
Super User
ÜÇ - bütün ömrü ikini üçə uduzmaqla keçən xanımın etirafı
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Bir dəfə bir yazımda bəıli insanların bizim həyatımızın bəlli periodlarında bizə yoldaşlıq edən şəxslər olduğunu vurğulamışdım. Bu cümlə dostluq kəliməsini inkar edəcək qədər güclüdür, lakin bir o qədər də acıdır.
Yalançı və sönük bağlar hər zaman insanı yaralayır. Həyatım boyunca bu sönük bağların yarası ilə vuruşub əziyyət çəkmişəm. Hələ də əziyyət çəkirəm və bu gedişlə çəkməyə də davam edəcəyəm.
Real həyat və qəlbin ritmi arasında dilim hər zaman sükutu, ruhum isə əzabı seçib. Amma təbii ki bunu seçəcək qədər axmaq olan özüdür. Ən uğurlu, ən gərəkli və ən mücərrəd olan həmişə bizi cəzb etdiyi üçün bir dəfə tutulduqsa, tilsimindən xilas ola bilmirik. Məsələn, üç mənim ən uğurlu rəqəmim olub. Üç saat, üç ay, üç gün, üçüncü gün, üç insan... Bu sonuncu olan isə işin duzu-bibəri olan tərəfdir. Və bu sonuncudan sonra əvvəlkilərin uğuru yetərsiz qalır. Bu günə qədər bütün ömrüm ikini üçə uduzmaqla keçib. İnsan hiss edir, insan büdrəyir, insan axmaq deyil, insan tabu deyil, insan bir hiss mexanikasıdır. Bunun üçün də hər bir inkar yolverilməzdir. Bu gündə, sabahda, illər keçsə belə, bu hissi iliklərimə qədər hiss edəcəyəm və yaralanacağam(yaralanacağıq).
Üç bir üçün ən böyük peşmanlıq olacaq. İki isə üç üçün ən böyük yara... Sonra yenə qələmi götürüb yazmağa başlayacağam ki, hər bir bəlli insan bizim həyatımızda bəlli periodlarla...
Di salamat qalın...
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
TARİXİ POEZİYAMIZIN ŞAHİNİ - Şahin Fazili itirdik
“Ədəbiyyat və incəsənət” portalı Asif Rüstəmlinin Şahin Fazilin vəfatı ilə bağlı yazısını təqdim edir.
Can cəzaya dözəcək,
Qəlb bəlaya dözəcək,
Ruh cəfaya dözəcək
Bəlkə bədən dözmədi!
Çox təəssüf ki, Şahin Fazilin “Bəlkə”si doğru çıxdı. Ötən gün səhər sosial şəbəkələrdə yayılan acı ruzigardan bəlli oldu ki, şairin bədəni cəfalara, bəlalara dözməyib. İnsanda ən dözümlü olanı ruhdur. Ruhu şad olsun!
Şahin Fazil tarixlə ədəbiyyatın qovşağında yaşayıb, yazıb-yaradırdı. Tarixi əsərlərində poeziyanın şirinliyi, rəvanlığı, cazibədarlığı yurd-yuva salmış, şeirlərinə isə tarixin dərin qatlarından gələn sirli-sehirli səslər hopmuşdur.
Şairlə hər görüşəndə onu bir bənd şeiri ilə salamlayırdım:
Bağışlasın oxucu,
Sındı qələm, yox ucu.
“Çaldıran”ı yazmağa,
Mənə gərək ox ucu...
Fikrimcə bu bənddə şair qələmin kövrəkliyindən (keyfiyyətsizliyindən) daha çox mövzunun ağırlığından, bəlanın, cəfanın dözülməzliyindən şikayətlənirdi. O, “ox ucu” ilə elə bir əsər yazmaq istəyirdi ki, bir də eyni soydan, kökdən, əqrəbadan olan iki dövlət bir-biri ilə “Çaldıran” rəzalətini yaşamasın.
Onunla 1999-cu ildə İraqın Bəsrə şəhərində Mərbud poeziya festivalında bərabər olmuşduq. Səmimiyyəti, səliqəsi, poetik duyumu, təmkini, fəzilətləri ilə həmişə diqqət mərkəzində olurdu. Maraqlı müşahidələri, bənzərsiz qənaətləri ilə həmkarını heyrətə salardı. Bu ilin mayında sürət qatarı ilə Gəncəyə getmişdik. Mehmanxanada otaqlarımız üz-üzə idi. Mərbud sərgüzəştləri ilə bağlı xatirələr, ərəb şairlərinin bədahətən söylədiyi şeirlər, rastlaşdığımız hadisələr yada düşdükcə xəyalın qanadlarında 25 il əvvəlin Bəsrəsinə səyahət etdik...
