ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış edəcək. 

 

Konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədovdur. 

Vyana Kamera Orkestrinin konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. 

1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir. 

Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 08:00

76-cı Kann Film Festivalının açılışı oldu

Kannın “Palais des Festivals” sarayında 76-cı Kann Film Festivalının açılışı olub.

Tədbirə Conni Deppin iştirkı ilə çəkilmiş “Jann Dübarri” filmilə start verilib.

Açılış mərasimində Deplə yanaşı, Uma Turman, Katrin Denev, Maykl Duqlas və həyat yoldaşı Ketrin Zeta-Cons kimi məşhurlar da görüntüləniblər.

 

Duqlas fəxri Qızıl Palma budağına layiq görülüb və ailəsi ona dəstək olmaq üçün mərasimə qatılıb.

Əsas müsabiqənin builki münsiflər heyətinə “Kvadrat” və “Kədər üçbucağı” filmlərinə görə “Qızıl palma budağı” mükafatını almış isveçli rejissor Ruben Estlund rəhbərlik edir.

Qeyd edək ki, festival mayın 27-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri təyin edilib.

 

Bu barədə ICESCO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Anar Kərimov ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri kimi təşkilatın üzv dövlətlərdəki müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bütün dünyada onun əhatə dairəsinin genişləndirilməsi və təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində proqramlarının dəstəklənməsi üçün lazımi maliyyə resurslarının cəlb edilməsi işlərinə öz töhfəsini verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

"Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib.

1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

5. Mövzu sərbəstdir.

6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.

12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

Münsiflər heyəti

Seçim:

1. Fikret Yazıcıoğlu
2. İdris Gürdal
3. Mehmet Özcan Yasdıbaş
4. Rabie Ruşid
5. Ülviyye Ebulfezqızı

Final:

1. Prof. Dr. Abdullah Şengül
2. Talat Ülker
3. Celalettin Kurt
4. Ali Saçıkara
5. Sündüs Arslan Akça
6. Mahmut Hasgül
7. Aysel Xanlarqızı Seferli

Yarışma təqvimi:

Elan: 24 aprel 2023

Son qəbul: 15 oktyabr 2023

Seçim: 15 oktyabr-5 noyabr 2023

Final: 5 noyabr-5 dekabr 2023

Nəticələrin açıqlanması: 10 dekabr 2023

Mükafatlandırma mərasimi: 24 dekabr 2023

Mükafat:

1-ci yer: 5000 TL

2-ci yer: 3000 TL

3-cü yer: 2000 TL

Həvəsləndirici mükafat: 1000 TL

Müraciət:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 15:30

Çin sərgisi davam edir

Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir. 

“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkəndir.  Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir. Və kifayət qədər də auditoriya toplayır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.

Xatırladaq ki,  “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun. 

 

Xilaskar

 

Heydər yay tətilində Nərgiz bibisinin yaşadığı Urud kəndinə gedərdi. Bu kənd öz gözəlliyi ilə digərlərindən çox fərqlənərdi. Sanki tanrı bu yerlərə bir-birindən gözəl, ecazkar təbiət mənzərələri bəxş etmişdi. Heydər hər addımda bu obada, hər dağ cığırında, çay sahillərində bir sehrli aləm görərdi. Bu aləm içində uşaqlığının maraqlı bir səhifəsi yaşanmışdı. Gözəl mənzərəsi, təbiəti olan bu kənd o qədər xoşuna gəlirdi ki, tətil qurtaranda belə oradan getmək istəmirdi. Vaxtının çoxunu demək olar ki, kəndin mərkəzindən axan iti dağ çayının – Bazarçayın sahilində keçirərdi. O, daşların üstündən hoppana-hoppana çayı adlayar, ürəyində bu daşları sayar, neçəsini adlayandan sonra çaya çatdığını əzbərdən bilərdi. Bu onun hər günki məşğuliyyəti idi. Yayın qızmar çağında bir də görürdün ki, günəş görünməz oldu, hava soyudu. Belə olanda Heydər çayda çimə bilmədiyi üçün çox kövrələrdi. Dumduru axan çaya xeyli tamaşa edər, çayın dibindəki ən xırda daşlar, o daşların arasında var-gəl edən, tələskən çömçəquyruqlardan gözünü çəkməzdi.

Tez-tez kənd uşaqları ilə çaya gəlib tilovla dabanbalığı, şitbit balığı, bəxtləri gətirəndə isə çayın dərin yerindən qızılbalıq tutardılar. Elə oradaca tonqal qalayıb bişirib yeyərdilər. Hərə evdən pendir, göyərti, yuxa gətirər, yaxınlıqdakı bostanda əkilmiş tər xiyardan, uzunsov pomidordan dərib, birlikdə deyə-gülə iştahla yeyərdilər. Hər gün çay qırağında, təbiətlə ünsiyyətdə olmaqdan o böyük zövq alırdı. Demək olar ki, çayın şırıltısına saatlarla qulaq assa da, yenə də doymurdu. Heydər həm də çayda yaxşı üzürdü.  Hərdən uşaqlarla mərcə girib, qayaların üstündən çaya tullanıb dərin yerdəki suyun altında 2 dəqiqə qala bilirdi. Əsasən, uşaqlarla “Nov daş”da körpünün altında çimərdilər.

Heydərin Rəfi adlı bibisi oğlu ondan üç yaş kiçik idi. Çox sadəlövh, təmizqəlbli, hər şeyə inanan bir oğlan idi. Üzməyi bilmirdi. Heydər onunla zarafatlaşmağı, cırnatmağı xoşlayırdı. Bir gün Rəfi çayın kənarındakı qayalıqdakı daşın üstündə oturub çayda üzən uşaqlara tamaşa edirdi. Heydər ona qarşısındakı daşı göstərib deyir: “Bax qarşındakı bu daş var ha, indi bir dua oxuyacağam, bu daş yeriyəcək. Əvvəlcə gözlərini yum, sonra dediklərimi təkrarla”.

