Yeganə Xanlarova,
Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Mən bu məqaləni haqq dünyasına qovuşmuş, daim hörmətlə andığım, elm-bilik-həyat dərsi öyrədən elmi rəhbərim, müəllimim, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlunun əziz xatirəsinə həsr edirəm
Bolqarıstanlı türk şairi Məfkurə Mollova şeirlərinin birində deyir ki, səni insan adam elədiyi üçün əvvəl müəlliminin qarşısında diz çök, sonra ata-ananın. Müəllimlik gərəkli, müqəddəs, həmçinin də çətin peşədir. Bu müqəddəs yolda tələbələrinin şüur və təfəkkürünə işıq salmaq, onları vətənpərvər yetişdirmək, dünyagörüşlü böyütməkdi müəllim olmaq.
Tofiq Hüseynoğlu Bakı Dövlət Universiteti filologiya fakültəsində mənim bakalavr və magistratura təhsil pillələrimdə çox hörmət etdiyim müəllimlərimdən biri, həmçinin BDU doktorantura təhsil illərimdə elmi rəhbərim olmuşdu. 82 illik ömür yolunun 60 ilini filologiya sahəsində iz qoymuş, tədqiqat aparmış hörmətli ədəbiyyatşünasın elm payından bəhrələnmək səhrada su tapmaq kimi böyük şans imiş. Çünki dahilər təkrar doğulmur. Əgər onun müəllimlik illərində təhsil almaq nəsibim olubsa, demək, şanslı insanların sırasındayam.
Doktorantura təhsil illərimdə mənə daim doğru elmi istiqamət vermiş, daim əzmə, çalışqanlığa, araşdırmalar aparmağa sövq etmişdi. Nəticədə 3 illik əyani müddətdən daha tez 27 yaşımda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını aldım. Bu uğuruma görə Tofiq müəllimə - böyük alimə minnətdarlıq borcum və rəhmətim sonsuz olacaqdır.
Bu ifadə pafoslu səslənməsin. Onu bir balaca yaxından tanıyan və ya bir dəfə də olsa çıxışını, ədəbi söhbətini, mühazirəsini eşidən hər kəs mənim fikrimi doğru, səmimi qəbul edər. Bu müdrik şəxsiyyətin ensklopedik, fenomenal yaddaşına heyran idim. Dərs prosesində anidən soruşulan istənilən sualımıza çox müfəssəl, dolğun, elmi cavablar verməsi tələbələr tərəfindən maraqla qarşılanardı. Özünəxas bir üslubunu da hiss etmişdim. İzahının sonunda bizim daha ətraflı bilik əldə etməyimiz üçün sadaladığı monoqrafiyaların adları ilə bərabər suallarımıza cavab tapa biləcəyimiz səhifələri də vurğulayardı. Bu kimi nüanslarla iti yaddaşına təəccüb etməmək mümkün deyildi. Filologiya sahəsindəki bütün kitablar, monoqrafiyalar, məqalələr, əsərlərdən tutmuş, ən kiçik həcmli tezislərə, çoxlarının diqqətindən yayınan ən xırda şeir parçasına kimi xəbəri vardı. Tofiq müəllimin bu xüsusiyyətini tələbə yoldaşlarımızla öz aramızda danışıb müəllimimizin elminə, biliyinə həsəd aparardıq.
Müəllimim gözünə eynək taxıb, qeydlər etmək üçün əlinə sadə karandaş götürüb iş saatlarının bekar vaxtlarında daim mütaliə edən obrazda gözlərim qarşısında canlanır. Çünki müşahidə edənlər təsdiq edə bilər ki, mütəmadi mütaliə edərdi. Başa düşmək olurdu ki, bu onda artıq vərdişə çevrilmişdi.
Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdı.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdi. “Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı” mövzusunda namizədlik (1975), “Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə etmişdi.
Azərbaycan ədəbiyyatının ən aktual mövzularında yazdığı elmi məqalə və tezisləri daim maraq doğurmuşdu. “Tarixi roman ustası”, “Yusif Vəzir Çəmənzəminli”, “Ədəbiyyatla yaşayıram”, “Söz-tarixin yuvası”, “Qurban Səid, mübahisələr, həqiqətlər” və s. kitabları filologiya elmləri sahəsində ən güclü tədqiqatlardan sayılır. Uzun illər Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimləri - Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Abbas Zamanov, Fəridə Vəzirova, Cəlal Abdullayev, Təhsin Mütəllimov, Abdulla Abasov, Qara Namazov, İfrat Əliyeva, Almaz Məmmədova, Vaqif Sultanlı və d. mənsub olduğu ədəbi mühitdə, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.
