Super User
YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq
Mayın 19-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq.
YARAT-ın yaydığı məlumata görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq bu sərgidə Əzim Əzimzadə, Fərhad Xəlilov, Toğrul Nərimanbəyov, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Rasim Babayev və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri nümayiş olunacaq.
“Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini, əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir. Sərgi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsi mənsubiyyətin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltaraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub.
Qeyd edək ki, sərgi ekspozisiyasına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, eyni zamanda, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.
“Çəhrayı – Qara” adlı sərgi mayın 19-dan sentyabrın 24-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Daşların dilini bunu bilənlərdən öyrənin
Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil olunub
Mədəniyyətdə və elmdə bir termin var, vorkşop. Qulağınıza dəyibmi bu söz?
Müasir pedaqoqikada vorkşop özlüyündə məktəb və məktəbdənxaric təhsil üçün bol material mənbəyini ehtiva edir ki, diqqət mərkəzində praktiki və müstəüil təhsil dayanır, eləcə də öz təcrübəsi üzərində öyrənmək. Və bu təlim get-gedə daha çox həyatımıza siyarət edir. Elə “NUR Art House” qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopunun təşkil edilməsi də söylədiklərimizə əyani sübutdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən vorkşop “Arts Council Azerbaijan” qurumunun, “World Craft Council Europe“ və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalın müəllifi Dadaş Məmmədov, vorkşopun kuratoru Teymur Qəribov olub.
Vorkşop çərçivəsində 10 rəssamın yaratdığı 10 ayrıca əsər birlikdə Ulu Öndər Heydər Əliyevin həyatını, həmçinin onun Azərbaycanın inkişafı və çiçəklənməsinə olan təsirini əks etdirib. Eyni zamanda istedadlı heykəltaraş Teymur Qəribov Ümummilli Liderin büstünü yaradıb.
Məqsəd təkcə təsviri sənət obyektlərinin yaradılması deyil, həm də yaradıcılıq prosesi zamanı ustadın işini görmək, eləcə də qeyri-rəsmi şəraitdə rəssamlarla ünsiyyət qurmaq olub. Vorkşop, eyni zamanda, özünü təkmilləşdirmə, həmçinin gənc istedadların yetişdirilməsi forması kimi yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məqsədilə həyata keçirilib.
Vorkşopda Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva və Dinara Müzəffərli iştirak ediblər.
Qeyd edək ki, girişi sərbəst olan tədbirin qonaqları heykəltaraşlıq əsərlərinin yaradılmasının əziyyətli və mürəkkəb prosesini görmək, eyni zamanda müxtəlif üslublarda bu prosesin mürəkkəbliyini, eləcə də gözəlliyini qiymətləndirmək imkanına sahib olublar.
Öyrənmək çox vacib cəhətdir. Axı insan daim öyrənməli, öz sənətinin ustadı, peşəkarı olmalıdır. Gəlin yeni - 3-cü minilliyin övladlarından - o cümlədın vorkşoplardan qorxmayaq, hadisələrin önündə olmağa çalışaq. Uğur burdadır.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Bəşər tarixinin 20 ən qəddar canisi
SIRADA HANSI ERMƏNİ YER ALIB?
Bu gün mən “Ədəbiyyat və incəsənət” portalının oxucularına bəşər tarixinin 20 ən qəddar canisinin adlarını təqdim edəcəyəm. Niyə məhz bunlar? Düzü, araşdırmalarım nəticəsində o qənaətə gəlmişəm ki, ən qəddar, ən amansız və ən yırtıcı olanlar məhz bunlardır. Əksəriyyətin adı sizə tanış olsa da əsla tanımadıqlarınız da az deyil. Və əlbəttə ki, tarix boyu qorxaqlıqla, xəyanətlə, nakişiliklə qanlar tökmüş ermənilərin nümayəndəsinin də burada olması labüddür.
Kaliqula
Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.
Neron
Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.
Çingizxan
Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.
Vlad Sepeş – Drakula
15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.
İvan Qroznı
Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi düşmüşdür.
Mulay İsmail
Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.
Birinci Pyotr
Ruslarda imperiya ambisiyası, qonşu xalqların torpaqlarını işğal edərək ucsuz-bucaqsız ərazilərə sahib çıxmaqla bir velikorus şovinizmi yaradıb, bu səbəbdən günü bu günədək də davam edən yüzlərcə ədalətsiz müharibələr aparılıb, milyonlarla insane qurban gedib.
Andronik Ozanyan
Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirib.
Benito Mussolini
Bu italiyalı şəxs məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yolu keçib.
