ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 02 May 2024 15:02

Robotun şeiri

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Yaxşı, bu robot deyək ki, şairin əvəzinə şeir yazdı. Bəs dostları ilə soobrazim edib saatlarla çayxanada oturmağı, çibuş şüşələrini boşaldıb zapoya getməyi necə, bacaracaqmı? 

 

2.

Hər ölkənin öz səfehləri var.

Ancaq səgehlərin öz ölkələri ki yoxdur?

 

3.

Kişi ailəsindən getdi və azdı. 

 

4.

Kişi dəlləkxanası barberşop, qadınınkı studio adlandırıldı. Mağaza market, şadlıq sarayı palas, univermaq moll adını aldı. Milis polis, institut universitet, texnikum kollec oldu. 3 və 5 qəpiklik qazlı su kolayla, fantayla əvəzləndi. Küçədə qadının yanında söyüş söyməmək, ictimai nəqliyyatda özündən böyüyə yer vermək, növbəyə durub köşkdən qəzet almaq - daha nələr, nələr arxaikləşdi. “Vay-fay parolunu deyərdiniz də”, “konturun var?” kimi neologizmlər peyda oldu. 

Dəyişməyən tək şey “nə var, nə yox” sualından sonra soyuq duş kimi gələn “özgə nə var, nə yox” sualı oldu. 

 

5.

-Bərxudar kişi rəhmətə getdi. Qara kürü buterbrodu ilə hisə verilmiş nərə balığından yeyib yeddi illik Bordo şərabı içdiyi yerdə ürəktutmasından getdi.

-Nə gözəl ölümdür! 

 

6.

-Əməkhaqları 2014-cü ilə baxmış artıb.

-Harada? Dövlətdə, yoxsa özəl sektorda?

-Arzularda. 

 

7.

İki narkoman söhbət edir:

-Səncə it yaxşıdır, yoxsa pişik?

-Nə bilim. Niyə soruşdun ki?

-Pişik yaxşıdır. İtsə sukadır. İyləyib marihuananın yerini taparaq polisə işləyir.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

(Hüseyn Cavid)

 

Çalxalanmaqda olan, bütövlüyünə şübhələr artan, eniş-yoxuşlu dünyamızın sevgisimi azalıb, ya sevgilərin keyfiyyətimi kövrəkləşib, nazilib, yoxsa estetik zövqün yönümü dəyişib!? Tanrı bəndələrinin bəzəyi olan humanizm hislərinin kəsəri korşaldığındanmı qəlblərdəki bəşəri dəyərlərin yol-rizini, əmin-amanlığa, uğurlu gələcəyə - sadə rahatlıqdan mürəkkəb xoşbəxtliyə gedən cığırı ot-alaq, mamır basmaqdadır, bu duyğusal hisslər qurum bağlamaqdadır. 

Hazırkı qarmaqarışıq, əli ətəyindən uzun dünyanı rahat buraxmayan qlobal müharibələrin (İsrail – Fələstin, Rusiya – Ukrayna və s.) törətdiyi ağrı-acılar, bu savaşların kölgəsində güc sahiblərinin gözündə görünməz olan insan hüquqları işığında azadlıq və demokratiyanın göz qamaşdırdığı bir vaxtda bəzi xalqların haqlarının taptanılaraq zülm və əsarət altında inləməsi, hələ də müstəmləkə zəncirində qalması ikili siyasətin nəticəsidir ki, anaların göz yaşını qurumağa, yer üzünü körpə gülüşlərinə qərq olmağa qoymur. Bu, bəlkə də, əxlaqın müəyyən aşınmaya məruz qalmasından və onun dayaq sütunu sayılan təlim-tərbiyəni əhatə eləyən çərçivənin korreziyaya uğramaqda olmasındandır...