Rəfi gözlərini yumub, onun dediklərini tutuquşu kimi təkrarlayırdı, doğrudan da möcüzə baş verəcəyini gözləyirdi. Heydərsə dodağının altında Rəfinin onu güclə eşidə biləcəyi bir səslə deyirdi:- “Yekə qulaq, qaban baş, heç görmüsən yeriyə daş?” Rəfi bir neçə dəfə təkrarlayandan sonra onun dediklərinə diqqətlə qulaq asır, başa düşür ki, onu dolayır. Üzmək bilməyən Rəfi çaya tullanıb Heydəri tutmaq istəyəndə çayın sürətlə axan suları onu ağuşuna alır, bir neçə dəqiqə ərzində su bəndinə tərəf aparır. Rəfi əl- qolunu tərpədir, amma batmaq təhlükəsi ilə artıq çayın dərin yerinə düşür. Bunu görən Heydər onun batacağını görüb, tez üzüb ona çatır, dərhal onun saçından yapışıb özünə tərəf çəkib suyun üzərinə çıxarır. Beləcə Rəfini xilas edir. Rəfiyə qarşı etdiyi hərəkətindən peşman olsa da, onu xilas etdiyinə çox sevinir. Bu hadisədən sonra Heydər Rəfiyə üzməyi öyrədir. Həm də təkcə Rəfiyə yox, üzmək bilməyən digər uşaqlara da. Sonralar Rəfi Heydərdən də yaxşı üzgüçü olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2013)

Cümə axşamı, 18 May 2023 17:00

Uzaq adalarıq biz…

“Ədəbiyyat və incəsənət” portalının sevilən Poetik qiraət rubrikasında daimi müəlliflərimizdən olan Cəlilabadlı ustad şair Əlizadə Nuri “Uzaqlıq” deyəcək. 

 

Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni damın içində.

 

Eyni kupelərdəyik,

Amma ayrı qatarda.

Aradakı bu boşluq

Min adama çatar da.

 

Sən çiçəyə əl açdın,

Mən də kəpənəklərə.

Qoy bahar sənin olsun

Payız qalsın təklərə.

 

Elə soyumuşuq ki-

Gec əriyən qarıq biz.

Bir dəryanın içində

Ayrı damlalarıq biz…

 

Özümlə savaşanda,

Özüm girdim araya.

Yanımdasan… özgəni

Çağırıram haraya…

 

Sevgimiz oğurlanıb-

Boş bir muzey kimiyik.

Günümüz də ayrıdı-

Güney, qüzey  kimiyik.

 

Yaradan neynəsin ki,

Belə dostuq, yarıq biz?

Bir- birinə bitişik

Uzaq adalarıq biz…

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 16:00

Futbolun kuryoz qaydaları

“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə qəribə də olsa, futboldan damışacağıq. Rubrikanı Tural aparır. Futbol da bir incəsənətdir. 70-ci illərdə Hollandiyanın nümayiş etdirdiyi total futbolu ən dahi rəsm əsəri, musiqi kompozisiyası, bədii ədəbiyyat nümunəsi ilə bir tutmurdularmı, tuturdula

 

 

Futbolun kuryoz qaydaları:

Qapıçı ilə müdafiəçi formalarını dəyişsə…

 

Klub rəhbərlərinin və azarkeşlərin hakimləri ittiham etdiyi vaxtda heç kim bəzi futbol qaydalarının ağlasığmaz olmasından danışmır. Hərçənd, elə qaydalar var ki, gülməli, hətta biabırçıdır. Hər halda Almaniyanın məşhur Bild nəşrinin qeyri-adi futbol qaydalarından bəhs edən yazısını oxuduqca bu qənaətə gəlməmək mümkün deyil.  Bu halların hər biri Azərbaycan stadionlarında da yaşana bilər. Belə olan halda, qaydanı bilməyənlərin əlindən nə hakimlər, nə də başqası yaxa qurtara bilər. Həmin qaydalara nəzər salmaq maraqlı olardı. Özü də bu, hakimlərimizə və klub rəsmilərinə də lazımdır.

 

Birinci vəziyyət:

Oyun başlamayıb. Komandalar meydana çıxmaq üzrədir. Futbolçu rəqibinə zərbə endirib, onu yerə çırpır.

Hakim nə etməlidir?

Heç nə! Qırmızı vərəqə göstərilə bilməz. Rəqibi vuran futbolçu heç nə olmayıbmış kimi, oyunu davam etdirir. Sadəcə, baş verənlər protokola yazılır.

 

İkinci vəziyyət:

Oyun başlamayıb. Lakin futbolçular meydanda dayanıb hakimin fitini gözləyir. Futbolçu rəqibini vurur.

Hakim nə etməlidir?

Vuran oyunçuya qırmızı vərəqə göstərilir. Lakin onun komandası əvəzetməyə əl ataraq, meydana başqa futbolçu buraxır.

 

Üçüncü vəziyyət:

Top boş qapıya yuvarlanır. Artıq qol olacaq... Amma bu an meydana qaçan azarkeş topu saxlamağa çalışır. Lakin bacarmır və top qapı xəttini keçir.

Hakim nə etməlidir?

Qol qeydə alınmır. Mübahisəli top qərarı verilir. Əgər meydana qaçan zədələnərək meydanı tərk edən futbolçudursa, qol sayılır.

 

Dördüncü vəziyyət:

Kubok oyununun 120 dəqiqəsi qalibi müəyyənləşdirməyib. Lakin bir komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.

