
Super User
“Üç general” - Udmurt Xalq şairinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Udmurt Xalq şairi Vyaçeslav Ar-Serginin “Üç general” adlı hekayəsini təqdim edir. Hekayəni ruscadan Azərbaycan dilinə Həyat Şəmi tərcümə edib.
Yaxşı yadımdadır, vaxtı ilə bizim kəndin kişiləri sərxoş olanadək o qədər çox içərdilər ki, hətta evdə öz arvadlarını tutub döyərdilər. Əlbəttə ki, kəndin bütün kişiləri belə deyildi. Amma kənd camaatı bu cür mərəkələrə baxıb təəccüblənməzdi, çünki kənddə başdan xarab kişilər də kifayət qədər az deyildi. Ayıqkən həlim və mülayim olan bu insanların dilinə içki dəydimi, elə bil ki, şüşədən cin udurdular.
Kolxoz rəhbərliyinin qarşısında aciz, hüquqsuz olan həmin kişilər bunun əvəzini evdə arvad-uşaqdan çıxardılar: “Bu evdə kimin rəis olduğunu birdəfəlik biləcəksiniz!” deyər, “ağa nəzərəm, belə gəzərəm” şəklində rəftar edərdilər. “İstəsəm – qoçun buynuzunu qanırıb bükərəm. Hələ siz bilmirsiniz, orduda batalyon komandiri özü mənimlə əl verib salamlaşardı” deyərək evdə əzrailə dönərdilər.
Rəbbimə şükürlər olsun ki, bu cür hadisələr hər gün olmazdı, əsasən də bayram günlərində baş verməzdi, bəzən heç bayram günü olmasına da baxmazdılar. Bir də görürdün, qonşu arvadının çığırtı səsi ətrafı başına aldı: “Ay camaat, qoymayın! Kömək eləyin! Öldürəcək qoymayın, vallah, öldürəcək! Köməyə gəlin!” - qışqıraraq var gücü ilə ayağı büdrəyə-büdrəyə, paltarı cırıq-cırıq, saçları dağınıq, dəhşətə gəlmiş gözləri yerindən çıxmış halda, sifətindən qəm-kədər yağa-yağa lənətə gəlmiş şeytan ərinin əlindən qaçıb canını qurtarmaq istəyir.
Budur, onun sərxoş işgəncə verən əri qovduğu arvadına çatmaq üzrədir…Köynəyi əynindən tökülə-tökülə, əlində ağac paya və yaxud dəmir dəyənəklə, bəzən isə havada fırlatdığı balta ilə, küçə söyüşləri yağdıra-yağdıra arvadının dalınca qaçır, sanki bu dəqiqə ona çatıb qətlə yetirəcəkdir... Düşünürsən ki, bax bu əsil vampirdir ki, vampir. Əgər çatsa, mütləq öldürəcək!
Küçədə bu cür hadisələr günün günorta vaxtı baş verəndə, belələrinin cavabını anındaca verib, yerinə oturdardılar. Bir də görürdün, qonşulardan iki nəfər iri cüssəli özünü yetirib sərxoş harınlamışın qollarını burub yerə sərdi. O zaman, bayaqkı əjdaha dönüb quzu olardu və “ay yavaş olun, qolum ağrıdı” deyib sakitləşərdi. Ayıltmaq üçün cinə oxşayan sifətini qara və ya palçığa basıb “sakitləş!”deyib hirsinin soyudardılar.
Elə vaxtlar da olurdu ki, sərxoş kişi qonşulardan daha ayıq, daha güclü çıxar, onların əlindən sivrilib qurtular və yenə də arvadının dalınca qışqıra-qışqıra qaçar, “Ay, anası göyçək!” deyib söyüşlər yağdırmağa davam edərdi...
Amma çox vaxtı onların qaçdı-tutdusu uzun çəkmirdi, evlərindən səsə-küyə çıxan qonşuların qınağından çəkinib dayanardılar. Sərxoş halda qaçmaqdan tez yorulub gücü tükənənlər biabır olduğunu görüb səssiz-səmirsiz öz həyətinə, evinə qayıdardılar. Bəli, bizim kənd kişilərinin başları müxtəlif səbəblərdən, ya qarşılarına çıxmış talelərindən, ya da əldə çəkilmə araqlardan xarab olurdu. Bəziləri isə heç kimsə heç nə görməsin deyə, səs-küy hasardan çölə çıxmasın deyə evlərinin içində tiranlıq edərdilər. Arvadlarının sifətinə tutuzdurduqları yumruqların göyərmiş ləkələri uzun müddət onların üzündə qalar, çətinliklə sağalardı.
Onu da deyim ki, bizim kənddə əvvəllər belə şeylər heç baş verməzdi. Sərxoş olub evində dava salanlarımız olmazdı. Bu məsələyə birdəfəlik son qoyulmuşdu. Bəs, bu udmurtlara birdən-birə nə oldu belə!? Əsrin dörddə üçünü yaşamış mamlı-matan, çevik apaylarımız xala olandan sonra, qoca Oqır öz sərt əlləriylə bizim həqiqi adət-ənənələrimizi param-parça etmişdimi? Gör iş nə yerə gəlib çıxmışdı ki, bizm kişilər daha burdan-bura, tayqaya ayaq basmağa da tənbəllik edirdilər. Əvvəllər aylarla meşədə yaşayıb heyvan ovlayar, balıq tutmaqla məşğul olardılar. Əl üsulu ilə araq çəkmək nədir, qəti bilməzdilər, yalnız ov ovlamaq, balıq tutmaqdı işləri. İndi isə ya evində, ya da kolxozda gününü boş-boşuna keçirib avaralanırlar, “onsuz da dolanmaq üçün kolxozdan maaşımı alacam” deyib tənbəlləşirlər. Belə dolanışıq üsulu gələcək üçün yaxşı heç nə vəd etmir, verilən maaş isə araqdan başqa heç nəyə çatmırdı.