Gəncədə yeni yaradılmış müasir, modern Dünya məktəbi ilə tanış olduq. Qəzənfər Paşayev kitablarını məktəbə hədiyyə etdi. ...Şahin müəllim də “Dördüncü Divan”ını mənə bağışladı. Onunla tezliklə görüşməyi vədələşmişdik. Təəssüf ki, qismət olmadı...
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Darıxan gecə üçün nəğmə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Darıxan gecə üçün nəğmə...” söyləyir.
Xoş mütaliələr.
Darıxan gecə üçün nəğmə
Bir ağ bulud boylanır,
Göy üzünün damından.
Yenə də yağış damır
Gecənin yanağından...
Bir gəmiyə minmişik,
Sahilə çatmaq olmur.
Boğulduğun dəryada
Bəs niyə batmaq olmur?!
İlahi, daş dünyada
Niyə yumşaq olmuşam?
...Uşaqlıq şəklim də yox-
Bilim uşaq olmuşam.
Qoy, qucum bu baharı,
Təzə girib- körpədi.
Gələn bahar bəlkə də
Gəlib məni görmədi.
...Yer üzünü çağırdım,
Çıxmadı səsə- yoxmuş.
Sən demə, bu dünyada
Allahdan kimsə yoxmuş...
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Marmaris və Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” keçiriləcək
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 29 - 31 avqust tarixlərində Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 29 avqust tarixində ənənəvi olaraq Marmaris şəhərində açıq havada altı min nəfərlik qədim amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaqdır.
Konsert proqramında Azərbaycan və Türkiyə sənətçiləri birgə iştirak edəcək, hər iki ölkənin musiqiləri, rəqsləri təqdim ediləcəkdir.
Cari ilin 31 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi reallaşdırılacaqdır.
Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətiriləcək qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunacaq, habelə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaqdır.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaqdır.
Konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdarartistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli misiqilərimizi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəklər.
Azərbaycan nümayəndə heyəti - incəsənət ustalarının Antaliya televiziya kanalının qonağı olacaq, Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaqdır.
Tədbirlər çərçivəsində Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri müzakirə olunacaq, Universitet kitabxanası, habelə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Əbədi yasəmən fəsli… - MİRVARİD DİLBAZİNİN 112 İLLİYİ QEYD OLUNDU
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın ilk kişi xalq şairi əslən Qazaxdan olan Səməd Vurğun olub, bunu çoxunuz bilirsiniz. Azərbaycanın ilk qadın xalq şairi. İsə əslən Qazaxdan olan Mirvarid Dilbazi olub. Bunu isə olsun ki, çoxunuz bilmirsiniz.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə 19 avqust 2024-cü il tarixində Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 112 illiyi qeyd olundu, məzarına əklil, gül dəstələri düzüldü.
Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açdı. Bildirdi ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir. 2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin "Bənövşələr üstə göz yaşları" adlı kitabı kiril qrafikasından latın qrafikasına çevrilərək yenidən nəşr olundu. ''Öz içindən yanan bir ocağam'' kitabı isə şair anamız haqqında yazılan şeirlərdən, xatirələrdən, publisistik məqalələrdən ibarətdir.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə ''Vətən oğulsuz olmasın'' kitabı da Mirvarid Dilbazinnin ulu öndərə həsr etdiyi şeirlərdən ibarətdir.
Mirvarid Dilbazi Poeziya Məclisi bu günümüzün işığında yaşayıb yaradan şairlərdən- Brilyant Atəşin, Arzu Yaqubqızının, Arzu Əyyarqızının, Vaqif Osmanlının kitabıarının işıq üzü görməsinə vəsilə olub. Mirvarid Dilbazi Poeziya Məclisinin son uğuru isə şəhid Zaur İsmayılzadənin anadan oımasının 29 illiyi münasibəti ilə Beynəlxalq Muğam Mərkəzində ''Buğra tələsi'' kitabının təqdimatı oldu. Kitabın müəllifi hərbi jurnalist Ötərxan Eltacdır.
