
Super User
Sevgi insanı kor edir, sevgisizlik lal
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Qədim miflərdə deyilir ki, tanrı bir ruhu iki bədənə üfürüb insanları ayırıbmış və günün birində ruhlar əlbət qovuşubmuş. Beləcə insan ömrü dünyaya göz açandan bəri hicrandan vüsala doğru yol alarmış. Hər kəs bir-birindən xəbərsiz digər yarısının izini sürərkən qucaqlaşmadan cismi tərk edən ruhlar var.
Mən də yəqin onlardan biriyəm.
Ya da yox, mənim ruhum digər yarısından küsüb və barışmaq istəmir.
İnsan eşqə küsərmi məgər?
Küsərmiş.
Bir dəfə bütün varlığını hiss edərək aşiq olan kəs yarım buraxılarkən küsür.
Sevdiyimi barmaq uclarıma kimi hiss etdiyim anda ruzigarın üzümə çırpdığı həqiqət küləyi qəlbimi paramparça etmişdi.
Unut deyirlər, xatırlama artıq, sevmə daha.
Unutmaq? Sevməmək? Xatırlamamaq?
Məsafələrə rəğmən dualarda sevdiyini qucaqlayanlara haram yazıb tanrı unutmağı.
Unutmaq olmur ki.
Yaralarım sağalmır ki.
Ağrıkəsicinin ağrını azaltması misalı zaman və insanlar bir dönəmlik keçici sağalma təsiri bağışlasa da, yastığın bir tərəfi hər zaman islanmış qalır, gündüzlərin donuq təbəssümü yerini gecənin acılarına buraxır.
Sevgi insanı kor edir amma sevgisizlik lal.
Sevən kəs görmür önündəki əngəlləri, dünya onun ətrafında dönürmüşcəsinə qəlbinin qanadlanmasını görməzdən gəlir.
Ta ki, qanadlar qırılıb düşənə kimi.
Sağalda bilmədiyi yaraları gizlədən insan isə bir zamanlar ucalan gülüşlərini sükuta əmanət edir.
Yaralananlar yarım qalır.
Yaralı və yarımam yenə.
Qoy sətirlərim də, yarım qalsın, ruhum da.
Yaralarına yaralarınız kimi sahib çıxdığınız insanların uğruna axıtdığını göz yaşlarınızı qurudub gülüşlərinizə sığının.
Sahib çıxın yaralarınıza.
Sevin yarım qalan tərəflərinizi sətirlər yarım qalsa da olar.
Xoş yarım sevgi də, olmur ki..
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Xoşbəxtlik hormonu və acgöz yoxsullar
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Televiziya kanallarının birində həkimin söylədiyi bir cümlə məni həm düşündürdü, həm də güldürdü. Əminəm ki, Sizə də bu cümləni pıçıldasam, gərgin olsanız belə, dodaqlarınızın köməyi ilə yanaqlarınızı qulaqlarınızın dibinə göndərəcəksiniz.
Nə olar ki, belə görüntü daha xoş təəssürat yaradır. Həkim söyləyirdi ki, xoşbəxtlik hormonunun çox olması insanı öldürə bilər.
Bir anlıq düşündüm ki, onsuz da nə olur- olsun öləcəyik, ölürüksə, elə tam xoşbəxtlik ürəyimizi partlatsın. Ölüm mələyinə zatən günah getmir ki, o nə etsin?!
Aparmaq missiyasıdır. Amma "xoşbəxtlik hormonu" - serotonin çoxumuzda aşağı səviyyədədir, əksinə bizim onu qaldırmağa ehtiyacımız var.
Serotoninin yalnız 10%-i beyin tərəfindən ifraz edildiyi halda, orqanizmdə qalan serotoninin böyük hissəsi bağırsaqlarda ifraz olunur. Bağırsaqdakı xoşbəxtlik hormonu beyinə çata bilmədiyi üçün beyin öz serotonin ehtiyacını qarşılamalıdır.
Beynimi, bağırsağımı günahlandıraq?! Şablon kimi söyləyirik ki, xoşbəxt anlar olur, insan heç vaxt tam xoşbəxt ola bilməz. İnsanlarla söhbət zamanı anlayırıq ki, artıq xoşbəxt anlar samanlıqda itən iynə kimi axtarılır.
