Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr təltif olunub

 

Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin dördüncü kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərmiş tələbələrin mükafatlandırılması münasibətilə tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini qeyd edib.

Sonra çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Fərhad Məmmədov bildirib ki, Misirdə Azərbaycan dilinə marağın yüksək olması hər iki xalq arasında dostluq münasibətlərinin bariz nümunəsidir. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasındakı elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Azərbaycan dili dərslərində yüksək nəticələr göstərən on səkkiz tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hazırda cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.