ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin  iştirakı ilə “Məclisi-fəramuşan” poeziya görüşləri  keçiriləcəkdir.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, ilk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşü  XIX əsrdə Qarabağda  keçirilən şairlər məclisinin davamı olaraq təşkil edilir. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında  ədəbi əlaqələri genişləndirməkdir.

Şairlər məclisi cari ilin mart ayından başlayaraq  dekabr ayına qədər davam edəcək.  Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formada keçiriləcəkdir. Avqust ayında məclis  Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvan Sarayının qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaqdır.   

Hər iki ölkənin gənc şairlərinin qoşulacağı məclisdə iştirak üçün namizəd bugünə qədər şairlik fəaliyyətinə malik olmalı, ya da onun hər hansı şeiri mütləq şəkildə ölkə mətbuatında yayımlanmalıdır. Tədbirə cari ilin noyabr ayında yekun vurulacaq və Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və Özbək dillərinə tərcümə olunaraq nəşr ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında  müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərmiş və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, H. Qaradaği, F. Kəminə, A. Asi, B. Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olaraq keçirilən “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilmişdir.

Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər və mətnin həcmi maksimum iki A4 formatından çox olmamalıdır. Əsər təqdim olunarkən kompüterdə (Arial şrifti, 12 ölçüsü işlənməlidir) yığılmalıdır.

Şeir  ərizəçinin orijinal əsəri olmalı, əsas mövzu milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcəkdir.

Şeir  məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı,  təhsil aldığı müəssisənin adını, bölməsini, sinifni, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) təqdim olunmalıdır.

Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndəsi, aidiyyatı yaradıcılıq təşkilatları,  şairləri daxil edilib.

Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatı, Fəxri diplom, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.

 

Sabah - martın 3-də, saat 11-də Sumqayıtın Poeziya Evində Yardımlıda yaşayıb yaradan istedadlı şair İqbal Nəhmətlə görüş keçiriləcək. 

Portalımız vasitəsi ilə şair öz oxucularına və tədbirin təşkilatçılarına belə bir ismarıc göndərib: 

“Mənə və sözümə dəyər verən hər kəs dəvətlidir!

Görüşün təşkilinə görə AYB Sumqayıt Bölməsinin sədri Gülnarə xanım Camaləddinə  təşəkkür edirəm!”

Günün fotosu:
“Yaşayış evləri, məktəb və bağçalar bombalanır”

 

Rusiya Ukrayna ərazisində yalnız hərbi obyektləri bombaladığını bəyan etsə də yaşayış evləri, məktəblər, uşaq bağçaları bombalanmaqdadır. Kiyev vilayətinin Borodyanka şəhəri isə dağıntılar altındadır.

Foto: BBC

 

Martın 1-də Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş “Akvarel təəssüratları” adlı akvarel əsərlərdən ibarət satış sərgisi açılıb.

Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunub.

Sərgidə 60-a yaxın rəssamın 80-ə yaxın sənət əsəri sərgilənir.

Əsəri sərgilənən rəssamlara hədiyyələr, sertifikatlar və sərginin elektron kataloqu təqdim edilib.

Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Teatr baharı” festivalının açılışı olacaq.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, R.Behbudov adına Mahnı Teatrında saat 16-da rejissor İmaməddin Həsənovun quruluşunda P. Bardustun “Arzular bağı” tamaşası oynanılacaq, saat 18-də festivalın rəsmi açılış mərasimi keçiriləcək, saat 19-da isə Üzeyir Hacıbəylinin  “Məsəl nə?” tamaşası tamaşaçıların ixtiyarına veriləcək. Giriş sərbəstdir, bütün teatrsevərlər  bu teatr bayramının canlı şahidləri ola bilərlər. 

Martın 6-dək davam edəcək festival ölkəmizdə 17-ə yaxın müstəqil teatrın ilk böyükmiqyaslı tədbiridir. Festivalda panellər də keçiriləcək, tamaşaların müzakirələri də aparılacaq, eyni zamanda müxtəlif teatr mütəxəssisləri ilə görüşlər də olacaq. 

Qeyd edək ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı ilə bərabər, Şah Mat Teatrı da festivala evsahibliyi edəcək. 

Pərdələr qalxır, tamaşalar başlanır. Tamaşaçılar, buyurun, gəlin.