Səbəb? Maddiyyat və mənəvi keyfiyyətlərin çatışmazlığı...?
İnsanlar yaşamaq üçün qidalanmalıdır, razıyam. Amma hər canlı qidalanır. Suda balıq, meşədə aslan, torpaqda bitki və digərləri. Mənəviyyat aclarını isə heç nə qidalandırmır, təəssüf edirəm..
Mənəviyyatı kasıb olanlar dünyanın ən rəzil, ən yoxsul canlılarıdır.
Hə, bayaqkı " xoşbəxtlik hormon"larımızı da o acgözlər yeyir və doymadan yeyirlər.. "Beyin, bağırsaq" əl-ələ versə də, heç nə bacarmır.
Bu "acgöz yoxsullar"dan qurtulmağı bacarmalıyıq ki, "xoşbəxtlik hormon"larımız normasına düşsün.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
Uca Yaradan bizi belələrindən qorusun, iradəmiz isə bizi tərk etməsin, çünki iradəmizlə bu acgözləri özümüzdən uzaqlaşdıra bilərik.
Viktor Hüqo söyləyib ki: "Əriməyən buz olmadığı kimi, ömürlük xoşbəxtlik də yoxdur."
Az olsa da, xoşbəxtliyi dadmaq üçün
"ömrümüzü yeyən, acgöz" mənəviyyatı yoxsul dilənçilərdən kənar gəzək.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
İxtisası biz seçirik, yoxsa valideynlərimiz?
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan)
Bu gün ictimai həyatda qarşılaşdığımız ən aktual və ürəkdağlayan situasiyalardan biri də universitetlərə ixtisas seçimidir. Hər kəsin arzusu universitet oxumaq, tələbə adını qazanmaqdır. Çox rast gəldiyimiz məqamlardan biri də “Əşi nə olur olsun, övladım Universitetə qəbul olsun” faktorudur. Lakin bəzi valideynlər düşünmürlər ki, ixtisas seçimi çox vacibdir. Hara gəldi qəbul olmaqla nailiyyət əldə olunmaz.
Yaponiyada uşaq bağçanı bitirərkən bağçadan uşaq haqqında arayış verilir ki, sizin uşağınızda bu qabiliyyətlər aşkarlandı. Bəs biz öz uşaqlarımızdakı qabiliyyətləri aşkarlaya bilirikmi? İxtisas seçimi abituriyentin karyerasının formalaşmasında ən zəruri məqamdır. Çox vaxt müşahidə edirik ki, abituriyentin topladığı bal hansı ixtisasa düşürsə uyğunluq dərəcəsini yoxlamadan seçim edir. Təki ali təhsil alım. Bəzən isə bunun tam əksi baş verir. Abituriyent yüksək bal toplamasına baxmayaaq, özü yox, valideynləri seçim edir. Uşaq xaricdə və yaxud paytaxt universitetlərinin birin də oxumaq istəsə də, təəssüflər olsun ki, bu arzusu gerçəkləşmir. Onun əvəzinə valideynləri canfəşanlıq edərək universitet seçir, ixtisas seçir, bununla da övladlarının gələcək müqəddəratını özləri həll edir. Özləri xəyal etdiyi, lakin yiyələnə bilmədiyi və yaxud uğur qazandığı peşəni övladı üçün seçir. Əvvəl ailədə qızın fikri alınmadan adaxlı düşən adama verildiyi kimi, indi də uşağın fikri alınmadan ona ixtisas və universitet seçilir. Əminəm ki çoxumuzun ən yaralı yeridir bu mövzu. Elə düşünürük ki, bu addımı atdıqda övladımız böyük nailiyyətlər əldə edəcək. Lakin çox zaman bu nailiyyətin kökündə böyük bir uğursuzluq durur.