- Belə vərdişləri udmurtlar yaxın qonşularından, ruslardan öyrəndilər - deyib özü ilə yaşıd olan papiros muşduğunu dərindən üfürüb təmizləyən Oddok dilləndi. - Bütün bu pis vərdişlər bizə qonşu rus kəndlərindən – Qurbağalı, Qoyunlu, Xoruzlu kəndlərindən keçibdir... Kama çayının o biri tərəfindən. Onlarda hər zaman belə olub, arvad öz ərindən qorxardı. Özləri kimi aravadları da evtikən deyildilər. Amma bizim qadınlarımız həmişə kişilərlə çiyin-çiyinə olublar. Ər – çöldə, istehsalatda, arvad isə - evində ocağının xanımı, sahibəsi olub. Öz adət-ənənələrimiz, qanun-qaydalarımız olardı: həyət-bacanı, evi-eşiyi, uşaqları evin qadını idarə edərdi. Qadına nəinki əl qaldırmaq, hətta üstünə yürümək belə günah idi. Bunu dünənki uşaqlar da bilirdilər və belə şeylərə cəsarət etməzdilər.
- Ay sizi lənətə gələsiniz! – hətta kəndin partiya təşkilatının rəhbəri Petroviç də onlardan əlini üzüb ciddi şəkildə bizi məzəmmət edərək - düşünürsünüz ki, siz burada ara qarışdıracaqsınız, milli ayrı-seçkilik salacaqsınız, mən də durub baxacam? Vallah sizə elə toy tutaram ki, ananız ağlar qalar. Nə oldu? Elə hər nə pis şey varsa, ruslardan keçmədir? Sizin evdə nə baş verirsə, günahı həmişə başqasında axtarırsınız.!
- Bu sözlərin mənə heç aidiyyatı yoxdur. Öz əlim, öz başımdır! Mən isə deyirəm ki, kənddə özbaşınalıqdır, bunu isə siz eləmisiniz. Lap ağını çıxartmısınız. Vaxtı ilə mənim atam belə özbaşınalığa dərhal son qoyardı. İndiki zəmanədə isə, di gəl, sən bunları tərbiyələndir, dilə tut görüm, necə tutursan! Tfu sizin üzünüzə!
Camaat yaxşı bilirdi ki, onun (Oddokun) atası kolxozu ilk quranlardan olub, ötkəm bığlı kişi idi. Amma Stalinqrad döyüşlərindən sağ çıxmadı. Alman minasına tuş gəldi, bığları ilə birlikdə özü də param-parça oldu. Və bir də onu deyirlər ki, göyərçinləri çox sevirmiş, hədsiz dərəcədə çox! Mandolinada da gözəl çalırdı, hətta Şalyapinin özü ilə səhnəyə çıxa bilərdi.
Biz kəndimizdəki sayılıb-seçilən insanlarımızı dinləməyi sevirdik. Onların dedikləri hər şeyi anlayırdıq, ən əsası isə onlar bizim üçün tamamilə başa düşülən bir dildə, öz ana dillərində danışırdılar. Daha bu rayon mərkəzindən gələn mühazirəçilər kimi deyildilər.
Rayondan gələnlər gələr, klub kürsüsünün arxasında durub yarım qrafin suyu içə-içə, anlaşılmaz bir dildə nəsə danışıb gedərdilər. Yeri gəlmişkən, gəlib bizə bu Vyetnam müharibəsi haqda danışıb, baş-beynimizi aparardılar.. Deyirəm, axı bu Vyetnam haradadır? Bu ölkə haqqında biz heç bir şey eşitməmişik. Hələ bizə Amerika ordusu haqqında boş-boş çərənlədiklərini demirəm. Amma kəndə gəlmiş bu mühazirəçilərə baxmaq bizə maraqlı gəlirdi – kostyumlu, portfelli, çəkməli… Onları biz qastrola gəlmiş aktyorlar kimi qəbul edirdik. Xüsusilə şəhərliləri. Nə danışırdılar, nə deyirdilər, az adam qulaq asırdı, hamının gözü kənd partiya rəhbərində idi, düşünürdük ki, görəsən bizi nə vaxt evə buraxacaqlar?
Dünən klubumuza yenə bir mühazirəçi gəlmişdi. Əvvəlcə Kommunist Partiyasının siyasətindən danışdı, sonra Marsda həyatın mümkünlüyündən və ən sonda da dəniz heyvanlarından söz açdı... Hə, nə olsun, atamız onlar haqqında bizə daha çox danışa bilərdi. Axı o, dənizçi idi, Sakit Okeanda xidmət edirdi - ondan hətta osminoqlar (ahtapotlar) haqqında da soruşub öyrənə bilərdik. Görəsən, doğrudanmı onların səkkiz ayağı var?
- Ayaqları deyil, üzgəcləri, - deyə böyük qardaşım Talço bizim sözlərimizə düzəliş etdi . Talço-Vitalço, sözün əsil mənasında bizim dəstə başçımız idi. Ortabab səviyyəli idi, ancaq Yogi onu dəstəkləyirdi.
Yadımdadır, həmin gün biz üçümüz məktəbdən qayıdırdıq. Mən ən kiçiyi idim, o zamanlar, yəqin ki, ikinci sinifdə oxuyurdum... Həmin gün böyük qardaşlarımın dərsləri məndə olduğu kimi çox deyildi. Təsadüfən, o gün üçümüz də eyni vaxtda məktəbdən evə qayıdırdıq. Sən demə, böyük qardaşlarımla birlikdə evə getmək sıradan bir iş deyilmiş. Əlbəttə, birgə yol gedərkən mən onlardan çox maraqlı şeylər öyrəndim, amma daha uzun addımları olan qardaşlarımla yollaşmaq mənə ikiqat çətin və yorucu oldu.
- Maraqlıdır, görəsən anam bu gün bizim üçün nə hazırlayıb? - Yogi ortalığa bir söz atdı. Onun bu sözündən biz xəyallar qurduq, - həə, dünən hər şey necə də ləzətli idi! Yəqin bu gün ya göbələk qızartması, ya da “ziretli taban”, bəlkə də souslu dadlı fəsəli hazırlayıb. - Amma, üçümüz də yaxşı bilirdik ki, bu gün sobada, çuqun vedrədə bişmiş şorba yeyəcəyik - ət, kartof, arpa və kələmdən ibarət bir şorba. Biz onu adi bir şorba deyil, xüsusi xəyal etdiyimiz bir yemək kimi təsəvvür edərdik. Xüsusən də səhərlər, ağzımızda sanki xaşxaş dadı verən, şorba kimi. Biz onu bax belə - qara bibər səpilmiş, yağlı sarımtıl üzlü, içində qayıq kimi dəfnə yarpaqları üzən şorba olaraq gözlərimizin önündə canlandırırdıq.
