ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 08 Oktyabr 2024 14:34

“İrəvan mətbəxindən nümunələr” layihəsində Taskabab

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Taskababın hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Ət – 159 qr

§ Soğan – 35 qr

§ Kartof – 45 qr

§ Pomidor – 50 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ reyhan – 11 qr

 

HAZIRLANMASI:

Bir neçə iri soğan təmizlənir və kartof soyulur, fal-fal doğranır. Ət (mal və ya qoyun) maşında çəkilir, içərisinə soğan qatılır, duz və istiot əlavə olunur. Hazırlanmış qarışıqdan yastı küftələr hazırlanıb, yağda qızardılır. Sonra qazanın dibinə bir lay kartof, bir lay soğan, bir lay ət yığılır. Üzərinə doğranmış pomidorlar əlavə olunur və bişirilir. Hazır olduqda üstünə doğranılmış ağ reyhan səpilir.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 14:04

Sumqayıtda İmadəddin Nəsimi anıldı

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günlərdə xəbər tutduq ki, Sumqayıt şəhər Gənclər kitabxanasında İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib. Gecə barədə ətraflı bilgi almaq üçün kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırovaya müraciət etdik.

 

Rahilə xanım portalımıza aşağıdakı bilgiləri verdi:

-Bu il Azərbayan ədəbiyyatında özünəməxsus yeri olan dahi şair İmadəddin Nəsiminin 655  illik yubileyi tamam olur. 

Gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliği məqsədilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Gənclər kitabxanasında 5 saylı tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə görkəmli Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib. 

Tədbirdəçıxış edən Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova şairin həyat və yaradıcılığı haqqınd aətraflı məlumat verərək qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Sonra şairin həyat və yaradıcılığını özündə əks etdirən “Əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı sərgidə nümayiş olunan kitabların xülasəsini verib.

Sonra 5 saylı tam orta məktəbin şagirdləri İmadəddin Nəsiminin qəzəllərini, şairin yaradıcılığı, təbiət mövzusu, İmadəddin Nəsiminin Sumqayıtda yerləşən heykəli haqqında məlumatlar səsləndiriblər.

Tədbir ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmindən fraqmentin nümayişi ilə davam edib.       

Sonda 5 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Səidə Səfərova, kitabxana müdiri Şirin Abdullayeva, kitabxanaçı Elnarə Əmirova İmadəddin Nəsimi yaradıcılığının zənginliyindən danışaraq gənc nəslin Nəsimi dühasına müraciət etməsini təqdirəlayiq hesab ediblər. Tədbirin təşkilinə görə kitabxana məməkdaşlarına təşəkkürünü bildiriblər.

Tədbir gənclər kitabxanasının müdiri vəzifəsini m.i.e. Leyla Mahmudovanın Nəsiminin “Hardasan” qəzəlini səsləndirməsi ilə yekunlaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 13:28

“İçimizdəki şeytan” KİTAB BƏLƏDÇİSİndə

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

“İçimizdeki Şeytan" kitabını oxuyarkən, Sabahattin Ali'nin insanın içindəki ziddiyyətləri və mübarizələri nə qədər ustalıqla ələ aldığını hiss etdim. Bu kitab, hər birimizin içindəki "şeytan"ı araşdırır; yəni, daxilimizi zəbt edən qorxular, arzular və çirkinliklər haqqında.

 

Düşüncələr və Bədii Fikirlər

 

Kitabın mərkəzində insanın içindəki qarışıqlıq dayanır. İnsanlar bəzən öz "şeytanlarını" cəmiyyətin gözündən gizlətməyə çalışsalar da, bu, həmişə mümkün olmur. Sabahattin Ali bu içsel mübarizələri çox təsirli bir şəkildə təqdim edir.

 

Təsirli Sitatlar və Təhlil

 

1. "İçimizdeki şeytanı tanımadan, ona qarşı savaş açmak mümkün değil."