Övladlarınızla dostluq edin
Xatırlayırsınızsa “Dədə Qorqud” filmində Qazan xan oğlu Turalı danlayır, onu ov ovlamamaqda, quş quşlamamaqda, baş kəsib, qan töküb, ad çıxarmamaqda igidlərdən geri qaldığını deyir. Atasının qınaqlarından şikayətlənən Tural da ona belə bir şəraitin yaradılmamasını dilə gətirir. Oğlunun sözlərindən təsirlənən Qazan xan ətrafdakılardan soruşur: “İgidlər, Tural düzmü söylədi?” Ətrafdakılar da bir ağızdan Turalın həqiqəti dediyini təsdiqləyirlər. Bundan nəticə çıxaran Qazan xan oğluna münasibəti dəyişir və ondakı müsbət xüsusiyyətləri görməyə başlayır. İndi biz də gərək Qazan xan, ya da Tural olaq? El qınağı eşitdikdən sonramı qərarlarımızı bir daha götür-qoy edək?
İnsanın öz övladı ilə dostluq etməsi ən böyük imtiyazdır. Bu münasibətlər o qədər doğma və səmimi olmalıdır ki, onlar dost kimi danışmalı, dost kimi bölüşməlidirlər. Bir çox sahələr kimi, ixtisasseçimində də valideyn-övlad münasibətlərində qarşılıqlı anlaşma çox mühümdür. Ailənizdə böyüyən uşaqların hansı peşəyə və sahəyə marağı varsa, fəaliyyət istiqaməti nəyə yönəlibsə onu dəstəkləyin ki, getdiyi sahədə uğur qazansın. Onlara “qonşunun uşağı”nı misal çəkməyin, özləri ilə müqayisə edin. Sağlam rəqabətə yönəldin. Bu günün mənzərəsinə dünəndən baxmayın. Çalışın onların gözü ilə baxın həyata. Texnologiya, süni intellekt o qədər sürətlə inkişaf edir ki, bir nəsil digərinə bənzəmir, anlamır və anlamaq da istəmir. Hər birimiz istəyirik ki, övladımız həkim, iqtisadçı, politoloq olsun. Gəlin səmimi etiraf edək ki, artıq yeni çağ bu ixtisaslarla ayaqlaşmır. İxtisas seçimi edərkən mütləq mütəxəssisdən kömək alın. Əziz valideyinlər! İxtisası siz yox, imkan verin övladınız seçsin!!!
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Sevinc Nuruqızına təbrik
Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış uşaq yazıçısı Sevinc Nuruqızını yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Sevinc xanım,
Sizi - tanınmış uşaq yazıçısı, şair-publisist və tərcüməçini 60 illik yubileyinizlə bağlı təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Siz 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-2006-cı illərdə Mədəniyyət Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzetinin baş redaktor müavini, 2006-2007-ci illərdə “Minamedia” Nəşriyyat Evində “Cırtdan” və “Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru, “İctimai Radio”nun efirində “Çoxbilmiş” və “Nağıl saatı” verilişlərinin redaktoru və aparıcısı, 2015-2021-ci illərdə “Göyqurşağı” uşaq jurnalının redaktoru olaraq səmərəli yaradıcı fəaliyyət göstərmisiniz. Siz həmçinin “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri olaraq öz ictimai və yaradıcı töhfələrinizlə seçilmisiniz.
Sizin “Qisas” adlı pyesiniz Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının (2006), “Gəlinciklər” adlı tamaşanız isə Salyan Dövlət Kukla Teatrının (2006) səhnəsində uğurla tamaşaya qoyulub.
Azərbaycanca və xarici dillərdə 50-dən artıq kitabınız yayınlanıb. O cümlədən, Güney Koreyada üç dildə – Azərbaycan, Koreya və ingilis dillərində “Sürəyyanın izində”, Türkiyədə “Melisa”, “Gaga və Hamhamın maceraları”, Belarusda “Bazqulaq i parı qoda” adlı kitablarınız gün üzü görüb.
Siz bəstəkar Oqtay Rəcəbovun “Sərçəcik” və “Bahar qız əfsanəsi” operalarının libretto müəllifisiniz.
Yaradıcı uğurlarınıza görə bir sıra ictimai ədəbi ödüllərə layiq görülmüsünüz.
Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq”!
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Fazil Mustafadan Hatayla bağlı paylaşım
VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa
Hatay vilayətinin Türkiyə Cümhuriyyətinə birləşməsinin 85-ci ildönümü ilə bağlı paylaşım edib. Paylaşımın mətnini “Ədəbiyyat və incəsənət” portalı təqdim edir:
“Hatay vilayətinin Türkiyə Cümhuriyyətinə birləşməsinin 85-ci ildönümü qutlu olsun!
