
Super User
Göyəzən dağının möcüzəli görüntüsü kameraya gəlib
Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət”
Həyatda möcüzələr həqiqətən də var, amma onlarla rastlaşmaq hər kəsə qismət olmur. Nə yaxşı ki, günümüzdə mobil telefon kimi anidən həm səs, həm görüntü yaza bilən bir texnika mövcuddur.
Ötən gün Qazax rayonunun simvolu hesab edilən Göyəzən dağı şəkildə gördüyünüz görüntüdə olub. Tanrının möcüzəsinə bir baxın. Kəndimiz Abbasbəylidə yaşayan Hafiz adlı yaxın qohumum bu görüntünün şəklini çəkib. Mən də bu möcüzəli görüntünü paylaşmaq qərarına gəldim ki, siz də xəbərdar olasınız.
Xatırladım ki, Göyəzən dağı Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə (eradan 66 milyon il əvvəl) püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur.
Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Kimnən soruşum...”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik.
Kimnən soruşum...
Ya dağılıb, ya da itib –
Yerini kimnən soruşum?
Bu yol salan niyə edib
Əyrini – kimnən soruşum?
Bu dünya bir qərəvəlli –
aşırıbdı çox heykəli,
ölənlərin yeri bəlli,
dirini kimnən soruşum?
Bu həyət niyə dadsızdı?
Alim niyə savadsızdı?
Bir sualım cavabsızdı,
birini kimnən soruşum?
Yarımcan oldu Qarabağ,
vaxt verdiyi Qərara bax!
O, Savalan, bu – Dəlidağ...
sirrini kimnən soruşum?!
həsrət çəkib hönkürürəm,
cığırlardan yol hörürəm,
dayazı özüm görürəm,
dərini kimnən soruşum?
Üfüqlərdə od qalandı,
qaranlığa nur calandı,
xırda sorğum cavablandı:
irini kimnən soruşum...
“Ədəbiyyat və incəsənət”
(27.12.2013)
POETİK QİRAƏTdə İqbal Nəhmətin “Şaxta baba” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair İqbal Nəhmət görüşür. Yeni il ərəfəsində Şaxta Baba barədə də yazmayasan, kimdən yazasan?
SAXTA BABA
Yığışdır xurcununu,gizlə oyuncaqlarını,
Uşaqlar süd istəyir, inək gətir Saxta baba.
Səni adam bilərək inandıq ağ saqqalına,
Bu dəfə isti qutab, çörək gətir Saxta baba.
Satılıb toyuq-cücə, boş qalıbdı hinlərimiz,
Deyəsən qabaqda imiş görəcək günlərimiz,
Tək olan Allaha qalmış gələcək günlərimiz,
Bir az da arzu gətir, dilək gətir Saxta baba.
Beləcə yaşlanırıq ömür gödək, zaman qırıq,
Zamanı tapdalayıb bərk gedirik dayanmırıq,
Bizdə adət belədir cox yatırıq oyanmırıq,
Yuxudan oyatmağa kürək gətir Saxta baba.
Zalımın bostanında kök atmışam,tağ olmuşam,
Yaltağa ortaq olub,ortağa yaltaq olmuşam,
O qədər sıxılmışam,baxsana, qorxaq olmuşam,
Mənə bir ürək kimi,ürək gətir Saxta baba
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Təranə Seyid: Rəssamlar ruhən yaradıcı insanlardır və incəsənət onların həyatında birinci yerdədir
İstedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq sərgilərin və simpoziumların fəal iştirakçısı Təranə Seyid üçün rəssamlıq təkcə yaradıcı peşə deyil, həmçinin həyat tərzidir. O, əsərlər yaradanda öz düşüncələrini, duyğularını, hisslərini onlarda əks etdirir. Təranə Seyidin sözləri ilə desək rəssamlıq həm də reallıqdan qaçıb öz dünyasına qərq olaraq tam azad şəkildə özünü ifadə etməyin bir yoludur. Rəssam AzərTAC-a müsahibə verib və Daycest bölümündə bu müsagibəni təqdim edirik.
- Nəyə görə rəssamlığı seçdiniz, bu sənətdə sizi cəlb edən nə oldu?
- Əslində, mənim peşəm hüquqşünasdır. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişəm, ancaq nə qədər çalışsam da sənət və rəssamlıq eşqimi həyatımda ikinci plana keçirə bilmədim.
Bilirsiniz, rəssamlar ruhən yaradıcı insanlardır və incəsənət onların həyatında birinci yerdədir və onsuz özlərini təsəvvür edə bilmirlər. Baxmayaraq ki, birinci sahədə daha çox uğur qazana bilərdim, mən rəssamlığı seçdim. Bilirsiniz, rəssamlıq istedaddan, istək və həvəsdən irəli gəlir. Sənətlə məşğul olmaq onu öz daxilində aparmaq deməkdir, əks halda mümkün deyil. Bu səbəbdən də mən bu sənəti seçdim və çox sevinirəm ki, doğru seçim etmişəm.
- Əsərlərinizdə daha çox hansı mövzulara üstünlük verirsiniz?
- Əsasən çalışıram ki, yaradıcı və şəxsi üslubuma uyğun mövzular olsun, çünki bildiyiniz kimi hər rəssamın öz dəst-xətti və ruhən ona yaxın olan üslub var, bu istər realist, istər impressionist, istər abstrakt, istərsə də kubist olsun, hər bir tərzdə, hər bir janrda mövzuda rəssamın öz dəst-xətti olmalıdır və dəst-xətti ilə istənilən mövzuya yanaşması və üslubu ilə seçilməlidir. Bir sözlə, öz imzası olmalıdır!
-Əsərlərinizi yaradan zaman nədən ilhamlanırsınız?
- Xüsusi bir ilham mənbəyim yoxdur, ətrafda baş verən bütün hadisələr, bura insan obrazları, həyati süjetlər, müharibələr, dramatik talelər, təbiət – bunların hər biri rəssama ilham və yaratma eşqi verir.
- Fərqli janrlarda işləməyi xoşlayırsınız, yoxsa yalnız bir janrda rəsm çəkməyi sevirsiniz?
- Məndə bir necə üslub var və hazırda etapla seriyalı işlər edirəm, eyniliyi sevməyən bir insanam və eynilik məni yorur. Onun üçün düşünürəm ki, illərlə üslub və rəssamın üstünlük verdiyi mövzular da dəyişə bilir, çünki rəssamlar daim axtarışda olurlar.
- Bir əsər üzərində təxminən neçə müddət işləyirsiniz?
- Bu əsərin mövzusundan və üslubundan asılıdır. Bəzən bir həftəyə başa gələn əsər illər çəkə bilər.
