
Super User
“Sınıq Körpü nağılı” – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu. Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, yaşıl meşələri baxanları heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar. Kimsənin varında, dövlətində gözləri olmazdı bu elin. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar. Dəmirçilər kəndi adlanırdı bu mahal. Öz işlərinin mahir ustası olan dəmirçilər qol gücü, zindan və alın təri hesabına düzəltdikləri qılıncları ilə ad çıxarmışdılar.
El yığışıb ağsaçlı bir müdrik insanı özlərinə başçı seçmişdilər. Adına Hacı Bədəl deyirdilər. Dünya dağılsaydı belə onun bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Hacı Bədəlin. Qan-qada ilə işi olmazdı onun. Çalışardı ki, yıxılana əl tutsun, acın qarnın doydursun. Cavanlara həmişə düz yol göstərərdi. Deyərdi ki, yol çəkin dağlara, ağac əkin, obalara bulaq açın. Nahaq qan axıtmayın, tər axıdın. İşiniz onda uğurlu, yollarınız nurlu, aydın olar,- deyərdi həmişə. Qocalar da, cavanlar da, kəndin ağsaqqalı da, qarasaqqalı da Hacı Bədəl kimi müdrikin sözlərini həmişə sırğa edərdi qulaqlarında. Amma xəbis, paxıl insanlara rast gəlməyəsən. Uzaq diyarlardan bura gələnlərin gözləri götürməzdi bu firavanlığı, bu bolluğu. Həmişə də savaşla bu iş yekunlaşardı, qan tökülərdi, Neçə igid qurban verərdi öz canını el yolunda, yurd yolunda.
Bu kənd vüqarlı dağların qoynunda yerləşirdi. Dağların arasından kükrəyib axan Ağa çayından camaat hər işində istifadə edərdi. Hacı Bədəl bir gün kəndin adamlarını toplayıb dedi, nə vaxtacan biz yadellilərlə vuruşub, öz igid oğullarımızı itirəcəyik. Gəlin, o biri kəndlərlə birləşək, həmrəy olaq və onlara qarşı mübarizə aparaq. Amma bu kəndi o biri kəndlərdən kükrəyən çay ayırırdı. Hacı Bədəl öz xərci hesabına kəndlərin arasındakı Ağa çayı üzərində körpü salmaq üçün camaatı topladı, fikrin bildirdi. Bütün mahal bu işə razılıq verdi. Kəndin camaatı əl- ələ verib körpü saldılar. Körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının üstündə salınır. Heç vaxt ram olmayan, dəlisov dağ çayının üstündə salınan körpü tağbənd formasında, ortasında dayaqlar olmadan tikildi ki, kükrəyib daşan dağ çayı məcrasından çıxanda heç bir şeyi uçurtmadan maneəsiz axsın.
Yadelli tayfa başçısının qızı neçə illər idi ki, Hacı Bədəlin oğlunu sevirdi. Onları bir-birindən yalnız düşmənçilik bağları ayırırdı. Vaxt tapanda meşədə bir ormanda görüşür, öz eşqlərinə sadiq qalacaqlarına and içmişdilər. Qız bir gün oğlan paltarı geyinib, vəfalı qaravaşı ilə körpünü keçib sevgilisi ilə görüşmək istəyir. Çayın üstündə dayanmış cəngavər şübhələnir, onu sorğu- suala tutmaq istəyəndə niqablı pəhləvan qılınca əl atır. Döyüşdə cəngavərin vurduğu qılıncın zərbəsindən körpü iki bölünür, sınır və qız çaya düşür. Qızın başından dəbilqəsi düşür, uzun qara saçları suyun üzündə ilan kimi qıvrılır. Dəlisov çayın hökmdarı qızın gözəlliyi qarşısında ram olur, kükrəmir, qızı sağ-salamat çayın sahilinə çıxarır. Mahalın başçısı Hacı Bədəl bundan xəbər tutur və qıza heç bir xətər toxunmadan öz elinə qaytarmağı əmr edir. Qız and içir ki, məni öz elimə qaytarsaz, özümü həlak edərəm. Bu xəbər qızın atasına çatır. Gözünün ağı-qarası bircə balasından keçə bilmir. Ona görə deyirlər ki, övlad adamı düşmən qapısına da aparar. O, Hacı Bədəlin hüzuruna gəlib, düşmənçilikdən əl çəkdiyi bildirir. Aralarında barışıq olur. Müdrik el atası bir oğluna, sonra qıza baxır, əllərini alnına qoyub xeyli düşünəndən sonra deyir:
- Belə bir gözəl düşmənçilik yox, yalnız sülh yarada bilər.
