Səmərqənd Bayramov - Onu tanıyın Featured

Kamalə Abiyeva,

“Ədəbiyyat və incəsənət”

 

Əziz oxucu! Bu adamı sizinlə tanış etmək istədim. Düşünürəm ki, şəhidlərimizin xatirəsinə həsr olunan kitablarda onun haqqında bir yazı olmalıdır ön söz əvəzi: Füzulinin Mahmudlu 2 kənd sakini, sadə, təmiz, zəhmətilə yaşayan cılız bədənli nəhəng adamı tanımalısız. O ağır günlərdə əlində-ovcunda, ürəyində-beynində nəyi varsa, heç kimdən təşəkkür gözləmədən igid oğullarımıza verən böyük adamı tanıyanda ağrının içində xoşbəxtliyi də görürsən.  İnsan görürsən.

Səmərqənd Bayramovu deyirəm.

 

SƏMƏRQƏND BAYRAMOV KİMDİR

 

Heç göyüzü boyda bulud kimi hiss etdinizmi özünüzü? Sonra da ağlagəlməz bir səadətin yağışı oldunuzmu?

İkinci savaşda qazanılan qələbənin sevinc yağışı kimi. Göy üzünün hər yerindən yağdı üstümüzə. Bu sevincdə ağrı da az deyildi. Ürəyin, beynin çəkə bilməyəcəyi ağrını yaşadınızmı?

 Şəhidlər verdk. Amma torpaq azadlığı uğruna savaşırsansa, qurban verəcəksən. Nə yazıq ki, yer üzünü müharibələrdən xilas etməyi bacarmırıq. Müharibənin də öz yağışı var: qan rəngli güllə yağışı. Kim deyir ki, yağış rəngsizdi? Misralarımı xatırlayıram:

Mən elə bilirdim ki, yağışın rəngi olmur,

Demə hər bir yağışın özünün rəngi olur...

Sevinəndə rəngi bir başqadı yağışın, dərdli olanda bir başqa. Mən Səmərqənd Hənif oğlu Bayramovla tanış olanda bir daha bunu hiss etdim.

Səmərqənd haqqında İkinci savaşın qəhrəmanlarından olan kapitan Şahnur Hüseynov haqqında yazarkən tanış olduğum, vətən sevgisinə heyran qaldığım Füzuli rayon Mahmudlu 2 kənd məktəbinin direktor müavini, riyaziyyat müəllimi Narınc Məmmədovanın söhbətlərində eşitdim. Nə hisslər keçirdiyimi təsəvvür edə bilməzsiz. Çox ağır oldu...Onu tanımaq və tanıtmaq istəyirdim. Bir müddət bacarmadım, cəsarətim, iradəm yetmirdi elə bil...

Onun yaşadıqlarını hansı sözlərlə ifadə edə bilərdim ki?...

Onu necə təqdim edəydim?

Kimdi Səmərqənd Hənif oğlu Bayramov?

Füzuli rayonu Mahmudlu-2 kəndinin sadə, kasıb bir sakini, yurdunun vətəndaşıdı.
Atası Hənif kişi sovet dönəmində Nəriman Nərimanov adına kolxozda baş mühəndis işləyərkən dövlət xətti ilə Səmərqəndə taxıl biçiminə göndərilib. Səmərqəndi çox sevən Hənif Bayramov 1958-ci ildə dünyaya gələn  oğluna Səmərqənd adı verib.
 Səmərqənd Bayramov Q. İbişov adına Mahmudlu-2 kənd məktəbini bitirdikdən sonra Bakı Sənaye Pedaqoji texnikumunun Mülki tikinti fakültəsində təhsil alır. 1979- cu il məzunudur.

Təhsilini başa vurandan öz doğma kəndində dülgərlik edir Səmərqənd. 

“Zəhmətkeş ailədə böyüyüb. Həmişə öz zəhmətiylə dolanıb. Çox mərd kişidi”- deyir kənd camaatı.
Birinci savaşda ermənilərdən bu namərdliyi, bu vəhşiliyi gözləməyib.     

