
Super User
Günün fotosu: Abramoviç “Çelsi”ni satışa çıxarmağa məcbur olub və…
Günün fotosu:
Abramoviç “Çelsi”ni satışa çıxarmağa məcbur olub və…
İngiltərədə yaşayan rusiyalı milyardçı Roman Abramoviç rusiyalı iş adamlarına tətbiq edilən sanksiyalara görə sahibi olduğu “Çelsi” futbol klubunu
satışa çıxarıb. O, gözəl bir jest edərək Putinə etiraz əlaməti olaraq əldə ediləcək vəsaiti yardım kimi Ukraynaya verəcək.
Foto: Euronews
Rəsm qalereysı: “Gernika”, Pablo Pikasso
Hüseyn Elmalıpınar vəfat edib
Türkiyənin tanınmış aktyoru Hüseyn Elmalıpınar 51 yaşında vəfat edib.
Türkiyə mətbuatı xəbər verir ki, infarkt keçirən aktyor xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor ən çox “Ezel” serialı və “Kolpaçino” filmlərindəki rolu ilə populyarlıq qazanıb.
Budapeştdə Azərbaycan yazıçısının povestinin macar dilinə tərcüməsinin təqdimatı keçirilib
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində keçən il macar dilində çapdan çıxmış “Qara novruzgülülər” povestinin təqdimatı keçirilib. Xocalı faciəsinə həsr edilmiş bu əsər 5 il əvvəl Londonda keçirilmiş ədəbi müsabiqədə birinci yeri tutub.
AzərTAC xəbər verir ki, povestin müəllifləri Çexiyada yaşayan şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Bəyim və İsraildə yaşayan kinodramaturq Yefim Abramovdur. Hibrid formatda keçirilmiş tədbirin əvvəlində Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edib. O, Azərbaycan xalqının ağrı-acısının ədəbiyyatda və bütövlükdə incəsənətdə təsvirinin əhəmiyyəti, Xocalı qətliamının çoxsaylı qurbanları haqqında söhbət açıb. Səfir regionda əməkdaşlıq və təhlükəsizlik atmosferinin bərpası üçün keçmişdən ibrət dərsi almağın zəruriliyini vurğulayıb. Povestin həmmüəllifi Leyla Bəyim və əsərin tərcüməçi, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva tədbirə toplaşanların qarşısında çıxış ediblər.
Təqdimat mərasimində Xocalı soyqırımı haqqında animasiya filmi göstərilib və Xocalı faciəsinin 30 illiyinə yazılmış yeni mahnı təqdim edilib. Mahnının sözlərinin müəllifi Leyla Bəyim, musiqinin müəllifi və ifaçı Londonda yaşayan musiqiçi Emin Məcnunbəylidir.
Tədbirin sonunda Leyla Bəyim bu povesti öz kitabxanası üçün almağı arzu edən qonaqlar üçün nüsxələri imzalayıb.
Türkiyədə Mina Rəşidin uşaqlar üçün kitabı nəşr edilib
Bu günlərdə Türkiyənin “Asmaaltı” İstanbul Nəşriyyatında şair və nasir Mina Rəşidin uşaqlar üçün qələmə aldığı “Jalənin əlləri” adlı kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əsərləri türk dilinə yazıçı-tərcüməçi Abdulkadir Özkan tərcümə edib.
9 maraqlı hekayə və nağıllardan ibarət kitab haqqında təqdimat yazısında bildirilir ki, 6-8 yaş qrupu üçün nəzərdə tutulan bu nağıl və hekayələr uşaqların xəyal dünyasını genişləndirəcək və onlar mütaliədən zövq alacaqlar.
Uşaqlar həmçinin bu əsərlərdən gözəl söhbətin, ailəsi tərəfindən himayə edilməyin, təmizliyin, paylaşmağın, insanlarla xoş davranmağın, mehribanlığın vacibliyini də anlayacaqlar.
“3 Ozan bir arada” layihəsi təqdim edilib
Ötən gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “3 Ozan bir arada” adlı yeni layihə həyata keçirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, layihə çərçivəsində türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar poçt markası çap olunub. Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı ilə dövriyyəyə buraxılıb.
