yazılmış lövhəyə tərəf gedəndə yadına düşür...

8. Övladlarımıza heç bir sərvət saxlaya bilmiriksə, heç olmasa "Allah rəhmət etsin, atan yaxşı Adam olub, bala"-nı saxlamaq ki, öz əlimizdədir...

9. Həyatda ən qəliz şey bir adamı tanımaqdı. Tanıyandan sonra həyat o qədər asan olur ki...

10. Ən gözəl sözləri şairlər, tamadalar, mollalar seçib danışırlar. Mənə sözünü yox, Əməlini göstər eee...

11. Allahın sığorta idarəsi işləmir. Heç kim, heç vaxt, heç nədən sığortalanmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərhad Fərhadlıya həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

FƏRHAD VÜQAR OĞLU FƏRHADLI

(08.12.1993.-20.10.2020.)

 

Sumqayıt şəhərində doğulmuş,  Sumqayıt şəhər 12 nömrəli orta məktəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin  (magistr) məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Cəbrayıl rayonu

Dəfn yeri:  Sumqayıt Şəhidlər Xiyabanı

Allah rəhmət eləsin!

 

QƏLBLƏRDƏ YAŞAYIR FƏRHAD

 

Düşmən sifətində şillə olubdur,

Yağının köksünə güllə olubdur,

Kafirin başına zərbə olubdur,

Qazanıb dünyada ən şərəfli ad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Güc alıb Vətənin üfüqlərindən,

Torpaqdan, Günəşin şəfəqlərindən,

Nənələrin arzu-diləklərindən.

Olub bu diyara ən əziz övlad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Sumqayıt onunçun ən gözəl şəhər,

Şirin laylasını çalar göy Xəzər,

Parklar, xiyabanlar, güllük, laləzər,

Xəyala necə də verir qol-qanad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Necə də pozuldu sakitlik, sükut,

General Həşimov olanda şəhid,

Bəsdir, göylərimdən çəkilsin bulud,

Bizim torpaqlarda qalammaz bir yad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Fərhad bank işçisi, kamil insandı,

Əsgərliyin çəkib xeyli zamandı,

Məqam yetişibdi, bu imtahandı,

Torpağı oğullar edəcək azad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Yazıldı orduya, dedi, - İnşallah,

Haqqa qüvvət verər Yaradan-Allah,

Doğar üzümüzə işıqlı sabah,

Təpəgözün başın əzəcək Basat,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Günlərdi almırdı Fərhad dincini,

Ayrılıq zamanı öpdü İncini,

Sonsuz arzusunu, min sevincini,

Gözləri nəmləndi, dinmədi heyhat,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Vətən sevgisidir ülvi məhəbbət,

Vətən adı gəlsə, yox başqa söhbət,

Vətən namus, vətən təmiz ad, qeyrət,

Yadlar torpağımda oynadammaz at,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Fərhadgil düşməni salıb lərzəyə,

Bəsdir, güzəşt olmaz qorxunc gürzəyə,

Son qoymaq zamanı çatıb  fitnəyə.

Tarixdən üzüağ çıxammaz fəsad,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Necə ağır döyüş keçdi, həmin gün,

Fərhad düşmənləri biçdi, həmin gün,

Tanrı da Fərhadı seçdi, həmin gün,

Başladı cənnətdə müqəddəs həyat,

Qəlblərdə əbədi yaşayır Fərhad.

 

Yurduma gəlibdir günəşli bahar,

Uşaqlar böyüsün xoşbəxt, bəxtiyar,

Fərhadın atasın tanıyın – Vüqar,

Qarabağ uğrunda vuruşub o da,

Özünü atıbdır alova-oda.

 

Fərhadın ətrini alır İncidən:

-Balam qiymətlidir  ləldən, incidən.

Fərhad, mən şeirimi çatdırdım sona,

Var olsun qəhrəman yetirən ana.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisit Ramiz Göyüşün Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı barədə məqaləsini sizlərə təqdim edir.

 

 

Bu yazını 35 il bundan öncə yazmaq istəmişdim. 1986-cı ildə -“Qan Yaddaşı” şeirlər kitabı nəşr ediləndə. Ancaq görünür qismət indi imiş. Niyə bu kitab məni özünə cəlb etmişdi?

 

 Qazax rayonunda, mənim dünyaya göz açdığım Abbasbəyli kəndində dünyaca məşhur olan bir dağ var. Göyəzən dağı. Şəninə dastanlar nağıllar, əfsanələr, şeirlər, musiqilər yazılan bu dağ qeyri- adi gözəlliyi ilə yanaşı, həm də qədim yaşayış məskənıdir. Dağın şimal yamacı ilə sıldırım qaya başlayan hissəsində 7 bürclü qala var və yaşı təxminən min ilə yaxın olan bu qala-bürc təbii və antropoloji təsirlərdən xeyli dağılsa da öz quruluşunu və görkəmini bu günə qədər saxlamışdır. 1965-66-cı illərdə o vaxtlar kəndin bəzi “başbilənər”inin qərarı ilə qalanın daşlarını sökərək gətirib tütün qurudulan talvarın divarlarını tikməyə başlamışdılar. Lakin kənd əhalisinin narazılığından sonra bu söküntü dayandırılmışdı. Şair Sabir Rüstəmxanlı həmin kitaba daxil etdiyi “ Niyə gərək belə qardaş“ şeirini sanki həmin hadisyə həsr etmişdi. Şeirə belə bir epiqraf da vermişdi:” Bəzi rayonlarda qədim abidələri uçurub daşını, kərpicini daşıyırlar”:

 

Külüngünü sən vuranda o divara,

Öz əlinlə öz sinəndə açdın yara!

