
Super User
Rəsm qalereyası: Sakit Məmmədov, “Küsmüş mələk”
Günün fotosu: Rusiya siyasətini dəyişir
Günün fotosu: Rusiya siyasətini dəyişir
Uzun müddət Ukraynada apardığı işğalçı müharibəyə “xüsusi əməliyyat” adı verən Rusiya Ukraynanın dirənişindən, müharibənin Rusiya ərazisinə keçmə təhlükəsindən qorxuya düşüb. Budur, Dövlət Duması Cinayət Məcəlləsinə “hərbi vəziyyət”, “səfərbərlik”, “müharibə dövrü” kimi terminlər salmışdır.
Mənbə: Euronews
“Səni başqasıyla görmək də gözəl” – Güneyli Elnaz İslamvəndin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri Elnaz İslamvəndin şeirləri ilə tanış edəcək. Köylü Qız adıyla tanınmış güneyli şairə Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə Təbriz Universitetinin pedaqoji fakültəsini bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci ildə və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
SALAM VERDİYİM GÜNƏŞ
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
Bir buxça bələdin xatirələrdən,
Olub keçənləri silib-süpürdün.
Sanki biz heç zaman tanışmamışdıq,
Sanki sən deyildin məni öpürdün.
Şəhərdən şəhərə boylanmadaydıq,
Mən sizin günəşə salam verərdim.
Görərdin sən orda bir ağac əkdin,
Mən burda meyvəsin əl atıb dərdim!
Bilirdim azanız haçağ səslənər,
Kölgənə quş belə qonsa bilərdim.
Baharı dizimə çökdürürdün sən,
Hanı mən gördüyüm? -
Borandı, qar, qış!
“Sənə gül alımmı?” dediyin gündən,
Gül nədi, başıma kül ələyirsən.
Mən gedən deyildim, özün bilirsən,
Sən məni bu yola itələyirsən.
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
QIVRILAN YOL
Mən yoruldum, gözün aydın,
Bu sən, bu verdiyin ürək.
Artıq tanrının əlindən,
Heç iş belə gəlməyəcək.
Kim deyir ki, ömür boyu,
Yora bilməz yollar məni!
Fəsillər aldadır bizi,
Təqvimlər oynadır səni.
Birisi köçürtdü səni,
O fəsildən bu fəsilə.
Yuxu da görməzdim belə,
Ayağım səndən kəsilə.
Mən yoruldum, gözün aydın,
Dönürəm, bu imza, bu qol.
Sonunda zəhrini tökdü,
İlan kimi qıvrılan yol…
QADIN
Harada quyulanarsa;
Oyaq gözlərlə baxar qadın!
Üfürər tanrı, gözlərindəki torpağı,
Gömülməz!
Yeddi can var köksündə
Çıxmaz,
Canı can doğurar, bitməz!
Mətbəxdəki duz qabında mumyaya dönər
Tablolarında gül pənbə rəngi görünər
Getməz!
Yaşarmış gözlərində,
Cavanlaşar şəhər.
Süpürər yanağını
Quyulanar, quyulanar.
Doldurar ancaq
Erkəklərin çanağını
Gözlərindən
Göyərçinlər uçar öföqə sarı.
Qartal qanadlarını gizlədərək “dikdabanlarında”
Sərçələri qonaqlamağa çırmalanar dik-dik
Atlanar… Atlanar…
Sığalsızkən saçları
Dördnala çapar əzik-əzik
Yol!
Özündə başlayıb, özündə bitər
İki ayaq yeriyər onda, görməzsən!
İki ayaq uzaqlaşar səndə, bilməzsən!
Sevgi,
Malikanəsidir qadının!
Səsi qapı səsi,
Gülüşü pəncərə
Hazır ol!
İşkilləməsin dodağını qadın!...
URMU
O qədər dedilər: “Dənizdir, dəniz”,
Deyirəm bəs sənə göz dəydi, Urmu!
Dərdi təzələsəm hənizdi həniz,
Bilirəm yarana duz dəydi, Urmu.
Al bu göz yaşları Təbrizdən gəlir,
Qıymasan üzünə baxmaram, Urmu!
Biz ana torpağın övladlarıyıq,
Gərəkdir paylaşaq çətin durumu.
Gördün babaların sözü düz çıxdı,
Dedilər: “İçindən yeyilər ağac”.
Duz yeyib duzqabı sındıran oldu,
Daraşdı üstünə hər ac yalavac.
Pisliyi pis etmək ayıbdır, ayıb,
Əti dırnağından ayırmazlar ki?!
Döyüşdə arxadan vurana lənət,
Əsgəri qurşunla doyurmazlar ki?!
Dərdi təzələsəm hənizdi, həniz,
Nə bilim, bəlkə də bir zaman oldu.
İndi duzlağında oynayan uşaq,
Gələcək günlərə Səttarxan oldu!
GİZLİNPAÇ
Səni başqasıyla gördüyüm anda,
Özümdən sabaha yol yerimişdim.
