ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Bu gün şair, publisist, ssenari müəllifi, satirik Fikrət Sadığın doğum günüdür.

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956–1961).

 

Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.

 

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur.

Azərbaycan yazıçılarının VII–VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Əsərləri 

 

1. Cığır

2. Ömrün bir günü

3. Dəniz küçəmizə gəlir

4. Cırtdan hara getmişdir?

5. Bala kirpi

6. İşığın yaşı

7. Göydə nə var

8. Ağ cığır

9. Yerdən göyə ümid

10. Göydən alma düşmədi

 

Filmoqrafiya 

 

1. Cırtdanın yeni sərgüzəşti

2. Fransa qəhrəmanı 

3. Naxçıvan-50 

4. Süleyman Rüstəm 

5. İçəri Şəhər

 

Fikrət Sadıq 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

Sənətkar barədə həmkarım Elman Eldaroğlunun daha geniş yazını gün ərzində sizlərə təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının TRİBUNA-sında bu gün Nəsibə Nəsibdir, mövzu isə siyasətdir.

 

“…Laçınlılar alimlərdir, şairlərdir, ziyalılardır. Laçın rayonu həm təbiətinə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir. Şuşanın, Laçının Azərbaycan torpağı, respublikamız, xalqımız üçün nə qədər qiymətli və əziz olduğunu sübut etməyə ehtiyac yoxdur. İndi Ermənistan sərhədinin içərisində olan torpaqların bir hissəsi də dövri qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olub. Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da... Arxayın ola bilərsiniz ki, bütün problemlərin, xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün mən bundan sonra öz səylərimi əsirgəməyəcəm”. - 

 

Ümummilli lider Heydər Əliyev bu dəyərli sözləri 1996-cı il mayın 6-da deyib.

Bəli, sözünü dedi və öz diqqət-qayğısını əsirgəmədi! Elə bir oğul yetişdirdi ki, o oğul həm atasının, həm də xalqının arzusunu gerçəyə çevirdi. O, yalnız siyasi lider deyil, Azərbaycan torpaqlarının ruhi energetikası ilə yaşayan bir müzəffər liderdir!

 

Budur – 28 May 2025-ci il – Prezident İlham Heydər oğlu Əliyev Laçın rayonunun Qorçu kəndindən, dəniz səviyyəsindən 1700 metr yüksəklikdən xalqı salamladı. Bu, sıradan bir çıxış deyildi – ata vəsiyyətinin yerinə yetirilməsinin verdiyi qürurla səslənən tarix idi. Prezident, Laçın Hava Limanının rəmzi açarını qəbul etdi – bu, sadəcə bir obyektin deyil, Laçının səmasının, Azərbaycanın gələcəyinin açarı idi.

 

O açarın təntənəsində Türkiyə və Pakistan dövlət başçıları da iştirak edirdi. 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyini ilk tanıyan bu iki dost-qardaş dövlətin indi də Azərbaycanın yanında olması təsadüf deyil. Bu, bütün dünyaya ünvanlanan açıq ismarıcdır: eşidin və bilin - Azərbaycan təkcə bölgə deyil, böyük geosiyasi platformada öz çəkisi və sözü olan dövlətdir.

 

2025-ci il – Konstitusiyamızın qəbul edilməsinin 30, Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümüdür. Bu il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Öncə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, indi isə dünyaya yeni imzalar atırıq.

 

Millətlərin və dövlətlərin bir-biri ilə üz-üzə gəldiyi, insan hüquqlarının pozulduğu, müharibələrin şəhərləri və kəndləri viran qoyduğu dünyada biz sülh imzası atmağı bacardıq. Azərbaycanın dostluq toxumları bu gün dünyanın hər yerində cücərir.

 

Azərbaycanın ürəyi olan Laçın və Şuşa ilə bağlı Heydər Əliyevin arzuları çiçək açır. Bu yerdə Nəbi Xəzrinin misraları düşüncələrə hopur:

 

Bu gün heç bilmirəm nə üçün, nədən?

Səma da mavidir, torpaq da mavi…

Görürəm dünyanı başqa rəngdə mən —

Ağac da mavidir, yarpaq da mavi…

 

İndi Azərbaycan Laçının masmavi səmasında buludları yara-yara sülh cığırı açır. Bu cığır – haqqın cığırıdır. Bu cığır – xalqın iç səsidir. Və o xalq ki, bir yumruq kimi birləşdi, indi göyüzündə yeni yollar salır.