Tarixin bir vərəqitək ovulanda əlindı daş,

Özünü kor qoyduğunu düşünmədin niyə, qardaş?

 

 ... Uluların bu qalanı ucaltmışdı elin üçün,

 yurdun üçün, sənin üçün

Sənsə yıxıb daşıyırsan toyuğunun hini üçün.

 

Səmimi desəm bu şeir mənə o qədər güclü təsir etmişdi ki, bütünlüklə əzbərləmışdim və məqam düşən kimi onu əzbərdən söyləyirdim. İstəyirdim ki, hamı bilsin bu şeiri. Bəlkə qalalarımızı uçuran , tariximizin izlərini öz xəbis və kiçik niyyətləri üçün itirən və bu barədə heç düşünməyən, “bu yad ananaın, yad bətnində doğulanlar” dayandıra öz çirkin və bəd əməllərini. Və belələrini Sabir Rüstəmxanlı təkcə tənqid etmirdi, həm də ifşa edirdi. Qorxmadan, çəkinmədən:

 

Sən tək olsan- qəzəbimə yer olmazdı

Kişilərin ucaltdığı nakişilər əllərində uçulmazdı.

 

Bu şeir gənc bir şairin bütün Azərbaycan xalqına həyacan təbili , çağırışı idi və mən əminəm ki, Sabir müəllimin bu şeirindən sonra neçə- neçə qalalarımız salamat qala bildi.

Keçən əsrin 80-ci illərin ikinci yarısında SSRİ deyilən bir imperiyanın tərkibində yeni bir dövr başlayırdı. İmperiyanın sonu yaxınlaşır, cəmiyyət çalxalanırdı. Təbii ki, bu proseslər ədəbiyyata da öz təsirini göstərmiyə bilməzdi. Belə bir ərəfədə gənc şair Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabının nəşri də siradan bir hadisə deyildi. Kitab haqında qısa məlumatda deyilirdi:

Sabir Rüstəmxanlının ”Qan Yaddaşı”ndan yeni poetik düşüncələr göyərib qalxıb, yurdun ulu daşları dil açıb, aqil babaların, dilidualı ağbircək nənələrin ruhundan nəğmələrinə ilkinlik təmizliyi hopub”.

 Kitab ön söz yerinə yazılmış “Ruhumuz sərhədsiz olduğu üçün” şeiri ilə başlayır və elə bu şeir də əslində kitaba toplanmış şeirlərin “sərhədsiz ruhunu” müəyyənləşdirir:

 

 Bu Vətən deyilən dünyam sirlidir,

 Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

 Bu Vətən torpağı çox qəribədir,

Hələ sərhəddini tapammıram mən.

 

 ... Arzu da beləcə sərhədsiz olur,

 Ümman da beləcə, göy də beləcə.

 Ruhumuz sərhədsiz olduğu üçün

Payımız gəlibdi göydən beləcə!..

 

Yeri gəlmişkən, kitaba “Qan yaddaşı” adının verilməsi müəllifin çox uğurlu tapıntısıdır, bu ad həm də oxuculara bir çağırışdır, “al məni oxu”-deyir və burada toplanmış şeirləri oxuduqca təkrar-təkrar qan yaddaşından doğan hikmətlər, poeitik ifadələr səni ovsunlayır. “Qan yaddaşı” şeiri ilə də başlayan şeirlər toplusu elə başlanğıcdan oxucunu düşünməyə vadar edir.

 

 Nüşabə qalasının yarıuçuq bürcündə,

Boy atıb qalınlaşan zoğallığın içində

 Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb...

 ...Soruşdum:”Oxuduğun mahnının adı nədir?”

 Güldü, gözü qıyıldı, gülüşü də nəğməydi

- Yayıldıqca yayıldı...

 

Şeir sənə tarix danışır, əfsanə, əsatir danışır. Bu tarixi sənə danışan körpə uşaqdır. Hələ tarix dərsi keçməyən, heç tarixi də bilməyən, yazı-pozudan xəbərsiz bir körpə danışır bu tarixi sənə. Həm də oxuduğu mahnı ilə, əlində düzəltdiyi oxla, yay ilə danışır və danışdıqları da o qədər gerçəkdir ki, sanki tarixi kemişin haqda sənə kerçək dastan danışır. Bu uşaq qəlbinin səsi, üzünün ifadəsi, mimikası ilə inandıra bilir oxuduğ bu dastana səni:

 

Dedi bilmirəm, əmi təkəm də oxuyuram,

Heç sözünü bilmirəm, özümdən toxuyuram.