Pandemiya səbəbindən uzun müddət qapıları bağlı qalan konsert salonları, teatr zalları, kinoteatrlar yenidən tamaşaçılarla ünsiyyətə sevinməkdədir, bu da, əlbəttə ki, çox müsbət haldır. 

2019-cu ildə çəkilən və 2020-ci ildə premyerası pandemiyaya görə baş tutmayan “Vağzalı” komediyası da nəhayət ki, tamaşaçıların ixtiyarına  verildi.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 1-də “Nizami” kino mərkəzində baş tutan premyeraya filmin yaradıcı heyəti, ölkə mədəniyyətinin tanınmış xadımləri, kinosevərlər təşrif buyurmuşdular. 

Rejissor Şahin Qəhrəmanın lentə aldığı, ideya müəllifi və prodüsseri Əlibala Məhərrəmzadə, ssenari müəllifləri Ənvər Abbasov və Samid Ağayev olan “Vağzalı” filmində baş rolları sevilən komedik aktyorlar İlkin Misgərli və Nicat Rəhimov, eləcə də Nərgiz Əliyeva, Elçin Rəsulov və Elşən Hacıbabayev canlandırırlar. Və bu koloritli aktyor heyətinə qoşulmuş, filmdə “tərcüməçi uşaq” obrazını canlandıran Bakı məktəblisi Səttar Məhərrəmzadənin yaddaqalan ifasını ayrıca qeyd etməyə dəyər. Epizodik rollarda və kütləvi səhnələrdə yer almış Quba rayonunun sakinlərini də alqışlamaq lazımdır. 

Hadisələr Qubada cərəyan edir. Bu cənnətməkan rayonun gözəl təbiət lövhələri, eyni zamanda filmin sponsorlarından olan “Şahdağ Quba-Truskavets” sanatoriyasının göz oxşayan guşələri filmə əlavə rəng qatır.

Filmin çatdırdığı əsas mesajsa odur ki, insan qismətdən artığına nə qədər can atsa da, çata bilmir, odur ki, atalar demiş, nəğdini qoyub nisyənin ardınca qaçmağa dəyməz.

Film olduqca dramatik süjet xəttinə malikdir: Eyvanda təmir işləri görən usta yıxılıb aşağı mərtəbənin eyvanına düşür, orada yaşayan qızın qardaşı da onu bacısının gizlin adaxlısı zənn edib okivar döyür və namus məsələsini ortaya atıb məcbur edir ki, bacısının adına söz çıxmasın deyə gərək bacısını alsın. 

O da üstünə çəkilən “ləzgi xəncərinin” qorxusundan çar-naçar, razılaşmalı olur. 

Nə baş verirsə toy günü baş verir. Gəlin öz sevgilisi  olduğu üçün zorla ərə verilməsi ilə barışmır, toya meyxanaçı qismində dəvət olunmuş İlkinlə Nicatın maşınında gizlənərək toy məkanından qaçır. Gəlinin qardaşı və bəy onları təqib edirlər, bu yandan qızın öz sevgilisi də hadisə yerinə gəlir, macəra dolu, bol gülüşlü səhnələrə ərəb turistləri ilə bağlı epizodlar xüsusi kulminasiyalar gətirir. 

Sonluğu, təbii ki, bu gündən ölkə kinoteatrlarında nümayişi başlanacaq “Vağzalı” kinokomediyasına baxıb özünüz görəcəksiniz, əziz kinosevərlər. Amma bəri başdan deyək ki, sonluq əsil novellasayağı, trillersayağıdır, gözlənilməzdir. 

Sevilən bəstəkar Vaqif Gərayzadənin filmə yazdığı məxsusi musiqi isə süjetlərin sanki dramatizm kəsərini xeyli artırmış olur. 

Premyeradan sonra filmin komandası səhnəyə dəvət olunaraq təqdim ediləndə zalın alqışlara bürünməsi, əlbət ki, haqqına olan prosedur idi. Premyeraya gəlmiş tanınmışların hamısı bir ağızdan filmi bəyəndiklərini izhar etdilər. Tamaşaçıların filmi bəyənməsinə isə onların saat yarım ərzində gülüb qəşş eləmələri əyani sübut idi. 

Portalımız adından filmin yaradıcı heyətini təbrik edir, onlara, necə deyərlər, “qəşəng kassa” arzulayırıq. 