Rəssamlar özlərini çərçivəyə salmağı sevmirlər, ruhən azad insanlardır və əgər əsərin gedişatı onları qane etmirsə və artıq yorursa, onlar prosesi dayandırıb başqa işə başlayırlar və bir müddətdən sonra dayandırdıqları işi yenidən davam edirlər və bu da bəzən günlər, bəzən isə aylar, illər çəkir və bütün rəssamların emalatxanalarında bitməmiş yarımçıq işlər hər zaman olur.
- Elə bir əsəriniz varmı ki, özünüzün şah əsəriniz hesab edəsiniz?
- Bəli, rəssam özü bilir hansı əsəri daha dəyərlidir və onu şah əsəri hesab edə bilər. Rəssamlar illərlə yaradıcılıqla məşğul ola, yüzlərlə əsər yarada bilərlər, lakin rəssamın həqiqətən əsəri bütün həyatı boyu bir neçə ədəd olur və bunu yalnız özü və çox savadlı sənətşünaslar və yaxud rəssam yoldaşları bilir. Hətta deyərdim ki, bütün insanlar o rəssamın bütün yaradıcılığını çox bəyənsə belə, rəssam özü hansı əsərinin daha dəyərli olduğunu yalnız özü bilir.
- Bir müddət öncə fərdi sərginiz keçirildi və çox yaddaqalan oldu. Sərgidə hansı əsərlər nümayiş olundu? Sərginin əsas mövzusu nə idi?
- Düşünürəm ki, sərgi çox gözəl keçdi, gələn qonaqların, sənətsevərlərin, xalq rəssamları və sənətşünasların əsərlərə marağı və sonda ünvanıma gələn gözəl sözlər artıq hər bir şeyin qaydasında olmasından xəbər verirdi.
Sərgidə Azərbaycanın gözəl mənzərəsi, Şuşaya aid bir neçə əsər, Vətənimizin təbiəti, insan obrazları, natürmort və bir çox başqa mövzularda 30-dan artıq əsər nümayiş olundu. İllərdir fərdi sərgi etməyə çalışsam da alınmamışdı və bu ilk fərdi sərgim idi.
Qeyd etmək istərdim ki, ölkə daxilində dövlət qurumları tərəfindən təşkil olunan qrup sərgiləri, bayram günlərinə həsr olunan özəl sərgilərdə iştirak etdiyim kimi, ölkə xaricində də, Avropa və Amerika Birləşmiş Ştatlarında təşkil olunan qrup sərgilərdə və simpoziumlarda da mütəmadi olaraq iştirak edirəm.
- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam kimi sizə nə verir?
- Ölkə xaricində tanınma, daha çox ölkələrdə simpoziumlarda, sərgilərdə iştirak şansı, daha çox rəssamlarla tanışlıq imkanı və ən əsası hər zaman bir amalım olub, bu da Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Əslində, planlarım çoxdur. Ölkə daxilində olduğu kimi, xarici ölkələrdə də fərdi sərgilər etmək, daha çox yaratma, daha çox işlər görmək istəyirəm, lakin bunun üçün rəssama vaxt, fiziki və mənəvi enerji lazımdır. Düşünürəm ki, zamanla bunların hamısını reallaşdıra biləcəyəm.
Şəkildə: Təranə Seyid, Xurşudbanu Natəvanın portreti.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
22-ci hissə
Xəyanət ağrısı
Ülkər indi, üstündən bu qədər keçmiş həmin günlərini kino lenti kimi nəzərdən keçirəndə ani olaraq filmə baxışını saxladı, ozamankı durumunu saf-çürük etməyə başladı. Rəşid müəllimin onun həyatına gəlişi çox mürəkkəb, içində təlatümlər olan vaxta təsadüf etmişdi.
Bəzi ərli qadınlar niyə gəzirlər? Ərləri ki yanlarındadır. Evləri, pulları, maşınları, hər cür şəraitləri var axı. Bəs onda ərinin az puluna, kasıblığa qane olmayanlar neyləsinlər?Ya da, ərinin qaba xasiyyətindən, sərtlik və vəhşiliklərindən bezənlər neyləsinlər? Bəs ərləri daim xəyanət edənlər? Xəyanətin məğzi nədir axı?
Ülkər Madara xəyanət edərdimi? Etməzdi axı. İndi düşünür ki, hətta ona ən qızdığı anlarda, nifrəti içini çuğlayanda, xəyanət etməsinə tam əmin olan vaxtlarında belə bunu etməzdi. Ağlından keçirmişdi, qonşu eyvandakı oğlanla xəyanət xəyalları qurmuşdu, sonradan realda namussuzluq etmiş kimi özünü danlamış, özündən iyrənmişdi.
Madarla indi boşanmışdılar, yolları ayrılmışdı. Ancaq ucuz tutulması, heç bir əskikliyi olmaya-olmaya Madar tərəfindən ləyaqətinin alçaldılması, atılması Ülkərə hələ də ağrı-acı yaşadırdı, heç vaxt bununla barışa bilmirdi, toxtayabilmirdi. Gözəldi, ev işlərini bacarırdı, xasiyyəti mülayim idi, ləkəli bir yeri yox idi. Bununla belə, Madar onun sinəsinə xəncər saplamışdı.
İndi hamı boşanır. Sovetlər zamanı ən az boşanma Azərbaycanda idi, indi gedib ən çox boşananlar sırasına çıxmışıq.Niyə bu qədər boşanma var? Niyə hətta “getmə gözümdən, gedərəm özümdən” deyibən sidq-ürəkdən sevişən gənclərin belə aqibəti boşanma olur? Sosial ədalətsizlik ucbatından. Kişilərin pulqazanmaq çətinliyindən. Bank kreditləri üzündən. Üstəlik, bizim adət-ənənə ölkəsi olaraq qalmağımız da öz sözünü deyir. İndi sevgi qalmayıb, sevgi ilə qurulan ailələr belə az sonra ehtiyac problemləri yaşayır, hər gün bir işgəncəyə çevrilir.
Oğlan aldadır ki, varlıyam, pulluyam. Qız aldadır ki, qoçağam, gülərüzəm, mehribanam. Ailə qurulanda, biri kişi, biri qadın olanda yalanlar üzə çıxır. Kişinin cüzi maaş aldığı bəlli olur, qadınınsa tənbəlliyi, deyingənliyi. Dava-dalaşlar beləcə başlayır.
Bu sırada xasiyyətlərin tutuşmaması üzündən boşanma azlıq təşkil edir. Xasiyyətlərin tutuşmaması isə yalnız təsadüfən ailə quranlarda olur. Bir baxışda zahirən bir-birini bəyənib səhərisi gün toy edənlərdə, habelə valideyn istəyi ilə üzünü belə görmədikləriylə ailə quranda.
