ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİ ÜNLÜLƏRİndə bu gün sizlərə Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi Yakub Qadri Karaosmanoğlu barədə danışacağıq.

 

Türk edebiyatının önəmli simalarından biri olan Yakub Qadri Karaosmanoğlu (1889-1974), həm ədəbi, həm də siyasi kimliyi ilə Respublika dövrünün ən mühüm ziyalıları sırasında yer alır. Romanları, hekayələri, esse yazıları və siyasi məqalələri ilə ictimai dəyişimləri özündə əks etdirən Karaosmanoğlu, Qərbləşmə ağrılarını, aydın-xalq qarşıdurmasını və tarixi dönüşümləri dərinləmə işləmişdir.

 

Yaqub Qadri 27 mart 1889-cu ildə Qahirədə dünyaya gəlmişdir. Kökləri XVII əsrdə Qaraosmanoğlu ailəsinə uzanan bu nəslin mənşəyi Manisanın nüfuzlu əşraf ailələrindən biridir. Nənəsi Qara Məhəmməd Çavuşun nəslindən olan Əbdülqadir bəy, Qavalalı İbrahim Paşaya yaxınlığı səbəbilə Misirə köçmüş; Yaqub Qadri'nin atasının vəfatının ardından ailə 1895-ci ildə Manisaya qayıtmışdır. Bu dövrdə Çaybaşı Feyziyyə Məktəbi və İzmir İdadisində təhsil alan yazıçı, atasının ölümü ilə təhsilini yarıçıq qoyaraq anası ilə Misirə geri dönmüş, İskəndəriyyədə Fransız məktəbi "Frerler" və İsveçrə Liseyində orta təhsilini tamamlamışdır. Bu illərdə Fransa ədəbiyyatı ilə tanış olması onun ədəbi şəxsiyyətinin formalaşmasında həlledici rol oynamışdır.

Yaqub Qadri, 1908-ci ildə İstanbula köçdükdən sonra Məktəb-i Hüquqa qeyd olunmuş, lakin üçüncü sinifdə təhsilini yarımçıq qoymuşdur. İstanbulda Rəfiq Həlit Qaray, Şəhabəddin Süleyman kimi şəxslərlə tanış olmuş və "Fecr-i Ati" cəmiyyətinə qoşularaq ədəbi dünyaya addım atmışdır. İlk əsəri "Nirvana" (1909), "Rəsimli Kitab" jurnalında dərc olunmuş bir teatr pyesidir. Bu dövrdə o, Yahya Kamal ilə birlikdə "Yeni Yunançılıq" (Nev-Yunanilik) cərəyanını müdafiə etmiş, lakin bu təşəbbüs gözlənilən marağı qazanmamışdır.

Yaqub Qadri, 1916-1919-cu illərdə İsveçrədə keçirdiyi vərəm müalicəsindən sonra İstanbula qayıtmış və "İkdam" qəzetində Milli Mübarizəni dəstəkləyən yazılar yazmışdır. 1921-ci ildə Ankara hökumətinin dəvəti ilə Anadoluya keçərək Tədqiq-i Məzalim Heyətində çalışmış və Yunan işğalının izlərini sənədləşdirmişdir. 1923-1934-cü illər arasında Mardin və Manisadan millət vəkili olaraq siyasətə qatılmış, "Kadro" jurnalının qurucuları arasında yer almışdır. Jurnalın bağlanması ilə diplomat karyerası başlamış; Tiran, Praqa, Lahey, Bern və Tehranda səfir vəzifəsində çalışmışdır. 1955-ci ildə pensiyaya çıxaraq Türkiyəyə dönən yazıçı, 13 dekabr 1974-cü ildə Ankarada vəfat etmiş və İstanbulda dəfn edilmişdir.

Yaqub Qadri'nin ədəbi həyatı “Fecr-i Ati” cəmiyyəti ilə başlayır. "Sənət şəxsi və möhtərəmdir" prinsipini mənimsədiyi bu dövrdə, fərdi mövzuları işləyən mənsur şeirlər və teatr əsərləri yazmışdır. Yaqub Qadri, Ədəbiyyat-ı Cədidə dövründə ortaya çıxan mənsur şeir janrının ən əhəmiyyətli nümayəndələrindən biridir. Zəngin çağrışımlarla toxunmuş şeirlərini "Ərənlərin Bağından" və "Oxun Ucundan" adlı əsərlərində toplamışdır. Bu əsərlərdə, qədərcı, rind, asi və bədbin bir ruh hali, ahəngdar Türk dili ilə ifadə edilmişdir. Bu əsərlərdə Tövrat, İncil, Quran, peyğəmbər qissələri, Yunan mifologiyası, Fransız simvolist və parnasçı cərəyanları kimi müxtəlif elementlərin izləri görünür.

Balkan Müharibələri və I. Dünya Müharibəsinin yaratdığı ictimai travmalar, onun sənət anlayışını köklü şəkildə dəyişdirmişdir. O, artıq "sənət cəmiyyət üçündür" deyərək əsərlərində tarixi və sosial məsələlərə diqqət mərkəzləşdirmişdir.

Yaqub Qadri'nin ən əhəmiyyətli ədəbi irsi, 1922-1956-cı illər arasında nəşr olunan doqquz romanıdır. Bu əsərlər, Osmanlının son dövründən Cümhuriyyətə qədər uzanan prosesi təhlil edir.

Üç nəslin toqquşmasını bir qonaq evi və mənzil üzərindən əks etdirən "Kirayəlik Qonaq" romanı, Qərbləşmənin korrupsiyaedici təsirlərini simvolik şəkildə təsvir edir. Naim Əfəndinin ənənəvi dəyərləri ilə nəvəsi Sənihanın modernizmə olan həvəsi arasındakı gərginlik, ictimai parçalanmanın metaforasıdır.

"Nur Baba" romanı, Bektaşi təkkələrinin dünyəviləşməsini tənqid etdiyi üçün nəşr olunduğu dövrdə böyük etirazlara səbəb olmuşdur. Roman təkkənin dini funksiyasını itirərək şəhvət mərkəzinə çevrilməsi, dini qurumların çöküşünü təsvir edir.

"Sodom və Gomore" romanı, Mütarəkə dövrü İstanbulunu əks etdirir və işğal altındakı şəhərin əxlaqi çöküşünü Sodom və Gomora mifi ilə əlaqələndirir. Yaqub Qadri, Qərb həvəskarı züppə sinifin milli şüurdan məhrum olmasını kəskin dilə tənqid edir.

Milli Mübarizə dövründə ziyalı-kəndli arasındakı mədəni və fikir ayrılıqlarını təhlil edən "Yaban" romanı, kəndlinin "şüursuzluğu" və ziyalıların öz mədəniyyətlərinə yadlaşması vasitəsilə ictimai bir faciəni təqdim edir. CHP Roman Mükafatında ikincilik qazanan bu əsər, dövründə həm tərif, həm də tənqid almışdır.