Layihə türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın Xalq şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunub. Layihənin təqdim olunması türk dünyasının mahir söz ustadlarının zəngin yaradıcılıq nümunələrini daha geniş auditoriyalarla tanış etdirmək məqsədi daşıyır.
Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi azərbaycanlı rəssam Orxan Qarayevdir.
Məşhur Kann Film Festivalı Ukraynaya dəstək göstərib
Fransada keçirilməsi planlaşdırılan 75-ci Kann Film Festivalına Rusiya ilə bağlı hər hansı qurumdan heç bir rəsmi nümayəndə heyəti qəbul edilməyəcək.
Kino dünyasının ən mühüm hadisələrindən biri kimi göstərilən festivalın təşkilatçıları yazılı açıqlama verərək, Ukrayna xalqını dəstəklədiklərini bildiriblər.
Açıqlamada bildirilib ki, Rusiyadan heç bir rəsmi nümayəndə heyəti və federasiyaya bağlı hər hansı qurum qəbul edilməyəcək.
Bakıda VII Britaniya Film Festivalının açılışı olub
Martın 3-də Nizami Kino Mərkəzində “British Council”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə VII Britaniya Film Festivalın açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, builki festivalda tanınmış kino tənqidçilərinin rəğbətini qazanan Britaniyanın ən yeni filmləri yer alıb.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva VII Britaniya Film Festivalına ev sahibliyi etdiyi üçün məmnunluğunu ifadə edib. Bildirib ki, festival çərçivəsində tamaşaçıları maraqlı sənədli və bədii filmlər gözləyir. O, festivalın proqramının zəngin olduğunu söyləyib. Bildirib ki, festivalda qlobal məsələlərə toxunan, beynəlxalq mükafatlar almış ekran əsərləri yer alıb.
Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley festivalın əhəmiyyətindən danışıb: “Mən çox şadam ki, biz bir daha Britaniya filmlərini Azərbaycana gətirməklə “British Council”a dəstək verə bildik. Bu, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin otuzuncu ildönümünü qeyd etmək üçün gözəl fürsətdir. Ümid edirəm, ətraf mühitin korlanması mövzusuna həsr olunan festivalda nümayiş edilən filmlər auditoriyanın marağına səbəb olacaq”.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo Azərbaycan auditoriyasına Britaniyanın ən son filmlərini gətirməkdən məmnun olduğunu vurğulayıb: “Məqsədimiz kinematoqrafiya təcrübəsini bölüşmək üçün bir daha kinosevərlərlə görüşməkdir. Bu ilin mövzusu tarixin həlledici məqamına təsadüf edir. Mövzu həm də bizi müzakirələr aparmağa, maariflənməyə və daha yaxşı gələcək naminə qlobal mübarizəyə qoşulmağa çağırır”.
Festivalın ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub.
Qeyd edək ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında olacaq.
Vüqar Əliyevin “Monteneqro - Adriatik sahilinin Incisi” kitabı işıq üzü görüb
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin “Monteneqro - Adriatik sahilinin Incisi” adlı kitabı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda müəllif tərəfindən son 10 il ərzində Azərbaycan və Monteneqro arasındakı siyasi, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, elm, təhsil, humanitar və gənclər siyasəti sahəsində bütün əlaqəlar haqqında mükəmməl şəkildə məlumatlar verilib və bu əlaqələrin yeni müstəvidə dinamik inkişafı ilə bağlı şərhlər dərc edilib.
Qeyd edək ki, Vüqar Əliyevin iki ölkə arasında əlaqələrin inkişafında müstəsna rolu vardır.
Portalımız adından onu “Monteneqro - Adriatik sahilinin Incisi” kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Günün Fotosu: Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür
Günün Fotosu:
Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-də video çıxışının boykotu gündəmdən düşmür. Bu tarixi bir ittihamdır: Hamı zaldan çıxıb, qalanlarsa ona arxa çeviriblər.
Foto: Euronews