Super User
70 illikdə sükut
Telman Adıgözəlovun anadan olmasından 70 il ötdü
Ötən gün Azərbaycanın mərhum Xalq artisti Telman Adıgözəlovun anadan olmasından 70 il ötdü.
Düzü, nəsə bir anım tədbiri, xatirə yazısı görə biımədik. Halbuki, söhbət çox məşhur aktyordan gedirdi.
Niyə, nə səbəbə, nə üçün? Düzü cavab verməkdə çətinlik çəkirik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayaraq teatr səhnəsində maraqlı obrazlar yaradıb.
Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda “Zəncirvuran”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında “Daşdəmir”, İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı”sında Rəhman, U.Şekspirin “Maqbet”ində “Flins”, M.İbrahimovun “Közərən ocaqlar”ında “Xanəhməd”, H.Cavidin “İblis”ində “Şeypurçu”, S.Vurğunun “Vaqif”ində “Təlxək”, S.Rəhmanın “Nişanlı qız”ında “Eynəkli kişi”, E.Baxışın “Qədr gecəsi”ndə “Oyunbaz”, Elçinin “Ah Paris…Paris!..” tamaşasında “Əhməd”, “Mənim sevimli dəlim”də “Professor”, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında “Qumarbaz” obrazlarını göstərmək olar.
İstedadlı aktyor AzTV-də hazırlanmış “Yaşıl eynəkli adam”, “Oradan-buradan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.
Telman Adıgözəlov 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Populyar aktyor 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.
Aktyorun bir qızı, bir oğlu var.
Ruhu şad olsun!
Hazırda Teatr Xadimləri İttifaqına başçılıq edən Hacı İsmayılov illər öncə, bu vəzifəyə keçməmiş Telmanın vəfatının ildönümündə söyləmişdi:
- Telman Adıgözəlovun yoxluğu həmişə məni yandırıb. Telman, mən, bir də Səməndər Rzayev - bütün sənət əhli bilir ki, biz ayrılmaz üç dost olmuşuq. Özü də haraya getmişiksə, bərabər getmişik - gəzintilərə, məclislərə, qastrollara. Onunla üç tamaşada da tərəf-müqabil olmuşdum: “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ax Paris, Paris”. Telmanla tərəf-müqabil olmağın ayrı ləzzəti vardı. Bir-birimizin nə demək istədiyini göydə tuturduq.
Hər dəfə ətrafıma baxıb o insanları görmədikcə sarsılıram. Səməndərdən sonra Telmanı itirmək mənə ikiqat zərbə oldu. Yatsaydım, yuxuma da girməzdi ki, Telmanı çox erkən - 57 yaşında itirəcəyəm.
P.S. Bəlkə Teatr Xadimləri İttifaqı Telman Adıgözəlovun anım günündə nəsə bir tədbir keçirib hər halda? Məsələyə aydınlıq gətirməyə çalışacağıq.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Bakıda “UNESCO-nun Azərbaycanda qeyri-maddi mədəni irsi” mövzusunda seminar keçirilib
Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 7 nömrəli ASAN xidmət mərkəzində “UNESCO-nun Azərbaycanda qeyri-maddi mədəni irsi” mövzusunda seminar keçirilib.
AzərTAC xəbər verir ki, seminar “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və ASAN könüllüləri tərəfindən təşkil olunub. Kurator qismində Samirə Faizova çıxış edib.
Seminarda rəssamlar Eldar Babazadə, Röya Həsənova, Kamilə Muradova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova və Leyla Muradova iştirak ediblər.
“Arts Council Azerbaijan” QHT-nin bu seminarın keçirilməsində əsas məqsədi gənclərdə incəsənətə marağın artırılması, Azərbaycan rəssamlarının yaradıcılığının populyarlaşdırılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Bu gün “MədəniyyətimİZ” layihəsinin növbəti görüş Xalq artisti Nurəddin Mehdixanlı ilə keçiriləcək
İyulun 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə həyata keçiriləcək.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş tutacaq görüşdə Xalq artisti N.Mehdixanlı Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində milli teatr sənətinin inkişaf perspektivləri”, “Teatr yaradıcılığında Heydər Əliyev fenomeni” və “Peşəkar aktyorluq sənətinin müasir Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində effektiv təbliği və əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində istedadlı musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnıları və təsniflər səsləndiriləcək.
Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.
Bu barədə Oxu.az məlumat verir.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb
Noyabrın 10-dan 15-dək paytaxtımızda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.
Festivalın Təşkilat Komitəsindən verilən müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.
Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək filmfreeway.com/bakuisff platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər.
Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.
“Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.
Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək. Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək. Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq.
Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
LitRes-in versiyasında yay mövsümünün ən yaxşı 10 kitabı
Yüz minlərlə oxucunun oxuma sayı və müsbət rəyləri əsasında Şərqi Avropanın ən böyük elektron ədəbiyyat platforması olan LitRes yay mövsümünün ən yaxşı kitablarını müəyyənləşdirib. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan LitResin rəsmi saytına istinadən həmin kitabları sizlərə təqdim edir. Və sonda o, kitab mütəxəssisi - “Azərkitab”ın əməkdaşı Günel Əlizadəyə müraciət edib, reytinqi şərh etməyi ondan xahiş edəcək.
1.Corc Oruel, “1984”;
2.Con Kexo, “Şüuraltı hər şeyə qadirdir”;
3.Daniel Çidiak, “Kim deyir ki, sən bacarmazsan?”
4. Edit Eva Eqer, “Seçim”;
5.Juliya Enders, “Ecazkar bağırsaq”;
6.Anna Todd, “Sonra”;
7.Mari Kondo, “Magik təmizləmə”;
8.Sergey Lukyanenko, “Megiddonun yeddi günü”.
9. Aleks Mixaelides, “Səssiz-səmirsiz xəstə”
10.Patrik Kinq, “Ünsiyyət vərdişlərini necə yaxşılaşdırmalı?”
Günel Əlizadə: “Düzü, reytinq məni təəccübləndirdi. Corc Oruelin “1984” romanının onluğa daxil edilməsi belə təəccüb doğurardı, burda isə söhbət birincilikdən gedir. İş ondadır ki, bu, çox mürəkkəb strukturlu, çətin qavranan romandır. Orta statistik oxucu üçün deyil. Xüsusən də, yay aylarında insanlar hər şeyin daha yüngülünə çan atar, əyləncəyə üstünlük verər. Ya müharibə, iqtisadi xaos, repressiyalar və siyasi çevriliş tamaşaları rusiyalı oxucuları statistiklikdən çıxarıbdır, ya da ki, dünyanın mizan-tərəzisi dəyişibdir.
Mən burdakı romanlardan bir xeylisini oxusam da qeyd edilən karyera və inkişaf, habelə motivasiya kitablarını oxumamışam, hökmən gərək oxuyam”.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Türksoy. Fəaliyyət xronikası
“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasını təqdim etməkdə davam edir. Rubrikanı Habil Yaşar aparır. Növbəti böyük tədbir fevral ayının 1-də keçirilmişdi...
“Çağdaş Türk Ədəbiyyatı və Türk Dünyasında ədəbi aktuallıq” mövzusunda konfrans
TÜRKSOY və Türk Ədəbiyyatı Vəqfi (TEV) ilə birgə “Çağdaş Türk Ədəbiyyatı və Türk Dünyasında Ədəbiyyatın Aktuallığı” mövzusunda konfrans keçirilib.
TÜRKSOY-un baş katibi Sultan Raevin verdiyi konfransın açılış nitqləri TEV-in prezidenti Serhat Kabaklı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqan, Prof. Dr. Ramazan Qorxmaz və Prof. Dr. Yakup Çelik tərəfindən hazırlanmışdır.
Açılış nitqlərindən sonra çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev milli ədəbiyyatın cəmiyyətlərin inkişafında və bir millət kimi meydana gəlməsində mühüm rolunu vurğulayaraq qeyd edib ki, ədəbiyyat xalqların hisslərini, gələcək hədəflərini və həyat fəlsəfəsini formalaşdıran mədəniyyət sahəsidir.
