ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ölkəmizdə və xaricdə yüzlərlə tədbiri keçirilən, bir çox layihələrlə əlamətdar olan böyük mədəniyyət bayramının – “Nizami Gəncəvi İli”nin artıq son akkordlarıdır. İlin daha bir maraqlı tədbiri dekabrın 16-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi–Eko Parkda gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Zirə Mədəniyyət Mərkəzi–Eko Park, “Azərenerji” ASC və “Kapitalbank”ın birgə layihəsi olan “Nizami Gəncəvi mədəni irsi: XXI əsr” mövzusunda simpoziumun yekun tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereya hissəsində Nizami Gəncəvinin “Xəmsə”si motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri açıq elan edərək qonaqları salamlayıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın böyük mütəfəkkirlərin irsinə diqqət həm də mədəni irsimizin yaşadılmasına xidmət edir. Ölkəmizdə "Nəsimi ili", daha sonra “Nizami ili"nin elan edilməsi bu dahilərin yaradıcılığının və Azərbaycan mədəniyyətinin nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə təbliğinə böyük töhfə olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qədim kökü var. Onlardan biri də Nizami Gəncəvidir: “Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona görə ki, əsərlərində ən yüksək dəyərlərə inam var. Vətənə məhəbbət, ailə institutu, xeyir əməllər – bütün bunların hamısı Nizami yaradıcılığında öz əksini tapıb. Bugünkü tədbir Nizaminin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətlidir. 2021-ci ili “Nizami ili” elan etdiyinə görə cənab Prezidentə minnətdarıq. Əlamətdar il çərçivəsində müxtəlif ölkələrdə keçirilən müxtəlif tədbirlərlə bir daha Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyaya təbliğ etmiş olduq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib: “Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır. Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə ehtiyac var”.
Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Qeyd edib ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev növbəti Nizami bayramına toplaşanları səmimi salamlayıb. Bildirib ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir.
Nizami Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar. Nizami ideyaları ona görə dünya tərəfindən qəbul olunur ki, o, ideal cəmiyyət, humanizm, sülh, bərabərlik kimi bəşəriyyəti bu gün də məşğul edən aktual məsələlərdən yazırdı: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərimizin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.
Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və ədəbiyyatının qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb.
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, millət vəkili, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırıb. Qeyd edib ki, Nizami ideoloji qüvvədir. Nizami Azərbaycanı güclü göstərən amildir: “2021-ci ilin “Nizami ili” elan edilməsi, ölkəmizin siyasi hədəfidir. 8 əsr boyunca Nizamiyə yüzlərlə cavab yazılıb, o həm Şərqə, həm də Qərbə işıq ötürən mayak olub. Onun irsinin təbliği davamlı olmalı, bu ənənə davam etdirilməlidir. Bu gün biz Nizamini müasirimiz kimi anırıq. “Yüz il sonra sorsanız hardadır o, Hər beyti səslənər burda, burdadır”. Bu fikir bu gün də öz gücünü saxlayır. Əgər Nizaminin sözü dünyanın dörd bir yanında bu gün yaşayırsa, demək o daim yaşayır”.
Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça muzeyi ilə tanış olublar. Burada Nizaminin qəzəlləri üstdə xanəndə, Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən  muğamlar tədbirə rəng qatıb.
Daha sonra simpozium çərçivəsində elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Rəngkarlıq üzrə Əminə Rəcəbəliyeva I, Reyhan Aslanova II, Fəxri Abbasov III yerə layiq görülüblər. Onlara diplom və hədiyyələr təqdim olunub.
 Dekorativ-tətbiqi sənət üzrə isə İsgəndər Məmmədov I, Səbinə İsmayılova II, Aytac Atakişiyeva III yer tutublar. Heykəltəraşlıq üzrə qrup işinə görə mükafat isə 6 iştirakçı arasında bölünüb.
Mükafatlandırmadan sonra konsert proqramı təqdim olunu . Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrının solisti, Əməkdar artist Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirilib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə “Cəngavərlərin döyüş rəqsi”ni təqdim edib.
Bədii hissə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın ifaları və qiraətçi Nadir Hüseynovun çıxışı ilə sona çatıb.
Beləcə, Nizami bayramına yekun vurulub.

