ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

"Ədəbiyyat və incəsənət" portalı tanınmış Mərakeşli  yazıçı və jurnalist Hassane Yartinin  azərbaycanlı şair və ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli ilə müsahibəsini təqdim edir. 

Müsahibə Hassane Yartinin  İspaniyada nəşr edilən  Yazılmaz fəsil"  adlı dünya yazıçıları ilə ədəbi müsahibələr kitabında yer alıb.

 

Qısa arayış:  HASSANE YARTI İspaniyanın Barselona şəhərində yaşayıb yaradan Mərakeşli yazıçı, şair, redaktor, tərcüməçi və qrafik dizaynerdir. O, dilçilik və tərcümə üzrə doktorluq dərəcəsi almışdır.  Birləşmiş Millətlər Təşkilatının Nəzdində Qadınlar  Assosiasiyasının fəxri müşaviri vəzifəsində çalışır,  BiMT-yə bağlı Ümumdünya İncəsənət və Ədəbiyyat İttifaqının (UN-IFAL) qlobal səfiridir. Ədəbiyyat və mədəniyyətə verdiyi mühüm töhfələrə görə beynəlxalq ədəbi mühitin ən tanınan imzalarından biri kimi  məşhurdur. Ərəb Yazıçılar Birliyi,  Ərəb Elitası Poeziya və Ədəbiyyat Birliyi kimi mötəbər təşkilatların üzvü olması onun ədəbi ictimaiyyətdəki nüfuzundan xəbər verir. 

 

 H.Y: Başlanğıc üçün oxucularımıza özünüzü necə təqdim edərdiniz?

 

- Mən iki fərqli qütbün - Şərqlə Qərbin  mədəniyyətini mükəmməl bir şəkildə özündə birləşdirən bir ölkənin - Azərbaycanın şairi, yazıçısı,  ədəbiyyatşünas alimi, pedaqoquyam.  Ruhumla vətəninə, mənsub olduğum türk  soyuna çox bağlı olsam da bütün bəşəriyyətə, insanlığa sevgi duyuram. 

 

H.Y: Yazıçı, və insan...   müqayisəsi  aparmaq  olarmı?

 

- İnsan yer üzünün əşrəfidir, hər cür müqayisədə üstünlük onundur.  Allahın ən mükəmməl yaratdığı varlıq kimi, təfəkkür sahibi kimi... İnsan kamilliyin ən yüksək məqamına çatmaq qabiliyyətinə malik yaradılıb.  Şairlik, yazıçılıq isə insana verilən xüsusi bir istedaddır, Allah tərəfindən seçilmək, fərqləndirilməkdir. Azərbaycanın böyük şairləri Nizami Gəncəvinin, Məhəmməd Fuzilinin, İmadəddin Nəsiminin  sənəti,  Lev Tolstoyun, Viktor Hüqonun, Teodor Drayzerin, Ernest Heminqueyin timsalında... dünyanın bütün  böyük yazıçılarının  yaradıcılığı isbatlayır ki, yazıçılıq  Allahdan gələn bir lütfdür, bacarıqdır. Təbi ki, söhbət əsil yazıçı istedadından gedir.  Və mənim düşüncəmə görə, yazıçı insanlığı ilə də başqalarından ciddi surətdə fərqlənməlidir, şair, yazıçı çox yüksək səviyyədə insansevər olmalıdır, yoxsa yazdıqlarına heç kimi  inandıra  bilməz.

 

H.Y: İlk yazınızdan danışmağınızı istərdik.  Bu ilk qığılcım necə alovlandı və yanmağa davam etdi?

 

- Mən uşaqlıq illərindən, kiçik məktəb yaşlarından şeirlər yazmağa başlamışam. Daha sonra məqalə, hekayə və s. janrlara da keçid etdim. Amma şeir - əbədi sevgimdir. İİlk dəfə dostlarıma oxuduğum, sinif yoldaşlarımın xatirə dəftərinə yazdığım şeir belə adlanırdı: "Dünya, hələ sənə bələd deyiləm." Həmin şeiri  13-14 yaşlarımda yazmışdım və ona qədərki cızma-qaralar demək olar ki, yadımda qalmayıb. Bu şeir dünyanı tanımayan, onun sirlərini öyrənmək, bilmək istəyən, bu haqda çox  düşünən və həyəcanlanan bir yeniyetmə qızın düşüncələrindən ibarət  idi. Görünür məktəbimizdə şagirdlərin, hətta müəllimlərimin  bu ilk təcrübəmi şeir hesab etməsi məni  özümü kəşf etməyə sövq etdi. Onsuz da ədəbiyyatsevər kimi,   bədii qiraəti ilə seçilən şagird kimi məktəbimizdə diqqət mərkəzində idim. Məktəbimizin direktoru Fikrət Hacıyev mənə böyük rəğbət bəsləyirdi, bütün tədbirlərdə mənim şeir ifamı  eşitmək istəyirdi. Şeir yazdığımı biləndə isə mənə olan  inamı daha da artdı. Beləliklə, elə məktəb illərində qəzetlərə məqalələr də yazdım, orada da yazılarımı bəyəndilər, nəşr etdilər, hətta qonorar da verdilər.  Zamanla özüm də hiss etmədən ədəbiyyat mənim həyatımın mənasına çevrildi. Və məktəbi bitirib universitetə qəbul üçün ixtisas seçimi edəndə filologiya fakültəsini seçdim.

 

H.Y: Yazanda  oxucunu düşünürsünüzmü?  Yazdıqlarınızı  hansı qəbildən oxucunun izləməsini istərdiniz? 

