Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU. “DEYİLƏNLƏR GƏLDİ BAŞA”
Kim nə deyir-desin, ancaq yaşadığımız, sevindiyimiz və sıxıldığımız, ilk öncə isə doğulub-öldüyümüz bu insanlar dünyasında deyilənlər əvvəl-axır başa gəlir. İstər yalan olsun, istər həqiqət. Yalanın və həqiqətin nə olduğunu deyib, dediyini başa çatdıracaq bir insan oğlu tapılarsa aləmdə. Ancaq doğum və Ölüm həmişə başa çatır. Deyilsə də, deyilməsə də. Səslənən və susulan həqiqət. Və bu iki həqiqət arasında yaşanan insan ömrü...
Doğumun və Ölümün mübarək, İnsan oğlu!
Bu fikir Yusifin idi.
Ölüm gəldi, ömür sonun mübarək!
Bunu isə mən demişdim.
Deyilənlər gəldi başa...
Yusif Səmədoğlu, qardaşım Yusif artıq üç aydır ki, bizimlə deyil. Babam Yusif ağa Vəkilovun adını daşıyan, atamın hərdən ona “dədə” dediyi qardaşım. O yoxdur artıq. Yaşı səksəni keçmiş anam Xavər xanıma baxıram: qucağı boşalıb, üç qarın doğsa da, sonsuz qadına bənzəməyə başlayıb. O biri tərəfdən isə qızları Mehriban və Humay ata yox, öz övladlarını itirmiş analara oxşayırlar bəzən. Yusifin ömür-gün yoldaşı Nəmidə xanım isə pəsdən deyilən ağıdır indi, ömrüm boyu eşitdiyim bayatılardan bəlkə də ən yanıqlısı...
Ölüm yatağında Yusif tez-tez deyirdi:
– Bu həna o hənadan deyil.
Və dedikləri gəldi başa.
Və mənə qardaşımın ölümündən sonra işığa çıxacaq ilk kitabı haqda nəsə demək nəsib oldu. Bir vərəq kağız bəzən bir ətək daşdan ağır olurmuş. İndi mən fağır bir kitab yük altında qalmışam... Bu ağır yükün altından, əminəm ki, məni oxucular özləri çıxaracaqlar, qardaş kədərini anlamaq ona şərik çıxmaq səxavətləri idi. Çünki mənim məqsədim Yusif Səmədoğlu yaradıcılığını təhlil etmək, ona səriştəli ədəbiyyatşünas kimi qiymət vermək deyil. Bunu istəsəm də bacarmaram, əlimdən gəlməz. Yəqin ki, bu kitabı oxuyandan sonra tənqidçilərimiz də, oxucularımız da öz müfəssəl sözlərini deyəcəklər. Əminəm ki, Yusifin dostları da susmayacaq. Mən isə bu kitabı çapa hazırlamış doğma, əziz əllərin istisinə bir az öz nəfəsimi vermək istəyirəm. Bəlkə Yusifə indi soyuqdur? İrəlidən də, tərs kimi, qış gəlir. Bəlkə Yusifə bu an, bu kitabdan da çox onu özlərinin ərkəsöyün, nadinc balaları kimi oxşayan Mehriban və Humayın, Nəmidə xanımın əllərinin hərarəti lazımdır? Bu kitabı hazırlayan əllər... Bir qədər də qardaş nəfəsi, qucağı boşalmış ana laylası?
Bilmirəm. Ölüm dünyasının bir sözü, bir termini mənə bəlli deyil. Ömrün sözləri ilə Ölüm haqqında nəsə demək olur, fəqət bu sözlərlə birbaşa Ölümlə danışmaq mümkün deyil...
“Deyilənlər gəldi başa”. Yusif bu son əsərini bitirə bilmədi. Bu roman eynilə müəllifin taleyini yaşadı. Çox sözünü deyə bilmədi. Neyləmək olar? Bədii əsər də mənimçün canlı məfhumdur. Onlar da bəzən körpə çağında, südəmər vaxtlarında ölürlər. Doğulmamış ölən yazılar da var bu dünyada. Yusifin neçə hekayəsi, neçə povesti işıq üzü görmədi? Ən azı üçündən mən xəbərdaram. Hayıf, min hayıf...
Yusifin bir çox hekayələrindən də yeni oxucu nəslinin xəbəri yoxdur. Onlardan bir neçəsi bu kitabda özlərinə yer tapıb. Məşhur “Qətl günü” romanı da.
Bu kitab Yusif Səmədoğlunun özündən sonrakı ilk kitabıdır. Yeni kitabları da işıq üzü görəcək. Xeyli əlyazmaları, bədii, siyasi qeydlərlə dolu cib dəftərçələri qalıb. Onlar da çap olunmalıdırlar. Mən də bu ümidlə sözümü yarımçıq qoyub oxucunu Yusif Səmədoğlu ilə baş-başa buraxıram...
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)