Təbiət və insan əməlinin meyvəsi olan qlobal istiləşmənin törətdiyi əngəllərdən, eləcə də, məskunlarının mənfiyə yönəlik əməlləri üzündən yer kürəsinin nəfəsi daralmaqdadır. Təbii və süni maneələrlə yüklənən yer kürəsi sakinlərinin ərköyünlüyündən, şıltaqlığından təngə gələrək deyəsən, ürəyi köksünə sığışmayır, darıxmağa başlayır, insan şüurunun ifrat zövqün, sonsuz tamahın quluna çevrilməsinə dözməyir, qarşılayıcı tədbirlər görmək məcburiyyətində qalır. Gah demokl qılıncının, gah geliotinin, gah da qanadlı raketlərin tədbiqi ilə üzbəüz dursa da, insan nəfsinin bəhrəsi olan kütləvi can almağa hesablanmış silahların gündən günə təkmilləşməsinin şahidi olur. O isə yer kürəsinə, təbiətə sevgisi özü də bilmədən azaldığından laqeydləşən, yaşamağa, qurub yaratmağa, maddi və mənəvi həzzinin tələblərini ödəməyə istəkləri artan sakinlərinə qarşı Qəzəbini təlatümlər - zəlzələlər, daşqınlar və s. kimi təbii hadisələrlə, ya da ki, məzlumların ah-naləsi ilə ifadə edir. İlk baxışda bilmək olmur bunlar zərurətdənmi, yoxsa təsadüfdəndir. Bunlar hamısı istər təsadüfdən, istərsə də zərurətdən olsun, nəticə etibarı ilə insan övladı öz başına gələnlərdən, yaxud şahidi olduğu hadisələrdən müəyyən bir nəticə çıxarması, ondan ibrət alması aksiom kimi qəbul olunmalıdır. Görünür ki, dünyamızın yeni düzəmə ehtiyacı olduğu kimi cəmiyyətlərin yaşam tərzi də yönünü dəyişərək  qloballaşma axarında yeni istiqamət almaqdadır. Belə olmasaydı, insan talelərini cənginə alan qeyri-təbii fəlakətlərlə yüklənmiş müsibətlər bəşəriyyətin vətəni sayılan, zaman ötdükcə barıt qoxusu artan yer kürəsini müxtəlif cür yeni-yeni silahların səs-küyü bürüməzdi. Bizə görə, buna başlıca səbəb insan ömrü adlanan onun doğumu ilə ölümü arasındakı zaman, vaxt məsafəsinin rüşeymini təşkil edən arzu dənizinin təlatümlü, həvəs və nəfsdən, zövq və ləzzətdən ibarət olması və insan övladının dünyaya qeyri-müəyyən bir pəncərədən baxmasıdır. Buradan aydın olur ki, müasir insan zövqü və həzzi yeni məna daşıyaraq indi əsasən, eqo hadisəsinə çevrilərək hər kəsin öz həqiqəti şüarını boyalarla təbliğ edən ikili həqiqət prinsipi fövqündə dünya düzəminə daxil olmaqdadır. İnsan firəvanlığı, rifahı naminə öz Tanrısına deyil, digərlərinin qənimi olacaq yeniliklərə- hörmətli yazar Aqşin Yenisey demişkən: “mühərriklərə”- meyillənməkdədir. Əksəriyyətimiz bu zövq və həzzin başqalarının xoşbəxtlik və bədbəxtliyinə, sevgi və nifrətinə gətirib çıxara biləcəyinin, cəmiyyətlərin psixologiyasına, əxlaqına, yaşam tərzinə hansı təsir göstərəəcəyinin təm mahiyyətinə varmırıq. Heç kəs öz ayranına turş deməyərək hamı özünü haqlı sayır. Bu məqamda Yəhudi əsilli nevroloq, psixo-analitik Ziqmund Freydin: “İnsan hər zaman xoşbəxt olmaq istəyir və elə buna görə də bədbəxt haldadır.” - kəlamı fikrimizi tamamlayır. Ömür adlanan çərçivədə təşəkkül tapan insan xislətinin yaxın və uzaq arzuların axınına düşərək həmişə hərəkətdə olması, daim hər zaman anında bir neçə şeyə cəhd etməsi göründüyü kimi, bəşər övladının rastlaşdığı faciələr, düçar olduğu bədbəxt hadisələr, yaxud içində üzdüyü xoşbəxtlik dəryası sandığı səadət dolu günlər, bütün həyatı boyu qurub yaratdığı hər şey istənilən mənada onun arzusu, nəfsi və həzzinin mənəvi və maddi tələbləri ilə bağlıdır.

Təssüflər olsun ki, başqa canlılardan fərqli olaraq insanların mövcudluğunu şərtləndirən şüur və düşüncənin, hiss və duyğularının balası olan bu həzlərin təlabatından doğub törəyən hərəkət və tərpənişlər sülh və əmin-amanlıq, səadət və xoşbəxtlik istəyi ülviyyətdən, bəşərilikdən çox indi bəzi hallarda barıt və qan qoxuyur, ölüm saçır. İnsan mübarizə aparmaq qabiliyyətiylə birgə doğulduğundan o, yaşa dolduqca onun mübarizə metodları da böyüyərək zənginləşir. Heyiflər ki, bu zənginlik bəzi məqamlarda onun özünə də baha oturur. Ümumilikdə şəxsi rifah üçün istər işğalçılıqlara son qoymaq üçün mübarizə adı altında aparılan milli müharibələr, istərsə də ölkə sərhədlərinin dəyişdirilməsi məqsədi güdən siyasi müharibələr olsun. Hər iki halda bu kabus insan fəlakətləri ilə qidalanaraq ətə-qana dolur, əcaib bir varlığa dönür. Məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartra görə, “Müharibəni varlılar törədir, amma orda kasıblar ölür.” Bizə görəsə, müharibələr söz və səlahiyyət sahibi olan insanların tamahının, nəfs ləzzətinin, fəlakətlərdən zövq alan həzz karxanasının xətasıdır, yaxud da siyasət dəllallarının naşılığıdır. O, qəsbkarların içini didib parçalayan müalicəsi hələ də tapılmayan virusdur, bəladır.