 

- Yaradıcılıq  prosesində heç vaxt oxucu haqqında düşünmürəm. Yalnız üzərində işlədiyim yazının sehrinə qapılıram. Bütün varlığımla, düşüncəmlə, qəlbimlə və diqqətimlə  sözlərin mahiyyətinə dalıram. Yazı prosesi başa çatandan sonra isə qeyri-ixtiyari oxucunun obrazı gözlərim önündə canlanır. Özümü tam qane etməyən yazını oxucunun da bəyənməyəcəyini  düşünürəm. Amma bəzən bunun əksi də baş verə bilir.  Bəzi yazıçılar deyir ki, əsərlərimi yüksək intellektli beş-on nəfər oxusa  yetərlidir. Amma mən belə bir məntiqdən uzağam.  Düşünürəm ki, əsərlərimi  müxtəlif dünyagörüşlü, fərqli mədəniyyətlərə, fərdi düşüncə tərzinə malik  hər çeşid  oxucunun oxuması daha  böyük avantajdır. Axı yazıçının oxucu seçimi etmək kimi bir səlahiyyəti də yoxdur. Adətən oxucu yazıçısını, oxuyacağı əsəri seçir, yazıçı və ya əsər oxucunu deyil. Əsərlərimizi oxuyan şair dostlarımızın düşüncələri,  tənqidçi fikri, və ya ədəbiyyatın incəliklərindən xəbərsiz  bir oxucu rəyi  bir-birindən fərqli olur. Mən bu müxtəlifliyi sevirəm,  bu fərqli təsirlənmələr məni yeni əsərlər yazmağa ruhlandırır.

 

H.Y: Yazmağa can atırsınız, yoxsa sözlər özü  sizə gəlir?

 

- Müxtəlif ölkələrin mətbuatı üçün verdiyim müsahibələrdə bu haqda danışmışam. Yazı mənimçün olduqca  təbii bir prosesdir. Heç vaxt nəsə yazmaq üçün özümü məcbur etməmişəm,  buna can atmamışam. Amma sözlərin məni məcbur etdiyi vaxt mütləq yazmalı olmuşam. Bəzən gündüzdən fikrimə ilişib qalan bir misra gecəyarı beynimi cırmaqlayıb məni yuxudan oyadır, oyansam da yataqdan qalxıb yazı masasına keçmək istəmirəm, tərəddüd edirəm. Amma o misra da israrla əl çəkmir, beləcə misraların davamı gəlir və o gecə bir şeir doğulur. Və yaxud təbiət qoynunda istirahət etdiyim bir vaxtda hansısa cümlə və ya misra  məni dincəlməyə  qoymur, o qədər narahat edir ki, yazmalı oluram. Əlbəttə, eımi tədqiqatlarım üçün eyni fikri söyləyə bilməyəcəyəm. Amma orada da ilhama ehtiyac olur.

 

H.Y: Dili necə ram edirsiniz ki, həm şeirə, həm də nəsrə yönəldirsiniz?

 

- Şeirə, nəsrə, elmi tədqiqata və publisistik yazılara... Məncə, bu xüsusi bir istedad tələb etmir. Sadəcə onu da  unutmaq olmaz ki, belə məqamlarda yazıçı istedadı təkbaşına yetərli olmur. Yazıçı ola bilmək üçün də,, yazı vərdişini inkişaf etdirmək  üçün  də çoxlu mütaliə etmək lazımdır. Söz bazasını dayanmadan artırmaq, çeşidli bədii düşüncə örnəkləri ilə tanış olmaq vacibdir. Bir sitatı xatırladım. Azərbaycanın böyük  yazıçısı, XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə İbrahimov gəncliyində böyük tənqidçi Əli Nazimin yanına gəlir. Tənqidçidən soruşur ki, mən  yazıçı olmaq  üçün nə etməliyəm? Əli Nazim dərhal cavab verir ki, "get, Lev Tolstoyu oxu". Yəni, mütləq böyük yazıçıların şedevr əsərlərini oxumaq lazımdır. Çox oxumadan yaxşı yazmaq, fərqli  janrlara keçid etmək mümkün deyil.

 

H.Y: İlk kitab həmişə özəldir... təbii bir sual yaranır: Sizə  onu yazmaq üçün nə ilham verdi?

 

- İlk kitab ilk övlad qədər qeyri-adi dərəcədə sehrlidir... Daha əvvəl qeyd etdim ki uşaq yaşlardan şeir yazmışam.  Amma nədənsə şeir kitabımı nəşr etdirməyə tələsməmişəm. Buna görə də ilk kitabım bədii yox, elmi yaradıcılığımla bağlı oldu. Azərbaycanın böyük ədəbiyyatşünas  alimi  akademik Kamal Talıbzadə haqqında monoqrafiyam -  ilk  kitabım 2002-ci ildə nəşr olundu. Bu əsər mənim elmi karyeramda ilk addımım idi.  Daha sonra ilk şeirlər kitabım 2007-ci ildə nəşr edildi. O yaşa qədər yazdığım şeirlərdən seçmələr "Dərdin pıçıltısı" adlı ilk şeirlər kitabımda toplanmışdı. Sualln ikknci qisminə gəlincə,  bütövlükdə o kitabdakı hər bir şeirin ayrıca ilham mənbəyi vardı.

 

H.Y: Ədəbi tənqid yaradıcılığınıza qarşı ədalətli olubmu?