“Belə dəhşəti gözləmirdim. Ermənilərin ərazi iddiaları, namərdlikləri haqda eşitmişdim, məlumatım vardı. Amma bir var kitablardan oxuyursan, eşidirsən, bir də var yaşayırsan. İki savaşın da canlı şahidiyəm.  Çox ağırdı bütün bunları yaşamaq... Birinci savaşda döyüşlərdə az iştirak etmişəm. Çünki heç imkan olmurdu. Yaralıları daşıyırdıq, xəstəxanalarda olurduq, döyüşçülərə yardım edirdik bütün günü. Dəhşətli günlər yaşadıq. İllərdi güllə səsində böyüyür bizim uşaqlar”. 

Səmərqənd kimi bütün kənd sakinləri bu dəhşəti illərdi yaşayır. İllərdi o yerlərdə güllə səsi ara vermir.
Nə qədər şəhid gördü bu torpaq, ilahi...

Xatirələri çox ağırdı. Vətən yanğısı ilə yaşayanların xatirəsi çox ağırdı. İkinci savaşda yaşadıqlarını da danışa bilmir Səmərqənd. Heç mən də danışa bilmirəm, yaza bilmirəm. Amma istəyirəm kənd sakinlərinin, yaxın ətrafının tanıdığı bu adamı siz də tanıyasız. Hamı savaşda “bunu eləmişəm, onu eləmişəm” deyə hay-küy sala bilmir. Müharibənin ağrılarını içdən yaşayanlar qaraqışqırıq salmır əslində. “Elə oğullar itirdik ki! Amma torpağımızı azad etmək üçün canımızdan keçməyə hazır idik. Biz medal, ya ev üçün döyüşə getməmişdik” deyən onlarla döyüşçü, qazi ilə söhbətləşmişəm.

“Müharibədə ancaq qələbə haqqında düşünürsən. İkinci savaşda döyüşə də gedərdim. Döyüşmək, yaşadığımız acıların qisasını almaq istəmişəm həmişə. Aparmadılar, döyüşçü yaşım keçib. Amma əlimdən gələni etməyə hazır idim. Qismət bu imiş: Şəhidləri yola salmaq...”

 Araya qəribə - bütün sözlərdən, bütün təsəllilərdən ağır bir sükut çökür. Nə o danışa bilir, nə mən sual verə bilirəm...

-Sentyabrın 27-də kənd məscidinə getdim. Şəhidlər gəlirdi artıq. Onları layiqincə yola salmaq lazım idi. Tabut gərək idi... Çatmırdı... Məscidin həyətində şərait yaxşı deyildi. Məscidi də o aralar təmir etdilər. Öz iş yerimdə oğlanlarım Məharət və Mərhəmətlə işə başladım. Bacım, qardaşım uşaqları, sonra kənd camaatı köməyə gəldi... Hər gün onlarla tabut düzəltməli olurduq. Heç bir təmənnadan söhbət gedə bilməzdi. Sadəcə vəsait lazım idi. Polkovnik-leytenant Seymur Həmdullayev, jurnalist Sevda Zülfüqarlı çox  kömək etdi. Dövlətdən yardım aldıq. Beyləqan İnşaat mağazası, Asfalt zavodu, Müdafiə Nazirliyi tərəfindən vəsaitlə təmin olunurduq.

Bacımın 12 yaşlı oğlu Elməddin Rəhimli də işləyirdi. Hətta fəxri-fərmanla da təltif olunub. Həyat yoldaşım Nargilə xanım da gecə-gündüz bilmədi. İşləyənlərin çayını, yeməyini hazırladı. Bir sözlə, bütün kənd səfərbər oldu.
2000-dən artıq tabut hazırladıq...- bu sözləri deyən səs qırılacaq, bu səsdən yaş damacaq. Eşidənin ürəyi dözməyəcək...

Bir-neçə gün susduq...