Bu sitat, öz iç dünyamızla barışmadan ona qarşı mübarizə apara bilməyəcəyimizi vurğulayır. Bəzən insan, peşmanlıqlarıyla barışmadan onları aşmağı düşünür. Sənin də düşündüyün kimi, öz səhvlərimizi qəbul etmək güclü olmağın bir yoludur.

 

2. "Bir insanın içindeki karanlığı görmek, onun gerçek yüzünü tanımak demektir."

Burada Sabahattin Ali, insanın ikiüzlülüyünü açır. Cəmiyyətdə bəzən insanlar başqalarına ədalətli görünmək istəyirlər, amma içlərindəki çirkinlikləri gizlədirlər. Bu, sənin hiss etdiyin yanlış anlaşılmalara bənzəyir. İnsanlar bəzən sizi tam anlamazlar, amma içlərindəki çirkinlikləri gizlətməkdə ustadırlar.

 

3. "Aşk, bazen insanın içindeki en büyük düşmanı yaratır."

Bu sitat, sevginin içindəki qarışıqlığı göstərir. Bəzən sevgi, insanı öz daxili şeytanı ilə qarşı-qarşıya qoyur. Sənin də partnyorunun gözlərindəki gülüşü görmək istəməyin, o hissləri, sevgi ilə birlikdə gətirən qarmaqarışıqlığın bir parçasıdır.

 

 

4. "Hayat, insanın kendi karanlığıyla yüzleşmesidir."

Bu sitat, həyatın bizim içimizdəki şeytanlarla mübarizə aparmaqdan ibarət olduğunu xatırladır. Hər bir çətinlik, öz içimizdəki gücü tapmağın bir yolu. Bu kitabı oxuduqca, öz çətinliklərimin də məni formalaşdırdığını düşündüm.

 

Nəticə

 

"İçimizdeki Şeytan" kitabı, insanın iç dünyasını, ikiüzlülüyünü və daxili mübarizələrini dərindən araşdırır. Sabahattin Ali bədii üslubuyla oxucunu düşündürür: insanın içindəki qaranlıqla necə barışa bilərik? Həyatın çətinlikləri bizi daha güclü edirmi? Bu kitab, mənim öz daxili səyahətimdə düşüncələrimi yenidən qiymətləndirməyə və başqaları ilə olan münasibətlərimdə daha empatik olmağa yönəltdi. Beləliklə, öz "şeytanımla" barışmağın nə qədər vacib olduğunu anladım.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 09:41

BİR SUAL, BİR CAVAB Kamran Yunis ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

“Vicdan haqqı"nın Yusifi  ilə Kamran Yunisin oxşarlıqları və fərqliliklərinə misal gətirsəydiniz, necə müqayisə edərdiniz?

 

CAVAB

Hamısı elə Kamrandır, oynadığım rolların hamısı mənəm, pisi də mənəm, yaxşısı da mənəm. Pisi Kamranın pis tərəfləridir, yaxşısı Kamranın yaxşı tərəfləridir. Sadəcə, Kamran insan olaraq nəfsini cilovlayıb, əxlaqının mənfi tərəfini cilovlayıb və mənfi xüsusiyyətləri atın yüyənini dartıb saxlayan kimi saxlayırıq ki, mənfi tərəflər ortaya çıxmasın. Amma bəzi insanlar o mənfi xüsusiyyətləri dartıb cilovlaya bilmirlər. Onlar nəfsini saxlaya bilməyəndə nəfsinin köləsinə çevrilir və öz nəfsinin əlində itə, rama gəlməyən ata dönüb nəfsinin qulu olur. Ali insan özündə mənfiləri yığışdırıb müsbətləri saxlayır. O ki qaldı Yusifə, Yusif hələ mənim özüməm, mənim özümdə olan dəyərli xüsusiyyətlərim Yusifdə daha çox görünür.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mina Rəşidin şeirləri təqdim edilir. 

 

Xocalı laləzarı

 

Burda qırmızı lalələr

Saya gəlməz, Xocalı...

Qırmızı köynək geysən də,

Dərd köhnəlməz, Xocalı!