 

28 May 2025-ci ildə – Cümhuriyyətin doğum günündə, 1918-ci ilin “İstiqlaliyyət Bəyannaməsi” bir daha həyat tapdı. Bu sənədə görə, Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətləri qurmalı idi. Bu gün Azərbaycan sadəcə dostluq təklif etmir – dostluğu yaşadır və nümayiş etdirir. Artıq Qafqaz “problemlər bölgəsi” deyil, böyük əməkdaşlıq layihələrinin, qlobal zirvələrin mərkəzidir.

 

“Böyük Qayıdış” davam edir. Bu gün – 29 May 2025-ci ildə – Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə köç karvanı yola düşdü. Bu karvan sadəcə köç deyil, gələcəyə doğru atılan inamlı addımdır, əlbəttə.

 

Dünən Avropa türklərə salam dedi, bu gün Laçınlılar bütün dünyaya: “Biz buradayıq!” – deyir. Sabah isə Şəhriyarlar, Vətənin hər yerindən

“Heydər Babaya salam” hayqıracaq! -

 

Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bəhrə bitirməz,

Namərd olan ömrü başa yetirməz,

 

Biz də vallah, unutmarıq sizləri,

Görəmməsək, halal edin bizləri.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

 

Xəbər verdiyimiz kimi, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqənd şəhərinə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə keçirilən mərasimdə iştirak məqsədli rəsmi səfər edib. Səfər çərçivəsində o, ISESCO-nun Baş direktoru cənab Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib və mədəniyyət, təhsil, eləcə də tarixi və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Görüşün yekunu olaraq, Fond və ISESCO arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.

Aktotı Raimkulova, Səmərqəndə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Baş direktoru təbrik edib və bu təşəbbüsün təkcə Özbəkistan deyil, həm də bütün İslam və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Fondun Prezidenti, ISESCO-nun mədəni irsin qorunması və təbliği sahəsindəki səylərinə tam dəstəyini bildirib.

Görüş zamanı xanım Aktotı Raimkulova, türk ölkələrindəki tarixi və mədəni abidələrin bərpası və qorunması ilə bağlı sistemli və elmi yanaşmanın vacibliyini qeyd edərək, bu sahədə çoxcildli metodik vəsaitin birgə hazırlanmasını da təklif edib.

Bundan əlavə, muzey işçilərinin ixtisasartırması, xüsusi təlim proqramlarının təşkili, birgə forumlar və mədəniyyət müəssisələrinin peşəkar potensialının artırılmasına yönəlmiş tədqiqat layihələri də müzakirə olunub.

Görüş zamanı əldə edilən razılaşmalar Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır və Türk və İslam dünyasının zəngin mədəni irsinin qorunması və təbliğini hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

Kanadanın Niaqara şəlaləsi  28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

İşıqlandırma mərasimi Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadada yaşayan Azərbaycan icması, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Onlar “Azərbaycan”, “Xudayar təsnifi” və digər bir sıra musiqilərin sədaları altında rəqs ediblər.

Bundan əlavə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə Torontodan Niaqara Fols şəhərinə avtoyürüş də keçirilib.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında ətraflı məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

27 May, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Səmərqənd şəhərinə “İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2025” statusunun verilməsi münasibətilə etdiyi rəsmi səfəri çərçivəsində türk dünyasının elmi ictimaiyyəti üçün əlamətdar bir hadisə baş verib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, Fondun prezidenti Aktotı Raimkulova Səmərqənddə yerləşən “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti nəzdində fəaliyyət göstərən “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutunu ziyarət edib. Səfərçər çivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə İnstitut arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sazişin əsas nəticəsi kimi, Fondun himayəsi altında fəaliyyət göstərəcək Türk İrsi Mərkəzinin institutun bazasında rəsmi açılışı həyata keçirilib. Yeni Mərkəz türk dövlətləri arasında akademik əməkdaşlığın, elmi tədqiqatların və mədəni mübadilənin inkişafı üçün bir platforma rolunu oynayacaq.

Türk İrsi Mərkəzlərinin yaradılması Fondun elmi-təhsil və mədəni fəaliyyətlərini genişləndirmək məqsədi ilə həyata keçirdiyi strateji təşəbbüslər sırasındadır. Belə mərkəzlər artıq Qazaxıstan və Qırğızıstanda uğurla fəaliyyət göstərir və yaxın vaxtlarda türk dünyasının digər ölkələrində də açılması planlaşdırılır.

Türk İrsi Mərkəzləri türk xalqlarının tarixi irsinin qorunması, mədəni dəyərlərinin təbliği və elmi təşəbbüslərin həyata keçirilməsi üçün mühüm dayaq nöqtələrindən birinə çevriləcək. Bu məkanlarda alimlər, mütəxəssislər və tələbələr bir araya gələrək birgə layihələr həyata keçirəcək, akademik dialoqu dərinləşdirəcək və türk irsinin hərtərəfli öyrənilməsi və mənalandırılması üçün fənlərarası tədqiqatlar aparacaqlar.