O qədər yerinə utanmışdım ki,
Səhər açılınca lap ərimişdim.
Toxundu saçıma süpürgəçimiz,
Vitrində matışka güldü üzümə.
Biraz buraxılmış siqar qutusu,
Biraz da qəhqəhə dəydi gözümə!
Səni başqasıyla görməyə nə var?
Hər zaman deyəndə: “Alma”, gəlmişəm.
Biraz gecənizdən heyva tökülüb,
Heyva yəni gəlmə, özüm gəlmişəm.
Səni başqasıyla görmək də olur,
Bu da ki, bir tordur, bu da bir biçim.
Mən gərək zamanın durduğu yerdə,
Bu kefli nağıldan adlayıb keçim.
Səni başqasıyla görmək də gözəl,
Dağ kimi səsimi qaytarır odam.
Ömür var sevərəm məni buraxsan,
Bir yerdən başlayıb gərək unudam…
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
Acun İlıcalı qəzaya düşüb: Qolu qırılıb
Türkiyənin məşhur teleaparıcısı Acun İlıcalı avtomobil qəzası keçirib.
“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, iş adamı İstanbulda qarşı tərəfdən gələn avtomobillə toqquşub.
Xəstəxanada aparılan şoumenin ilk yoxlamada qolunun sındığı aşkarlanıb. İlıcalının ümumi səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Acun vaxtilə valideynlərini də yol qəzasında itirib.
"Kurtlar vadisi"nin aktrisası vəfat edib
Türkiyənin məşhur kino və serial aktrisası Başak Özel 51 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” APA-ya istinadən bildirir ki, aktrisanın vəfat xəbərini sənət dostları sosial şəbəkədə bildiriblər.
Onun vəfat səbəbi qeyd edilməyib.
Xatırladaq ki, aktrisa "Kurtlar vadisi", "İhlamurlar altında", "Melekler adası" kimi böyük televiziya layihələrində yer alıb.
Ən çox oxunan: Türk qızı kral ailəsinə gəlin köçdü
Avropanın ən qədim xanədanlarından biri olan Meklenburq Hersoqluğunun vəliəhd Şahzadəsi Corc Aleksandr Meklenburq Türkiyənin Mersin bölgəsindən olan Hande Macit adlı xanımla ailə qurub.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, cütlük 17 sentyabrda evləniblər.
Almaniyanın şimalında təşkil edilən toyda 200-ü şəxsi qonaq olmaqla, Avropanın siyasi elitasından olan 500 nəfər iştirak edib.
Cavanşir Quliyevin Muşfiqə həsr olunmuş oratoriyası səslənəcək
Oktyabrın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.
Həmin musiqili gecədə ilk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək. Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək.
“Müasir Azərbaycan musiqisinin banisi: Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub
Bu il ölkəmizdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmin festivalın proqramına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Müasir Azərbaycan Musiqisinin Banisi: Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxananln yaydığı məlumata görə, elektron məlumat bazası “Rəsmi sənədlər”; “Həyat və yaradıcılığı”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Mükafatlar”; “Fotoqalereya”; “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.
Bu gün DokuBaku Festivalı öz işinə başlayacaq
Bu gün açılacaq DokuBaku Beynəlxalq Sənədli Film Festivalının 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyətini fəaliyyətdə olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.
Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod vardır.
Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.
Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.
Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.
Festivala sentyabrın 25-də yekun vurulacaq.
Şuşada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib
Sentyabrın 20-də Şuşada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qarşısına tər güllər düzüb və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütün qonaqları salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qala-şəhərdə belə bir möhtəşəm tədbirlərin keçirilməsinin qürurverici olduğunu bildirib: “Burada istənilən tədbir bizə gözəl hisslər bəxş edir. Gördüyünüz kimi, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün biz Şuşada milli musiqimizi eşidirik və bu bizi çox qürurlandırır. Bu baxımdan Şuşamızın, ümumən bütün torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək, şəhid olmuş əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirik".
Festivalı çərçivəsində keçirilən konsert proqramında bədii rəhbər və dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Üzeyir Hacıbəylinin heykəli qarşısında açıq havada təşkil olunan konsertin solisti, Xalq artisti Fərhad Bədəlbəylidir. Proqramda Üzeyir Hacıbəyli "Koroğlu" operasından uvertüra, eləcə də dahi bəstəkarın tələbələrinin əsərləri yer alıb.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq Fərmanına uyğun olaraq, dahi bəstəkarın dünyaya göz açdığı gün ölkəmizdə hər il ənənəvi şəkildə Milli Musiqi Günü kimi qeyd olunur. 2009-cu ildən etibarən sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlayıb və dünyada böyük əks-səda doğurub. Həmin ildən başlayaraq ənənə halını almış bu festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət ki, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilir. Şuşanın dağlarında indi Üzeyir musiqisinin sədası yayılır. Erməni işğalından azad edilən Şuşada belə bir tədbirin keçirilməsi hər bir azərbaycanlının arzusu idi və bu arzu artıq bu gün reallığa çevrildi.