 Özündən “toxuyurdu”, mahnısını o uşaq.

 İçəridən gələn səs ona “oxu” deyirdi.

Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs

Al əlinə bu yayı, at bu oxu deyirdi.

 

Şeir çox səmimidir. Dili sadədir. Şair bir körpə uşaqla kiçik bir dialoq qurmaqla əslində çox mühüm bir məsələ qaldırır. Düşünürəm, şeirin qəhrəmanı müəllifin özüdür, elə ona bu şeir yazdıran da onun qan yaddaşıdır.

Kitab başdan-başa vətənə, qəhrəmanlıq tariximizə, milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dilimizə, dinimizə, yurd yerlərimizə, əcdadlarımıza, məişətimizə həsr olunmuş poetik nümunələrlə zəngin bir topludur və oxumaqdan doymursan, şeirlər səndə sanki yaşı 70-i haqlamış müdrik bir kişinin nəsihətləri , öyüdləri, nağıl və dastanlarıdır bu şeirlər. Həm də çağırışdır, müraciətdir indiki və gələcək nəsillərə. Kitabda müəllifin yurd, el, oba, ocaq yeri adlı və ünvanlı çoxsaylı şeirlər yer alıb. Onların hər biri həm məna yükünə, həm də poetik ifadəsinə görə gözəl şeirlərdir.

İfadələrdəki tapıntılar, müəllifin poetik ustalığı oxucunu qəhər qarışıq təəcübləndirir, qürurlandırır. Sadaladığm mövzuların hərəsinə bir misal çəksəm bir kitab yaranar. Ancaq şairin “Vətən” şeirindən misal çəkməmək güçündə deyiləm;

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu.

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

 Cavad xanın qətl yeridi,

 Sabirin “ fəxriyyə” şeiridi,

 Dağları dumanda itən-

Vətən... Vətən...

 

Vətən haqqında müxtəlif müəlliflər tərəfindən müxtəlif xalqların dilində, minlərələm şeir yazılıb. Hər biri də çox gözəl, lətif, zərif. Niyəsə mənim də gəncliyimin filmi olan “ Baharın 17 anı” filmində “Hardan başlayır Vətən” mahnısı və mahnının sözləri bəlkə də indiyədək Vətən haqqında eşitdiklərim şeirlərin ən yaxşılarından biridir. Ancaq Sabir Rüstəmxanlının “Vətən...” şeiri bu mövzuda indiyədək eşitdiklərim və ya oxuduqlarım şeirlər içində mənə ən doğma və ən şirin gəldi:

 

Babalar atını sürüb gedibdi,

Qalalar boylnıb qalıbdır ancaq.

Oğlu –Şah İsmayıl Xətayi adlı

Ağatlı oğlan var, atı qanadlı,

Bir də Suraxanı atəşgahı var,

Bir də Misri qılınc.

Bir də Çənlibel:

Bir də “Heydərbaba “ yazılmış bir dil...

Torpağı ot deyil, kişi göyərdən-

Vətən... Vətən!...

 

