Super User
Fərid Cəfərov mədəniyyət nazirinin müavini təyin edilib
Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.
Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; 2022, № 9, maddə 1030, № 11, maddə 1256; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.4-cü bəndin birinci cümləsində “iki birinci müavini və iki” sözləri “dörd” sözü ilə əvəz edilsin;
1.2. 5.8-ci bənddən “birinci müavinlərindən və ya” sözləri çıxarılsın;
1.3. 5.9-cu bəndin birinci cümləsindən “nazirin birinci müavinlərindən,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2023-cü il
E.İ.Əfəndiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2023-cü il
Bir şəklin tarixi
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu günlər Məhəmməd bəy Qaramanoğlunun türk dilini rəsmi dövlət dili elan etdiyi gündən 746 il keçir.
Fərmanda deyilir:
“Bu gündən sonra divanda, dərgahda, bargahda, məclisdə və meydanda Türk dilindən başqa dil istifadə olunmayacaqdır”.
Onda 13 may 1277-ci il idi.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Hansı simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir?
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Hansı simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir?
Pediatr, ailə həkimi, kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova rubrikamızın məsləhətçisidir.
Bu simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir
Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.
Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.
Uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları aşağıdakılardır:
Südəmər uşaqlarda:
çəkinin zəif artması
dərinin göyümtül olması
tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)
aktivliyin az olması
fiziki inkişafda ləngimə (həmyaşıdlarıyla müqayisədə başını gec saxlayır, gec oturur)
təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)
Daha böyük uşaqlarda:
tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)
ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. )
burun-dodaq üçbucağının göyərməsi
dərinin ağarması
başgicəllənməsi
bayılma
təngənəfəslik
respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək
ayaqlarda şişkinlik.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Birinci rübdə 90,9 min ton meyvə-tərəvəz ixrac edilib
“Açıq portfel” rubrikasında Dövlət Gömrük Komitəsinə istinadla “Ədəbiyyat və incəsənət” növbəti statiatikanı təqdim edir.
Bu ilin yanvar-mart aylarında 90,9 min ton meyvə-tərəvəz ixrac edilib. Və ixrac edilən meyvə-tərəvəzin dəyəri 114,9 milyon dollar olub. 2022-ci ilin üç ayında dəyəri 124,9 milyon dollar olmaqla 97 min ton meyvə-tərəvəz ixrac edilib.
Həmçinin birinci rübdə 532 milyon dollarlıq 1165 ton kartof ixrac olunub. Ötən ilin birinci rübündə 1250 ton kartof ixrac edilib. İxrac edilən kartofun dəyəri 611 milyon dollar təşkil edib.
İlk üç ayda 24,5 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 31,1 milyon dollar olub. Ötən ilin yanvar-mart aylarında məbləği 38,8 milyon dollar olan 31,7 min ton tomat ixrac edilib.
Hesabat dövründə meşə fındığının ixracında artım olub. Belə ki, 7823 ton meşə fındığı ixrac edilib. İxracın dəyəri 38,3 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 40,3 milyon dollarlıq 7037 ton ixrac baş tutub.
2023-cü ildə 22,2 min ton alma ixracı həyata keçirilib. İxrac edilən almanın dəyəri 14,3 milyon dollar təşkil edib. Keçən ilin birinci rübündə dəyəri 7,2 milyon dollar olan 11,1 min ton alma ixrac edilib.
Xurma ixracında azalma baş verib. Belə ki, bu ilin birinci rübündə dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin 3 ayında isə 29,5 milyon dollarlıq 38,8 min ton ixrac həyata keçirilib.
Hesabat dövründə 5831 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 7,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,1 milyon dollar olan 1415 ton nar ixrac edilib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Bu gün unudulmaz xanəndə Sabir Mirzəyevin xatirəsi anılacaq
Bu gün - mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin xatirə gecəsi təşkil olunacaq.
Tədbiri tarzən Rövşən Qurbanovun müşayiəti ilə ansambl idarə edəcək. Eyni zamanda, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, eləcə də Mirələm Mirələmov, Rəvanə Qurbanova, Səbuhi İbayevin ifaları səslənəcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli xanəndəsi, “Çahargah” muğamının mahir ifaçısı Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamış və 40 il ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyevin eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin daha da inkişaf etdirilməsi istiqamətində böyük əməyi olub. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Nağıl deyin körpələrə
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin növbəti yazısını təqdim edir
Nağıl deyin körpələrə, nağıllarla böyüsün,
Səsinizin sehri ilə, xəyallarla böyüsün.
