Misir-Azərbaycan Dostluq Cəmiyyətində 91 uşağa diplom təqdim olunub

 

 

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Dostluq Cəmiyyətindən verilən məlumata görə, tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir. O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətin ofisi ötən illər ərzində minlərlə yerli və xarici tələbəyə xidmət göstərib. Son illərdə isə xüsusilə uşaqların təhsilinə daha çox diqqət ayrıldığı vurğulanıb.

İdarə Heyətinin sədri əlavə edib ki, hazırda isə 61 ölkədən 650-dən çox şəxs burada ödənişsiz əsasda təhsilini davam etdirir. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər sahələr daxildir.

Qeyd olunub ki, uşaqlar üçün təşkil olunan bu tədbir Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İraq, Livan, Suriya və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.