 

“Bunun səbəbi, Türk ziyalısı, yenə sənsən! Bu xarabalıq vətən və yoxsul insan kütləsi üçün nə etdin? İllərlə, əsrlərlə onun qanını əmdikdən və onu bir posa halında sərt torpağın üstünə atdıqdan sonra, indi də gəlib ondan iyrənc duymaq haqqını özündə tapırsan. Anadolu xalqının bir ruhu var idi, nüfuz edə bilmədin. Bir başı var idi, aydınlatmadın. Bir bədəni var idi, qidalandıra bilmədin. Üstündə yaşadığı bir torpaq var idi! İşlədə bilmədin. Onu, heyvani hisslərin, cəhalətin, yoxsulluğun və qıtlığın əlində qoydun. O, sərt torpaqla quru göy arasında bir yabanı ot kimi bitdi. İndi, əlində oraq, buraya biçinə gəlmişsən. Nə əkdinki, nə biçəcəksən? Bu gicitkənləri, bu quru tikanlarımı? Əlbəttə ayaqlarına batacaq. Budur, hər yanın yarılmış halda qanayır və sən, acıdan üzünü buruşdurursan. Həsrətdən yumruqlarını sıxırsan. Sana əzab verən bu şey, öz əsərin, öz əsərindir!” (Yaban, s. 111)

 

Cümhuriyyətin ilk illərindən bəhs edən trilogiyanın ilk kitabı "Ankara", idealist kadrların yaşadığı ziddiyyətləri əks etdirir. Roman, inqilabların cəmiyyətə nüfuz etmə sancılarını dramatik şəkildə təsvir edir.

Yaqub Qadri'nin hekayələri iki dönəmə ayrılır: İlk dönəmdə ("Bir Sərəncam") fərdi mövzular işlənərkən, ikinci dönəmdə ("Milli Müharibə Hekayələri") Milli Mübarizənin ağrıları və ictimai problemlər ön plana çəkilir. "Nirvana" və "Sağanaq" əsərlərində ailə qurumunun dağılması və inqilab əleyhdarlığı təhlil edilir.

"Məcburi Diplomat" və "Siyasətdə 45 İl" kimi xatirə kitablarında o, siyasi və diplomatik təcrübələrini səmimi bir dillə təqdim etmişdir. "Anamın Kitabı" isə uşaqlıq xatirələrini ədəbi üslubla birləşdirir. Esselərində Qərb-Şərq ziddiyyətinə toxunan yazıçı, "Alp Dağlarından" əsərində mədəniyyətlər arasındakı əlaqələri sorğulayır.

Yaqub Qadri'nin əsərlərində əsas əlamətdar mövzu Qərbləşmənin səbəb olduğu şəxsiyyət böhranıdır. "Kirayəlik Qonaq"da ənənəvi dəyərlərin dağılması, "Sodom və Gomore"də əxlaqi pozğunluq, "Yaban"da isə kəndlinin modernləşməyə müqaviməti bu böhranı əks etdirir. Onun fikrincə, səthi Qərbləşmə cəmiyyəti kökündən uzaqlaşdırmış; ziyalılar isə xalqa yadlaşmışdır.

Yaqub Qadri Qaraosmanoğlu, 1932-ci ildə Vədat Nədim Tör və Şövkət Süreyya Aydəmir ilə birlikdə qurduğu "Kadro" jurnalında "xalq üçün, xalqa baxmayaraq" şüarını müdafiə etmişdir. Bu dövrdə yazdığı "Ankara" və "Panorama" kimi əsərlərində onun, yeni qurulan Cümhuriyyətin həyata keçirdiyi inqilabların cəmiyyətə necə kök salacağı sualına cavab axtardığı görünür.

Yaqub Qadri, əsərlərində kəndlini "geri" və "şüursuz" təsvir etməsi ilə tənqid olunmuşdur. "Yaban"dakı kənd təsviri gerçəkçilikdən uzaq hesab edilmiş; ziyalı ilə xalq arasındakı uçurumu şişirdiyi iddia edilmişdir. Tanpınar onun "reallığı bir ideologiyanın prizmasından gördüyünü" qeyd etmişdir. Buna baxmayaraq, Milli Mübarizəni ədəbiyyatla birləşdirməsi onu Cümhuriyyətin qurucu nəsli arasında xüsusi bir mövqeyə yüksəltmişdir.

Yaqub Qadri Qaraosmanoğlu, Türk ədəbiyyatında ictimai realizmin öncülərindəndir. Romanları Osmanlıdan Cümhuriyyətə keçidin sosioloji xəritəsini çıxararkən; hekayələri və esseləri dövrün siyasi ruhunu əks etdirir. Siyasi kimliyi ilə ədəbi duruşunu birləşdirən yazıçı, həm bir dəyişim dövrünün şahidi, həm də tərcüməçisi olmuşdur. Əsərlərindəki kəskin tənqidlər və ideoloji mövqe onu mübahisəli, lakin əvəzolunmaz bir simaya çevirmişdir. Yaqub Qadri, Türk ziyalısının daxili hesablaşmalarını və ictimai məsuliyyətini ədəbiyyatla birləşdirən əhəmiyyətli bir qələmdir.

 

Biblioqrafiya

Kenan Akyüz, Modern Türk Edebiyatının Ana Çizgileri: 1860-1923, Ankara: İnkılap Yayınevi, 2000.

Berna Moran, Türk Romanına Eleştirel Bir Bakış, İstanbul: İletişim, 2021.

İnci Enginün, Yeni Türk Edebiyatı Araştırmaları I, İstanbul: Dergâh, 2012.

Nazım Hikmet Polat, "Karaosmanoğlu, Yakup Kadri ", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, C. 24, 2001.

Ahmet Hamdi Tanpınar, Edebiyat Üzerine Makaleler, Hazırlayan: Zeynep Kerman, İstanbul: Dergâh Yayınları, 2024.

Münire Kevser Baş, “Yakup Kadri Karaosmanoğlu”, Türk Edebiyatı Eserler Sözlüğü. https://teis.yesevi.edu.tr/madde-detay/karaosmanoglu-yakup-kadri [Erişim Tarihi: 01.02.2025]

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Cümə, 07 Fevral 2025 11:13

Ermənistanı yasa boğan qəhrəman

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

İmam Əli  (Ə.S)  buyurur: “Qiyamət günü cənnətə daxil olan ilk şəxs şəhid olacaq”.  Bu gün haqqında danışacağım insanın nəinki məndə,  bütün azərbaycanlıların qəlbində yeri başqadır. Ümumiyyətlə, bu millət hər zaman şəhidinə, qazisinə sahin çıxıb. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Əliabad kəndində, Puşkin (hazırkı Biləsuvar)  rayonunda anadan olub.  Ta uşaq yaşlarından hərbiyə maraq göstərən Mübarizə atası Çevik Polis  Alayına sənət verməyi məsləhət görür.  Lakin Mübariz “Ata, mən millətimə əl qaldıra bilmərəm”  deyir və atasının təklifini qəbul etmir. 

Mübariz İbrahimov 2005-ci ildə  məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.  O,  Daxili İşlər Nazirliyinə bağlı  xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş Mübariz  iki il sonra xidmətini bitirmiş,  2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq xidmətə başlamışdır. Hər birimizin içində Erməniyə qarşı ayrı bir nifrət var. Mübarizində Xocalıda törədilən vəhşiliklər,  qırğınlar gözünün önünə gəldikcə Ermənilərə olan nifrəti birə beş artırdı.   2010-cu il İyun ayının 18-dən 19-na keçən gecə özündən geriyə yazdığı məktubu qalan Mübariz İbrahimov təmas xəttini keçərək  Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan ordusuna məxsus zastavaya basqın etmişdi.  Nəyin nə olduğunu anlamadan Ermənilər artıq  20-ə yaxın itki vermişdi. Təkbaşına bir ordu kimi savaşan Mübariz erməni əsgərlərini  əməllicə  təşvişə salmışdı. Onlar sanki Azərbaycan ordusu hücuma keçdiyini düşünüb qarışqa kimi hərəsi bir tərəfə dağılışmağa başladı.  19-u səhərə yaxın Mübarizin mərmisi azalmağa başlamışdı. O, artıq tapancası və bıçağı ilə döyüşməyə davam elədi və kürək nahiyəsindən aldığı iki güllə yarası ilə Mübariz şəhadətə qovuşdu.  Ermənilər hər nə qədər təkzib etsələrdə Mübarizin nəşini gizlədə bilmədilər və Rusiyanın vasitəçiliyi ilə noyabrın 6-ında Həştərxanda Mübarizin nəşi Azərbaycana təhvil verildi. Ermənilər o qədər qorxmuşdu ki,  Mübarizin hələ də sağ qaldığını düşünüb əllərini və ayaqlarını bağlamışdılar.