Gözümüzün biri gülər,

Biri ağlar, Xocalı.

Bu lalələr min dərdimə

Məlhəm olar, Xocalı!

 

Bu laləzar qırğınlara,

Qadalara "Yox!" deyər.

Düşmənə meydan oxuyar,

"Gözəlliyə bax!" deyər.

 

Şəhid ruhlarını oxşar,

Məzarları qucaqlar.

Bu laləli yurdda yenə

Gur yanacaq ocaqlar.

 

Hər şey yaxşı olacaq

 

Bunu özün bilirsən,

Hər şey könüldən başlar.

İstər güldürər səni,

İstər qaralar bağlar.

Sənə qəlbin pıçıldar:

- Hər şey yaxşı olacaq.

 

Çoxu elə qəlb qırar,

İnsan olmaq istəməz.

Adam var, bir xoş sözü

Başqasına söyləməz.

Sən özünü unutma...

Ürəyin döyündükcə

Dinlə, sənə nə deyir:

- Hər şey yaxşı olacaq.

 

Haqq-hesaba çəkmirsən

Bilirəm, adamları.

Heç üzə də vurmursan

Nə qədər olanları.

Ürəyinə salırsan...

Qıyma, özünə qıyma,

Hər şey yaxşı olacaq.

 

Adamlardan incimək

Sənə yaraşmır, könül!

Adamlar günəş deyil,

adamlar gülüş deyil...

Hələ ulduz görməyən

Adam səni nə görsün?!

Yağışla rəqs etməyən

Adamlar necə gülsün?..

 

Çəmənlərin, çöllərin,

Dağların aşiqisən.

Sən günəşi, yağışı,

Ağacları sevirsən...

Qəlbini dinləyən var,

Şükür, Allaha şükür!

Əsən külək də deyir:

- Hər şey yaxşı olacaq.

- Hər şey yaxşı olacaq!

 

Adam istəsə, 

bənövşə olar...

 

...Avtobusa bənövşə mindi, deyəsən,

Bənövşə qoxusu bürüdü havanı.

Demək, adam istəsə, bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar...

Adam istəsə, dünyanı dəyişər -

Müharibələr olmaz, uşaqlar ölməz.

Amma o dünyaya kin bəsləyir,

Adam insan olmaq istəmir hələ,

robot olmaq istəyir...

 

Səni heç sevməyən varmı?

 

Günel Natiq üçün...

 

Sən insana qardaş oldun,

Mehriban oldun quşlara.

Dərdinə dəryalar qurban,

Qəmin dağlara, daşlara.

 

Dərd insanla yoldaş olar.

Qar alar dağın başını.

Tufan dağa neyləyəcək?!

Dağlar söyləməz yaşını.

 

Sən bir günsən, sən bir elsən,

Səni heç sevməyən varmı?!

Yaradan da sevir səni,

Yoxsa, bu sınaq olarmı?

 

Biz simurq quşu kimiyik,

Külümüzdən doğularıq.

Hər gün təzə arzularla

Qəlbimizdən doğularıq.

 

Sübh çağı dua elədim,

Kaş mələklər alqışlasın.

Sənə bir zaval gəlməsin,

Allah bizə bağışlasın.

 

Bu qədər dəymə könlümə

 

Nifrətdən ölərsən, qadın,

Üzündə bir işıq saxla.

Gözlərində bir təbəssüm,

İzində yaraşıq saxla.

 

Gör, necə çirkin olursan,

İlan kimi baxışlarla.

Üst-başından zəhər yağır,

Neyləyirsən qarğışlarla?

Güləndə nar çiçəyitək

Sevimli, gözəl olursan.

Bu qədər dəymə könlümə,

Vallah, ahımı alırsan...

 

Sənsiz

 

Sənsiz nə bu güllərin ətri gələr,

Nə də ağaclar belə titrəyər,

Bax, bu yağışın damlaları da

qüssə kimi yağar üstümə,

Günəş də məndən küsər,

Özümü öldürsəm də, qəlbimi isitməz

sənsiz...