Hakim nə etməlidir?

Penalti seriyası ərəfəsində digər komanda bu zərbələri vurmaq hüququnu itirən 3 üzvünü müəyyənləşdirir. Və hər komandada 8 futbolçu penalti vurmaq imkanına malik olur.

 

Beşinci vəziyyət:

Oyunun gedişində qapıçı ilə müdafiəçi formalarını dəyişirlər. Yeni qapıçı topu əlinə götürür.

Hakim nə etməlidir?

Oyuna davam. Lap küçədə olduğu kimi, qapıçı dəyişdirilir. Lakin növbəti dəfə oyun dayananda, hər iki futbolçuya forma dəyişməsinə görə sarı vərəqə göstərilir.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

16-cı dərc

 

Araya bir sükut çökdü.

Mən uşaqlardan eşitdiklərimi təhlil edərək aldığım bu informasiya sayəsində artıq yeni, çox güman ki, son fazasına daxil olan araşdırmamda növbəti gedişlərimi fikirləşərkən, uşaqlar susub daha hansı sualları verəcəyimi gözləyirdilər.

-Daha iki sualım olacaq. Deyin görüm, uzun müddətdir ki, məşğələyə gəlirsiniz. Heç bu müddətdə Tahir müəllimin yanına kiminsə gəldiyini görmüsünüzmü, qohum ya qonşu? Bu birinci sual. İkinci sualımsa belədir. Fasilə vaxtı söhbət edərkən bir- birinizi adınızla çağırırdınızmı?

-Heç vaxt heç kimi görməmişik. Adımızısa hə, çəkmişik, dəqiq yadımdadır, -Tərlan hər ikisinin yerinə cavab verdi.

Hər iki uşağın əlini sıxıb təşəkkürümü bildirdim.

-Niyə təşəkkür edirsiniz, Bəxtiyar müəllim, biz neylədik ki? -Ləman dedi.

-Sonra bilərsiniz, uşaqlar, indi isə haydı dərsə davam. Yoxsa idman müəllimi hirslənib sizi də, məni də döyər. Baxın necə əzələləri var.

Uşaqlar gülüşdülər.

Uşaqlarla evdə sağollaşıb iş otağına keçən Tahir müəllimin həyətə çıxmamasını onun dediklərindən dəqiqləşdirmişdim.

Yaxşı, bəs Babaxanın qoyduğu dolabı aparması barədə ən azı qardaşını məlumatlandırması lazım deyildimi? Bəlkə tələsirmiş və ya onun özünün səsə çıxacağını düşünərək deməmişdi, Tahir müəllim həmin vaxt arxa otaqda olduğundan həyətdəki səsləri eşitməmiş, Babaxan isə sonradan zəng vuraraq və ya növbəti gəlişində deyəcəyini düşünərək getmişdir. Bu mümkündür.

Bəs əksinə imişsə, Babaxan dolabı apardığını qardaşının görməsini istəməyibsə?

Yenə də suallar, suallar… Tələsməliydim.

Tahir müəllmdən götürdüyüm əlaqə nömrəsini yığdım.

-Salam, Tahir müəllim. Sizi Bəxtiyar Nəzərli narahat edir.

-Salam Bəxtiyar müəllim. Yəqin nəsə bir xəbər var ki, yığmısınız. Ümidvaram ki, yaxşı xəbərdir.

-İnşallah olacaq. İndi isə bir şeyi sizinlə dəqiqləşdirmək istəyirdim. Uşaqlarla son söhbətim zamanı həyətinizdə paltar dolabı olduğunu, sonradan isə dolabı kiminsə apardığını dedilər.

Tahir müəllimə son məlumatı Zabitədən aldığımı deməyim vacib deyildi. Çətin ki, o özü də dolab aparılandan sonra uşaqların məşğələyə gəlmədiklərinin fərqinə varaydı.

-Dolabı ora qardaşım qoyub. Bir tanışının evi söküntüyə düşüb. Əşyalarını dəyər-dəyməzinə satırmış, Babaxan da bu dolabı alıb. Tanışının evi yaxın olduğu üçün dolabı müvəqqəti olaraq bura qoyub. Apardığınısa, nədənsə mənə deməyib. Heç mən də fikir verməmişəm.

-Nə əcəb sonradan zəng-zad da eləyib deməyib?

-Əşşi onun xasiyyəti belədir. Elə uşaq vaxtı da beləydi. Öyrəşmişik onun bu xasiyyətinə. Yəqin nə vaxtsa gələndə deyəcək. O dolab olmasaydı son dörd ayda onu cəmi bircə dəfə görmüşdüm. O da, yaxın qohumumuzun yasında. Həm də tez- tez Rusiyaya gedib-gəlir. Ona görə bir şəhərdə yaşasaq da, çox az-az görüşürük.

-Bəs bağı varmı,  birdən bağ qonşusu olarıq qardaşınızla?

Bağım olmasa da, Tahir müəllimə bu yalanı uydurmağa məcbur idim.

-Açığı, gediş-gəlişimiz yoxdu deyə maraqlanmamışam. Memuar yazmağım çox vaxtımı apardığından, son illər də səhhətim imkan vermədiyindən evdən çölə az çıxıram, qohum-əqrəbadan da heç kimə baş çəkmirəm. Babaxansa ya bizə gəlmir, ya da ayda-ildə bir dəfə gələndə beş-on dəqiqə ayaqüstü söhbət edib gedir. Ona görə heç nə deyə bilmərəm.

Tahir müəllim azacıq düşünüb belə bir əlavə də etdi:

-Ancaq yasda olarkən oradkılardan biri Babaxanla görüşəndə, dedi ki, səni tez-tez Zabrat qəsəbəsi tərəfdə görürəm. Bəlkə oralarda, şəhər kənarında ev alıb, deyə bilmərəm.

