Polad Həşimov mənə dedi ki… Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Bugünkü müsahibimiz Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Elşən Zeynalovdur.

 

Cənab polkovnik, zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

 

-Mən Zeynalov Elşən Eldar oğlu 10.04.1975-cı ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olmuşam. 1983-cü ildə Ağdam rayonu Şıxlar kənd orta məktəbinə 1-ci sinfə getmişəm və 1993-cü ildə həmən məktəbin məzunu olmuşam. 15.10.1993-cü ildə Ağdam rayonu hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşam. N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı vəzifəsində xidmət etmişəm. Əsgəri xidməti dövrü bir neçə kəşfiyyat döyüş tapşırıqlarında iştirak etmişəm. Ümummilli lider Heydər Əliyevin əmr və göstərişinə əsasən, nümunəvi xidmət edən əsgərlərdən seçilib hərbi məktəbdə ali təhsil alıb, kadr zabitlərin hazırlanması üçün komandanlıq tərəfindən mən və bir neçə nümunəvi xidmət edən əsgərlər seçilibdir, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə göndərilmişik və test imtahanı verərək qəbul olmuşuq.

1999-cu ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib, müvafiq hərbi hissələrdə kəşfiyyat taqım komandiri, kəşfiyyat bölük komandiri, hərbi hissənin kəşfiyyat rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmişəm. Hal-hazırda polkovnik leytenant rütbəsində ehtiyatda olan zabitəm.

 

-Çox gözəl, zəhmət olmasa, bizə döyüş yolunuzdan, əgər artıq hərbi sirr deyilsə, əməliyyat zamanı başınıza gələn hadislərdən bir neçəsini danışın.

 

-İlk döyüş yolum 1994-cü il Tərtər, Goranboy rayonları ərazisində Murovdağ istiqamətində kəşfiyyatçı kimi olub. Kəşfiyyat tapşırıqlarında qrup tərkibində kəşfiyyatçı snayperçi kimi iştirak etmişəm və verilən tapşırıqlara əsasən, kəşfiyyat məlumatları toplayıb geri dönmüşük. Bu hallar dəfələrlə olub. 2001-ci ildə Fizuli rayonu istiqamətində  kəşfiyyat bölük komandiri kimi kəşfiyyat qrupu ilə düşmən arxasında kəşfiyyat tapşırıqların icra edib geriyə dönmüşük. Həmin istiqamətdə düşmənin bir neçə təxribat xarakterli kəşfiyyat qruplarını pusquya salıb zərərlişdirmişik. Əsas 2002-ci ildə Ağdam rayonunun erməni işğalında olan Yusifcanlı kəndinin bir hissəsin işgaldan azad etmək üçün tapşırıq aldıq və tapşırıq uğurla icra olundu, bir neçə erməni terrorçusu məhv edildi. 2005, 2007, 2008, 2009, 2010-cu illərdə tabeliyimdə olan kəşfiyyat bölüyü tərəfindən bir neçə kəşfiyyat tapşırıqları icra olunmuşdur. 2008-ci ildə Füzuli istiqamətində düşmənin təxribat xarakterli qrupu avtomobillə bizim bölmələrimizin qarşısında təxribat törətməyə gələrkən onları avtomobil qarışıq qumbaraatanla məhv etmişdim, sağ qalan düşmən terrorçuları isə bizim kəşfiyyat bölüyünün şəxsi heyəti tərəfindən məhv edilmişdi. Elə tapşırıqlar var danışmaq olmur. 2012-ci il tarixdə Agdam rayonunda yerləşən N saylı hərbi hissədə tabor komandiri vəzifəsində xidmət etdiyim zaman düşmənin bizim bölmələrə qarşı törədilən terrorunun qarşısının alınması üçün qumbaraatan qrupları və snayper qrupları ilə müdaxilə etmişik, təxribatın qarşısını alaraq sarsıdıcı zərbə endirib, bir neçə terrorçu məhv etmişdik. Bir neçə uzunmüddətli qumbaraatan atəşiylə düşmənin atəş mövqeyini dagıtmışdıq.