Və Səmərqənd bəydən mesaj gəldi: Elə igid oğlanlarımız vardı, tabuta sığmırdı...Yenisini düzəltməli  olurdum...
Sonra fasilələrlə yazdı:

-Ən çox kimsəsi olmayanlara ağlayırdım. Bir oğlan da vardı gəncəli balası... Uşaq evindən...

Bildim ki, Əmrahı deyir. Gəncədə uşaq evində böyüyən Əmrah Rəcəbovu. Narınc müəllimənin Mahmudlu 2 kənd məktəbinin şagirdləri, kənd camaatı ilə Gəncəyə, gəncəlilərin izdihamla Gəncə Şəhidlər Xiyabanına yola saldığı Əmrah Rəcəbovu.

-Onları görmək çox ağır idi.

Səmərqəndin sakit, qəmli simasını, saflıq yağan baxışlarını xatırlayıram. Bir də zəhmətkeş əllərini. Gözündəki yağışda islanan, amma gecə-gündüz işləyən, şəhidlərimizin bu dünyadakı son yatağını hazırlayan əllərini... 

Yeni bir mesaj gəlir:

-Bir məzar da var məktəbin həyətində. Birinci Qarabağ savaşının naməlum əsgəridi. Kimin gözü yolda qaldı bilinmədi. İllərdi ona baxıram. Söhbətləşirəm...İndi daha rahatdı. Deyirəm rahat ol, qələbə çaldıq. Qalib olduq. İndi o yerlərə yollar salınır. İndi sənin yanından zəfər yolu keçir.

Qalib olduq. Necə gözəl səslənir. Qalib olmaq möhtəşəmdi. “Qalib olduq” deyə haray salmaq keçir ürəyimdən. Elə bilirəm ikinci savaşın şəhidləri birinci savaşın şəhidləri ilə bizim heç vaxt çata bilməyəcəyimiz, əlimiz, ruhumuz çatmayacaq o ucalıqda görüşürlər. “Biz qalibik” deyib sevinclə hay salırlar. Elə bil eşidirəm onları. “Biz qalibik” sədası gəlir hər yerdən...

P.S. Səmərqənd Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, 212 nömrəli h/h-nin komandiri general-mayor Mayis Barxudarov tərəfindən fəxri-fərmanla təltif olunub. Kənd məscidinin Dini icma sədrindən təşəkkürnamə alıb.

P.S. Bu illər ərzində Səmərqəndin aldığı fəxri-fərmanlar az olmayıb.  Ən böyük təltifi bir az rahatlıq tapmasıdı. Sonunda illərlə “Kimsən, ay oğul?”- deyə düşündüyü Mahmudlu-2 kənd məktəbinin həyətində uyuyan Birinci Qarabağ Savaşının naməlum əsgəri tapılıb. 32 ildən sonra onun kimliyi məlum olub.Bu Rasim Səfər oğlu Eldarovdur. O,17 iyul 1968-ci ildə Bakının Sabunçu rayonunda doğulub. 1983-cü ildə C. Naxçıvanski adına hərbi məktəbə, 1985-ci ildə Kiyev Ali Hərbi məktəbinə daxil olub. 1993- cü ildə könüllü olaraq Birinci Qarabağ Savaşında iştirak edib. Füzuli uğrunda gedən döyüşlərdə  itkin düşüb. 2024-cü ilin iyununda kimliyi müəyyən olunduğundan və ailə üzvləri hal-hazırda Göyçayda yaşadığından Göyçay Şəhidlər xiyabanında dəfn olunub.

P.P.S. Ötən ilin aprelində Mahmudlu 2 kəndinə getdim. İllər boyu səngər olan o kənd mənim üçün qəhrəmanlıq muzeyidir.Qeyrət İbişov adına məktəbin şagirdləri ilə görüşdüm. Çoxdan arzulanan görüş Narınc müəllimənin təşəbbüsü ilə, nəhayət baş tutdu. Səmərqənd Bayramovla da görüşdük. 30 ildən sonra doğma elinə qovuşan igid Rasim Səfərovun həsrət, ağrı, acı və qələbə sevinci ilə bizə baxan “boş” məzarını da ziyarət etdim.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

\

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.