Bu sözləri eşidən qızın yanaqları lalə kimi qızarır, ala gözlərində yaş damlaları parlayır:
- Hökmdar sağ olsun, mən bu oğlanı sevirəm və söz verirəm ki, ömrümün sonuna qədər ona naxələf çıxmayacağam - deyir.
Müdrik tayfa başçısı öz elini başına yığır, toy tədarükü görmələrini əmr edir. Elə həmin gün toy tədarükü görülür. Yeddi gün, yeddi gecə toy edirlər. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin, için, xoş gün keçirin.
Sınıq Körpü isə sonradan düzəlsə də elin dilində sınıq körpü kimi qalır. Müdrik insanlar sevən ürəklərin körpülərini tikdilər.
Indi də bu körpü el arasında Sınıq körpü adı ilə məşhurdur. Bu körpü Qubadlının Dəmirçilər kəndindədir.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Şəhidlər barədə şeirlər – Günəş Qocayev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Günəş Qocayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
GÜNƏŞ ƏFQAN OĞLU QOCAYEV
(12.11.1996.-01.11.2020.)
Xaçmaz rayonunun Palçıqoba kəndindən olan, SOCAR-ın “Kompleks qazma işləri” trestinin əməkdaşı Əfqan Qocayevin oğlu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
GÜNƏŞ
Dünyaya gəlmişdi o, gözəl Palçıqobada,
Hörmətlə tanınmışdı nəsli eldə-obada,
Sevildi uşaqlıqdan olsa da o, harada,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Halallıq öyrənmişdi doğma, isti ocaqda ,
Hər şeyə maraq vardı fərasətli uşaqda.
Xəyalı dolaşırdı Şirvanda, Qarabağda,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Neftçi atası kimi sevirdi o, zəhməti,
Məktəbdə əla idi dərslərindən qiyməti.
Dostları arasında vardı, xətir-hörməti,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Vaxt gəldi, məqam çatdı, əsgərliyə yollandı,
Necə də bəxtəvərdi, içəndə əsgər andı.
Orduda “Nümunəvi əsgər” adın qazandı,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Müharibə başlarkən – dedi- mən də hazıram,
Adımı könüllülər cərgəsinə yazıram.
Öz əlimlədüşmənə dərin quyu qazaram,-
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,
Vuruşdu kafirlərlə sonsuz kinlə, nifrətlə,
Xocavənddə görüşdü mələklərlə cənnətdə,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
Xalqın qürur yeridir şanlı tarix yazanlar,
Həmişə məğlub olur yollarını azanlar,
Çox nəğmə qoşacaqdır şəninizə ozanlar,
Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Əməköməci küküsü
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əməköməci küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQLAR:
§ Əməköməci – 100 rq
§ Təzə göy sarımsaq – 10 qr
§ Mərzə – 1 qr
§ Cəfəri – 15 qr
§ Yumurta – 40 qr
§ Qatıq – 15 qr
§ Kərə yağı – 25 qr
§ Un – 8 qr
§ Zəncəfil – 2 qr
§ Sarıkök – 1 qr
§ Zirinc – 3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Göyərtilər təmizlənir, yuyulur, xırda doğranır. Üzərinə yumurta, qatıq, un, duz, istiot, ədvalar, zirinc əlavə olunur. Yaxşı qarışdırılır. Əridilimiş yağa əlavə olunur, eyni qalınlıqda olmaq şərtilə tavaya yayılır. Özünü tutduqdan sonra qızdırılmış sobaya qoyulur, 200°C-də 20-25 dəqiqəyə hazır olur. Süfrəyə qatıqla və ya sarımsaqlı qatıqla verilir. Qatıq olmadıqda üyüdülmüş, isladılmış qurutla da verilə bilər.