Ülkərin faciəsinin səbəbi ikincisi idi, amma nə fərqi var, ya zəlzələdən olsun, ya vəlvələdən, ayrılmaq ayrılmaqdır.
Madar evdən gedəndə çox nalayiq iş görmüşdü, hətta toy şəkillərini də cırmışdı. Aylinin körpəlik şəkillərini də həmçinin. Ülkərə qarşı qəddarlıq etməsinə yenə nəsə don geydirmək olar, deyərsən ki, yaddır, qəzəbini, nifrətini cilovlaya bilməyib. Bəs Aylinə -- öz doğma balasına qarşı hərəkətinə nə ad vermək olar?
Ülkər bəzən təklikdə ağlayırdı da. Hətta ən şən anlarında belə Madarın vurduğu yara qəfildən sızıldayırdı, içini ağrıdırdı. Hərdən isə dərdi ikiqat artır, lap çəkilməz olurdu. Onu valideynlərinin qorxusundan heç nəyə satan Rasimin hərəkəti də bir yandan ürəyini ağrıdırdı. Bu niyə belədir? Niyə axı sabahkı günün məsuliyyətini duymadan kişilər qadınları aldadırlar, bir anlıq intim ehtiyaclarını, tələbatlarını ödəmək üçün bir qadını bədbəxt edirlər?
Rasimin hərəkəti də ən alçaq hərəkət idi. Anasına bircə kəlmə etiraz etmədən Ülkərdən əl götürmüşdü.
Rəşid müəllimi bəlkə Tanrı məhz Ülkərin bu yaralarının qaysaması üçün göndərmişdi? Demək, xilası lap yaxında idi. Bu düşüncələrlə o vaxt özündən iyirmi beş yaş böyük olan kişinin təklifini müsbət cavablandırmışdı.
İndi buna görə özünü qınaya bilər. Amma zamanında o qədər sınmış, o qədər alçaldılmışdı ki, bir güclü əlin himayəsinə ehtiyacı, həqiqətən, hədsiz idi. Hər bir qadının kölgəsinə sığındığı kişisi olmalıdır.
Bir dəfə haradasa, kimdənsə belə bir fikir eşitmişdi. “Təmiz qız termini ilə bakirəlik eyni şey deyil. Bakirə olmayıb da təmiz, xəyanətsiz, saf qəlblə yaşaya bilərsən, eyni zamanda bakirə ola-ola da pozğun, çirkablıqda batan birisi ola bilərsən”.
Durub yenidən mətbəxə keçdi, soyuducudan qazlı su çıxarıb içdi.
Bu nə yanğı idi belə?
Gecə saat 3-ün yarısı idi. Kirpikləri ağırlaşmışdı, amma bilirdi ki, yata bilməyəcək.
Əslində, həyatında gecələr yatmadığı dönəmlər çox olmuşdu. Əzildiyi, tapdandığı, göz yaşlarından boğulduğu o dönəmlərdə səhəri açmaq daha da əzilmək, daha da tapdanmaq, göz yaşlarında daha da boğulmaq anlamında idi. Amma bu gecə fərqli gecə idi. Bu gecə onun yuxusuzluğuna səbəb qərar vermək üçün düşüncələrə dalması idi.
Əlbəttə ki, bu sayaq gecənin yuxusuzluğuna o qədər də heyifsilənmək olmazdı.
***
Süleyman dayandı. Özünü romanın müəllifinin yerinə qoydu. Bəli, bədii ədəbiyyatın sənədli ədəbiyyatdan bir fərqi var. Bədii ədəbiyyat estetik fikir formalaşdırmalı, didaktikaya yol açmalı, oxuculara nikbin, pozitiv mesajlar verməlidir.
Bu Elgün Bayat niyə bunları eləmir? Niyə hadisələri öz axarına buraxır? Bu Rəşad müəllim növbəti cəllad olacaq, onun Ülkəri xoşbəxt etməyəcəyi məgər bəlli deyil?
Süleyman özü olsaydı, belə etməzdi axı. Ülkərin həyatının yaxşılaşdırılması ilə bağlı pozitiv yollar axtarışına çıxardı. Cəmiyyətdə nələri etmək olar ki, qadınlar belə çıxılmaz vəziyyətə düşməsinlər?Bu suala mütləq bir cavab tapardı. Çox müsbət bir məmur obrazı yaradardı. Dünyadan küskün olan, insanlara inamı itən Ülkər yaxşı insanların olduğunu görüb sınma nöqtəsindən qopardı. Bu obraz pullu bir işə düzəldib, bütün problemlərini həll edib, bir ata, böyük qardaş kimi onun arxasında dayanıb Ülkəri xilas etməklə yanaşı, onun vəziyyətinə düşən yüzlərlə, minlərlə qadına da ümid verə bilərdi ki, dünya yaxşı insanlardan xali deyil.
Gözləri yenidən romana sarı qaçdı.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Unudulan əzbər - ESSE
Xədicə Əliyeva ,”Ədəbiyyat və incəsənət”
Yaşanmış bir hadisəni tamamən unutmaq mümkündürmü?
Gəlin, düşünək. Məsələn, siz bir mahnını sevir, sevdiyiniz üçün avtomatik dinləməyə başlayarkən əzbərləyir, əzbərlədikcə də həmin sözlər dilinizdən süzülməyə başlayır. Bir müddət keçir və zamanla bu mahnını oxumayacaq dərəcədə xatırlamırsınız.
Daha sonra, həyat o unutdum dediyiniz əzbərinizi qarşınıza çıxarır.
Siz isə həmin mahnını əzbərə bilib, lakin yenidən oxumayacaq qədər unudursunuz.
Bəzi xatirələri, həyat kitabınızdan vərəqtək cırıb atsanız da, zamanla kitabın o hissəsinə çatanda, yaşanmışlıqların sizin üçün unutduğunuz əzbər olaraq qaldığını görüb, dərk və hiss edirsiniz.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
“Mənim Qiyaslı kəndim” – POETİK DÜŞÜNCƏLƏR
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Mənim Qiyaslı kəndim,
De, evimiz necədi?
Kim çıxır ağaclara,
Həyətimiz necədi?
Xallı, qara, ağ gilas...
Ağacların dururmu?
Söyüdlərin qoynunda
Quşlar yuva qururmu?
Həyətlərin xalısı
Bənövşəli, nanəli.
Qoynu güldən naxışlı,
Zəncirotu, laləli.
Uzanıb məxmər gülü
Pəncərədən baxırmı?
Bağçamızın içindən
Sular şır-şır axırmı?