1993-2002-ci illərdə tez-tez Mingəçevrə gəlirdi Sabir müəllim. Mingəçevirə bağlılığı öncə Vətən toprpağna məhəbbətdən irəli gəlirdisə, digər bağlılığı ümimi dostlarımız- Məhəbbət Qrabağlı,Tofiq Qulyev və digər dostlar yaradırdı. Sonradan elə Tofiq müəllimin və Sabir Rüstəmxanlının vasitəsilə Əli Quliyevlə, Yaşar Abdulovla , Rüstəmxanlı ocağının nümayəndəlri ilə, qədim türk yurdu Yardımlının sözübütöv, mərd, dostluğa möhkəm kişiləri ilə tanış olmaq, ünsiyyət qurmaq mənə də nəsib oldu. Mingəşevir dənizinə maraqlı, düşündürücü bir şeir də həsr etmişdi. “ Mİngəçevir dənizi ilə söhbət”. Bu şeirlə samuxluların və mingəçevirlilərin xatirəsində özünə həmişəlik bir taxt qurub, Sabir müəllim. Vətəni Samux rayonu “Mingəçevir dənizi”nin altında qalmış, Samuxun və Mingəçevirin dəyərli ziyalılarından biri olan Bayram Ağamirzə oğlunun lap ürəyindən olmuşdu bu şeir: Bağışla , bizi, bağışla Dəniz altında qalan dünya! Qayığı belə arxayın sürürük üstündən, Belə arxayın üzürük gözünə ağ pərdə çəkən sularda.... ...Neçə sahil qumuna yazmışam öz adımı, Neçə dəniz qoynunda yazmışam inadımı! Bəs bu necə dənizdir? ... Bir ac balina olub Samuxu udan dəniz Onun nəğmələrini başından ata bilmir, Atıb unuda bilmir... Ömür yolunu uzaq bir kənd cığırından başlayıb Vətənin hər güşəsinə qədər gəlib çıxan, hər kərpicini, hər saxsı parçasını öyrənərək onu nəzmə çəkən, hər daşına, hər torpağına hər qalasına , hər mənzərəsinə şeir yazıb Sabir Rüstəmxanlı, bu kitabda, yana-yana, sevə-sevə tərənnüm edib Vətən torpağını. Və bununla qürur duyur. Nə yaxşı ki, ömür yolum qayğıların ağırından başlanıbdı. Nə yaxşı ki, ömür yolum uzaq bir kənd cığırından başlanıbdı! Bu şeirlərin hər birini bu kiçik yazıda təhlil etmək, onlardan sitat gətirmək mümkün olmazdı. Sadəcə oxumaq lazımdır şair Sabir Rüstəmxanlını. Onda biləcəksiniz bu şeirləri ilə nəyi demək istəyir müəllif. Lakin “Qan yaddaşı” ilə kifayətlənmədi, şeirlərində olduğu kimi dövrü mətbuatda ciddi tənqidi məqalələri, publisistik yazıları maraqlı təklifləri ilə çıxış edirdi. Və budur 32 yaşlı gənc şair-publisist Sabir Rüstəmxanlının yeni bir kitabı- “Ömür kitabı” işıq üzü gördü. Bu kitab əslinəd şairin çox böyük yaradıcılıq uğuru idi. “Ömür kitabı” nəsrimizdə və publisistikamızda hadisə idi və hadisə kimi də ədəbiyyat tariximizə daxil oldu. Ancaq “kitab maraqlı, publisistik bədii” kitab deyildi. Başdan ayağa tariximizlə doludur. Nə qədər acı faktlar da olsa gerçək hadisələrlə zəngin, xalqımızın milli kimliyini faktlarla sübut edən, haqqımızda yazılan təhrifləri, tarixi yalanları birbaşa müəlliflərini göstərməklə , həqiqəti həmin müəlliflərin sifətinə çırpan, bir tarixi-bədii-publisistik toplu olmaqla həm də gənclərə ünnvanlannmış çağırış idi. Eyni zamanda müəllif bu çağırışı, bu tapşırmanı, bu kitabı ilk növbədə doğmaları “Nərgizə, Gündüzə,Səadətə, Tahirə, Ormana, Rəşada, Araza, Namiqə, Anara, Eminə, Raminə, Təbrizə, İftixara, Orxana sonra isə...sabah bu torpağın üstündə yaşayacaq və arzularımızı yaşadacaq bütün balalarımıza bağışlayıram” -deməklə çox gənc yaşında müdrik bir missiya yarinə yetirmişdi. Əslindı bu tapşırma nurani bir qocanın, ömrü keşməkeşlər görmüş müdrik bir insanın gənclərə vəsiyyəti idi... Yadımdadı! Kitab nəşr olunduqdan sonra tezliklə bütün şəhərlərə və kəndlərə (Nə yaxşı ki, o vaxtlar hələ şəhər, rayon və kəndlərimizdə kitab mağazaları dururdu) yayıldı . Kitabın nəşrindən keçən çox qısa müddət ərzində artıq “Ömür kitabı” əksəriyyətin stolüstü kitabına çevrilmişdi və hamı bu kitabdan danışırdı. “Ömür kitabı”nı bütün yaşıdlarım kimi mən də elə kitab nəşr olunduğu dövrdə -keçən əsrin 80-ci illərində oxumuşdum. Səmimi desəm Sabir müəllimə simpatiyamda elə o illərdən yaranmışdı. Lakin indi bu yazın hazırlayarkən kitabı bir daha yenidən oxudum. O zamankı yaş və dövr də kitabda yazılanlara yeni yanaşma tələb edirdi. Və mən kitabı oxuduqcaq müəllifə bir daha öz aləmimdə dönə-dönə minnətdarlığımı bildirdim. Düşündüm ki, nə yaxşı ki, ədbiyyat və ictimai fikir tariximizdə Sabir Rüstəmxanlı kimi yazıçılarımız, ziyalılarımız var. Onun bu kitabda səpdiyi toxumlar əminəm ki, hələ innən belə yeni-yeni pöhrələr verəcək, böyüyəcək, Yardımlı meşələri kimi Vətənimizin hər yerini bürüyəcəkdir. Hesab edirəm ki, “Ömür kitabı” şairin “Qan yaddaşı” şeirlər kitabının nəsrdə və publisistikada bir növ davamı idi. Şair Şabir Rüstəmxanlıya “Qan yaddaşı” kitabında demədiklərinin bir hissəsini nəsrdə, publisistikada demək zərurəti yaranmışdı və çox cəsarətlə deyə bilmişdi. Onun nətəcəsi idi ki, “ Ömür kitabı” mübaliğəsiz desək müəllifinə böyük şöhrət gətirdi . Doğrusu mən Sabir Rüstəmxanlının “Ömür kitabı”nı “ Vətən