ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 03 Noyabr 2022 10:30

Sərdar Ortac: “Evimdə ölmək istəyirəm”

 

Türkiyəli müğənni Sərdar Ortaç açıqlaması ilə diqqət çəkib.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı vaxtının çoxunu evdə yataraq keçirdiyi və başqa bir şey istəmədiyini deyib:

 

"Həmişə yatıram. Yataqdan çıxmaq istəmirəm. Son qalan 15 ilimi, ya 20, nə qalıbsa savab işləyərək bitirmək istəyirəm. Dənizin Allahını görmüşəm, girmədiyim dəniz qalmayıb. Heç istəmir canım. Mahnı oxumaq, yatmaq, evimdə ölmək istəyirəm".

Ortaçın bu açıqlaması sosial media izləyicilərinin müzakirəsinə səbəb olub. Onlar müğənnini heç vaxt belə görmədiklərini, hansısa xəstəliyinin ola biləcəyini yazıblar.

“Çox pis oldum, onu heç vaxt belə görməmişəm, yorğun, bitkin görünür. Allah şəfa versin", "Allah kömək etsin, xəstəliyi yaşayan bilir, onu başa düşürəm", "15 ili elə-belə deyir. Ruhun ölüb, bədənin yaşamağa davam etməsi kədərlidir. Hər şey insanın gözünə boş, mənasız görünür", "Sərdar Ortaçla böyümüşəm. Enerji dolu, həyatı sevən insanı həyatın bu qədər yorması çox kədərlidir. Təbii ki, xəstəliyin də təsiri var, amma onu yoran yaşadıqlarıdır. Ümid edirəm əvvəlki halı ilə yenidən onu görə bilərik" deyə, izləyicilər şərhlərdə qeyd edib.

Bu xəbər günün ən çox oxunan xəbəri olub.

 

Adından da göründüyü kimi, “Dədə Qorqud” Türk Dünyası Film Festivalı möhtəşəm bir layihədir. Bu festival uğurla davam edəcək və türk dünyasına, ümumilikdə ortaq mədəniyyətimizə böyük faydalar verəcək. 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, bu barədə Xalq artisti, kinorejissor Vaqif Mustafayev AzərTAC-a açıqlamasında bildirib. 

Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Zəfərdən bəhs edən və özünün rejissoru olduğu “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin festivala qatılacağını deyən kinorejissor bu ekran əsərinin layiqli yer qazanacağına əminliyini bildirib.

 

Qazaxıstanın Almatı şəhərində təşkil olunan Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunur.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkəmizi bu festivalda Dövlət “Yuğ” Teatrı təmsil edir.

Festivalın açılış mərasimində teatrın baş rejissoru Mikayıl Mikayılov və ədəbi dram hissəsinin rəhbəri Elçin Cəfərov iştirak ediblər.

Festival çərçivəsində noyabrın 4-də “Yuğ” teatrının “Kloun Bizzz” tamaşası nümayiş olunacaq. 

Tamaşada teatrın sənətçiləri Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva və Natəvan Qeybani çıxış edəcəklər.

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının noyabr ayı üçün tədbirlər planını təqdim edirik: 

 

7 noyabr – Zəfər Günü ilə əlaqədar “Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi” qaliblərinin konserti. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

11 noyabr - Beynəlxalq Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş tədbir. (Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Xalq Çalğı Alətləri Orkestri)

12 noyabr - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

15 noyabr – Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

16 noyabr - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti.

17 noyabr - Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı)

21 noyabr - Könül ansamblının konserti. (Solistlər Fəraməz Gərmrudi, Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Teyyub Aslanov)

23 noyabr - Braziliya səfirliyinin tədbiri. (Azərbaycan Dövlət Simli Kvarteti)

26 noyabr - İtaliya səfirliyinin tədbiri. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

29 noyabr - “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhərağa məscidi” adlı sənədli film təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi- Eko Parkda “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Mələkxanım Eyubova ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcısı Lalə Əlimuxtarova Mələkxanım Eyubovanın yaradıcılıq yolundan bəhs edib.

Görüş zamanı Xalq artisti Mələkxanım Eyubovanın oxuduğu xalq mahnıları, zəfər mövzusundakı ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Rəngarəng musiqi nömrələri ilə davam edən görüşün sonunda M.Eyubova izləyicilərin suallarını cavablandırıb, onlarla xatirə şəkilləri çəkdirib.

 

Azərbaycanın maddi-mədəniyyət nümunələri, o cümlədən zərgərlik əşyaları hər zaman öz orijinallığı və zərifliyi ilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan Milli İncəsənət Muzeyi dünyaca məşhur Cartier Zərgərlik Evinin dəstəyi ilə muzeyin kolleksiyasında qorunan üç sənət əsərini bərpa edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dünyaca məşhur Cartier brendi Azərbaycanın ən nüfuzlu muzeylərindən olan – Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığa başlayıb, eksponatların bərpa layihəsini dəstəkləyərək xalq sənətkarları və zərgərlərin əsərlərini bərpa etməyə yardım edib. Restavrasiya işləri XX əsrə məxsus rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, “buta” elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-də “şəbəkəçi zərgər” vəzifəsində çalışan peşəkar mütəxəssis muzeyin dəvəti ilə predmetlərin bərpası üzərində işləyərək tarixi əşyaları üç ay ərzində bərpa edib.