Müharibələr fəryadlarla aşıb daşan ah-nalələrin ərşə dirəndiyi yerdi. Ora əməllərin elə bir nöqtəsidir ki, Dünyada müxtəlif bəlaların, epidemiyaların tüğyan etməsinə, dəhşətlərin intişar tapmasına, konfliktlərin gərginləşməsinə, əxlaqsızlığın, vicdansızlığın genişlənib dərinləşməsinə, ruhi düşkünlüyün artmasına səbəb olan zaddır. Baiskarsa yaşından, dinindən, irqindən, sənətindən və yaşayış yerindən asılı olmayaraq hər bir şeyə qadir peşə və ixtiyar sahibi insanların özlərini çox istədiyi qədər amansız olmalarıdır. Bu amansızlıqların törətdiyi müharibələr, terrorlar, müxtəlif döyüş və toqquşmalar, ağılagəlməz qəddarlıqlar, saya-hesaba sığışmayan müxtəlif psixoloji travmaların demoqrafik inkişafı ləngitməsi, kənd və şəhərlərin viran edilib xarabalıqlara çevrilməsi, ölkələrin bombardmana məruz qalmasıdır. O, başı üzərindən daim buxar dumanı əskik olmayan dibiyox, eni-boyu görünən bataqlıqdır, ora düşəni özünə çəkir.

Müharibələr təbiətin düşməni, flora və faunanın məhvidir, vəhşiliklərin məcmusudur, minlərlə evlərin yanması, evsiz-eşiksiz sakinlərin faciələrinin əks-sədası, ayaqyalın, başıaçıq, qarnı ac, küçələrdə gecələyən uşaqların, susuzluqdan can verən çağaların, əlacı hər yerdən üzülmüş qocaların fəryadı, ah-vayıdı, seyirçilər üçün ölümün adiləşməsidir. Ölümə açılan qapı olan müharibələr Öz övladlarını itirən anaların sinə dağıdır, ürəkparçalayan çığırtı və iniltiləridir, insanların qətliyamıdır, yaşam mənbəyi olan oksigenin qənimidir. Müharibələr qanunların aciz qaldığı şeydir…

 

Müharibə - İsanın çarmıxımı?!

Tamahın yaraşığımı?!

Müharibə- sonu sülhə gedən arxdı,

Bazarların təzə nırxı.

Məmləkətlərin qarışığı.

Ölüm-itim, qan-qada

udanın və uduzanın yarağıdı.

Raketlərin qanadında yanıb sönür fişəng kimi

Neçə-neçə uşaq ömrü.

Qaraldır yer üzünü cəsədlərin kömürü.

Əsir ala bilsəydik insan nəfsini,

Sülh geyərdi əyninə bütün yer kürəsini.

Bağlanardı silahların bazarı,

Səngiyərdi qəfil ölüm azarı.

Əsir ala bilsəydik insan nəfsini,

Yox olardı səmadan,

Asılmazdı fəzadan

Ana fəryadı dolu,

Körpə imdadı dolu

Ərşi çarıq eləyən körpələrin uçurulmuş məzarları.

Buxovlasaydı insan həzzini,

Torpağın qolları çağa cəsədlərinə

Beşik olub yırğalanmazdı,

Fəryad dolu ah-nalələr

Göylərin qulağında sırğalanmazdı.

Gülüş dolu çöhrələrdə qaranlıqlar dənizlənib dalğalanmazdı.

(müəllifdən)

 

Bütün dediklərimizə rəğmən, bu da həqiqətdir ki, dünya durduqca müharibələr, terror hadisələrin baş verməsi, irili və xırdalı cinayətlərin törədilməsi hər zaman olub və olacağı labüddür. Əfsuslar olsun ki, dünya birləşib bunların qarşısını ala bilmir. Cəmi bəşər övladı istəyir ki, külli aləm, eləcə də vətəndaşı olduğu ölkəsi sülh və əmin-amanlıq şəraitində yaşasın, insanlar bir-birini qəlbən sevsinlər, bir-birinə “can” deyib “can” eşitsinlər, qonağı olduqları dünyanı gülüş bəzəsin, könülləri körpələrin gözlərində sevinc göz yaşı oxşasın. Məhz buna görə də, firəvan yaşamaq istəyən hər bir dövlət, ya millət, xalq güclü olmağa məhkumdur. Güclü olmağın yolu isə hər şeydən öncə, elmdən, təhsildən, vətəndaşların dünyagörüşündən keçir. Ali baş komandan, möhtərəm prezidentimizin çıxışlarının birində dediyi kimi: “…bunun üçün güclü iqtisadiyyat,  yenilməz və müasir orduya malik olmalıyıq”.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Cümə axşamı, 02 May 2024 13:32