Qoynu gülüstan kəndim,
Sənin qoxun başqadı.
Sənin göyün, buludun,
Varın-yoxun başqadı.
Güllə dəydi köksünə
Ağaclar yaralandı.
Yerdə uşaqlar uçdu,
Göydə quşlar dayandı.
Görüşdük hospitalda,
Oğlu çox yaralıydı.
Qonşumuz Gözəl xala,
Görən, indi hardadı?
Badam xalanın qızı
Xocalıya köçmüşdü.
Şəhid oldu dünyası,
Dərdi dillərə düşdü.
Biz də səndən aralı
Yollar yorğunu olduq.
Çadırda, vaqonlarda,
Sonra yataqxanada
Üzünə həsrət qaldıq.
Gün gələcək bitəcək
Bu həsrət, bu qüssə-qəm.
Darıxma, gözəl kəndim,
Hələ ölməmişəm mən!
Hələ ölməmişik biz!
İndi mənim kəndimin təməli qoyulub. Təsəvvür edirsiniz, doğulub boya-başa çatdığım, atam bu kənddə şəhid olan, iki qardaşım yarımcan qalan, 30 ilə yaxın yuxuda gördüyüm, həsrətiylə yanıb-töküldüyüm, adına nəğmə qoşduğum kəndimin təməlidir bu... Özü də, bu xəbəri əziz Prezidentimizin doğum günündə - dekabrın 24-də aldım. Həm də, kəndimizin təməlinin doğum günündə Müzəffər Ali Baş Komandanımın özü qoyduğunu eşitdim.
Min yaşa, sevimli, qalib Prezidentim!
Bu günlərdə qədim, doğma Xankəndi şəhərində ilk futbol matçının keçirilməsinin sevinci, sonra da dünyaya gözlərimi açdığım kəndimin təməlinin qoyulması xəbəri, daha bundan gözəl nə ola bilər. Sevinc sevincə qarışıb. Şükür sənə, İlahi!
Düzü, hər kəndin, şəhərin təməli qoyulanda düşünürdüm ki, görəsən bizim kəndimizdən nə vaxt bir xəbər olacaq. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, yenilməz ordumuzla, şəhid verərək, qazi olaraq bütün dünyaya görk kimi qazandığımız bu möhtəşəm Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda necə böyük quruculuq işlərinin aparılmasının hamımız şahidiyik. Sanki illərlə çəkdiyimiz həsrətə, ağrı-acıya məlhəm kimi bir an, gecə-gündüz demədən dövlətin böyük qurub-yaratmaq, qayıdış proqramına uyğun olaraq hərə üzərinə düşən vəzifəni canla-başla yetrinə yetirməyə başladı.
Müharibədə dəmir yumruq kimi birliyimiz bu torpaqlarda qurub-yaratmaq əzmində də öz əksini tapdı. O gündən kənd sakinlərinin düşmənin xarabalığa çevrirdiyi ocaq yerimizdən çəkib göstərdikləri videoya baxa-baxa qalmışdım. Evimizdən, həyətimizin yerindən bir işarə, bir nişan axtarırdım...
Çünki o torpaq bizimdi, biz onu qanımızla suvarmışıq. Canımız-qanımız bahasına geri almışıq. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdu, o ancaq öz torpaqlarının sahibidi. Ermənilər bilirdilər ki, biz bir gün mütləq öz torpaqlarımıza sahib çıxacağıq. Ona görə də, yurdumuzu özlərinə yuva bilib gülüstana çevirmədilər. Əksinə, az qala onun torpağını da daşıyıb İrana, Fransaya aparsınlar. Axı onlara necə insane demək olar ki, Allahın yaratdığı bulaqların ağzını qapamağa çalışdılar, ağacların kökünü yandırdılar, dilsiz-ağızsız heyvanlara əl qaldırdılar, qəbiristanlıqları taladılar. Heyvanı, bitgini yerindən, quşu göyündən eləyəndə Yaradanın qəzəbindən qorxmadımı bu namərdlər? Bax bu da onlara cavab, elə buna görə də müqəddəs torpaqlarımız onların ayağı altında durmadı, zir-zibil kimi beləcə kənara tulladı. Necə deyərlər, özgə atına minən tez düşər. Allahın səbri böyükdür, şükür bu günə...
Torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmancasına ömrünü Vətənə bağışlayan Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allahdan qəhrəman qazilərimizə şəfa diləyirəm. Yaşasın güzlü Azərbaycan Ordusu, var olsun, adını qızıl hərflərlə tariximizə yazdıran Müzəffər Ali Baş Komandanım!
Hamı ona “Can!” dedi,
“Bu müqəddəs an” dedi,
“Can, Azərbaycan!” dedi
Ali Baş Komandanım!
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Kitaba olan münasibət ruhumuza olan münasibətdir
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Portalımızda Habil Yaşarın müsahibələrindən birində “Məncə, kitabın bədəni var, o kağızdan ibarətdir” fikriylə rastlaşdım. Bu, məni də kitaba münasibət barədə fikirimi sizinlə bölüşməyə sövq etdi.
“Sivilizasiya tərəfindən məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan sivilizasiyada yaşayırıq.”- (Alman filosofu Fridrix Nitsşe).
Hətta belə olduğu halda, Əsrimiz internet əsri olsa belə, hər bir anımızda aşıb-daşan informasiya bolluğu ilə əhatə olunsaq da, indi çox şeylər əlyetəndə olsa belə, son dövrdə kitaba (mütaliəyə) maraq azalsa da, kitab bazarının biz istədiyimiz səviyyədə olmamasına və kitablar az tirajla dərc olunmasına baxmayaraq belə kitabın cəmiyyətdki yeri, çəkisi bu gün də aktuallığını qoruyub saxlamaqdadır. Kitab həyatdır, təhsildir, mədəniyyətdir, kiçik məkana sığışan böyük cəmiyyətdir. Böyük klassik şairimiz M.Füzuli hələ XVI əsrdə yazırdı:
Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,
Yerə göydən nə üçün endiyini Quranın?
Yazılan əsər, çap edilən kitab öz dövrünün, məxsus olduğu cəmiyyətin müəyyən bir üzüdür. Mövcud cəmiyyətin müəyyən dövrünə insan tərəfindən tutulan güzgüdür kitab.