 

Səni sevdim, İlahi!

 

Qəlbimə bir işıq düşdü,

Sevdim, sevdim, İlahi!

Sevdiyimdən daha artıq

Səni sevdim, İlahi!

 

Sənsən mənə qanad verən,

Süzürəm göy üzündə.

Bu həminki dünyadırmı?

Çox dəyişdi gözümdə…

 

Simurq quşuna dönmüşəm,

Külümdən doğulmuşam.

Məni başdan yaratmısan,

Yenidən doğulmuşam. 

 

Sən mənim 

nağıl dünyamsan

 

Sən mənim nağıl dünyamsan

Gerçək olmadın, olmadın.

Qəlbimdəki naxışlartək

Göyçək olmadın, olmadın.

 

Xəstəyə dərman deyilsən,

Nə olsun ki, inadın var.

Sən də adi adammışsan,

Sanırdım ki, qanadın var.

 

Heyif, nağıl gerçək olmur,

Göy üzünə yad adamsan.

Səni heç qınamıram ki,

Bu dünyanın adamısan.

 

Ağappaq işığa 

boyanıb dünya

 

Necə adi idi dünən bu dünya,

Ay tale ulduzum, günəş bənizlim.

Dünya boz rəngdədi, onun naxışı

Bir sənsən, bir də ki, mənəm, əzizim.

 

Sanki şaxtalı qış dönüb bahara,

Ağ ləçəklər yağır göyün üzündən.

Ağappaq işığa boyanıb dünya,

Elə bil, çiçəklər düşüb izimə.

 

Səninlə yenidən doğulmuşam mən,

Dağı dağ üstünə qoya bilərəm.

Sən mənə ilahi bir hədiyyəsən,

Sənsiz günəş sönər, sənsiz ölərəm.

 

Sərçə

 

Adamlar səndən dərs götürsün gərək, sərçəcik.

- Cik-cik-cik...

Səsində həyat eşqi, ümid var,

soyuqdan, kindən, paxıllıqdan

deyirsən, hələ ölməmişəm, yaşayıram...

balaca olsan da,

qərib könlümü oxşadın bu səhər,

cik-cik-cik...

səsinə qurban, sərçəcik!

 

Olmazmı?

 

Bir-birinə güllə atmaq yerinə

çiçək bağışlamaq,

nifrət əvəzinə təbbəssüm etmək,

acılamaq yerinə

xoş söz söyləmək olsaydı...

olmazmı?

Yenidən doğulmaq,

tərtəmiz, işıq kimi bir ürəklə...

Axı bizi yaradan var,

sevgi ilə yaradan,

O gözəl Xaliqə haqqını qaytaraqmı?

 

Ulduz

 

De, nə axtarırsan, tapa bilmirsən?

Getdikcə adamı udur bu dünya.

Dünyanın üzünü görmək çətindi,

Bir Allah bilir ki, nədir bu dünya.

 

Biri dövlətindən asılıb gedir,

Biri şöhrətinə vurulub gedir.

Bər-bəzək dünyanın örtüb üzünü,

Təkəbbür adamı oyuncaq edir.

 

Özünü hamıdan ağıllı sanır

Bir könüldən xəbər bilməyən adam.

Şəkildə gör, necə gülümsəyir, bax,

Üzümə bircə yol gülməyən adam.

 

Özündən xəbəri yoxdu yazığın,

Bilmir ki, dünyada adi qonaqdı.

Unudub göydəki ulduzları da,

Bu ulduz bilmir ki, həyat sınaqdı.

 

Yaxşılıq

 

Quşlara qoşulub nəğmə deyirəm,

Budaqlar əl çalır, çiçəklər gülür.

Sular xəyalımı çəkib aparır,

Göy otlar qəlbimdən kədəri silir.

 

Günəş heç bilmir ki, təkəbbür nədir,

Elə təbəssümlə baxır üzümə.