haqqında” simfoniya adlandırıardım. Diqqət yetirsək görərik ki, kitabda bölünmüş başlıqların hər biri bir nəğmədi, mahnıdı, əslində müəllif də həmin başlıqlarda verdiyi yazıları yekunda məhəbbət məktubları, nəğmə və ya mahnı adlandırır. Diqqət yetirək müəllifin kitabdakı “Vətən haqqında nəğmə” yazısına: “Hər kəsin ürəyində Vətən haqqında bir nəğmə var. Geç tez oxumalıdır. Bu nəğmə böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da. Vulkan nə vaxt püskürəcəyini kimə deyir? Sübhün ala-toranında səsindən asılmış torağayların yanğısını dinləyə-dinləyə, zəmi yerinə səpələnmiş quzuların dalınca qaçan, dizə kimi şehdə islanmış qardaşlarımı düşünürəm.... Kim bilir, bəlkə onlar Vətən haqqında nəğmələrini elə həmin anlarda oxuyurlar”. Nə qədər səmimi, kövrək və dəqiq ifadə. Həm də bu ifadələrlə sanki bir poetik mənzərə yardıb, müəllif. Bu mənzərəyə tamşa edən kim olsa belə, onu dindirsən kövrələcək, əminəm. Təkcə bu ifadəılər yox , ümumiyyətlə “ Ömür kitabı” başdan başa Vətən haqqında nəğmələr toplusudur. Qəhrəman Babəkin nəğməsi səslənir bu kitabda. Bu nəğmə “Dağlarımızın üstündə 22 il dalğalanan al bayraq, Babəkin azadlıq, qələbə, qəhrəmanlıq mahısı idi... Babək öz nəğməsini Azərbaycan dilində oxumuşdu! Biz də nəğməmizi bu dildə oxuyuruq, uşaqlarımız, nəvə-nəticələrimiz də bu dildə oxuyacaq. Hər kəsin ürəyində Vətən haqqında nəğmə var...Kimi ürəyə yazır bu nəğməni, kimi daşa, torpağa”. Bu kitabda əməyin, zəhmətin tərənnüm nəğməsi var. Hər gün çörəyini min zəhmət, əziyyət hesabına daşdan-torpaqdan çıxardan, o daşdan-torpaqdan çıxartdığı çörəyə min dəfə şükür edib onu bal kimi dadan, həmin zəhmət hesabına övladlarını böyüdüb, onlara öyüd-nəsihət, təlim- tərbiyə verən bir atanın Zəhmət nəğməsi var: ”Adam öz işindən zövq alanda, iş toy-bayrama çevrilir. Atamın mahnısı-bitib tükənməyən zəhmət idi. O öz ömür nəğməsini gecə-gündüz, ara vermədən torpağın qulağına oxuyurdu. Ona görə də torpaq onun mahnısı ilə yatır, onun mahnısıyla oyanırdı”. Müəlifin ifadələrini oxuduqca xəyal səni lap uzaq illərə aparır. Gözləriyin qarşısında sifətinin rəngi günəş şüalarında mis rənginə çalan, əllrinin qabarı gözə çarpan arıq bədənli, lakin pəhləvan cüssəli, əlləində, qollarında əzələləri, damarları qabaran zəhmətkeş insanların obrazı canlanır. Düşünürəm Sabir Rüstəmxanlı bu obrazla təkcə atası Xudu kişinin deyil bütünlüklə zəhmətdən yoğrulmuş bir Azərbaycanlı kişisinin ümumiləşdirilmiş obrazını böyük ustalıqla yarada bilib. Ancaq təkcə bu nəğmələrlə bitmir , Vətən nəğmələri. Bu kitabda həm də dünyanın müxtəlif məşhur muzeylərində sərgilənən azərbaycanlı ustaların düzəltdikləri, yaratdıqları, toxuduqları sənət əsərlərinin zəriflik, gözəllik nəğmələrinin bir sözlə Vətən övladlarının ömür nəğmələrinin səsi –“zili, zənguləsi, “Mənsuriyyəsi” eşidilir. Heç şübhəsiz Müəllif bu kitabını 44 günlük Vətən müharibəsindən sonra yazmış olsaydı biz bu kitabdan həm də Vətən uğrunda canını fəda etmiş şəhidimiz Xudayarın təsnifini də eşidərdik. Mən bu yazıda Xalq şairi Sabir Rüstəmxanlının iki kitabı- “Qan yaddaşı” və “Ömür kitabı”na toplanmış şeir və tatixi-bədii-publisistik yazıların yalnız bir qisminin məndə yatatdığı təəssüratlar barədə oxucularla fikrimi bölüşmək istədim. Əslində demək istədiklərim Sabir müəllimin yaradıcılığının məziyyətlərindən heç bir misqal da deyildir. Onun "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları son vaxtlar nəşr olunmuş “Əbədi sevda”şeirlər toplusunda əksini tapan mövzular ədəbiyyatımızda toxunulmamış mövzular olmaqla son dərəcə maraqlıdır. Bu əsərlər dərin tədqiqatların və təhlillərin obyektidir və əminəm ki, zaman-zaman araşdırılacaq, tədqiq ediləcəkdir. Ümumiyyətlə götürdükdə isə Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığını onun sözləri ilə desək “Oxuyanların hamısına ünvanlanmış Vətən haqqında məhəbbət məktubları”na bənzədirəm. Bu məktublarda məhəbbətdən yaranmış çağırış da var, nəsihət də, öyüd də. Sabir Rüstəmxanlı Azərbaycanın çağdaş ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. O, həm də müstəqillik tariximizə 1988-ci ldən başlayan xalq hərəkatının liderlərindən biri kimi, daxil olmuş, Azərbaycanın mətbuat və dövlətçilik tarixinə öz adını şərəflə yazmış, Dünya Azərbaycanlılarının həmrəyliyi və hüquqlarının qorunması yolunda mübarizəsi və yorulmaz fəaliyyətinin nəticəsində istər beynəlxalq aləmdə, istərsə də ölkəmizdə yaxşı tanınır, sevilir və böyük nüfuza malikdir. Ustad sənətkar, böyük ziyalı, Xalq şairi Sabir Rüstəmxanlını yeni yaşı münasibətilə təbrik edir, uzun və sağlam ömür, yeni yaradıcılıq uğurları, ictimai-siyasi və dövləti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