Deməli Zabrat qəsəbəsi.

Müəllimdən lazım olanları öyrəndim. Bir şeydən başqa. Elə bir şey ki, bunu ondan soruşa bilməzdim. Özüm yerində dəqiqləşdirməliydim. O bilmədən.

Maraqlı idi. Bu cinayətin izi ilə haralara gedib çıxsam da, yenidən hadisələr məni bu saf insanla danışmağa, ya da onun həyətinə qayıtmağa vadar edirdi.

Məktəbin qarşısında saxladığım maşına əyləşəndə yol polisi tərəfindən şüşəsilənə taxılmış cərimə talonunu görüb gülümsədim. Hər şey düzdür. Bura təhsil ocağının qarşısıdır, parkinq deyil. Talonu götürüb maşına əyləşdim və Tahir müəllimin evinə üz tutdum.

Yolda Layiqədən zəng gəldi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Tam zamanında zəng vurmusan.

Layiqənin ona belə müraciət etməyimi xoşladığını bilirdim.

-İcazə verin məruzə edim.

-Başla.

-Hazırda kapitan Qasımlının yanındayam. Dediyiniz tarixdə və saatda elə bir yük maşını ətrafdakı heç bir kameranın görüntüsündə müşahidə olunmur.

 Bu yaxşı xəbər deyildi. Layiqənin əhvalı isə dediklərinin əksindən xəbər verirdi. Ona görə də, susub onun daha nə deyəcəyini gözlədim.

-Mənsə bununla kifayətlənmədim. Görüntüləri ardıcıllıqla izləməyi Rəşad müəllimdən xahiş etdim və elə növbəti günün görüntülərində oxşar əlamətləri olan yük maşınının səhər saat 10 radələrində “Kubinka” ərazisindən çıxdığını, Bakıxanov küçəsini kəsərək Cəlil Məmmədquluzadə küçəsinə tərəf getdiyini aşkar etdik.

-Afərin.

-Görüntünü yaxınlaşdıraraq maşının dövlət nömrə nişanını müəyyən etdik. Hazırda Rəşad müəllim sürücüsünün şəxsiyyətini və ünvanını dəqiqləşdirir.

-Bütün bunlara görə sağ ol. İndi sənə bir şey deyəcəyəm. Bizi maraqlandıran tarixdən düz iki gün əvvələ, saat 20 radələrinə də bax. Böyük ehtimalla həmin maşını yenə də gələn görməyəcəksən, ancaq ərazini tərk etməsini görəcəksən. Telefonu isə kapitan Qasımlıya ver.

-Salam, Bəxtiyar müəllim.

-Salam Rəşad müəllim. Nə yenilik var?

-Nərmin itən günü tanışım vasitəsi ilə ona gələn zəngləri yoxlatdırmışdım. İndi mobil operatorun sorğumuza cavabı əsasında Nərminin telefonuna son günlər gəlmiş zəngləri də təhlil etdim. Heç bir nəticə vermədi. Adi zənglərdir. Sürücünün ünvanı bilinən kimi əməliyyat qrupunu ardınca göndərəcəyəm.

-Yaxşı. Ancaq indi o sürücüdən vacib bizə lazım olan bir fiqurant peyda olub. İsmiyev Babaxan Səfixan oğlu. Bu ikimizin də tanıdığı Tahir müəllimin qardaşıdır. Yük maşının sürücüsü ilə yanaşı onun da ünvanını müəyyənləşdirib təcili saxlanılmasını təmin edin. Bu adama çoxlu suallarım olacaq.

-Baş üstə, Bəxtiyar müəllim. Başqa?

-Bu gecə mənə köməyiniz lazım olacaq.

-Mən hazır.

Bir qədər fasilə verdim.

-Bir də bir xahişim olacaq.

-Əlbəttə, buyurun.

-Hələ ki, Tahir müəllim heç nə bilməsin. Qardaşının tapılması üçün ona müraciət etməyin. Ünvanını başqa üsullarla müəyyən edin.

İndi də Rəşad susdu. Amma bu, çox çəkmədi:

-Başa düşürəm. Hər şey siz dediyiniz kimi olacaq.

Telefonda Layiqənin uzaqdan gələn sevincli səsi qulağıma dəydi, -Tapdım, tapdım!

 Ardınca Qasımlıdan telefon aparatını alan Layiqə -Bəxtiyar müəllim, tapdım, axşam saat 9-a işləmiş bu ərazidən çıxır, -dedi. -Cızıqlarından, bəzi başqa əlamətlərindən də görünür ki, hər iki halda ərazidən çıxan eyni yük maşınıdır. Ancaq Siz haradan bilirdiniz ki, iki gün əvvəl də axtardığımız maşın orada olub?

-Sonra bilərsən, -Layiqəyə də Ləmana verdiyim cavabı verdim. Layiqə o qədər əmin idi ki, bu dəfə maşının dövlət nömrə nişanlarına təkrarən baxmağı belə lazım bilməmişdi.

-Sən ofisə qayıt və dincəl. Rəşad isə axtardığımız adamları tapandan sonra mənimlə əlaqə saxlasın.

Artıq günortanı keçmişdi. Maşını Tahir müəllimin evinə bir tin qalmış saxlayıb düşdüm. İndi əsas məsələ müəllimdən çox Zabitə ilə üz-üzə gəlməmək idi.