Əməköməci meşə və dağ tərəsi sayılır, yazın ilk ayında bitir, dairəvi yarpaqları var. Nadir Mirzə Qacarın “Karnamə” kitabında dinara bənzədilir. Çox da sulu olmayan tərədir, çox yaxşı dadı var, xörəkdə istifadə olunduqda dadı dərhal hiss olunur.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Gəncə Dövlət Filarmoniyasında yeni layihə: “Muğam gecələri”
Fevralın 28-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək.
Layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.
Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Canlı xəzinə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Elm adamları arasında paxıllıq, xəbislik hisləri ilə alışıb yanan alimləri görəndə- “alim olmaq asandır, adam olmaq çətin”- atalar sözünün öz aktuallığını hələ də itirmədiyinin şahidi olursan. Vay o günə ki, bir mövzu haqqında bir neçə alim araşdırma aparsın. Aralarında gizli müharibə başlayır. Necə deyərlər, o, bunu inkar etməyə çalışır, bu da onu. Bu, onu plagiatda suçlayır, o da bunu. Və ortada mənasız mübarizələr başlayır...
Bəzən biz cürbəcür parıltılara aldanıb, yanından ötüb keçdiyimiz xəzinəni görmürük. Sanki yalançı parıltılar gözlərimizi qamaşdırıb kor edir...
Sevindirici haldır ki, XX əsrin əvvəllərində Azərbaycanda dörd-beş alim var idisə, XXI əsrin əvvəllərində artıq bu say minlərlədir. Deməli, ötən yüz ildə çox inkişaf etmişik. Nə qədər gileylənsək də, dərin təfəkkürlü, sahəsinin bilicisi, novator alimlərimiz yetərincədir. Bu gün sizə onlardan biri- Şahlar Göytürk haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə həyat yoluna işıq tutaq...
Şahlar Məmmədov (Göytürk) Yardımlı rayonunun Anzov kəndində anadan olub. Orta təhsilini Anzov kənd tam orta məktəbində alıb. 1997-ci ildə Lənkəran Dövlət Universitetinin(LDU) Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisasI üzrə fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Anzov kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyib. 1997-2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 2004-cü ildə “Azərbaycan dilinin Yardımlı rayonu şivələri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2005-2006-cı illərdə LDU-da, 2008-2011, 2017-2018-ci illərdə BAAU-da Müasir Azərbaycan dili, Azərbaycan ədəbi dil tarixi, dialektologiya, nitq mədəniyyəti, akademik yazı və oxu fənlərindən mühazirələr oxuyub. 2013-2014-cü illərdə “Altun kitab” nəşriyyatının lüğət bölməsində redaktor işləyib. “Azleks” layihəsi çərçivəsində “Azərbaycan dilinin frazeologiya lüğəti”nin tərtibində iştirak edib. 2006 -2019-cu illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında imtahan rəhbəri olub...
2013-cü ildə elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul edilib. Doktorluq dissertasiyasının mövzusu isə “Azərbaycan dili dialekt və şivələrinin frazeologiyasınının nəzəri problemləri”dir. 2014-cü ildə Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində aparıcı elmi işçi olub. 2015-ci ildə dosent elmi adı alıb. Fəaliyyətinə görə müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Respublika və beynəlxalq miqyaslı elmi konfransların iştirakçısıdır. 2018-ci ildə Orfoqrafiya komissiyası nəzdində yaradılmış İşçi qrupunun katibi olub. 2020-ci ilin oktyabr ayından etibarən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır. Tanınmış dilçi alim çağdaş dilçiliyimizin aktual problemləri ilə bağlı mətbuatda və televiziyalarda ardıcıl çıxışlar edir. Monoqrafiya və 90-dan çox elmi məqalənin müəllifidir. Onlarla kitabın redaktorudur. Gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Ailəlidir. 3 övladı var. Böyük oğlu 2023-cü il sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirak edib...
Xeyirxah, qayğıkeş, səbirli, sədaqətli və etibarlı adamdır. Məşğul olduğu sahədə çox inadkardır, həmin sahənin ən yaxşısı olanadək yorulmadan çalışır. Onunla rəqabət aparmaq çətindir. Hər kəslə necə davranacağını yaxşı bildiyi üçün bir çoxları ilə asan yola getməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Bu səbəbdən də nadir hallarda risk edir və hər hansı bir səhvə də yol vermir...