Hatay 1939-cu ildə Türkiyəyə qatılıb. Qazi Mustafa Kamal Paşa Atatürkün "şəxsi məsələm" adlandırdığı bu bölgə, I Dünya müharibəsi illərində Osmanlı ərazisi olaraq Fransanın işğalı altına düşüb; 1938-ci ilə qədər işğalda qalan Hatayda həmin il müstəqil dövlət elan edilib və tarixi ədalət 1 il sonra bərpa olunub - Hatay Türkiyəyə birləşib.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu tarixi hadisənin 85-ci ildönümü törənindəki çıxışında dediyi kimi:
"Bu bütünləşmə qərarı əziz millətimizin birlik və bərabərliyini hər şeyin üstündə tutduğunun göstəricisidir. Ortaq dəyərlərimiz ətrafında sıx birləşərək gələcəyə eyni əzm və qərarlılıqla yürüyürük"!”.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Fazil Mustafa Firudin Süleymanovu təbrik edib
VI çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovu 90 illik yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunu təqdim edir:
"Hörmətli Firudin müəllim,
Sizi 90 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı diləyirəm!
Siz maarifçi ictimai xadim və şair olaraq uzunmüddətli, səmərəli ictimai fəaliyyət və yaradıcılıq yolu keçmisiniz.
Siz özünəxas zəngin mədəniyyət, sənət gələnəyi olan Şahtaxtı kəndində doğulub, boya-başa çatmısınız. 2017-ci il noyabr ayının 24-dən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədrisiniz. Bu vəzifəyədək də müxtəlif məsul vəzifələrdə çalışmısınız.
Siz həmçinin ədəbi yaradıcılıqla məşğul olursunuz. Azərbaycan Yazıçılar Birliyinin (2005), Naxçıvan Yazıçılar Birliyinin (2012) üzvüsünüz. Şeir və poemalardan ibarət 9 kitabınız gün üzü görüb.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, habelə bir sıra ictimai mükafatlarla təltif olunmusunuz.
Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
“Tənhalıq tanrı taxtıdır” - Seyyidəli SÜBHİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
III YER
Seyyidəli SÜBHİ
QAYIDIŞ
Bir çörək alacaq, qayıdacaqdım
– küçə sürgün etdi yüz fikrə məni.
İslandı qarışqa qalacıqları,
Yağış güllələdi fikirlərimi.
Düşdüm bu boşluqda illər itkini,
Bulud üstümə min fikir ələdi,
Ömrü bozluqlara sürdüm, qayıtdım:
–Dayandım, dinlədim qarışqaları,
Uçdu başım üstən quş yuvaları,
İlan ağzındakı quş balaları.
İzlədim, göz önü gördüm,
qayıtdım.
Əcələ əl atmaq keçdi könüldən,
Keçdim bu bir qırıq çörək ömürdən!
Xəyalən saçları qara kömürdən
qızımın tellərin hördüm,
qayıtdım.
Qayıtdım ürəyim səksəkələrdə...
İtim hiss eləmiş daş səkilərdən,
Muştuluq istədi evdəkilərdən –
Ayaq səslərimə hürdü:
– "QAYITDI"!
MELODRAM
Divarında bir fotoluq yerin olsa,
mənə saxla.
Sevinsən, özünçün sevin,
Ağlayanda mənə ağla!
Məni ətrimdən unut, qız!
Bəs nə?!
Qoxu – xatirədi…
Mən adda gerçəyin yoxdu,
Bu yuxun xatirədi...
Tənhalıq – Tanrı taxtıdır,
Görən, Adəmə yaraşar?
Ayrıldıq....
Ömür olacaq
təkadamlıq tamaşa…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
ƏN YENİ POEZİYA: “Urmu gölünün öyküsü”, Əkbər Qoşalı
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Əkbər Qoşalı “Urmu gölünün öyküsü” söyləyəcək. Şeir dünən qələmə alınıb.
Adıma Urmu derlər
Suyum göyə çəkilib…
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəl özüməm.