Bu gün mövcud olan zəngin ədəbiyyatımızın töhfələri sayəsində türk xalqının dünya xalqları arasında böyük dil ailələrindən biri kimi qəbul edildiyini bildirən Sultan Raev deyib: “Ədəbiyyatımızın Manasdan tutmuş Qorqud Ata, Kaşqarlı Mahmuddan Füzuliyə qədər zəngin yazılı və şifahi tarixi var. Hər birimiz üçün müqəddəs olan dilimiz uşaqlıqdan analarımızın laylalarında, atalarımızın manilərində aşılanıb. Babalarımızın, nənələrimizin ocaq başında danışdıqları dastanlar, rəvayətlər, nağıllarla milli ədəbi baxışlarımızın xəmiri yoğrulub.
Fikrimcə, ən qədim və zəngin şifahi ədəbiyyatı olan bir millətdən Nizami, Yunus Əmrə, Mövlana, Nəsimi, Füzuli, Nəvai, Firaki, Abay, Hüseyn Cavid, Mehmet Akif, Mağcan Cumabay, Cingiz Aytmatov kimi yüzlərlə dünya miqyaslı ədəbi dahilərimiz yetişib. Bu gün Türk Dünyası olaraq şair və yazarlarımıza borcluyuq. Ədəbiyyatımız bizi uzaq Sibirdən Balkanlara qədər uzanan sivilizasiya coğrafiyasında birləşdirən ortaq dəyərimizdir”.
Baş katib Raev TÜRKSOY-un mədəniyyət sahəsində gördüyü işlərə toxunaraq, təşkilatın həmişə olduğu kimi ədəbiyyat sahəsində də böyük işlər gördüyünü, bu istiqamətdə fəaliyyət göstərən qurum və təşkilatlarla əməkdaşlığı dəstəklədiyini qeyd edib.
Konfransdan sonra Türk Ədəbiyyatı Fondu ilə TÜRKSOY arasında əməkdaşlıq protokolu imzalanıb. İki təşkilat arasında əməkdaşlığın hüquqi əsasını təşkil edən protokolu TÜRKSOY-un baş katibi Sultan Raev və TEV-in prezidenti Serhat Kabaklı imzalayıb.
İmzalanma mərasimindən sonra Türk Ədəbiyyatı Fondunun direktorları Sultan Rayevə “Türk Dünyasına Üstün Xidmət Mükafatı”nı və vəqf “Fəxri Üzvlük Sertifikatı”nı təqdim ediblər.
Çağdaş Türk Ədəbiyyatı və Türk Dünyasından Ədəbi Aktuallıq konfransı Esat Kabaklı və Bünyamin Aksunqurun konserti ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Afroditanın Romada zühuru
Tarixi tapıntılar həmişə böyük maraq kəsb edir. Ona görə də ötən gün İtaliyanın qədim mərkəzi olan Roma şəhərinin əsas tarixi ərazilərindən birində aparılan tikinti işləri nəticəsində qədim dövrlərə aid ağ mərmər büstün aşkarlanması xəbəri reytinq birincisi olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı XXL-ə istinadən xəbər verir.
Demək, şəhərin meri cənab Roberto Qualtieri deyib ki, Roma şəhəri öz tarixi keçmişinin qiymətli sübutlarını qaytarmağa davam edir. Romanın tarixi məkanlarından olan Piazza Augusto Imperatore-də aparılan təmir işləri zamanı gözəl tarixi mərmər insan başı və digər dəyərli əşyalar tapılıb. Bu isə bizim ölkə üçün çox qürurvericidir.
Hazırda arxeoloqlar və bərpaçılar tapıntıları bərpa edərək, onu tədqiq etməklə məşğuldurlar. Büstün üzə çıxarılması arxeoloqların diqqətli işi sayəsində mümkün olub və tapıntı mütəxəssislərə şəhərin qədim tarixi haqqında tədqiqatları daha da dərinləşdirməyə kömək edəcək. İlkin rəylərə əsasən, yeni tapılan mərmər büstün gözəllik ilahəsi kimi təsvir olunan Afroditanın heykəlinə aid olması ehtimal edilir.