Mübariz İbrahimova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş və eyni zamanda “ilin adamı” adına layiq görülmüşdür

 

“Ədəbiyyat və İncəsənət” 

 (07.02.2025)

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi

“Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan musiqi təhsilinin, xüsusən də milli musiqi təhsilinin inkişafı və gələcəyində mühüm rol oynayan, 25 illik yubileyinin astanasında olan Azərbaycan Milli Konservatoriyasının nailiyyətlərinin əsası onun əzmkar tələbələridir. Çətin və unudulmaz, həyəcanlı, eyni zamanda maraqlı imtahan sessiyasını başa vurmuş sevimli tələbələrimiz çox ağıllı və tədbirlidirlər.

 

Tələbələr arasında artıq sənətin zirvəsində olanlar da az deyil. O şəxslər ki, hər zaman müəllimləri, ustadları onlarla fəxr edir. Bu gün sizə onlardan birinin nailiyyət və uğurları haqqında söhbət açmaq istəyirəm. Söhbət AMK-nın Etnomusiqişünaslıq ixtisası üzrə magistr tələbəsi, istedadlı musiqişünas Zeynəb Bağırdan gedir. Onun uğurlarını elmi konfranslarda kürsüdən etdiyi zəngin çıxışlardan, əlbəttə ki, izləyir və qürur duyurdum, Lakin son aylarda mənə könüllü olaraq mətbuat işlərində kömək etməyə başladıqda, onun nə qədər bacarıqlı və müdrik olduğunun şahidi oldum.

Azərbaycan Milli Konservatoriyasının sənətkarlardan dərs almış davranış və bacarıqlarında nümunəvi tələbələri var. Bu barədə çox danışmışıq. Zeynəb də bu cür tələbələrdəndir. İmtahanları müvəffəqiyyətlə bitirib, əlaçı olan Zeynəb, əziyyətinin bəhrəsini hiss edir. Çox sevinclidir. Ona yeni başladığı tədqiqatı haqqında söz açmağını istəyəndə, daha da şövqlə danışmağa başladı. Tədqiqat mövzusu və tədqiqatına olan sevgisi tükənməzdir. Zeynəb Bağır 2023-cü ildən AMK-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi Lalə Hüseynovanın rəhbərliyi ilə əvvəl bakalavr, sonra isə magistr kimi tədqiqata başlayıb. Artıq iki ildir ki, bu mövzuda işlər aparır. Tədqiqatın mövzusu – İraq türkman (Kərkük) musiqisidir. Çox maraqlı bir mövzu olduğunu düşünür. Bilirik ki, İraqda yaşayan türk mənşəli xalq türkman kimi qeyd olunur. İraq türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq, sistemli şəkildə ilk dəfə əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir. Qəzənfər Paşayev və onun izi ilə gedən yetirmələri tərəfindən Kərkük folkloru və ədəbiyyatı əsaslı şəkildə araşdırılıb. Düşünürəm ki, musiqisinin araşdırılması geniş miqyasda yalnız bu tədqiqatda özünü ifadə edəcək. Bu ki çox sevindirici haldır. Onda insan ikiqat əzmlə və bacarıqla bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır.

Həm də Zeynəb öz ustadları, sevimli müəllimləri, mənəvi dayağı bildiyi elmi rəhbərindən də böyük ruh alır.

 

Zeynəb söhbətinə davam edir:

 AMK nəzdində musiqi kollecinin müəllimi Mehman Mikayılov tərəfinən 13 üç Kərkük mahnısını notlaşdırsa da, məhz Kərkük bölgəsinin mahnılarından bəhs edən müəyyən yazılar olsa da, indiyə qədər Azərbaycan musiqişünaslığında İraq-Türkman musiqisinin tədqiqi məsələsinə bu cür əhatəli şəkildə müraciət edən olmayıb. Düzdür həmişə musiqi mübadiləsi olub, yalnız akademik səviyyədə araşdırmaq, konfrans keçirmək, elmi məqalələr, layihələrlə gündəmə gətirilməsi bir ilkdir. Tədqiqatları sevərək aparırıq, mən çalışıram ki, ümumilikdə İraqdakı bütün türkmanların musiqisinin tədqiqinə nail olum. Bunun üçün tezliklə ora səfər etməyi düşünürəm. Sahə tədqiqatları aparmağa çox iddialıyam, çünki regional fərqlilikləri elə yerindəcə araşdırmaq niyyətindəyəm. Qeyd edim ki, tədqiqatın “İraq türkmanlarının ənənəvi musiqisi” adlandırdığımız birinci mərhələsi artıq bitib. Bu mərhələdə makam, xoyrat, mahnı və rəqsləri tədqiqata cəlb etmişdik.

 

Elə keçən il, 2024-cü ilin may ayında "İraq və türkman (Kərkük) musiqisinin tədqiqi məsələləri" adı altında konfrans oldu. AMK-nın təşkilatçılığı ilə Kərkük Kültür Dərnəyi ilə birgə keçirilən konfransda Zeynəb Bağır “İraq türkman və Azərbaycanın mədəni əlaqələri” mövzusu ilə çıxış etmişdi. Həmin konfransda AMK-nın professor-müəllim heyəti, əməkdar elmi xadim Qəzənfər Paşayev və türkman sənətçilər də iştirak edirdi. Konfransdan sonra elə həmin gün böyük bir konsert keçirildi. “Kərkükdən Azərbaycana” adı altında keçirilən o möhtəşəm konsertə də aparıcılığı elə Zeynəb etmişdi. Həmin gün başqa baxışlarla olsa da eyni köklü Kərkük və Azərbaycan musiqiçiləri gözəl yaddaşlardan silinməyən konsert təşkil etmişdilər. “Kərkükdən Azərbaycana” adlı konsertdə Azərbaycanda sevilərək ifa olunan türkman xalq mahnıları yer almışdı. Qonaq ifaçılar Mehmet Neccar, professor Ömər Türkmanoğlu, Mehmet Kaya baba, Azərbaycandan əməkdar artist Nuriyyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Pərvaz İbrahimlinin təqdimatında əsərlərdən ən unudulmazı "Evlərinin önü yonca" deyimli o sevimli mahnı idi ki, heç vaxt yaddaşımdan silinməz. Sənətçi, şair və jurnalist, publisist və eyni zamanda Kərkük əsilli Sinan Səidinin ifasında ürəyimizə həkk olan "Evlərinin önü yonca, Yonca qalxmış dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə," türküsü oldu. Sinan Səid Azərbaycanda indi əməkdaş olduğum Beynəlxalq radioda işləmək üçün Azərbaycana gəlib və burada təhsil alıb, o zamanlar onun Nərminə Məmmədovayla oxuduğu bu türkü dillər əzbəri idi.

İraq Türkman (Kərkük) musiqisi mövzusunda tədqiqat işlərini sona çatdırıb, elmi işi və yeni kitab üzərində çox böyük sevgiylə çalışan gənc musiqişünas Zeynəb Bağıra uğurlar diləyirəm. Onun bu yeni tədqiqat kitabının elm yolunda bir çıraq olacağından əminəm. Bu mövzuda geniş hərtərəfli miqyasda araşdırmasının məhsulu olan kitab barədə isə onu deyə bilərəm ki, sözügedən kitab tələbələrə, gənc alimlərə, İraq Türkman (Kərkük) xalqı və Azərbaycan xalqına, AMK-da dərs aldığı ustad müəllimlərinə töhfə olacaq və sevinc bəxş edəcək.

