ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

BƏDXƏRCLİKLƏ QƏNAƏTCİLLİK BARƏDƏ

Müəllifin həyatından gətirdiyi bu fakt isə insan büdcəsinin durumunu müəyyənləşdirən bədxərcliklə qənaətçillik barədədir. O yazır:

«Mən xatırlayıram ki, treyder kimi çalışdığım gənclik illərində – 20-25 yaşım olan vaxtlarda pullar çox asan qazanılırdı. Mən taksidə gəzməyi sevirdim və sürücüyə bəzən bəxşiş (çayevoy) olaraq yüz dollar verirdim. Yalnız onun xatirinə ki, o, hədsiz dərəcədə təəccüblənsin. Bu, adi bir gedonistik təcrübə idi: insanı 100 dollar kimi mənasız, boş bir şeylə bütün günü xoşbəxt etmək. Amma zaman keçdikcə mən bu dəcəlliyimi dayandırdım. Biz hamımız varidatımız artdıqca və pula daha ciddi münasibət bəslədikcə xəsis, qənaətçil oluruq».

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yekunlaşsa da, festivalda baş tutmuş tədbirlər barədə sizləri məlumatlandırmağı davam edirik. Festival çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib. 

 

Öncə Fondun nümayəndəsi, şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi–mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. Fondun Türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn tədbir iştirakçılarına Nizami Gəncəvi, Əlişir Nəvai, Abay, Ömər Seyfəddin, Çingiz Aytmatov və Türk dünyasının digər görkəmli söz ustalarının əsərlərinin təşkilat tərəfindən nəşr olunması, eləcə də “Manas” dastanı ilə bağlı tədqiqatların aparılması barədə məlumat verib. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Türk dünyasının qüdrətli qələm sahiblərinin ədəbi irsinin tanıdılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, eyni zamanda Türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi haqqında Fondun keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirib.

Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və İnstitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndirdiklərini qeyd ediblər. 

Daha sonra tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.

Sonda görkəmli şair haqqında olan kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş ,can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya, bir gözüm Göyçə.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı gənc yazar Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.


Kamran Murquzovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitabın redaktoru Azərbayca Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının məsul katibi Şəfa Eyvaz, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

 

İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr nümunələrinin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.


Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə müəllifi həmyaşıdlarından köklü şəkildə fərqləndirir.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat cameəsi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)


Türkiyənin Antalya şəhərində moda dünyasının əlamətdar hadisələrindən biri sayca 6-cı “Antalya Moda Həftəsi” keçirilib. Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə Antalyada Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpurun təqdimatı baş tutub. 

 

Bu barədə AzərTAC-a Şərvin Nəcəfpur bildirib.

Qeyd edilib ki, bu məqsədlə “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb.

Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edib. Antalya MiGROS AVM-də təşkil olunan özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da olub. Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyıb.

Beynəlxalq səviyyəli Antalya Moda Həftəsi Antalya Böyükşəhər və Antalya Muratpaşa Bələdiyyələri, Batı Akdeniz İhracatçılar Birliyi, Hotel SU, Antalya MiGROS, Radisson mehmanxanalar şəbəkəsi və digər böyük şirkətlərin dəstəyi ilə həyata keçirilib.

Antalya moda günlərində yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

 

AzərTAC xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

AzərTAC xəbərinə onu da əlavə edək ki, görüş barədə Türkiyənin birinci xanımı özünün “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xanımı, dostum Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. UNESCO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, - deyə Türkiyə liderinin xanımı yazıb. 

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Çərşənbə axşamı, 13 İyun 2023 20:31

Mədəniyyət naziri Oqtay Mirqasımovla görüşüb

Mədəniyyət naziri Adil Kərimli iyunun 13-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələri xatırladıb. Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib, özünəməxsus ideya-estetik meyarlarla bu sahənin tərəqqisinə yeni çalarlar bəxş edib. 

Qeyd olunub ki, Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə Oqtay Mirqasımovun daha öncə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı tərəfindən ona təqdim edilməsi Xalq artistinin zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.

Adil Kərimli Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayıb. 

Xalq artisti Oqtay Mirqasımov əməyinə göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Çərşənbə axşamı, 13 İyun 2023 18:00

Sabah Abşeron yarımadasında 36 dərəcə isti olacaq

 

Azərbaycanda iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən səhər saatlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı bildirilir. 

Bütün havalarda sizlərə xoş ovqat arzusu ilə!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında bu dəfə sizlərə gənc şair İntiqam Yaşarın “Əllərin üşüdükcə” adlı şeirini təqdim edir. 

İndi sevgi şeirləri yenidən dəbə minib. Yenə sevənlər bir-birinə sevgi bəndləri yazıb göndərirlər. Nə fərqi var ki, kağız məktub olsun, ya elektron. 

Və razılaşaq ki, bu gün “Əllərin üşüdükcə, Şəkillərimi yandır” zirvəsinə ucalmış sevgi varsa, nə xoş halımıza. 

 

Əllərin üşüdükcə

Şəkillərimi yandır.

Bu dünyada hər şeyin,

axırda yanmağına

həm özünü inandır,

həm də məni inandır.

 

Son deyilən nə var ki,

bu da bir imtahandır.

Bu dünyada əzəldən,

həqiqət adlı nə var,

sən də bildin yalandır,

mən də bildim yalandır.

 

Xatırlamaq da olmur,

xatırlama, amandı...

Gizlədiləsi nə var,

Həm də ki xatırlamaq.

bir az sənə ziyandır,

bir az mənə ziyandır.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb.

 

Sərginin keçirilməsində məqsəd rəssamlığa olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.

Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri, portretləri, dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmləri nümayiş olunub. 

Dəvət olunan qonaqlar gənc rəssamların əl işlərini yüksək qiymətləndirərək, bu cür sərgilərin uşaqların istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılq uğurları arzulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.