Qeyd edək ki, arxeoloqlar hazırda bu qədimi əşyanı bərpa etməyə ümid edirlər, eyni zamanda, əsas məqsəd arxeoloji tapıntını dərindən tədqiq edərək, onun yaşını və hansı dövrə aid olduğunu müəyyənləşdirməkdir.
Amma büstdə Afroditanın həkk edilməsi həqiqətən ağlabatandır. Zevs qızı Afrodita Romadan tapılıbsa bunu Afinanın yalnız alqışlaması mümkündür.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Niyə də yox?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Hazırda yetən müğənni, Əməkdar artist Elza Seyidcahanı vurur. İnsanın adı o qədər sıx çəkilir ki, ölkənin məmə yeyənindən pəpə deyəninədək hamı onu tanıyır. Yazıq AYB-yə üzv olub deyə o qədər topa-tüfəngə tutulub ki, şeir yazmaq həvəsindən büsbütün düşüb. Bu yandan arxivdən bir bacısı da çıxıb onu məişət problemlərində ittiham edərək binəvanın dərdinin üstünə dərd gətirir.
Bəli, biz yıxılanı baltalamaqda pərgarıq. Belə bir zamanda istedadlı rəssamımız Nəvai Metin hamıya nümunə göstərərək “Niyə də yox” şüarını səsləndirərək Elza Seyidcahanın portretini yaradlb.
Bir dəfə yerdə bir it leşi olur. Ham “fu, nə murdardır” deyib lənətləyəndə Süleyman peyğəmbər deyir ki, nə sədəf kimi dişləri var.
Bu rəvayət çox ibrətamizdir.
Düşünürük, hər kəs payını götürər.
Bu da Nəvai Metinin çəkdiyi portret. Əla alınıb, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Londonda Azərbaycanın qastroturizm imkanları nümayiş etdirilib
CORAT QUTABI ÇOX BƏYƏNİLİB
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.
Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.
Qeyd edək ki, Corat qutabı dequstatorların xüsusən xoşuna gəlib. Sərgidə elə yerindəcə sacda bişən Corat qutabı əcnəbilərin ağzını ləzzətə gətirib (Şəkildə).
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
24 –cü dərc
-Sındır!
İsrafil vintaçanla qıfılın dilini qarcıyıb qırmaq istəsə də, bir şey alınmadı. Bunu görəndə vintaçanı rahlayıb çəkiclə başına möhkəm bir zərbə endirdi. Qıfıl yerindən laxladı. Daha iki zərbədən sonra sınmış qıfılı və alətləri masanın üzərinə qoyub kənara çəkildi.
Əlimi uzadıb dolabı açdım. Ortadan rəflə iki yerə bölünmüş dolabın alt hissəsində elektrik və dəm çaydanları, bir qutu çay, üst hissəsində isə qəndqabı, iki boşqab, iki qaşıq, iki çəngəl və üç bardaq var idi. Bardaqlardan biri ağ, biri qırmızı, üçüncüsü isə tünd göy rəngdə idi. Qara rəngli sellofan torbadakı bir qədər karamel konfetini və qəndi, onun yanındakı qurumuş yarımçıq ruleti nəzərə almasaq, dolabda daha başqa heç nə yox idi.
-İndi mümkünsə, sizin otağa gedək. Kamera qeydlərinə bir nəzər salaq.
-Əlbəttə, ancaq axı həmin gecə kamera işləməyib.
-Bunu bilirəm. Hər-halda bir baxaq, -Mahmud müəllimin lazımsız mülahizələrini kəsmək üçün gözətçi otağından birinci çıxdım. Binaya daxil olduqda ardımca gələn təsərrüfat müdiri, -Sola dönəcəyik, -deyib əli ilə kabinetini göstərdi.
Monitorun qarşısında yerimizi aldıqdan sonra məni maraqlandıran sualları verməyə başladım.
-Zəhmət olmasa deyin, bu hadisədən əvvəl də kamera sıradan çıxırdımı?