 

Şəkillərdə: Filmdən fraqmentlər

Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılıb.

AzərTAC xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin ərsəyə gəlməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, Bakıda boya-başa çatan Rami Meir uzun illərdir xaricdə yaşayır, uğurlu yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Qeyd edib ki, xaricdə yaşamasına baxmayaraq, o, öz doğma yurdunu sevir və yaradıcılığını məhz Vətənə həsr edir. Şirin Məlikova Rami Meirin, ilk növbədə, kolleksiyaçı olduğunu və maraq dairəsini Azərbaycanda məskunlaşan dağ yəhudilərinin tarixi və həyatı təşkil etdiyini deyib. O vurğulayıb ki, rəssamın kolleksiyasında həm arxiv materiallar, həm də artefaktlar saxlanılır.

“Ekspozisiyada Rami Meirin “Dağ yəhudiləri” silsiləsində işlədiyi 30-dan çox tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunur. Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alıb. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb”,- deyə Ş.Məlikova əlavə edib.

Sərginin muzey üçün tarixi-etnoqrafik yönlü olduğunu vurğulayan Şirin Məlikova bildirib ki, sərginin əsas leytmotivi muzeyin fəaliyyət istiqaməti ilə həmahəngdir. “Azərbaycan qədim zamanlardan bəri müxtəlif millətlərin əmin-amanlıq şəraitində yaşadığı doğma vətənidir. Əsrlər boyu bu ərazidə məskunlaşan xalqların sırasında yəhudi mənşəli həmvətənlərimizi xüsusi qeyd edə bilərik. Onlar Azərbaycanda özlərini böyük bir ailənin üzvi kimi hiss edir və ölkəmizin həyatında fəal rol oynayırlar”, - deyən Şirin Məlikova tədbir iştirakçılarını Od çərşənbəsi münasibətilə təbrik edib və onları sərgiyə baxmağa çağırıb.

Rəssamla ilk tanışlığının xalçaçı qızlar mövzusunda xalça toxunması işi ilə başladığını bildirən “Azərxalça” ASC-nin İstehsalat üzrə direktoru Əlisəfa Nuriyev deyib: “Xalça toxunandan sonra mən orada azərbaycanlı və yəhudinin ruhunu bir vəhdətdə gördüm. Onun digər əsərləri ilə tanış olandan sonra özümə yaxın bir insan bildim. Rami Meirin xalça üzərində öz ideyasının əks etdirməsi xalqlar arasında bir körpü yaradır”.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Rami Meirin yəhudi mənşəli Azərbaycan rəssamı olduğunu vurğulayıb. “Vətəninə sadiq olan bütün insanlar bizim üçün dəyərlidir. Sami Meirin yaradıcılığı onun Azərbaycana olan münasibətinin göstəricisidir. Azərbaycan tarix boyu multikultural bir dövlət kimi heç bir xalq arasında fərq qoymayıb. Azərbaycan və yəhudi xalqlarını hər zaman dərin tellər birləşdirib. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. İsrail xalqı bir yumruq kimi bizə dəstək oldu. Buna görə yəhudi xalqına təşəkkürümü bildirirəm”, - deyə Q.Paşayeva qeyd edib.

İsrail səfirliyinin əməkdaşı Mark İfraimov Qafqazda doğulub sonradan İsrailə getdiyini, indi isə öz xalqını burada təmsil etdiyini söyləyib. O bildirib ki, sərgidəki rəsmlərdə əks olunanlar Azərbaycan mədəniyyətinin nümunələridir. Çünki Azərbaycan çoxmillətli ölkədir.

Sərginin kuratoru Mariya Filatova Rami Meirlə olan tanışlığından danışıb. Bildirib ki, 1980-ci illərdə o, Bakıda Rami Meirlə bir küçədə yaşayıb. “Sərgini hazırlayanda mən yalnız Raminin kolleksiyası haqqında düşünürdüm. Onun özünəməxsus dəst-xətti var”, - deyə o bildirib.

Xalça Muzeyində ona yer ayırdıqları üçün təşəkkürünü ifadə edən Rami Meir deyib: “Bu ekspozisiya mənim üçün çox vacibdir. Çünki mən burada təkcə şəxsi kolleksiyamı deyil, həm də dağ yəhudilərin mədəniyyətini təqdim edirəm. Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu, özünəməxsus mədəniyyətə və “cuhuri” adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir. Mənə göstərdiyi səmimi münasibətə görə Azərbaycan xalqına minnətdaram”.