Türküstan talesizi
Aralın bacısıyam;
O daha tez qurdu -
Məhşərə hazırlaşır
atamqızı elə bil…
Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın -
Min illər öncəydi - biz ayrılanda
Aral sağ əlini çəkdi başıma
Başıma gələnə bax -
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq...
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan…
Xəzərə də əl çatmır…
Araz boynuburuqdu…
Aralın da mənimtək
gəmiləri pas atır…
Tanrının işinə bax -
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur…
Elə bil dil bilirlər
Elə bil göl bilirlər…
Göl vardımı bizimtək?..
Siz, ey zalim göllərin ən zalim gəmiləri
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr
Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam
Bəlkə mən bilməyirəm
Balıqlar dəvə olub?
Bircə onu bilirəm
dəvələr balıq olmaz…
Qanadsızdı dəvələr
Dəvələr dözümlüdü
Dözəcəklər, dözəcəklər
Bizim
son qətrəmiz də quruyan gün -
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr
İnanın, düz sözümdü…
Araz boynuburuqdu…
Xəzərə əlim çatmır…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Özümdən 3 yaş böyük qızımla Qiyaslıya-kəndimizə getmişdik...
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)
Çox qəribə bir hissdir. 6 yaşım olanda zorla, silahla kəndimizdən, evimizdən qovulduq. Yadımdadır, yolboyu nənəm yandırılan kəndimizə ağı deyirdi, ağlayırdı, babam isə əlindəki qalyana tütün basıb elə sümürürdü ki, elə bil ciyərinə hava çatmır... İllər sonra anladım ki, hər ikisinin ciyəri həsrətdən, nisgildən yanırmış...
Hər gecə kəndlə bağlı mənə əhvalat danışmasalar, yatmazdım. Yazıq kişi ilə arvad düz 13 il kəndimizi küçə-küçə, ev-ev nağıla çevirib mənə danışdılar...
İndi Ağdam yenidən qurulur. Məscidi keçid Ağdərə yoluna düzələndə qızım Qiyaslı sözünü hamıdan tez oxudu.
-Ata, Qiyaslıya 5 km qalıb!!! Çox həyəcanlıyam ey.
Bu səs məni yenə 31 il əvvəl apardı, maşında yox, xəyallar qoynunda yol getməyə başladım... Tez-tez qızımın və yoldaşımın: “Allah erməninin evini yıxsın, gör, evləri nə günə qoyub?” -sözləri məni diksindirir. Düşünürəm, doğrudan, ağzıdualı anların qarğışı, babaların ahı yıxdı ermənilərin evini... Budur, Qiyaslı məscidinə çatmışıq, təmir gedir, içəri buraxmırlar, Xanım isə tələsir:
-Ata, evimiz hansı tərəfdədir?
Evimizin xarabalıqlarına gedən küçənin başında saxlayıb, evimizi nişan edirəm. Qızım maşından düşüb əlimdən tutub evə sarı tələsir. Qəribədir, 9 yaşında qız 6 yaşlı atasını evlərinə aparır, əlindən də tutub ki, yıxılar birdən... Tez-tez üzümə baxır:
-Ata, evimiz düz sən deyən yerdədir ey, kəndimizi yaxşı yadında saxlamısan.
Küçənin başında, düz doqqazımızın ağzında babam, nənəm və anam görünür, bizə əl eləyirlər, hamısı gülümsəyir. Gözlərim dolur və dayanıram...
-Siz bizdən tez gəldiniz evimizə?
-Ata, kimlə danışırsan, tez gəl, nə olub sənə? Elə bil qocalmısan...
Qızımın əlindən tutub uşaqlıqda olduğu kimi, ata- bala evimizə sarı qaçırıq…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
“SEYYİDİ QƏMNAK” KİM OLUB? – Araşdırma
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Şair təbiətli bu məşhur din xadiminin adı Hacı Mir Abbas Ağadır. O, 1855-ci ildə Qərbi Azərbaycanın Yuxarı Kolanı (Hacı Əhməd Kolanısı) kəndində tanınmış din xadimlərindən Mir Ağa Əli Seyyid oğlunun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının məktəbində almışdır. Öz nəslinin mənəvi-dini missiyasını ləyaqətlə daşımışdır. 40 yaşında Həcc ziyarətində olmuşdur. Həcc mərarasimlərini başa çatdırıb mübarək Hacı titulunu alan Mir Abbas Ağa Vətənə qayıtmağa tələsməmiş, Ciddə şəhərindəki Ali Ruhani məktəbinə daxil olub orada ali dini ruhani təhsili almışdır.