 

- - Mən şeirlərimi ilk dəfə qəzet  redaksiyasına təqdim etdiyim vaxtdan ölkəmin görkəmli söz ustaları  Hüseyn Arif, Nüsrət Kəsəmənli, Kamal Talıbzadə,  Akif Səməd, Cavad Cavadlı, Oqtay Rza, Firuzə Məmmədli və başqaları yaradıcılığıma  diqqət yetiriblər. Əvvəlcə şairlər, jurnalistlər, daha sonra isə tənqidçilər... İlk  şeirlər kitabım çap olunanda tənqidçilərin, ədəbiyyatşünas alimlərin  yazdığı çoxsaylı məqalələrdəki rəğbət və  inam, şeirlərimə verdikləri yüksək qiymət məni daha məsuliyyətli işləməyə vadar etdi. Azərbaycanlı professorlar - Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, . Xalq şairi və ədəbiyyatşünas alim  Balaş Azəroğlu, Dr. Mahrux Dövlətzadə, Dr.Leyla Faiqqızı, Dr.Səkinə Bayramova,  Türkiyəli ədəbiyyatşünaslar Dosent  Doktor Minara Aliyeva , Dr. Mehmet Yardımçı, Feyyaz Sağlam, İtalyan tənqidçiləri Sergio  Kamellini,  Domeniko Pisana, Renzo Montaqnoli, Meksikalı tənqidçi Fransisko Javier Davila, Vyetnamlı şair, araşdırmaçı May Van Fan,  Bangladeşli şair Roopom Raşid, Hindistanlı araşdlrmaçı Çita Mandal,  Albaniyalı şair Mehmet Rrema, Özbəkistanlı şair Cahongir Nomozov,... və  bu, hamısı deyil.  Həmin hörmətli ədəbiyyat adamları öz ölkəsində, bir qismi isə həm də beynəlxalq ədəbi mühirdə  tanınmış imza sahibləridir. Monoqrafiyalarım haqqında da çox yazılıb. Ədalətsizlik olmasın deyə o adlardan da bir neçəsini qeyd etməyi özümə borc bilirəm: professorlar Himalay Qasımov, Elman Quliyev, Millət vəkili,  dosent Elnarə Akimova, dosent Sakibə Ələsgərova, Dr.Vasif Novruzov... ümumən bu yazıları kitab halında toplayıb nəşr etdirməyi düşünürəm, haqqımda iki kitab həcmində məqalələr yazılıb.  20-dən çox ölkənin şair, jurnalist və tənqidçilərinə verdiyim müsahibələr də yaradıcılığıma qarşı diqqət kimi çox önəmlidir. Bu müsahibələrdən Azərbaycanda Vahid Aslan, Nadir Yalçın, Ramilə Qardaşxanlı, Ülviyyə Əbülfəzqızı, Eltun Şükür Abuşov, Yunanıstanda  Eva Petropoulou Lianou,  ABŞ.-da Nilavro Nill Shoovro, Tamikio L.Dooley, Serbiyada Valentina Novkoviç, Albaniyada Angela Kosta, Özbəkistamda Cahongir Nomozov və b.  müsahibələrini xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, yenə də bütün adları sadalaya bilmədim. Göründüyü kimi, təkcə öz vətənimdə  yox, dünya miqyasında tənqidin yaradıcılığıma münasibətindən razıyam.

 

H.Y: Ölkənizdəki hazırkı ədəbi səhnəni necə qiymətləndirirsiniz?

 

- Ölkəmdə ədəbi inkişafın hər bir sahəsində böyük uğurlar var. Lakin poeziyanın uğurlarını xüsusi qeyd etmək istəyirəm. Bu sahədə ədəbiyyatımızın dünya çapında nailiyyətləri danılmazdır. Texnologiyalar əsri teatra olan marağı xeyli azaltsa da, dramaturgiya sahəsində də ciddi işlər var. Azərbaycanın torpaqları 2020-ci ildə  30 illik işğaldan azad olundu və ondan sonra həm poeziya, nəsr, həm də dramaturgiya sahəsində yeni məzmunlu əsərlər yazıldı.  Hesab edirəm ki, daha böyük uğurlarımız hələ qarşıdadır. 

 

H.Y: Qarşıdakı ədəbi layihələrinizlə, planlarla bağlı hər hansı ipucu verə bilərsinizmi? 

 

- Əslində  görülməmiş  işlərdən danışmağı sevmirəm. Amma hər zaman sabah üçün planlarım var, layihələr üzərində işləyirəm. İpucu kimi deyə bilərəm ki, haqqımda yazılan iki kitab, mənim yazdığım dörd kitab oxucularla görüş üçün yola çıxıb. Bir də ədəbi əlaqələr sahəsi ilə bağlı bir sıra işlər görməyə, kitablar tərtib etməyə başlamışam.

 

H.Y: Son sözünüz....

 

- Maraqlı suallarınız üçün çox təşəkkür edirəm. Çağdaş dünya  ədəbiyyatı ilə bağlı yazılarınızı, müsahibələrinizi  həmişə maraqla oxuyuram, ümid edirəm ki, mənimlə müsahibəniz də eyni maraqla qarşılanar. Və son sözüm: "Qoy, heç vaxt bu son olmasın!"

 

H.Y: Gözəl söhbət üçün mən təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının ğuz təmsilçisi

 

Üç dildə yazıb yaratmış və dünya ədəbiyyatına təsir etmək iqtidarına malik olmuş Imadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində bütün dünyada qeyd edilməsi, 650 illik yubileyinin isə ölkəmizdə qeyd edilməsinin qərara alınması, 2019-cu ilin Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin sərəncamı ilə “Nəsimi ili” elan edilməsi də şairin irsinin əbədiyaşarlığının göstəricisidir.

 

İ.Nəsimi əsərlərində bütün bəşəriyyəti düşündürən  mövzulara müraciət etmiş nəhəng ədəbi simalardan biridir. Onun şeirlərində dövrə, zamana sığmayan mübariz ideyalar və çağırışlar öz əksini tapmışdır. Həmin əsərlər indi də insanlara dəyişdirici və saflaşdırıcı təsir göstərməkdədir. Bu isə onların ölməz sənət nümunələri olduğunu sübut edir.