Beləcə yol boyu ordan-burdan söhbət edə-edə gəlib darvazadan içəri, həyətimizə daxil olduq. Biz varlı yaşamırdıq, daha doğrusu, hamı kimi kasıb yaşayırdıq. Evimizin dam örtüyü taxtadan idi. Amma bizim üçün evimizdən gözəl yer yox idi... Hə budur, sıxılmış samandan düzəldilmiş qapılarımız taybatay açıqdır. Özü də dekabr ayında! Elə bu zaman qapıların arxasında nəsə soyuq səslər eşidildi. Bu, heç də xeyrə əlamət deyildi, nə baş verirdi?
Nə anam, nə də atam heç vaxt qapıları belə taybatay açıq qoymazdılar.Yoxsa sərt qış küləyi onları qaldırıb qapının kəndarına çırpardı! Tap! Tap! Tap!...
Birdən anam üstü-başı dağınıq halda, tək isti gödəkcədə sıçrayıb evdən bayıra çıxdı. Bununla da bizə hər şey aydın oldu. Bu gün atamız yenə də sərxoşdur, axmaqlıq edir. Bunun təsdiqi kimi evin girişindəki vedrələrin gurultusu qopdu və ardınca atamın sərxoş səsi eşidildi:
- Dayan! Kimə deyirəm, dayan! Mən indi sənə sevmək azadlığını öyrədərəm. Dayan!
- Al, sənə madyan - qoy dursun! İyrənc heyvan! – deyən anam ürəkdən fəryad etdi və sonra hamımızın əlindən tutub dərhal küçəyə tərəf sürüklədi.
Sonra necə oldusa, anlamadım və ağlamağa başladım. Çox məyus oldum – isti evimizi istədim, anamın bişmiş şorbasını istədim, böyük qardaşlarımla maraqlı mübahisələr etmək, Timofey adlı pişiyimi qucaqlamaq, həyətimizdəki itimiz Polkana yemək vermək, rahatca televizora baxmaq istədim – bizim kənddə çox az evdə var idi “Vesna-3” televizoru. Anladım ki, bu gün bizim üçün nə rahatlıq, nə də sevinc var. Bizdə belə şeylər olur, tez-tez olmasa da, hərdən olur. Atam hardasa içir, evə sərxoş gəlir, anam isə artıq müdafiəyə hazır vəziyyətdədir, hücum və müharibə başlayır. Stullar qırılır, qab-qacaq göydə oynayır... Sonra anam bizi də götürüb qonşulara gedir, biz onlarda gecələyirik. Ev sahibinin köhnə qalınçalarını altımıza salır və əlbəttə ki, biz geyinikli yatırıq. Ac və dağılmış xəyallara bürünüb dilsiz dərdimizlə birgə yerdən salınmış “yataqda” yuxuya gedirik. Bundan sonra anam atamla uzun müddət danışmır. Bir sözlə, qəm-qüssə, kədər... Sonra hər şey yavaş-yavaş yoluna düşür, biz yavaş-yavaş yaşamağa davam edirik. Yeni bir Ata-ana müharibəsinə qədər. Ancaq bu şəkildə yaşayan tək biz deyildik. Küçəmizdə hər iki evdən birində belə hallar yaşanırdı. Arvadlar aylarla itaətkar ərlərininin başının ətini yeyirdilər, kişilər isə bunun əvəzində onlara yüz qat artığını qaytarırdılar. Bizə elə gəlirdi ki, bütün dünya belə yaşayır, çünki biz başqa həyat tanımırdıq... Və kimin haqlı, kimin haqsız, kimin sevilib, kimin sevilmədiyini araşdırmaq lazım gəlirdi. Kim nə tapacaq ki?...
Bu gün də biz Marin xalagildə gecələməli olduq. Bizim mülayim, mehriban, qısaboylu, möhkəm bədən quruluşlu, soba kimi istiqanlı, öz ayaqları üzərində duran, və nəhayət xoşməramlı Marin xalagildə. Bəxtimiz gətirdi ki, bizdən əvvəl oğlanları ona baş çəkmişdilər və yenicə getmişdilər. Onun oğlanları gənc və irigövdəli gənclər idi. Gənc deyəndə ki, artıq böyük kişidirlər. Öz ailələri, evləri-eşikləri var. Əlbəttə ki, Marin xalanın evində yeyib-içib, silib-süpürüb getmişdilər, gözəl vaxt keçirdikləri bəlli idi. Və təbii ki, bizi hesaba almamışdılar - qaynadılmış ət, doyumlu şorba və bol sıyıq... Pəncərədən baxan Marin xala birdən fərq etdi ki, evdə kimsə yoxdu:
- Hələ də işığınız yanmır, amma hava qaralıb. Deyəsən sənin dənizçin yuxuya gedib...
- Hə, elədir, hər şey aydındır. Onda, Marin xala, gəl bizim evə gedək, sənin yanında o, hürə bilməz. Gedək uşaqlara bir az yemək gətirək. Gəl gedək, çuqun vedrə dolu şorbamız elə sobanın üstündədir, onu bura gətirək..
- Gedək, gedək, əzizim – Marin xala dərhal razılaşdı və paltosunun ardınca qaçdı.
Biz isə Marin xalanın evində qalıb onları gözlədik.
- Sən deyəsən şox təsirləndin, hətta ağladın da, gördüm – deyə ortancıl qardaşım böyrümdən dümsüklədi.
- Elədir, bu axşam da belə getdi – deyib dərindən nəfəs aldım.
- Bəlkə mən də ağlayardım, səndən böyük olmasaydım - deyə Yoqi məni qucaqladı və silkələdi. Əsla, ruhdan düşmə, qardaş! - Onun sayəsində bir az özümə gəldim...