Adolf Hitler
Bu Almaniya vətəndaşının günahları o qədər çox və təkzibedilməzdir ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıdır, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman verib, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağındadır), onu tarixin ən qəddar canisi hesab edirlər.
İosif Stalin
Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir qəddar diktator olub Stalin.
Ted Bandi
Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.
Kim İr Sen
Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu.
Pablo Eskobar
Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar. Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.
Mao Tze Dun
Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu.
Səddam Hüseyn
Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.
İdi Amin
Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.
Pol Pot
1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxarıb.
Pedro Alonso Lopes
“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.
Fransua Düvalye
Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.
Şəkildə: Mənfur erməni Andronik
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Avropa İttifaqında inflyasiyanın səviyyəsi 6,7 faiz olacaq
Avropa Komissiyası bildirib ki, Avropa İttifaqında 2023-cü ildə enerjidaşıyıcılarının qiymətlərinin aşağı olacağı səbəbindən 1 faiz iqtisadi artım gözlənilir, lakin inflyasiya yüksək olaraq qalacaq.
AzərTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Avropa Komissiyasının son iqtisadi proqnozuna əsasən, Aİ-nin ümumi daxili məhsulunun həcmi bu il 1 faiz, 2024-cü ildə isə 1,7 faiz artacaq. Hesabatda qeyd olunur ki, "enerji qiymətlərinin aşağı düşməsi artım proqnozunu artırıb” və ÜDM-nin həcminin qış aylarında dərc olunan proqnoz ilə müqayisədə 0,8 faizdən 1 faizə çatacağı gözlənilir.
Aİ-nin icra orqanı öz bəyanatında bildirib ki, istehlakçılar da enerji ödənişlərinin azaldığını görürlər və bu, iqtisadiyyata müsbət təsir etməklə yanaşı, firmaların istehsal xərclərini azaldır. Bununla belə, Avropa Komissiyası vurğulayır ki, 2023-cü ildə inflyasiyanın səviyyəsi yüksək olaraq qalacaq və onun illik həcmi 6,7 faizə çatacaq. Bu rəqəm cari ilin yanvarında dərc olunan 6,4 faizlik proqnozdan artıqdır.
Martda enerji və ərzaq məhsulları istisna olmaqla, baza inflyasiyasında artım xidmətlərin qiymətində daha çox - 7.6 olub.
Avropa Komissiyası bildirib ki, əməkhaqqının artımı inflyasiyadan geri qalır və bu səbəbdən əhalinin enerji istehlakı aşağı səviyyədə olacaq, həmçinin maliyyələşdirmə şərtləri daha da sərtləşəcək.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
“Aç qapını, dərdləşməyə gəlmişəm...” - Poetik qiraətdə Elxan Yurdoğludur
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirləri yekunlaşır.
QAPI BİLİB BAŞDAŞINI DÖYÜRƏM
Qardaşım, dostum şair İlqar Qulusoyun ölümündən 5 il keçir... Başdaşıyla dərdləşirəm...
Qapı bilib başdaşını döyürəm,
Aç qapını, dərdləşməyə gəlmişəm!
Sinən daşdı, mənə cavab vermirsən?
Bilmirsən ki, bura nəyə gəlmişəm?!
Bu nə böyük düzdü, məkan seçmisən!?
Yalan olsun qara mərmər bu düzdə.
Başdaşına söykəmişəm başımı,
Yerlər ağlar, göylər inlər bu düzdə.
Beş günlük dünyada beş ildi yoxsan,
Hərdən təkliyimi güldürən adam...
Döydüyüm qapını aç, mən də gəlim,
Məni diri-diri öldürən adam.
Ölümü əyləncə seçən şairim,
Ölüm zarafatı qanmadı axı!
Bizə bir od qoyub çıxıb getmisən,
Biz yandıq, dərdimiz yanmadı axı!
Gah keçib bir küncə yazdıqlarını –
Şeir kitabını vərəqləyirəm.
Gah da xəyal uçur xatirələrə –
Ömür kitabını vərəqləyirəm.
Darıxıram, aç qapını, danışaq,
Bu nə qərib, nə qəribə daxmadı?!
Yadındadı, mənə şeir yazmışdın –
Qızıl sözün qulağımda sırğadı.
Qapı bilib başdaşını döyürəm,
İlqar, səsin gəlsin, səsimə səs ver.
Adı İlqar olan vəfasız olmaz,
Sənsiz yaşamağa mənə həvəs ver.
Ürəyin daşdımı, cavab vermirsən?!
İndi bəs neyləyim, mən başı daşlı?!
Diksindim, çiynimə bir əl toxundu,
– Kimlə danışırsan, o ki başdaşı?!