 

Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin və onun rəhbəri Fərdin Məhəmmədzadənin təşkil etdiyi müsabiqədə musiqişünasların çıxışının şahidi olanda da qürur hissi keçirmişdim. Zeynəb başda olmaqla bir çox tələbə bir-birindən maraqlı mövzularla çıxış edərək, səlist nitqi və fikirlərinin mükəmməl izahı ilə hər kəsi valeh edə bilmişdilər. Mən AMK-nın musiqi dünyasında təhsil alan bu tələbələrdən çox böyük uğurlar gözləyirəm. Elə bu baxımdan da Zeynəb Bağırın İraq türkman (Kərkük) musiqisindən tədqiqat aparmağı, bu haqda kitab hazırlamağı məni çox fərəhləndirdi. Təsirlənib, onun haqqında yazmaq istədim. Çünki ilk dəfə olaraq, İraq türkman musiqisi bütün qollarında araşdırılıb, kitab halına gətiriləcək. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Zeynəb Bağırın təqdirəlayiq işləri onu musiqişünaslıq sahəsində gələcəyin böyük alimlərindən biri kimi görməyə imkan verir. O, həmçinin yaradıcı münasibətləri inkişaf etdirməyə və tərəflər arasında sıx əməkdaşlıq qurmağa çox böyük maraq göstərir. Zeynəbin bu istiqamətdəki nailiyyətləri, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə musiqişünaslığın inkişafına xidmət edəcək.

Zeynəbin əzmkarlığı və sevgisi ilə apardığı bu tədqiqatların hər bir qismi, gələcəkdə bu sahənin daha da inkişaf etməsinə və daha geniş miqyasda tanınmasına səbəb olacaq. Onun İraq türkman (Kərkük) musiqisini dərindən araşdırmaq və bu haqda kitab yazmaq istiqamətindəki uğurları, həm də Azərbaycan Milli Konservatoriyasının bu sahədəki müvəffəqiyyətini nümayiş etdirir.

Nəticədə, Zeynəb Bağırın bu aləmə olan böyük marağı və əzmkarlığı, onun gələcəkdə çox böyük bir musiqişünas və elmi işlər sahəsində dərin izlər buraxacaq bir şəxsiyyət olacağına işarədir. Onun apardığı tədqiqatlar, İraq türkman (Kərkük) musiqisinin geniş təhlilinə və bu musiqi nümunələrinin təkcə Azərbaycanda deyil, dünyada da daha yaxşı anlaşılmasına kömək edəcək. Bu sahədəki uğurları, həmçinin gələcək nəsillər üçün ilham mənbəyi olacaq. Onun bu aləmə nə qədər valeh olduğunu həm də ondan bildim ki, hətta yazdığı şeir parçasına Kərküklü xanəndə İbrahim Rauf Tərzi "Bağışla" adlı mahnı bəstələmiş və onu "Yetimi xoyratı" ilə birlikdə təqdim etmişdir. Bu da Zeynəbin uğurudur sanıram. Görünür ki, tədqiqatlar həm də tərəflər arasında sıx əməkdaşlığa və başqa yaradıcı münasibətlərə gətirib çıxarıb. Zeynəb öz seçdiyi mövzusunun hər qisminə özünəməxsus yanaşmaq və bu mədəni əlaqələrin əyani olaraq iştirakçısı olmaq istəyir.

İraq türkman (Kərkük) xoyratında deyilir:

 

"Köprüdən

Kərkük yaxın, Köprüdən.

Bir yan uçurum, bir yan od,

İgid ol, keç köprüdən!"

İndi mən də igid balamız, sevimli tələbəmiz Zeynəbə bu misraların sehrində uğur diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Ağalar İdrisoğlu, yazıçı, rejissor, Əməkdar incəsənət xadimi.

“Ədəbiyyat və incəsənət” üçün

 

                                                                                 

 

Ədəbiyyatda dramaturiya və hekayə janrı ən çətin sahələrdir. Burada ilk öncə yazıçıdan böyük söz ehtiyatı, yüksək savad,  dərin dünya görüşü, insan xarakterini yaxşı bilmək,  sözlərdən ustalıqla, xəsisliklə istifadə etmək və həm də obrazlı formada  istifadə etmək tələb olunur. Ən əsası isə yazıçıdan balaca bir hekayədə, böyük bir insan təleyinin  bütün çalarlarını orada qabarıq və ya obrazlı şəkildə ustalıqla yazmaq  bacarığı, böyük məharət  tələb edir.

 

Bildiyimiz kimi  hekayə-  yazılı ədəbiyyatın və epik  növün  olduqca geniş yayılmış  janrıdır.  Hekayə- povest, roman  janrlarının, yəni süjetli nəsrin  ən kiçiyidir. Hekayə əsasən tək süjetdən, yaxud  da bir neçə süjet üzərində köməkçi süjet vasitəsi ilə, yığcam  fikirlərdən ibarət olur.

Beləliklə, hekayə epik növün həcm etibarı ilə kiçik bir janrı olmaqla bir və ya bir neçə süjetlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Belə əsərlərdə isə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayə daha oxunaclı olmaq üçün orada  obrazların sayı elə    çox olmur.

Azərbaycan ədəbiyyatında hekayə  janrı XIX əsrdə formalaşıb    XX əsrdə daha çox  inkişaf edib. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə  janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. Az bir vaxtda da böyük maraq yaradıb. Cəlil  Məmməd­quluzadənin “Poçt qutusu”, Əbdürrərim bəy Haqverdiyevin “Mirzə Səfər” əsərlərini nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələri kimi göstərə  bilərik. Çünki bu hekayələrin hər ikisi povest və roman qədər dərindir, məzmunludur.  Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən  ən əsas cəhət ondakı sonda olan gözlənilməzlik    hadisənin qeyri-adi sonluqla  bitməsidir.  Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə sonda tamam fərqli süjetlə qarşılaşırıq.  Elə götürək  yenə də  Cəlil       Məm­mədquluzadənin “Qurbanəli bəy”, Əbdürrəhim bəy  Haqverdiyevin “Bomba” və  Mir  Cəlalın “Badamın ləzzəti” hekayələrini. Bax, bunların hər üçü ədəbiyyatımızda  maraqlı novella nümunəsi də sayıla  bilər. Yəqin elə buna görə də bu hekayələr  Azərbaycan ədəbiyyatında hekayənin ilk novella forması da sayılır.

Yuxarıda yazdığım kimi ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr isə  dahi  Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Amma həmin hekayələr müstəqil işlənməyib  və poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə Abbasqulu ağa  Bakıxanov, Qasım bəy  Zakir, Seyid Əzim  Şirvani, Mirzə Ələkbər Sabir və başqaları da  mənzum hekayələr yazıblar. Amma ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yazılıb. Onların içərisində maraqlı olanları da çoxdur.

Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Dünya ədəbiyyatı  tarixində  hekayə janrına daha çox müraciət edənlər- Anton Pavloviç Çexov, O. Henri, Nobel mükafatı laureatı Elis Monra, Korney Çukovski, Samuel Marşak, Sergey Mixalkov, Angiya Barto məhz belə yazıçılardan olublar.