Talço pəncərənin yanında oturdu və bizim partiya rəhbərimiz Petroviç kimi qollarını sinəsində çarpazlayaraq dedi:
- Ümumiyyətlə, mən düşünürəm ki, ay mənim qardaşlarım, biz qeneral olmalıyıq. Niyə də yox? Yaxşı oxuyuruq, idmanda normalıq, üçümüz də eyni məktəbdə oxuyuruq və biz bir yerdə olsaq, bizə heç kim bata bilməz. Və təbii ki, Vətənimizi də sevirik.
- Niyə birdən-birə general, bunu anlamadım, – deyən Yoqi təəccübünü bildirdi. Mən də heyrətləndim.
- Bax belə deyim! Bu gün tariximizə dönüb baxsaq görərik ki, bizim qırmızı generallarımız kimlər olub? Baxın, onlar ən sadə insanlar olublar. Ola bilsin ki, onların da arasında sadə olmayanlar, varlılar da var idi, amma mənzərə dəyişmir. Bizim generallar sadə insanlardan çıxıb. Bəziləri kasıb kəndlilərdən, bəziləri kasıb proletariatdan çıxıb. Əsas odur ki, onlar cəsur olublar.
- Hə, indi guya biz də cəsururq, qorxmazıq? - Yogi aşağı oturdu və sinəsinin üstünə yaslandı – biz burda bir qonşunun evində oturub sərxoş atamızdan gizlənirik. Əla generallarıq!
- Boş-boş danışmayın, qalxın, gedək atamızı tutub gətirək!- bizim Talço qəzəbindən yerindən sıçrayıb qalxdı, - kim arxamca gəlsə, o, qəhrəmandır!
-Biz ona neyləyəcəyik ki? Tutacağıq. Birdən o, bizdən cəld tərpənib bizi tutsa necə olacaq? Axı o, öküz kimi sağlamdır, - deyən Yogi dözməyib böyük qardaşımın arxasınca getdi.
-Bəs mən hara getməliyəm? Təbii ki, onların arxasınca. Brr-r-r!..
Elə bu vaxt qapı tappıltı ilə açıldı və Marin xalayla anamız evə daxil oldular. Onlar ləzzətli şorba dolu qiymətli çuqun qazanı özləri ilə gətirmişdilər!
- Bizim yaramaz evdə yox idi. Yəqin ki, qaraja dostları ilə kart oynamağa gedib - anam ehtiyatla dedi.
- Yaşasın! Bu o deməkdir ki, atamı tutmaq, bağlamaq məcburiyyətində qalmayacağıq. Çünki o, evdə yoxdur, əgər o yoxdursa, deməli haq-hesab çəkmək da yoxdur.
Qaynar şorba həmişəki kimi əla və ləzzətli çıxmışdı. Biz bir azdan yerdən salınmış “qalınça yatağa” girdik.
- Talço! - Yogi birdən pıçıldadı, - amma generallar da fərqli olurlar. Məsələn, tikinti batalyonunun öz generalı olur, tankçıların öz generalı.
- Аha, anladım, anladım – böyük qardaşım yarıyuxulu, çətinliklə eşidiləcək şəkildə dedi -Mən pilot generalı olacağam. Təyyarələri sevirəm mən. Sənin isə xoşuna böyük maşınlar, avtomobillər gəlir. Bu, o deməkdir ki, sən də avtomobil generalı olacaqsan. Ən kiçiyimizin isə bir yolu var. O, dəniz generalı olacaq. O, sal düzəltməyi və çay boyu onların üzərində üzməyi sevir. İndi isə yatmaq vaxtıdır. İşığı söndürün!
Və biz döşəmənin üzərində yuxuya getdik. Gözəl bir yuxu gördüm. Gördüm ki, həyətimizdə nəhəng bir masada üstü bol süfrə açılıb. Onun ətrafında bir insan dənizi var. Yayın istisi! Hörmətli adamlarımız Oqır apayla Oddok ağa da onların arasındadır. Onların yanında kostyumda və əlində portfel partiya rəhbəri Petroviç də var. Masa arxasında orta yerlərdə anamız Marin xala da var. Beləliklə, biz də - üç qardaş, üç general həyətə daxil oluruq. Vitalço pilot generalıdır, Yogi nədənsə tank generalıdır, mən də dəniz generalı. Bizim yaxamızda çoxlu medal və ordenlərimiz var! Pencək ağ, şalvar qara, qırmızı zolaqlar da öz yerində.
Vay, kəmərimdən asılan xəncər necə də işıq saçır, qardaşımın dərsliyindən gördüyümün eynisi idi. Və təbii ki, papaqlı jilet də başqa bir gözəllikdir! Və biz hamımız həyat yoldaşlarımızla içəri giririk, hər halda belə olmalıdır. Mən əlbəttə, sinif yoldaşımla gəlirəm, siz o qızı yaxşı tanıyırsınız... Böyük qardaşlarımın arvadları da öz sinif yoldaşlarıdır. Gözəldirlər, hind kino ulduzları kimi! Valya, Olya... Yoxsa adlarını qarışdırıram. Çox gözəl və şıx geyinmişlər, baldakı kimi.
Budur, biz qonaqlarımıza tərəf addımlayırıq, yaşıl qarışqa otlarının üstündə gəlirik. Üstümüzə düşən günəş parlaq və şəndir. Yumşaq və bəmbəyaz buludlar masmavi səmada harasa tələsirlər... Nadinc külək ətrafımızda fırlanır, bir çiçək dənizi başını əyir - qırmızı, sarı, narıncı... Və ölkəmizin himni hər yerdə eşidilir!
- Qalxın, qalxın, uşaqlar! – birdən anamın səsi yuxumu kəsdi. Sən demə biz burdayıq, Marin xalagildə. Sabahın alatoranlığında onu sobanı qalayan yerdə görürəm. Səhər erkəndən açılan radiodan isə eyni himn eşidilir - deməli, artıq saat altıdır...Aman Allah, bu nə gözəl yuxu idi! Yaxşı yatdıq.