Bu arvad yadıma düşəndə qeyri-ixtiyari dodağım qaçdı. Yəqin ki, indi Zabitə “cüvəllağı” adlandırdığı Tərlanı hər məşğələyə gələndə ciddi-cəhdlə güdərək onda bir səhv tapmağa və növbəti gəlişimdə etimadımı qazanmaq üçün bu barədə mənə məlumat verməyə çalışacaqdı. Çünki belə insanların psixologiyasına bələd olan biri kimi tamamilə əmin idim ki, onunla söhbətimizdən sonra yalnız bir istiqamətdə işləyən beyni bu yolla məndən əldə edəcəyi qazancını əlli manatdan yüz manata qədər qaldıra biləcəyi barədə ona fasiləsiz siqnallar ötürməyə başlamışdı. Hər şey bir yana, deyəsən, yazıq uşağı da işə salmışdım. Yaxşı ki, qəbul imtahanlarına az qalıb.

Uzaqdan boş küçəni müşahidə etdim. Məllimin də, Zabitənin də küçə qapıları bağlı idi. Sürətlə dayandığım yer ilə müəllimin qapısı arasında olan məsafəni qət etdim və qapını itələyib həyətə keçdim.

Gözlədiyim kimi həyət boş idi. Yəqin müəllim yenə də arxa otaqda, memuarları üzərində işləyirdi. Əslində Tahir müəllimlə rastlaşacağımın heç bir qorxusu yox idi. Uzaqbaşı ona bir-iki əhəmiyyətsiz sual verib, şübhələrimin doğrulması üçün həyətdə mənə lazım olan yeri ötəri gözdən keçirməyim də kifayət edərdi. Ancaq bütün işlərim kimi bunu da ötəri etmək istəmirdim.

Yavaşca irəli keçib qızılgül kollarının yanında, uşaqların durub söhbət etdikləri yerdə dayanıb ayaqyolu tərəfə baxdım. Sonra ayaqyoluna girdim və qapını arxadan bağladım.

Lazım olan şeyləri öyrənmək üçün mənə üçcə dəqiqə bəs etdi. Gəldiyim kimi də sakitcə həyətdən çıxıb maşına tərəf getdim…

 

* * *

Şişman ehtirasdan elə uçunurdu ki, otağın qapısını arxasınca örtməyi da unudub qıza tərəf addımladı. Titrəyən əlləri ilə laqeyd baxışlarla ona baxan qızın qolundan tutub çarpayıya uzatdı. Qız heç nə ifadə etməyən baxışlarla tavana baxır, müqavimət göstərmirdi. Heyvanlara xas instinklə qarşısındakı qurbanın ondan zəif olduğunu hiss etməsi şişmanın olan-qalan ağlını da başından aldı. Daha dayanmağa taqəti qalmamışdı. Ayağa qalxıb şalvarının kəmərini açmağa başladı…

 

* * *

Yolüstü yüngul bir qəlyanaltı alıb ofisə gəldim. Yəqin Layiqə də ac idi. Birlikdə yemək yeyib polis bölməsində baş verənləri üzbəüz özündən eşitmək istəyirdim.

Ofisə girəndə Layiqəni oturduğu yerdə mürgüləyən gördüm. Qapının səsinə ayılan Layiqə cəld ayağa qalxıb salam verdi. Əlimdəki torbanı ona uzadıb dedim:

-Bir-bir.

Hələ yuxusu qaçmayan köməkçim key-key torbaya baxıb sonra onu məndən aldı. Yəqin fikirləşirdi ki, torbanın içindəki “bir-bir” adlandırdığım şey görəsən nə ola bilər.

-Şef, bir-bir nədir və bu torbanı neyləyim?

-Torbanı aç və içindəkilərdən bir qəlyanaltı hazırla. Bir-bir isə o deməkdir ki, bu gün səhər sən məni yuxudan oyatmışdın, indi mən səni oyatdım. Hesab bərabərləşdi.

Layiqə başını yelləyib mətbəxə keçdi. Hiss olunurdu ki, hələ ayıla bilməyib.

Bir azdan mətbəxdən səsi gəldi:

-Yemək hazırdır, Bəxtiyar müəllim.

Mətbəxə keçib süfrəyə əyləşdim.

-Sən yeməyəcəksən?

-Mən yemişəm, siz nuş edin. Kapitan Qasımlı nahar etməmiş məni buraxmadı.

-Mən də onun yerinə olsam buraxmazdım da, -deyib güldüm.

-Yaman da, -deyib Layiqə əda ilə çiyinlərini atdı və dönərək mətbəxdən çıxdı.

Ən yaxşısı bu qızı belə mövzuda dindirməmək idi. Yoxsa əlinə ilk fürsət düşən kimi yenə də atmacasını atdı. Gülünün qulaqlarından iraq.

Telefonu götürüb Gülünü yığdım.

-Neynirsən? -Gülü ilə heç vaxt salamlaşmaz, elə birbaşa söhbətə keçərdik. Ümumiyyətlə aramızda qəribə danışıq tərzi formalaşmışdı.

-Evdəyəm, sən?

-İndi ofisdəyəm, ancaq bir azdan heç yerdə olmayacağam.

-Nə vaxtacan?

-Fikirləşirəm ki, gecəyə, ya da sabah səhərə qədər.

-Yenə pendirlə pomidor-xiyar?

-Bu dəfə bibər də almışam.

Zarafatım Gülüyə sirayət etmədi. Sabah səhərə qədər məni axtarmaması barədə etdiyim xəbərdarlıq, nə qədər möhkəm qadın olsa da, onun rahatlığını növbəti dəfə əlindən almışdı.

Danışığımdan vaxtımın məhdud olduğunu bilən Gülü, - Gözləyəcəyəm, -dedi.

-Gələcəyəm, -deyib xətti kəsdim.