-Bəli, son vaxtlar üç-dörd dəfə olub.
-Təxminən nə vaxt?
-Haradasa axırıncı bir ay içində nasazlıq yaranıb. İlk dəfə axtarıb otağıma gələn naqilin qırıldığını aşkar elədim və təzədən caladım. Sonrakı nasazlıqlarda həmin calaq yerində boşluq əmələ gəlibmiş, eləcə sıxdım, düzəldi.
-Bəs calaq yerini lentlə bağlamışdızmı?
-Xeyir, naqildə cərəyan olmadığı üçün caladım, qaldı, buna ehtiyac duymadım. Həm də misdəndi, pas atan metal deyil.
-Nasazlıq yaranan günlərin tarixlərini deyə bilərsinizmi?
-Bəli. Sonuncunu bilirsiniz, on altı may tarixidir. Ondan əvvəlki nasazlıq üç gün əvvəl, mayın on üçündə, o birilər isə on iki və on doqquz aprel tarixlərində baş vermişdi.
-Bunu necə xatırladız?
-Hər ehtimala qarşı həmin tarixləri bloknotumda qeyd etmişəm. Çünki həmin vaxtlar yaddaş qeydlərində boşluq yaranıb. Qeydlərə də ki, bir şey baş verərsə, birbaşa mən cavabdehəm. Yazdığım şeylərsə, mənim yadımda yaxşı qalır.
-Başqa bir nasazlıq aşkar etmədiz ki?
-Yox. O calaqları da çox möhkəm vurmuşdum, niyə boşalırdı, bilmirəm.
-Oraya sonda baxarıq. İndi Salamın son növbədə olduğu gün olanları danışın.
-Deməli, vəziyyət belədir, Bəxtiyar müəllim. Kamera həmin gün axşamacan işlək olub, Salam növbəni qəbul edəndə də işləyirdi. Bayaq İsrafil deyəndə bildiniz ki, səhər və axşam növbələri saat 9-dan 9-a dəyişir. Ancaq gözətçilərdən fərqli olaraq, ümumilikdə o biri işçilərin iş vaxtı səhər saat 9-da başlayıb axşam 7-də bitir. Mən isə həmişə bir saat tez gəlib bir saat da gec çıxıram. Bu məndə vərdişdir. Həmin gün də axşam 8-də gündüz növbəsi ilə sağollaşıb evə getdim. Salam saat 9-da növbəni qəbul edib və bu görüntülərdə qeydə alınıb. Təxminən saat 01:30-da kamera görüntüləri itib. Monitor mənim otağımda olduğu üçün gözətçi bunu bilə bilməzdi. Səhər səkkizdə işə gələn kimi, monitoru işə salıb gecə gözətçinin yatıb-yatmamasını bilmək üçün görüntülərə baxmaq istədim. Məlum oldu ki, kamera yenə xarab olub. Tez eşiyə çıxıb həmin kəsik olan yerə baxdım. Açığı, o naqili necə möhkəm sıxdığım yadımda idi, cəmi üçcə gün əvvəl sıxmışdım. Ancaq yenə də boşalıb aralanmışdı, naqillər bir-birinə zorla dəyirdi. Təmas zəif olanda da, bilirsiz, görüntü ötürülmür. “Lənət şeytana” deyib, təzədən calayıb otağa qayıtdım. Gördüm ki, görüntülər qayıdıb.
-Stop. Bu təxminən 9-a işləmiş olub, növbə isə 9-da dəyişib. Həmin aradakı görüntüləri görmək istəyirəm.
Mahmud müəllim bir qədər sonra görüntüləri ekrana verib dedi:
-Buyurun, bax budur, 8:12-dən başlayır. Bu da Salam, otaqda oturub. Az qalır oturduğu yerdə yatsın.
Salam doğrudan da çox yuxulu görünürdü. Masanın üzərində dolabda gördüyüm çaydanlar, ağ rəngli bardaq və qəndqabı var idi. Salam hərdən yuxulamamaq üçün gözlərini ovuşdurur, sonra bardaqdakı çaydan içirdi. Saat 9-da əşyalarını dolabına yığıb qıfıllayan Salam onu dəyişən gözətçiyə növbəni təhvil verib otağı tərk edir.