Qabağa qaçaraq, sizə açığını deyim ki, həyatda bizim heç birimiz general olmadıq. Heç admiral da olmadıq. Böyük qardaşım uşaqlıqdan başında qalmış bir axmaqlıq səbəbindən “böyük sahibinin” həbsxanasında “kimyəvi” qurama bir iş üstündə Orenburq vilayətində həbsdə yatdı. Ortancıl qardaşım Primorye vilayətində “ZİL” avtomobilinin sürücüsü kimi orduda xidmət etdi. Ailəmizin kiçiyinin taleyinə də isti Türküstanda istehkamçı işləmək düşdü. Anamız isə bizi daha evdə gözləməkdən yorularaq Allahın rəhmətinə qovuşdu.Bəli, axı hər kəs general ola bilməzdi ...
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq
Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış və mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır.
Bu platforma aparıcı beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən geniş dəstək göstərilmişdir. Sözügedən beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2011-ci ildən etibarən 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizdə beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib. Təbii ki, Azərbaycanın forumlara ev sahibliyi etməsi beynəlxalq səviyyədə ölkəmizə olan etimadın və dəstəyin ifadəsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini bildirib ki, bu forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri və rəhbərləri, eyni zamanda, müxtəlif elmi dairələrdən, beynəlxalq institutlardan, beyin mərkəzlərindən olan şəxslər qatılıb. Eyni zamanda, bu forumlar çərçivəsində, 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forumda dünya üçün aktual olan çağırışlar və məsələlər müzakirə olunub. Keçirilən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
“Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcəkdir. Qeyd edək ki, VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Həmçinin VI Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur”, - deyə F.Cəfərov diqqətə çatdırıb.
Onun sözlərinə görə, Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur.
Forum üçün qeydiyyat prosesinin davam etdiyini deyən nazir müavini bildirib ki, yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin Forumda iştirakı nəzərdə tutulur.
“Məlumat üçün bildirim ki, 2017-ci ildə BMT Baş katibinin hesabatında “Bakı Prosesi”ni mədəniyyətlərarası dialoq səviyyəsində dialoq sahəsində yeganə böyük qlobal platforma kimi səciyyələndirilməsi qeyd olunub. Bundan başqa, UNESCO-nun 2022-ci ildə İcra Şurasının qəbul etdiyi qətnamədə “Bakı Prosesi”nə bütün dövlətlər tərəfindən dəstək verilməsi çağırışı əks olunub.
Azərbaycanın mədəniyyətlərarası dialoq platformasına ev sahibliyi etməsi təbii ki, bir prosesin nəticəsidir. İlk növbədə, dövlətimizin başçısı tərəfindən bu mövzuya və bu sahəyə olan xüsusi diqqət və dəstəyin təzahürüdür. Təbii ki, Azərbaycanın son illərdə bütün Avropada, dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin məkanı kimi tanıdılmasının şahidi oluruq. Bu, ölkəmizin haqqında bəhs etdiyimiz Forumla yanaşı, digər analoji mövzulardakı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən özünü büruzə verir”, - deyə F. Cəfərov əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
İlk dəfə “Üzbəüz” layihəsi təqdim edilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Üzbəüz" layihəsini təqdim edib. Layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır. Görüş zamanı qonaq olan şəxslər öz təcrübələrini, uğurlarını bölüşəcəklər.
“Ədəbiyyat və incəsənət” portalına filarmonbiyadan verilən məlumata görə, ilk olaraq "Üzbəüz" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu olub. Baş tutan görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Tədbirdə Şahin Musaoğlunun müəllifi olduğu "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər Vətən əmanəti", "Ağ ümid" və digər mahnılar Filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilib.
Qeyd edək ki, "Üzbəüz" layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
İntiqam Yaşarın yeni kitabı çap olunub
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşarın "Adını çəkirəm" adlı yeni şeirlər kitabı çap olunub.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı İntiqam Yaşardan yeni kitab barədə aşağıdakı bilgiləri alıb:
-Kitabda mənim son illərdə yazdığım poeziya nümunələri toplanıb. Kitabda yer alan nümunələr əsasən fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edir. Onu da qeyd edim ki, bu vaxta qədər mənim "İlk görüş",( Bakı-2012), "...və susarsan", (Bakı-2016), "Evdə yoxam", (Bakı-2016), "Bütün xatirələr sənə qalacaq", Təbriz-(2020) kitablarım çap olunub. Yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının yaxın zamanlarda Azərbaycanda və Türkiyədə imza günlərinin təşkili nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında işqılandırılıb
İngiltərənin “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Xaqani Şirvaninin ingilis dilinə tərcümə edilmiş “Canım nə qədər var, mənə canan sən olarsan” qəzəlinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis tərcüməçisi Tom Bottinqdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Fridrix Şiller, Emili Dikinson, Pablo Neruda kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Çox uzandı bu gileyin axırı…” - İnqilab İsaqın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı sevdirək layihəsində bu gün sizlərə İnqilab İsaqın şeirlərini təqdim edirik.
Çiçəklərə qoşuldu
Gözləməkdən çiçəklər də saraldı,
Bir cığır da açılmadı bəxtimə.
Tanrının da heç yadına düşməyib,
Özgə yolun qismətiymiş bəxt demə.
Bu ömürdə yanlış bircə sətir yox,
Üsyanamı ünvanlayıb bu adı?
Günlərimin nə çox imiş günüsü,
Ögeylik də baş qatmaqda ustadı.
Yır-yığışın vaxt-vədəsi bilinmir,
Öz yükünü özü çəkər, eləmi?
Çox uzandı bu gileyin axırı,
Qapanmışam taleyimə söz kimi.
Bir taleyə oyun qurmaq hünərmi?
Cavab üçün bəzənməyib qış, bahar.
Ta üzülmə, bu ah-vaylar hədərdi,
Bu boşluqda boş olmayan nəsə var.
Bəsdi, yetər çək-çevirlər fəryadı,
Qızıl gülün ətrinə də çatar gün.
Kəpənəklər çiçəklərə qoşuldu,
Arxasınca yel oynadı bir ömrün.
2019
Vətən kimi
Böyük şairimiz Musa Yaquba
Çıxar yolumuza gah qış, gah bahar,
Nədir aralığa düşən ögeylik?