“Gələcəyəm” deməyim Gülüdən çox özümə aid idi. Əvvəllər polis sıralarında çalışarkən iştirak etdiyim əməliyyatlarda bir o qədər də ağına-bozuna baxmaz, yarana biləcək təhlükələrdən o qədər də qorunmazdım. Elə buna görə də, növbəti əməliyyatlardan birində sağ qolumdan güllə yarası almışdım. Güllə qol sümüyümü zədələdiyi üçün uzun müddət müalicə olunmuşdum. Söhbətimin əvvəlində sizə deməsəm də, çox bağlı olduğum polis sıralarından vaxtından tez getməyimin səbəbi yaralanmağım olmuşdu. Hərdən qolumda baş qaldıran dözülməz ağrılara görə. Yaxşı ki, hərdən…

Gülü həyatıma daxil olduqdan sonrakı illərdə, hər bir əməliyyatdan qabaq ona “gələcəyəm” deməklə söz verir, əməliyyat zamanı isə ona verdiyim sözü tutmaq üçün son dərəcə ehtiyatlı olmağa özümü məcbur edirdim.

Neçə illər sonra tapdığı xoşbəxtliyini itirməsinə yol verə bilməzdim. Elə özümün də…

Rəşad Qasımlı zəng edənədək gözləməli idim. Bu iki nəfərin, sürücü ilə Babaxanın söylədikləri ilə bəlkə də artıq bu cinayət açılacaq, Nərminin yeri bilinəcəkdi.

Layiqəni dinləmək üçün mətbəxdən çıxıb ofisdəki masamın arxasına keçdim.

Ancaq kresloma əyləşən kimi Rəşaddan gələn zəng buna mane oldu.

-Sürücünü saxlamışıq.

-Bəs Babaxandan nə xəbər var?

-Burada hər şey bir az qəlizdir. Ünvanını müəyyən edən kimi evinə yollandıq. Həyat yoldaşı harada olduğu barədə məlumatsızdır. Tez-tez evdə gecələmədiyini bildirdi, verdiyi mobil nömrəsinə də zəng çatmır. İşlətdiyi mobil telefon ümumiyyətlə şəbəkədən ayrıldığı üçün koordinatlarını müəyyən etməkdə mobil operator bizə heç bir köməklik edə bilmədi. Görünür, telefonu söndürdükdən sonra söküb cərəyan mənbəyini ayırıb. “Bəlkə bağ evləri var, orada olar” deyə soruşdum, “bu gördüyünüz evimizdən başqa heç bir mülkümüz yoxdur”, dedi yoldaşı. Ola biləcəyi bütün yerlərə əməkdaşları göndərmişəm. Bir əməkdaş da evinə yaxın yerdə pusquda durub. Dövlət Yol Polisi İdarəsinə avtomaşınının saxlanılması barədə təlimatlandırma ötürmüşəm. Axtarırıq, ancaq hələ ki, nəticə yoxdur. Sürücünü isə dindirmişəm.

Rəşadla danışdığımı eşidən Layiqə mətbəxə qayıtdı. Oturmasına işarə verib Rəşadla söhbətimə davam etdim.

-Çox gözəl. İstəyirsiniz sürücünün dediklərini sizə danışım.

-Maraqlı olar, -Rəşad təəccüblə dedi.

- Bəri başdan deyim ki, yük maşının sürücüsü hadisələrdən kənardadır. Bildiyi də çox az şey var. Ola bilsin ki, Babaxanı tanıyır. Ancaq ötəri. Nərmin itməmişdən iki gün əvvəl Babaxan qardaşı Tahir müəllimin həyətində qoyduğu dolabı aparmaq üçün onunla qardaşı evinə gəlib. Gözləməsini söyləyərək həyətə girib. Ancaq bir azdan qayıdıb dolabı iki gün sonra  aparacağını bildirərək onu yola salıb. İki gün sonra isə həmin yerdə axşam saat 8-də görüşüblər. Ona maşında gözləməsini tapşırıb. Bundan az keçmiş üst-başından cin hürkən bir sərxoş sərgərdan sürücüyə yaxınlaşıb onu söhbətə tutub. Sürücü onu başından etməyə çalışarkən Babaxan yaxınlaşaraq həmin avaranı köməyə çağırıb və onlar həyətə keçiblər. Sürücü isə yük yerinin arxasını açıb gözləyib. Dolabı qoyduqdan sonra Babaxan kabinəyə, qonşunun uşağının dama düşmüş topunu götürməyə gedən həmin avara isə qayıdaraq yük yerinə minib və sürüb gediblər. Ancaq çox uzağa yox. Maşın elə “Kubinka”dakı həyətlərdən birinə girib və dolabı düşürdükdən sonra ya o həyətdə, ya da başqa bir yerdə qalıb.

-Düzdür, -Qasımlı daha artıq təəccüblə dedi.

-İndi əlavələrini elə, -dedim.


Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” sərlövhəli məqaləsini diqqətinizə çatdırır.

 

 

Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin bünövrəsini təşkil edən azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş problemləri bütövlükdə Heydər Əliyevin fəaliyyəti ilə elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə – strateji dövlət siyasətinə keçmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən Bakıda ədəbiyyat və incəsənət günləri ilə yanaşı, yazıçıların və bəstəkarların yubiley təntənələri müntəzəm keçirilmiş, Azərbaycanın qüdrətli yazıçı və sənətkarlarının, o cümlədən Nizaminin 840 illiyi (1981), Nəsiminin 600 illiyi (1973), Tusinin 780 illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), M.S. Ordubadinin 100 illiyi (1972), eləcə də başqa ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri və Azərbaycan teatrının 100 illiyi (1974) qeyd olunmuş, Nəsiminin UNESKO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600 illiyi böyük ədəbi-mədəni hadisəyə çevrilmişdi.