Əfsus ki, biz öz ədəbiyyatımızı lazım olan kimi dünyada təbliğ eləyə bilmədiyimizdən, onların hekayələrini xarici dillərə tərcümə eləmədiyimizdən  Cəlil Məmmədquluzadənin, Əbrürrəhim bəy Haqverdiyevin və başqa dahilərimizin  hekayələri həmin dünya  siyahısına düşməyib.  Əgər bu ədiblər  ingilis, fransız, alman, çin  və başqa dünya  dillərinə tərcümə olunsaydılar, inanıram ki, dünya ədəbiyyatında birincilərdən biri ola bilərdilər. Bunu mən,  dünya  ədəbiyyatı ilə azadan-çoxdan tanış olan insan kimi qətiyyətlə  deyirəm. Ümumiyyətlə, gəlin  danmayaq ki, biz, bir-birimizə qarşı paxıl xislətlə yaşayan millətik. Bunu da dahi Cəlil Məmmədquluzadə özünün “Bir boçka su” felyetonunda çox gözəl və tutarlı yazıb.

Müasir ədəbiyyatımızda isə bu sahədə gözəl hekayə müəlliflərindən biri də Arif Ərşaddır. Dostlar arasında “Hekayələr Ustası” və ya “Hekayə danışan adam” kimi yaxşı tanınan yazıçı ilə biz, ad günü ərəfəsində  görüşüb, həmsöhbət  olduq.


 -Salam Arif müəllim. Sizin  06 fevral tarixində ad gününzdür. Artıq  ömrünüzün müdriklik çağına qədəm qoyursunuz. 63 yaşınız tamam olur. Yəni ömürünüzün yeddinci onluğunu xırdalayırsız. Gəlin keçmiş illərinizə bu yazı ilə işıq salaq. Uşaqlıq, gənclik və yazıçılığa başladığınız illəri xatırlayacaq.


- Salam DOSTum. Bütün uşaqlar kimi mənim də atalı-analı uşaqlıq illərim xoşbəxt və qayğısız keçib və belə demək mümkündürsə “baxça tərbiyəsi” (gülümsəyir) almışam. İlk dəfə məktəbə Sumqayıt şəhərində getmişəm. Bu şəhərdə doğulub böyüyən uşaqların və gənclərin  prinsipcə passiv həyat keçirməsi mümkün deyildi. Bu baxımdan mənim də həmin dövrlərim maraqlı keçib. Belə ki, orta məktəbdə oxumaqla yanaşı, musiqi və idmanlada da  məşğul olmağa vaxt tapmışam. İdmanınYunan-Roma güləş növünü mənə sevdirən Azərbaycan Güləş Federasiyasının Hakimlər Kolleqiyasının sədri, Beynalxalq dərəcəli hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Azərbaycan idmanının inkişafında böyük əməyi, zəhməti, xüsusi çəkisi, hörməti olan və bu gün də idmanı Sumqayıtlı uşaq və gənclərə sevə-sevə öyrədən Qərib Əliyev olub. “SSRİ İdman Ustalığına namizəd” idman dərəcəsindən sonra dərk etdim ki, peşəkar  idmançı olmaq mənlik deyil və diqqətimi təhsilimə yönələtdim. Amma onu deyim ki, peşəkar güləşçi olmağı bacarmasam da, Qərib müəllimlə dost olmağı bacardım və dostluğumuz bu gün də davam edir.  Sonradan Sumqayıt Politexnik Texnikumunun “Metalların kəsilməsi və emalı” fakültəsini “mühəndis-mexanik” kimi, 1981-1983-cü illərdə hərbi xidməti tank komandiri kimi başa vurduqdan sonra isə təhsilimi Azərbaycan Dövlət Neft və Kimya Akademiyasının  ( indiki Sumqayıt Dövlət Universiteti)  “Kimya istehsalının maşın və aparatların texnologiyası” fakültəsində davam etdirərək “mühəndis-texnoloq” ixtisası ilə bitirmişəm. Sonradan iş həyatı, ailə qayğıları başımı elə qatdı ki, artıq 63  yaşa nə vaxt gəlib çatdım, bu mənə indi də çox qəribə gəlir. Qaldı yazı məsələsinə, hər birimiz üçün yazıçılıq orta məktəb illərində inşa yazısı ilə başlayır desəm məncə səhv etmərəm. Sadəcə sonradan Allah verən istedaddan istifadə edib bu “inşa” yazılarına bir balaca “duz-istiot” qatırsan, olur hekayə.

 

 -Arif  Ərşad hekayə mövzularını  necə fikirləşir?


 -Mən hekayə mövzularını fikirləşmirəm və buna heç ehtiyac da olmur. Həyatımızın istənilən sahəsinə diqqətlə baxsaq, nə qədər mövzu bolluğuna rast gələrik. Bununçün sadəcə geniş müşahidə qabiliyyətinə malik olmalısan.

 

-Siz Sumqayıtda yaşasanız da, kənd mövzusu ilə bağlı çox maraqlı hekayələriniz var və hətta həmin hekayələri oxuyanlar elə bilir ki, bu hadisələr məhz sizin öz başınıza gəlib. Bəs bu mövzular, kənd hətayını  yaxşı bilmək haradan yaranır? Şəhər  ləhcəsində danışsanız da, bəzən leksionunuzda çox şirin səslənən “ay Toba, başaa dönüm, bəəndən gəl, ənnən gedək”  kimi sözlərdən də işlətməyinizin şahidi çox olmuşam.


 -( gülümsünür) Onu deyim ki, mən Sumqayıt şəhərində doğulub-böyümüşəm və hal-hazırda isə Bakı şəhərində yaşayıram. 1996-cı ildən paytaxtımızda yaşamağıma baxmayaraq,  mənim bütün həyat    iş fəaliyyətim Sumqayıt şəhəri ilə bağlıdır və bu gün də Sumqayıtda  çalışıram.  Hər gün Bakıdan sevinə-sevinə Sumqayıta işə gedirəm və hər axşam da sevinə-sevinə Sumqayıtdan Bakıya evimə qayıdıram. Neçə illərdir ki, “iki sevgi” arasında qalmışam, səhərlər doğulduğum şəhər, axşamlar sevdiyim  qadın məni maqnit kimi özünə çəkir. Görürsünümü mənim işim çətindir. (gülümsəyir). Heç vaxt kənddə nə evimiz, uşaq vaxtlarında tətil günlərini orada keçirməyə bir komamız və ya yaxınımın evi olmayıb. Bəlkə də buna görə mən bizim dövrümüzdə mövcud  olan “pioner düşərgəsi”ndə dincəlməyi xoşlamışam. Hekayələrimdə kənd havasının duyulmasına gəldikdə, yəqin sadə kənd camaatının, elin-obanın içərisində çox olmağımdan, onlarla ünsiyyət saxlamağımdan irəli gəlir. Amma onu da deyim ki, ilk dəfə kənd həyatını görəndə nənim 28 yaşım vardı.

 

-44 günlük Vətən müharibəsi vaxtı və müharibədən sonra bizim yazıçılarmızın çoxu bu mövzuda  bədii  əsərlər yazıb və yazırlar. Əslində isə qalib ölkənin yazıçılarının hamısı bu sahəyə daha çox əsərlər həsr eləməlidirlər. Şəhidlərin, qazilərin həyatı orada özünün maraqlı ifadəsini, əksini  tapmalıdır. Arif Ərşadın bununla bağlı hekayələri varmı?