-İndi qayıdaq saat 1:30-dək olan görüntülərə.
-Hazırdır.
Bu görüntülər də ilk baxışdan adi görüntülər idi. Növbəni təhvil alan Salam bir neçə dəfə həyətə çıxıb qayıdır, sonra telefonu ilə başını qatır. Saat 00:55-də dolabı açıb oradan bir şüşə «Fanta» şirəsi çıxarır, ağ bardağa süzüb içir və yenə telefonda qurdalanır. Saat 01:30-da görüntülər itir.
-İndi isə keçək üç gün əvvəlki görüntülərə.
-Buyurun, -on beş saniyə sonra görüntüləri monitora verən Mahmud müəllim onları rahat görməyim üçün kreslosunu bir qədər geriyə sürüşdürdü.
Vaxt itirməmək üçün görüntüləri bir qədər sürətlə ötürüb baxmağa başladım. Bu görüntülərdə hərdən həyətə çıxıb tez də qayıdan Salam demək olar növbənin çox hissəsini otaqda keçirir. Saat 5:50-də yenə görüntülər itir və bir də əvvəlki görüntülərdə olduğu kimi, 8:13-də bərpa olur.
-Yəqin yenə də siz gəlib naqilləri sıxmısız, hə? -gözümü monitordan çəkib Mahmud müəllimdən soruşdum.
-Elədir ki, var.
-İndi baxaq 8:13-dən sonra nə baş verib.
Əvvəlki görüntülərdə gördüyüm çay ləvazimatları yenə də masanın üzərində idi. Ancaq onlardan başqa masa üzərində ikinci, dolabda gördüyüm qırmızı rəngli bardaq, iki boşqabda dilimlənmiş rulet və yanlarında qoyulmuş iki çəngəl var idi. Yenə də, bir qədər sonra qabları yuyub yığışdıran Salam dolaba qoyur və növbəni təhvil verib gedir. Vəssalam. Görəsən Salamın qonağı kim olub?
-Mahmud müəllim, zəhmət olmasa deyin, əvvəlki iki dəfə də kamera gecə saatlarında sıradan çıxıb?
-Xeyir, onlar gündüz saatlarında olub. İlk dəfə səhər saat 10-da, ikinci dəfə 10:30-da.
-Aydındır. İndi həmin naqilin zədələndiyi yerə baxaq.
Birlikdə ayağa qalxdıq. Xəstəxananın həyəti elə də böyük deyildi. Gözətçi otağının solunda darvaza, bu darvazadan bir qədər sonra isə bina yerləşirdi. Təsərrüfat müdirinin otağı binanın başlanğıcında yerləşdiyi üçün onun pəncərəsi birbaşa gözətçi otağına baxırdı. Gözətçi otağı ilə kabinetin arası təxminən doqquz-on metr olardı. Bu məsafədə kameradan otağa qədər çəkilən bir cüt naqil hündür darvazanın üzəri ilə keçib nisbətən alçaq olan divar boyu binaya qədər gəlir, pəncərədəki dəlikdən otağa girir və motnitora qoşulurdu.
-Nə əcəb, naqilli kamera qoymusuz?
-Əvvəl məsafədən ötürən kamera qoymaq istəmişdim. Ancaq yoxlayanda məlum oldu ki, kamera otağın içində olduğu üçün dalğalar zəif ötürülür, usta dedi ki, pis hava şəraitində ümumiyyətlə dalğalar itəcək, ona görə də getdim, dəyişdirib gəldim.
-Bəs dediyiniz kəsik haradadır?
-Divarın üstündə, baxın, orada, -Mahmud müəllim darvazanın sol tərəfindəki divarı göstərdi. Elə axırıncı dəfə üstünə çıxdığım stulu da orada saxlamışam ki, yenə lazım olsa, daha axtarmayım.