Azərbaycan filologiyasında ən aktual və problemli mövzularda araşdırmalar aparan alim idi. Uzun illər “Əli və Nino problemi”nə dair araşdırmaları ilə mətbuatda elmi məqalələri ilə ədəbi tənqidin diqqətini çəkərdi. Elmi arqumentləri tutarlı idi.
Davranışı, alicənablığı, mədəniyyəti, nəzakəti, nitqi, öyrətmə üsulu biz tələbələrinə yaxşı bir örnək idi. Mən müəllimimin ömrünün qocaman illərində onunla eyni - Azərbaycan ədəbiyyatı tarixi kafedrasında birlikdə əməkdaşlıq etməklə iş sahəsində də ondan xeyli təcrübə qazana bilmişdim. Həmişə bildirərdi ki, universitetin ənənələrinindən biri də Vətənimizə, elmimizə layiqli vətəndaş olmaqdır. Çünki özü də əsl vətəndaş ziyalı, vətənə-torpağa bağlı professor idi.
Bütün tələbələrinə qayğıkeş münasibət nümayiş etdirərdi. Bizə də gələcək yollarda bu cür müəllim olmağı məsləhət bilmişdi. Elmi biliyi nə qədər çox olsa da, o qədər də sadə idi. Təvazökarlığı xüsusi diqqət çəkirdi. Uşaq kimi məsum, saf, təmiz idi. Çox da üzdə görünməyi sevməzdi. Qayğılı bir siması diqqətdən qaçmazdı.
Heç unutmaram. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün diplomum səbəbsiz gecikdirilirdi. Tofiq müəllim o ərəfələrdə səhhətindən dolayı Moskva şəhərinə getmişdi. Ömrünün son günlərində Moskvadan zəng edib diplomumu almağımla bağlı soruşdu. Verdiyim “xeyr, hələ bir xəbər yoxdur” cavabı onu da məyus etdi. Günün birində də iş kollektivimizlə birlikdə onun dünyadan köçməsi xəbərini eşidib sarsıldıq. Tofiq müəllim əbədiyyətə, haqq dünyasına qovuşmuşdu.
Günlər ayları əvəz edirdi. Bir gün yuxuda gördüm ki, Tofiq müəllim mənə deyir: “Qızım, diplomun hazırdı, niyə gedib maraqlanmırsan?”. Səhər yuxudan oyanandan bəri bu yuxu barədə düşünürdüm ki, telefonuma bir zəng gəldi: “Salam. Siz, Yeganə Xanlarova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunuzu təhvil almaq üçün Ali Attestasiya Komissiyasına yaxınlaşa bilərsiniz!”. Bilmirdim bu xəbərə sevinim, yoxsa Tofiq müəllimin göy üzündən mənim yuxularıma göndərdiyi mesaja təəccüb edim. Və beləcə bir daha müəllimimin həm müqəddəs bəndə, tərtəmiz şəxsiyyət olduğuna əmin oldum.