Nəsiminin şeirlərində insana böyük dəyər verilir. Ümumiyyətlə, “Nəsimi sənəti bütövlükdə insanın qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir.” (H.Araslı) Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamında oxuyuruq: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri arasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.”

Nəsiminin həmişyaşar əsərlərində kamil insan olmağa qüvvətli çağırışlar ifadə olunur, kamil insan təlimi və kamil insan obrazı xüsusi maraq doğurur. Nəsimi bu barədə ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, qazanılmış poetik düşüncəni daha da inkişaf etdirmişdir. Onun qənaətinə görə, küllü-aləmdəki bütün canlı və cansız varlıqların ən qiymətlisi insandır. Bu səbəbdən də  filosof şairin yaradıcılığının mərkəzində yaranmışların ən kamili olan insan dayanır:

 

Ey daşəvü turaba deyən qiymətli gövhər,

İnsan öz hüsnü lütfilə gövhər deyimi ?

 

“Onun ilhamla vəsf etdiyi kamil insan obrazı orta əsr ədəbiyyatımızda sözdən yoğrulmuş insan heykəlidir. Orta əsrlər Azərbaycan poeziyasında insanı Nəsimi qədər uca və möhtəşəm səviyyədə, qüdrətli təqdim edən sənətkar olmamışdır.” (İ.Həbibbəyli) Onun ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edən əsərləri dünya ədəbiyyatında bənzərsiz poeziya nümunələri sayılır.

Şairin humanizminin özəlliyi onun insana olan böyük məhəbbəti ilə bağlıdır. Nəsiminin şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. Bunu onun avtoportreti sayılan və Şərq poeziyasında insan haqqında ən möhtəşəm monoloq hesab olunan “Sığmazam” qəzəlində də aydın görmək və duymaq mümkündür.

Nəsimi öz əsərlərində insanı ilahi qüdrətə malik ülvi varlıq kimi vəsf edir, onu Allahın yaratdığı ən kamil yaratıq olaraq qələmə verir. O, insanların qəlbini, mənəvi dünyasını özünəməxsus şəkildə araşdırır, saf-çürük edir, mənalandırır və tərənnüm edir. Belə qənaətə gəlir ki, ancaq kamil insan Yer üzünün ən ali varlığı ola bilər. Şair belə insanları “canımın cananəsi” adlandırır:

 

Mərhaba, insani-kamil, canımın cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

 

İ.Nəsimi zahirən insana bənzəyən hər varlığı insan hesab etmir. Onun sevdiyi və hörmət bəslədiyi insan ancaq kamil insandır, insanlıq adına layiq olan fizioloji-içtimai və mənəvi-ruhani varlıqdır. Kamil insan Yaradana məhəbbət bəsləyən, ruha qida verən, könlündə ilahi nuru gəzdirən, idealını arayıb axtaran, ona ayrılmış yüksək tarixi-humanist missiyanı dərk edən və yerinə yetirən insandır. Nəsiminin özü kimi. Çünki “Nəsimi özü də keşməkeşli həyatı və mübariz ruhlu şeirləri ilə kamil insan obrazının möhtəşəm şair-mütəfəkkir abidəsi kimi ucalır.”

Şair kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edir:

 

Mərhaba, ey bəhri-zatın kdanəgövhəri-yesi,

Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi,

Ta əbəd hüsnün önündə səcdəyi-şükr eylərəm,

Ey cəmalı Kəbə, sənsən kümtə-kənzin xanəsi.

 

Kamil insanın ən gözəl xüsusiyyəti özünü anlaması və dərk etməsidir. İnsanı kamilliyə aparan yol özünüdərkdən keçir. İnsan özünü dərk etdikcə kamilləşir, bütöv bir aləm olur. Şairin fikrincə, insan özünü dərk edib kamilləşdikcə Yaradanın dərgahına yaxınlaşır.

Nəsimi idealla insanlıq arasında bərabərlik yaradır. İnsanı Yaradanın mahiyyətinə yaxınlaşdıraraq onun yer üzündə nümayəndəsi sayır, üzündə Allahın nişanələrini görür, kamil insanı həqiqətin aşiqi və keşikçisi adlandırır. Şairə görə, “kamil insan elmə vaqif olub öz xilqətini dərk etdikcə anlayacaqdır ki,  Haqq-Tala elə onun özüdür.” O, fəxrlə deyir ki, adamlar Allaha şərik qoşmamaq üçün insanı Haqq (Allah) adlandırmağa qorxublar:

 

Səni bu hüsnü camal ilə, bu lütf ilə görüb,

Qorxdular Haqq deməyə, döndülər insan dedilər.

 

Bu, insana verilən müdhiş və möhtəşəm bir qiymətdir. İlahi varlıq səviyyəsinə yüksələn insan böyük mənəvi sərvət olub, ədalətli cəmiyyət qurmağın əsasını təşkil edir. Filosof şair belə insanların səcdəyə layiq olduqlarını söyləyir.

Şairin fikrincə, insan özünü dərk etmək üçün ilk növbədə nəfsinə qalib gəlməli, qəflət yuxusundan ayılmalıdır. Böyük mütəfəkkir anladır ki, nəfsinə düşkün olan insan adi heyvandan fərqli deyil. Nəfsinə hakim olmayanlar əzab və gərəksiz yükdən başqa heç bir şeyə sahib ola bilməzlər:

 

Bir ovuc tozdur küləklər qarşısında bədən,

Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən,

Insan üçün mərifətdən özgə yoxdur bir bəzək,

Aqil insan zər üçün öz ömrünü verməz bada.