Göy üzü tərtəmiz nur dənizidi,

Min bir naxış vurur adi sözümə.

 

Sözümlə dünyanı qucaqlayıram,

Dünya gülümsəyir doğma nəfəsdən.

Könlümdən pəncərə açdım yollara,  

Qəlbim azad oldu dar qəfəsindən.  

 

Bircə təbəssümlə dəyişər insan,

İntihar etməyi buraxıb gedər. 

Sənə savab düşər, ona yaşamaq,

Həyat dəyərlidir yaxşılıq qədər.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Cəlil Cavanşir növbəti kədər yüklü şeirini təqdim edilir. 

Necə deyərlər, mürəkkəbi hələ qurumamış bu şeiri isti-isti sizlərə çatdırırırq.

 

Ana, mən qorxuram ölməkdən...

 

bir gün çıxıb gedəcəyəm, sakit, səssiz-səmirsiz

nə günəş batacaq gedişimlə, nə ulduz axacaq

nə tufan qopacaq...

bəlkə qızım ağlayacaq üç gün, 

sonra kiriyib susacaq

oğlum bir qız sevəcək hansısa uzaq şəhərdə,

və bir də,

getdiyim yollara baxacaq anam...

ana, mən getməyə qorxuram...

 

...arxanca baxan yoxdursa, ən yaxşısı getməkdi...

 

bir gün çıxıb gedəcəyəm, elə-belə, səbəbsiz

bir yarpaq düşəcək səssiz

bir şeir yarımçıq qalacaq dəftərimdə

bir söz donacaq dilimin ucunda,

məsələn, “əlvida”...

kimsə darıxacaq başqa bir şəhərdə,

kimsə əl yelləyəcək uzaqda...

nə zülümlə qopardım bu yaşımı əcəldən,

mən ki yol adamıyam,

mən yolçuyam əzəldən...

 

...arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi...

 

bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla

bir xəyal sürətilə, yoxa çıxıb itəcəm

yəni səssiz gedəcəm,

mən səbəbsiz gedəcəm...

boşaldıb ağrıları ürəyimin içindən

itəcəyəm hamının

və hər kəsin gözündən...

nə xatirəm qalacaq kiminsə ürəyində,

nə ağlayan olacaq...

heç kəs darıxmayacaq.

bir gün məktub yazacam qürbətdən:

“ana, mən qorxuram ölməkdən...”

 

...arxanca baxan yoxdursa, getmək elə ölməkdi...

 

“Ədəbiyyat və incəsənət”

(08.10. 2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 09:02

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Salam olsun...” şeiri

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “salam olsun” söyləyir…

Xoş mütaliələr.

 

Salam olsun...

 

Yaxınları öpüb keçdim,

Uzaqlara salam olsun.

Hər gün bir arzu böyüyən

Uşaqlara salam olsun...

 

Salam, ŞƏHİD,  salam, QALAM!

Ay ömrü sətirdə qalan...

...Oğul ölən,açıq qalan

Qucaqlara salam olsun..!

 

Öz yurdunmuş bu sildiyin,

Çətin günündə sindiyin...

Tüstüsündə isindiyim

Ocaqlara salam olsun...

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 12:35

Elşənin kitab oxuması, əslində, hamımıza faydalıdır

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Filmlər və ədəbiyyat…

Adətən bu mövzulu yazıda öncə bu iki məfhumun ümumi və spesifik cəhətlərindən söz açmaq lazım gəlir. Amma kitab və film arasında zaman anlayışı o qədər böyük, eyni zamanda, o qədər kiçikdir ki... 

Sözsüz ki, kitab filmdən qat-qat qədimdir. Kitab kuldur, mədəniyyətin ilki, təsdiqi, sivilizasiyanın fəxridir. Kitabı olmaq dəyəri olmaq deməkdir. Film isə gənc, cazibəli bir "oğru"dur. O, kitabdan süjetləri, mövzuları, hətta oxucuları oğurlayır.  