BİR SUAL, BİR CAVAB Aysel Səfərli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Atalar sözü- qədim fəlsəfənin sağ qalmış parçasıdır. (Aristotel)

Aysel xanımın tez- tez işlətdiyi atalar sözü hansıdır və elə atalar sözü varmıdır ki, onunla razılaşmasın?

 

 CAVAB

Razılaşmadığım demək olar yoxdur və yaxud da hal-hazırda xatırlamıram. Ancaq məktəbdə oxuduğum müddətdə Rəsul Rzanın şeirindən iki misra demək olar həyat devizimə çevrilmişdi və bütün (hazırlıq üçün istifadə etdiyim) dəftərlərimin ilk səhifəsində yazmışdım:                                          “Mübarizə bu gün də var, yarın da

Mən də onun ən ön sıralarında.

 

Hal -hazırda isə öz özümə xatırlatdığım Demokritin “Güclü iradə insan üçün dəyərli keyfiyyətdir” fikridir. Təvazökarlıqdan uzaq olsa da, mən öz iradəmin gücünə inananlardanam.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Cümə axşamı, 02 May 2024 13:00

Boşanma vəkilinə ehtiyacınız varmı? -AKTUAL

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən 28 mall-da getmişdim, yemək yeməyə və yanımda gənc xanımla körpəsi oturmuşdular, sifariş verdiklərini yeyirdilər. Birdən orta yaşlı bir kişi yaxınlaşdı, oturdu ora, oturan kimi süfrəyə baxıb başladı xanıma qışqırmağa:

-Bu nədir sifariş vermisən, tupoysan sən? Bir yemək sifariş verə bilmirsən, al gözünə sox bunları mən yeməyəcəyəm, -deyib padnosu qıza tərəf itələdi, getdi özünə sifariş verməyə. Xanımın baxışlarından nə dərəcə pərt olduğunu, utandığını anlaya bilirdim. Ancaq bir səs çıxarmamasına çaşbaş qalmışdım. Nəysə, bu "şəxsiyyət" öz sifarişlərini götürüb gəldi. Bu dəfə də, uşağın mızıldanmağına əsəbləşib "Ə sən də lal ol, indi şapalağı qoyacam ağzının ortasına"dedi. Xanım yenə susdu. 

Ürəyim partlayırdı, söz deməmək üçün özümü güclə sıxmışdım. Ancaq orada mən söz deyə bilmirdim. Çünki, danışmalı olan susurdu. Baxıram, gözəl göyçək qadındır, səssiz-səmirsiz oturub. Hələ bir günahkarmış kimi də, başını aşağı salır. Vəziyyət belə olanda durub söz desəm, orda borclu çıxa bilərdim. 

Ancaq mən öz gələcək yoldaşıma heç kimin  mənimlə bu tonda danışa bilməyəcəyini çox açıq şəkildə ifadə edə biləcək dərəcə özümü ifadə edə bilərdim. Hələ mənim balaca övladım varsa mən hər şeydən əvvəl anayam və övladına haqsızlığa susmamağı, sırf kişidi deyə etdiklərinə göz yummağın təbii hal olmadığını, cinsiyyət fərqi olmadan insanlarla münasibətin qorxu və təhqir üzərinə yox, qarşılıqlı hörmət üzərində qurulduğunu öyrətməli, öz ədalətimlə  haqqımı necə müdafiə etdiyimi göstərib müstəqil fərd kimi yaşamağı öyrətməliyəm.

Lakin cəmiyyətdə bu və bundan qat-qat ağır situasiyalarda insanlar ya susur, ya da susdurulmaq üçün şiddət görür, hətta öldürülürlər.