Deyir ki,- “Televiziya dilinin təsir gücü onun kütləviliyində, eləcə də səs, söz və təsvir, görüntü imkanlarına malik olmasındadır. Doğrudur, KİV-də gedən dil proseslərini, o cümlədən tele¬viziyaların dil mənzərəsini çağdaş ədəbi dildən kənarda təsəvvür etmək olmaz. Televiziya çap və elektron mətbuatla müqayisədə dil proseslərini daha qabarıq şəkildə əks etdirir, şifahi nitq meydanı üçün geniş üfüqlər açır. Televiziya cəmiyyətdə gedən proseslərin güzgüsüdür və ic¬timai fikrə təsir imkanları baxımından digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Bu güzgüdə nəinki ayrı-ayrı sa¬hələrdə baş verən dəyişiklikləri, hətta dil proseslərini aydın şəkil¬də görmək mümkündür. Odur ki, ekrandan səslənən nitq anlaşıq¬lı, ədəbi tələffüz qaydalarına uyğun olmalıdır. Çünki insanlar bir-birlərini daha çox şifahi nit¬qinə və davranışına görə qiymətləndirirlər. Tamaşaçı verilişlərdə çıxış edən qonaqlardan, ekspertlər¬dən, müğənnilərdən, saç ustalarından və s. natiqlik tələb etmir. Önəmli olan normal davranış və mədəni nitqdir.”
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri kimi, bu gün televiziyalarımızda dilimizlə bağlı gedən proseslər bir alim kimi onu çox narahat edir.
“Biz dilimizə sevgi ilə yola çıxmışıq. Məqsədimiz dilimizin saflığını qorumaq, Azərbaycan dövlət dilinin düzgün tətbiqinə nəzarət etmək, fədakar media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində mediada, reklam daşıyıcılarında və internet resurslarında yol verilən nöqsanları aradan qaldırmaqdır. Odur ki, media nümayəndələri, xüsusən sayt rəhbərləri monitorinqlər zamanı qeydə aldığımız minlərlə dil faktına ciddi yanaşmalı, səhvləri təkrarlamamalıdırlar.
Hədəfimiz nə saytlar, nə də media mənsublarıdır. Dilimizin inkişafında, düzgün tətbiqində peşəkar media nümayəndələrinin rolunu yüksək qiymətləndiririk. Bizim işimiz həm də dildə gedən prosesləri izləmək və əvvəlki nəticələrlə müqayisə etməklə irəliləyişə nail olmaqdır.”- söyləyir.
Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı xoşlayır. Plan və proqram hazırlamağı və nizamlı hərəkət etməyi bacarır. Hazırladığı planın reallaşmasını səbrlə gözləyir. Rahat həyatı sevir. Rahatlıqla yanaşı gözəlliyə də olduqca önəm verir. Pula isə bir vasitə kimi baxır. Puldan və gözəllikdən başqa heyran olduğu daha bir nəsnə- uğurdur. Odur ki, uğurlu insanlarla dostluq etməkdən zövq alır...
Deyir ki,- “Doğrudur, dilin varlığı üçün təhlükə törədən fəsadlar daha çox qrammatik qüsurlarla bağlıdır, çünki dilin mahiyyətini onun qrammatik sistemi müəyyən edir. Leksik pozuntular isə dildə tez-tez baş verən, eyni zamanda, nisbətən asanlıqla aradan qaldırıla bilən hadisədir. Bu baxımdan leksik normanın pozulmasını dil üçün təhlükəli hal hesab etmirlər. Amma nəzərə almaq lazımdır ki, bunlar əslində zəncirvari prosesin halqalarıdır. Leksik norma pozuntuları dilin milli qiyafətini dəyişir, milli həssaslığı azaldır. Dilin ən çox inkişaf etdiyi publisistikada leksik alınmalar daha çoxdur. Bəzi hallarda həmin sözlərə dilimizin İzahlı lüğət¬lərində və Orfoqrafiya lüğətində rast gəlmirik. Bu qəbildən olan sözlər sırasında türk dilinə məxsus leksik vahidlər də vardır. Pub¬lisistikada belə sözlərə qarşılıq tapmaq cəhdləri də müşahidə olu¬nur.”
