
Super User
Sabah bəzi Bakıətrafı ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı ehtimalı var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabaha - fevralın 7-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Prezident seçkiləri günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 12-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yuxarı - 762 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Türkan qəbristanlığı gül-çiçəyə qərq edilib - AĞAXAN ABDULLAYEVİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Əlibaba Məmmədov və Ağaxan Abdullayev dünyasını dəyişəndən sonra korifey muğam ifaçılarımızdan cəmi biri qaldı - 86 yaşlı Arif Babayev. Gəlin ölənlərə rəhmət, qalanlara cansağlığı diləyək.
Bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 74-cü ildönümü tamam olur.
Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Bu gün Türkan qəbristanlığı gəlimli-gedimlidir. Çoxları unudulmaz sənətkarı yad edirlər.
Ağaxan Abdullayevin sənəti əbədiyaşardır. Bu ecazkar səs, bu sənət daim yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışıb. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster kimi fəaliyyət göstərib. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Astafyev), Jizel ("Jizel", A.Adan) və s. rolları ifa edib.
Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.
O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
“ASAN Könüllüləri” Təşkilatı Gənclər Gününə həsr olunmuş layihə həyata keçirib
29 yanvar - 4 fevral tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi IV" layihəsi reallaşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
4 ildir təşkil olunan layihənin məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır.
Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.
Könüllülər bu müddətdə “Coca-Cola” zavoduna, IDEA Heyvanlara Qayğı Mərkəzinə, “Suraxanı” gəmi muzeyinə və “Turan atçılıq mərkəzi”nə də ekskursiya ediblər.
Həftə ərzində müxtəlif təlimlərdə, idman oyunlarında, master-klasslarda, “Milli irs ekranlarda”, “Yaşıl həyat naminə” adlı intellektual oyunlarda iştirak ediblər.
Layihə çərçivəsində könüllülərimizin maraq dairəsinə, ixtisasına uyğun olan müxtəlif ekspertlərlər və dövlət rəsmiləri ilə görüşlər həyata keçirilib.
“Dinamik Gənclik Həftəsi IV” layihəsinə 600-dən çox ASAN könüllüsü qoşulub.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
7 min illik qatığın sirri necə faş oldu
“Efsane” türk komediyasının qala gecəsi lap əfsanəvi idi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu komediya barədə kim eşitməyib ki? Nəhayət, gördük də. Dünən “CinemaPlus” kinoteatrlar şəbəkəsində bu türk komediyasının qala gecəsi keçirildi. Bəli, söhbət əfsanəyə dönmüş “Efsane”dən gedir.
Türkiyədən gəlmiş qonaqlar qırmızı xalıdan keçdilər, pərəstişkarları ilə şəkil çəkdirdilər. Ürək sözlərini söylədilər, zəmanət verdilər ki, film hər kəsi qəşş eləməyə məcbur edəcək.
Rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan ekran əsərində baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar. İlin ən iddialı komediya filmi olaraq kinosevərləri həqiqətən də ürəkdən güldürmək məqsədi güdən filmin baş rol ifaçısı Ahmet Kural ekran əsərindəki əkiz qardaşları canlandırır. Bəzi səhnələrin çəkilişi zamanı yanğın və fırtınanın olduğu hissələr həm Ahmet bəy üçün, həm də digər heyət üzvləri üçün çox çətin keçib, bunu baş rol ifaçısı etiraf etdi.
Digər baş rol ifaçısı Cemile Canyurt isə əksinə, çətinliklərdən deyil, filmin çox hərəkətli, gülməli və həyəcanlı olduğunu səbəbindən filmin çəkilişləri zamanı çox əyləndiklərini bildirdi.
Aktrisa Tuana Tezsoy çəkilişlərdən sonra ilk dəfə filmi izləyərkən çox gözəl hisslər keçirdiyini dedi. O, sevdiyi dostları ilə bu filmdə rol aldığı üçün xoşbəxt olduğunu diqqətə çatdırdı.
Ekran əsərinin prodüseri Aytaç Aydağ və baş koordinatoru Ediz Kentkuran filmin tam ailə komediyası olduğunu qeyd etdilər. Yəni ki, bir ailə rahatlıqla uşaqlı-böyüklü filmə birlikdə baxa bilər.
FİLMİN MƏZMUNU:
Film 7 min illik qatığın sirrini əyləncəli şəkildə izah edir. Belə ki, Çorumda yaşayan Sadık və ailəsi qatıq hazırlayır. Bu qatıqlar dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir. Və bir-birini təqib edən gülməli və dramatik səhnələr ardıcıl düzülür, tamaşaçını həm güldürür, həm gərgin saxlayır.
Bir sözlə, həzz alaraq baxdıq.
Bu arada, şit gülüşə istinad edən əksər yerli komediyalarımızın müəllifləri, gəlin siz də baxın “Əfsanə”yə.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Həmyerlimiz Türkiyədə beynəlxalq festivalın ən yüksək mükafatına layiq görülüb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Nuray Əliyeva Türkiyənin Çukurova Universitetində keçirilən “Adana Rapsodi” beynəlxalq piano festivalı və yarışmasının Qran-Pri mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, yarışmada ölkəmizlə yanaşı Türkiyə, Türkmənistan, Rusiya, Qırğızıstan, Polşa, Almaniya kimi dünyanın müxtəlif ölkələrindən 300-dən artıq gənc pianoçu iştirak edib.
N.Əliyeva festivalda Qran-Pri mükafatı ilə yanaşı, öz yaş qrupu üzrə də birinciliyə layiq görülüb.