Səmərqənddə Mərkəzin açılması mədəni və təhsi ləlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda türk dünyasının zəngin və rəngarəng irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm bir addıma çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova, Səmərqənd şəhərinin “İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2025”  elan olunması münasibətilə keçirilən rəsmi mərasimdə açılış nitqi ilə çıxış edib.

Səmərqənd iki min beş yüz ildən artıqdır ki, sivilizasiyalarının qovşağı və Orta Asiyada Böyük İpək Yolunun əsas mərkəzlərindən biri kimi fəaliyyət göstərmiş, dünyanın ən qədim və şöhrətli şəhərlərindən biridir. Bu fəxri statusun verilməsi şəhərin tarixi və mədəni əhəmiyyətinin yüksək qiymətləndirildiyini göstərir.

Türk Mədəniyyəti və İrsi Fondu həm İslam, həm də Türk dünyasının mənəvi irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən bu təşəbbüsü tam şəkildə dəstəkləyir.

Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mərasimdə 20-dən çox ölkənin nümayəndələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir yüksək təşkilatçılıq səviyyəsində baş tutub. 

Fond bu əlamətdar hadisə münasibətilə Özbəkistan Respublikasını səmimi qəlbdən təbrik edir və ölkəyə davamlı inkişaf və rifah arzulayır.

Həmçinin böyük məmnuniyyətlə bildiririk ki, qardaş Özbəkistan dövləti Türk Mədəniyyəti və İrsi Fonduna rəsmi olaraq tamhüquqlu üzv kimi qoşulub. Bu mühüm addım mədəni əməkdaşlığın genişlənməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açacaqdır.

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Ramin Yaşardır.

 

Ramin Yaşar

Təbriz

 

UŞAQLAR AYIQ ORDUDUR

 

Can ürəklər, can könüllər,

Sudan duru, aydan arı.

İsti-isti, şirin-şirin,

Qaçın gəlin mənə sarı.

 

Qaçın gəlin ay uşaqlar,

Gəlin vətəndən danışaq.

Qızıl almada dil açıb,

Güllü gülşəndən danışaq.

 

Danışaq, söyləyək Azər,

Babəkin "Baycan" yurdudur.

Ay-ulduzlu gələcəyə,

Uşaqlar ayıq ordudur.

  

 “Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

RƏSM QALEREYASI: Maykl Ceyms Smit, “Mənzərə”

 

İngilis rəssam Maykl Ceyms Smit uşaqlıqdan çəkdiyi rəsmlərlə hamını heyrətləndirirmiş. Onun çəkdiklərini fotodan əsla fərqləndirmək olmur. Bu gördüyünüz təbiət mənzərəsini o yağlı boya ilə çəkib, hər bir yarpağa günlərini həsr edib.

GÜNÜN FOTOSU: Laçında 3 liderin zirvə görüşü

 

Mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirildi.

 

Foto: AzərTAC-ındır.

Cümə axşamı, 29 May 2025 18:13

Ən böyük eşq vətənə olan eşqdir...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuduğu vaxtlarda o dövrün “Pioner” qəzetində “Haradan başlanır vətən?”- mövzusunda keçirilən inşa müsabiqəsinin elanını görüb, müsabiqədə iştirak etmək qərarına gəlir və tezliklə elanda göstərilən ünvana inşa yazıb göndərir. İnşada qeyd edir ki:- “Vətən mənim üçün yaşadığım evdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır.” Çox keçmir ki, inşa əks-səda doğurur və müsabiqənin qaliblərindən biri də o olur.

Ümumiyyətlə, vətən mövzusu ona çox əzizdir və bədii yaradıcılığının əsas qayəsini təşkil edir. Bəlkə də bu səbəbdəndir ki, hətta elmi işinin də mövzusu vətənlə bağlı olub...

 

Ən böyük sevgi vətənə, torpağa olan sevgidir. Bu danılmaz sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət iötüb keçmir.”- söyləyir.

 

Kövrək qəlbi var. Özünü yağışa bənzədir. Adə­tən, kövrələndə istəmir ki, kimsə buna şahid olsun. “Mə­nim də qəl­bim­də yağışa bən­zər hal­lar tez-tez olur. Əgər ley­san ya­ğır­sa, tez kə­sir, am­ma na­rın ya­ğış ya­ğır­sa, onun kəs­mə­si, ki­ri­mə­si gec olur.”- deyə duyğularını dilə gətirir...