 

 

“Ədəbiyyat və incəsənət”

 (16.05.2024)

 

1 saylı Laçın Tam Orta Məktəbində Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Vətən səsi” saytının əməkdaşı Mina Rəşidlə şagirdlərin görüşü keçirilib.

 

Mina Rəşidin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, dövlət himnimizlə başlanan tədbirdə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Sonra məktəbin direktoru, əslən Laçın rayonundan olan Vəfa İsmayılova çıxış edərək Mina Rəşidin yaradıcılığı, onun şeirlərinin dərsliklərə, ibtidai siinif və məktəbəqədər bir sıra vəsaitlərə  daxil edilməsindən danışıb. 

Direktor onu da bildirib ki, Mina Rəşid Ağdamın Qiyaslı kəndindəndir, Birinci Qarabağ Müharibəsində atası şəhid, iki qardaşı qazi olub.

Daha sonra şagirdlər Mina xanımın azad Qarabağa həsr etdiyi şeirlərdən söyləyiblər.

Sonda Mina Rəşid “Zəfərdi mənim adım” adlı kitabını məktəbin müəllim və şagirdləri üçün imzalayıb. Belə gözəl tədbirin təşkili üçün yazıçı, müəllim Nurlana İşığa və direktor Vəfa İsmayılovaya xüsusi təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Bildiyiniz kimi COP29 - İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu il ölkəmizdə keçiriləcək. Üstəlik, 15 may Beynəlxalq İqlim Günü idi. Təbii ki, istənilən aktual mövzunu dərhal gündəminə gətirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu mötəbər tədbiri də diqqətdən kənar qoya bilməzdi. Yolumu kitabxanadan saldım bu əməkdaşlara maraqlandığım mövzunu izhar etdim. Və dərhal qarşımda COP29-la bağlı o qədər məlumatsız olduğum mətləblər açıldı ki.

 

Əməkdaşlar bildirdilər ki, kitabxananın Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində elan etdiyi “Təmiz planet-sağlam həyat” layihəsi davam edir. Ötən günkü 15 may Beynəlxalq İqlim Günü ilə əlaqədar isə Respublika Gənclər Kitabxanasında  “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası hazırlanıb.

Məlumat bazasında Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar qəbul edilən rəsmi sənədlər, beynəlxalq ekoloji konvensiyalar, COP29 - İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat, rəsmi çıxışların mətni,  bu mövzuda çap edilən kitabların, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edillir.

Elektron məlumat bazasında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi, ekosistemin bərpa olunması kimi məlumatlar da öz əksini tapır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti”, “İDEA İctimai Birliyi”, “Ekoloq alimlər”, “Qoruqlar”, “Ekoloji terror”, “Ekoloji təqvim” kimi bir sıra bölmələr nümayiş olunur.

 

“Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib və maraqlananlar tanış ola bilərlər. Mənə isə xüsusilə “Ekoloji terror” bölümü maraqlı gəldi.

Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror təbii ki, misilsiz səviyyədə olub. Meşələr qırılıb, torpağın təki istismar olunub, təbii su mənbələri çirklənməyə məruz qalıb, faunaya divan tutulub. Məncə, bu vandalizmı bacardıqca dünyaya faş etməli, humanizmdən danışan və Qərbdə özünə dəstək axtaran bir xalqın iç üzü aşkar görünməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

               Könül, “Ədəbiyyat və incəsənət”

 

Gənclər üçün nəzərdə tutulsa da bütün yaş təbəqələrinin sevə-sevə oxuduqları “Ulduz” jurnalının növbəti – aprel sayı işıq üzü görüb. Jurnalı əldə etməyə səbirsizlənsək də daha öncə Baş redaktor Qulu Ağsəsə telefon aşdıq və ona “Aprel “Ulduz”u bizi nələrlə sevindirəcək” sualını ünvanladıq. Qulu Ağsəs bizə aşağıdakıları bildirdi:

 

“Ulduz” jurnalının aprel  sayı Xanım Anelanın “Özüylə söhbəti...” və hekayələri ilə açılır.

“Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Bu yazı Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qaliblərinin hekayələri barədədir.

Elə hekayələr də bu sayımızda yer alıb. Cavid Babayevin, Orxan Cuvarlının və Xan Abdullanın uğur qazanmış hekayələrini, düşünürəm ki, oxucular böyük maraqla oxuyacaqlar. Yeri gəlmişkən, bu müsabiqənin informasiya dəstəkçisi sizin “Ədəbiyyat və incəsənət” portalınız olub.

“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərdi.

“Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz.

“Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer alır.

“Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir.

“Müsahibə” rublikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət” i oxucularla bölüşür.

“Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir.

Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncəsin bənzərsiziliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır.

“Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır.

Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.”

Qulu Ağsəsə təşəkkürümüzü bildirib oxucularımızı “Ulduz” almağa və oxumağa dəvət edirik. Jurnala abunə yazılmaq isə rahat əldə etməyin yeganə yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

III “Kitabqurdu” Yaz Oxu Marafonu çərçivəsində “Buknik” layihəsi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı marafonun təşkilatçısı olan Azərbaycan Nəşriyyatlar Assosiasiyasına istinadən xəbər verir ki, 70-dən çox şagirdin, onların valideynlərinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin iştirakı ilə baş tutan “Buknik” layihəsi kifayət qədər uğurlu alınıb.

 

Əvvəlcə komandalar şəklində parkın girişində toplanan uşaqlar arasında ünsiyyət təmin edilib. Uşaqlar fəaliyyətin sonunda dostlaşıb, növbəti görüşləri planlaşdırmağa başlayıblar.

Daha sonra oyun məkanında iştirakçılar komandalara bölünüb və aralarında müxtəlif yarışlar keçirilib. Qaliblərə kitab hədiyyələri təqdim ol.

Ardınca komandalar parkın müxtəlif yerlərində quraşdırılan imza köşklərində müəlliflərlə görüşüb, şəkil çəkdirib, kitablarını imzalatdırıb, yeni kitablar haqqında məlumat alıblar.

Sonda aktyor Kamal Yaşarın təqdimatında nağıl saatı baş tutub.

Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə yanaşı, Təhsilin İnkişafı Fondu və “SİMART” Sağlam İnkişaf Platformasının da təşkilatçılığı ilə keçirilən III “Kitabqurdu” Yaz Oxu Marafonuna 6 – 10 yaşlı uşaqlar qoşula bilərlər.

Daha az yaşı olan uşaqların iştirakı isə valideynin tövsiyə və nəzarəti əsasında mümkündür. Kitablar 6 – 10 yaşlı uşaqlar (ibtidai siniflər) üçün nəzərdə tutulub. İştirakçılar marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdırlar. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılər.

İştirakçılar seçilmiş 6 kitabı iyunun 25-dək oxumalıdırlar. Müsabiqə iki mərhələdən ibarətdir.

Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq. İmtahanın ilk mərhələsi onlayn qaydada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər finala vəsiqə qazanacaq.

Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.

Birinci yeri tutan iştirakçıya 1000, ikinci yeri tutan iştirakçıya 500, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikatlar veriləcək.

İştirakçılar marafonda iştirak etmək üçün aşağıdakı kitabları oxumalıdırlar:

- Amin Sükut – “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”

- Elgüsel – “Yumağın macəraları”

- Fatimə Alxaz – “Buku, qaranlıq və Toki”

- Xəyalə Murad – “Bir yarpağın arzusu”

- Sevinc Elsevər – “Novruz nağılı”

- Zahid Xəlil – “Bizim kəndin nağılları”

Marafonun teleqram kanalına bu link vasitəsilə qoşula bilərsiniz: https://t.me/IIIkitabqurdu_marafonu

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın fondun növbəti layihəsi olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı barədə fikirlərini diqqətinizə çatdırır. 

 

 

Türk ədəbiyyatının parlaq ədəbi incilərini yaratmış, türk dünyasının bədii irsini zənginləşdirmiş dahi şair Məhəmməd Füzuli hər əsrlə təzələnən, yeni-yeni mənalar qazanan, heç zaman köhnəlməyən əsərlər yaratmışdır. 

Unudulmaz söz ustadının bədii irsi türk dünyasının ortaq ədəbi abidələrindəndir. Zaman keçdikcə biz həmin ədəbi irsin bənzərsiz nümunələrini təkrar-təkrar oxuyur və onların dünəndən bu günə və gələcəyə ünvanlanan dərin mənalı, hikmətli ismarışlar olduğunu anlayırıq.