“İnsanın öz ruhunun gücü ilə yaratdığı və əvəzində təbiətdən heç bir bəxşiş almadığı aləmlərin ən qüdrətlisi kitab dünyasıdır”- Nobel mükafatçısı Alman yazıcısı Herman Hessenin bu fikri təsadüfi deyil. Kitab kəşf olunandan insanın dünyagörüşünün formalaşmasında onun rolu əvəzsizdir, o, övladının gələcəyini düşünən məsuliyyətli valideyn, qayğıkeş və vətənpərvər müəllimdir. Kitab dünən və sabahımızdır, həm də sabahımızın dünənidir kitab. Kitaba laqeyd münasibət bəsləyən cəmiyyət fiziki olaraq mövcud olsa da, ruhən ölüdür desək səhv etmərik. Bu cəmiyyət üzvləri mənəvi dəyərlərdən məhrum olduqları üçün humanizmdən kənar, sevib-sevmək hissinə yad, vətənpərvərlik hissindən uzaq, tamahın nökərinə- maddi nemətlər əsirinə çevrilmiş, şəxsi mənafeyi hər şeydən üstün tutan, hər bir şeyə laqeyd, nə danışdıqlarını dərk etməyən, boş-boş danışan, başqalarını dayanmadan yamsılayan adamlardır. iyirminci əsrin ən tanınmış sosioloq, filosof və psixoloqlarından biri olan Erix Fromun “İnsan özü üçün” əsərindəki cəmiyyət haqqında aşağıdaki fikirləri bu mənada yerinə düşür:
“Boş söhbətlərdən uzaq olmaq nə qədər faydalıdırsa, eləcə də pis cəmiyyətdən qaçmaq o qədər xeyirlidir. “Pis cəmiyyət” dedikdə, mən yalnız pozğun insanların topluluğun nəzərdə tutmuram – onlarla ünsiyyətdən ona görə qaçmaq lazımdır ki, onların təsiri öldürücü və zərərlidir. Mən həm də Həyatın mənası insanın ona hansı mənanı yükləməsindən asılıdır, başqa bir mənası yoxdur.”
Bu mənada kitab ailə və mühitdən sonra insanın tərbiyəsində başlıca rola malik faktorlardandır. Mütaliəsi zəif kəslər fikrini ifadə etməkdə çətinlik çəkməklə yanaşı, qarşısındakına məhəlli dünyagörüşlü şəxs təsiri bağışlayır. Çox azdan törədiyi kimi, bilirik ki, bəşəriyyət cəmiyyətlərdən, cəmiyyət də fərdlərdən ibarətdir. Əgər cəmiyyəti hər hansı bir evə bənzədəriksə, həmin evin içindəkiləri də fərdlər hesab etmək olar. Evin zəngin olub-olmaması isə mənzil sahiblərindən yəni, cəmiyyətin intellektual təbəqəsindən asılıdır. Kitaba ötəri münasibət cəmiyyətin dar çərçivədə inkişafına gətirib çıxarır. Unutmaq olmaz ki, Alman şair-dramaturqu Yohann Volfqanq Hötenin dediyi kimi “Şərtlər bütün insanları tərbiyə edir, nə edilir-edilsin, onlar dəyişdirilə bilməz.”
Nəzərə alsaq ki, kitaba münasibət ruhumuza olan münasibətdir. Mövcud sosial şəbəkələr bolluğu və imkan genişliyi də kitabı əvəz edə bilmir. Beləki, sosial şəbəkələrin müasir cəmiyyət həyatında önəmli rol oynaması, hər an hər kəsin yanında olması insanları tələskənliyə və hər şeyə ötəri yanaşmağa sövq edir. Bu gün, göründüyü kimi, əvvəllərdə olduğundan fərqli olaraq vəziyyət başqa cürdür. bütün sosial şəbəkələr – whatsapp, instagram, facebook, twitter və s. hamı və hər kəsin üzünə açıqdır. Hətta hər kimsə kənarda dayanmağa cəhd göstərsə belə, onu, istəsə də – istəməsə də, bu aləmə cəlb edəcəklər. Bu məlumat bolluğu və müxtəlifliyi bəzi insanlarda fikir dağınıqlığı və yayınmalar yaradır ki, bu da fərdlərin seçim etmələrində bəzi problemlər əmələ gətirərək onları çaşbaş salır, düşdükləri mühitin qurbanına çevirir.
Diqqəti hər bir kitab məxsus olduğu xalqın dili olduğuna çəksək, görərik ki, sosial şəbəkələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur. “Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Rastlaşdığımız bu cür necəgldi yazı və danışıq dilimizi, eləcə də yazılacaq kitabların dilini korlayır. Bu isə kitaba münasibətin göstəricisidir. Unutmaq olmaz ki, dil müqəddəsdir, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumaq, onu gələcək nəsillərə ötürmək hər bir kəsin qeyd-şərtsiz borcudur. Bu, bir də onun üçün vacibdir ki, bəşəriyyətin gələcəyi mövcud cəmiyyətlərdən asılıdır.
Buradan da göründüyü kimi, mühiti cəmiyyət formalaşdırır. Cəmiyyətsiz mühit və şərait yoxdur.
Başqa bir yerdəsə Alman mütəfəkkiri Höte mühitin şəxsə təsirindən belə yazır:
“Bir insanın düşünmə və hiss etmə tərzi yaranmadan xarici şərtlərin təsiri ilə vəziyyətində böyük dəyişikliyin yaranması qədər onu təhlükə qarşısında qoya biləcək başqa bir şey ola bilməz.”
Kitablar Sabahın yolçularına zülmət gecənin zil-qaranlığında parlayan tənha ulduzdur. Hər bir fərd özü də bilmədən sabahı haqqında düşünür. Şüuru olan hər kəs sabaha doğru baxır vəə baxmağa çalışır. Lakin hər kəs bu ulduzdan kompas əvəzi istifadə edib o sabaha gedə və orada qala bilməz. Günəşi görmək hər yolçuya nəsib olmur. Bizlərin bugünkü zəruri vəzifələrindən başlıcası müdriklərdən birisi demişkən mövcud cəmiyyət üzvlərini körpəlikdən qabiliyyət və bilik döyüşçüsünə çevirməyi, onları kitaba alışdırmağı bacarmağımızdır. İnsan sabahını müəyyənləşdirməkdən ötrü bəzi zəruri vasitələrdən istifadə etmək gərəkir. İnsan bu vasitələrdən istifadə etməkdən ötrü- bu yolun yolcusu olmaq üçün şəxs olaraq bir sıra vərdişləri özündə aşılamağa yiyələnməlidir. Bu vərdişlərin memarı və bənnası yuxarıda dediyimiz kimi, ilk vaxtlar valideynlər, sonralarsa mövcud mühitin fərdətəsiridir. Valideynin boynuna düşən yüklərdən bir vacibi kitabı övladı kiçik ikən onun ruhunun yarısına çevirə bilməsidir. Övladının ilk müəllimi hər valideyn özüdür. Əsl vətəndaş böyük Hind filosofu Buddanın aşağıdaki kəlamını daim xatırlayaraq unutmamalıdır ki:
“Başqası üçün yandırdığınız şam sizin də yolunuzu işıqlandırar.”