Deyirlər, yaradıcı şəxslərin kapriz tərəfləri olur. Həmçinin Tofiq müəllimi bu cəhətinə görə xatırlayarkən üzümdə xəfif bir təbəssüm yaranır. Doktorantura təhsilimdə tapşırıq verdiyi məqaləni dediyi vaxtda yazıb aparmayanda əsl pedaqoq kimi davranar, ağayana tərzdə sözünü elə bildirərdi ki, evə çatan kimi bütün kitabları qarşıma töküb səhər işıqlanana qədər həvəslə tapşırığa əməl etməklə özümü doğrultmağa çalışırdım. Heç yadımdan çıxmaz. Günlərin bir günü, mən BDU oxu zalından, Tofiq müəllim isə mühazirə dərsindən çıxıb evə gedirdik. Təsadüfən filologiya fakültəsinin yerləşdiyi 1 saylı korpusun çıxışında rastlaşdıq. Avtobus dayanacağına qədər yol yoldaşı olacaqdıq. Dissertasiyam, oxuduğum kitablar barədə xəbər aldı, öz tövsiyələrini deyə-deyə yolumuza davam edirdik. Narın yağış yağırdı. Qəflətən yadıma düşdü ki, səhər universitetə gələndə kitabxanaçıya bir neçə kitabın siyahısını verib arxayın şəkildə yığmağı xahiş etmişdim. Kitabxanaçı özü də kitabları günün sonunda götürməyimi söyləmişdi. Bu etimada məsuliyyətsizlik etmək olmazdı. Gedib götürmək lazım idi. Tofiq müəllimə fikrimi deyib geri qayıtmağa məcbur oldum. O, dissertasiyamla bağlı hansı kitabları oxumağımı bilmək üçün, “mən universitetin həyətində gözləyirəm, kitabları götür, dayanacağa çatana qədər baxaram, uyğun olmayanları geri təhvil verərsən” - demişdi. Mən isə əgər yağış güclənsə, qocaman müəllimimin yağışda islanmaması üçün getməyini təklif edib iti addımlarla geri qayıtdım. Cəld pilləkənləri qalxıb kitabxanaya daxil oldum. Kitablar hazır yığılmışdı. Bu arada qeyd edim ki, universitet kitabxanaçılarının zəhməti danılmazdır. Siyahıdakı kitablardan yalnız biri yox idi. Kitabxanaçı həmin kitabı tapmaq üçün yenidən geri qayıtdı. Kitabxananın pəncərəsinə tərəf baxıb yağışın get-gedə gücləndiyini görüb özümü əmin etdim ki, Tofiq müəllim getmiş olar. Arxayın şəkildə kitabları götürüb tələsmədən pilləkənləri düşür, yağışın bir qədər səngiməsi üçün ləngiyir, sanki bununla da vaxtı yubadırdım ki, evə islanmadan gedə bilim. Nəhayət, təxminən 10-15 dəqiqə sonra mən geri qayıtdım. Tofiq müəllimi universitetin həyətində yağışın altında görüb həm məəttəl qaldım, həm də pərt oldum. Tofiq müəllimin insani həssasiyyəti, tələbələrinə ciddiyyəti vardı. Ona görə də gözləyibmiş. Yağış güclənmişdi. Buna baxmayaraq gözləmişdi. Qorxdum ki, xəstələnər. “Əgər yağış güclənərsə gedə, seçdiyim kitablara sabah baxa bilərsiniz” demək, mənəvi qayğımı bildirmək istəyəndə, sözümü kəsdi və dedi: “Qızım, mən söz vermişdim ki, kitabları götürüb qayıdana kimi burda gözləyib onlara baxacağam”. Tofiq müəllimin şəxsiyyətindəki ucalığa, mənəviyyatındakı bütövlüyə hər dəfəsində olduğu kimi, bir daha şahid oldum. Gülümsəyib dedim:
- Bu hadisəylə bağlı məqalə yazacağam.
O isə: - Söz ver ki, indi deyil, mən bu dünyadan köçdükdən sonra məqaləni yazacaqsan, - demişdi.
Tofiq müəllimin mənəviyyat dünyasında yalnız yaxşı, müsbət keyfiyyətləri gördük: söz verib əməl etmək, tələbələrə şəxsiyyət kimi davranmaq, dünya malına gözünün ucuyla baxmamaq, dürüstlük, saflıq, ziyalılıq... Bir sözlə, müəllimimi insan və alim kimi yüksək səviyyədə dəyərləndirib, daim müşahidə edər və pedaqoqluğundan, ən əsası insanlıq payından nəsə öyrənməyi özümə qazanc bilərdim. Və mən bu geniş qəlbli, Azərbaycan ədəbiyyatının bir hissəsinə öz elmi möhürünü vuran, öz elmi töhfəsini verən bir müdrik şəxsiyyətin bu dünyadakı yaşam kodunu belə başa düşdüm: Allahın bəxş etdiyi ömür möhlətində insan bacardığı yerə qədər yaxşılıq etməyi bacarmalıdır. Çünki Tofiq müəllim özü belə idi: humanist, insanpərvər. Tez-tez deyərdi: “Dünya fanidir, çalışıb yaxşılıq etmək lazımdır”.
Yaxşılıqlarınız sizə savab yazılsın, ruhunuz şad olsun, ey hörmətli müəllimim!
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