 

Nəsimi cəhaləti bir bəla hesab edir. Onun fikrincə, savadsız və nadan, səhvlərindən əl çəkməyən, dəyişməyə və tərəqqiyə açıq olmayan insan çox təhlükəlidir. “Onun həyat tərzi heyvanatın tərzi həyatı ilə uyğundur.” Belələri cəhalət üzündən özlərinin xaliq olduqlarını anlamırlar. Ona görə də şair öz əsərlərində insanları cəhalətdən ayılmağa, ayıq olmağa, vəhşi instiklərdən əl çəkməyə, şər işlərə və əməllərə səsləyən “nəfsi əmmarədən” uzaqlaşmağa və biliyə açıq gözlə baxmağa, həyat və kainatın sirlərini öyrənməyə - kamilləşməyə çağırır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

 

 

Çərşənbə, 25 İyun 2025 10:02

O, həmişə insanların rifahını düşünür...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki: - “Mənəviyyatla bağlı olan hər şey gözəldir, dəyərlidir. Əsrlərin yadigarı olan memarlıq abidəsi, gözəl bir rəsm əsəri, milli ornamentli qədim bir tikili, yaxşı bir kitab və s. İnsana zövq verirsə çox dəyərlidir. Biz hər zaman böyüklüyümüzdən, nəcibliyimizdən ağızdolusu danışırıq. Amma bəzi naqis cəhətlərimizin üstündən də səssizcə ötürük. Birinin uğurunu qısqanırıq, o birinin təmiz, xeyirxah əməllərinə kölgə salırıq. Elə ədəbiyyat aləmində dedi-qodu səviyyəsində olan sualları müsahibə mətninə çevirməklə müsahibi “dolaşdırmağa”, “vurmağa” cəhdimiz də heç bir ədəbi ölçüyə sığmır. Belə məqamlarda düşünmürük ki, əxlaqımıza, mədəniyyətimizə sayğısızlıq göstəririk.”

 

Emosional və sakit təbiətlidir. Onda şəfqət hissi çox güclüdür. Qəlbi sanki bir sığınacaqdır. Bu sığınacaqda insanlığa sevgi, mərhəmət və bir sıra mənəvi dəyərlər hələ də qorunub saxlanmaqdadır. O, həmişə insanların rifahını düşünür. Buna görə də sevilir, həmişə hörmətlə qarşılanır...

 

“Hər bir insanın həyatda bağlandığı, çox sevdiyi nələrsə var. O nələrsə səni sevdiyinə doğru uzanan keşməkeşli yolu inadkarcasına qət etməyə ruhlandırır. Məncə bunlardan ən ucası, alisi yurd segisi, vətən təəssübkeşliyidir. Yetər ki, istədiyini “dəlicəsinə” sevəsən. Doğrudan da, insan bir şeyə dəlicəsinə vurulanda Allah onu istəyinə çatdırır. Biz bu gün belə amalla yaşayan neçə ziyalının, ədəbi şəxsiyyətin adını çəkə bilərik? Bir də kimdi ədəbiyyat adamı? Gecə-gündüz təkcə öz əsərlərinin, nəşrlərinin qayğısını çəkən, ard-arası kəsilməyən təbliğatını qurandımı ədəbiyyat adamı? Bu gün hansısa fəxri kürsüyə, əhəmiyyətli posta sahiblənib ancaq özünü yetişdirəndimi ziyalı?”- söyləyir.

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Şəfəq Nasirdir. O, 25 iyun 1954-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə uzun illər respublikada uşaqlar, yeniyetmə və gənclər üçün kitablar nəşr edən "Gənclik" nəşriyyatında başlayıb. O, burada redaktor, şöbə müdiri və- zifələrində çalışıb. 1992-1994-cü illərdə "Təhsil" nəşriyyatında baş redaktor vəzifəsində işləyib. 1995-2015-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyində baş məsləhətçi, sənədlərlə iş və protokol şöbəsinin müdiri, Media və ictimai əlaqələr şöbəsində böyük məsləhətçi, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri"nin redaksiya qrupunda qrup rəhbəri- redaktor, media və ictimai əlaqələr şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 2016-2021-ci illərdə "Respublika" qəzetində məsul katib, humanitar siyasət redaksiyasının müdiri vəzifəsində işləyib. Uzun illərdir Azərbaycan jurnalistikasının bir qolu olan İrəvan mətbuatının tədqiqi sahəsində elmi araşdırmalarla məşğuldur. İrəvanda ilk anadilli mətbuatımız sayılan "Lək- lək" satirik jurnalını və ədəbi, siyasi, tarixi, fənni aspektdən fəaliyyət göstərmiş "Bür- hani-həqiqət" dərgisini tədqiq edərək, bu mövzuda vaxtaşırı qələmə aldığı məqalələrini ədəbi ictimaiyyətə təqdim edib. Hər iki jurnalı transfoneliterasiya edərək, ön söz, lüğətlə kitab şəklində nəşr etdirib. Eləcə də İrəvanın maarifpərvər ziyalılarının hayat və yaradıcılığına, ictimai taleyinə, dini-mədəni abidələrinə sözün qüdrəti ilə ədəbi ömür qazandıran elmi-tədqiqat xarakterli məqalələri işıq üzü görüb. Müxtəlif vaxtlarda "Yeni səslər", "Vətən səsi", "Şahidlər" kimi almanaxlarda hekayələri, ictimai məzmunlu publisistik məqalələri nəşr olunub. 10-dan çox kitabın, o cümlədən, "Gecə yağışı", "Beyləqanın güllü yazı", "Ciddi söhbət", "Bir ömrün üçbucağı", "Könül- lərə şəfəq payı", "Sözümdən ocaq çatdım" kimi bədii, publisistik əsərlərin, "Məmmədəli Nasir", "Bürhani-həqiqət", "Lək-lək" kimi elmi tədqiqat əsərlərinin müəllifidir. Bunlardan əlavə, onun bir çox xarici ölkələrin dərgilərində elmi, publisistik məqalələri nəşr olunub. Filologiya üzrə fəlsəfə doktorudur...