Yüksək zövqə malikdir. İstədiyini əldə etməyi bacarır. Həyatdan nə istədiyini çox yaxşı bilir. Praktik zəkalı, ciddi adamdır. Mənfi hallardan uzaq olmağı və yalnız gözəl şeylərlə maraqlanmağı xoşlayır. Mənasız mübahisə etməyi sevmir. Ancaq səbrinin sərhəddi aşıldıqda gözlənilməyən sərt reaksiyalar verə bilər. Adətən sakit və mülayim davranışa üstünlük verir. Dostluq onun üçün çox önəmlidir. Kin saxlamayan, bağışlayan və mərhəmətlidir...
Bəli, alim əgər adam olmağı bacarmırsa, onun elmi də şübhəlidir. Əsl alim xəzinədir- dövlətin, xalqın canlı elm xəzinəsi. Haqqında söhbət açdığım filologiya elmləri namizədi, dosent Şahlar Göytürk də bu xalqın canlı xəzinəsidir- qənimət övladlarından biridir...
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Paşinyansayağı pAKT
Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının siyasi gəlişmələrini diqqətinizə çatdırır. Söhbət Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla qarşılıqlı olaraq "Hücum etməmək haqqında Pakt" bağlanması təklifindən gedəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla qarşılıqlı olaraq "Hücum etməmək haqqında Pakt" təklifini səsləndirib. İlk baxışda həncəri də gözəl səslənir, elə deyilmi? – Təklif keçmiş işğalçıdan və bugünkü “əvəzçıxma” qara “sevda”lısından gəlir, deyir gəlin Sülh danışıqlarını qoyaq bir qırağa, pakt imzalayaq. Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana anındaca və tutarlı cavab verib – bu öz yerində; deyirəm, biz də bir kaç kəlmə deyək.
"Hücum etməmək haqqında Pakt" dedikdə, Ermənistana hərbi-siyasi rəhbərlik etmiş şəxslərin “ideal”ı Qaregin Njdenin əməl ortağı olduğu Hitlerin (ümumən alman faşistlərinin) irəli sürdüyü Sovet-Alman Paktı (“Molotov-Ribbentrop Paktı”) yada düşür. Əlbəttə, biz (Tanrıya şükürlər olsun) keçmiş SSRİ-nin oxşarı olmasaq da, faşist Almaniyasının son illərdəki ən uyğun oxşarı (cırtdan dövlət olsa belə) Ermənistandır. O zaman faşist Almaniyası, bu zaman faşizmdən arınmamış Ermənistan pakt irəli sürür. “Molotov-Ribbentrop Paktı” işləmədi – işğalçı Almaniya üçün bir müddətlik fürsət yaratmış oldu, vəssalam (keçmiş SSRİ-nin, Kremlin dərdinisə o vaxt-bu vaxt biz çəkəsi deyilik, təbii). Məsələ bu ki, XX yüzildə iki dəfə dünyanı qana çalxalamış, nəhayət iki ağır məğlubiyyətdən sonra faşizmdən rəsmən imtina etmiş Almaniya 1939-cu ildə müvafiq pakt irəli sürərkən gizli məram-məqsədə malik idi. Əvəzçıxma şakərli, fürsət qovalayan Ermənistanın da çirkin məqsədləri var. “Molotov-Ribbentrop Paktı”ndan 85 il keçib, amma böyük alman faşizmindən cırtdan Ermənistanın materiyasına keçən faşizm və fürsətçilik ötüb-keçməyib... İrəvanda oturanlar gah Moskvadan, gah Berlindən, gah da Starsburq, Paris qarışıq Fransadan, okeanın o tayından – Vaşinqtondan (Vaşinqtonun deformasiyaya uğramış tərs üzü Tehrandan) və b. mədəd uma-uma, görə-görə girlənmək istəyir...