Çox imiş dünyada haçalı yollar,
Nə yaxşı hər yola yatan deyilik.
De, hansı xəbərdi, bu qaçhaqaçda?
Göylərdə əyləyir durna köçünü.
Küsülü cığırın dolan vaxtıdı,
Tutar yetimliyi, dərər içini.
Fələk qapı açır, örtmür hələ ki,
Kimi başa çəkir, kimi ayağa.
O tala, o orman sağ olsun təki,
Hər əl yetə bilmir söz çıxan dağa.
Quzeyi üşütməz zirvənin qarı,
Yüyən çəkən qalar əldə-ətəkdə.
Halalın haqqında tufan qopsa da -
Azmaz öz yolunu arı pətəkdə.
Hələ görüşümüz qalsın sonraya,
Baharın oyaqdı qış çilləsində.
Sözün qəribliyə düşən yerini,
Tapdım Vətən kimi... tapdım səsində...
2011
İnad
Üzümə dayandı axrı bu divar,
Dəyişik saldıqca qapı yerini.
Azmı müsibətin odunu görmək,
Sürgünlü-cəzalı ömür yenimi?
İşıq axtarıram, gün ki günorta,
Zülmətlə əlbirdi şeytan ürəyi.
Ancaq gözlərimə öpüb qoyuram,
Əlim halallıqla kəsən çörəyi.
Dağıntı içində bir tale qurmaq,
Heç kəsə o qədər gəlməsin asan.
Hamı baxıb gülər dərdli adama,
Odur ucalıqda fikrini aşan.
Tanışdı bu dünya ən yad adama,
Bilir ki bu gələn yol gözləyəndi.
Ağac kölgəsində, arx qırağında,
Yuxuya getsə də fürsəti, fəndi.
Bir də dediyimi yanlışa yozma...
Necədi kədəri daş-qalaq etmək.
Nə xoşdu könüldə işıq yandırıb,
Ayı salamlayan tərəfə getmək.
2019
Nə ayrılıqdı belə...
Telejurnalist, dostum
Qaraş İsmayılın xatirəsinə
Nə qara-qorxu xəbər
Nə ayrılıqdı, Qaraş?
Mən qardaş itirmişdim
Əcəl pusqudan çıxıb
Səni də tapdı, qardaş.
Dur, yalanı güldürüb
Elan eylə efirdən.
Doğra qəhər lentini,
Bu qəfil reportaja
İnandırma bizi sən.
Qızlarının gözündə
Qapanan ekranlara,
Açılmayan səhərə
Nə təhər dözəcəksən?..
Zarafatın ürəktək
Dostları dindirərdi.
Şəhərinə gəlmişəm
Zarafat eylə indi.
Nə qara-qorxu xəbər
Nə ayrılıqdı, Qaraş.
Nolar bir məni eşit,
Nolar mənə qulaq as.
Boşla-boşla sən Allah
Ölümlə zarafatı,
Belə zarafat olmaz.
2003
Hara gedək?
Qələm dostum
Məmməd Dəmirçioğluna
Dostlar, durub hara gedək?
Bürkü gəlməsin yaxına.
Can qurtaraq qaçhaqaçdan,
Təslim olmayaq axına.
Çox ömürün astarını
Görə-görə üzüldüm mən.
Siz də görüş yeri kimi
Əl çəkməyin ümidlərdən.
Hərdən dəli, tünd şəraba
Yer axtaraq bir küncdə biz.
Onsuz da ki, qılınclanır
Bu körpə, məsum kölgəmiz.
Nə yaxşı ki azmamışıq
Sağlıqların dumanında.
Deyən, tamam yanıldılar
Sərxoş günlər gümanında.
Səfərdəyik... yol üstündə,
Fikirlidir oğul, uşaq.
Ürək tutan sancılarsa,
Heyif bizdən deyil uzaq.
...Dostlar, durub hara gedək?
Bürkü gəlməsin yaxına.
Can qurtaraq qaçhaqaçdan,
Təslim olmayaq axına.
2011
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Komitə sədri növbəti qəbul keçirib
Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə (22.04.24) bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və qəbul üçün müraciət edən digər vətəndaşlarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Xalq artisti Sadıq Zərbəliyev, Əməkdar artistlər Sevinc Əliyeva, Mətanət Atakişiyeva, Əməkdar jurnalist, CASCFEN sədri Nadir İsmayılov (Azəri), sənətşünaslıq üzrə fəslsəfə doktoru Maya Qafarova, qazi bəstəkar Vüqar Məmmədzadə, tanınmış musiqiçi Zahid Qubadlı (Rəhimov), C.Cabbarlının Ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov, xalçaçı rəssam Arzu Zeynallı, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Könül Əbilova, mədəniyyət işçiləri Zümrüd Əsədova, İsmayıl Əliyev, musiqi müəllimləri Ramin Ağayev, Fəxrəddin Kərimov, Gülnar İsmayılzadə, Kəmalə Abbasova və b. öz yeni yaradıcılıq uğurları, gələcək fəaliyyyət planları, eləcə də üzləşdikləri müəyyən problemlərlə bağlı Komitə sədrinə məlumat veriblər.
Rəhbərlik etdiyi Komitədə mədəniyyət və incəsənət sahəsinə, bütövlükdə mədəni irsə göstərilən diqqət, həmçinin bu vacib sahə ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, onlara edilən zəruri dəyişiklər barədə danışan Fazil Mustafa qəbula gələnləri maraqlandıran məsələlə barədə öz fikirlərini bölüşüb.
İncəsənət xadimləri, mədəniyyət işçiləri və digər vətəndaşları diqqətlə dinləyən Komitə sədri, onların qaldırdığı - qanunvericiliyə uyğun olan məsələlərlə bağlı müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
BİR SUAL, BİR CAVAB intiqam Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. (Əbu Turxan)
İntiqam Yaşar tez- tez bu səyahətdə olurmu və ən çox səyahətə haradan başlayır?