Həmyerlimiz bu ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən 2024-2025-ci illərdə Çukurova Universiteti Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert verməyə dəvət alıb. Eyni zamanda, o, Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 26-cı “Bellapais” Beynəlxalq Musiqi Festivalında çıxışı etməsi üçün Kiprə dəvət edilib.
Hisslərini AzərTAC-la bölüşən Nuray olduqca həyəcanlı və qürurlu olduğunu ifadə edib. O, ölkəmizin adının dünyada səsləndirilməsində iştirak etmək, bu qədər iştirakçı arasında ən yüksək mükafata layiq görülməklə yanaşı bu mükafatı dünyaca məşhur pianoçu Gülsüm Onayın ona təqdim etməsinin qürurunu yaşadığını deyib.
Nuray müəllimi, professor Kəmalə Neymanovaya təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Vaqif Bayatlı Odər yaradıcılığı Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Litpriçal” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi, Əməkdar incəsənət xadim Vaqif Bayatlı Odərin rus dilinə tərcümə edilmiş “Qəribik, şairim, qəribik, sözüm” şeirinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin rus dilinə tərcümə müəllifi – tanınmış rus tərcüməçisi İqor Taraseviçdir.
Geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Aleksandr Puşkin, Marina Svetayeva, Anna Axmatova, Bulat Okudcava, İosif Brodski kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Vaqif Bayatlı Odər “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru vəzifələrində çalışıb. “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kimi kitabların müəllifidir. Tanınmış şair “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Xanəndə, pedaqoq, bəstəkar - UNUDULMAZ ƏLİBALA MƏMMƏDOV
Könül, “Ədəbiyyat və incəsənət”
5 fevralda dünyaya dünyaşöhrətli bəstəkarımız Qara Qarayev, dünyaşöhrətli kinodramaturqumuz Rüstəm İbrahimbəyov gəliblər. Amma tək onlarmı? 5 fevral həm də Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Xalq artisti Əlibaba Məmmədovun da doğum günüdür.
Dünən iki korifey barədə danışdıq, birini isə bu günə saxladıq.
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.
Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş edib. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.
Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.
Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.
Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba Məmmədov bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.
Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Şəhidlər barədə şeirlər – İbrahim İbrahimov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İbrahim İbrahimova həsr edilmiş şeirlə tanış olacaqsınız.
İBRAHİM ABDULLA OĞLU İBRAHİMOV
(10.10.1999.-09.11.2020.)
Binəqədi kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
SƏN, BİZİM FƏXRİMİZSƏN
Binəqədi kəndinin mərd, igid qəhrəmanı,
Candan artıq sevirdin bu eli, bu obanı,
Hünərinlə sən yazdın, bir ölməzlik dastanı,
Vətən üçün döyüşdün, canını verdin qurban,
Dedin, təki yaşasın anamız Azərbaycan!
İbrahim tək oğullar Vətən edir torpağı,
Əməliylə gətirir xoş günü, xoş sorağı,
Qanıyla xilas edi ryağıdan Qarabağı,
Gətirir hünəriylə doğma yurda şöhrət, şan,
Dedin, təki yaşasın anamız Azərbaycan!
Sən bizim fəxrimizsən, qoçaq qardaşımızsan,
Həmişə bizimləsən, əziz sirdaşımızsan,
Unudulmazsan heç vaxt, sadiq yoldaşımızsan,
Fizulidə, Şuşada düşmənə uddurdun qan,
Dedin, təki yaşasın anamız Azərbaycan!
.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Xocavənddə Tağlar mağarası – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Çox-çox əvəllərdə bir kənddə ata-anasını itirmiş iki qardaş vardı. Bir qarın yeməkdən ötrü onun, bunun mal qarasını, qoyun-quzusunu otarardılar. Bir gün sürünü otararkən dağın başından güclü sel gəlir, mal- qaranı aparır. Bunu görən iki qardaş sağ qalmaq ümidi ilə dağa tərəf qaçırlar. Sən demə bunu edən sel əjdahası idi. Qardaşlardan böyüyü çox ağıllı və güclü idi. Digəri isə tez özündən çıxan, dəlisov idi, hirsləndisə qarşısında heç kim dura bilməzdi. Həmin dediyim dəlisov qardaş, əjdahanı yerə yıxır, əlindəki çomax ilə başın əzir. Sonra iki qardaş əjdahanın mağarasını tapıb, mağarada yaşamağa başlayırlar. Dağlarda yaşayan heyvanlar mağarada yaşayanın əjdaha olduğunu bilib burdan uzaq qaçırlar. Qardaşlar meşədəki ağaclardan cır meyvə yeyir, çaydan balıq tutur, vəhşi dağ keçisi, maral tutub əhliləşdirib mağarada saxlayırdılar. Saxladıqları heyvanlara hər gün bir qardaş gözətçilik edirdi. Bir gün ağıllı qardaş təzəcə gözünü yummuşdu ki, mağarada iki siçanın söhbətini eşitdi. Biri o birinə deyirdi ki, bəs neçə vaxtdır ki, əjdahanın qorxusundan xəzinəni apara bilmirdik. Əjdaha öldü, indi isə dəli qardaşdan qorxmuruq, amma ağıllı bilsə xəzinəmizin axırına çıxar. Ağıllı qardaş bunu eşidən kimi, siçanları tutub qəfəsə saldı. O yeri qazıb xəzinəni çıxartdı. Yetimçiliklə böyüyən iki qardaş ömürlərinin axırına kimi o mağarada yaşadılar. Mağaranı tağlarla böldülər, hər qardaş bir tağda kefi kök, damağı çağ yaşadı.
İndi də Tağlar mağarasının üstündən quşlar uçanda tük salırlar. Dəlisov qardaşıın əjdahanı öldürməsindən hələ də xəbər tutmayıblar.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)