-Bilirsiz, 44 günlük zəfər gününü 30 il gözləsək də, bu qələbə elə sürətlə baş verdi ki, biz onun sevincini tam olaraq bir müddət sonra yaşayacağıq. Kitablardan və filmlərdən gördüklərimizlə, həyatda baş verənlər tam fərqli oldu. Axı biz müharibələrin illərlə getdiyini kitablardan oxumuş, filmlərdən seyr eşitmişdik. Bu qələbə sevincini, bu fəxarət hissini bizə yaşadan, bir millət kimi bizi şərəfləndirən Azərbaycan ordusuna və Ali Baş Komandana  eşq olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. 30 il baş verən ağır həyatımızdan, müharibə, əzab-əziyyət, ölüm-itim və sonda qələbə zəfərimizdən siz deyən kimi çox yazılmalıdır və inanıram ki, yazılacaq da. Əlbəttə,  mənim yaradıcılığımda da bu mövzuda hekayələrim var. Onlardan “Dağlar oğlu”, “Qaşqa quzu”, “Ata xeyir-duası”, “Dağlarda döyüş”, “Torpağa qarışan qan”, “Cırılmış şalvar” və başqa bu kimi hekayələrimi misal göstərə bilərəm. Bu hekayələrimin hər birində müharibənin dəhşətli fəsadlarını, erməni vandalizminin, faşizminin  xalqımıza vurduğu acı və sağalmaz yaralarını ağır da olsa  göstərməyə çalışmışam. Bu hekayələri oxuduqca Vətən müharibəsində gedən döyüş səhnələri, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanlığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan ordusunun dünya hərb tarixinə yazılan  parlaq qələbəsi və bu arzuların çin olması üçün Azərbaycan xalqının birliyi göz önünə gəlir. Onu da deyim ki, “TEAS Press”  Nəşriyyat evi tərəfindən bu yaxınlarda “44 Fəsil” adlı müharibənin acılarından, qələbəmiz və onun xalqımıza yaşatdığı sevinclərindən, duyğularından bəhs edən nəfis şəkildə bir antologiya kitabı  çap olunub. Geniş oxucu kütləsi arasında rəğbətlə qarşılanan 44 hekayədən ibarət bu antologiyada mənim də “Torpağa qarışan qan” hekayəm yer alıb.
Hal-hazırda şərti adı “Qara yazı” olan roman üzərində çalışıram. Çox ağır sujet xətti olan bu romanı əslində demək olar ki, bitirmişdim. Lakin erməni vandalları üzərində qələbəmiz və torpaqlarımızın düşmən tapdağından azad olunması məni bu roman üzərində yenidən işləməyə həvəsləndirib və bununla da romanın məğzi demək olar ki, 50% dəyişəcək və orada  igidlərimizin  şücaətinə, qələbəmizə daha çox yer veriləcək.

    

-Bu gün Azərbaycan ədəbiyyatında çox əsərlər yazılsa da, onlardan dünya səviyyəsinə çıxanları demək olar ki, azdır. Uzun illər yazıçılıqla məşğul olan Arif  Ərşadın buna münasibəti necədir? Bu əsərlərin xarici dillərə tərcüməsi və xarici ölklərdə çapı  ilə kim məşğul olmalıdır?


 -Bu çox ağrılı məsələdir. Bunun üçün xüsusi qurumlar olmalı və onlar da bu işlə məşğul olmalıdırlar. Yazıçının işi gözəl əsərlər yazmaq və diqqətini yaradıcılığına yönəltmək olmalıdır. Və çox əfsus ki, belə qurumlar da demək olar ki, yoxdur. Məhz ona görə də yazıçılarımızın çox maraqlı əsərləri xarici ölklərdə çap olunmur. Bu, mənə çox ağır gəlir.

 

 

-Sovetlərin vaxtında yazıçıların əsərləri dövlət maliyyəsi hesabına çap olunurdu və buna görə yazıçıya da yaxşı qonarar verirdilər. Bu gün yazıçılar əsərlərini özləri, öz maliyyəsi hesabına çap etdirirlər. Hətta elə istedadlı yazıçılar var ki, kitablarını çap  etdirməyə pulları yoxdur. Buna sizin münasibətiniz necədir?


- ( acı-acı gülümsünür) Bəli, belə yazarlar var və deyərdim ki, onların sayı heç də az deyil. Buna münasibətim əlbəttə ki, çox pisdir. Xarici ölkələrdə, elə qonşu Türkiyədə yazıçı əsərlərini nəşriyyata təqdim edir, orada xüsusi adamlar həmin əsəri diqqətlə oxuyurlar. Əgər əsər çapa layiqdirsə, nəşriyyata xeyir gətirəcəksə müəlliflə müqavilə bağlayır və kitabı öz hesabına çap edir. Kitabın təbliğatı və satışı ilə məşqul olan nəşriyyat onun gəlirindən yazıçıya müqavilədə qeyd olunan qonararı verir. Bizdə  isə, əsərin yazılıb qurtarmasından sonra, onu çap etdirmək, təbliğatı və satışı yazıçının üzərinə düşür. Bizdə kitabın piyarına, reklamına ayrılacaq vəsaitdən söhbət belə gedə bilməz. Bu bizim üçün hələ ki, şirin bir röya, yuxu  olaraq qalır. Bunun da nə qədər davam eləyəcəyini də demək mümkün deyil...


 -Ətrafınızda dostlarınız çoxdurmu?


-İdarə heyyətində təmsil olunduğum, öz mədəni və intelektual səviyyəsi ilə nəinki Sumqayıtda, bütün Azərbaycanda və eləcə də xaricdə yaxşı tanınan Sumqayıt Dostlar Klubunun hər bir üzvü mənim üçün əziz adamlardır. Ora  toplanan hər bir insan sözün əsl mənasında DOST sözünə layiq şəxsiyyətlərdir. Mən həmin dostlarımla fəxr edirəm və onların hər bir uğurları ilə qürur duyuram. Sumqayıt Dostlar Klubunun sədri, yazıçı, publisist, ictimai xadim, məşhur göz cərrahı  Hümbət Həsənoğlu, idarə heyyətinin üzvləri-  Əmək və Müharibə Veteranları Sumqayıt şöbəsinin sədri Sovet Şükürov,  qəzəlxan-şair, texnika elmləri namizədi, professor  Əli Əmirov  (Ələmi) , Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk özəl klinikanın yaradıcısı  Mayılxan Tağıyev, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, aktyor, dramaturq, publisist, jurnalist  Ağalar İdrisoğlu, Əməkdar həkim, “Doktor.az” klinikasının baş həkimi Kamil İbadov, Azərbaycan  Dövlət  Memarlıq və İnşaat Universitetinin  kafedra müdiri, texnika elmləri namizədi, professor  Sahib Fərzəliyev, Əməkdar jurnalist , “ЭХО Сумгаита”  qəzetinin və “EYRUZUNSƏSİ” saytının rəhbəri  Eyruz Məmmədov,  şair-publisist, iqtisadçı-iş adamı  Rafiq Mehdiyev, gənc alim, Nəsimişünas, 44 günlük Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı, qazi Vüsal Hətəmov,  naşir, sahibkar,  “Məktəbli” mağazalar şəbəkəsinin yaradıcısı, Sumqayıt Bələdiyyəsinə yeni seçilmiş  Akif Şahbazov, gözəl mühəndis Əliyar Fərzəliyev, qocaman müəllim  Məmməd Vəliyev, Sumqayıt Nəşriyyatının direktoru Aydın Məlikov, Sumqayıt Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Şahin  Şəfiyev, departament rəhbərləri Aydın Abbasov, Adil Poladov və  sahibkar, Hacı Tahir Məlikov kimi insanlarla necə öyünməyəsən?  Onların hər biri böyük universitet və həyat məktəbidir desəm, səhv etmərəm.


-Bəs niyə Sumqayıt Dostlar Klubunun idarə heyyətinin ən fəal üzvlərindən biri - yazıçı-şair, publisist, tərcüməçi, Prezident mukafatçısı və nəhayət  gözəl, sədaqətli dostumuz Arif Ərşadın adını çəkmədiniz? Axı, biz də onunla öyünürük!


