
Super User
Bu gün Bakıda “Bilik” kitab sərgi-yarmarkası fəaliyyətə başlayacaq
Bilik Günü ərəfəsində – sentyabrın 9-dan 11-dək paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda “Bilik” kitab sərgisinin keçiriləcəyi ilə bağlı sizə məlumat vermişdik.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgi bu yaxınlarda yol qəzası nəticəsində həyatını itirən “Bakumoz” kitab evinin sahibi, ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin xatirəsinə ithaf edilir.
Sərgidə məktəbli ləvazimatı, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.
Sərgidə iştirak edəcək 24 nəşriyyat və mağaza öz məhsullarına 80 faizədək endirimlər nəzərdə tutub.
Sərgi çərçivəsində həmçinin yazıçıların imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, ustad dərsləri və s. tədbirlə təşkil olunacaq.
Bakı Beynəlxalq Caz Festivalında İsveçin “Bendik Hofset” qrupu çıxış edəcək
Sentyabrın 26-da XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Enerji Club”da “Bendik Hofset” qrupu çıxış edəcək.
Bu İsveç qrupunun yaradıcısı Bendik Hofset (saksofon-vokal) pandemiya zamanı “Forest” layihəsi çərçivəsində 4 albom üzərində işləyib. Onlardan “Roots”, “Trunks” və “Branches” albomları rəqəmsal formatda artıq işıq üzü görüb. İfaçının “Pollen and Leaves” albomu isə bu ilin oktyabr ayında musiqisevərlərə təqdim olunacaq.
Qrupun üzvləri uzun illərdir birlikdə çalışır. Eyvind Aarset (gitara) 1985-ci ildən qrupda aparıcı ifaçı kimi çıxış edir. Helge İberq, həmçinin 1995-ci ildə böyük səs-küyə səbəb olan “Plantes, Rivers and IKEA” kompozisiyasına böyük töhfələr verən qrupun digər istedadlı ifaçısıdır. Bas ifaçı Mats Eilertsen 2005-ci ildə qrupa "Itaka" mahnısı ilə daxil olub. O, qrupda dünyasını dəyişən zərb ifaçısı Per Oddvar Yoxanseni əvəz edir.
Diqqət: Yeni rəqs müsabiqəsi təşkil olunacaq
Oktyabr-dekabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi keçiriləcək.
Baş İdarədən bildirilib ki, rəqs müsabiqəsinin keçirilməsində əsas məqsəd rəqs sənətini inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələrini qoruyub saxlamaq, bu sənətin təbliğini genişləndirmək, həmçinin rəqs sənəti üzrə istedadları aşkar etmək və onlara bu sahədə geniş imkanlar yaratmaqdır.
Müsabiqə iki turdan ibarət olacaq və ilkin olaraq 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcək. Gələcəkdə isə bütün ölkə ərazisini əhatə edəcək. Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə (6-10, 11-15 və 16-18) müəyyənləşdirilib.
Qaliblərin seçimini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcək. Müsabiqənin seçim turları Baş İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində olmaqla, ilk seçim turu oktyabrın 1-də H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti dekabrında Bakı şəhərində təşkil olunacaq.
Qeyd edək ki, iştirakçılar qeydiyyat və müsabiqə barədə ətraflı məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına və ya (012) 492-91-59 telefon nömrəsinə müraciət edə bilərlər.
Bakıda "Üzeyir ənənəsinin sönməyən ulduzları" adlı konsert proqramı təşkil olunacaq
Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında "Üzeyir ənənəsinin sönməyən ulduzları" adlı konsert proqramı təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsert proqramında "Avanqard" Kamera Orkestrinin təqdimatında kinematoqrafiya tariximizə qızıl hərflərlə yazılmış, milli kinofilmlərimizdə istifadə olunmuş musiqi parçaları səsləndiriləcək. Retro və nostalji hisslərlə dolu musiqi parçaları paytaxt sakinləri və şəhərimizin qonaqlarında xoş əhval-ruhiyə yaradacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.
Bakı Dövlət Sirkində “Fil və dostları” adlı beynəlxalq sirk proqramı təqdim olunacaq
Bakı Dövlət Sirkində “Fil və dostları” adlı beynəlxalq sirk proqramı təqdim olunacaq.
Bu proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Budəfəki proqramda fillər sözün əsl mənasında mümkün olmayanı gerçəkləşdirəcək, balaca “dostları” ilə möhtəşəm bir şou yaradacaq.
Bundan başqa, sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək.
“Fil və dostları” adlı beynəlxalq sirk proqramı oktyabrın 14-dən başlayaraq noyabrın 27-dək davam edəcək. Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.
Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.
Azərbaycan filmi Venesiya kinofestivalında təqdim olunub
“Banu” filmi 79-cu Venesiya kinofestivalında təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaella premyeradan olan fotoları sosial media hesabında paylaşaraq yazıb.
Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar.
Filmin prodüserliyini “Noori Pictures” şirkəti edib.
Qeyd edək ki, filmdəki hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.
Mədəniyyət Nazirliyi Tarix-memarlıq abidələrinin monitorinqinə başlayıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə operativ monitorinq tədbirlərinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ilkin olaraq Bakı şəhərində yerləşən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir.
Növbəti monitorinq sentyabrın 7-də Bakı şəhəri Azadlıq prospekti 22 ünvanında keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruririliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər nəticəsində 20-də artıq tarix-memarlıq abidəsində monitorinq keçirilib.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcəkdir. Ona görə də istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.
Mədəniyyət Nazirliyi görkəmli sənətşünas Sevil Bədəlova və rəssam Rasim Nəzirovu mükafatlandırıb
8 avqust 2022-ci il tarixində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Salman qızı Bədəlova və rəssam, dosent, sənətşünaslıq üzrə elmlər namizədi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Məmməd oğlu Nəzirov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə uzun illər boyu Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələri, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində rollarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunan Sevil Bədəlova və Rasim Nəzirova mükafatları təqdim olunub.
Qeyd edək ki, Rasim Nəzirov 1979-cu ildən etibarən ölkədaxili və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Ona məxsus olan natürmort, portret, mənzərə mövzularındakı əsərlər Gürcüstan, Rusiya, Polşa, Əfqanistan, Türkiyə və digər ölkələrdə sərgilənmişdir. O, “Məryam Ana”, “Apostol”, “Natürmort”, “Qadın portreti”, “Şərgin lampası”, “İlk zərbə”, “Toplumun oyuncusu”, “Süd yolu”, “Model” və digər əsərlərin yaradıcısıdır. Həmçinin Rasim Nəzirov “Müasir incəsənətin aktual problemləri”, “Xəttin təsviri sənətdə rolu”, “Mədəniyyətin sintezi”, “Şərgin miniatür rəngkarlığında impovizasiyanın rolu” adlı elmi məqalələrin müəllifidir.
Görkəmli sənətşünas, professor Sevil Bədəlova isə rəssam H. Nəzərov, karikaturist rəssam R. Qədimov, R. Mehdiyev və Ə. Əzimzadə adına məktəbin 60 illiyinə həsr olunan monoqrafiyaların müəllifidir. Sevil Bədəlova Rəssamlar İttifaqında çalışdığı müddət ərzində təşkil olunmuş sərgilərin bütün kataloqlarının ön sözlərinin, həmçinin “XX əsr dünya incəsənəti”, “Dekorativ tətbigi incəsənət” metodik vəsaitləri və proqramlarının, eləcə də Azərbaycan Ali Məktəb Aspirantlarının II Respublika Elmi Konfransında təqdim edilmiş “Azərbaycan Sovet Qrafika sənəti 1950-1970-ci illər” adlı məruzənin müəllifidir.
Sevil Bədəlova müxtəlif illərdə Bakı şəhərində keçirilmiş fərdi moda sərgilərinin təşkilatçısı olmuşdur.
Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: İsa bulağı
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə müxtəlif təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşanın ən məşhur bulağı olan İsa bulağına həsr olunub.
İsa Bulağı Şuşa rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli meşələrin qoynunda yerləşir. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı şəxsin adı ilə bağlı olaraq belə adlandırılıb. Əlbəttə, başqa mülahizələr də var.
İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Şuşalılar və şəhərin qonaqları tez-tez orada istirahət etməyi xoşlayırdılar. Ən isti yay günlərində belə bulağın yanı həmişə sərin olur. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. İsa Bulağına gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan Şuşinski də tez-tez burada çıxış edərdi.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin işğalı altına düşən Şuşa şəhəri 28 ildən sonra, 2020-ci il noyabrın 8-də, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində işğalçılardan geri alındı. Şəhər azad edildikdən sonra Şuşanın əsas simvollarından biri sayılan İsa bulağı bərpa olundu. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb, bulağın su təminatı da tam bərpa edilib.
Məşhur yapon ifaçı Yamamoto Kyokonu Bakıda konsert verib
Sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyokonun “Dostluq ili” adlı konsert proqramı təqdim olunub. Və bu konsertdə Yamamoto Kyokonun ifasında yapon və dünya musiqiləri səsləndirilib.
İfalar çox bəyənilib.
Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.