Mina Rəşid,
“Ədəbiyyat və incəsənət”
Polis serjantı Rasim Oqtay oğlu Məmmədov 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhadətə ucalıb. Bu günlərdə şəhidimizin anası Xuraman müəllimə ilə Şuşa Musiqili Dram Teatrında görüşdük. “7 ruh: Cənnətə” adlı tamaşada onun övladı Rasim Məmmədovun da obrazı gənc aktyorlar tərəfindən canlandırılmışdı...
Tamaşa olduqca təsirli idi. Bir ananın öz şəhid övladının obrazına tamaşa etməsi isə olduqca ağırdı... Amma Xuraman müəllimə kimi şəhid analarının belə çətin anlarda da təmkini, duruşu qarşısında ancaq baş əymək olar. Doğru deyirlər ki, qəhrəman oğulların anaları da elə qəhrəmandırlar...
Tamaşadan sonra Xuraman müəllimə ilə onun şəhid övladı Rasimlə bağlı söhbət etdik. Şəhid anası deyir ki, övlad həmişə anasının qəhrəmanı olur, müharibədən kənarda olsa belə: “Rasim mənim gülən üzüm, 7 oğul əvəzi kimi bir övladımdır. O həmişə mənim qəhrəmanım olub. Orta məktbdə oxuduğu illərdə hələ onunla bağlı xoşagəlməz bir söz eşitmədim. Çox zəhmətkeş insan idi, polis olmaq onun arzusu olmuşdu. Ona görə ali təhsil aldıdan sonra bu arzusunu gerçəkləşdirdi”.
Qeyd edək ki, Xuraman xanım 40 ilə yaxındır ki, Xətai rayonunda 254 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. Bir vaxt övladının da təhsil aldığı bu məktəbdə onun dərs dediyi sinif bu gün Rasimin adını daşıyır. Xuraman xanım burada sanki hər an balasının səsini duyur, nəfəsini dinləyir. Bunu Rasim də hiss edir, axı şəhidlər ölümsüz olur…
Mən də bu sinifdəyəm,
Ana, səni görürəm.
Hər gün qucaqlayıram,
Saçlarından öpürəm.
Bilirsən ki, şəhidlər
Heç vaxt ölmür, anacan!
Atama salam söylə,
De ki, əmanətdir can...
Çox üzməsin özünü,
Görüşəcəyik yenə.
Hamıya salam söylə,
Bacıma dönə-dönə...
Səninlə fəxr edirəm,
Necə mətanətlisən.
Mənim müəllim anam,
Yurda əmanətimsən!
Valideyn üçün övlad itkisindən böyük imtahan varmı? Xuraman müəllimə ilə Oqtay Məmmədov da indi belə bir imtahan qarşısındadırlar. Gündüz həmişə gözləri Rasimi gəzir, gecələr isə bəzən onu yuxularında görürlər…
Xuraman xanım üçün övladının şəhid olması xəbəri gözlənilməz olsa da deyir ki, Rasim illərlə bu işin içində olub. Onları Qarabağa aparırdılar, Rasim bu torpaqları qarış-qarış gəzmişdi. Xuraman xanım ürəyində tufanlar qopsa da həmişə özünə nəzarət etməyi bacarır. Onun bir müəllim kimi ciddi, həm də həlim səsi, duruşu, baxışı, davranışı bizə nümunədir: “Həmişə gənc müəllimlərə deyirəm ki, Siz təkcə bu gün üçün işləmirsiniz, həm də sabahımız üçün çalışırsınız”. Yəqin elə bu düşüncədəndir ki, onun məktəbdə çalışdığı 40 il ərzində nə iş yoldaşı, nə də bircə valideynlə heç vaxt konflikti olmayıb. Xuraman müəllimə elə bu gün də, 61 yaşında məktəbə böyük həvəslə gedir. Bilir ki, onu dogma sinifində balaca fidanları gözləyir. Elə ona güc, qüvvət verən də budur…
Rasimin torpağa tapşırıldığı gün doğmalarından bunları dinlədik. Hamısı onun mülayim, mehriban, imanlı bir insan kimi ədəb-ərkanından danışırdılar. Ot kökü üstə bitər, deyiblər…
Xuraman xanım özü də etiraf edir ki, övladını onun şəhadətindən sonra daha yaxşı tanıyıb: “Mən bilməzdim ki, Rasim özünə bu qədər hörmət qazanıb, onu bu qədər sevən insanlar varmış…”
Rasimin atası Oqtay Məmmədov ali təhsilli mühəndisdi, hazırda təqaüddədir. O, Xuraman xanım kimi Rasimin adı çəkilən bütün məclislərə gedə bilmir. Buna onun övlad acısı ilə bir an dinməyən ürəyi imkan vermir. Rasim onların yeganə oğul övladı idi, onun bircə bacısı var...
Anası deyir ki, Rasim uzun bir ömrü sanki bu 35 ilə sığışdırıb. Babası, əmiləri onu çox sevirdilər: “Ona görə ki, balam doğmalara, yaxınlarına qarşı çox qayğıkeş, canıyanan idi. Özündən, yaşından böyük işlər görürdü…”
İndi Rasimin iki övladı Vətənə əmanətdir. Rüstəm 8-ci sinifdə, Rəsul isə 6-cı sinifdə oxuyur.
Şəhid Rasim Məmmədov 8 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Xətai rayonu 254 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2005-ci ildə həmin məktəbi bitirib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini bitirib, 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı 19 sentyabr 2023-cü ildə Xocavənd rayonu ərazisində düşmənin mina terroru nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rasim Məmmədov “Vətən uğrunda” medalı ilə təltif olunub.
Rasim kimi oğulları Vətən, xalq heç vaxt unutmur. Onların adına əsərlər yazılır, kitablar çap edilir, nəğmələr bəstələnir. Rasim Məmmədovun təhsil aldığı Azərbaycan İdman Akademiyasında da onun adının əbədiləşdirilməsi üçün xeyli işlər görülüb. Belə ki, akademiyada 17 şəhid məzundan biri kimi onun da adına təqaüd təsis olunub və bir auditoriyaya adı verilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Rasim balamız!
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