 

Şair-publisist Şahnaz Şahin onu belə xarakterizə edir: “İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii yazılarla başlayıb. Başqa sözlə, ədəbi mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə yazdığı hekayələr və povestlərindən, publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı çıxışlarını hər zaman izləmişəm. Onun jurnalistika sahəsində qələmə aldığı resenziya, rəy və çoxçeşidli publisistik məqalələrində də bədii təsvir elementləri açıq-aydın nəzərə çarpır. Kitablarından birinə yazdığı "Ömür zaman işığında" Ön sözündə belə deyir: "Uşaqlıq çağlarından göy üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını, cığırını tutub üzü yoxuşlara yol almışam. Bir də baxmışam ki, hər şeydən uca, dəyərli olan sözlə sirdaşam..." Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu yaradıcılığa sövq edib. Və bir gözəl cəhəti də odur ki, Şəfəqin şəxsiyyət olaraq əqidəsi bütövdür, o, Sözlə bağladığı əhdi-peymanına sadiqdir. Şəfəq uşaqlıq çağlarından həyatı müşahidə etməyi sevib. Gördüyü, dərk etdiyi nə varsa, yaddaşına hopub. Sonra yaşadıqlarını ədəbiyyata gətirməyə ehtiyac hiss edib. Hələ orta məktəb illərində yazdığı şeirləri, miniatür və kiçik məqalələri rayonda çıxan "Yüksəliş" qəzetində dərc olunub. İmzası geniş oxucu auditoriyasına "Ulduz" jurnalından, "Ədəbiyyat və İncəsənət qəzeti"ndən tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri olan "Qonşular" hekayəsi və "Müəllifin ilk kitabı" seriyasından "Gecə yağışı" hekayələr toplusu ilə gəlib. Hər birinin mövzusu həyatdan alınmış bədii nəsri ədəbi mühitdə maraqla qarşılanmışdır. "Gecə yağışı" kitabındakı hekayələrində müəllif özünün qeyd etdiyi kimi, insana qayğı, övlad-valideyn və doğmalar arasında yaranan yad münasibətlərdən söhbət açır.”

 

O, emosional olaraq olduqca həssas və kövrək bir təbiətə malikdir. İntuisiyası çox güclüdür. Buna görə də əsasən intuisiyasını dinləyərək hərəkət edir və adətən də hərəkətlərində səhvə yol vermir. Mərhəmətli olduğu üçün ətrafdakı insanlardan da eyni münasibət və yanaşma gözləyir. Niyyəti saf, istəkləri ülvidir. Həm maddi, həm də mənəvi cəhətdən çox səxavətli insandır. O, heç vaxt özü haqqında deyil, başqaları haqqında düşünmək üçün kodlaşdırılıb. Sadiq, qoruyucu, intuitiv və mehribandır. Təfərrüatları xoşlayır və qarşı tərəfin də onun qədər detallara diqqət yetirməsini istəyir. Amma dərin düşünmə bacarığı ona xasdır, bunu hər kəs bacara bilməz. İncə mentaliteti var... 

 

Bu gün - iyunun 25-i filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, jurnalist Şəfəq Nasir növbəti ad gününü qeyd edəcək. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq…

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 

 

Rəsul Qədiri

Təbriz

 

 

HƏYAT GEDİLƏSİ YOLLARDIR

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə sonucsuzdur

Yolu düşün yalnız

Həyat gediləsi yollardır

Ya sən seçirsən yolunu

Ya da yol seçər səni

Yol seçərsə,

Bəlkə cığırdan artığı düşməz payına!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə yararsızdır

Həyat təkcə yoldur

Bütün yolların,  

Enişi var

Yoxuşu var,

Aranı var

Dağı var

Meşəsi var  

Bayırı vardır!

Hərəsinin öz gözəlliyi,

Öz özəlliyi,

Öz çətinlikləri də vardır

Açıq gözlə yürü

Dadını çıxart getdiyin yolun

 

“Vaxtlı-vaxtsız od qala

Odunu düz manqala

Sabah bəlli deyil ki,

Kimi köçə, kim qala”…

 

Sağına bax

Soluna bax

Gölündə üz

Çölündə bir od qala

Getdiyin yol təkyöndür!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə vaxt itirirsən

Yolunu seç və yürü

Getsən də gedirsən, getməsən də!

Getdiyin yol bütün yollarla fərqlidir!

Getməyənlər tez yetişir

Gedənlərsə gec!

Yalnız gedənlər yaşayır...

 

 “Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Çərşənbə, 25 İyun 2025 09:01

Həm bədəni, həm də ruhu sağaldan AFAQ ŞIXLI

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Gözəl, lirik şeirlər, mükəmməl tərcümələr, sonsuz vətən sevgisi və xoş əməllər – bu xanımı səciyyələndirən ən əsas xüsusiyyətlərdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyada yaşayan həmyerlilərimiz arasında ədəbiyyat sferasında ən çox parlayan bir sima olan, Moskvada yaşayıb-yaradan   Afaq Şıxlının bu gün doğum günüdür.

 

Bir axşam otağına sehrli bir güc gələ,
Qayıdasan keçmişə -
otuz bir il əvvələ...

Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən günün ziyası...

Ömrün dar köynəyindən
otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların
yenə belinə düşə...

Haradasa kimsə də
həsrətindən sarala,
Qəlbin təlatümündən gözlər yuxusuz qala...

Şirin ola sevgidən çəkdiyin çilə belə,
Könlün zərif gül kimi bir də açıla bilə...

Məhəbbətli ürəyin, kədərsiz başın ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!

Bu incə, lirik, qəlbtitrədən poetik kəlmələrin müəllifi olan Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin məşhur Şıxlinskilər soyundandır.

Bir zamanlar Çar Rusiyasında artilleriya Allahı adlandırılaraq rusları təəccübləndirən Əliağa Şıxlınski nəslinin növbəti nümayəndəsi də indi onları söün sehriylə, gücüylə təəccübləndirir.

 

Afaq xanım 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləyib.

Hazırda, qeyd etdiyim kimi, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar və Rusiya Yazarlar Birliyinin, Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib və 2015-ci ilin yanvar ayında AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunub. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. O, görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlının qohumudur.

 

Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olub. Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunub. Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnallarda), eləcə də, bir çox internet saytlarda dərc edilib. 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir. 11 şeir və hekayə toplusunun müəllifidir.

 

Türk və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda, öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.

 

Kitabları

 

- Qəlbimin dedikləri

- Sevərsənmi

- Yeddidən biri

- Məndən uzaqda

- Səni düşünürəm

- Ömrümün beşinci fəsli

- Dostlarım, bana da bahar gönderin

 və s. 

Afaq xanımı səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik. Həkim insanın bədənini, şair ruhunu sağaldır. Nə xoş Afaq xanıma ki, həm həkimdir, həm də şair.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Bir şair daha susdu… Bir qələm yıxıldı… bir dəftər yarımçıq qaldı… Şair-alimin 77 yaşı olsa da, elə bir ömür də yarımçıq qaldı, ömür də… – Xalq yazıçısı ANARın sözüylə desək, şairlər nə zaman ölsə vaxtsız ölüm, cavan ölüm sayılır… Fəxr ediləsi Ürəyi, müslümanə ədaləti, vəfadarlığı vardı Fəxri Müslümün - həmişə də var olacaq - çün, yaxşılar getsə də, yaxşılıq qalır… Odur ki şair susdu deyərkən, əslində, o səsin sükutu da danışır demiş sayılır… – o, yenə danışır – yaddaşımızda, zamanın dərin könlündə...

 

Fəxri Müslüm (Fəxri Müslüm oğlu Quliyev; 10.04.1948 - 16.06.2025)! – o, dağlar döşündən (Gədəbəyin Şınıx elindən, Düz Rəsulludan) dəniz qıyısına (Bakıya) oxumağa gəlmiş, elə o gələn də, dağların vüqarını da, özləmini də özüylə yüksək təhsil ocağına, yeni qonşuluqlara, yeni işə, bir sözlə, altun qumlu Abşeron torpağının energetikası ilə harmoniyaya gətirmişdi… Dağlaroğulluğu ilə paytaxt sakinliyi qəribə bir dəngədəydi onun halında… – qalstuku, rəsmi geyim-keçimi, elmi dərəcəsi, pedaqoqluğu və bank sektorunda çalışdığı rəhbər görəvlər - paytaxt sakinliyi ilə birgə, rəsmiyyət, protokol səciyyəsi yaradırdısa, epos təfəkkürlü bədii yaradıcılığı, şairliyi, hətta özünəxas ləngərli danışığını, toylarda ağırtaxtalı oyununu izləyən təbəssümü konkret Şınıx havasındaydı… -

 

“Yaylağın şahıdı yaylım günəşi,

Kölgəni topuğna dəstələr bir az.

Yamac təbəssümlü gəlin kimidi,

Könlümün eşqini bəstələr, bir az”.

 

Bəzən bir insan getdikdə, yoxluğundan çox varlığı bizi düşündürür. Necə deyərlər, onun varlığı, elə yoxluğu haqqında da danışmağa səbəb verir. Fəxri Müslüm gedəndə, geridə təkcə boş yer qalmadı — geridə xoş xatirələr, kitablar və güvənlilik qaldı.

Fəxri Müslümün gedişi bir ömrün bitməsi olmaqla bitmir, ona xas bir səviyyənin, dağlardöşü-dəniz qıyısı ruhi-mənəvi dəngəsini təcəssüm etdirən bir mədəniyyət örnəyinin səhnədən çəkilməsi kimidir. Onun düşüncəsində millət vardı, mədəniyyət vardı, dərin köklər, geniş üfüqlər vardı. -

“Turana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” - Cavidanə poetik düstur Fəxri Müslümün tam könlünə görəydi və diləzbəriydi.

 

“Yaddaş üzə çıxar Sibirdən belə,

Anıt daşlarımdan, qəbirdən belə…

Yovşana tutulub ömürdən belə,

Yenidən təzə-tər izimi saldı”.

 

O gün “Vida” adlı mərasim evində “yeddi”sindəydik; İntiqam Yaşara da dedim - bir anlığına mənə elə gəldi, özü hardasa buralarda bir yerdədi, indi gəlib hal-əhval tutacaq… Sonra o bir anlıq duyğu çəkilib haralarasa getdi, onun yerini divardan asılmış şəklindən oxuduqlarım tutdu… O şəkil illər öncənin şəkliydi, qəzet-dərgi, sayt - haralarda-haralarda dəfələrlə yayınlanmışdı və gözəzbərimiz sayılır… Və budur, “Vida”da ruhani masasının arxasındakı, üstü ayəli kiçik xalçanın üzərindən asılıb - ordan ən yaxşı şəkil asılır və ömürlük ayrılığı simvolizə edir… Fəxri Müslüm bir daha bu dünyaya baxmayacaq,  dostları, həmkarlarıyla həmsöhbət olmayacaq, onunçün xarakterik olan qonaqlıqlar təşkil etməyəcək, şeir yazmayacaq, zəng etməyəcək, fikir bölüşməyəcək və s…

Biz indi onun yoxluğuna deyil, varlığının qədir-qiymətinə yas saxlayırıq...