CAVAB
Mən düşünürəm ki, hər kəs öz daxilinə səyahətdə bir dəfə də olsa olub. Əsas o səyahət zamanı nəyi görməkdir. Göz yaxşı şeyi bir dəfə gördükdə bir daha görmək istəyir. Daxilini təmiz saxlayan adamlar o səyahətə tez-tez çıxarlar.
Ədəbiyyat və incəsənət”
(23.04.2024)
O, ürəyi sağda, qaraciyəri solda olan nadir adamlardan biridir
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Allah onu yaranışından fərqli yaradıb. Təsəvvür edin ki, on milyon əhalisi olan bir ölkədə ürəyi sağda, qaraciyəri solda olan nadir adamlardan biridir. Üstəlik mədəsi, dalaq və böyrəkləri yüz səksən dərəcə bucaq altında ənənəvi yerindən kənara çıxmış vəziyyətdədir.
Xaraktercə mülayim, davranışında mədəni, təmkinli, eyni zamanda çox dinamikdir. Daim hərəkətdə olmağı xoşlayır. İdeyaları o qədər çoxdur ki, hər birini həyata keçirə bilsəydi, ölkədə ən məşhurlardan biri olardı. Yazıb yaratmaq təşnəsi heç vaxt onu rahat buraxmır, gözəl qələmi var. İstedadı çoxşaxəlidir, amma bu xəzinəni kəşf edib, layihələrini həyata keçirməsində ona yardım etmək istəyən adam çox azdır...
Deyir ki,- “Əgər Allah mənə yazmaq qabiliyyəti veribsə, artıq bu, uğurdur. Sənədli film sahəsində peşəkaramsa, bu da bir uğurdur. Qaldı rəsmi göstəricilərə: Lider televiziyasında ərsəyə gətirdiyim filmlərə görə “Zərdabi” mükafatı almışam. 2002-ci ildə Nizami Gəncəvi ili ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında dövlət sifarişi ilə şairin fikir konsepti əsasında "Xəzinə" adlı iki hissəli pritçam hazırlanıb və bu günə kimi tamaşaçıları cəlb edir. Zəfər bayramını tərənnüm edən "Missiya" qəhrəmanlıq dramım da uğurlu səhnə taleyi yaşayıb. Hər ay repertuar planına salınır. Hər iki tamaşanın rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur. Gəncə Dövlət Kukla Teatrında isə əməkdar artist Fərmayıl Paşayevin traktovkasında, Zulfiyyə Əliyevanın ifasında "Dərdlərimin çamadanı" monotamaşam hazırlanıb və yüksək səviyyədə qarşılanıb. Türkiyədə də Azərbaycan tetrında səhnələşdirilən işlərim bəyənilib. Bunu hələlik sirr kimi saxlamağa üstünlük verirəm. Və bir də təmiz adımı qoruyub saxlamışamsa, bunu da bir uğur hesab edirəm...”
Haqqında söhbət açdığım Hafiz Eynullayev bir vaxtlar Nəzərli, İmamnəzərli imzaları ilə tanınsa da, bu gün Ataxanlı təxəllüsü ilə çalışır. 1966-ci il, aprelin 22-də Yardımlı rayonu, Ostair kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Mədəniyyət və İncəsənət Unuversitetini bitirərək, kütləvi tamaşalar rejissoru ixtisasına yiyələnib. 1985-1987-ci illərdə Latviyada hərbi xidmətdə olub. Hərbi xidmət vaxtı “Çasovoy Rodina” və “Za Rodina” qəzetlərində yazıları ilə çıxış edib. Hərbi jurnalistikada təhsil almaq təklifi alsa da, o, bundan imtina edib.
Tələbəlik illərindən AzTV-də süjetlər hazırlayıb. 1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonradan AzTv-nin “Gənclık” baş redaksiyasında, “Telefilm” yaradıcılıq birliyində redaktor, “Xəbər” xidmətində xüsusi müxbir, Sumqayıt Dövlət Dram Teatrında ədəbi işlər üzrə rəhbər, “Dünya” televiziyasında baş redaktor, “Dolab- İnterkinovideo” şirkətində baş direktor, “Lider” televiziyasında, “Azərbaycan” sənədli filmlər departamentində redaktor, baş redaktor, “İctimai Televiziya”da redaktor, “Spase” televiziyasında redaktor, “AzTV - Mədəniyyət” kanalında baş redaktor müavini vəzifələrində çalışıb. Hazırda “Dövlət Film Fondu”nda işləyir. Eyni zamanda “Yaddaş”, “Salnamə” studiyalarında, “Butafilm” şirkətində, ADA Universitetində, DSX-da və bir çox özəl studiyalarda çəkilən filmlərin ssenari müəllifi, rejissoru, prodüseri olub. 1999-cu ildən AYB nin üzvüdür. “Yardımlı Xeyriyyə Cəmiyyəti”-nin maddi dəstəyi ilə “Başsağlığı və doğum haqqında şəhadətnamə” adlı hekayə və povestlərdən ibarət kitabı çıxıb. “Mir Cəlal dünyası" kitabını rus dilindən tərcümə edib. Ona yaxın kitabın redaktorudur, İki pyesi Sumqayıt Dövlət Dram Teatrında, bir monotamaşası Gəncə Dövlət Kukla Teatrında hazırlanıb. İki övladı, bir nəvəsi var...
Keçmişini unudan, necə deyərlər, “qınından çıxıb, qınını bəyənməyən adamlar”ı çox görmüşük. Hafiz Ataxanlı Moran sıra dağlarının qoynunda, Ostair kəndində halal süfrədə böyüdüyü üçün dogma ata-baba yurdunu heç zaman unutmur. Söhbət etdikcə keçmişə qayıdıb, orta məktəb müəllimlərini yad edir. Sinif rəhbəri İbrahim Nəbiyevi, Zakir İmanovu, Səttar Novruzovu, İsa Ağayevi, Sabir Məmiyevi, Naibxan İmanovu, o cümlədən Firsənd, Xanəhməd, Qabil, Ədalət, Sulduz müəllimləri tez-tez xatırladığını, dil-ədəbiyyat müəllimi Mehdi Həsənovu ilk ustadı saydığını deyir...