2014-cü il avqust hadisələri zamanı 13 nömrəli döyüş mövqeyimizdə çavuş Əhmədov Qaryağdı ermənilər tərəfindən snayperdən açılan güllə nəticəsində şəhid edildi. Şəhidimizin qisasının alınması üçün hərbi hissə komandiri Şəhid polkovnik leytenant Raquf Orucov mənə tapşırıq verdi ki, qrupu hazırla və keçiləcək yeri incələ, mənə mərüzə et, sonra komandamı gözlə. Mən qrupu hazırladım və özüm düşmənə zərbə endirəcək yeri incələdim, xəritəyə işlədim və komandirə məruzə etdim. Bir neçə gündən sonra mənə dedi ki, qrupu yığ, toplanma rayonunda məni gözlə. Mən verilən tapşırığı dərhal yerinə yetirdim və axşam 01:00 radələrində düşmən mövqeyinə basqın əməliyyatı keçirdik, düşmənin bir neçəsini məhv etdik, düşmənin yataqxanasını, döyüş mövqeyini dağıdıb geri döndük. Şəhidimizin qisasını aldıq.

2014-cü ilin 12 noyabr tarixində Konstitusiya günü Azərbaycanımıza bir sevinc yaşatdıq. Mənim əmrimə əsasən, düşmənin 1 vertoliyotu hava məkanımızı pozarkən, tabeçiliyimdə olan bölmə tərəfindən məhv edildi. Həmin gün onunla bərabər düşmənin bir avtomobili də bölməmiz tərəfindən məhv edildi.

2014 cü il dekabr ayının 24-də xidmət etdiyim taborun döyüş mövqeyinə erməni terrorçuları basqın edərkən mən və tabeçiliyində xidmət edən döyüş mövqeyinin  şəxsi heyəti tərəfindən mənim komandanlığımla düşməni pusquya salaraq 2 nəfər terrorçunu məhv etdik və bir nəfər terrorçunu əsir götürüb yuxarı komandanlığa təhvil verdik.

Gədəbəy bölgəsində xidmət etdiyim dövrdə 2015-2017-ci illər ərzində erməni terrorçuları şərti adı “çiçəkli” döyüş mövqeyinə basqın edərkən mən və döyüş mövqeyinin şəxsi heyəti tərəfindən terrorçuların iki nəfəri məhv edildi, döyüş mövqeləri dağıdıldı.

2018-ci il tarixdə Qazax rayonu ərazisində yerləşən döyüş mövqelərimiz şərti adı olan “sarı təpə” döyüş mövqeyində düşmənin təxribat qrupunun qarşısını aldı və onların döyüş mövqelərinə od vurub yandırdıq.

Qazax istiqamətində Məzəm gölü istiqamətində düşmənin təxribat qüvvələrinin qarşısını alıb bir nəfər terrorçunu snayper tüfəngi ilə atəş açaraq məhv etdik.

Qazax rayonu Cəfərli kəndi istiqamətində düşmənin təxribat qrupunu pusquya salaraq döyüş mövqeyinin şəxsi heyəti tərəfimizdən məhv edildi.

Qazax rayonu Quşcu Ayrım kəndinin, demək olar ki, ətrafı düşmən postları ilə mövqelənmişdi. Hərbi hissədə təlim gedirdi, mən də tabor komandiri kimi həmin təlimdə iştirak edirdim. Axşam vaxtı idi, mənə zəng edib tabor növbətçisi məruzə etdi ki, ermənilər Məzəm kəndini zenit qurğusu ilə atəşə tutub, kənd camaatı pis vəziyyətdədir. Mən hərbi hissə komandirinə vəziyyət barədə məruzə etdim.

Bu vaxt, Allah rəhmət eləsin, general-mayor Polad Həşimov məni çağırdı və mən şərait barədə ona məruzə etdim, icazə istədim ki, gedim kənd camaatını və əsgərlərimizı tək qoymayım və tədbirimizi görək.

General Polad Həşimov həmin vaxt polkovnik rütbəsində idi. Mənə dedi ki, gedin, o ermənilərə elə bir cəhənnəm yaşadın ki, heç vaxt o kəndə bir də atəş açmağa cəsarət etməsinlər. Sonra da gülümsəyərək dedi ki, xahiş edirəm, özünü qoru, dəlilik etmə, oğlan, sən kəşfiyyatçısan axı…

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.( Gözləri dolur.)…Tez sürücünü çağırdım və tapşırıq verdim ki, maşınların bütün işıqların söndür və Məzəm kəndinə sür. Elə də etdi. Gəldim kəndə ki, kəndin bütün işıqları sönüb, insanlar vahimə içində, düşmən də kənddə dinc əhaliyə divan tutur.