Heydər Əliyev 1970-80-ci illər Azərbaycanında mədəniyyət və incəsənətlə bağlı bütün mühüm qərarların əsas müəllifi və ilhamvericisi idi. Bu qərarlar milli özünüdərkin yüksəlişini təmin edərək xalqın tarixi yaddaşının özünə qaytarılması və qəlbində uzun illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin təşkil etmişdir. Heydər Əliyevin siyasi repressiyalara məruz qalmış böyük mütəfəkkir-şair Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən vətənə gətirilməsini təmin etməsi milli oyanışın parlaq təzahürü olmuş, bu istiqamətdə atılan addımlar Azərbaycanda müstəqillik arzuları və milli azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin 1969-82-ci illəri əhatə edən birinci mərhələsində – sovet ideologiyasının uzun zamandan bəri qəlibləri çərçivəsində olsa belə – milli ruhun tamamən sıxışdırılmasına nəinki imkan verməmiş, əksinə, onu yüksəltmək naminə mövcud imkanlardan maksimum istifadə etməyi bacarmışdır ki, nəticədə Azərbaycan öz yeni intibahını – mədəniyyətin, ədəbiyyatın və incəsənətin bütün sahələrində çiçəklənmə dövrünü yaşamışdır. Məhz həmin illərdə respublikanın siyasi və mədəni həyatında müasir Azərbaycan memarlığının həqiqi əsərinə çevrilən, mühüm əhəmiyyətli bir sıra memarlıq ansamblları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev çox sayda memarlıq abidələrinin bərpasının da bilavasitə təşəbbüsçüsü olmuşdur.

Heydər Əliyev Azərbaycanın xarici aləmlə, keçmiş SSRİ-nin xarici siyasəti çərçivəsində olsa belə, elmi-texniki və mədəni əlaqələrinin genişləndirilməsi üçün maksimum səylər göstərmişdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edildiyi kimi, keçmiş SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, həmçinin digər xarici ölkələrdə Azərbaycan yazıçılarının və bəstəkarlarının SSRİ-nin böyük şəhərlərində yubileyləri təntənə ilə qeyd olunmuşdur ki, bunlar da nəticə etibarilə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaratmış, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənəsi olan xalq kimi tanınmalarını, Bakının isə həmin dövrdə tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin etmişdir. Kremlin milli mədəniyyət nümayəndələrinə münasibətdə yol verdiyi çox az sayda istisnadan biri – Azərbaycan ədəbiyyatı və incəsənətinin yeddi nümayəndəsinə bir neçə il ərzində keçmiş SSRİ-nin ali təltifi sayılan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi də məhz Heydər Əliyevin böyük nüfuzu və qətiyyəti sayəsində mümkün olmuşdur.

Milli mədəniyyət klassiklərinin geniş miqyasda, beynəlxalq aləmdə tanıdılmalarında, onların ehtiramla yad olunmalarında müstəsna rol oynayan Heydər Əliyevə görə, “tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir... Digər tərəfdən, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. Bu baxımdan Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində tarixin yetirdiyi böyük şəxsiyyətlərin abidəyə çevrilməsi milli-mənəvi duyğuların güclənməsinə son dərəcə müsbət təsir göstərmişdir. Heydər Əliyevin birbaşa qayğısı sayəsində Bakının ən görkəmli yerlərində Azərbaycan xalqının milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmışdır.

Azərbaycan xalqının, həmçinin başqa xalqların mənəvi dəyərlərinə hörmətlə yanaşan Heydər Əliyevin bütün siyasi fəaliyyəti boyu daim yeni nümunələrlə zənginləşən ensiklopedist qənaətlərində ədəbiyyat və incəsənətlə bağlı fikir və mülahizələr xüsusi yer tutur. Heydər Əliyev müxtəlif illərdə ədəbiyyatla, incəsənətlə, ümumən mədəniyyətlə bağlı parlaq fikir və mülahizələr söyləmişdir. Rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublikanın yaradıcı ziyalılarının mötəbər məclislərinin, o cümlədən yazıçıların bütün qurultaylarının iştirakçısı olmuş, yüksək elmi-nəzəri səviyyəli çıxışları və ədəbi prosesə dair bir-birindən maraqlı təhlilləri ilə yaddaşlarda dərin izlər qoymuşdur.

Azərbaycan ədəbiyyatı və incəsənətinin bütün dövrləri, bütün şəxsiyyət və hadisələri Heydər Əliyev üçün eyni dərəcədə doğma və yaxın idi. O, xüsusən klassik ədəbi-mədəni irsə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşmışdır. Heydər Əliyevin fikrincə, “xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideyalarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur”. Yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandıran Heydər Əliyev qələm sahiblərinin yüksək məsuliyyətindən söz açarkən qeyd etmişdir ki, hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır.  

Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətini yaradan, onun çoxəsrlik tarixini bəzəyən görkəmli şəxsiyyətlər xalqa və insanlığa xidmətlərinin qiymətini Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə almışlar. Məhz bu dövrdə onlar bütün dünyaya Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin yetirmələri kimi daha geniş miqyasda təqdim olunaraq, sözün həqiqi mənasında, ikinci həyat qazanmış, dünya miqyasında Azərbaycan xalqının mənəviyyat və mədəniyyət pasportuna çevrilmişlər. Müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin həm yaşlı, həm gənc nəslinin nümayəndələri isə Heydər Əliyevin şəxsində milli mədəniyyətin ən yaxın dostunu, təəssübkeşini görmüşlər. Azərbaycan ədəbiyyatı və mədəniyyəti klassiklərinin ittifaq miqyasında yubileylərinin keçirilməsi, milli mədəniyyətin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi-mədəni abidələrin planlı tədqiqi və nəşri bütövlükdə Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin ideya təməlində dayanan uzaqgörən siyasətinin əməli nəticələridir.