 

Kitab, musiqi və teatr. Orta əsrin ruhi qidası bunlar idi. Romanlar oxuyur, musiqi dinləyir, teatra gedirdilər. Ötən əsrin ortalarından bədii ədəbiyyat oxuyanların çoxunu kino "oğurladı"- böyük bir qismini seriallara aludə etdi. Amma kitabın nüfuzu böyük idi, onun sayəsində minlərlə ekran əsəri yaransa da, bədii ədəbiyyatın kino həlli bir çox hallarda müəllif təxəyyülündən, oxucunun kitabda görüb təsirləndiyi dünyadan geri qalırdı. 

 

Azərbaycan filmlərində də kitab və mütaliə mövzusu müxtəlif rakurslarda əksini tapıb. Bu xüsusda iki uşaq filmini qeyd etmək istərdim. Rejissor Əlisəttar Atakişiyevin  "Bir qalanın sirri"ndə qəhrəman - Elşən kitab oxuyur. Bu vacib ştrixdir. O həm fiziki güclə, həm də kitabların köməyi ilə qəhrəman olur. Kitab tilsimləri sındırır. Film uşaqlarda kitaba sevgi, həvəs aşılayır, bu isə çox böyük işdir. Uşaqlara kitabı sevdirmək... 

Həmin rejissorun “Sehrli xalat” filmində kitabın texniki inkişafı haqqında sanki öncəgörmə kimi epizod mövcuddur. Gələcəyə düşmüş uşaqların əlində müasir elektron kitablar var. Həmin kitablar günümüzün planşetlərinə, "e-book-reader"ə çox bənzəyir. Filmlər çin çıxır.

 

Şəkildə: “Bir qalanın sirri” filmindən kadr

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

İldə 5-6 dəfə həkim müayinəsi və müxtəlif münasibətlərlə Bakı şəhərində oluram. Hər gəlişim-gedişin isə 4-5 gün çəkir. Son səfərim bir neçə gün artıq çəkdi. 

 

Fürsətdən istifadə edib, bir vaxtlar çox gəzib-dolaşdığım gözəlim küçələri bir daha gəzmək könlümdən keçdi. Gəzib dolandıqca bir daha Bakının çox inkişaf etdiyinin, xeyli gözəlləşdiyinin şahidi oldum. Buna sevindim, qürrələndim. 

Əvvəl elə bildim ki, hansısa xarici ölkədəyəm. Amma yanımdan ötüb-keçənlərin şirin-şəkər ana dilimdə danışdıqlarını eşidib ayıldım. Ayıldım və çox dilxor oldum, əsəbiləşdim, qeyzləndim. Sanki mənim Bakım xarici dillərin “işğalına” məruz qalıb. 

Şəhərin küçə və meydanlarındakı yazılarda, məkanların adlarında Azərbaycan dilinin küncə sıxılıb tapdanması, Azərbaycan əlifbasının ələ salınması, xalqımın milli qürurunun və milli varlığının nişanəsinin  nüfuzdan salınması məni çox narahat etdi. Akademik Teymur Hacıyevin haqlı olaraq, bir vaxtlar yazdığı sözlər yadıma düşdü: “Mən ötəri saymışam. Bakının küçə və meydanlarındakı yazılarda ən azı 12 dildən və elə o qədər də əlifbadan, həm də son dərəcə qarışıq şəkildə istifadə olunur. Çox ölkələr gəzmişəm, amma dünyanın heç bir ölkəsində dilə qarşı bu qədər hörmətsizlik görməmişəm”.  