Yazdığımı oxuyanlar deyəcək ki, feminizim düşüncəsindəsən, lakin qadın haqqları deyə bir anlayış yoxdur. Deyərdilər, sırf qadındır deyə onun bu dərəcə tərəfini tutursan, bəlkə də kişiyə qarşı təhqir və ya tənqid görsən görməzdən gələrdin. Xeyr, mən dəfələrlə öz yazılarımda qeyd etmişəm ki, sonu -ist şəkilçisi ilə bitən heç bir cəmiyyət dalğalarının tərəfdarı deyiləm və qanun məcəlləsinə əsasən istənilən ümumi ictimai iaşə obyektində bir şəxsin mənsubiyyət və şəxsiyyətinə qarşı olan alçaldıcı davranışların özünün də qanun qarşısında müəyyən hüquqi cəzalarının olduğunu yaxşı bilirəm. Kaş masadan qalxanda əlimdə məsləhət bildiyim bir boşanma vəkilinin kart viziti olardı, çünki o xanım və o xanım kimi bir çox xanım bir gün gözlərindəki pərdəni endirib özü özünü cəzalandırmağı buraxacaq və boşanma vəkilinə ehtiyac duyacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində Qay Kavasakinin «Startap» kitabından müdrik kəlamları diqqətinizə çatdırır.

Bu kitabın alt başlığı belədir: “Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass“

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

O yazır:

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

 

 “Ədəbiyyat və incəsənət”

(02.05.2024)

 

 

Leyla Səfərova, “Ədəbiyyat və İncəsənət"

 

Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir. 

 

Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz? 

Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?

Ondan hansı sualınıza cavab almaq istəyərdiniz? 

 

MƏNİM CAVABIM:

 

Əgər dünyasını dəyişmiş bir məşhur şəxslə görüşmək istəsəm o kim olardı? Tarixə baxdıqda o qədər çox dahi şəxsiyyətlə rastlaşırıq ki, bu suala cavab vermək olduqca çətindir. Amma deyəsən mən Mustafa Kamal Atatürklə görüşmək istərdim. Niyəsini soruşduqda kəskin bir cavabım yoxdur əslində. Çünki mən çox da dahiləri, tarixi araşdıran biri deyiləm. Mənim üçün incəsənət hər zaman tarixdən daha maraqlı olub. Hansı kitabdan desəniz müzakirə edərəm, ya da ən azı bir fikir sahibi olaram. Amma bəzi oxuduğum kitabların heç yazarlarının adını belə bilmərəm. Hər hansı musiqi dinləyək, saatlarla haqqında danışaram. Amma ifaçısının adı xaric, haqqında məlumatım belə olmaz əksər hallarda. Bir də utanaraq deyirəm ki, tarixlə bağlı araşdırmalar aparmaq heç vaxt könlümdən keçən bir şey olmayıb. Ona görə də Atatürklə bağlı müəyyən qədər məlumatım xaric, dərin bilgi sahibi deyiləm. 

İndi isə gələk onu niyə seçdiyimə. Bütün öndərlərlə bağlı həm müsbət, həm mənfi fikirlər duyuruq. Lakin çox az bir qismi üçün bəziləri canını verir, bəzilər nifrət edir. Atatürk bu adlardandır. Sosial şəbəkələrdə tez-tez ona olan sevgi, hörmət dolu videolar, şəkillər, yazılar və s. görürəm. Və bu paylaşımlar o qədər səmimidir ki, hər insan bunu hiss edə bilər. Lakin o postların altında da mütləq "alkaş" ya da "kafir" tipli şərhlər olur. 

Mən bu adamı öz dilindən tanımaq istərdim. Ona səbəbini bilmədən içimdə qəribə bir sevgi olub daim. Bu adama sevgimin səbəbini öyrənmək istərdim. Çünki açığı heç mən də bilmirəm səbəbini. Bütün tənqidlərə, təhqirlərə rəğmən haqqında bəlkə məndən qat-qat çox biliyi olan insanlara belə müdafiə etmək gəlir içimdən. Mən daha yaxşı müdafiə edə bilmək üçün məhz Atatürkü tanımaq istərdim.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Mayın 4-də saat 16.00-da Park Bulvar Ticarət Mərkəzinin birinci mərtəbəsində Eldar Əhədovun “Mən qayıdacağam...” və “Xarıbülbül. Azərbaycan dastanı” kitablarının müəllif təqdimatı baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Eldar Əhədov Rusiyada yaşayır, kifayət qədər tanınan şairdir, bir neçə nüfuzlu ədəbi qurumda koordinator vəzifəsini daşıyır. 

Portalımıza açıqlama verən yazar təqdim edilən kitablar barədə onu bildirib ki, oxucular üçün kitabları hədsiz maraq kəsb edəcək. Məsələn, o, dünyanın 30 məşhur yazarının Azərbaycan barədə fikirlərini bir yerə toplayıb. Burada Düma, Hamsun, Drayzer, Lermontov, Aytmatov, Süleymenov kimi dahilərin adlarını çəkmək olar. 

Hər kəs Eldar Əhədovun kitablarına əldə edib ondan avtoqraf ala biləcək.