Radiostansiya ilə həmin istiqamətdə yerləşən bölük komandirlərinə komanda verdim ki, düşmənin bütün mövqeləri iri çaplı və bütün atəş vasitələrindən atəşə tutulsun, mənim komandam olmadan, düşmən mövqelərindən od çıxmıyınca atəşi kəsmirsiniz. İri çaplı pulemyotla düşmənin Şavan kəndini atəşə tutmaq əmrini vermişdim və kənddə bir neçə ot tayası yanmışdı.

10 dəqiqə çəkmədi düşmən mövqelərinin bir neçəsi başladı yanmağa və düşmən atəşi kəsdi, həmin vaxt bir neçə erməni terrorçusu məhv edildi.

Sabahı gəlib Polad Həşimova mərüzə etdim ki, verilən əmr icra olundu.

Polad Həşimov mənə dedi ki, xəbərin var ermənilər nə qədər itki verib? Dedim sayını bilmirəm. Gülərək dedi ki, 5 leş, 3 yaralı. Ermənilərin dinc əhalisi gəlib öz döyüş mövqelərində ermənilərin üstünə cumurlarmış ki, türkləri niyə qızışdırırsınız, qoymursunuz rahat evimizdə yataq.

2020-ci il 27 sentyabrda düşmən bütün cəbhə boyu hücuma keçdi. illərlə arzuladığımız həmin gün gəldi çıxdı - Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev bütün cəbhəboyu əks-hücum əmri verdi.

Mən. və tabeçiliyimə verilən 2 tağıma Daşkəsən- Kəlbəcər istiqamətində hücum edərək Murovdağ silsiləsi boyu düşmənin 3 döyüş mövqeyini ələ keçirmək və Zod Kəlbəcər dəhlizini bağlamaq tapşırılımışdı. Biz 1-ci günün tapşırığını yerinə yetirdik və dəhlizi nəzarətimiz altına keçirdik. Həmin döyüşdə zabit, gizir, çavuş, əsgər elə bil bir bayram edirdilər. Şəhid, yaralı versək də, hər kəs əvvəlcədən hər şeylə barışmışdı, kim şəhid olsa, sadəcə bir yerə çəkilib arxa bölmələrinə təhvil verib, qalan qüvvələrlə döyüşə davam etmək – belə qərarlaşdırmışdıq.

Mən ayın 27-də yaralansam da, heç kimə demədim və şəxsi heyyətə də tapşırdım ki, heç kimə deməyin. Çünki hərbi hissə komandirinin yaralanması şəxsi heyətdə döyüş ruhunu aşağı sala bilərdi. 28 sentyabrda mənə yuxarı rəhbərlikdən əmr gəldi ki 15 nəfərlə və 2 tank gələcək o tanklarla “Ağdağ” postuna köməyə getmək lazımdır. Mən düşməndən ələ keçirdiyimiz döyüş mövqelərini taqım komandirinə təhvil verdim və dedim, 1 metr geriyə çəkilmirsən, ya qələbə yada ölüm.

15 nəfərlə təzədən dağlarla qonşu bölməyə köməyə yola düşdük. Biz düşmənin içərisinə girmişdik, sag, sol qonşular ləng getdikləri üçün biz, demək olardı ki, mühasirədəydik. Düşmən bütün atəş vasitələri ilə bizi atəşə tuturdu və biz ölü bölgələrlə dağlararası hərəkət etdik, tanklarla birləşib qonşu bölməyə köməyə getdik, düşmən bütün atəş vasitələrindən üzərimizə güllə, mərmi yağdırırdı. Bizim tanklar hərəkət etdiyi istiqaməti duman aldı və mən bu dumandan istifadə edib tankları atəş altından çıxartmaq üçün şəxsi heyəti sep şəkilində açaraq, tankı mühafizə edərək hücuma keçməli idik. Tanklar həmin bölgəyə çatanda duman çəkildi və düşmən toplarla, tank əlehinə vasitələrlə minaatanlarla bizi atəşə tutdu və mən ikinci dəfə yaralandım və top mərmisi yanıma düşdü, məni 3 metrə yaxın göyə tulladı, təsəvvür et ki dağdan asılı qalmışdım. Zabitlər, əsgərlər gəlib mənə yardım etdilər, 1 saatdan sonra özümə gəldim. Soruşdum ki, yuxarı komandanlığa məruzə etməmisiniz ki? Dedilər əlaqəmiz kəsilib. Həmin vaxt rabitəçi zabit kapitan Dursunov Fərid şəhid olmuşdu və rabitə yararsız hala düşmüşdü. Bir daha tapşırdım ki, heç kimə deməyin mənim yaralandığımı - bir məqsəd var, ya qələbə, ya da şəhidlik zirvəsi.