“Azərkitab” kitab mərkəzində xalq şairi Vahid Əzizin “Param parça illər” kitabının təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şair Yusif Nəğməkarın apardığı tədbirə yazarlar və Vahid Əziz poeziyasının vurğunu olan oxucular toplaşmışdılar. 

Kitaba şairin Zəfər günü ovqatlı yeni şeirləri, eləcə də Qarabağ ağrısını əks etdirən illər öncə yazdığı şeirlər daxil edilib, kitab “Azərnəşr” nəşriyyatında nəşr olunub. 

Tədbirdə “Azərkitab”ın direktoru Sabir Həsənov, şairələr Adilə Nəzər, Ülkər Nicatlı, yazıçı Varis çıxış edərək Vahid Əziz poeziyasının bədii dəyərləri barədə söz açıblar, bu poeziyanın həm vətənpərvərlik, vətəndaşlıq, həm də sevgi qanadının mükəmməlliyindən bəhs ediblər.

Bəstəkar Könül Hüseynova Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim” və “Şəhidlik zirvəsində” adlı mahnılarının yaranma tarixçəsindən danışıb. Tədbirə qatılan oxucular da öz ürək sözlərini söyləyiblər, şairin yaradıcılığından nümunələr gətiriblər, məşhur “Mənə yüz il ömür arzulamayın” adlı dillər əzbəri olan şeirini əzbər söyləyənlər də tapılıb. 

Tədbirin sonunda şair tədbirə qatılanlara minnətdarlıq bildirərək öz yaradıcılıq planlarını açıqlayıb, eləcə də “Mənə yüz il ömür arzulamayın” şeirini hansı şəraitdə yazdığını dilə gətirib. Məlum olub ki, 2008-ci ilin 7 iyununda mərhum müğənni İlhamə Quliyevanın 65 illik yubileyi törəninə qatılarkən bu şeir yazıbmış. Şair deyib:

-İlhamənin yubileyinə dəvət alanda düşündüm, ona nə hədiyyə aparım. Gül dəstəsimi? Ətirmi? Bəzək-düzək əşyasımı? Bunları təbii ki, müğənni dostları, rəfiqələri ondan əsirgəməyəcəkdi. Elə “nə aparım” düşüncəsinə qapıldığım halda da, bir də gördüm, birnəfəsə, üzünü belə köçürmədən yeni şeirim yarandı. 

 

Mənə yüz il ömür arzulamayın…

 

Mənə yüz il ömür arzulamayın,

Payız yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım, əlim,

Əsalıq olanda dayansın ürək.

 

Mənə "Yüz il yaşa!" deməsin dostlar,

Gülüşüm, yerişim, səsim itməsin.

Məndən cavan olan, gümrah olanlar,

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə yüz il ömür arzulamayın,

Bu qədər yaşayan hansı çiçəkdir?

Sən yaşda qalmırsa tay-tuşun, tayın,

Qurdla qiyamətə qalmaq deməkdir.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Sağlıqlar deyəndə hərdən şənimə, 

Nə özüm kövrəlim, nə sizə gülüm.

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Taleyim sevgiylə baxsın üzümə;

Görsün yad payına şərik deyiləm.

Gərək olmayanda özüm-özümə,

Deməli, heç kəsə gərək deyiləm,

 

Mənə yüz il ömür arzulamayın,

Ləyaqət, təmiz ad atıb getməsin.

Dünyaya qalacaq malı dünyanın,

Karvanım lənətə batıb getməsin!

Mənə yüz il ömür arzulamayın...

 

Viktor Mari Hüqo (26 fevral 1802  - 22 may 1885) böyük fransız yazıçısı, şairi, dramaturqudur. Dünya ədəbiyyatı xəzinəsinə "Səfillər", "Paris Notrdam kilsəsi"," Gülən insan”, "Ölüm cəzası alanın son günü", "Doxsan üçüncü il", “Büq Jarqal”, "Dənizin zəhmətkeşləri", "Klod Qe", "Ernani" kimi əsərlər bəxş edən, tarixə düşən və əsərləri rəsmən “dünya ədəbi sərvətinin ölməz abidələri” adlandırılan Viktor Hüqonu Azərbaycanda da həvəslə oxuyur, dəyərləndirirlər.

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları Viktor Hüqonun ən bəyəndikləri 21 müdrik kəlamını seçib oxucularına təqdim edirlər. Buyurun, tanış olun:

 

 

 

1.Həyatda ən böyük xoşbəxtlik bizi sevmələrinə əmin olmağımızdır. Bizi olduğumuz kimi olduğumuza görə sevmələrinə, yaxud, bizi olduğumuz kimi olduğumuza baxmayaraq sevmələrinə əmin olmağımızdır. 