İstəkli kitabsevərlər, gəlin, maraqlı olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Uzun illər Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü özünə yaxın buraxmayan, Rasim  Qaracanın yaratdığı alternativ Azad Yazarlar Ocağına üzv olan Həmid Herisçi nəhayət ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Özü də, Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlunun sayəsində. 

 

Portalımızın yazarı, publisit Elman Eldaroğlu olaya belə şərh verir:

“Həmid Herisçi qeyri-adi adamdır. Onu sıradan adi bir adam kimi qəbul etmək düzgün deyil, onun səviyyəsinə qalxmağı bacarmaq lazımdır...

Həmidin AYB-yə gəlişi məni çox sevindirdi. Burada həm mistika var və həm də hamının anlaya biləcəyi məntiq. Mistik tərəfi odur ki, Həmid təkcə hamı kimi Allaha arzu və istəklərini söyləmir, o cümlədən Allahı eşidə, dinləyə bilir. Məntiqi tərəfinə gəldikdə isə AYB-nin üzvü olmaq Həmid bəyin halal haqqıdır...

Yeri gəlmişkən, iki gün öncə Həmid bəyin ad günüydü. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Necə deyərlər, həm yeni yaşı və həm də AYB-yə üzvülüyü mübarək!”

 

Bu arada Həmidin AYB-yə keçidinə AYO rəhbəri Rasim Qaracanın reaksiyası belə olub:

“Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın prinsipiallığına heyrət etdim. Mübarizəni sona qədər apardı”.

 

Səlim Babullaoğlu özü isə hadisəyə belə şərh verib:

“Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir.  I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də. 

Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki,  Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etbar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir.”

 

Biz Həmid Herisçinin bu addımını alqışlayırıq. Düşünürük ki, tanınmış yazarın bu qurumda təmsilçiliyi qarşılıqlı fayda verəcək. 

Sözümüz odur ki, AYB-dən hamı nəsə umur. Sovet dönəmlərindəki kimi mənzil, putyovka, kitabının pulsuz çapı, pul mükafatı və s. Və aşağıdan yuxarıdan, kimin nə incikliyi varsa zəhərini AYB-yə tökür. 

Amma gəlin unutmayaq ki, ölkənin yüzlərlə ən dəyərli ziyalıları burada təmsil olunurlar. Və ədəbiyyatın əsas inkişaf xətti burada cızılır. 

Tənəzzül sevənlər inkişafa niyə sevinsin ki?

İnkişaf sevənlər isə mütləq bu ocağa gələcəklər. 

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

70 yaşını qeyd edən gözəl şairimiz Nazim Əhmədli barədə Almaniyada yaşayan soydaşımız Orhan Aras bir yazı yazıb. Yubilyar həmin yazını portalımız vasitəsilə oxucularımıza ünvanlayır:

 

O güzel “Ay Laçın” türküsünün mekânı olan Laçın’da dünyaya gözlerini açan, yıllar boyu yurt hasreti çeken ve bir Mecnun gibi yurdunun toprağını, çiçeğini, kuşunu özleyen, bunları şiire döken değerli şairimiz Nazım Ahmedli ne yazık ki Türkiye’de az tanınıyor. Oysa, şiirin artık pek okunmadığı Türkiye’de Nazım Ahmedli gibi kelimeleri adeta üfleyerek ruhumuza aktaran bir şaire çok ihtiyaç vardır. 

 

„Bulutları üstüme Ört“, „Unuttuğum Gökyüzü“, „Yine Dönüp geleceğim“ gibi isimleri bile insanı büyüleyen  kitapların şairi Nazım Ahmedli, şiirlerini bir Cahit Sıtkı Tarancı, bir Kemalettin Kamu gibi duru, hassas bir dille yazmaktadır. Onun yazdığı ve arada bir bana gönderdiği şiirlerini her dinlediğimde veya okuduğumda şehrin karmaşasından, curcunasından uzaklaşır yeniden tabiatın koynuna dönerim. 

 

Benim iki kitabımı Azerbayacan Türkçesine aktaran dostum Nazım Ahmedli’nin bir şiir kitabı da Almanya’da yayınlandı. “Uzaktaki Sevgilim Deniz” isimli kitapta birbirinden güzel şiirlerle gönlümüzü aydınlatan şairin yaş gününü kutluyor ona eşi Rahile Hanım’la sağlık ve mutluluklar diliyorum.

 

Burada İnsanlar Uçmaz

 

Sonbaharın ilk günü

Yüreğimde keder var

Sanki bin yıllar önce

Geçip gitmiş de bahar

 

Bin yıllar öncesini

Unutmadım bir an da

Tek kanatlarım kaldı

Gökyüzünün yanında

 

Burda insanlar uçmaz

Kanatlı kuşlar ancak

Kanadı olan insan

Mutlaka taşlanacak!