Döyüşdə əsgər Qasımzadə iki qumbaranı çəkib düşmən postuna özünü atdı, düşmənlərlə birgə özünü də partlatdı və döyüşcülərimiz postu ələ keçirdi.

Əsgər Zeynalov Ramil Yasən oğlu qumbaraatanla düşmən mövqeyin havaya uçurdu, düşmən isə minamyotla Ramili şəhid etdi. Heç kim dayanmırdı, hamı istəyirdi ki, şəhidlərimizin qanını alsın və torpaqlarımızı azad etsin. Taqım komandiri bir əsgərlə “Ağdağ” döyüş mövqeyinin qarşısında düşmən mövqeyinə girdi, 3 nəfər erməni terrorçusunu əlbəyaxa olaraq məhv etdi.  Leytenant düşmən mövqeyinə girir, erməniylə qarşılaşır, ermənidə də, bizim leytenantda da güllə qurtarır, leytenantımız avtomatın qundağı ilə ermənini bir zərbəyə məhv edir. Geri çönəndə digər erməni ilə qarşılaşır və onu da güləş fəndinə salıb, yıxıb yumruqla ağzın əzir, arxadan bir erməni buna güllə atır, güllə leytenantın əlinin çölünə dəyib ovcundan keçir, yumruqla vurduğu erməninin gözündən dəyib öldürür.  Leytenantla düşmən mövqeyinə girən əsgər leytenantla güllə atan erməninini öldürür. Mən nə qədər etdim, leytenant təxliyə olunmadı, mənimlə birlikdə qaldı, döyüşə davam etdi. Oktyabrın 5-i məni və leytenantı aşağı - hospitala təxliyə etdilər.  Hospitalda 10 gün qaldım, müalicəni yarımçıq qoyub döyüşə qayıtdım... Çox şükür, şəhidlərin qanı, qazilərimizin canı bahasına qələbə qazandıq…

 

-Təltifləriniz barədə danışardınız.

-Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif olunmuşam. Azərbaycan Respublikasının Baş Naziri tərəfindən ,,Müharibə iştirakçısı” medalı ilə təltif olunmuşam. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 3, 2, 1-ci qüsursuz xidmətlərə görə medalları ilə, Silahlı qüvvələrin yaradılmasının 90, 95, 100 illiyi medallları ilə təltif olunmuşam.

 

-Allah sizinlə birlikdə bütün əsgər və zabitlərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Bizi 30 illik töhmətdən qurtardınız, çiyinimizdəki yükü, alnımızdakı ləkəni təmizləndiniz. Azərbaycan ordusunun qəhrəman zabiti və hərbçisi olaraq, gənclərə nə məsləhət verərsiniz?


-Mən gənclərimizə Vətəni sevməyi tövsiyə edirəm. Vətənpərvərlik döyüşgənliklə bərabər, yüksək təhsil almaqdır. Dövlətini, Millətini, Xalqını, Dövlətçiliyini sevməkdir. Düşmənə nifrət, dövlətinə sədaqətdir. Xaricdə təhsil alan gənclərimiz millətinin başını daim uca etməlidir.

Tövsiyə edərdim ki, istər orta məktəblərdə, kolleclərdə, istərsə də universitetlərdə hərbi hazırlıq dərslərinə önəm verilsin. Vətənimizi hər şeydən uca tutmalıdırlar, çünki bu vətən bizimdir. Bu Vətən torpaqları Şəhidlərimizin, qazilərimizin qanı ilə yoğrulub şirin vətənə çevrilib.  Burada əsas güc müəllimlərimizə düşür. Müəllimlərimizin gənc nəsili vətənpərvər yetişdirməyinin nəticəsidir ki, Qarabağı görməyən övladlarımız 30 ilə yaxın işğalda olan torpaqlarımızı canlarını fəda edərək işğaldan azad etdilər. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, sağlamlığını itirən qardaşlarımıza şəfa versin.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.