 

Deyir ki:- “Həmişə çalışmışam ki, ünsiyyətdə olduğum insanlarda yalnız yaxşı xüsusiyyətlərini görüm, belə olanda ünsiyyət də normal alınır. İnsanlar ünsiyyətdə bir-birinə müsbət enerji ötürə bilirsə qarşıya çıxan bütün maneələri aşmaq olur. Yox, əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlıgördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq özündə qala bilsin, dəyişməsin.”

 

O, 1962-ci ilin may ayının 29-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984-1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllim, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışıb. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktorudur. Bir sıra kitabların müəllifidir...

 

Qa­dın güc­lü ol­ma­lı­dır. Bi­zim gü­cü­müz ya­xın­la­rı­mı­za bö­yük ener­ji ve­rir. Biz güc­lü­yük­sə, hə­yat yol­da­şı­mız güc­lü­dür, ata­mız güc­lü­dür, qar­da­şı­mız güc­lü­dür. Qa­dın güc­lü, in­tel­lek­tu­al, his­siy­yat­lı olan­da ət­ra­fı­na da bu­nu ötü­rə bi­lir. He­sab edi­rəm ki, bu fik­ri sə­bəb­siz de­mirəm. Bə­zən elə mə­qam­lar olur ki, o za­man ağıldan əla­və, in­tui­si­ya da la­zım gə­lir və qa­dın­da bu, da­ha güc­lü­dür. Bə­zən qadın­la­rın in­tui­si­ya­sı ağıl­dan bir qə­dər irə­li­də ola bi­lir. Bu mə­na­da, qa­dın­lar daha in­tui­si­ya­lı­dır və bu­nun­la on­lar da­ha bö­yük iş­lər gö­rə bi­lirlər...”- söyləyir.

 

Zərif ruhu var, qəlbi o qədər təmizdir ki, hamıya-hər kəsə xoşbəxtlik arzulayır. Necə deyərlər, dili dualı xanımdır. Müsahibələrinin birində deyir ki:- “Özüm bö­yü­mə­miş, bo­yum çıx­ma­mış ru­hu­mu, içi­min sə­si­ni, qəl­bi­min pı­çıl­tı­sı­nı, kön­lümün hə­nir­ti­si­ni eşit­dim. İçimdə­ki səs­lə yaşa­dım. Yaz­dıq­la­rım yarpaq aç­dıq­ca ömür ağa­cım da bö­yü­dü. Nə­nə-ba­ba­lı dün­ya­mdan, bağımız­da­kı gi­lə­nar çi­çək­lərin­dən, şaf­ta­lı, ərik ağac­la­rın­dan, Şə­rur yay­laq­la­rı­na ha­kim kəsilən “Yal­lı”dan ayrı­lıb kü­lək­lər şə­hə­ri­nə- Ba­kı­ya gəl­dim. Ki­tab­xa­na­la­rın­da­kı kif qo­xu­lu kitab­la­rın şə­hə­ri­nə. Kim nə de­yir-de­sin, So­nanı Sona Vəliyeva edən də, elə bu şə­hər ol­du. “Şə­rur qön­çə­si” şə­hər­də çi­çək­lən­di. Poe­zi­ya­dan pub­li­sis­ti­ka­ya yol tutdu. Se­və-se­və, se­vi­lə-sevi­lə. Sa­də­li­yin, sə­mi­miy­yə­tin, pe­şə­kar­lı­ğın nü­mu­nə­si ki­mi ta­nı­nan bu qa­dın in­di doğmala­rı üçün əziz bir in­san, yüz­lər­lə oxu­cu­su üçün isə “Kas­pi” qə­ze­ti­nin tə­sisçisi, şai­r, pub­li­sist So­na Və­li­ye­va­dır.”

 

 ...Bəli, o, bu dəfə sizə ürək­lə­rə yol ta­pan, kö­nül­lə­ri tər­pə­dən li­ri­ka­sı­na gö­rə tanı­nan, se­vi­lən Sona xanımdan danışıram. O, sadə­li­yin­də əzə­mət, qü­ru­run­da mər­hə­mət gəz­di­rən zə­rif­lər­dən­dir. Bar ve­rən ağac ki­mi bə­rə­kə­ti ço­xal­dıq­ca, başı­nı aşağı tu­tub, ürə­yi­ni Allaha, kön­ül qa­pı­sı­nı isə insan­la­ra açır. Bir sözlə, o xoş­bəxt­dir...

 

Bu gün - mayın 29-u naşir, şair, publisist Sona Vəliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

 

 

 

 

 

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.