 

Gümüş rüyalarımda

Melekler deste deste

Nereye uçuyorlar?

Gümüş suların üste 

 

Sanki yer yüzünde 

Çoktan geçmiş de bahar

Hala şu yüreğimde

Sızlayan bir yara var.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Xosrov Barışanın şeirləri ilə tanış edəcək. 

 

 

YENİ BİR RİTM

 

Qaranlığı mən yazmadım gecəyə,

Gözlərin yazdı...

Bax... Həkk olunur ürəyim bu tıxaclarda.

Sol döşümə mayın qoydu səsin.

Səsin ortadoğuda gurultudur

Savaş uçaqları tanrısı.

Toxunduqca sənə çatan yolların nəbzinə

Şeir olub partlayıram.

Dilim məsum,

Anasız bir uşaqdır, itkin olub.

Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.

Susuz quyuların dibində səsləndi kəlmələrim!

Sözlərin gözlərindən su içirdilər.

Yox sən Yusif deyilsən ki...

Səni göstərən barmağımı kəsdilər,

Ah... barmağım kimliyimi qanıtlayardı.

Güzgülərdəki üzlərdə itdi gözlərim.

Əh nə qədər əlləşsəm də

O müqəddəs adını

Şeirlərimdə səsləndirə bilməyirəm

Kəlmələri pozaraq tükənən silgilər şahid.

Hanı, hanı mənim izlərim?

Söz vermişdim

Bu şəhərdəki tabuları birlikdə

Sındıracağıq sevgilim

Ancaq yolumuzun tabloları sındı, nə yazıq!

Bura Təbriz

Min üç yüz doxsan beşin ikinci ayı

Qar yağır, qar...

Şəhərin üzü ağarır, ağarır hey

Qar danaları göyərçinlər

Yuxularımı sənə aparırlar.

Çürüyür ürəyim bu vicdansızlıq havasında

O qədər qışsan ki,

Tüpürsəm üzünə donar arzularım.

Sən bir qar adamı

Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.

Qələmim pomada vurar məni çağıran dodaqlarına.

Qələmim al-qırmızı...

Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.

Sus... Sus...

Danışsan genişlənər ölümün sərhəddi!

Artıq qucağımdasan, qollarımdasan.

Böyüdüm otuz üç yaşındayam.

Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!

Yatağımdasan

Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...

Əmir...

Əmir...

Əmir bazarından sənə sırğa alanmadım.

Pulum yox,

Axı şairəm. Tacir deyilim ki səni satanmadım.

Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.

Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.

Təbim var.

Sən Təbrizim ola bilməzsən.

Əriyəcəksən, itəcəksən.

Yenidən göyərməyəcəksən!

Və bu şeir sonsuzadək

Islaq qalacaq göz yaşlarımda!

Yorğunam. Çox yorğunam, artıq

Gecənin saçlarını daramaqdan.

Hörüklərinə ilişib ayaqlarım.

Kimliksiz bir dəliyəm.

Sən Leylam deyilsən ki...

Məni torpağımın ürəyinə quylayın lütfən.

Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,

Ürəyimə su səpir,

Şeir gələndə toz olmayır.

Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...

Xış... xış... tap... tap...

Yeni bir ritmdir bu

Səni sevirəm musiqisindən.

 

 

AYRIC

 

Səni sevmək

Cəhənnəmdə cənnəti

Yaşamaq kimi bir zad

 

Məni sevmək,

Həmişə, güclünün

Haqlı olduğunu

Bilə-bilə,

Yenə də,

Məhşər məhkəməsinə inanmaq kimi bir zad!

 

 

PƏNCƏRƏM

 

Göm-göy gözlərini asdım pəncərəmə!

Bir quş çəkdim

          Göy üzünə,

Bir qanadı sən..,

Bir qanadı mən;

Uçduqca həyat gerçəkləşir.

Qovuşuruq, ayrılıq.

İndi bütün yollar baxışından keçir.

Umudumuz ölməyəcək.

Uşaqlığım yenə

Kamiyon sürür önümdə;

Sözcüklər daşıyır içimdən dışıma;

Qocalıb şeir yazıram sənə.

 

“Gəcil”də qurdlu meyvədir ürək;

Satılır alanın gözündən gizli!

Buna görə quşğularım quşların qanadında gəzər.

Qızıl qanınızdır “Əmir”də vitrinlərdən axır!

Hər tükan bir həbs selluludur satana!

Buna görə saat qabağında

  Tükan olar yazdıqlarım aldıqlarınıza!

Buna görə insan seçdiyinin toruna düşər!

Buna görə yaxşılıq edincə borclu düşürəm!

 

Bu şəhərin acları

Zibil qabılardan axtarırlar diləklərini!