 

“Bulud yana durar, qürub başlayar,

Dərdimi içimə sərib, başlayar,

Hər nə var, qədərim dərib başlayar -

Şaman ocağından tüstülər, bir az”…

 

Gələnəksəl ricət çıxmasın, onun ardından danışmaq həm çətindir həm asan... Çətindir — çünki o, özü bu cür halları sözlərlə təskin etməyə alışmamışdı – səmimiyyətlə, fikir adamı kimi davranardı. İndi isə biz onun haqqında danışaraq susuruq. Sözlərimizin arasında bir nəfəs dayanır: onun yoxluğu… Asandır — çünki nəinki ziyansız, üstəgəl xeyirxah insanıydı, bəlkə bəzi kiçikçaplı yaramazlara sadəlöhv görünürdü — əslində, sadəydi, sadəlöhv deyildi… Yəni onun haqqında yaxşı, xoş xatirələr danışdığımızçün çətinlik çəkmirik, könülxoşluğuyla dərdləşirik…

Fəxri Müslümün ardından danışmaq – sanki bir güzgüyə baxıb, orada çatlamış bir işıq izini izləmək kimidir. Görünür… amma bütöv deyil. Çünki o, öz zamanına bütöv idi, öz sözüylə bütöv idi...

 

“Könül türküsünü tutub yaşadıq,

Qayıdıb yaşadıq, itib, yaşadıq;

Yeddiqat boy üstə bitib yaşadıq,

Hələ də, sonluğu, yozumu qaldı”...

 

Yeri ucmaq olsun!

Ocağı sönməsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

  

Onu rəsmən Azərbaycan Respublikasının əməkdar mühəndisi kimi təqdim edirlər. Amma biz tanınmış yazıçı və dramaturq kimi təqdim edirik. Çünki Hüseynbala Mirələmov necə ki, iqtisadiyyat sahəsində uzun illər Azərbaycanın inkişafı üçün əmək sərf edib, eləcə də, ədəbiyyatımızın, teatrımızın inkişafı üçün qol çırmayaraq ürəkdən çalışıb.

Bu gün onun doğum günüdür, tam 80 yaşı tamam olur. Öncə onu səmimi qəlbdən təbrik edək, ardınca bir qədər haqqında danışaq.

 

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. Lənkəran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirib. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmət keçib. "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olub. Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib.

"Azərqaztəmirtikinti" trestinin və Maye Qaz İstehsalat Birliyinin rəisi, Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, Azərbaycan Qaz Emalı Zavodunun direktoru olub.

Yeni Azərbaycan Partiyasının üzvü olub, YAP Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Və əlbəttə ki, ədəbiyyat onu uşaqlıqdan özünə çəkib.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-ci ildə "Bir tikə çörək" hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu" 1986-cı ildə işıq üzü görüb. "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşir edilib.

30-dan artıq bədii və publisistik kitabın müəllifidir.

Müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları", "Neftin və qazın boru kəmərləri ilə nəqli", "İnşaat istilik fizikası", "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları", "Boru kəmərləri və konsturuksiyaların qaynağı" və digər elimi nəşirlər də hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitablardandır.

 

Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq mühəndislər, Rusiya Mədən Akademiyasının, Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri olub.

 

Mükafatları

1. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl kəlmə", "Yaddaş" mükafatı

2. "Rəsul Rza", "Akademik Yusif Məmmədəliyev" adına beynəlxalq mükafatı

3. "Uğur zirvəsi", "İlin yazıçısı", "A. N. Kosıgin" mükafatı

4. "Yuri Dolqoruki" adına mükafat

5. "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafat laureatı

6. MDB üzrə 100 direktorlar müsabiqəsinin 8 dəfə qalibi

7. Əməkdə fərqlənməyə görə Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalı

8. "Qırmızı əmək bayrağı" ordeni

9. "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

10. "Şöhrət" ordeni

11. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək Yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliğini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənədi Türk Mədəniyyəti və  İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova imzalayıblar.

Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin, beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətlə Respublika Gənclər Kitabxanasında “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterial və elektron resurslar bazası hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda görkəmli şairin həyat və yaradıcılığı, gənclik illəri, ictimai mövqeyi, mətbu fəaliyyəti, layiq görüldüyü orden, medal və fəxri adlar haqqında geniş məlumat təqdim olunub.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialda şairin yaradıcılığında xüsusi yer tutan azadlıq hərəkatı mövzusuna həsr etdiyi “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” adlı poemaları, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri mövzusunda qələmə aldığı “Hələlik qiyamətədək”, “Ölüm ayrılıq deyil” povestlərindən bəhs edilib. Materialda Fikrət Qocanın müxtəlif illərdə yerli və xarici səfərlərdə, görüşlərdə lentə alınan görüntüləri də yer alıb.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialı kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/fikret-qocanin-soz-seneti-xezinesi yerləşdirilib.

Gənclər Kitabxanasının rəsmi saytında https://www.ryl.az/activity/Fikret_Goca “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair haqqında dərc edilən materiallar toplanıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir.

Nazirlikdən AzərTAC-a bildirilib ki, attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.

Bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.