Hələ 1970-ci illərin əvvəllərindən etibarən milli mədəniyyətlə bağlı söylədiyi çoxsaylı mülahizələr, irəli sürdüyü fikir və ideyalar onun Azərbaycan tarixinə və mədəniyyətinə daim böyük nikbinliklə yanaşdığını, burada həmişə işıqlı simalar və tərəqqi elementləri gördüyünü sübuta yetirir.

Azərbaycanın böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin zəngin irsinin azərbaycançılıq fəlsəfəsi baxımından yenidən öyrənilməsi və təbliği müstəqillik dövründə ön plana çəkilmişdi. Prezident Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla ədəbiyyat və incəsənət sahəsində yubileylərin davamlı qeyd olunması ölkənin mədəni inkişafı istiqamətində aparılan ardıcıl siyasətin aydın təzahürləridir. Azərbaycan tarixinin böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin yubileylərinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı tədbirlər məhz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla həyata keçirilmişdir. Heydər Əliyevin müvafiq fərmanları ilə dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin 500 illiyinin Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, Bülbülün 100 illiyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illiyinin Moskvada, türk xalqlarının böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin Parisdə – UNESKO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmışdır. Ölkə daxilində təkcə 2000-ci il ərzində neçə-neçə yubiley və dövlət əhəmiyyətli mədəni tədbir keçirilmişdir.

Heydər Əliyev ədəbiyyatın, filologiyanın inkişafına diqqəti artırmaq məqsədilə 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etmiş, həmin ilin iyun ayında “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, 1997-ci ilin noyabrında isə “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərmanlar imzalamışdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilərək elm, mədəniyyət, incəsənət və digər sahələrdə xidməti olanlar üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, habelə gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlər və s. təyin edilmişdir.

Fəlsəfənin və incəsənətin, tarixin və ədəbiyyatın gözəl bilicisi olmaqla yanaşı, elmin və mədəniyyətin həqiqi himayəçisi olan Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və iştirakı ilə çox sayda ədəbiyyat, incəsənət və elm xadiminin fəaliyyəti yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görülmüşdür.

Azərbaycanın intellektual potensialının bünövrəsində milli ədəbiyyatı və mədəniyyəti görən Heydər Əliyevdən ötrü bu milli-mənəvi sərvət eyni zamanda müstəqil dövlətçilik məfkurəsinin ideya-mənəvi əsasını təşkil edirdi. Çıxışlarının birində Heydər Əliyev qeyd etmişdi: “İnsanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur... Bizim ədəbiyyatımız, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndirmişdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə, bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil... Ancaq indi bunları toplayıb, sistemləşdirib formalaşdırmaq üçün bizim böyük sərvətimiz var. O sərvət də bizim mədəniyyətimizdə olan çox dəyərli fikirlər, sözlərdir”.

Heydər Əliyev deyirdi: “Azərbaycanda yazıçı, sənətkar daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil... Biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları dünyaya geniş çatdırmaq istəyərkən birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik... Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük... Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar”.

Azərbaycan dili məsələsinə həmişə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev müstəqillik dövründə onun dövlət dili kimi inkişaf etdirilməsini və tətbiq dairəsinin genişləndirilməsini azərbaycançılıq məsələsi səviyyəsinə qaldırmışdır. O özünün müxtəlif məruzə və nitqlərində, müsahibə və söhbətlərində gənc, müstəqil Azərbaycan Respublikasının milli ideologiyasını yaratmağın zəruriliyi barədə danışmışdır. Heydər Əliyevin fikrincə, bu ideologiya ilk növbədə Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətlərə əsaslanmalı, xalqın mədəniyyətini və mənəviyyatını, dini, etik və estetik dəyərlərini, keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirməlidir. Heydər Əliyev Azərbaycanın klassik sənətkarlarının yaradıcılığını milli ideologiyanın bünövrəsi hesab etmiş və yeni dövlət quruculuğunda, xüsusən mədəni quruculuqda onların irsindən istifadəni zəruri saymışdır.

Ulu öndər klassik sənətkarların yaradıcılığında keçmişlə bu günü birləşdirən xüsusiyyətləri böyük ustalıqla müşahidə etmişdir ki, bu da ilk növbədə onun klassik ədəbi irsə dərin bələdliyindən və güclü müasirlik duyğusundan irəli gəlir. Azərbaycan mədəniyyətinin bütün klassikləri Heydər Əliyevdən ötrü ilk növbədə məhz Vətənə, torpağa bağlılıqları, milli azadlıq və müstəqillik ideallarına sonsuz sədaqətləri ilə qiymətli və əzizdir. Bütün bunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ümumən sənətə və sənətkara münasibətini özündə parlaq əks etdirir.

Heydər Əliyev zəngin milli mənəvi irsin qorunub saxlanılması və inkişafında, görkəmli mədəniyyət xadimlərimizin yaradıcılığının geniş təbliğində, böyüməkdə olan nəsillərin Azərbaycan klassiklərinin ən yaxşı ənənələri ruhunda tərbiyə olunmasında mühüm rol oynayan mədəni mərkəzlər kimi ev-muzeylərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə görkəmli tarixi şəxsiyyətlərin hər birinin ayrılıqda mədəniyyət mərkəzinə çevrilən xatirə ev-muzeylərinin yaradılması ənənə halını almışdır.

“Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm” – söyləyən Heydər Əliyev Azərbaycan ədəbiyyatı və incəsənətinin, bütövlükdə milli mədəniyyətin hər bir sahəsində proqram dəyişikliklərin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Azərbaycanın XX əsrin 70-ci illərindən bəri mədəni həyatının bütün sahələr üzrə dirçəlişi bu mənada Heydər Əliyevin adı ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.