Bunlarla bərabər təşkilat milli mənəvi dəyərlərimizi də geniş təbliğ edir . Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə kəlağayımız UNESCO-nun Qeyri Maddi Mədəni irs üzrə Peprezentativ siyahısına daxil olmuşdu. Bu tarixi hadisənin 10 illiyi münasibəti ilə təşkilat kəlağayı haqqında festivallar keçirir, sərgilər təşkil edir, sazlı sözlü konsertlər verir. Beləliklə, Mirvarid Dilbazi Poeziya Məclisi mədəniyyətimizin,ədəbiy yatımızın, poeziyamızın təbliğinə, inkişafaına xidmət edir.
Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci, "Bizim səsimiz" adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin "İlk bahar", "Məhəbbət bizimlə qoşa doğulur", "Həyat lövhələri", "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə "Seçilmiş əsərləri", "Qar çiçəkləri", "Durnalar ötüşəndə", uşaqlar üçün "Nağıllar", "Kiçik dostlarıma", "Gülbahar", "Yaz gəlir", "Lalənin ağacları", "Abşeron bağlarında" və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, "Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə", "Avey dağla söhbət" və digər poemaları, "Xocalı fəryadı", "Məhsəti" pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü”, "Laylay", "Azərbaycan elləri" şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“Eşq adlı buluddan süzülən bir yağışam mən…” - İLQAR FƏHMİNİN DOĞUM GÜNÜNƏ
Bu gün tanınmış yazıçı, qəzəlxan, dramaturq, ssenarist İlqar Fəhminin doğum günüdür. Əfşan Yusifqızı öz yazısında bu günü xüsusi çalarlarla vurğulayıb, “Ədəbiyyat və incəsənət” portalı həmin yazını təqdim edir.
“On qadını bədbəxt elyə bilən kişi lazım olanda bir qadını da xöşbəxt eliyə bilmir... Bəlkə bacarmır... Bəlkə də heç istəmir...
Amma baçarmasa da, heç olmasa istəsin..."
Bu gözəl kəlamın müəllifi 2012-ci ildən bu yana oxucusu, izləyicisi olduğum Yazıçı-qəzəlxan Ilqar Fəhmidir.
Bu gün şairin təvəllüd günüdür. O, bu dünyaya söz demək üçün gəlib, ona görə qarşı tərəfdən də söz umur, əsl söz:
"Bir söz de mənə, ey gözü yaşlım,
nəsə bir söz,
Qəlbimdən axan qanımı
bəlkə kəsə bir söz"
İlqar Fəhminin bütün beytlərini ayrılıqda ən mənalı aforizm kimi işlətmək olur və mən həmişə lazımlı yerlərdə müqəddəs deyim kimi istifadə edirəm misralarından:
"İnam uşaq kimiymiş - gözü yaşarsa,
Öpüb sığallamaqla - ovutmaq olmur…"
Sözün gözəlliyindən əlavə özünəməxsusluğu, xoş ahəngi də oxucunun ürəyini titrədir.
"Yanımda sən yox idin, ondan ötrü böylə dolub,
Kağız çiçəklər ilə laləzarı gəncliyimin."
Şairin hansı qəzəlini, şeirini oxusam orda ürək döyüntüsü hiss edirəm və bəzən özümün ürəyimdən keçən fikirləri oxuyuram:
"Mən sənin sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm"...
Mən öz sosial şəbəkə hesablarımda həmişə İlqar Fəhminin beytlərini paylaşıram. Bəzilərini əzbər də bilirəm. Hərdən fb xatırladır həmin qəzəlləri...
Bu gün də hər il yazdığım təbrik şeirlərini xatırladıb, çox sevdiyim şeirləri ilə təbrik yazmışam. İndi həmin şeir, qəzəllərdən sevdiyim misranı, beytləri yığdım ki, söz məndən inciməsin). Şairin yaradıcılığı ahənrüba kimi çəkir oxucunu...
Hər yağış yağanda pıçıldadığım bu misraları necə sevməyəsən:
"Insan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən
bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni
qarə buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən,
çünki yağışam mən"
Və, bir də dilimdə məsələ dönən təngnəfəs kəlmələr:
"Qapını döyən qonaq yox, ölümsə,
Qonaq kimi qəbul et, gülümsə!
*
Bərbəzəkli sözləri, təmtəraqlı cümlələri sevmədiyimdən öz sadə dilimdə, ürəyimdən keçənlərlə sizi Təbrik edirəm, şair. Sağlam və bərəkətli ömür arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Dünyaşöhrətli fransız aktyoru Alen Delon 88 yaşında vəfat edib
“Ədəbiyyat və incəsənət” portalı Joel C Ryan (AP By Euronews)a istinadən xəbər verir ki, məşhur fransalı aktyor Alen Delon Fransadakı evində vəfat edib.