Dinlədikcə, o sehrli nağılları,
Ağ atlı qəhrəman olub, Qalib olsun yurduna,
Nazlı, gözəl xanım olub, xeyir versin xalqına.
Nağıl deyin körpələrə, nağıllarla böyüsün.
Sevginizlə, qəlbinizlə böyüsün.
Arxasında bir dağ olun, şiş ucları alınmaz dağ,
O dağlara arxalansın, o dağlarla ucalsın.
Nağıllarla böyüyən qorxaq olmaz, aciz olmaz,
Əjdahalarla vuruşda,
Bir nər olar, Şərə qalib, Xeyir olar.
Nağıl deyin körpələrə, Öz səsinlə, nəfəsinlə,
Telefonda mesajla yox, layla deyən dilimizlə.
Nağıllarla böyüyən, xeyirli övlad olar,
Nağıllarla böyüyən, yurduna sahib çıxar.
Elin sevən, xalqın sevən, Əsil vətəndaş olar.
Vətənin hər daşına qurban olum, - deyərlər,
Öz canlarından əziz, Vətənini sevərlər.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Gənc Tamaşaçılar Teatrında baş rejissor qalmaqalı
Gənc Tamaşaçılar Teatrının aktrisaları Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova keçmiş baş rejissorları Mehriban Ələkbərzadədən sosial şəbəkədə şikayətləniblər.
Olay.az-ın əldə etdiyi məlumata görə, buna Əməkdar incəsənət xadiminin onları daha çox çalışmağa sövq etməsi səbəb olub. Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunandan sonra məsələ alovlanıb.
Bu barədə N.Eldarova “Facebook” hesabında yazıb:
“Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü “teatr kollektiv sənətdir” oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim “ştrafnoy batalyona” elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın”.
Naibə Allahverdiyeva isə sözügedən postda həmkarına dəstək verib:
“Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!”
Qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, teatrın nümayəndələri yeni baş rejissorun Əməkdar artist Nicat Kazımov olmasını istəyirlər. Lakin buna onun rejissor diplomunun olmaması maneə törədir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Bu gün Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur
Azərbaycan səhnəsinin əfsanəvi aktyorları az olmayıb. Onlardan biri də Xalq artisti Rza Əfqanlıdır.
Bu gün Azərbaycan teatr və kino tariximizin görkəmli siması, Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur.
Rza Əfqanlı fərqli aktyor kimi tanınır. Qəlbində qübar edən ikili Vətən həsrəti daim onu incidib, bununla belə, bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında təcəssüm tapıb. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini təbii yarada bilirdi. Sadə, epizodik obrazdan başlamış baş qəhrəmana kimi bütün rollarını can-dildən yaradırdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb və 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan Respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Rzanın hələ uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkib. Bəlkə də elə buna görə, yenidən Bakıya qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı ilk növbədə, dram dərnəyinə üzv yazılıb.
Gənc oğlandakı aktyorluq istedadını ilk dəfə Akademik Teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən də yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına çıxması onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı. Beləliklə, Rza Əfqanlı üzərində çalışmağa başlayır. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkib. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. Həmin dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılıb. 1933-34-cü illərdə teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb, milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Arada bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Onun milli teatrımızın inkişafı yolundakı xidmətləri və səhnədəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilir. Ömrünün 39-cu ilində Əməkdar, 44-cü ilində isə Xalq artisti adına layiq görülür. 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı alır.
Rza Əfqanlı istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli adda obrazlar yaradıb. Onun "Dağlarda döyüş" filmində yaratdığı Sərxan rolu məhz belə obrazlardandır.
Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olub. O, həqiqətən görkəmli kino xadimi olub. "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "Dağlarda döyüş", "Aygün", "26-lar", "O olmasın, bu olsun", "Qanun naminə", "Mən ki gözəl deyildim" və sairə filmlərdə bir-birindən gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb. O, həmin obrazlarda tamaşaçıların rəğbətini qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda yaratdığı obrazlar o vaxt lentə çəkilməyib. O, sənət üçün doğulmuşdu. Amma naqislər bunu nəzərə almayıblar.
Rza Əfqanlı 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayıb və bununla da öz üslubuna yeni təravət verib. Həyat yoldaşı tanınmış teatr rəssamı Bədurə xanım Əfqanlı idi. Qızı Ofelya da sənət yolunu seçib. Aktrisa Ofeliya Aslan - Siyavuş Aslanın həyat yoldaşı onun qızıdır.
Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)