 

2.Sevən kişinin vicdanı - sevdiyi qadının qoruyucu mələyidir.

 

3.Biz qışqıraraq doğuluruq, inilti ilə ölürük. Belədə, yalnız qəhqəhə ilə yaşamaq qalır bizə.

 

4.Bir insana bir fikir hakim olursa, o, onu hər şeydə tapır.

 

5.Tale heç vaxt bir qapını bağlamamış digər qapını açmır.

 

6.Evlilikdə əsl uyğunsuzluq ruhların uyğunsuzluğudur.

 

7.Əqil qazandıqca varlanır. Ürək isə itirdikcə.

 

8.Heç kəs başqalarının hərəkətlərini bu hərəkətlərə ən az dəxli olanlar kimi qısqanclıqla təqib etmir.

 

9.Yüngül fikirli görünmək və əlçatmaz olmaq incəsənətin zirvəsidir.

 

10.Ölmək qorxulu deyil, dəhşətli olan yaşamamaqdır.

 

11.Zənginlərin cənnəti yoxsulların cəhənnəmindən yaradılmışdır.

 

12.Bədbəxtilik gələndə çaxnaşmaya düşmək lazım deyil, bədbəxtliyin birbaşa üzünə baxılmalıdır; bu, axmaq olmayan hər kəsin borcudur.

 

13.Almaz palçıqda əriyən deyil.

 

14.Pis fikirlər-qəlbin intiharıdır.

 

15.Düşmənin bıçaq yarasına laqeyd yanaşa bilərsiniz, lakin yaxın adamın sancaq batırması çox ağrılıdır.

 

16.Hər səhər günün gedişatını planlaşdıran və bu plana əməl edən hər kəs onu aparan gərgin həyat labirintinin ipini əlində saxlamış olur.

 

17.Qırx yaş cavanlığın qocalığı, əlli yaşsa qocalığın cavanlığıdır.

 

18.Qadınlara hörmət edilən yerdə Tanrılar razı olurlar. Qadınlara nifrət edildiyi yerdə Tanrıya təzim etmək lüzumsuzdur.

 

19.Qəddar ruhi fırtınalardan əzab çəkən, gözlənilməz fəlakətlərə qarşı hey müqavimət göstərən, heç sağ olub-olmadığı belə bilinməyən adam hələ də sevdiyi məxluqa qayğıkeşliklə yanaşmağa qadirdirsə - bu, əsl gözəl ürəyə malik olmağın əlamətidir.

 

20.Müqəddəs olmaq istisnadır, ədalətli olmaq qaydadır. Yolunuzu azın, büdrəyin, yıxılın, günah törədin, ancaq ədalətli olun.

 

21.Mümkün qədər az günah etmək - insan üçün qanun budur. Heç günah etməmək – bu, mələklərin arzusudur.

 