XIX əsrin Rus tənqidçisi V.Belinski,- “Əsl xəzinə yaxşı kitabxanadır”- yazırdısa, bizə görə, hansısa məqamda inkişaf etmiş cəmiyyət zəngin kitabxanadır. Bu baxımdan kitaba yetərincə dəyər verən zəngin cəmiyyətdə- ləl-cəvahirlə dolu xəzinədə müasir dünyagörüşlü, uzaqgörən, mütərəqqi ideyalı, yüksək intellektə malik fərdlərin olması təbiidir. Belə ki, hər bir fərd cəmiyyətin bağrına saplanan bir ruhdur. Bu səviyyəyə nail olmaqdan ötrü fərdlər Öz alovlarında yanmağa hazır olmalıdırlar ki, sönməkdə olarlarsa, küllərindəki öləziməkdə olan közü, qoru üfürərək qığılcıma, onu da alova döndərməklə ruhları təzələnə bilsin. Axı, İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir. Modernizm ədəbi cərəyanın görkəmli simalarından olan İngilis yazarı Vircinya Vulf əbəs yerə deməmişdir: “Kitablar ruhun aynasıdır.”
Kitab eləcə də xalqların dünyagörüşü və daşlaşmış yaddaşıdır. Tarixlər arasında qırılmaz və ən etibarlı körpüdür kitab. Kitablar dünənin və sabahın elçi daşıdır, Bu daşın üstündə oturmadan heç bir sarayın qapısını açıb ora daxil olmaq mümkün deyil. Herman Hesse kitabın əhəmiyyətini aşağıdaki kimi dəyərləndirərək yazır:
“…əgər hər kimsə kiçik bir məkanda, deyək ki, evdə və ya otaqda, bütün bəşər tarixini bir yerə toplamağa tamah etsə, o öz məqsədinə yalnız bir vasitə ilə – kitabxana yığmaqla çata bilər”.
Son olaraq belə nəticəyə gəlmək olar ki, bütün cəmiyyətlərin dünəni və gələcəyi bugünkü taleyindən asılıdır. Elə buna görə də kitaba nə qədər laqeyd münasibət olsa da, yeni-yeni ixtira və kəşflərin onu vurub aradan çıxaracağına inanmırıq. Gələcəyin dünəninin kitablar vasitəsilə öyrənilməsi fikrimizə bir daha işıq salır.
“Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.” (İngilis fizik və riyaziyyatçısı İsaak Nyuton).
İndiki cəmiyyət üzvləri də gələcək nəslin nümayəndələrinin ağıllı həmsöhbətləri olmaq istəyirlərsə, kitaba hörmətlə yanaşaraq onun dəyərdən düşməməsi üçün əlindən gələni etməlidir. Bu məqamda fikrimizi Buddanın digər bir kəlamı ilə tamamlayırıq:
“Bizi özümüzdən başqa heç kim xilas edə bilməz. Yolu özümüz getməliyik.”
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Mən cismimi yaradan Allaha ruhumu bağladım. Bəs sən? - KİTAB BƏLƏDÇİSİ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Yəqin ki, hər kəs güzgüyə baxanda azı bir dəfə "Kaş həmişə belə cavan qalaydım” deyibdir. Bəs bu dilək gerçək olsaydı, nələr olardı? Bir də belə düşünün. Bunu gerçəkləşdirən bir şeytan olsaydı? Siz öz gözəlliyiniz uğruna ruhunuzu şeytana satardınız?
“Dorian Qreyin portreti”- Oskar Uayld tərəfindən yazılmış bu əsəri oxumamısınızsa, oxumanızı şiddətlə tövsiyə edərdim. Öncəliklə əsəri oxumayanlardan verəcəyim spoilerlərə görə üzr istəyirəm:
Əsər insanların mənfəətləri, istək və arzuları üçün hər şeyi gözə ala biləcək canlılar olduğunu göstərən bir nümunədir. Əsərin əsas 3qəhrəmanı var ki, bunlar Dorian Qrey, onun gözəlliyini kəşf edən möhtəşəm sənətkar- rəssam Bezil və hekayəni tamamilə dəyişən Henri.
Bezil Dorianla təsadüfən tanış olur və onun yaraşığı qarşısında təəccübünü gizlədə bilmir. Onun portretini çəkmək qərarına gəlir və bunun üçün Dorianla razılaşır. Yaxın dostu Henrini də bu ərəfədə evinə dəvət edir və beləcə hadisələrin axışı başlayır. Bezilin Henriyə dəfələrlə tapşırığı- Xahiş edirəm, onun gözəlliyini və məsumluğunu pozma- olur. Dorian gənc, məsum, dünya üçün gözəllik abidəsi sayılacaq yeniyetmə bir oğlan idi. İşlər tam da Bezilin təxmin etdiyi kimi davam edir. O portreti çəkərkən Henri Dorianı tamamilə təsiri altına alır. İndiyə qədər öz gözəlliyinin fərqində belə olmayan Dorian artıq özünə pərəstiş edir, öz gözəlliyindən, gəncliyindən və gələcəkdə qırışacaq üzünün qorxusundan başqa bir şey düşünməz olur. Portret bitir, Dorian portretdə öz əksini gördükdə, onun bu qədər qüsursuz olduğunun fərqinə vardıqda hiddətlənir, qəzəblənir. Çünki o qocalacaqdı, lakin portreti bir ömür gənc qalacaqdı.
Və o sehrli kəlmələri dodaqları arasından buraxır:
"Kaş mənim yerimə bu portret qocalaydı..."
Dorianın duası qəbul olunur. İllər keçsə də, özü gənc qalır, portretdə təsvir olunan üz qocalır. Bəs niyə?
Həyat elə bir dövrandır ki, bizi yaşlandıran yaşadıqlarımızdır. Pisiylə, yaxşısıyla, günah və savablarıyla var olur bu dünyada hər bir insan. Dorian da bunu gec də olsa anlayır. O bir yandan cavan qalmanın sevincini yaşayarkən, bir yandan da portretin üzündəki qırışlardan məyus olur. Çünki anlayır ki, portretin getdikcə qocalmasına səbəb onun etdiyi pisliklərdir.
Bunu anlasa da geriyə qayıda, nəyisə dəyişə bilmir, çünki sozün əsl mənasında o artıq şeytanın-Henrinin nəzarətindədir.