Təhsilini başa vurub öz kəndinə qayıdan Mir Abbas ağa böyük coşqu ilə qarşılanmışdı. O, öz həmkəndliləri ilə görüşlərində qeyd edərmiş ki, indi bizim ən başlıca vəzifəmiz övladlarımıza təhsil verməkdən, onları elmli, bilikli, savadlı yetişdirməkdən ibarət olmalıdır. Yalnız bu yolla biz cəhalət zəncirini qıra, xaçpərəst qonşularımız kimi müasir təlim verən məktəblər yarada biləriik.
O, doğma yurduna qayıtdıqdan sonra arzularını gerçəkləşdirməyə başlamış; babasından, atası Seyyid Ağadan qalma molla məktəbini təkmilləşdirib, tədris fənlərini yenidən nəzərdən keçirərək müasirləşdirmişdi. Ağa məktəbdə uşaqlara dini elmlərlə yanaşı, tarix, coğrafiya, hesab, dil və kənd təsərrüfatına aid bilkləröyrətməklə bərabər, Azərbaycan və Şərq ədəbiyyatının görkəmli nümayəndələri və onların əsərləri haqqında da məlumatlar verirdi. Onun məktəbinə uşaqlarala yanaşı, yaşlılar da gəlir, burada “müsəlmanlar üçün lazım olanları” və yazıb-oxumağı öyrənirdilər.
Artıq XX əsrin əvvəllərindən Hacı Mir Abbas Ağa dövrünün tanınmış din xadimi, müasirləri tərəfindən İslam alimi kimi qəbul edilirdi. O, bütün İrəvan Quberniyasının tanınmış, məsləhət verən və sözü keçən şəxslərindən biri olmuşdur. Dövrünün tanınmış din xadimləri ilə şəxsi münasibəti olub. Çoxları onunla məsləhətləşmək üçün evinə gəlir, ağanı ziyarət edirdi. Talin mahalınınbaşında duran – Peterburqda kadet hərbi məktəbini bitirmiş və zabit rütbəsi olan Hüseyn xan və digərləri dəfələrlə ağanın evində olmuşdular.
1918-1920-ci illərdə deportasiyaya məruz qalaraq doğma yurd-yuvasından ayrılan Hacı Mir Abbas Ağa bir müddət Naxçıvanda (Nehrəm kəndində), Gəncədə, Qəbələdə (Bılıx kəndində), Yevlaxda (Xanabad kəndində), Oğuzda (Yaqublu kəndində) yaşamışdır. 1936-cı ildən Şəkinin Aydınbulaq kəndində məskunlaşmış və1957-ci ildə burada vəfat etmişdir.
102 il ağrılı-acılı ömür sürmüş Hacı Mir Abbas Ağa ağsaqqallığını, möminliyini heç kəsə zorla qəbul etdirməmiş, lakin harda yaşamasından asılı olmayaraq, həmişə sözü ilə əməli bir bütöv şəxsiyyət; böyük hörmət, izzət və nüfuz sahibi olmuşdur. Həmişə elmi, maarifi təbliğ etmiş, həmişə haqq və ədalətin, düzlüyün, mərdliyin, insanlığın tərəfində olmuşdur.Ağanın nurlu həyatı bütün ömrü-boyu insanlara yaxşılıqda keçmişdir. Məhz buna görədir ki, onun Şəki rayonunun Aydınbulaq kəndindəki məzarı müqəddəs ziyarətgaha çevrilmişdir.
Tanınmış din xadimi Hacı Mir Abbas Ağa həm dəböyük istedada, incə zövqə, poetik duyuma, bədii duyğulara və rəvan təbə malik bir şəxs olmuşdur. O, öz dövrününtanınmış söz ustalarından idi. Ərəb-fars dillərini və əruzu yaxşı bilirdi. Söz qoşumunda fitri istedada malik olub. Şeirlərini Seyyidi Qəmnak təxəllüsü ilə yazmışdır.