- ( gülümsünür və özünə məxsus başını arxaya yelləyib, saçını tumarlayır) Çox sağ olun. Təşəkkür edirəm!


-Bilirik ki, şeir, hekayə, povest və romanlar müəllifi olan Arif Ərşad dünya klassiklərinin əsərlərini tərcümə etməklə yanaşı, həm də arada aforizimlər də yazır. Son yazdığınız aforizmlərdən bir-ikisini söyləyə bilərsinizmi?


- Elə ağlıma gələn son üçünü söyləyə bilərəm.
              1.   Başqa evdə bişən halva şirin olar!
              2.   Arzulamaq məqsədə çatmağın yarısıdır!
             
3.   Kişi, ağzından çıxan sözü boydadır!

 

- Artıq ömürünün yetmişinci onluğunu xırdalayan Arif Ərşad keçmişə baxanda nələrəsə heyfislənirmi?


- Açığını deyim ki, çox heyfsilənirəm!  Əsasən də  ömrümün belə sürrətlə ötüb keçməsinə çox, çox...  heyifsilənirəm!.. ( Bu sözdən sonra o, susur və harasa uzaqlara baxır. Mən onun gözlərində gələcəyə böyük ümid işartısı görürəm)

 

P. S. Dostum Arif Ərşaddan ayrılıb, evə gələndə yadıma məşhur yazıçıReyhani Aminin  bu kəlamı düşdü:  “Azad yazıçı - öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərini, hətta  hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü çəkinmədən  deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə və gələcəkdə çətinliklə də olsa xalq tərəfindən alır, amma kiməsə xoş gəlmək üçün indiki dövr üçün yazanlar, məddahlıq edənlər  isə inanıram ki, gələcəkdə xatırlanmayacaqlar”.  

Bəli. Tarixi hər hökmdar özünə uyğun yazdırdığına görə, hər dövrün əsl tarixini biz ədəbiyyatdan öyrənə bilərik və bilirik. Bax, Arif Ərşad da heç kimdən çəkinmədən, məddahlıq etmədən bu günün tarixini yazıb gələcək nəsillərə çatdıran böyük yazıçıdır.  Mən, fəxr edirəm ki, belə dostum var.                                                                                         

 “Ədəbiyyat və incəsənət”

(07.02.2025)

                                                                                                                                                                  

 

 

 

 

 

Lipar CƏMŞİDQIZI, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Çeşmə”  Ədəbi Məclisinin sədri.

“Ədəbiyyat və incəsənət” üçün

 

Əlbəttə, bu hamının arzusu idi ki, “Aşıq Pəri” məclisi haqqında kitab yazılsın.Axır ki, bu arzu reallaşdı. Belə ki, Bakıda, “Şahənşah” şadlıq sarayında, tanınmış şair, sazın, sözün keşiyində yorulmadan dayanan Pərvanə xanım  Zəngəzurlunun rəhbərlik elədiyi "Aşıq Pəri" məclisinin üzvlərinin şeirlərindən ibarət "Zəfər günəşi" adlı kitabın təqdimatı oldu.

 

Kitab Ali Baş Komandanımıza, müqəddəs şəhidlərimizə, vətənimizin bütövlüyünə, qələbəmizin sevincinə həsr olunmuş şeirləri özündə əhatə edir. Məclisin rəhbəri Pərvanə Zəngəzurlu tədbiri açıq elan etdikdən sonra, "Aşıq Pəri" məclisinin indiyə kimi olan uğurlarından və gələcəkdə görəcəkləri işlərdən danışdı. Tədbiri idarə eləmək üçün sözü hər misrasından bal daman, Vətən ətirli şeirlərin müəllifi, tanınmış şair Südabə İrəvanlıya verdi. Xanım şairəmiz tədbirin mahiyyətindən danışıb, müəllifləri və iştirakçıları yeni çap olunmuş kitabın araya-ərsəyə gəlməsi münasibəti ilə təbrik elədi. Sonra çıxış üçün sözü türk dünyasının tanınmış şairi, Şöhrət ordenli Səadət Butaya verdi. Səadət xanım kövrək səsi ilə yeni kitaba xeyir-dua verib, maraqlı şeirlərindən səsləndirdi. Sonra Südabə xanım Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə söz verdi. Xətai müəllim Azərbaycanda aşıq sənətinə olan dəyərdən danışıb, Aşıq Pəri məclisinin üzvlərinə uğurlar arzuladı. Qəzəlxan-şair – bəndəniz Lilpar Cəmşidqızı Qarabağ Fatehinə həsr olunmuş "Azərbaycan" rədifli və “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Zəngəzurluya həsr elədiyi qəzəlləri səsləndirdi.

Südabə xanım növbə ilə bütün iştirakçılara söz verdi. Hər kəs məclis və yeni çap olunmuş "Zəfər günəşi" kitabı haqqında fikirlərini bildirdi. Bir-birindən gözəl saz ifaları tədbirə gözəl rəng qatdı. Hər kəsin gözündə sevinc, üzündə gülüş olan tədbir maraqlı çıxışlarla sona çatdı.  “Aşıq Pəri”  məclisinin rəhbəri, üzvləri və qonaqlar möhtəşəm “Şahənşah” da tədbirin keçirilməsinə şərait yaratdığına görə sarayın rəhbəri, hörmətli Rəşid müəllim  Süleymanova təşəkkürünü bildirdilər.

Yaxşılıq etmək doğrudan da çox  müqəddəs işdir. Dahilər bu haqda necə də gözəl kəlamlar deyiblər: Nizami Gəncəvi “Yaxşılıq insanlıq sənətidir“. Uilyam Şekspir: “ Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”. Amerika filosofu Henri Devid Toqonun dediyi bu kəlam isə bütün insanlar üçün bir ali məqsəd olmalıdır: “Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”.  

Arzum budur ki, belə xeyirxah, imkanlı  insanlarımız çox olsun.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Haqqında söhbət açacağım şəxs düz 120 il bundan əvvəl dünyaya gəlib. Demək ki bu gün yubileyidir. O, dövrünün tanınan ədibi olub. Azərbaycan tarixinin ən mürəkkəb və ağrılı illərini yaşayıb. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri, torpaqlarımızın Çar Rusiyası tərəfindən ikiyə parçalanması onun da ömründə şırımlar açıb.

 

Mirzə İsmayıl Qasir 1805-ci ilin 7 fevralında (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olub. Yetkinlik yaşında Mirzə İsmayıl doğma kəndini tərk eləyir, sonradan həyat onu Kazan Universitetinin hüquq fakültəsində təhsilini davam etdirməyə aparacaq, təhsil aldıqdan sonra o, Lənkərana köçüb orada 2-sinifli ibtidai məktəbdə ana dili və şəriətdən dərs deyəcəkdi. Amma buna kimi onun həyatında bir Cənubi Azərbaycan dönəmi də var idi.

 

12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısıgilə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş, ərəb və fars dillərini, ədəbiyyat və fəlsəfəni mənimsəmişdir. Onun ədəbi fəaliyyətə başlaması da bu dövrə təsadüf edir.

 

Qasir şeirlərində təşbih, istiarə, mübaliğə, təzad, təkrir, kinayə, bədii sual, atalar sözləri və zərbi məsəllər kimi ədəbi-bədii fiqurlar işlətmiş, əsərlərinin forma, məzmun və şəkil xüsusiyyətləri onlarda ifadə olunan əhval-ruhiyyəyə uyğun olaraq həzəc, rəməl, xəfif, müzare, mürtəc, rəcəz, təqarib və s. bəhrlərdə yazılmışdır.