Xəbırdə deyilir:
“Fransız aktyor Alen Delon 89 yaşında vəfat edib. Bu barədə Agence France-Presse onun üç uşağının birgə bəyanatına istinadən məlumat verib.
Qeyd olunur ki, o, fransız Soul kommunasındakı evində, uşaqların və ailənin əhatəsində vəfat edib. Səbəb - keçirdiyi insult olub.”
Bəli, kinonun canlı korifeyi daha yoxdur.
Ən məşhur rejissorların 90 filmində rol alan Alen Delon nadir xarizması və cəsarəti, estetik gözəlliyi ilə dünya kinosunun əfsanəsinə çevrildi.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
BİZƏ YAZIRLAR: Lalə Müzəffərli və Nərgiz Ziya
“Ədəbiyyat və incəsənət” portalının poştundan daha iki məktubu diqqətinizə çatdırırıq. Lalə Müzəffərli Şuşada Üzeyir Hacıbəylinin heykəli barədə təəssüratlarını qələmə alıb, Nərgiz Ziya isə poetik duyğularını.
Lalə Müzəffərli
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin heykəli Şuşa şəhərində yenidən ucaldılıb. 29 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə heykəlin açılış mərasimi baş tutub. Dövlət başçısının tapşırığına uyğun olaraq heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanan heykəlin bərpası Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Xatırladaq ki, bəstəkarın 100 illik yubileyi münasibətilə 1985-ci ildə Şuşa şəhərində ucaldılan heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı tamamilə məhv edilmişdi.
Tarixi silmək olmaz.
Nərgiz Ziya
...Və bəzi güllər solduqca gözəlləşdi.
O güllər ki, bütün pərvanələr hüshlərinə heyran idi, o güllər ki, bütün şairlər şeirlərdə onlara divanə idi, oysa o güllər ömür boyu göz bəbəyi kimi qorunmaq istədilər. Qurunmaq, üstünü toz basmaq bahasına olsa belə, ömür boyu göz önündə olmağı seçdilər o güllər...
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Dünyanın ən məşhur küşə rəssamları: Nevercrew
Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarları qeyri-leqal çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşı işlərini təqdim etməkdədir.
Nevercrew
Bu, İsveçrədən olan iki rəssamın layihəsidir. Kristian Rebeççi və Pablo Toqni çəkdikləri kompozisiya ilə tamaşaçıları təkcə məftun etmirlər, həm də onların düşünmələrinə səbəb olurlar. Onların mövzusu isə ekologiyadır.
Bu şəxslər eyni məktəbdə oxuyublar, birlikdə rəssamlıq akademiyası da bitiriblər. Rəssamlığın hər sahəsinə baş vurublar, amma onları ən çox cəlb edən məhz qrafitlər olub. Nəhəng rəsmlərdə həm rəng çalarları bənzərsizdir, həm də vurulan kölgələr rəsmlərin canlı olması təəssüratı yaradır. Ən əsası, insan bu ölçücə çox böyük olan rəsmlərin qarçısında duranda öz cılızlığını hiss etmiş olur.
Şəkillərdə: Nevercrew-in rəsmləri
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
“Salam, payız adam” – BİR ŞEİR
“Ədəbiyyat və incəsənət” portalında BİR ŞEİR olaraq Ceyhunə Mehmanın “Salam, payız adam” şeiri təqdim edilir.
Ceyhunə MEHMAN
SALAM, PAYIZ ADAM...
Salam, payız adam! Salam, qış adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
Gördüm ki, gözlərin yoldan asılıb,
Gördüm ki, səsin də bir az qısalıb;
Haylasan, səsinə hay verən olmaz,
Səni dinləməyir dost-tanış, adam.
Demə hardan bildin halımı, demə,
Könlündən süzülən yaşlar söylədi.
Dualar səpmisən üzü göylərə,
Dünən dən atdığın quşlar söylədi.
Hardandı bu qədər inanış, adam?
Gedək, yer üzündən üzülsün əlim,
Gedək, bu dünyanın sonuna gedək.
Bir ulduz gecəyə batıb qarışsın,
Gəl gedək, Allahın yanına gedək.
Gedək, şeir adam, gedək, söz adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)