Məşhur fransız fotoqrafı Pol Nadarın əsərləri ilk dəfə dekabrın 18-dən 2022-ci il fevralın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdiriləcək.
AzərTAC xəbər verir ki, sərgi Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində açılacaq. Sərgiyə Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanası öz dəstəyini göstərir. Sərginin kuratoru Könül Rəfiyevadır.
Sərgidə təqdim ediləcək onlarla fotoşəkil Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının fotoarxivində saxlanılan orijinal neqativlərinin müasir çaplarıdır ki, onlar sərgi çərçivəsində üç tematik hissəyə bölünmüşdür: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”.
Qeyd edək ki, Pol Nadar (1856-1939), XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu “Nadar” fotoqrafiya şirkətinin banisi, heç də az məşhur olmayan Feliks Nadarın (1820-1910) ailəsində doğulub. Atasının layiqli varisi Pol Nadar dövrünün ən istedadlı fransız fotoqraflarından biridir və sənətini uzaq səyahətlərlə daha da inkişaf etdirib.
Təkcə “Nadar” adı fransız fotoqrafiya tarixinin önəmli bir hissəsini xatırladır. Bu əsl ailə hekayəsində Feliks Turnaşon, daha sonra oğlu Pol sənət karyeraları boyunca “Nadar” adını daşımışlar.
Feliks Turnaşon (1820-1910) 20 yaşındaykən Nadar adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar”ortaya çıxır: bu onu məşhurlaşdırır. 1860-cı ildə Parisin Kapüsin Bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin ilk havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. Onun müasirlərinin portretləri bizə ən məşhur simaların xüsusi ifadəli obrazlarını bəxş edir: Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand və s.
Məşhur fotoqraf Feliks Nadarın yeganə oğlu və varisi Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. 1890-cı ildə Parisdən Şərq Ekspressi ilə yola düşən fotoqraf, 18 avqust 1890-cı ildə İstanbula gəlir. Qara dənizdəki Batumi limanından keçib Tbilisidə dayanaraq, Bakıya çatır. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlər 1890-cı ildə tamam fərqli görünürdü. Ona görə də onun fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Nadar Bakının unikal memarlıq nümunələrini (“Qoşa Qala” qapıları, Müqəddəs Nikolay kilsəsi, Şirvanşahlar Sarayı), dükan və canlı bazarların həyatını, səyyar tacirləri, yerli əhalini, şəhər cəmiyyətini, ailələri, uşaqları lentə alır.
Bakıdan sonra Xəzər dənizindən keçid onu yenicə salınmış rus limanı Uzun Adaya gətirib çıxarır. Uzun Adadan Səmərqəndə qədər bu səhralıq diyarı əvvəl dəmir yolu, sonra at arabası ilə gəzərək səyahətini Daşkəndə qədər davam etdirir və orada fotoşəkillərin təqdimatı ilə universal sərgidə iştirak edir.

UNESCO ərəb xəttatlığını özünün Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib.
Bu barədə məlumat təşkilatın rəsmi səhifəsində yerləşdirilib.
Məlumatda UNESCO ərəb xəttatlığını “axıcı yazı sənəti, harmoniya və gözəlliyin ifadəsi” kimi təsvir edib.
Səudiyyə Ərəbistanı İrsini Mühafizə Cəmiyyətinin icraçı direktoru Əbdül Məcid Məhbub bildirib ki, ərəb xəttatlığı ərəb-müsəlman dünyasının simvoludur, lakin müasir dünyada öz aktuallığını itirir və bu sahədə mütəxəssislərin sayı sürətlə azalır.
O, həmçinin qeyd edib ki, xəttatlığın mədəni irs siyahısına salınması bu sənət növünün qorunub saxlanmasına müsbət təsir göstərəcək. Bildirib ki, xəttatlıq Səudiyyə Ərəbistanı və Ərəb Dövlətləri Liqasının rəhbərliyi altında 16 müsəlman ölkəsinin əməkdaşlığı nəticəsində siyahıya daxil edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi 2020 və 2021-ci illəri Ərəb Xəttatlığı İlləri elan edib. Bununla bağlı hətta Ər-Riyadın Milli Muzeyində ərəb yazısının yaranması və xəttatlığın inkişaf tarixinə, onun müasir incəsənətlə əlaqəsinə həsr olunmuş sərgi keçirilib.

Tanınmış amerikalı aktyorlar Nikolas Keys və Pedro Paskalın baş rolları ifa etdiyi “Böyük istedadın dözülməz ağırlığı” (“The Unbearable Weight Of Massive Talent”) filminin treyleri yayımlanıb.
TASS agentliyi xəbər verir ki, amerikalı rejissor Tom Gormicanun çəkdiyi filmdə maliyyə çətinliyi yaşayan Nikolas Keys maddi vəziyyətini yaxşılaşdırmaq üçün pul müqabilində milyarder pərəstişkarının ad günü şənliyinə qatılmaq istəyir.
Ancaq Keysin ad gününə gedəcəyi milyarderin narkobaron olmasından xəbəri yoxdur. "CIA" Mərkəzi Kəşfiyyat İdarəsi onunla əlaqə saxladıqdan sonra Keys müxbir kimi mərasimə qoşulmağa məcbur olur.

Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin anadan olmasının 112 illiyi Marneulidə qeyd edilib.
AzərTAC xəbər verir ki, böyük incəsənət xadiminin anadan olmasının 112-ci ildönümü ilə əlaqədar Marneulidə təşkil olunmuş rəsm dərnəyini bitirən gənclərlə görüş olub. Dərnəyi uğurla bitirən 5 nəfərə sertifikatlar verilib.
SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov Səttar Bəhlulzadənin həyat və yaradıcılığı barədə gənclərə məlumat verib.
Bildirib ki, S.Bəhlulzadə Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. O, S.Bəhlulzadənin Gürcüstanda da yaxşı tanındığını, azərbaycanlı gənclərin də rəssamın yaradıcılığına maraq göstərmələrinin əhəmiyyətini qeyd edib.
Görüşün sonunda S.Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
E.Əhmədov bu cür maarifləndirici tədbirlərin davamlı olacağını qeyd edib.

Cümə axşamı, 16 Dekabr 2021 11:10

Çarli Çaplin və Bethoven

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

16 dekabr

 

 “Üzünə şokolad çəkilmiş hər şeyin günü”

 

Maraqlı təyinatdır, şokoladsevərlər təqvimə şokolad günündən savayı ayrıca belə bir gün də salıblar. Qlazur adlanan şokolad örtüyü həqiqətən qənnadı məmulatlarına təkrarsız dad gətirir. Mən üstünə şokolad çəkilmiş ekleri seçirəm, siz də öz seçiminizi edin.

 

Bizim FHN və Çaplin

 

Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Özlərini oda-alova, uçqunlara, selə-suya ataraq təhlükədə olanları xilas edən bu fədakar insanları təbrik edirik.

 

Mərkəzi və Şimalı amerikalılar Las Posades festivalına başlayacaqlar, xristian ənənələrinin daim yaşadılmasına dəyər verəcəklər. Amerikalılar da dinc duran deyillər, onların bugünkü mətbəx bayramları Milli yaşıl Çili bibəri günü adlanır. Bu gün yeməklər ağızları yandırıb yaxacaq. Amma ayrıca Şokolad gününü də qeyd edəcəklər amerikalılar, bir növ, yanan ağızlara şirinlik gətiriləcək; Hindistanda və Banqladeşdə Qələbə, Tailandda idman günüdür həm də.

 

1913-cü ilin bu günündə gənc britaniyalı aktyor Çarli Çaplin həyatında ilk dəfə filmə şəkilib, “ Yaşamaq uğrunda mübarizə” adlanırdı həmin film. 1899-cu ildə İtaliyada “Milan” klubu yaradılıb, ölkəmizdəki “Milan”sevərlər, haydı, şənlənin. 1872-ci ildə rus generalı, bolşeviklərin qənimi Anton Denikin doğulub.

 

Dahi Bethoven

 

 Və bu yerdə tək musiqisevərlər, incəsənətsevərlər yox, dünyanın hər bir şüurlu sakini 1770-ci ilin bu günündə dünyaya gəlmiş dahi alman bəstəkarı, “Aylı sonata” kimi insan tərəfindən yaranışı belə şübhə doğuran ilahi bir şedevr ortaya qoymuş Lüdviq Van Bethoveni alqışlasın!

 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Salatın Əziz qızı Əsgərova  “Молодежь Азербайджана” (Azərbaycan gəncləri) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi, Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi. Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.

 

1991-ci il yanvar ayının 9-da içərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

 

Abdulla Şaiqin Mənzil-Muzeyində Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş virtual konfransın materiallarından ibarət məqalələr toplusunun yer aldığı kitabın təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, 2021-ci il martın 18-də keçirilən konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə həyata keçirilmişdi. Yubiley konfransında Abdulla Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi yaradıcılığının müxtəlif qolları haqqında məruzələr və çıxışlar  səsləndirilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqdim  olunan yeni “Arazdan Turana” kitabında sözügedən konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirləri və Abdulla Şaiqin Mənzil-Muzeyinin əsas fondunda qorunan fotoşəkillər yer alıb. Kitabın layihə rəhbəri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Kitab Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Abdulla Şaiqin Mənzil-Muzeyinin, RHİM İB-nin, “NƏFƏS” İB-nin, ABAİ İB-nin dəstəyi ilə nəşr edilib.
Kitabın təqdimat mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə  Paşayeva, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı,  Azərbaycan Türk Ocaqları Başqanı Akif Aşırlı, ADPU-nin professorları, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov və f.ü.f.d. Təranə Rəhimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva çıxış ediblər.
Təqdimat mərasimində Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində olan xidmətləri qeyd edilib, şairin irsinin geniş təbliği məqsədilə müxtəlif dillərdə çap məhsullarının hazırlanmasının əhəmiyyəti vurğulanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.