“Hücum etməmək haqqında Pakt” təklif edən Paktinyan, pardon, Paşinyan, paktdan öncə bir sürü daxili akt icra etməlidir. – Konstitusiyasını, dövlət ideologiyasını (habelə qonşularla münasibətlərə dair gizli məqsədlərini), dərsliklərdən anti-Azərbaycan (anti-Türk) materiallarını çıxartmalı; qondarma “erməni soyqırımı” haqqında məramları köklü surətdə dəyişməli, o cümlədən (terrorçulara qoyulmuş) bütün anti-humanist abidələri sökməlidir;
Ermənistan qeyd-şərtsiz olaraq, 4 minə yaxın azərbaycanlı əsir-girovun taleyinə aydınlıq gətirməlidir;
Ermənistan səhih “mina xəritələri”ni tam şəkildə Azərbaycana təhvil verməlidir;
Ermənistan Naxçıvanın blokadasına son qoymalı, bəlli Üçtərəfli Bəyanata uyğun olaraq “Zəngəzur Dəhlizi”nin açılmasını təmin etməli – ən azından buna uyğun iradə nümayiş etdirməldir;
Ermənistan öz hərbi bölüklərini Kərkidən və Qazaxın 7 kəndindən qeyd-şərtsiz geri çəkmək surətiylə, delimitasiya, demarkasiya müzakirələrinə səmimi hazırlıq nümayiş etdirməlidir;
Ermənistan Qərbi Azərbaycan İcması ilə Tarixi qayıdışa dair danışıqlara hazır olduğunu açıqlamalıdır.
İlla da paktdan söhbət gedəcəksə, o zaman Ermənistan 30 il boyunca Azərbaycana qarşı törətdiyi dövlət cinayətlərini, o cümlədən soyqırım aktlarını etiraf etməyə, Azərbaycana vurduğu ziyana görə təzminat ödəməyə, Azərbaycan dövlətindən, xalqından üzr istəməyə hazır olduğunu nümayiş etdirməlidir.
Özü də, bu vurğuladıqlarımız yalnız Paşinyan hökuməti tərəfindən deyil, bütün aparıcı partiyalar (ən azı parlament partiyaları yaxud Ermənistan Avropa Şurasına üzv olarkən, (hökumətlə yanaşı) müvafiq öhdəliklərə qol çəkmiş partiyalar), habelə böyük vətəndaş cəmiyyəti institutları tərəfindən də qəbul görməlidir.
Yuxarıda sadaladıqlarımız olduqdan sonra pakta nə hacət? – Artıq Böyük Barış Anlaşmasına (Sülh Müqaviləsinə) yollar açılmış olacaq... Belə bir Anlaşma isə ən çox Ermənistana lazımdır. İstəmirlərsə, bizə ya Anlaşma, yaxud Ermənistan adlı dövlətmi lazımdır?.. – Müzəffər Ali Baş Komandanın mübarək sözləri onlarçün yol xəritəsi olmalı: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə”! Vəssalam!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Tələbə əhvalatları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1
ELVİZ MÜƏLLİMİN XATİRƏLƏRİNDƏN
Dəqiq yadımdadır, 89-cu il idi. Orta əsrlər tarixindən imtahan götürürdüm. Bir tələbə oğlan o qədər gözəl cavab verdi ki, ona əla yazmaq qərarına gəldim və zaçot kitabçasını istədim. Amma zaçot kitabçası sözü nə illah etdimsə yadıma düşmədi.
-zadı ver…
-nəyi, müəllim?
-şeyi də…
-nəyi axı?
Nəhayət dedim:
-o ki bütün tələbələr ciblərindən çıxarır…
O da qıpqırmızı qızarmış halda cibindən şparqalka çıxartdı…
2.
MQU ƏHVALATI
Fizmatda Şneyderman soyadlı yəhudi professor dərs deyirmiş. Çox elmli pedaqoq imiş, kim elmlə maraqlanırsa əla bilik əldə edirmiş.
Di gəl, Şneydermanın qulağında dinləmə aparatı var imiş və onun ağır eşitməsinə görə dərsdə qışqır-bağır salanlar, hətta söyənlər də az olmurmuş.
Nəhayət, imtahan zamanı yetişəndə Şneyderman içəri girib dinləmə aparatını qulağından çıxararaq deyib:
-Hə, bax indi biletləri götürün.
Tələbələr təəccüblə və qorxu-hürkü ilə bir-birinə baxıblar, biri yavaşcadan deyib ki, bu bizə divan tutacaq.