Sonda bildirilib ki, Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib.

Qeyd edək ki, sərgi aprelin 1-dək davam edəcək.

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Günümüzün gəncləri" adlı konsert təşkil olunub.

AzərTAC xəbər verir ki, konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə çıxış edib.

Konsert proqramında Modest Musorqskinin "Sərgidən şəkillər", Aleksandr Skryabin "Sonata № 3", Sergey Raxmaninovon "Prelüd №7" əsərləri səsləndirilib.

Konsert böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, layihədə məqsəd dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

 

“Şuşa İli”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

Bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".

Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə MÖHSÜN SƏNANİNİN (1900-1981) iki xatirəsini təqdim edəcəyik. 

Milli kinomuzun tarixində rolu olub Mövsüm Sənaninin. Ruhu şad olsun!  

 

*

Tiflisdə fəaliyyət göstərən Mustafa Mərdanov, Mirzəli Abbasov kimi aktyorlar ifalarıma tamaşa edir, istedadıma, gələcəyimə ümidlə baxırdılar. Bu ümid səhnəyə olan marağımı daha da artırdı. Sənətimə paxıllıq edən və içimdə baş qaldıran həvəsi söndürmək istəyənlər də tapılırdı və bunlar atam molla Sadığın dostları idi.

– Sən rəhmətlik molla Sadığın oğlu deyilsən, a bala?

– Bəli, Sadığın oğluyam, necə bəyəm?

– Sənin atan, savadlı ruhani idi, özü də sənin ruhani olmağını istəyirdi. Sənsə qoşulmusan bir ovuc kafirə, orda-burda oyunbazlıq eləyirsən. Nə qədər gec deyil, daşı ətəyindən tök, atanın yolunu tut. Atanın da ruhu şad olsun.

– Sərvaz əmi, məsləhətin üçün çox sağ ol, amma mən öz yolumu tutmuşam. Bir gün gələcək atamın ruhu da bu yolu tutduğum üçün şad olacaq…

 

*

Tez-tez məktəblərdə, pioner düşərgələrində görüşlərimiz olurdu. Belə görüşlərdən biri də Bilgəhdəki pioner düşərgəsində baş tutdu. Əlisəttar Atakişiyev,  Əlağa Ağayev, mən, bir neçə gənc aktyorla birlikdə uşaqlarla görüşə getdik. Daha da maraqlı olsun deyə, gedərkən “sehrli xalat”ı da kinostudiyadan götürdük. Uşaqlar xalatı görəndə çox sevindilər. Onu əyninə geymək istəyən, sirli səyahətə uçmaq arzusunda olanların sayı-hesabı yox idi. Bir də ayıldıq ki, xalat yoxa çıxıb. Düşərgə bir-birinə dəydi. Bir qədər sonra arıq, çəlimsiz bir oğlan bizə yaxınlaşdı:

– Xalatı axtarmayın, – dedi, – Rizvan həmin xalatla keçmişə uçdu.

Sən demə bu Rizvan deyilən oğlanın nənəsi də düşərgədə aşpaz işləyirmiş. Arvad bunu eşidən kimi dizlərinə döyməyə başladı.

– Vay, evim yıxıldı. Tez olun nəvəmi mənə qaytarın, – deyib, üstümüzə gəldi.

Çox gərgin vəziyyət yaranmışdı. Uşaqlar da, nənə də Rizvanın doğrudan da keçmişə uçduğuna inanmışdılar.

Düşərgə rəhbərliyi hər yerdə “itkin səyyah”ı axtarırdı.

Birdən həmin o Rizvan deyilən oğlan haradansa peyda olub xalatı birbaşa mənim üstümə atdı:

– Bu, kinodakı xalat deyil. Əfsunu neçə dəfə təkrar eləsəm də xalat işləmədi.

Əlisətarr xalatı məndən alıb, oğlana yaxınlaşdı, başını sığallayb dedi:

– İo Kio baba əfsunun sözlərini dəyişib ki, xan bir də oğurlayıb eləsə, xalat onu heç yerə aparmasın.

Hamımız vəziyyətdən çıxdıq. Uşaq dünyasına xəyanət etmək olmazdı. Həmin görüş uzun illər xatirəmizdə yaşadı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.