Tanınmış yazarlardan P.Qurbanzadə “Hacı Mir Abbas Ağanın həyat yazısı” əsərində göstərir ki, Ağa bəzən oxuduğu mərsiyələrin də sözlərini özü yazar və muğam üstə oxuyarmış.
O, Azərbaycan və digər Şərq ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış idi. Xəqanini, Nizamini, Füzulini, Nəvaini, Sədini, Firdovsini, demək olar ki, əzbər bilirdi.Yaxın dostu və qohumu M.Məmmədov qeyd edirdi ki, Ağa böyük şairimiz M.Füzulini daha çox sevirmiş, onun müxtəlif janrlarda yazdığı əsərləri mənalandırmaqda çox mahir olub.Fəlsəfi məzmunlu əsərləri çox aydın bir şəkildə şərh edərmiş.
Ötən əsrin 40-50-ci illərində Hacı Mir Abbas Ağanın şeirləri Seyyidi Qəmnak təxəllüsü ilə o vaxtkı “Nuxa fəhləsi” qəzetində tez-tez görünərdi.
Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev bu sətrlərin müəllifinə söyləyirdi ki, atasının külli miqdarda şeirləri olub. Onun yaradıcılığında qəzəl, qəsidə,(hətta həcvlər) məsnəvi, rübai, qoşma və s. kimi janrlar əsas yer tutmuşdur. Ağanın vəfatından sonra onun əlyazmaları başqa əllərə keçmişdir. Kitab halında çap etdirəcəklərini vəd edənlər, təəssüf ki, öz vədlərinə xilaf çıxaraq həmin əlyazmaları it-bata salmışlar. Həm də Ağa çox vaxt şeirlərini bədahətən söyləmiş, onların çoxunu yazıya almamışdır.
P.Qurbanov yuxarıda adı çəkilən əsərində AYB-nin və Jurnalistlər İttifaqının üzvü, “İncəsənət” qəzetinin redaktoru, bir sıra hekayə, povest və romanların müəllifi, tanınmış publisist mərhum Ə.İbrahimova istinadən qeyd edirdi ki, Hacı Mir Abbas Ağanın şeirləri ilə tanış olan görkəmli yazıçılarımız Anar, Elçin və digərləri bu şeirləri yüksək qiymətləndirmişlər.
Hacı Mir Abbas Ağanın əldə olan bir neçə şeirini hörmətli oxucuların nəzərinə çatdırmamışdan əvvəl onların barəsində bəzi qeydlər etməyi lazım bilirik.
Təqdim olunan ilk şeirin (“Qocalıq”) Ağanın yaşının 80-90-cı illərində yazıldığı güman olunur. Çünki bu şeirə qədər onun dilindən qocalığa aid giley-güzar eşitmirik. Şeirin məzmunundan o da məlum olur ki, elə bu yaşında da o öz fəhmini itirməmiş, təbinin rəvanlığını qoruyub saxlamışdır.
Seyyidi Qəmnakın təqdim olunan ikinci şeiri Gəncədə (o vaxtkı Kirovabadda) N.Gəncəvinin 800 illik yubileyində bədahətən söylədiyi şeirdir. Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev söyləyirdi ki, II Dünya Müharibəsi dövründə Nizaminin yubileyində iştirak etmək üçün Nuxa (Şəki) rayonundan Gəncəyə göndərilən nümayəndə heyətinin tərkibində atam da olub. Tədbirdə çıxış etmək üçün söz veriləndə o, bir neçə şeir söyləmişdir. Təəssüf ki, həmin şeirlərdən təkcədahi şairimizin böyüklüyündən söz açan “Nizami ilə görüş” şeiri əldə qalmışdır. Mərasimdə atamın cibindən saatını da oğurlamışlar. O, şeirdə “Saatı bəxş elədim, heykəlinə bağmağıma” misrasında zarafatyana bu hadisəyə işarə etmişdir.