– Dostumdu, gəlmişəm ziyarətinə,
Söhbət eləyirik olub keçəndən.
...Gedir, arxasınca baxıram mən də,
Görəsən, başını bulayır nədən?!
Eeeeeh, ay adam, hardan biləsən,
Dağ sözüm yıxılıb, sözüm dağlanıb.
Səhərdən bir mərmər qapı döyürəm,
Hər yanı açıqdı, amma bağlanıb...
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Gənc azərbaycanlı kinorejissor beynəlxalq film festivalında iştirak edəcək
Gənc azərbaycanlı kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq Film Festivalında iştirak edəcək.
Bu ekran əsəri 1990-cı il 20 Yanvar hadisələri haqqında animasiya ilə birləşdirilmiş sənədli filmdir.
Proqramın əsas məqsədi layihələrin tanıdılması və digər ölkələrin də layihəyə dəstəyini cəlb etməkdir.
Qeyd edək ki, Türkan Hüseyn Rüstəm İbrahimbəyov Kino Məktəbinin yetirməsidir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Heydər Əliyev: “Öz rolumu mən özüm yaxşı oynayıram”
“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyev barədə yazılardan ən maraqlı məqamları seçərək sizlərə təqdim edir.
“...Tufanların tüğyan elədiyi müasir dünyaya Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı belə şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb bir tarixi məqamda göndərir. O, ciddi böhranları dəf edib hamısına mətanətlə sinə gərmiş, onu mənən və cismən məhv etmək üçün göstərilən bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır” (Fransanın “Kuryer İnternasional” jurnalı, 2003-cü il, may).
***
“...1992-ci ildə ABŞ-da “Azərbaycan türkləri” adlı zəngin qaynaqlara əsaslanan fundamental monoqrafiya çap etdirmiş tarixçi-alim Odri Aldstadt kitabının “Azərbaycanda Heydər Əliyev erası” adlı fəslində Azərbaycan KP MK-nın ozamankı birinci katibinin təşəbbüsü ilə Cavidin cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsini ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıcı kimi səciyyələndirir” (V. Quliyev. Heydər Əliyev və klassik ədəbi irsimiz // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 1998, s.98).
***
“Bir dəfə görkəmli aktyorumuz Nodar Şaşıqoğlu (1927-2013) Heydər Əliyevə yarızarafat-yarıciddi demişdi ki, məndən muğayat olun, yəqin, gec-tez sizin rolunuzu da oynayacağam. Heydər Əliyev də gülərək elə eyni tərzdə dərhal cavab vermişdi ki, öz rolumu mən özüm oynayıram, bu rolun da öhdəsindən mənim kimi gələn olmaz”.
***
“Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı” (R. Hüseynov).
***
“Qurultayda Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım: – Heydər müəllim, bir dəfə “Ən böyük dissident elə mən özüm olmuşam” dediniz. “Tamamilə doğrudur” – dedi Heydər Əliyev və: – “Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim” (Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” kitabından).
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Vəzifəlilər Yevgeniya Epşteyni dinləməyə gəlmişdilər
Bakıda məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn və tanınmış pianoçu Səidə Tağızadənin iştirakı ilə “Sarayın sirləri” adlı konsert keçirilib.
"Report" xəbər verir ki, konsert Şirvanşahlar Sarayı Kompleksində baş tutub.
“Simurq” musiqi festivalının müəllif və rəhbəri Səidə Tağızadə, həmçinin Aviv simli kvartetinin yaradıcılarından biri, Xorvatiya, Sloveniya, Böyük Britaniyada ustad dərsləri keçmiş məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn Azərbaycan və Qərbi Avropa bəstəkarlarının görkəmli əsərlərini ifa ediblər.
Musiqili gecənin qonaqları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann olub.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Brayan Treysi, «Maksimuma çatmaq»
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
1-6-cı yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 6-cı yerlə tanış olun.
1.Entoni Robbins. «Özündə nəhəngi oyat»
2.Robin Şarma. «Titulsuz lider»
3.Bodo Şefer. «Qaliblərin qanunları»
4.Tom Piters. «Özünü brendə çevir»
5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”
6.Marşal Qoldsmit. «Başından uca tullan»
7.Brayan Treysi. «Maksimuma çatmaq»
Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.
Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.
«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Fuad İbrahimov Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin edilib
Fuad Natiq oğlu İbrahimov Azərbaycan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin edilib. O bu vəzifədə, Xalq artisti Rauf Abdullayevi əvəz edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki,Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.
Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.
Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.
“Ədəbiyyat və incəsənıt”
(16.05.2023)