Stulun olduğu yerin yanında zibil qutusu qoyulmuş, divara «siqaret çəkmək üçün yer» lövhəsi vurulmuşdu. Mahmud müəllim bəstəboy olduğu üçün stuldan istifadə etmişdi. Mənimsə, əlim naqilə rahat çatardı. Yaxınlaşıb hündür divarın yuxarısı ilə çəkilmiş calaq yerinə toxundum. Calaq kifayət qədər möhkəm vurulmuşdu.
-Əminsiniz ki, calağı həmişə belə möhkəm vururdunuz?
-Bəli, tam möhkəm. Ancaq yenə də boşalır.
Belə-belə işlər cənab detektiv, belə-belə işlər… Bu naqil çox maraqlı naqildir. Daha sonuncu sualı da verib getmək olar.
-Mahmud müəllim, xəstəxanaya gələn, fərqi yoxdur xəstə yanına və ya başqa işlə bağlı bütün adamların qeydiyyatı hansısa formada aparılırmı?
-Bəli, mütləq qaydada bütün ziyarətçilərin adları, gəlmə və getmə vaxtları qeydə alınır.
-Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.
-Həmişə qulluğunuzdayam, Bəxtiyar müəllim.
-Sağ olun.
-Sağ olun.
Mahmud müəllimin əlini sıxıb, bir qədər kənarda dayanmış İsrafillə sağollaşıb həyətdən çıxdım. Ancaq getməyə tələsmədim. Xəstəxananın divarı boyu axıra qədər gedib geri qayıtdım. Bu, bir müşahidəmi yoxlamaq üçün lazım idi. Bundan sonra əsas yola çıxıb şəhər istiqamətində gedən avtobusların dayanacağında dayanmış avtobusa mindim. Bu avtobusun şəhərin hansı hissəsinə getməsi mənim üçün maraqlı deyildi. Üçüncü dayanacaqda düşüb bir kənara çəkildim və cib telefonuma sim kartı yerləşdirib işə saldım. Bir azdan nömrə mobil şəbəkəyə qoşuldu.
Elbrusu yığıb gözləməyə başladım.
-Eşidirəm, Bəxtiyar müəllim, görüşə bildiniz?
-Görüşdüm.
-Onda deyin gəlsin.
-«Karat» mayın on altısından on yeddisinə keçən gecə qətlə yetirilib. Bu Salamın sonuncu növbəsi ilə eyni vaxta təsadüf edib. Sonra Salam saxlanılıb. Ancaq mayın on üçündə olan növbəsi zamanı Salamın qonağı olub, birlikdə çay içiblər. İmkan olan kimi Kürdəxanıya gedib Salamla görüşün, həmin adamın kimliyini öyrənin. Paralel olaraq ötən ay, on iki və on doqquz aprel tarixlərində günün birinci yarısında xəstəxanaya gəlmiş bütün adamların siyahısını tələb edin. Bu həm mütəmadi olaraq ambulator müayinə üçün müraciət edən pasiyentlər, həm də ayrı-ayrı işlər üçün gəlmiş adamlar ola bilər. Onların hər biri bizim üçün maraq doğurur. Həmin tarixlərdə gəlişi təkrarlanan varsa, həmin naməlum qonaqla eyni adam olub-olmamasını müəyyən edin. Eynidirsə, qalanlarını bir kənara qoya bilərsiz. Yox, qonaq və təkrarlanan adam ayrı-ayrı adamlardırlarsa, onda onlardan hansının solaxay olduğunu öyrənin. Bizi maraqlandıran adam solaxaydır, bunu unutmayın.
-Hər şey aydındır, qardaş. Dərhal sorğunu verirəm.
-Nə isə bilinsə, telefonuma mesaj atın. Arada işə salıb baxacağam.
-Oldu, sağ olun.
-Sağ olun.
Söhbəti bitirən kimi düyməni basıb telefonun sönməsini gözlədim, sonra sim kartı çıxarıb cibimə qoydum.
Əgər telefonumu izləyirsinizsə, indi fikirləşin, bu şəhərkənarı yolda mən nə axtarırdım, cənablar…
Bir azdan başqa avtobus məni şəhər istiqamətində aparırdı. Bu avtobusda elə də çox sərnişin yox idi.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)