Sonuncu, “Var” rədifli şeir isə Ağanın ən çox sevdiyi M.Füzuliyə həsr olunub. Bu şeir həm də özünü dahi Füzuliyə tay tutan, onu təqlid edənlərə- epiqonçulara tutarlı cavabdır.
İndi isə şeirləri diqqətinizə təqdim edirik:
QOCALIQ
Qəflətən eylədi bu halı, pərişanlıq qocalıq,
Zövqü-səfamı aldı əldən, tamam qocalıq.
Üzüldü canım evi, qoymadı heç can qocalıq,
Oldu haram mənə eşq, həm də canan qocalıq.
Ömrümə tezcə əsdi, qocalığın yelləri çox,
Sovurdu qəlb evimi, dəstə açan gülləri yox.
Yazımı qarə çatıb, daşdırdı o, selləri çox,
Bu cavan ömrü tez etdi, zimistan qocalıq.
Bədənim düşdü zəif, sanki xəstə bir insanam,
Bu qocalıqmı, əzizim, gərək ki, mən inanam.
Buna xəstəliyin nə dəxli, bir söylə, anam,
Yalnız sadədil könlümü, eylədi şan-şan qocalıq.
Gözlərim görmür əsla, dizlərimdə yox taqət,
N səbrim, nə hövsələm var, nə də ki, canda qüvvət,
Əqlim də zay olub dəxi, nə var hünər, nədə qüdrət,
Çox yaman dərddir ki, bu, yox sana dərman, qocalıq.
Belimdə qulunc dayanır, gözlərimdən yaş tökülür,
Bağrımın başı yanır, elə vird et can sökülür.
Gün-gündən qədd əyilir, yaş ağac tək bel bükülür,
Gülməyən taleyimi, hey eyləyir qan qocalıq.
Allah eyləməsin, nə ola dava qurasan,
Göz görmür, taqətin yox ki, ixtilat vurasan.
Əl ağacına söykən, nə yaxşı ki, şax durasan,
Həsrət ilə baxar, hər işə heyran qocalıq.
Qulaqlar kar olubdur, mümkün yox ki, söhbət ola,
Ayə, bir söz də eşitmir, ya xeyir, qeybət ola.
Demə ki, yazıq Seyyidi Qəmnak, ağzında bir ləzzət ola,
Çarə yox vallah buna, gəlsə də, loğman, qocalıq
NİZAMİ İLƏ GÖRÜŞ
Ey Nizami! Əşarının nə əcəb siqləti var,
Kimyadır mən deyərəm, həddən aşan qiyməti var.
Dünya-aləmdə vardır, sənin çox-çox hünərin,
Şerinə baxan deyər, dağdan ağır qüdrəti var.
Külli-bəşər yığıla, görə bir qiyamətin sözün,
Kimya kəlmələrin safı qızıl, tələti var.
Yeddi yüz il dolanıb, səkkizi dövr etdi tamam,
Ölməyibsən, dirisən, söhbətimin ləzzəti var.
Gəncə şəhəri yenə fəxr eyləsin bu ölkələrə,
Yetirib sən tək şair, gör nə gözəl nisbəti var.
Çox böyük qiymət qoydu, sənə xalqın da əcəb,
Surəti-heykəlin gördüm, anın da çox şöhrəti var.
Saatı “bəxş eylədim”, heykəlinə baxmağıma,
Bilmədim başının quldur dəstəsi, qarəti var.
Bir neçə tövsif yazıb Seyyidi Qəmnak Sana,
Gör nə cəsarətlə yazıb, necə bir xidməti var.
VAR
Baqi deyil Füzuli, Şeyximiz tək əcdadı var,
Yazıbdır neçə əşar, gör necə təbi-mənası var.
Yüzü yüz misi söylər, yaxar ustad invanına,
Yapışmaz, əzizim, saiti, nabi-nəfəsi var.
Gör neçə sənə keçmiş, nəzmi yenə kimyadır,
O, bir tacdadır nəzmdə, təşviqinə gümanı var.
Tazə-tər bahardır, xəzandidiyə nə hacət ki,
Təftiş eyləsin ustadı, mistəki dəvası var.
Seyyidi Qəmnak həvaxah misrasına ustadın,
Çün təkamüldür misrası, rəbbinin rüsxəti var.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)