Yox karıxdırıldım

Bu şəhərin toxları

Zibil qabılardan axtarırlar diləklərini!

Kitablarda itib-itib özümü tapanmayıram!

Ah bu şəhər əynimə dar gəlir!

Buna görə səni geyirəm sözlərimə.

Xoşbəxtlik doğulmaz ətənədir,

                              İçimdə çabalar...

Çabalar...

   Çabalar...

     Bunca çaba

       Sifirə çarpılar!

Gizlin bir yalan kimiyəm!

Buna görə təkamül qatarı gedə-gedə şairliyim qatardan düşür!

 

Sevgi bir qar topu idi, nəmkim atmışdı!

Uşaqlığım

Dığırladıb-dığırladıb böyütdü onu,

Yaşamağın boranında.

 

Hə sonunda,

Son anda

Anladım

Baxışmamız

Aydınlığın partlaması...

Dünyayı uşaqlara verək, yönətsinlər.

 

 

KİBRİT SATAN QARI

 

Əllərində kibrit,

 Ah... kibrit satan qız;

Ahın yaman yandıracaq...

Yanır...

Yandı...

Dingələn bir gecə olacaq...

Olur...

Oldu...

Bəxtin avrupada

“Hans krestian anderson”un

  Qələminin cövhərindən də qara.

Və əlbəttə dəlisov bir qar yağacaq...

Yağır...

Yağdı...

Artıq rahat ol, utanma, aç ləçəyivi;

O qədər saçların ağarmış ki

Naməhrəm də görənməz saçlarıvı.

Tanrıların başı nəm-harda qarışıb!!!

 

Bura Təbriz;

Şair adlı bir pasaj önündə döşən.

Fasilələrdə mi bəzənib qadın oldun sən!?,

                                           Şeir oldun sən!

Dinmə,

Dil tökmə,

            Sus...

              Sus...

Sayqı duruşundayam mən.

Danışır gözlərində bir sukut!

Oxunur ölkəmin milli marşı...

Bax...

Bax...

 Bax...

  Çırpınır bir şəhər..,

          Çırpınır ürək..,

                Titrəyir əl...

                 Qocalığıvı yazmaq

                   Mənim payım olur.

Və nəfəs...

     Nəfəs...

         Həvəs...

 

Həvəs...

 Nəfəs...

   Həvəs...

 

Həvəs...

Həvəs...

 Həvəs...

 

Səs...

Səs...

 Səs...

  Xiyavan!!!

 

Hər kəsi ilgiləndirən bir sov:

 “Şəkilla məməsini eşiyə qoymuş,

    Orasından yapışıb oynayır Maykel cəkson.”

Ehey şu şəhərdə şeirlərivə şişən şeyi şişmiş şair

       Sən tükətdir,

      Tükətdirsin muxatəbin:

                                                                         

Oh my god...

                                                                                  Yee... yee...

                                                                                        Oh yee...

Yerikləyirəm zirhov...

 Post modern doğam!!!

Pəhov

Hələ təxt üstünü götüm görməmiş.

Yox

Yol getməyirsən yuxuda,

      Yuxundan yollar geçir!

Bir mən gedir səndən

                 Bizə həsrət

                  Kibrit satan qarı;

Sən darvinism təbiəti tək,

Sən kapitalism cəmiyəti tək

                                Qat-qat

                                 Qat içində uyumlu,

                                  Qat dışında mütəzad!

Ah... əlbəttə bir

Şıdırğı yağış yağacaq,

Yağır,

Yağdı.

Dur gizlət

Gözyaşlarıvı yağmurda 

Və sonra son kibritivi çax,

Qızışsın,

Işıqlansın,

Arınsın

Bu son şeirimi yazım.

 

5.

İynəsinə tikildik dünyanın

Aydınlığımız

Bulanlıq gözlərə batdı.

Qanatmayaq deyə

Ayıran bir çay kimi

Hep qanadıq,

Qanadıq...

Anaydıq, biz ana...

Dərdlərə köynək olub

Ömrümüzü sınırdaki güllərə kəpənəklər toxuduq.

Sınırlar pul-pul pul kimi...

Pullar zaman kimi...

Zaman diktatör kimi

Bu beyti mızıldayır qulağıma:

- Çalxandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Ah açılıb bağrıvı dələr

Bu dumanlı günlər

                  Güllələr..,

                    Güllələr...

Güllər, güllər

 Ozon üzlüm

    Səni görməyincə açılmayırlar.

Nəfəs qıtlığıdır buralarda.

Hər şairin köynəyidir şeir, qəfəs edilib!

Gəl.

Gəl artıq sevgilim.

Gəl bu sınırları sil.

 

 “Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.