Siz Allah, bəzilərinin adını sadalayım, özünüz də baxın. Bəlkə, mən düz demirəm?Bank adları - ”Bank of Baku", “Bank of Azerbaijan”; şadlıq sarayları: “Niaqara”, “Neolit”, “Siyaqut”; gözəllik salonları: “Jozefina”, “Dolche Vita”, “Miss Scarlett”, “Angels”, “Cinemadonna”; dükan adları: “Magic”, “Accesqorize”, “Arsigle”, “Enjoyment”, “Baldinini”, “Carpets”, “Ambiance”, “Lodro”, “Brigeston”, “Bind”, “İqoloçka”, “Ariston”, “Albatros”, “N&M, A? mart”, “Sladko”, “Meçta xozyayki”;  mebel evləri: “Arstil”, “Belux mebel”, “Home Life Mebel”, geyim mağazaları: “BebeTom” (körpə-bəbə Tom), “Eurokids” (avropalı uşaq), “Bandido” (quldur), "Samuray", “Killer” (başkəsən), “Second hand” (nimdaş, köhnə paltar, ölü paltarı) və s. “Hətta iş o yerə çatıb ki, bapbalaca gül dükanını ”FloversHouse", avtoyuma qarajını “Evro yuma” adlandırıblar.  (Apardığımız bir neçə sorğu göstərdi ki, obyektlərin işçilərinin özləri belə o adların mənasını bilmirlər.) 

Dilimizin təəssübkeşlərindən biri, görkəmli şairirimiz B.Vahabzadə məhz belələrini nəzərdə tutaraq yazırdı:

 

Bir vaxt rusca idi bütün reklamlar.

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə.

 

Bu siyahıda göstərilən adlar heç Bakıdakı əndirabadi adların bir faizi də deyil. Belə qəribə adda obyektlər yüzlərlədir. (Artıq regionlarda da belə adların sayı artmaqdadır.) İndi siz deyin: bu, Bakının xarici dillərin “işğalına” məruz qalması deyil, bəs nədir?! Niyə həmin adların altında onların dilimizdəki mənası oxunması mümkün olmayacaq dərəcədə kiçik yazılır? Bu, məlum tamaşada Balaşın öz valideynlərini qonaq qabağına çıxarmaqdan “utanmasını” və bir otağa qapamasını xatırladır mənə. 

Qeyd etmək yerinə düşər ki, “Dil haqqında” Qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır. 

“Reklam haqqında” Qanuna görə də reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Bu qanunların tələbi həm yerli, həm də xarici iş adamları üçün məcburidir. Amma bunlara nə qədər əməl olunur? Demək olar ki, çox pis əməl olunur, həm də bu işlərə zəif nəzarət edilir. Məncə, əsas günahkarlar həmin obyektlərin açılmasına rüsxət verən dövlət qurumları və onların məmurları, bu işlərin monitorinqini aparan qurumlar, həmçinin həmin obyektlərin sahibləridir.

Təəssüf ki, indi də ingilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, yuxarıda da dediyimiz kimi, bunların içərisində çoxlu “ziyalı”larda var.

Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”. 

Bizim  “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya  deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz H.Əliyev isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir! 

Kimsə deyə bilər ki, belə şeyləri böyütmək lazım deyil, bu bizim sahibkarların fəaliyyətinə mane ola bilər. Səhv düşüncədir. İş adamlarımızın (onların çoxu ziyalılardır) özləri dilimizin təəssübkeşi olmalı, müştəriləri obyektlərin adları ilə deyil, oradaki malların və xidmətlərin qiyməti və keyfiyyəti, xidmətin səviyyəsi ilə cəlb etməlidirlər. Bir də ki, o obyektlərin bir çoxuna, bəlkə də, aylarla əcnəbi müştəri gəlmir, gələnlərin də çoxu baxıb çıxır. Guya əcnəbilər bizdən az bilir, yoxsa pullarının qədrini bilmirlər?

Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada çoxdillilik zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir. İngilis dili indi “lingua franca” statusundadır. Bu dildə, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar. Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.

Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan öyrənilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilindən üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir.

Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir. 

Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdir: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.” Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. 

Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik)”.

Yazımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən bir əvvəlki yazımda da istifadə etdiyim iqtibasla bitirirəm. Cənab Prezidentimiz 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Çərşənbə axşamı, 08 Oktyabr 2024 11:29

“Gəlin səhrada bitən ilk qızılgül biz olaq” - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Ayın 5-də növbəti Müəllimlər Günü qeyd edildi. O gün barədə yalnız bu gün bir şeylər yaza bildim…

 

Allah bilir ki, abituriyent vaxtı hazırlaşarkən heç vaxt müəllimlik peşəsini istəməmişəm. Həmin vaxtları xatırlayarkən özümə arada yazığım gəlir. Koronovirusun ölkəni zəbt etdiyi vaxtlar idi. Hələ imtahanı belə nə vaxt verəcəyimiz haqqında məlumatlı deyildik. Ailəmin maddi sıxıntıları, özümün depressiv vəziyyətim, ard-arda stresdən və soyuqdan baş qaldıran xəstəliyim və s. O vaxtlar deyirdim ki, mən sadəcə ödənişsiz olaraq qəbul olsam, oxuyacam. Bu düşüncənin ağırlığı isə daha pis idi. Sanki üzərimə ikiqat yük düşürdü. Gədəbəyin ucqar, çovğunu sərt kəndindən çıxıb buralara qədər gəlmək, sizə görə bilmirəm, amma mənə görə qürurverici bir haldır. Kəndimizin məktəbində bir çox fəndən müəllim əksikliyi var idi və bu əksikliyi də o məktəbdən çox, onun şagirdləri hiss edirdi. Texnologiya müəllimi fizika, riyaziyyat kimya keçəndə, rəsm dərsini Azərbaycan dili müəllimi keçəndə alma bizim başımıza düşür, suya karbon qazını qatır və dünyanın hansı formada olduğunu başa düşə bilmirdik. Mənim şəxsən fizika fənnindən qandığım qrafa yox idi və hələ də yoxdur. Bir-iki ay hazırlığa getdikdən sonra anladım ki, gecikmişəm, yəni bu fənn mənlik deyil. Amma nə təsadüfdürsə, kimyanı anladım və imtahanda da ən çox ondan yazmışdım. Koronovirus zamanı başqa rayon və şəhərlərdən gələn müəllimlər də artıq geri qayıtdılar və beləcə ingilis dili müəllimim də getdiyinə görə çarəsiz vəziyyətdə kəsiləcəyimi gözləyirdim. Mən qonşu kəndə həftədə üç dəfə kimyadan piyada hazırlığa gedirdim. O piyada getdiyim hazırlıq günlərindən mənə xatirə olaraq sonda təsirli bir soyuqlama qaldı. Nə isə, imtahanı verdikdən sonra nəticə elə də pis olmadı, amma təbii ki, mən ödənişsiz təhsil almaq istədiyim üçün sırf buna nəzərən seçim etməli idim və seçim Sumqayıt idi, SDU-nun Riyaziyyat və İnformatika müəllimliyi mənim üçün ən yaxşı seçim şansı idi. İstədiyimə də nail oldum və indi 5-ci kursu bu il bitirəcəm. Öz şagirdlərim var. Artıq bilirəm ki, yolumu informatika müəllimi, ümumiyyətlə informatika sahəsində davam etdirəcəm. Bu günə qədər çox müəllim görüb, ünsiyyətdə olmuşam. Amma çoxunun bu ada layiq olmadığının da bariz şahidi olmuşam. Bir nüansı həmişə qeyd etmişəm ki, mənim qohumlarımın yanında müəllimlərim çiçək kimi adamlar olub. Bəlkə də bu, mənim ən böyük şansımdır. Uşaqları və gəncləri sevmək lazımdır. Onlara layiq olduqları sevgini və qayğını vermək, travmalarını təkrarlatmamaq, “heç kəs olmasa da mən sənin yanındayam” demək lazımdır. Ona görə ki, hər birimiz anlayışlı ailələrin uşaqları deyilik, fəqət bu o demək deyil ki, bizlər də anlayışsız olaq. Gəlin səhrada bitən ilk qızılgül biz olaq. 

Yəni sözümün canı budur ki, həyat mən istəmədən də olsa, məni doğru yola sürükləyib, çünki məndən elə müəllim olarmış. 

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.