“Mənə görə müsbət fəzilətli olmaqla, davranış örnəyimlə doğulduğum Yardımlı rayonu haqqında xoş təəssürat yaratmaq da, başqa ölkədə milli dəyərlərin təəssübünü çəkməklə həm rayonuma və həm də müqəddəs Azərbaycana xidmət etmiş oluram. İşə canyanğısı, vicdanlı yanaşma, peşəkarlıq da xidmətin bir versiyasıdır. Son illər Sumqayıtda keçirilən çox tədbirlərdə, xüsüsilə Şəhidəlrlə bağlı layihələrdə moderator, təşkilatçı, ssenari müəllifi kimi iştirak edirəm.
Ədəbiyyata, qələmə vicdanla xidmət etmək mənim həyat kredomdur. Tvlərdə işlədiyim vaxtlardan üzü bəri gənclərin doğru yola istiqamətlənməsinə, püxtələşməsinə hər zaman yardımçı olmuşam. Müəllim olmasam da belə, yetişmiş tələbələrim çoxdur və onların uğuru ilə qürur duyuram. Hesab edirəm ki, milli- mənəvi dəyərlərə sadiq qalmaq, milli mədəniyyəti peşəkar formada təbliğ etmək, sözün müqəddəsliyini qorumaq xidmətdir…”-söyləyir.
Arzuları çoxdur. Onların həyata keçməsi üçün hər gün qıldığı namazda Allaha dua edir. Ən böyük arzusu isə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adını almaqdır. Amma dilinə gətirmir, təvazökarlıq edir. Plan qurmağı xoşlamır. Düşünür ki, bunu edib, Allahı özünə güldürmək istəmir. Öz planları deyil, Allahın onun üçün hansı ssenari yazdığı daha önəmlidir...
Deyir ki,- “58 yaşım var, istənilən gənclə kreativ düşüncəyə görə mərcə girə bilərəm. Axı kreativ düşüncə arzular bolluğu yaradır. Azərbaycan kinosunu “Oskar”lı görmək istəyirəm. Təbii ki, birinci növbədə müasir milli kino sənayemizin konsepsiyası olmalıdır. Əlimərdan bəy Topçubaşov haqqında ADA Universitetinin sifarişi ilə sənədli film çəkmişəm. Amma bədii filmlik materiallar və ideyalar qalıb qışqırır. Zəfər günü ilə bağlı “Payızın 44 anı” bədii filmi barədə düşünürəm. Gəncə üsyanı və Difailərlə bağlı bədi filmlərin ssenarisini yazmaq təşnəsi də məni rahat qoymur. “Mən səndən ayrılmazdım” adlı bədii filmin tretmenti hazırdır. Türkiyə ilə müştərək olmalıdır. İki qardaşdan böyüyünü Türkiyədən Mustafa Uzunlar, kiçik qardaşı Azərbaycandan Əbdülqəni Əliyevin oynaması nəzərdə tutulub. Amma təəssüf ki bu hələ bir arzu olaraq qalır. Bir də teatrlarımızda yeni bir sistemin qurulmasını arzulaylram. Teatrda menecment- prodüser sistemi qurulmalıdır. Baş prodüser olmalıdır Ədəbi hissə müdirlərinə əsər seçimi üçün sərbəstlik verilməlidir. Azərbaycanda tez-tez beynəlxalq festivallar keçirilməlidir. Amma obyektivlik birinci meyar olmalıdır. Münsifin tələbəsi və ya özəl teatr studiyası müsabiqəyə iş təqdim edibsə, o münsufdən hansı ədalətli rəy gözləmək olar? İllah da bizdə, yəni formalizm xatirinə yox, teatrın inkişafı naminə atılmalıdır bütün addımlar…”
İnanır ki, Mədəniyyət Nazirliyindən son günlərdə qeyri- peşəkarların uzaqlaşdırılması obyektiv yanaşmalara rəvac verəcək. Gənclərə tövsiyəsi isə müdrikanədir:- “Özünüzdən müştəbeh olmayın, sadə olun, amma bu, o demək deyil ki, statusunuzu, öz qədrinizi bilməyəsiniz. Mənəm-mənəm deməyin, çünki Yunus Əmrə yazırdı ki,- “Ana bətnindən gəldik bazara, kəfən alaraq dönək məzara”. Kəfən bazarlığında hansı yekəxanalığdan danışmaq mümkündür? Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin həm də imkan verməyin ki nadanlar at oynatsınlar…”
Qəribə hobbisi var- özü xüsusi üsulla dəmlədiyi çaydan içib, araşdırma filmlərə baxır. Üzərində işlədiyi “Katarsis” adlı fantasmoqorik xoxmanı tamamlamağa çalışır.
“Birdən elə məqamlar olur ki, uşaqlıq illərinə qayıtmaq istəyirəm. Kəndin bütün küçələri, bağ, bostan, örüş, orman, meşə, dağlar gəlir gözlərimin önünə. Yay günündə eyvanda kilimin üstündə ağzıüstə uzanıb poçtalyon İbarətin gətirdiyi qəzetləri oxuyarkən, kənardakı səsləri sanki yenidən eşidirəm. Belə kövrək məqamda Sabir Rüstəmxanlının Yardımlı ilə bağlı şeirlərini oxuyub toxtayıram…”- söyləyir. Həyatda ən çox qorxduğu şey isə məntiqsiz adamla mübahisə etməkdir...
Bəli, haqqında sevə-sevə söhbət etdiyim Hafiz Ataxanlı Allahın möcüzələrindən biridir. Möcüzə təkcə onun orqanizmindəki fərqlilikdə deyil, bütövlükdə varlığındadır...
Hafiz Ataxanlının növbəti doğum günü oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
20-21 aprel 2024-cü il tarixində Türkiyənin Antalya şəhərində “Robotex” festivalının yarımfinal mərhələsi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin şagirdləri növbəti uğura imza atıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 250-dən çox komandanın iştirak etdiyi yarışda mərkəzin “DENEYAP” texnologiya laboratoriyasının "Creators" komandası “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə 3-cü yerin qalibi olub. "Turantech" komandası isə “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Qalib komandalar İtaliyanın Roma şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2 500-dən artıq iştirakçı yarışıb.
Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)