 

Qasir həm də rus dilini və rus ədəbiyyatını öyrənməyə maraq göstərmişdir. 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) Sərhəd İdarəsində tərcüməçi vəzifəsinə təyin olunmuşdur.

 

 

 

Qəzəlləri

 

1. Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz

 

2. Dil meylini bir türreyi-şəbgirə salıbdır

 

3. Əgər zəmanədə min mahruy dilbər, ola

 

4. Gördüm yenə cananımı canan arasında

 

5. Həmişə könlüm ol məhparənin vəslini yad eylər

 

6. Şükrlillah ki, dünən bağ ara xürrəm idim

 

7. Qönçə görsə ləbini ağzını pünhan eylər

 

 Mərsiyəsi

 

Bu gecə Fatimənin didəsi gıryan olacaq

 

 

 

O, 1900-cü ilin 19 sentyabrında Lənkəranın Sütəmurdov kəndində vəfat etmişdir.

 

Allah rəhmət eləsin.

 

 Amin!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(07.02.2025)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində hazırlanan videoçarx rus yazıçısı, dramaturqu A.P.Çexova həsr olunub. Videoçarx dünya ədəbiyyatının klassiki, yazıçı, nasir, dramaturq, publisist, həkim, xeyriyyəçi Antоn Pavloviç Çeхоvun 165  illik yubileyi ilə əlaqədar hazırlanıb.

“Antоn Pavloviç Çeхоv – 165” adlı videoçarxda oxucu və izləyicilərə A.P.Çexovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda yazıçının M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fondunda olan bir neçə kitabı da nümayiş olunur. “Ə

Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

 https://www.youtube.com/watch?v=X3kqKWIkLBA

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

 

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Biz baxırıq. Görürük. Amma hiss etmirik.

Darıxan bir şəhərin sükutunu dinləyirik, amma anlamırıq.

O küçələrin altında kimlərin çarəsiz pıçıltılarla kömək istədiyini düşünmürük.

Bəzilərimiz bu səs-küyü bəhanə edib başımızı çeviririk,bəzilərimiz isə tozun içində qalan vicdanlarımızı təmizləmədən yolumuza davam edirik.

 

Bir ana balasının kiçik əlini sonuncu dəfə sıxarkən,bir qızcığaz gözlərini qapadıb yuxusunda sağ qalan ailəsini axtararkən,bəziləri evlərinin isti küncündə oturub,

bu dağıntılara haqq qazandırır.

 

"Onlar günahkar idi."

"Sınanmaq üçün verildi."

"Tanrının qəzəbi belə olur."

 

Siz, insanlığın gözdən düşdüyü bu sətirləri rahatca deyə bilirsinizmi?

Günahsız bir uşağın başına uçan beton parçalarınıonun həyat hekayəsini bitirən bir nöqtə kimi görürsünüz?

 

Biz bu şəhərlə birlikdə dağıldıq.

Amma insanlar eyni qaldı.

Onların daş qəlbləri,dağıntılar altından çıxan son nəfəsin səsini eşitmədi.

 

Bəlkə də fəlakət təkcə torpağı deyil,bizim içimizi də yıxdı.

Bizi biz edən hissləri uçurub,yerində boşluq buraxdı.

 

Kim olacaq o anaya sarılıb "burdayam" deyən?

Kim olacaq dağıntılar altında qalan 17 yaşlı qızın cavabı?

Biz hələ də baxırıq,amma görmürük.

 

 

***

 

Hatay Zəlzələsi (6 Fevral 2023)

 

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7.8 bal gücündə zəlzələ ölkənin bir çox bölgəsində böyük dağıntılara səbəb oldu. Ən çox təsirlənən bölgələrdən biri də Hatay oldu. Minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və evsiz qaldı. Zəlzələdən sonra xilasetmə işləri uzun müddət davam etsə də, kömək gecikdi və bir çox insan köməksiz halda həyatını itirdi. Bu faciə təkcə binaları yox, insanların ruhunu da yıxdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Opera teatrlarının füsünkarlığı həmişə söz yeri olub. Milandakı La Skalanı, Nyu-Yorkdakı Metropoliteni çox vəsf ediblər. Elə bizim Bakının Opera və Balet Teatrı da öz misilsiz gözəlliyi ilə bakılıları heyran qoymaqdadır.

Amma çoxumuz xəbərsizik ki, dünyanın ən gözəl opera binaları beşliyində Cənubi Amerika təmsilçisi – futbol ölkəsi kimi, Leonel Messinin vətəni kimi tanıdığımız Argentinada yerləşən “Kolon” (Teatro Colón) adlanan teatr da qərarlaşıb.

 

Teatr barədə bilgi almaq üçün Azərbaycanın tanınmış memarı Cahid Həsənova üz tutduq. Cahid müəllim bizə aşağıdakıları izhar etdi:

 

Paytaxt Buanes-Ayresdə öz misilsiz gözəlliyi ilə göz oxşayan “Kolon”un bir adı da Kolumbun Teatrıdır. Əlbəttə ki, Xristofor Kolumbun şərəfinə belə adlanır.

“Kolon” teatrını haqlı olaraq Buenos-Ayresin fəxri adlandırırlar. Bu, Cənubi Amerikanın ən əsas opera səhnəsidir, klassik musiqi mərkəzidir. Opera həvəskarı olmasanız belə, buranı görməyə dəyər. “Kolon” şəhərin əsas turistik məkanıdır, şəhərə gələn əcnəbi qonaqlar “Boka Xuniors”la “River pleyt”in futbol meydançalarına mütləq tamaşa etdikləri kimi, “Kolon”a da tamaşa edirlər.

Teatrın binası özündə Renessans üslubunu daşıyır və iç məkanı da çox maraqlıdır.

"Kolon" teatrının interyeri çox gözəldir — mərmər pilləkənlər, klassik sütunlar, çoxsaylı heykəllər və qızıl bəzəklər. Burada həmçinin aktyorlar və izləyicilər üçün bütün rahatlıq şəraiti nəzərdə tutulub. Məsələn, parterdəki kreslolar bir-birindən kifayət qədər uzaqdır. Bu, xanımların bəzənib-düzənərək enli, iri paltarlarla cərgələrdən keçərkən heç kimə mane olmamaları üçün xüsusi olaraq edilmişdir.

İnşallah, qismət olsun, biz də bir gün gedib “Kolon”u görək.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yaradıcı adam çoxfunksional olanda imkan genişliyi qazanır, daha çox tanınmaq, əməyinin müqabilində daha çox qazanmaq, özünü daha yaxşı realizə edə bilmək üstünlükləri əldə edir. Haqqında söhbət açacağımız xanım da belə qism yazarlardandır.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirildi. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru  Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varis, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının Baş redaktoru, şairə Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktorunun müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist  Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı,  kitabxana əməkdaşları və başqaları iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bugün kitabxananın Xanım Aydının kitab təqdimatına evsahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirdi, şair, yazıçı Xanım Aydının yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, müəllifin əsərlərini böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdi.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri, o cümlədən “Dostoyevskinin həyatı barədə” kitabını Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kinossenarilərin müəllifi olduğunu da söylədi.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələri ilə hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.

 Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masanız” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.

Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin  hisslər fonunda yarandığını, nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.

“Ulduz” jurnalının Baş redaktoru  Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq, istərsə də  tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla  canlandırdığını bildirdi.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı  və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, kinossenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.

Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, hər bir yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duymasının əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimini mərhum atasının xatirəsinə ithaf etdiyini söylədi. 

Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi. 

Çoxu yazır. Yazdıqlarını külək sovurub aparır. Elə yazmalısan ki, qalsın, heç olmasa bir neçə sonrakı nəsil onu oxusun. Xanım da buna can atır. Və əmindir ki, mütləq hədəfinə çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.