Məhəmməd Füzuli orta əsr türk ədəbiyyatının ədəbi məktəb yaratmış sənətkarlarındandır və altı əsrdir ki, türk xalqlarının yenilənən nəsilləri onun əsərlərinə müraciət edirlər. Bu xoşbəxtlik dünyada çox az şairə nəsib olur. Ötən altı əsr müddətində dünyanın bir sıra yerlərində yaşayıb-yaratmış Füzuli ədəbi məktəbinin davamçılarının sayı yüzlərlədir və onlar dünyanın ayrı-ayrı coğrafiyalarında ölməz sənətkarın yaradıcılıq yolunu uğurla davam etdirirlər. 

Bu il 530 yaşı tamam olan dahi şairin yubileyi Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd ediləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 25 yanvar tarixində Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamın mətnindən aydın olur ki, mədəniyyətə və ədəbiyyata daim böyük diqqət göstərən cənab İlham Əliyev Füzuli yaradıcılığını olduqca yüksək qiymətləndirir və onun ədəbiyyat tarixindəki müstəsna rolunu xüsusi qeyd edir.

Eyni zamanda sərəncamda Azərbaycan Xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin Məhəmməd Füzulinin yaradıcılığının beynəlxalq müstəvidə tanıdılması, adının əbədiləşdirilməsi istiqamətində müstəsna xidmətlərindən bəhs edilir: "Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul edilmiş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur".

Biz də Türk Mədəniyyəti və İrsi Fondu olaraq daim türk dünyasının maddi və mədəni irsini təbliğ edir, görkəmli sənətkarların əsərlərinin beynəlxalq müstəvidə tanıdılmasına çalışırıq. Fondun növbəti layihəsi olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı dahi şairin ədəbi irsinin tanıdılmasında, adının əbədiləşdirilməsində danılmaz xidmətləri olmuş görkəmli siyasi xadim Heydər Əliyevin bu yöndəki tarixi fəaliyyətinə həsr edilmişdir.

Kitaba Heydər Əliyevin Məhəmməd Füzulinin yubileyləri və adının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamları, qüdrətli söz ustadının Bakı, Ankara, Moskva şəhərlərində keçirilən yubileylərindəki nitqləri, həmin tədbirlərə aid fotolar, həmçinin Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının iclaslarındakı çıxışları və digər materiallar daxil edilib.

Həmçinin nəşrdə Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri yer alıb. Kitabdakı həmin məqalələri görkəmli rəssamların əsərləri müşayiət edir.

Fond tərəfindən Türk dünyasının əbədiyaşar söz sənətkarı Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilən bu kitab unudulmaz lider, görkəmli siyasi xadim Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Sabah - 17 may tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təlimdə iştirakçılar 70 nəfər olmaqla 6 qrupa bölünəcəklər. Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə -"İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzularını əhatə edəcək.

Təlim müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və  zəif tərəfləri, imkanları və təhdidləri müəyyən etmək, təhsildə keyfiyyətin və digər mövzular üzrə bilik və bacarıqlarını artırmasını özündə ehtiva edir.

Təlim başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək. 

Təlim Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

Onu da qeyd edək ki, ilk analoji təlim mayın 13-də keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Mayın 15-də “Azərbaycan Bəstəkarlar İttifaqı - 90” silsiləsindən Bəstəkarlar İttifaqının Ü.Haclbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumun açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bəstəkarlar İttifaqı plenumun ilk gününün gənc bəstəkarların kamera musiqisindən ibarət əsərlərinə həsr olunduğunu bildirib. 

 

Açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən etibarən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini qeyd edib. Bununla yanaşı, Bəstəkarlar İttifaqında gənc bəstəkarların yaradıcılığına dair tədbirlərin, onların əsərlərindən ibarət konsertlərin təşkili, İttifaqın digər tədbirlərində fəal iştirakı, görkəmli sənətkarların yubileylərinin keçirilməsi və bu kimi məsələlərdən söhbət açıb. Firəngiz Əlizadə onu da vurğulayıb ki, gənc bəstəkarların təqaüdlərlə təmin olunması, Gənclər Günü ilə əlaqədar olaraq mükafatların verilməsi və bu işdə Bəstəkarlar İttifaqının gənclərə göstərdiyi qayğı və diqqət onların yaradıcılığının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri plenumun iştirakçılarının fəal olmasını tövsiyə edib. Sonra plenumun proqramına uyğun olaraq gənc bəstəkarların əsərləri ifa olunub.

 

Proqrama İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən pyeslər, Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr” romansı, 3 hissəli Sonata, Vəfa Bağırzadənin “Mərhəba” romansı, “Bir ümid işığı” violin və piano üçün pyesi, Fərid Fətullayevin “Ay üzlü nigarım” romansı, Tural Məmmədlinin “Ay işığında” piano üçün pyesi, Elvin Quliyevin Skertso-vals (tar, kamança və piano üçün) kimi kamera-instrumental əsərləri daxildir.

 

Gənc bəstəkarların musiqisini tamaşaçılar da rəğbətlə qarşılayıblar.

 

Üç gün davam edəcək plenumun növbəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqişünasların çıxışlarından ibarət elmi konfrans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) olacaq.

 

Mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında dəyirmi masada müzakirələr keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Page 5 of 1480