Dorian bir çox gənc qızın həyatında geridönülməz izlər buraxır, dostlarına mənfi təsir göstərməyə başlayır. İllər keçir, artıq heç kəs onun məsumluğu və gözəlliyindən danışmır, hamı onun necə axmaq, necə yalançı və güvənilməz biri olduğunu deyir.
Dorianın gözəlliyini ilk kəşf edən Bezil isə olanlara inana bilmir və Dorianı öz kimliyinə qaytarmaq istəyir. Onun bu cavanlığının sirrini bilsə də, qəbul edə bilmir və öz tanıdığı saf gənc oğlanı yenidən görmək istəyir. Dorian ilk dəfə portretin son halını ona göstərir və bu olanlardan portreti və Bezili günahlandırmağa başlayır. Düşünür ki, əslində Bezili tanımasa nə portret olacaqdı, nə bunları yaşayacaqdı. Və bu da Bezilin ölümü. Dorian artıq həm də bir qatildir...
Əsərin sonlarına doğru Dorian artıq Henrinin təsirindən çıxmağa başlasa da hər şey gec idi. O, portretdən, keçmişindən, günahlarından qurtulmaq istəyir. Bir bıçaqla portreti məhv edir və düşünür ki, bununla hər şey bitəcək. Elə də olur. Dorianın həyatı bitir və onunla birgə yaşanılan hər şey də geridə qalır... Otağa daxil olan xidmətçilər yerdə yatan qoca adamı və divardan asılmış gənc Dorianın portretini görür. Dorian portreti yox, öz günahlarını yola salır bu dünyadan.
Biz insanlar səhvsiz doğuluruq, lakin səhvsiz ölə bilmirik. Üzümüzdəki hər cizgi, hər qırış keçmiş addımlarımızdan xatirə qalır bizə. Kećmişi məhv etmək, yox etmək demək, əslində elə özümüzü bu dünyadan silmək, yox etmək deməkdir. Əslində Dorian səhv etmiş olsa da, bir yandan onun gəncliyinə bağışlamaq olardı bu səhvi. Henrinin fəlsəfik-şeytani fikirləri onun ağlını başından almışdı. Bəs Bezili nəyə görə örnək almırdı? Kitabda Henrinin dilindən deyilir ki, əsl sənət insanları hər zaman daha sakit və maraqsızdır. Çünki onların tam fərqli və öz dünyaları var. Əgər bir insan çox maraqlı gəlirsə demək ya çox ağıllıdır, ya da çox ağılsız. Elə indilərdə də ətrafda diqqət çəkən, çox maraqlı, fərqli danışan, hətta "necə də intellektualdır, o çox bilir, mən onun qədər bilmirəm" dedirdəcək dərəcədə özgüvənli insanlar çıxır qarşımıza. Amma ehtiyatlı olun. O Henridirsə və siz də onun Dorianı olacaqzınızsa?
Əsər şeytanla insani münasibətləri özündə birləşdirsə də, dini əsər deyil. Daha çox fəlsəfi fikirlərin ünvanıdır. Oxuduqdan sonra yazıçı haqda da araşdırmanızı tövsiyə edərdim, çünki sizə olduqca maraqlı gələcəyinə tam əminəm.
İndidən xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Gülyanaq Məmmədova: “Doqquz yaşım olanda şeir üzrə respublika müsabiqəsinin qalibi olmuşam”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib müğənni Gülyanaq Məmmədovadır. Ondan müsahibə1998-ci ilin mayında götürülüb.
“MÜĞƏNNİDƏ CƏNGAVƏRLİK OLMALIDIR”
Müsahibimiz Rəşid Behbudov adına Mahnı Teatrının solisti, gənc müğənni Gülyanaq Məmmədovadır.
- Gülyanaq xanım, deyilənlərə görə, sənətə gəlişiniz təsadüfi olub...
- Mən uşaqlıqdan bacım Gülyazla birlikdə müxtəlif müsabiqələrdə iştirak etmişəm, musiqini sevmişəm. Bu istək, bu arzu məni müğənni edib.
- Uşaqlıq illərinizi xatırlayanda hansı hissləri keçirirsiniz?
- Adam istəyir ki, quş olub, qanad açıb o illərə qayıtsın.
- Sizin geyiminiz, səhnə davranışınız, ifa tərziniz Zeynəb Xanlarovanın gənclik illərini xatırladır. Ona bənzəmək istəyirsiniz?
- Zeynəb xanım dünya miqyaslı müğənni, hamımızın fəxri və sevimlisidir. Buna baxmayaraq, əgər ona bənzəyirəmsə, bilə-bilə eləmirəm. Bir dəfə konsertlərdən birində ifamı dinləyən Zeynəb xanım məni axtarıb tapdı, üzümdən öpdü. Sonra Gülyaza deyib ki, Gülyanağa baxanda səhnəyə ilk gəldiyim illəri xatırlayıram. Zeynəb xanıma bənzəmək böyük bir fəxr olsa da, mən bir müğənni kimi özüm olmaq istəyirəm.
- İstedad elə ilk addımlarını atan kimi paxıllıqla, qibtəylə və bunların doğurduğu maneələrlə rastlaşır. Özünüzə qarşı belə halları hiss etmisinizmi?
- Bəlkə də, mənə qarşı qərəz göstərənlər var. Amma mən heç kəsə paxıllıq etmədiyimdən, heç kəsdən açıq-aşkar pis münasibət hiss etməmişəm.
- Siz bütün varlığınızla sanki Leyli rolu üçün doğulmusunuz: geniş diapazonlu səs, incə texnika, miniatür sifət cizgiləri və zərif qamətinizlə, elə bil ki, bu obraz üstünüzə biçilib. Nə əcəb, indiyədək Opera səhnəsində sizi görmürük?
- Özümü xoşbəxt hesab edirəm ki, bacım Gülyaz Leylini oynayır. Özümün də belə arzum var, amma istəyirəm ki, hazırda ikinci kursunda oxuduğum aktyorluq fakültəsini bitirəndən sonra Opera səhnəsində özümü sınayım.
- Heç sizi bu rola dəvət ediblər?
- Hər dəfə Gülyazın yanına gedəndə Opera Teatrının baş rejissoru Hafiz Quliyev mənə deyir ki, nə vaxt gəlirsən bizim teatra? Sonra səs-küy qalxır ki, guya məni Leyli roluna dəvət ediblər. Bəzən məni Gülyazla dəyişik salıb, konsertlərdə Leyli rolunun ifaçısı kimi təqdim edirlər.
- Bəs, həyatda necə, Leyli olmusunuzmu?
- Bəlkə də olmuşam, nə deyim...
- Kinoya dəvət almamısınız?