Cartier şirkətinin Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib ki, Cartier Evi uzun və zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından, dünya mədəni irsindən ilham alıb və ilham mənbəyi olan bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışıb. İslam mədəniyyəti Cartier-in estetik dəyərlərinə böyük təsir göstərib. O, Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdan qürur duyduğunu və bu layihənin Şərqin zərif tətbiqi sənətinə diqqət cəlb edəcəyini vurğulayıb.

XIX və XX əsrlərdə yaradılan bu eksponatlar xalq ustalarının, mahir zərgərlərin əl işləridir. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli geyim mədəniyyətində qadın zinət əşyaları xüsusi yerə malik olub. Gəlin toya zinət əşyalarında çıxır və onun üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Bu mücrülərdə təkcə XIX əsr zərgərləri tərəfindən hazırlanmış və gələcək nəsillərə ötürülən zinət əşyaları deyil, həm də uzun tarixə malik qiymətli xatirə əşyaları saxlanılırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik olardısa, onun içindəki zinət əşyaları da bir o qədər qiymətli olardı.

“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir” - deyə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam, professor Çingiz Fərzəliyev bildirib.

Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun qəbul edilməsi yaradıcı interpretasiyasına can atan Paris Zərgərlik Evinin tarixinin 175 illik yubileyinin yeni sətri oldu. Bu yaxınlarda Parisin Dekorativ İncəsənət Muzeyində keçirilən “Cartier və İslam incəsənəti: Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir ki, şərq mədəniyyəti evin üslub və repertuarının inkişafına ciddi təsir göstərib. Parisdə keçirilən genişmiqyaslı ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.

“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və Cartier Evinin buna köməklik göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin Cartier Evi ilə yaradıcı əməkdaşlığı diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Ekspozisiyaya gələn ziyarətçilərin bərpa olunmuş əşyalardan mənəvi zövq alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir, çünki layihənin əsas məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

 

Qeyd edək ki, Cartier Evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Yeddi nar çubuğu" xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi keçirilmiş və sərgi inklüziv muzey işi sahəsində inqilabi çevrilişə səbəb olub. Həmçinin, 2021-ci ildə Bakının möhtəşəm tarixi və memarlıq abidələri haqqında onlayn bələdçi sistemi yaradılıb.

 

Noyabrın 2-də görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 85 ili tamam olur. Bu münasibətlə II Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoji kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, bəstəkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdilər.

Jurnalistlərə müsahibə verən bəstəkarın qızı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd etdi ki, Emin Sabitoğlu xalqına, vətəninə bağlı insan idi: “Mən bilirəm ki, onun musiqisini sevərək dinləyənlər çoxdur. Emin Sabitoğlu cismən bizimlə olmasa da, onun yaradıcılığı xalqımız tərəfindən sevilir. Hər bir bəstəkar üçün yəqin ki, bu ən böyük qiymətdir”.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Dedi ki, onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var. Vəfatından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun əsərləri əbədi yaşayacaq”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev vurğulayıb ki, Emin Sabitoğlu elə bəstəkarlardandır ki, musiqiçilərimizin bir neçə nəsli onun əsərlərindən ilham alıb, daha sonra tanınıb, məşhurlaşıb: “Mən elə bir musiqiçi tanımıram ki, onun repertuarında Emin Sabitoğlunun mahnısı olmasın. Bu mahnıların hər birinin ilk notlarını eşidəndə bilirsən ki, bu əsərlər Emin Sabitoğlu dünyasının məhsuludur. Musiqili Teatr, demək olar ki, Emin müəllimin ikinci evi olub. Biz uzun illərdən sonra istəyirik ki, Emin Sabitoğlunun “Hicran” komediyasını səhnələşdirək”.

 

Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Əməkdar artist Nüşabə Ələsgərli və başqaları görkəmli bəstəkarın bənzərsiz yaradıcılığından söz açıblar.

Sonda bəstəkarın qızı, professor Ceyran Mahmudova çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Emin Sabit Rəhman oğlu Mahmudov 2 noyabr 1937-ci ildə Bakıda anadan olub. 1954-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin sinfinə keçirilib.

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan teatrlarının tamaşalarına musiqilər yazıb. Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.

Cümə axşamı, 03 Noyabr 2022 09:30

Bengü Yayınları 400-cü kitabını çıxardı

Avrasya Yazarlar Birliyinin Bengü Yayınları nəşr evi 400-cü kitabını oxucularına çatdırdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Dünyasından ədəbi və elmi əsərlər yayınlayan Bengü Yayınlarının 400-cü kitabı

Krım tatar şairi Şakit Selimin şeirlər kitabıdır.

Kitabı Dr. Işılay Işıktaş Sava yayına hazırlayıb. 16x24 cm formatında, 566 səhifəlik kitabda Kırım Tatar ədəbiyyatının böyük şairi Şakir Selimin bütün şeirləri, ədəbi axtarışları və incələmələri yer alır.

 

Mədəniyyət Nazirliyində Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə müvafiq rayonları tarix-memarlıq abidələrinin ümumi vəziyyətinə və mövcud problemlərə diqqət çəkilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısına əsasən dövlət reyestrinə daxil edilən və Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunan abidələrin müştərək mühafizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.

 

Mədəniyyət Nazirliyi ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda xüsusi mülkiyyətdə olan və yaşayış sahəsi kimi istifadə edilən tarix-memarlıq abidələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılma müddətinin maksimum sürətləndirilməsi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair vahid strateji xəttin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.