Şneyderman deyib:
-Tutacam da sözdür?
3.
SUMQAYIT MƏKTƏBİNDƏ
Fizika müəlliməsi var idi, Şahanə xanım. Olduqca sərt, zəhmli biri idi, imtahanda hamını kəsib-tökərdi. Şagirdlərin hamısının ondan zəhləsi gedərdi.
Növbəti imtahanda Nəsibov soyadlı şagird ona bir qızılgül biketi gətirib hədiyyə edəndə müəllimə çox təsirlənir, həyatında iık dəfə idi ki, hansısa şagird onu saya alırdı.
Tez Şahanə xanım qaçır ki, gülü qoymağa bir qap tapsın. On beş dəqiqə bu proses, daha beş dəqiqə qabı su ilə doldurmaq vaxt aparır.
Həmin müddətdə uşaqlardan cəmi birinin ağlına gəlmir ki, cavabları köçürsün. Odur ki, o uşağın adını o gündən Qoyun Xəlil adlandırırlar.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vida Heşmətidən “Bitsin savaş”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin şeirlərini təqdim edir.
Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.
BİTSİN SAVAŞ
Yenə bu köndələn yer kürəsi,
Dumana bələdi dağlarını.
Göyündə qaraldı göyərçinlərin ağuuuş dimdikləri
Lalalar yallılanır torpaqları.
Yenə okeanların nefti üzərində
Qumarlaşır naqqalar.
Yenə generalların əllərində oyuncaq oldu
Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı.
İtdi-batdı nişan bəlgəsi
Hələ xəritə çəkir imperiyalların günəş gözlüyü
Qaraqançıl köksündə.
Uşaqların bayram sevinci isə
Boy atırdı ayaqqabılarında
Oysa boğuldu xonçasında.
Anasının ləçəyi yaş,
Cibində məktubu sevginazlanan oğlanın
Tapılmadı bir pişikyolu da.
Yenə görəsən boylanacaq əriklər
Tüstülü ağaclardan?!..
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vida Heşmətidən “Qadın”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin şeirlərini təqdim edir.
Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.
QADIN
Dünyanın yaraşığı qadındırsa
Hələ qadınların yaraşığı deyil dünya!
Mikrofonların əngində
Saqqız olub qadın.
Sekolaritəsinə
İpəkdən don geydirsələr də,
Demokrasiyasına bal qatsalar,
Göbək ciyəsi
Aşxanaya atılmış
Canı düşlərindən çıxmalıdır.
Ancaq
Hələ də onu qiymətləndirən
Erkək yasaların yazılmamış
Səhnə arxasıdır.
Yoxsa vitrinlər
Boş bəhanədi...
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Gülüş klubu
Fransızların şorbası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1
Parisdəki məlum hadisə hamının diqqətini çəkdi. Ekofəallar Luvr muzeyində Mona Lizanın portretinin üzərinə düyü şorbası tökdülər. Bu hadisəyə bizim “Gülüş klubu”nun interpretasiyası:
Ekofəallar Mona Lizanı supa bələyəndə qışqırışıblar:
-Bizim kənd təsərrüfatı xəstədir!
Soruşulacaq ki, bəs Mona Lizanın məsələyə nə dəxli?
Deyək! Giperinflyasiyaya qədəm qoyan fransızlar ətdən-mətdən məhrum olub sonuncu şorbalarını yeyir. Bu itin qızı isə gülümsəməkdədir.
2
Özünüz barədə tez-tez yaxşı şeylər danışmaqdan utanmayın. Belədə, qəbristanlıqda yola salanlarınız barı deməyə söz tapacaqlar.
3.
Görəsən niyə dəniz sahilində yaşayan balığı satın alır?
4.
Özünəxidmət terminalından qocalar uşaqlığa bilet ala bilməzlər, amma marazm, Alsheymer və tremor testindən keçə bilərlər.
5.
Yadınızdadır, uşaqlıqda siz sürüşkəndən sürüşəndə o biri uşaqlar zarafatyana üstünüzdə oturardılar ki dura bilməyəsiniz?
Böyüklükdə həyat məhz bu cürdür, özü də zarafatsız.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)