Leyla Faiqqızı,
Filologiya elmləri üzrə fəlsəfə doktoru. Klassik Ədəbiyyat İnciləri facebook sosial şəbəkə səhifəsinin yaradıcısı. “Ədəbiyyat və incəsənət” üçün
Bəziləri elə düşünür ki, bu ifadə Osmanlı sultanı Sultan Süleyman ilə əlaqədardır. Əslində isə bu ifadə Süleyman peyğəmbərlə bağlıdır.
Әfsanəyə görə, Süleyman peyğəmbər təbiətin bütün qüvvələrinə hökm edir, hətta heyvanların dilini bilirmiş. Bir sözlə, Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu yox imiş. Lakin hamı kimi o da bir gün dünyasını dəyişir. Vəfatından əvvəl Süleyman peyğəmbər tuncdan uca bir qəsr tikdirir. Həmin qalanı görmək çox az adama nəsib olub. Çünki o, yaşayış yerlərindən uzaq, insan ayağı dəyməyən bir səhralıqda tikilmişdi.
Onu görmək üçün uzaq yol qət edən insanlar qala divarlarında peyğəmbərin həkk etdirdiyi bir yazını oxuya bilərdilər:
“ - Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyə idi. Bu qalanı tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz”…
Məhz bu son cümlədən də “Süleymana qalmayan dünya” ifadəsinin yarandığı ehtimal olunur.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)