- İki il əvvəl “Leyli və Məcnun” film operasına həm Gülyazı, həm də məni dəvət etdilər. Gülyazın səsi ilə rolu mən oynamalı idim. Amma Gülyaz xəstə olduğundan bu arzu baş tutmadı. Leyli gözəl müğənnimiz Qəndab Quliyevanın səsi ilə canlandırıldı. Mən çəkilişdən imtina etməli oldum.
- Elə niyə?
- Mən ancaq bacıma görə çəkilişə razı olmuşdum. Bir də ki mən də bir müğənniyəm. Gülxar xanım Həsənova çox böyük zəhmət çəkib, məni Leylinin ifasına hazırlamışdı. Amma dedilər ki, Leyli rolu ancaq Opera solistlərindən birinin ifasında səslənməlidir.
- İdeal saydığınız müğənnilər varmı?
- Hörmət etdiyim sənətkarlar var: Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov. Hazırda mən Rəşid Behbudovun adını daşıyan Mahnı Teatrının solistiyəm.
- Mahnı Teatrına gəlişiniz necə oldu?
- Məndən əvvəl burada Gülyaz solist idi. Mən Asəf Zeynallı adına Musiqi məktəbinin birinci kursunda oxuyanda onu Opera teatrına dəvət etdilər. Gülyaz məni gətirdi Mahnı Teatrına.
- Şərq ölkəsində müsəlman mühitində qadının müğənni olması o qədər də sadə iş deyil. Bu baxımdan nə kimi çətinlikləriniz olub?
- Müğənninin gərək bir qulağı həmişə kar ola. Bədii rəhbərimiz Kamil Vəzirov həmişə deyir ki, müğənninin şöhrəti artdıqca onun haqqında gəzən söz-söhbətlər də artır.
- Sizi konsertlərdə bəzən zarafatla “Hüseynova bacıları” kimi təqdim edirlər.
- Bu ideya ilk dəfə Kamil müəllimin ağlına gəlib, Xalq artisti Ələddin Abbasovun yubileyində. Sonra Ağasadıq Gəraybəylinin yubileyində də bu zarafatdan istifadə olundu. Əvvəllər bizi gülmək tuturdu, oxuya bilmirdik. Amma çox yaxşı qarşılandı. Məncə, bu, təsadüfi deyil. “Bəxtiyar” filmində baş rolu Rəşid Behbudov oynayıb və onun adını daşıyan teatr hər ikimizin sənət taleyi ilə bağlıdır. Duetlərimizdən sonra bizi çoxları əkiz hesab edirdi.
- Siz əkiz olmasanız da, əkizlər bürcü altında doğulmusunuz. Astroloqlar əkizləri iti ağıllı, hazırcavab, tələskən, narahat, bir az da eqoist hesab edirlər. Yanılmırlar ki?
- Çoxu düz gəlir. Şeir də yazıram, gözəl xörək bişirirəm, əsəbləşməyim də var.
- Şeirlərinizdən birini deyə bilərsinizmi?
- İstəmirəm, utanıram. Amma doqquz yaşım olanda şeir üzrə respublika müsabiqəsinin qalibi olmuşam. Sevdayə adlı bir həmyerlim mənə şeir yazmışdı, o yadımdadır:
Hələ sənin yaşın azdır,
İstedadın tükənməzdir.
Nə qədər ki, ömrün vardır,
Oxu, oyna, sən Gülyanaq,
Vətənini sev, Gülyanaq.
- Sevdayənin oxumaq barədə məsləhətinə əməl edirsiniz. Oynamaq barədə məsləhətinə aktyorluq fakültəsini bitirəndən sonra əməl edəcəksiniz. Bəs, vətəni necə, sevirsinizmi?
- Azərbaycandan bircə ay kənarda olanda darıxdığımdan bilmirəm ki, nə edəm?
- Xaricdə qastrolda olursunuzmu?
- İki dədə İsveçdə olmuşam. Dünya mahnı festivalına getmişdik. Qırx ölkənin iştirak etdiyi bu festivalda ən böyük uğuru biz qazandıq. Misirdə “Azərbaycan günləri”nə dəvət olunmuşam.
- Deyirlər ki, Vətən insanın doğulduğu yerdən, dünyaya göz açdığı kənddən başlanır.
- Şəkinin kiçik Dəhnə kəndində doğulmuşam. Fikrim var ki, kəndimizdə konsert proqramları ilə çıxış edəm.
- Həmkəndliləriniz sizi toylara dəvət edirmi?
- Çox… amma getmirəm. Birinə getsəm, gərək hamısının təklifini qəbul edəm. Heç kəsin qəlbini qırmaq istəmirəm.
- Ümumiyyətlə, toylara gedirsiniz?
- Məcbur qalıb gedirəm. Cüzi məvaciblə dolanmaq olmur. Son vaxtlar məni toylara Gülyazla birgə dəvət edirlər. Toyda xaltura etməyi sevmirəm. müğənni harada olursa olsun, öz sənətini nümayiş etdirməlidir.
- Televiziyaya niyə az çıxırsınız?
- Çox çıxıb tamaşaçını bezdirmək istəmirəm. Az olsun, yaxşı olsun.
- “Az olsun, yaxşı olsun” Leninin əsərinin adıdır. Deyəsən, güclü Leninçi olmusunuz?
- (gülür) Uşaq vaxtı o qədər əzbərlədirdilər ki:
Lenin baba sağ olsun,
Dörd tərəfi bağ olsun.
- Saçlarınızı niyə son dəbdə kəsdirmirsiniz?
- Uzun saçlardan xoşum gəlir. Gözəllik sadəlikdədir.
- Özünüzü gözəl hesab edirsiniz?
- Deyirlər ki, gözələm. Əhəmiyyət vermirəm. İnsanın gərək daxili aləmi gözəl olsun.
- Əgər belə sadə təbiətlisinizsə, bəs, niyə müsahibə vermək üçün məni uzun müddət get-gələ saldınız?
- Qəzetlərdən küsmüşdüm.
- Qəzet müğənniyə nəsə verir?
- Müğənni bütün taleyini qəzetə açır.
- Bacınızın paxıllığını çəkmisiniz?
- Yaxşı oxuyanda çəkirəm, pis oxuyanda isə acığım tutur.
- Duet oxuyanda bir-birinizə üstün gəlməyə çalışırsınızmı?
- Bəli. Kamil müəllim həmişə bizə öyrədir ki, sənətdə bacı olduğunuzu unudun, yarışa girin. Müğənnidə gərək cəngavərlik olsun. Amma bizim uğurumuz da, uğursuzluğumuz da birliyimizdədir. Tək mən özümü göstərməklə bir şey çıxmaz.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- Mən çox şeyi özümlə aparmaq istəyərdim. İcazə verməsələr, getməzdim.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)